...
  • Şor motalı
  • Rəşid Bərgüşadlı
  • – Yazma, qurbanın olum, el içində zınqırovlu eləmə məni!.. – əlimi kompüterə atıram, ələm ağacı kimi böyrümdə dikəlir.
    – Yazmasam ürəyim partdıyar, başa düş, Müğdət. Gül kimi hazır materialdı. Canın haqqı, altdan-üstdən heç nə qoymayacağam. İşığa kor baxım, elə yazacağam ki, guya özümdən uydurmuşam. Bütün yazıçılar belə eləyir. Bir də ki, burda nə var axı, sənin yerində başqası olsaydı eynisini edərdi... – amma pıqqanaq çəkib gülməkdən özümü saxlaya bilmirdim.
    – De işığa kor baxım rüsvay etməyəcəksən məni!..
    – İşığa kor baxım! Sənin adını yazsam, işığa kor baxım! Di hı, rahat oldun?
    – Amma yenə də mənə oxumadan yazdığını internetə verən qurumsaqdır! Sən bir cızmaqara eliyən kimi mürəkkəbi qurumamış gupayırsan internetə...
    – Danışdıq! – yazdıqlarımı oxuyandı, bilir ki, sirr saxlayan deyiləm.
    – Bilirsən nə var?! Belə cərə yaz, cəhənnəmə yaz! Nə yazırsan yaz! Heç adımı da dəyişmə! Qoy məni o hallara salanın özünü Allah o hala salsın! – axırda əl çəkdi məndən və dedi ki, necə olub, elə də yazım...
    Hara qədər desən sadəlövh, saf adamdır Müğdət. Qonşumuzdur. Qaytan kimi arıq, uzundrazın biridir. Toqqasını axırıncı dəliyinədək çəkəndə şalvarının qurşağı şor torbası kimi əlli yerdən büzülür. Həmişə zarafatla deyiriik ki, qurdun var, ona görə kökəlmirsən. Elə mədə-bağarsaq bəhanəsiylə başını başlara qoşub ikinci ildir bizimlə sanatoriyaya gəlir. Baməzənin biridir. Onunla yol yoldaşı olmaq başqa aləmdir. Müğdət yanındadırsa darıxmaqdan başın salamat. Cəncəli heç əskik olmaz, əcəl özü gəlib tapır onu. Amma bu dəfəki heç olmayan komediya oldu! İşığa kor baxım, necə olubsa, o cür də yazacağam, əgər altdan-üstdən bir şey qoyuramsa, Müğdət qənimim olsun!..

    * * *

    Adətkarıq – qaş qaralan kimi yığışırıq Valehin qarajına, samovar qalayıb domino çırpmağa. Söhbət hərlənib-fırlanıb təyyarədə uçmağın üstünə gələndə yol-yolağanı hamıdan yaxşı bilən diliyanmış notarius Tofiq dedi ki, xəbəriniz olsun ha, baqajın çəki limiti barədə “Azal”ın yeni qərarı çıxıb, on iki kilo yük, səkkiz kilodan da artıq əl baqajına görə iyirmi beş avro pul ödəmək lazımdır. Bunu dedi və dominoda uduzub getdi yatmağa. Təyyarəmiz hələ gecə saat üçdə uçasıydı. Müğdət qayıtdı ki, – Paho veş! Bir həftədir arvadla çemodanı basa-basa doldururuq ki, yaddan çıxan şey qalmasın... – çiçəyimiz çırtdadı ki, “Aha, sən öləsən, torbada yenə pişik var!”. “Azal”ın yöndəmsiz baqaj təlimatından xəbərimiz vardı, amma yük limiti barədə fikirlərimiz haçalıydı – birimiz 15 kilo deyirdik, o birimiz 23 kilo.
    – Gedim çemodanı boşaldım... – Müğdət nırçıldaya-nırçıldaya, “Azal”ın yeddi arxadönəninə söyə-söyə evinə getdi. Heç on dəqiqə keçməmişdi ki, zəng vurdu, – Biletimiz hansı sinfədir – ekonom, biznes, yoxsa VİP?
    – Ekonomdur, – dedim. Biletləri mən almışdım, pasportlar da, biletlər də məndə evdəydi.
    – Uşaq internetdən tapıb, diqqətlə qulaq as, təlimatı oxuyuram: “Uçuşdan ən azı 3 saat əvvəl 20 avro məbləğində ödəniş etməklə 23 kilodan çox olmamaq şərti ilə normadan artıq hər baqaj üçün daşınmasının uçuşdan əvvəl rəsmiləşdilirməsi təklif edilir”. Əsas burasıdır, diqqətlə qulaq as, – “Üç ölçünün cəmi üzrə bir qeydiyyatdan keçmiş baqaj yerinin ölçüsü 158 santimetrdən artıq olduğu halda 25 avro məbləğdə əlavə haqq alınır”... Bir şey anladın?
    – Heç nə anlamadım...
    – Elə mən də nəsə qanammadım. “Azal” azərbaycanca necə danışırsa, təlimatı da elə o cür yazdırıb. Hər nədirsə, ortada 20-25 avro cərimə söhbəti var, ayının min oyunu da elə bu avronun başındadır...
    – Əşşi, nəysə, hava limanında araşdırarıq. Uzan, gözünün acısını al bir az, biz də qarajı bağlayıb çıxırıq...
    – Yükümüzü aeroportda çölə tullayası deyilik ki! Mən hər ehtimala qarşı 12 kilo yük götürəcəm...

