...
  • Xınalı kəklik
  • Rəşid Bərgüşadlı
  • Alabaş Nurəddinə bu ayamanı ona görə qoymamışdılar ki, ömrü-günü ovda keçir və tula kimi dağda-dərədə girmədiyi dəlmə-deşik qalmayıb. Yox, sadəcə, ona görə ki, keçən il əvvəlcə dərisi soyulmağa başladı, sonra saçı, kiprikləri, qaşı ağardı və qısa vaxtda döndü oldu qar adamı kimi dümağ, tibbi dillə desək, albinos. Bircə boynunun kökündə köhnə dəridən yadigar ləkə qalmışdı. Qorxudan bu hala düşmüşdü. Qoyun yatağına yaxın yerdə ov edərkən çoban itləri cumur Nurəddinə, o da ovladığı dovşan, kəklik, çöl göyərçinlərini itlərə atıb canını güclə qurtarır. Amma Allah kəssin belə can qurtarmağı!..
    Ovçuluğun da bir yönü-yöndəmi olar – adam həftədə-ayda bir dəfə ova çıxar ki, təbiəti gəzsin, bir az eyni açılsın, canı sağlam qalsın, amma Nurəddin qara vurğun təpəsindən çalmış, həftə səkkiz-mən doqquz dağlardan yığışmırdı. Quş-heyvan onun əlindən bağır-dalaq olmuşdu, analar yuvalarından çıxıb ac-yalavac balalarına yem tapmağa qorxurdu. Hər dəfə ovladığı kəklik, dovşan, bəzgək-göyərçinlə dolu heybəsi çiynində kəndə girəndə qonum-qonşu ona itin sözünü deyirdi, – Ayə, ay Nurəddin, deyəsən kiminsə canı sənin güllənə tuş gəlməyincə bu vərdişdən əl çəkməyəcəksən. Qardaş, belə olmaz axı! Vallah, sən ovçuluğun şorunu-şitini tamam çıxarmısan. Nə vaxtdandır sənin üzündən kəklik qaqqıltısına, bəzgək sürüsünə, dovşan, tülkü üzünə həsrət qalmışıq. Dağda-dərədə sənin tüfənginin partıltısından səksəkəli olmuşuq. Gəl bu təbiətin anasını az ağlat, qoy bizə də göz-qulağa sürtməyə bir şey qalsın. Ay zalım, acından ölmürsən ha! Cəhənnəmdən qorx, adam bu qədər qansız olmaz. Onları da Allah yaradıb, onlar da candır axı!... O isə sadəcə dişlərini ağardırdı, – Sabah.., sabahdan ovçuluğu tullayacağam... – irişməklə kifayətlənir, saymazyana yanlarından ötüb keçirdi. Ağdərili, qarnıqurdlu, bədnöyüs olduğu üçün camaat ondan vəbadan qorxan kimi qaçırdı. Çoxusu da deyirdi ki, “Qoy rədd olsun cəhənnəminə! Bəlkə də elə bilir ki, əlindəki ovda gözümüz qalıb, ondan pay-pürüş umuruq. Nə görəcəksə, qoy Allahından görsün!”. Mal-heyvanı nobata qoşanlar sübh tezdən çiynitüfəngli dağları qana boyamağa çıxan Nurəddini görəndə kölgəsinə lənət oxuyurdu, – Heç sağ-salamat qayıtma!..
    Əlli üç yaşı vardı. Heç yerdə işləmirdi. Qoca atasının təqaüdü və bələdiyyədə hesabdar işləyən arvadının maaşını texnikumda oxuyan qızına göndərirdilər. Belə baxanda, heç bir korluqları yox idi, amma əkin-biçinlə məşğul olmaqdansa, nöysətini salmışdı Allahın verdiyi ehsanata, qan uddururdu dağlara. Arvadı Nüşabə abır-həyalı qadın idi, camaatın bu soyuqluğunu ocağında hiss edəndə ərini dansıyırdı, – Bircə qızın var, onu da sənin ucbatından alan olmayacaq. Kökün kəsiləcək, Nurəddin, əl çək bu qatillikdən! – amma kimə deyirsən... Bir qulağından alıb o biri qulağından verirdi əri. Bir dəfə Nurəddin ehtiyatsızlıqdan az qala Zeybənsənin nəvəsini gəbərtmişdi. Təpəni aşan dovşana tətiyi çəkəndə uşaq təpənin o biri tərəfindən çıxır. Allah saxlayır uşağı. Zeybənsə səsini başına atıb Nüşabəni məhlədə yaxalamışdı, – Gərək