...
  • Vicdan coşanda
  • Rəşid Bərgüşadlı
  • Söz vaxtına çəkər, o gün də Novruz axşamıydı. Xəlilin arvadı Allah verəndən çıxarıb düzmüşdü bayram süfrəsinə. Xəlil əlini bozartmaya təzəcə uzatmışdı ki, cib telefonuna zəng gəldi. Baxdı, – Zəhləmgetmiş, bu nə vaxtın zəngidir! Hər halda bayram təbriki olmaz! – telefonu yan otağa keçəndən sonra açdı, – Buyurun, Əlövsət müəllim, eşidirəm... Telefonun o başındakı amiranə səs çox ötkəm və qısa oldu, – Tez bir taksiyə min, təcili idarəyə gəl! – deyib telefonu söndürdü. Bilirdi ki, azca geciksə yenə itin ağzını alacaq ağzına, odur ki, bir tikə götürüb, arvadına, – Məni gözləməyin, yenə vacib iş çıxıb nəsə... – ayaqqabılarını geydi və əti çeynəyə-çeynəyə evdən çıxdı.
    Onu polis idarəsinin qarşısında serjant Qulamovun şəxsi maşınında gözləyirdilər. Xəlil taksidən düşən kimi cinayət axtarış şöbəsinin inspektoru Əlövsət adəti üzrə Xəlilə çımxırdı, – Sən bir az əlli-ayaqlı olmağı öyrənə bilmədin da!.. – beşliyi taksi sürücüsünə uzadıb Xəlilə işarə elədi ki, maşının arxa oturacağına keçsin. Xəlil maşının qapısını örtüb, – Bayramınız mübarək – demişdi ki, mayor qısa təlimat verdi, – Bayram vaxtı deyil. Eşit, gör nə deyirəm. Məlumat almışıq ki, qaçqınlar yaşayan ailəvi yataqxanada bir Səməd kişi var. Civə satır. Evi sənə göstərəcəyik. Pəncərəsi üzü yola sarıdır. Civəni alacaqsan, alveri bitirəndən sonra pəncərənin qabağına keçib siqaret yandıracaqsan. Sonrası bizlikdir. Al bu pulu, – rezinlə bağlanmış iki dollar bükməsini Xəlilə uzatdı, – Burda iyirmi min dollar var, məsələ aydındır?
    – Ə, birdən pulu götürüb qaçarsan ha, olub-qalanım burdadır! – serjant Qulamov hırıldadı. Onsuz da zəndeyi-zəhləsi gedirdi serjantdan, – Aydındı, – Xəlil pulları cibinə qoya-qoya dilucu cavab verdi.
    Maşın yerindən tərpənib dolayı yollarla şəhərin küçələrində xeyli fırlandı. Yolboyu Xəlilə əlavə göstərişlər verəndən sonra maşını yataqxananın qənşərində yolun qırağında saxladılar. Əlövsət dördüncü mərtəbədəki soldan üçüncü pəncərəni Xəlilə göstərdi, – Binanın birinci girişindən gir, dördüncü mərtəbə sol qapıdır. Otağın qapısının üstündə at nalı vurulub. Qalanını özün bilirsən. Düş di. Allah, Məhəmməd, ya Əli!
    Hava çiskinliydi, zəif küləyin ayazı adamı üşüdürdü. Xəlil pencəyinin yaxasını başına qaldırıb qaranlıq yolu adladı. Binanın girişində üst-başını çırpdı, yaxalığını endirib üzüyüxarı qaranlıq pilləkən qəfəsinə boylandı. Siqaret çıxarıb yandırdı. “Əclaflar, insan da bayram gecəsi adam tutar!? Qoymazlar camaat dinc bayramlarını keçirsin!” – siqaretdən bir-iki qullab vurub tulladı, eşiyə tüpürüb pilləkənlərə tərəf yeridi.