    * * *

    Gecə taksi gəlib bizi evin qabağından götürəndə baxdım ki, Müğdət sentifon gödəkcə geyib. “Düz edib, hava soyuqdur” – ağlıma nə gələr ki?.. Amma hava limanında məlumat bürosundan yük məhdudiyyəti barədə soruşanda qızın ağzından “32 kilo” çıxmışdı ki, gördüm Müğdətin rəngi qaralır... Allah səni güldürsün, a Müğdət!.. Dinməzcə görəkcəsini çıxarıb dürtdü çemodanına. Ayağa qalxanda çaşdım, – Boy, Müğdət, nolub ə, sənə!? – Müğdət üç özü boyda olmuşdu!
    – Canıma dərd olub! – alnının tərini sildi. İndi “pişiyin” quyruğunun dibi də görünürdü. – Üç-dörd saata bu qədər kökəlmək olar!? – mat qalmışdım dostumun təzə for-fasonuna.
    – Lvova neçə saatlıq yoldu? – hirslə çemodanın qulpunu qarmaladı.
    – Üç saata-zada... – hələ də nə olduğunu tam anlaya bilmirdim.
    – Görəsən Lvovda hava burdakı kimi isti deyil ki? İsti olsa, lələşin yandı!
    – Mən ölüm, nolub sənə, niyə bu boyda şişmisən? – artıq qımışırdım.
    – Dedim gecə uçacağıq, hava sərin, gün çıxmamış da olacağıq Lvovda... Düz altı corabı üst-üstə geymişəm. Ayaqqabı ayağıma olmadı, yoxsa altısını da geyərdim; altdan beş tursik, üstündən bir idman şalvarı; üç maykanın üstündən iki qoluqısa futbol maykası, onun da üstündən köynək geymişəm... – dişlərini ağardan kimi qarnımı qucaqlayıb yerə çökdüm. Ağlıma gəlsə də bircə onu soruşa bildim, – Niyə?
    – Baqajım 12 kilodan artıq olmasın deyə... – yük bağajlarımızı təhvil verib pasport qeydiyyatından keçənədək o bəzədi, mən güldüm. Gülməkdən ciyərlərim genəlmişdi, qarnım cırılırdı. Bizə baxan elə bilirdi ki, dəmik...
    Təyyarə havaya qalxmağa başlayanda Müğdət başladı yaxasını, şalvarının düymələrini yavaş-yavaş açmağa, – Eh, “Azal”, “Azal”, yevro azarın öz içində partlasın! – təzədən dəli şaqqanaq tutmuşdu bizi. Dəqiqəbaşı düyməni basıb stüardessanı çağırır, su istəyirdi. Tər sir-sifətindən bıldır-bıldır axırdı. – Rəşid, deyirəm, yazıçı adamsan, yazmağa mövzu axtarırsan, əsl yazmalı hekayə mənim bu halımdır ey... – maykaların ətəyini göbəyinin üstündə bürmələmişdi ki, heç olmazsa qarnına hava dəysin. Havalandırıcıların ikisini də peysərinə yönəltmişdi.
    – Yazım da... Düz deyirsən, qəşəng bəzəməli mövzudur.
    – Ağzını cıraram sənin! – dəlinin yadına daş salıb sonra da əlini arxasında gizlətmək deyirlər buna. – Hələ bilirsən ağlıma nə gəlmişdi yolda?.. – ona gülmək elə yaraşır ki...
    – Nə?.. – gülməkdən ta cavcılarım da ağrıyırdı. Qonşu oturacaqdakıların diqqət mərkəzindəydik.
    – “Azal” yolda yemək verməyi də dayandırıb axı... – güldükcə çiyni silkələnirdi.
    – Hə...
    – Arvad bir toyuq soyutması qoyub yola. İstəyirdim əl baqajım ağır olmasın deyə toyuğu ikiyə bölüb sənin payını bəribaşdan özünə verim – əllərini qolaylayır, dizlərinə çırpıb uğunurdu. – Yaxşı ki, deməmişəm, yoxsa hekayən lap gülməli olardı. Ay səni... – əl çantasından soyutmanı çıxarıb qoydu qabağımıza. – Fikirləşirdim ki, ən altda geydiklərimi çatanda yuyaram, üstdəkilər də mənə nəf qalar.., hamısı tərin-suyun içindədir. Di toyuğumuzu yeyək... – kaş Lvova yox, on bir saat Sinqapura uçaydıq...