bir nəfər ölə, ondan sonra dincələsiniz!? İtinizə niyə yiyəlik etmirsiniz?! Yazıq Nüşabənin dərdi açılmışdı, – Zeybənsə xala, vallah, mən də bacarmıram. Hər gün kəklik-dovşan içalatı təmizləməkdən bezmişəm. Çoxu da xarab olur, atırıq itə-pişiyə. Evdə qalanda da dır-dırından beynimiz gedir. Hamısı qoca dədəsinin ov əti həvəsindəndi. Bircə yemək yeyəndə protezini ağzına taxan o qocada bilirsiniz nələr var!.. Çox yaşamaq üçün ancaq ov əti yeyir, canı ölmüş!..
    Dərisi ağarandan sonra çox uzağı görmürdü, son vaxtlar isə adamın üzünə də gözlərini qıyıb baxırdı. Görəndə ki, heybəsi dolmur, onda gör nə hiyləyə əl atır alabaş Nurəddin... Bir kəklik yuvası tapır. Yumurtalarını yığıb gətirib qoyur toyuğun altına. Toyuq da kəklikləri çıxardır. Bunu eşidəndə çoxu elə bildi ki, yəqin ağıllanıb, qırıb-biçdiyi canların yerini dolduracaq. Amma sən demə başqa kələyi varmış məlunun... Kəkliklərin çoxu bir az böyüyən kimi perikib üz tutur dağlara, amma bir-ikisi yaxasını onun əlindən qurtara bilmir. Ov tulası, şahin əhliləşdirən, oyuncaq qaz-ördəklə ov ovlayanlar hər yerdə var. Amma diri kəkliklə kəklik ovlamağı Nurəddin icad edib!.. Görün neyləyirmiş bu qansız! Kəkliyin ayağına nazik sapdan yumaq dolayır və qoyur bir qayanın üstünə. Yekəlib cütləşmə həddinə çatmış, ətrafdakı dərə-təpəni görüb özünü saxlaya bilməyən fərə kəklik başlayır qulağı çalan hər məhrəm səsə qaqqıldamağa, – qakka-quva, qakka-quva, qakka-quva, çik-çirik... Bəsləmə kəkliyin səsi uzaqdakı kəklik sürüsünü çəkib gətirir. Nurəddin də bir kolun dalında yatır marığa. Gerisi İblis fitnəsi!..
    Külək əsəndə arxasınca iz buraxmır, amma külək istəklərin sərinliyini də yayır insanlar arasında. Axır ki, arzulanan olacaq baş verdi... Qaş qaralan vaxt Nurəddin çataqladığı kəklikləri çiyninə aşırıb kəndə yenəndə gördü ki, bir neçə kişi evlərinə dönən yolun üstündə toplaşıb. Ərəbistan çöllərində “bismillah” deyib öz müsəlman qardaşının boğazını kəsən vəhşilərdən söhbət edirdilər. Qulağı bunu aydınca çaldı, – Bu qədər dindar varkən toz-torpaq içində, ayaqlar altında sürünən Allaha adamın yazığı gəlir... – düşündü ki, yenə onun üstünə düşəcəklər. Çatanda salam verdi. Almadılar. O isə bu gün şahidi olduğu bir möcüzəni danışmaq həvəsindəydi. “Onsuz da gözlərimin zəif olduğunu bilirlər, kar olmağımın nə ziyanı?” – dinməzcə evlərinə sarı buruldu. Aradan heç iki dəqiqə keçməmişdi ki, qara yel Nurəddinin naləsini məhləyə yaydı. Bayaqkı kişilərin ürəyi sərinlədi, – Öl di, qansız oğlu, qansız! – atasının halı günortadan qəfil pisləşmişdi və bir saat olardı ki, keçinmişdi...
    Atasının dəfnində uşaq kimi hönkürüb ağlamağı kənddə Nurəddinə münasibəti kökündən dəyişdi. Atasının qırxı da ötdü, haqq üçünə, Nurəddinin əlində tüfəng görən olmadı. İndi kənd camaatının ona hörməti sürətlə artırdı. Baxışlarına abır-həya qonmuş, daha əvvəlki kimi gönüqalınlıq etmirdi. Utanc və ağır itki qəribə bir tarazlıq yaratmışdı Nurəddinin üzündə. Ağarmış dərisi və tutduğu yas bir-birini dəf edən, neytrallaşan qəribə adamayovuşmazlıq gətirmişdi ona. Aralığa çıxmazdı. Nə o insanlara yaxınlaşa bilirdi, nə də insanlar ona. Ovçuluğu tərgitdiyinə, xasiyyətinin dəyişdiyinə əmin olanlar onun dalınca indi belə deyirdilər, – Hər kəsin bir dərdi olmağı çox yaxşı şeydir...
    Amma dil açıb ağı deyən kəklik sürüsünün nağılı kəndlə bir olmuşdu:
    – ...Dağlar onu özünə çəkir, qarşısına çıxan hər daş, hər kol, hər qoxu kəkliyin yaddaşını oyadırdı. Xınalı kəklik hiss edir ki, könlü-ruhu bu kollardadır, o, uzaqdan səsi gələn sürüyə aiddir. Onu bəsləyən ovçudan bezmişdi. Ayağına dolaşan kələfdən qurtulub qaçmaq, azad olmaq istəyirdi. Qanı coşanda buna çox cəhd eləmişdi, amma hər dəfə içindəki gücə ümidi azalırdı. Elə bilirdi ki, aylardır ayağında gəzdirdiyi kələfı qırmağa heç kəsin gücü çatmaz. İçindəki pıçıltı isə onu rahat buraxmırdı, – “Azadlığı düşün, bu sənə cəsarət verəcək”... Gördüyü dağların əzəməti, ucu-bucağı görünməyən dərələr, ot-əncər qoxusu indi içindəki pıçıltını kükrədirdi, – Qakka-quva, qakka-quva, qakka-quva, cik-cirik... Kömək edin! Azad edin məni! İnsan ayağımı kəndirləyib! Ay haray, mən sizlərdən biriyəm! Mənim qardaş-bacılarım da sizin aranızdadır. Onlara deyin ki, xınalı kəkliyəm, məni qurtarsınlar! – tıq-tıq xanım kimi başlayır haray-şivən qoparmağa. Xınalı kəkliyin səsi dərə boyu yayılır, düzləri aşır, selavlardan keçib bulaqların şırıltısına qarışırdı... Canını Nurəddinin əlindən qurtarmış qardaşı öz sürüsüylə kəkotu dənləyir, cücü tuturdi. Tanış səsdən devikdi, ürəyi çırpındı, – qakka-quva, qakka-quva, qakka-quva, çik-çirik! Aman, ya Rəbbim, mənim bacım insanların əlində hələ də sağmış! – hövlənak səkib qanad çaldı, doğma balaları da onun arxasınca. Bacısının səsini istinad götürüb gəlib qənşərdəki təpənin başında yerə qondu, – Qakka-quva, qakka-quva, qakka-quva, çik-çirik... Xınalı, əziz bacım! – güllə kimi bacısının yanına yüyürdü. Bacısı, – Qardaş! Qurbanın olum, ayaqlarım bağlıdır. Kömək elə!.. Qardaşı və onun ailəsi xınalını dövrəyə alıb lələklərini öpdülər, sevinclə dimdikləşdilər. Ayağına dolaşmış sapı ha dartışdırdılar ki azad olsun, elə bu vaxt, – Part, part!!! – qırmalar üç kəkliyin canını aldı, birinin qanadını yaraladı. Sürü xınalını qoyub pırıltıyla təpənin o üzünə aşdılar. Qardaşı qorxa-qorxa yalın dalından başını çıxarıb xınalı tərəfə baxanda gördü ki, ovçu onun balalarını heybəsinə qoyub yaralı kəkliyin dalınca yüyürür. İçi qəmdən sıxıldı, amma nə olursa olsun bacısını tordan qurtarmaq istəyirdi, – Qakka-quva, qakka-quva, qakka-quva, çik-çirik... Xınalı, tez qaç, qurtar canını oradan!
    – Axı ayaqlarım bağlanıb, necə qaçım?!
    – Ovçu geri dönənə qədər canını qurtar! O bizi ovlamaq üçün səndən istifadə edir. Bizim əlimizdən bir iş gəlməz, başının çarəsini özün qılmalısan!