    Otuz dörd yaşı vardı. İki il olardı Əlövsətin cənginə keçdiyi. Fəhlə işlədiyi idarədə doğranıb zibilliyə atılmış otuz beş metr əzik-üzük mis kabeli çıxarıb satmaq istərkən yaxalanmışdı. Kabel heç kimə lazım deyildi, hətta sahə rəisinin də xəbəri vardı onun lazımsız kabeli çıxarmağından – özünə deyib götürmüşdü. Amma sən demə əlvan metallar alan adam Əlövsətə işləyirmiş. “Kabel oğurluğu” xeyli şişdi və məcburən Xəlili işdən çıxardası oldular. Sahə rəisini satmadı, hər şeyi öz boynuna götürdü. Sahə rəisi onda necə yalvarmışdı, ilahi... – Məni balalarının başına çevir, qurbanın olum. De ki, mənim heç nədən xəbərim yoxdur. Onsuz da səni yaxalayıblar, məni də bədbəxt eləmə – az qala ayaqlarına döşənəcəkdi. Arvadı və yeddidə oxuyan oğlu halal çörəkdən oldu. Əlövsət ona elə təpinmişdi ki, yazıq əlli-ayaqlı gedəcəyinə boyun əymişdi. Nə elə varlı-karlı adamı yox idi borc pul alsın, nə də öz imkanı vardı ki, canavarın cəngindən yaxasını qurtarsın. Axırda Əlövsət içini açmışdı, – Mənə işləyəcəksən! Gözdə-qulaqda olacaqsan, bizimçün maraqlı bir şey eşitsən-görsən, dərhal mənə xəbər verəcəksən! Cibxərcliyin də mənlikdir. Yoxsa altı il nallayacam boynunun kökünə, gedib dörd divar arasında çürüyəcəksən! – gözünün odunu elə aldı, Xəlilin də dili-ağzı Allah almış kimi elə qurudu ki, əlacı kəsildi, razı oldu işverənliyə. Qoca ata-anasını kənddə sonbeşik qardaşının umuduna qoyub təzə gəlmişdi bu qərib şəhərə. Hara qədər desən fərasətli oğlan idi, amma qəfildən fərasət saydığına cinayət damğası vurulmuşdu. Nə bilsin ki zibilliyə atılmış kabeli satmaq bu qədər günahmış. Onsuz da şəhərdə çox adam tanımırdı, amma iş yoldaşlarının yanındakı üzqaralığı onun belini qırmışdı. Hamının cıqqırını çıxarmadan onu oğru kimi süzməyini yada salanda indi də içi özündən çimkinirdi.
    Üçüncü mərtəbəyə çatanda divardan tuta-tuta güclə yuxarı qalxan yaşlı bir qadın bir küncə çəkilib ona yol verdi ki, yanından ötə bilsin. İstədi arvadın qolundan tutub qalxmağına kömək eləsin, amma Əlövsətin zəhmli suratını, murdar sözlərini yadına salıb elə dilucu, – Bayramınız mübarək – deyib qadını ötdü. “Qoy özü qazandığı cəzanı təkcanına çəksin. Yaşaya bilməyən ölməlidir. Mən bu dünyaya namus-qeyrət, şərəf və ləyaqət qorumağa yox, ömrümü birtəhər yaşayıb başa vurmağa gəlmişəm. İnsan sürüsünə təpilmiş canavaram mən, sürünün necə yaşaması heç vecimə də deyil! Guya Əlövsət, Qulamov, lap elə götürək bu civə alverçisi Səməd kişi, halal alın təriylə yaşayır ki!? Hərə bir yolla öz qarnını güdür, elə şərəf-ləyaqət bir tək mənə qalıb? Nəyim onlarınkından əskikdir?!” – ürəyinə mərhəmət gələndə bu yolla özündən qovurdu. Həmişə qara pişik kimi qabağına yazıq biri çıxanda, fağır adamı satanda sonra onun xəcalətini çəkirdi. Onun da çəmini bilirdi – Əlövsətin verdiyindən qarnını spirtlə doldurub beynini keyidirdi. Dilinə də spirt dəydisə, maşallah, dönüb olurdu dil pəhləvanı. Amma hərdən dikbaş, özündəndeyən haramxorun birinə pəl vuranda işini özü də bəyənirdi.