    * * *

    Bilirəm, deyəcəksiniz ki, “Bu lap ağ oldu!”, amma işığa kor baxım, olanı deyirəm – yolun yarısında Müğdətin qarnında bir curultu başladı ki, gəl görəsən!
    – Vəziyyət çönür, qardaş. Allah baba deyəsən məni göyün yeddinci qatında el içində rüsvay eləmək istəyir...
    – İndi noldu, yoxsa tualetinmi gəlir?! – gülməyim tükənmişdi, əgər həqiqətən tualetlik işi vardısa, təyyarənin quyruğundakı yekə növbəni çətin ki yarıb keçə bilə.
    – Altıma batıracam, sən öl. Camaata hay sal, nəvbədən çəkilsinlər, yoxsa pox-püsür üstlərinə çırtdıyacaq... – gah gərilir, gah qatlanır, gah da ləngər vururdu yerində.
    – Toyuqdan oldu? – qarıxası olsa necə soyunacağının dərdi məni götürmüşdü.
    – Cərco yemişəm evdə, həm də bütöv bir cərco! Boynun altında qalsın, belə arvad! Adam da yola çıxana yemiş yedirər?! Hamısı paxıllıqdan, qısqanclıqdandır! Elə bilir ki, evdən çıxdımsa, ta nataşa-mataşa qalmadı yer üzündə!
    – Üstündən də bayaqdan zıpha-zıp su hörtdədirsən! – indi əməllicə narahat olmağa başlamışdım. Dostumun halı həqiqətən getdikcə pisləşirdi və yenə gülsəm, haqsızlıq olardı. – Bir azca da döz, qardaş, yarım saata yerə enirik. Lvovda yükünü boşaldarsan... – çox əndişələndim.
    – “Bir azca da döz...” – Xumarın mahnısını zümzümə edə-edə qarnını qucaqlamışdı, – Dədən ölsün, Müğdət, göyün üzündə bəxtin çəpinə gəlib. Qoy bağırsaqların dolaşsın, amma bir azca da döz. Altına tırıxlasan, şor motalı kimi qoxacaqsan. Göydə bir bulud qalmaz iyindən, bir azca da döz, Mığış, kişi ol, lap az qalıb... – tez-tez pəncərədən yerə boylanır, amma buludlardan başqa heç nə görməyib lap tıncıxırdı.
    İki saat yel kimi ötmüşdüsə, sancı tutmasından sonrakı qırx beş dəqiqə zülm oldu bizə. Nə illah elədim ki, növbədəkiləri başa salım, icazə alım tez özünü versin ayaqyoluna, razı olmadı, – Əynimdəkiləri sivirib dizimə salanacan iş-işdən keçəcək, sən başımı qat, Lvovadək birtəhər dözərəm...
    Kişi kimi dözdü də! Pasport qeydiyyatçısından xahiş elədik, vəziyyəti başa saldıq növbəsiz keçdi. Güllə kimi götürüldü ayaqyoluna. Mən yarım saat deyim, amma siz azı bir saat bilin, – Müğdətin lənətə gəlmiş baqajını da götürüb dostumun ayaqyolundan çıxmağını xeyli gözlədim. Baqajgözləmə zalında quqqulu-qu qalmışdım. Dedim birdən eşiyə çıxmış olar, elə bilər çöldəyəm – girdim ayaqyoluna və dostumu səslədim, – Müğdət, a Müğdət! Ə, burdasan?
    – Burdayam, burdayam, qardaş, hələ burdayam... Nədi, mənsiz darıxmısan? – kefi düzəlmişdi.
    – Dedim çıxarsan, görmərəm...
    – Sən bir ağız “Bir azca da döz” mahnısını zümzümə elə, çıxıram indi. Tər-suyun içindəyəm, paltarlarımı soyunuram. Gör qonşu kabinələrdə nə qədər salfetka varsa, topla ver mənə, qurulanım... – yenə gülürdü.
    – Ölmüşünə and olsun ki, sən düşdün qələmimə, olanların hamısını necə var, eləcə də yazacağam – salfet kağızlarını toplaya-toplaya gülürdüm.
    – De işığa kor baxım!..
    – İşığa kor baxım ki, yazacağam!
    – Yazsan, səni cart deyib iki bölərəm!
    – Yazacam, əlindən gələni beş qaba çək! Bircə qalır hekayənin adını tapmaq.
    – Onda qoy adını da mən deyim, – “Şor motalı”... – heç düşünmədi də! Dizlərimizi ayaqyolunun mərmər döşəməsinə atıb əməlli-başlı böyürürdük...