    Xınalı ayaqlarının dolaşığını açmaq üçün bir neçə cəhd elədi, qanad çaldı, yenə alınmadı, – Bacarmıram, qardaş, sap ayağımı kəsir!.. – havalanmaq üçün kəkliklər bir neçə metr qaçmalıdır axı... Yazıq-yazıq qardaşına boylandı, – Ovçu uzaqdaykən ayağımı açmağa yardım edin... – indi ağlayırdı. Qardaşı, sonra da sürünün yarısı ölümü gözə alıb təzədən xınalının yanına uçdular. Bacardıqları qədər tələm-tələsik dolaşıq kələfi dimdikləyib qırmağa çalışdılar. Örüşdəki digər sürülər də səs-küyə gəlib təpədəki dəstəyə qoşulmuşdu. Yaldakı gözətçi kəkliklər qəfil hay-haray saldılar, – Ovçu gəlir, tez qaçın ordan!.. Elə təzəcə havaya diklənmişdilər ki, əcəl onları göydə haxladı, – Part! – bir beçə yerə düşdü, sürünün başçısı isə yaralı halda qanad çalıb özünü kolluğa saldı.
    – Qardaş!.. Allah məni öldürsün! Mənim ucbatımdan oldu! Gör başınıza nələr gətirdim mən dili yanmış!..
    Yaralı qardaşının səsi qorxudan titrəyirdi, – cik-çirik... Sənin ayaqların kələfə öyrəşib! İçindəki kələf ayağındakından güclüdür. Sən ümidsizliyə boyun əymisən. Çünki gözünü açıb qəfəs görmüsən, hazır bəslənmisən, bu dağların isti-soyuğunda azad səkməyin ləzzətini bilmirsən, bunu yadırğamısan...
    – Amma mən azad olmaq istəyirəm!.. – xınalı qanadlarıyla yer süpürürdü.
    – Qəfəsi unut, elə bu dəqiqə içindəki kələfi qır! Azad olmaq üçün ilk inamlı addımını at!..
    – Bacarmıram, gücüm qalmayıb... – ayaqlarını kələfdən azad etmək üçün hey çabalayır, dayanmadan zarıyırdı.
    – Xoşbəxtlik göydən yağmır, hərdən bunun uğrunda canını təhlükəyə atmalısan. Bu yolda ayağını, qanadını itirə bilərsən, amma sonradan geriyə qürurla və inamla baxacaqsan. Onda yaraların sağalacaqdır. Yoxsa əbədi köləsən... – bacısının yerdə partlamaya düşüb ayağını azad etmək cəhdlərini gördükcə ürəklənirdi. – Dayanma, yorulmadan cəhd elə! Bu doğma zirvələr bizim üçün ona görə müqəddəsdir ki, bu ucalıqdan baxanda aşağıdakı hər şey kiçik və lazımsız görünür – dayanmadan ona ürək-dirək verirdi. – Əgər həsrətində olduğun bu yerlərdə qüssə, ümidsizlik hələ də səni buraxmırsa, o zaman xoşbəxt olmağa haqqın yoxdur, demək sən azadlığa layiq deyilsən və köləliyə məhkumsan... – getdikcə onun səsi qısılır və xırıltıya dönürdü. Ovçu tüfəngin lüləsi ilə kolluğu aralayıb onu axtarırdı. Xınalı yenə canının hayındaydı, – Kömək edin, məni qurtarın!.. – aralıdan onu seyr edən kəkliklərə acıqlanırdı. Sürünü hikkə bürümüşdü, həyəcanla mübahisə edir, nəyəsə qərar verə bilmirdilər. Əlli-altmış kəklik birdən ötürdü, – qakka-quva, qakka-quva, qakka-quva, çik-çirik... Ya canını qurtar, ya da ağlayıb-sıtqama! Qoy sənin ah-nalən bizim bağrımızı yandırmasın! Bundan qazanan təkcə ovçudur. Gör neçə qardaş-bacımızın, balamızın canını aldın! İnsafdan dəm vuran insan qədər zalım məxluq yoxdur yer üzündə. Sus, qoy ovçu səndən bir kar gəlməyəcəyini görüb başqa yol tapsın.
    O isə özünü yerdən-yerə çırpıb çığırırdı, – Kömək edin, axı mən də sizdən biriyəm. Bacınıza qarşı bu qədər insafsız olmayın... – ovçu yaralı kəkliyi gördü. Kəklik qaçıb canını qurtarmaq istəyəndə güllələr onun zərif bədənini parçaladı. Bu səhnəni görən kəklik sürüsü quduzlaşdı, tələsik xınalının yanına uçdular. Çatan kimi bacılarını caynaqlarıyla boğdular, gözünü-başını dimdikləyib deşdilər. Ovçu burnunun ucunda baş verən bu dəhşətli səhnəni görəndə heyrətdən yerində qurudu. O, xınalının yanına çatanda kəklik artıq can verirdi.

    28 noyabr 2016-cı il


  • iyul 2022, Rəşid B.

  • 136
Daa Dimə (Şəki ləhcəsində yumoristik şeir)

Dəhnəli Məmməd Hacızadə

O gün Şəkiyə getdik, Yaxşı görək, daa dimə. Eşit,gör nə eşitdik, Yaxşı görək, daa dimə. Xan qayıdıf gəlitdi, Halımıza gülütdü. Bə diyirdoz ölütdü? Yaxşı görək,......

Haindi (Şəki ləhcəsində yumoristik şeir)

Dəhnəli Məmməd Hacızadə

Bu yerlərdə bir el var, Bilooz,diyim haindi. Burda şipşirin dil var, Cözoo yiyim haindi. Hayva böyun əyitdi, Sararalıtdı,dəyitdi. Ceem cööm cəlitdi? Toydan ciyim haindi. Giriş......

Zər Qafiyə Quqquluqu Satira

Dəhnəli Məmməd Hacızadə

Gəl açaq biz xoruza bir qafiyə , Quqquluqu. Hələ kimsə yazmayıb,sirr qafiyə Quqquluqu. Paylaşır öz səsini mələk gördükdə bu qərib, Dərk etməz insan oğlu dürr......

Dəvənin Etirazı

Dəhnəli Məmməd Hacızadə

Niyə kinli olduğun soruşdular dəvədən. Dəvə də,hirsli-hirsli tez çıxdı hövsələdən. Dedi: -mən bu həyatın acısını yaşadım, Duz dedilər daşıdım. Qənd dedilər daşıdım. Canla-başla getmişəm ağamın......

Baxarıq

Dəhnəli Məmməd Hacızadə

Alar qucağına bizi bu dünya, Biz ona lap körpə yaşdan . Açıb vərəqlərik hər səhifəsini, Çalışıb əvvəldən,başdan . Aldadar dünyanın ləzzəti,duzu, İstərik çoxunu,bəs edər azı.......

Dəniz insan kimidir

Dəhnəli Məmməd Hacızadə

gizlədər hər sirrini. Saxlar əl çatmaz yerdə zinətini,dürrünü. Baxıb göyün üzünə, sinəsi qübar eylər. Pıçıldaşar ləpələr, həya eylər,ar eylər. ,......

Bizim nağıl

Dəhnəli Məmməd Hacızadə

Biri vardı, biri yoxdu, olan səndin, olmayansa sənsiz günüm. Nə azıydı,nə çoxuydu, səndən qeyri gün yoxuydu başqasını düşünüm. Bir sən vardın, düşüncəmin sənsiz günü yox......

Qadın

Dəhnəli Məmməd Hacızadə

Öz könül bağına baxsan azacıq, Görərsən ətirli çiçəkdi . Alıb ətrafını qönçə,tumurcuq, Açılan təzətər ləçəkdi . sız bir dünya dəyməz gözünə, Kimdi sığdırmayan onu özünə?......

Bakı qəzəl

Dəhnəli Məmməd Hacızadə

Görərsən gəzsən əgər dünyada bir danə Bakı. Xəzərin sahilində bərq vuran dürdanə Bakı. Xəzərdir badəsində meyxoş edən piyaləsi, Əyləşibdir taxtında bənzəyir sultanə Bakı. Canıının parçasıdır......

Səni düşünürəm

Dəhnəli Məmməd Hacızadə

Burda hər tərəfi qar örtüb gülüm, Yenə xəyallarım baş alıb göyə. Birgə seyr edəydik,istədi könlüm, Düşündüm sən qarı sevirsən deyə. Qartop oynayaydıq uşaqlar kimi, Ayaq......