    Dördüncü mərtəbənin dəhlizində üç qadın deyib-gülürdü. Sol qapı içəriyə açılmış və üstündən güllü-çiçəkli yaşıl pərdə asılmışdı. Nal gözünə dəymədi. Pərdəni araladı və gördü ki, nal qapının özünə vurulub. Qadınlardan lap yaşlı olanı soruşdu ki, – Bala, kimi axtarırsan? Xəlil, – Səməd kişinin evi buradır? – soruşanda içəridən bir kişi səsləndi ki, – Kimsən, a bala, keç içəri, düz gəlmisən. Ayaqqabılarını soyunub içəri keçdi. Qapısıaçıq yan otağa boylananda gördü ki, yaşı hardasa altmış beş-yetmiş olan nurani kişi bardaş qurub qədimi kilimin üstündə, qabağında yekə bir aş buludu, elə “bismillah” deməyə hazırlaşır.
    – Salam, bayramınız mübarək olsun. Səməd kişi sizsiniz? – bu licimdə civə alverçisini heç düşünmürdü.
    – Əleyküm salam. Xoş gəlmisən, bala, mənəm. Qayınanan səni yaman istəyirmiş, gəl otur, bir loxma kəs. Bayaqdan aş mənə baxır, mən də aşa. Tək boğazımdan keçmirdi, səni Allah yetirdi, gəl bardaş qur... Ağız, Sumaya! – eşiyə səsləndi. Bayaqkı yaşlı qadın əlində pomidor şorabası içəri keçdi, – Xoş gəlmisən, bala – şorabanı süfrəyə qoyub Xəlilə iri bir mütəkkə gətirdi, – Otur, başına dönüm. Sonra da boşqab, qaşıq, bir büküm təzə yuxa gətirdi. Aşın qazmağı, beçənin döşəmədə qızarmış budu-döşünü görəndən sonra Xəlil ürəyində dedi ki, – “Bundan heç molla da keçməz” – döşəkcəni altına çəkib mütəkkəyə dirsəkləndi. Qaşığı əlinə alıb özünə aş çəkdi.
    – Çəkinmə, öz evin kimi rahat ol, bismillah elə... – Səməd kişi lavaşın bir qırağından kəsib barmaqlarının ucunda aşı bürmələdi, ilk loxmanı ağzına qoyub başını yellədi, – Bəh-bəh, bizim arvadın döşəməli aşının yerini heç nə verməz. Doyunca ye, özü də qaşıqsız ye. Bir də belə aşı Allah bilir nə vaxt yeyəcəksən, biz tərəfin aşı kimi aş tapammazsan. Həqiqətən də aşa söz ola bilməzdi, Xəlil hələ bu yaşadək belə dadlı aş yeməmişdi. Anası da plov bişirirdi, amma haqq üçünə belə ləzzətli aldırammırdı...
    Səməd kişi dünyagörmüş adam idi. Xəlilin qırımından bildi ki, üzündən hürkək yalnızlıq yağan bu sərgərdan sifətdə nələrsə gizlənib. Tamahına müti, narahat və qaradinməz adam nəsə sözlü adamdır. Bayramın günündə gəlişi nəsə ciddi işdir. “Elə bil ki, insanlar arasında özünə yer tapmayıb, nə özünü öldürə bilir, nə də yaşamağın çəmini tapa bilir. Əməlli-başlı nevrozdur”... – hər loxmanı ağzına qoyduqca Xəlilin üzünə nəvazişlə gülümsünür, – “Yəqin borc pul-zad istəməyə gəlib” – heç nə soruşmur, özünün danışmasını səbrlə gözləyirdi.
    – Şoraba da çox dadlıdır – Xəlilin isə fikri-zikri yeməkdəydi. Zavallı neyləsin, bir loxma yeməyə də macal vermədilər.
    – Neçə yaşınız var, dayıcan? – Xəlilin gözünə girməyi bacarmışdı qoca.
    – İyunda altmış səkkiz olacaq, inşallah.
    – Maşallah, canısulusunuz. Mənim atam sizdən altı yaş cavandır, amma sizdən yaşlı görünür.
    – Allah ömür versin. Adın nədir, oğul?
    – Xəlil. Sizinlə işim var, bir iş üçün gəlmişəm...
    – İş qaçmır, rahat yeməyini ye, sonra rahat söhbətimizi edərik – elə bil Xəlili tora salmışdı bu məhrəmüzlü qoca – ikinci qabı doldururdu. – İçənsənmi? Yaxşı konyakım var, hardasa iyirmi illik konyakdır, nə vaxtdandır qalıb sandığın küncündə.
    – Yox, sağ olun, belə aşın dadına heç nəyi qarışdırmaq olmaz. Hələ bir qab da yeyəcəyəm, – qımışdı.
    – Nuş elə, halal-xoşun olsun, istədiyin qədər ye.
    – Oğul-uşaqdan nəyiniz var?
    – Var, bir oğlum, bir qızım var. Qızı köçürmüşəm, oğlum da şəhərdə özünə iş tapa bilmədi, köçüb kəndə, rəncbərlik edir – bir az torpağa bağlı adamdır. İnşallah, sabah bayramlaşmağa gələsidir nəvələrimlə birlikdə. Arvadağa ilə təkbaşına qalmışıq indi...
    – Mən isə torpaqda bir şey tapmayıb şəhərə gələnlərdənəm – ağzındakını çeynəyə-çeynəyə kişiyə irişdi. – Hərənin ruzisi dünyanın bir küncündədir...
    – Soruşmaq pis çıxmasın, oğul, nə işin sahibisən? – görünür səbri daralmışdı. Xəlilin özünü arın-arxayın aparmağından ona qanı qaynamışdı. Xəlil gözünü qocanın üzündən çəkmədən budun ətini dişiylə qoparıb xeyli çeynədi, udqunandan sonra təmkinlə dedi: – Polisə işləyirəm – düz qocanın bəbəklərinin içinə baxdı, – Polisin agentiyəm, el arasında beləsinə “suka” deyirlər... Qocanın sifətindəki dəyişikliyi görmək istəyirdi. Alışmışdı alıcı quş kimi şikarının başının üstünü kəsdirməyə. Qocanın qırımı sındı, – Anlayıram... – astadan dillənib buluddan özünə aş çəkdi. Xəlil gözünü qocadan çəkmirdi, – “Anladı tora düşdüyünü. Bilir ki, cəngimə keçib, ha çabalasa da çıxa bilməyəcək. Əlacı olsa bu saat baş götürüb tızırıqlanar eşiyə, ya da özünü pəncərədən atar” – Amma aşınız çox dadlıdır...
    – Gəlişin xeyirədirmi? – qocanın səsi titrəyirdi və bu Xəlilin qanını coşdururdu.
    – Yox, xeyirə deyil. Bayram günü qanını qaraltmağa gəlmişəm. Səndən civə alıb sonra da səni polisə verəcəyəm – indi daha iştahla yeyirdi... – Əgər çörəyini kəsməsəydim, səninlə də hamı kimi davranardım. Amma bu yaşda civə sata bilməyin məni çaşdırdı, aşın boğazımda loxma-loxma zəhərə olar səni satsam. Bayram günü pislik etmək niyyətim yoxdur. İstəyirəm ki, bu gecə hamı ancaq deyib-gülsün, sevinsin. Əgər civənı evdə gizlətmisənsə, dur izini itir, birdən içəri basqın edərlər, rüsvay olarsan... – Xəlil görürdü ki, o danışdıqca qocanın rəngi qaralır, ürəyi quş kimi çırpınır. Səməd kişi onun üzündəki səmimiyyəti axtarırdı – “Kəmfürsət oğlu, gör işində necə ustadır. Yaman yerdə axşamladıq. Kim xəbərləmiş olar görəsən... Duran kimi arxamca gəlib qollarımı qandallayacaq...” – indi aşı qaşıqla ağzına qoyur, amma çeynədiyini udmağa tələsmirdi.
    – Dur. Dur rədd elə o zəhrimarı evindən və bayaq dediyin konyakı da gətir gillədək dayı-bala, yavaş-yavaş, bala-bala – qafiyədən pıqqıldayıb gülmək istədi, düyü tökülməsin deyə əliylə ağzını qapadı. Səməd kişini araya qoyduğunu, qocanı hirsləndirdiyini anlayıb bir az ciddiləşdi, – Narahat olma, bu gecə sənə zaval yoxdur, dur arxayın işini gör – indi o da qaşığı əlinə almışdı. Səməd kişi dirsəklənib ləngər vura-vura ayağa qalxdı. Gah büdrəyən, gah da tələsik xırda addımlarla sanki cəhənnəmi yarıb keçirmiş kimi yan otaqda gözdən itdi. Bir dəqiqə çəkmədi ki, əlində polietilen balaca bükmə ilə Xəlilin yanından güllə kimi ötüb ümumi dəhlizə çıxdı. Səmədin üzü qapqara qaralmışdı. Xəlil ona çox fikir vermədi, bilirdi ki, xəcalətindən ölməyə razıdır kişi. “Pis adam deyil”. Açıq qapıdan aydınca eşidilən suyun şarıltısını eşidib gülümsündü, – “Unitaza axıtdı malı. Ax səni, qoca tülkü, bu yaşda da civə satarlarmı heç?”. Bir azdan Səməd suyu süzülə-süzülə, alnının tərini silə-silə içəri girdi. Xəlilin üzünə baxmadan bayaqkı yerində bardaş qurdu, – Sumaya... – səsi bayaqkı kimi ötkəm çıxmırdı indi. Arvadı yenə qonşu arvadlarla laqqırtı vurmağa çıxmışdı dəhlizə. Sumaya arvad içəri girəndə dedi, – O rus yeşiyinin içində bir konyak var, onu ver bəri görüm. Bir də kompot aç, varındısa.
    Sumaya yan otağa keçən kimi Səməd yerində azca qurcuxdu, – Allah balanı saxlasın, məni xətadan qurtardın.
    – Sumaya xala bilirmi civə satdığını?
    – Sən nə danışırsan, adam belə şeyi arvadına deyərmi heç!? – Səməd kişi mütəkkəsini düzəltdi... – Bəs səninki? Nə məzhəbə qulluq etdiyini arvadın bilirmi?
    – Sən nə danışırsan, adam belə şeyi arvadına deyərmi heç!? – bu dəfə nəzərləri toqquşanda ikisi də güldü.
    – İkimizə də ayıb olsun! – Səməd kişi azca cürətlənmişdi, xəcaləti özündən qovmaq istəyirdi.
    – Ən çox da sənə – Xəlil deyəsən şikarı əlindən buraxdığının peşimanlığını çəkirdi, çünki sifəti birdən-birə bozardı. Səməd kişi sözü çöndərmədi, boşqabına iri bir qazmaq qoydu. Sumaya arvad qoltuğunda konyak, bir əlində isə üçkiloluq bankada şaftalı kompotunu gətirib süfrəyə qoydu. Bankanın ağzını açıb stəkanları doldurdu, hərəsinə konyak içməyə balaca stəkan verdi və yenidən qulaq dostlarının yanına tələsdi.
    – Təsadüfən əlimə keçmişdi, dedilər nəsə qiymətli şeydir – 15-20 minə satmaq olar. Şeytana lənət, nəfsim durmadı, bir-iki nəfərə dedim ki, müştəri tapsınlar. O da belə... Uçrumun burnunda canımı qurtardın. Sənə çox borcluyam, mərdanə hərəkət elədin... İçək! – stəkanlara konyak süzüb birini Xəlilə uzatdı, – Sənin sağlığına içək. Bayram gecəmi qara əskiyə bükmədin. Allah səni də xətadan-bəladan uzaq eləsin. Bir də qələt edərəm ataba-atamla belə işə baş qoşaram...
    Konyak şüşəsini boşaldıb xoşhal olmuşdu ikisi də. Gəldiyi vaxtdan üç saat ötmüşdü və cib telefonuna iki dəfə qısa zəng atmışdılar. Xəlil bilirdi ki, zəng vuran səbrsiz Qulamovdur, hirslidir. Deynən zəngi heç qulağına aldımı, qulağına yox e, tükü də qımıldamadı... Çoxdan qaratikan kolu kimi içini dələn əzabı xirtdəyindən çəkib çıxarmağa macal tapmışdı. Telefonu tamam söndürüb yaxasını açdı, dil boğaza qoymadan danışırdı bayaqdan:
    – İşverənlik mənə nə atamın qanından keçib, nə də anamın südündən. İnsanın insandan, cəmiyyətdən, hətta öz xislətindən ayrı düşməsinə, özgələşməsinə bais ətrafdakıların biganəliyidir... Yamanlıqla, şərlə üz-üzə qalanda mənə əl uzadan olmadı, haqsızlıqla barışdım, şərə boyun əydim. Bircə türməyə girmək gözümün odunu almışdı. Dedim, onsuz da hərə bir yolla çörəyini qazanır, məndən beş-betərləri də var, hamı namusuyla dolanmır ki... Hələ də köksüz yosun kimi suyun üzündə hara gəldi üzürəm. Amma həyəcan və təlaşla vicdanımın ölməyinə imkan vermirəm. Bir mayorun imkan verdiyi qaralda quş kimi azadam, artığına iddialı deyiləm. Bir gün qarşıma polkovnik və ya general çıxıb ona xidmət etməyimi istəsə, bu mayoru da bir qara qəpiyə satacam... – simsar qulaq yoldaşı tapdığına sevinirdi. – Mən ali savadlı adamam, Səməd dayı. Bilirəm ki, hər dövrün vəhşilik, xainlik, ədəbsizlik adlandırdığı şeylər olub. Hər dəfə insan bəzi təhqirlərə, amansızlıqlara dözməli olub. Bəzən keçmiş zamanın eybəcərliyi sonradan bəraət də alıb... – Səməd kişi içkidən qızarmış gözlərini Xəlilin üzündə elə nəvazişlə gəzdirirdi ki, az qalırdı polis agenti hönkür-hönkür ağlasın, – amma vicdan ləkəsi elə bir şeydir ki, nə dərd-sərin, nə də sevincin haray salmağa cəsarət edir. Vicdan mat qalanda pəncələrin üstə yeriyirsən, pıçıltıyla danışıran. Düşünürsən ki, sən insanlardan fərqlisən, nəyəsə ən az haqqı olan tək sənsən. Hərdən öz-özümə deyirəm ki, bəs bir gün nə işlə məşğul olduğundan oğlun xəbər tutsa neyləyəcəksən?.. Bax onda cilovunu qırmış at kimi dünyanın o biri üzünə təzməyim gəlir. Gecənin şəri, pisliyin gərginliyi mənə əzab verəndə özümdən acıq çıxmaq istəyirəm, içimdəki yırtıcı məsumluğum kükrəyir, tək oğlumun şübhəli baxışlarına tuş gələndə min dəfə ölüb-dirilirəm...
    – Oğlum, sən yaxşı insansan, bu peşə sənlik deyil...
    – Mənlik deyil, amma mənim çəkdiyim əzabı bu gün minlərlə adam çəkir. Həyatın vəhşiliyini qavrayıb dəli olmaqdansa, şərəfini bir küncdə xımır-xımır yemək daha ağıllı addımdır. Buna çoxları boyun əyib, o cümlədən, mən... Yetər ki, ailəni dolandır, rədd olsun mərdlik! Cəhənnəm olsun hər şey, qoy kim nə deyir desin! Əlövsət kimi şərləmirəm ki! Namus, qeyrət kəlmələrinin zahiri parıltısı kimə lazımdır, kimə xeyir gətirib? Anam-bacım, qızım, arvadım fahişəlik etsəydi, bu başqa məsələ – özümü də onlar qarışıq tonqala atardım...
    – İncimə, oğul, səninki də elə... – Səməd kişi sözünün gerisini uddu.
    – Əlbəttə, mənimki də fahişəlikdir. Amma söhbət insanı bu cür fahişəliyə itələyən cəmiyyətdən gedir. Tərbiyəsizlik olsa da deyəcəm, qəhbəxanada doğulan məsum birinin aqibəti başqa cür ola bilməz. Yan-yörəmdəkilərə baxanda çox təsəlli tapıram, Səməd kişi. Mən şan-şöhrət həvəsini mənasızlıq və dayazlığa dəyişib ömrümü rahatlamışam. Əzablardan xilas olmağın ən asan yoludur bu. Qoy əzabı dahilər çəksin, mənim dahi olmaq arzum yoxdur...
    – Əgər dahi deyilsənsə, onda bu nə əzabdır çəkirsən?
    – Bilmirəm, bilmirəm, Səməd dayı, bilmirəm... – ev sahibindən icazə alıb siqaret yandırdı... – Ha söz verirəm ki, özünə nifrət edən, özünü inkar edən bədbinlərdən olmayacam, həyat hara sürüsə ora da gedəcəm, bacarmıram. İçim çölümə üsyan edir, vicdanım əməllərimi bəyənmir... – dalbadal qullab vurdu.
    – Sən ata-ananın yanına qayıtmalısan, tullamalısan bu işin daşını. Sənə rahatlıq lazımdır. Vicdanınla əməlin boğuşur sənin. Bu günah hissidir, səni rahat yaşamağa qoymayacaq. Dediyin o Əlövsət canını tapşırmadıqca bu hiss səni rahat buraxmayacaq. Qulluğunda durduğun, həm də sidq-ürəkdən nifrət etdiyin, ən çox qorxduğun, lənətlədiyin adam bir gün onu satmayasan deyə boynuna kəndiri keçirməyə hər zaman hazırdır yəqin. Sənin içindəki sevgi ölməyib, oğlum, ölməyəcək də...
    – Axı bir tək Əlövsətlə qurtarmır bu iş... O vaxt zəhərə qalmış otuz beş metr kabelə görə məndən üz döndərənlər hər addımda qabağıma çıxırlar, yan-yörəmiz qorxaqlarla doludur. Bilirsən, Səməd kişi, “İnsanı sev!” deyənlər axmaq adamlardır. Sevsən, səni elə sevdiklərin si... – Xəlil tez sözünü dəyişdi, – əzəcək. İnsan özünü sevməlidir, əvvəlcə özünün dəyərini bilməlidir. Özünü sevməyən başqasını necə sevə bilər ki? Qorxağı necə sevim? Sevsəm, özünə nifrət etmək olar bu... – Xəlil indi biləyilə doluxmuş gözlərini silirdi. – Qorxaqlardan qorxuram, Səməd dayı. “Məni balanın başına çevir, satma məni” – deyən sahə rəisim də, iş yoldaşlarım da yaxşı oğlanlar idi. Amma necə qorxduqlarını indi xatırlayanda onlardan onqat ciyərli, vicdanlı adam olduğumu anlayıram. İndi de ki, onlar halal adamdırlar, mənsə şərə qulluq edənəm...
    – Çətin məsələdir, bala... Ehtiyacdan səhv addım atmısan, illərdir əzabını yaşayırsan...
    – Axı mən başıbatmışın o kabeldən gələcək pula ehtiyacım yox idi... – Xəlil bir himə bənd idi ki uşaq kimi hıçqırıb ağlasın. Səməd kişi onu anlayırdı, bilirdi ki, içini üzən kədər boşaltdıqca, yerinə içgöynədən qəhər dolur və bu zaman ağlamağı bacaranlar kövrək insanlardır. – Amma zibillikdən tapdığım beş-üç kilo kabel ömrümü kağıza büküb zibilliyə atdı. Heç kim qahmar çıxmadı mənə, hamı elə bildi ki, əclafın biriyəm...
    Sumaya arvad içəri girəndə Xəlil özünü yığışdırdı. Qonağı pəjmürdə görüb sual dolu nəzərlə ərinə baxdı, – “Nə olub buna?”. Səməd arvadına, – Bizə yer sal, gecdir daha, yataq – deyib əlini Xəlilin çiyninə qoydu, – Dur, hazırlaş yataq. Amma çöldə gözləyənlərə xəbər elə, havayı yerə gözləməsinlər. Sabah səni zəhərləyəcəklər onsuz da...
    – Qələt edərlər! Hünərləri varsa, güldən ağır bir söz desinlər. İyirmi minləri cibimdədir, istəsəm, heç qaytarmaram! Bir teleqramma vuraram birbaş nazirə, birini də prezidentə, dərilərinə saman təpərlər! Qoy soyuqdan ölsünlər!.. Mən elə burda divanda yatacağam. Anacan, varsa, bir ədyal ver – Sumaya arvadın üzünə gülümsündü, – Heç belə dadlı aş bişirən bir ananı gözüyaşlı qoyarlarmı? – bayram axşamı elədiyi yaxşılıqdan qürur duyurdu.
    – Səməd kişi, əla konyak idi, bundan olanda xəbər elə, Sumaya xala da aş bişirsin, hərdən oturub dayı-bala dərdləşək.
    – Bu ev sənə qurbandır, oğul, qapımız hər zaman üzünə açıqdır.
    – Onda qapınızdakı at nalını çıxar tulla, nal evə şeytan çəkir – gülərək corablarını çıxardı, Sumaya arvadın gətirdiyi bürüncəyi üstünə sərib divana uzandı, – Gecəniz xeyirə qalsın... – heç iki-üç dəqiqə keçməmiş mışıl-mışıl yuxuya getdi.

    22-28 mart 2016-cı il



  • iyul 2022, Rəşid B.

  • 84
Daa Dimə (Şəki ləhcəsində yumoristik şeir)

Dəhnəli Məmməd Hacızadə

O gün Şəkiyə getdik, Yaxşı görək, daa dimə. Eşit,gör nə eşitdik, Yaxşı görək, daa dimə. Xan qayıdıf gəlitdi, Halımıza gülütdü. Bə diyirdoz ölütdü? Yaxşı görək,......

Haindi (Şəki ləhcəsində yumoristik şeir)

Dəhnəli Məmməd Hacızadə

Bu yerlərdə bir el var, Bilooz,diyim haindi. Burda şipşirin dil var, Cözoo yiyim haindi. Hayva böyun əyitdi, Sararalıtdı,dəyitdi. Ceem cööm cəlitdi? Toydan ciyim haindi. Giriş......

Zər Qafiyə Quqquluqu Satira

Dəhnəli Məmməd Hacızadə

Gəl açaq biz xoruza bir qafiyə , Quqquluqu. Hələ kimsə yazmayıb,sirr qafiyə Quqquluqu. Paylaşır öz səsini mələk gördükdə bu qərib, Dərk etməz insan oğlu dürr......

Dəvənin Etirazı

Dəhnəli Məmməd Hacızadə

Niyə kinli olduğun soruşdular dəvədən. Dəvə də,hirsli-hirsli tez çıxdı hövsələdən. Dedi: -mən bu həyatın acısını yaşadım, Duz dedilər daşıdım. Qənd dedilər daşıdım. Canla-başla getmişəm ağamın......

Baxarıq

Dəhnəli Məmməd Hacızadə

Alar qucağına bizi bu dünya, Biz ona lap körpə yaşdan . Açıb vərəqlərik hər səhifəsini, Çalışıb əvvəldən,başdan . Aldadar dünyanın ləzzəti,duzu, İstərik çoxunu,bəs edər azı.......

Dəniz insan kimidir

Dəhnəli Məmməd Hacızadə

gizlədər hər sirrini. Saxlar əl çatmaz yerdə zinətini,dürrünü. Baxıb göyün üzünə, sinəsi qübar eylər. Pıçıldaşar ləpələr, həya eylər,ar eylər. ,......

Bizim nağıl

Dəhnəli Məmməd Hacızadə

Biri vardı, biri yoxdu, olan səndin, olmayansa sənsiz günüm. Nə azıydı,nə çoxuydu, səndən qeyri gün yoxuydu başqasını düşünüm. Bir sən vardın, düşüncəmin sənsiz günü yox......

Qadın

Dəhnəli Məmməd Hacızadə

Öz könül bağına baxsan azacıq, Görərsən ətirli çiçəkdi . Alıb ətrafını qönçə,tumurcuq, Açılan təzətər ləçəkdi . sız bir dünya dəyməz gözünə, Kimdi sığdırmayan onu özünə?......

Bakı qəzəl

Dəhnəli Məmməd Hacızadə

Görərsən gəzsən əgər dünyada bir danə Bakı. Xəzərin sahilində bərq vuran dürdanə Bakı. Xəzərdir badəsində meyxoş edən piyaləsi, Əyləşibdir taxtında bənzəyir sultanə Bakı. Canıının parçasıdır......

Səni düşünürəm

Dəhnəli Məmməd Hacızadə

Burda hər tərəfi qar örtüb gülüm, Yenə xəyallarım baş alıb göyə. Birgə seyr edəydik,istədi könlüm, Düşündüm sən qarı sevirsən deyə. Qartop oynayaydıq uşaqlar kimi, Ayaq......