    01 avqust 2016-cı il. Morşin, Ukrayna
  • iyul 2022, Rəşid B.

  • 80
Belə Ayrılıq Olmur

Dəhnəli Məmməd Hacızadə

Dərddi dərdə calanan, hey üst-üstə qalanan. Baxma ki ortalıqda iztirabdı dolanan, . Dözmərəm göz yaşına, qəm dolu baxışına. Qəlbimdəsən getsəm də, dünyanın o......

Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......

Daha Səsləməyir Dan Yeri Bizi

Dəhnəli Məmməd Hacızadə

Göydə ay,ulduzlar yerdə sən və mən, Bir onlar oyaqdır, bir də, sən və mən. Qapılıb gecələr xoş xəyallara, Onlar bizə baxar, biz də onlara. Qalardı......

Ağ dumanın içindəki görən kor (fəlsəfi hekayə)

Tural İsmayılov

Atam deyirdi ki, dünyanı görmək üçün göz lazımdır, mən isə indi buna şübhə edirəm. O kitabı – vərəqləri künclərindən didilmiş, cildi günəşdən solmuş o qəribə......

Zaur Ustac - Zenitdəki Zenitçi

زائـــور اوستاج

Zenitdəki Zenitçi (oçerk) Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin......

Sona İsmayılova – Zakir Kaya’nın Medya ve Yayıncılık Çalışmaları

زائـــور اوستاج

Röportaj Editör Girişi Dr.profesor Zakir Kaya, Türkiye merkezli araştırmacı gazeteci, yazar olarak medya, yayıncılık ve edebiyat......

Araşdırmaçı jurnalist Zakir Kaya: Media, Ədəbiyyat və Müstəqil Düşüncənin Kəsişm...

زائـــور اوستاج

Müsahibə Mətni Müasir mediada sürət, görünürlük və rəqəmsal intensivlik artdıqca, məzmun istehsalının keyfiyyəti və......

Zaur Ustac - Mən

زائـــور اوستاج

Mən “Sizin yanınızda oturmaq istəyirəm” … (Qəndab – Ara-sor məni) Hər gün oyananda səhər mehində, Sübhün şəfəqində, danındayam mən. Telinin cığasın pozan küləyəm, Hər zaman......

Zaur Ustac - Aşiq gecələr

زائـــور اوستاج

Aşiq Gecələr (Qəndab – Aşiq gecələr) O zülmət gecənə şam olum, gülüm, O gül cəmalına aşiq gecələr! “İşıldaquş”ların işığı vecsiz, Əriyən mumlara aşiq gecələr! Pərvanə......

Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

زائـــور اوستاج

Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil......