...
  • Rus dili
  • Rəşid Bərgüşadlı
  • Yuxuda gördü ki, anasının qərib məzarı yanında onun da qəbrini mərmərlə döşəyiblər. Ən çox da ona görə odlanırdı ki, bir it ayağını qaldırıb onun sinədaşını murdarlayırdı. Nə illah elədisə, başdaşına yazılmış ölüm tarixi və o murdar it gözünün qabağından getmək bilmədi, – “Ölüm bir addımlıqdadır, nəfəsini duyuram”... – günortayadək çabalaya-çabalaya qaldı, əli bir işə yatmadı. Tənha ölməkdən qorxurdu...
    Qaçqın düşəndən sonra xeyli müddət iş axtarmışdı, axırda gəlib çıxmışdı Görədil bağlarına. Allah işini rast salmışdı və təsadüfən ayaqları onu gətirmişdi Qəşəm müəllimin qapısına. Darvazanı evin xanımı Mahirə açmışdı onun üzünə. Görünür Qasımın suyu şirin gəlmişdi qadına – qısa söhbətdən sonra məlum olmuşdu ki, həmyerlidirlər. Hələ ortaq tanıdıqları da çıxdı. – Sabahdan yığışın gəlin bizim bağa. Həyətdəki balaca evi sizin üçün ayırarıq. Həm həyət-bacaya baxarsınız, həm də ağaclara qulluq edərsiniz – məsələsi birbaşa həll olunmuşdu. Elə o vaxtdan bağa sığınandır. Qasımın işindən, səliqə-səhmanından çox razıydılar. Yığcam ailəydi Qəşəmin külfəti. Böyük qızları universitetdə oxuyurdu, sonbeşikləri Surxay isə Allahın bəlasıydı. Bir şey ağlına batdısa, dünya-aləm yığışsın, fikrindən dönməzi. – Civədi, civə! – Qəşəm müəllim oğlu haqqında belə deyirdi. Amma nadinc olduğu qədər də şirin uşaq idi. Surxayın bağda pişiyi vardı, amma təzəlikcə ölmüşdü. İndi də atasının saqqızını oğurlamağa çalışırdı ki, bağa haski cinsindən bir it aldırsın, – İt almasan dərs oxuyan deyiləm! – atasıyla rəsmən öcəşirdi.
    Qəşəmgil adətən həftənin şənbə-bazar günləri gələrdilər bağda qalmağa. O gün isə Qurban bayramı idi, ailə gələ bilərdi. Qasım isə baytar dükanına gedəsiydi – toyuqlardan bir-ikisi qanadlarını sallamışdı. Günortaüstü Qəşəmin maşını hasarın çölündə dayananda Qasım qızılgülləri sulayırdı. Darvaza açılanda çöndü ki, budu, yekəpər it dilini çıxarıb ləhləyə-ləhləyə girdi içəri. İt onu görən kimi yoğun səslə elə hürdü ki, Qasımın ödü ağzına gəldi. Yuxusundakı itə oxşamasa da, başdaşındakı ölüm tarixi gözündə partladı, çöməldiyi yerdə baldırı qıc oldu. Dünyada ilandan, bir də itdən qorxduğu kimi heç nədən qorxmurdu. Sonra itin xaltası, daha sonra isə xaltadan yapışmış Surxay girdi həyətə. Qəşəm müəllimi, Mahirəni görəndən sonra azca özünə gəldi. Surxay itin xaltasını açıb buraxdı həyətə. İt birbaşa ona sarı götürüləndə Qasım beli qapdı, – Qara vurğun təpəndən çalsın, neynədiyindi!? – itə qıcandı, Surxaydan imdad dilədi. Amma quruca salam verib otağa keçmişdi hamısı... İt ondan çəkindi, əvəzində, toyuqlara təpilib pərən-pərən saldı. Qanadısallaq toyuqlar da güllə kimi qaçırdı qorxusundan. Haski zorbalığını toyuqlara göstərəndən sonra həyət-bacanı hərlənib künc-bucağı sidiyi ilə manşırladı, sonra da gəlib çöməldi düz Qasımın yanında, gözlərini ona zilləyib ləhləyirdi. “Nə zibilə düşdük!”... – gözü Mahirəni axtarırdı ki, bəlkə onun ağlına gələ iti dartıb bir yerə bağlamaq...
    Qəşəm oğluyla manqal qalayırdı, Mahirə qızıyla mətbəxtdə qurcalanırdı. Qasım isə can həşirindəydi. Ha çalışırdı ki, iti vecə almasın, amma yenə də bir gözü onda qalmışdı. İtdən qorxduğunu dilə gətirməyə isə utanırdı... Bir azdan Mahirə əlində qazan eşikdə göründü. Qapağı açanda Qasım gördü ki, ət soyutmasıdır gətirdiyi. Soyutmanı cunada süzüb ətləri iri buluda çəkdi və itin qabağına qoydu, – Suyundan da axşama sizə borş bişirərəm. Haskiyə çiy ət, kabab, sür-sümük yemək olmaz... İt tikələri loppultuyla udduqca Qasıma çəpəki baxıb mırıldanırdı. “Zavallı pişik, yaxşı ki, vaxtında ölüb canını qurtarmısan”... – hasarın dibində büzüşmüş xəstə toyuğa yazığı gəldi...
    İtin qarnı doymuş, kefi kökəlmişdi. Surxayın sinəsinə tullanır, əl-ayağına dolaşır, onunla oynamaq istəyirdi. Surxay balaca rezin topu atıb, – Haski, поймать ! – itə əmr verir, haski isə pomidor-bibər şitillərini ayaqlayaraq qarağat kollarının arasından topu tapıb gətirdi. “Haski, cидеть !” – it adam kimi dil bilirdi, dərhal çöməltmə otururdu. “Haski, прыгай !” deyəndə it alçaq məhəccərin üstündən hoppanırdı. İtin bu hoqqabazlığı Qasıma da maraqlı gəldi. Ehtiyatla Qəşəm müəllimə yaxınlaşdı, – Bərəkallah, nə ağıllı itdir... Bağda qalacaq? – qızara-qızara soruşdu.
    – Əlbəttə, bina evində bunu saxlaya bilmərik. Çox ağıllı itdir, – duzlu suyu alovlanan şişliyə səpələyirdi, – yeddi yüz manat pul vermişəm buna, iki yüz də təliminə saymışam.
    – Bəs niyə bunu rusca öyrətmisiniz, öz dilimizdə öyrətmək olmazdımı? – Qasımın gözü itdə, qulaqları isə Qəşəmdəydi. Qəşəm heyrətlə qarovulçunun üzünə baxdı, – Qasım kişi, sən rusca bilmirsən!?
    – Yo-ox...
    – Heç nə bilmirsən?
    – Bir-iki söz... Bilirəm ki, itə “sabaka” deyirlər... – sözü ağzında qurtarmamış Qəşəm elə güldü ki, yazıq Qasım dilbilməzliyindən xəcalət çəkdi.
    – Hə.., onda işlər çox fırıqdır, qoca, vəziyyət də ruscan! Əlqərəz, ya gərək təzədən xərc çəkib haskini azərbaycanca öyrədək, ya da gərək sən rusca öyrənəsən... Şaqqanağa qızlar da eyvana çıxmışdı, – Nəyə gülürsən, nolub? – Mahirəni maraq götürmüşdü.
    – Qasım kişi rusca bilmirmiş. Haskiylə necə yola gedəcəklər? – qarnını qucaqlamışdı. – Rusca öyrənməyə neçə gün bəsindir, kəndçim? – kişini məsxərəyə qoymuşdu. Köntöy adam idi, şit zarafatları vardı Qəşəmin. Hələ ilk tanış olduğu günlər idi, arvadına Qasımın yanındaca demişdi ki, – Prezidentin sərəncamı var, qaçqınları məskunlaşdığı yerlərdən heç kim çıxara bilməz. Qorx ki, bir gün yerlin bağımıza sahib çıxsın... Cavabını verməmişdi, qürurunu içində boğmuşdu. O gün-bu gün, Qəşəmdən gen qaçırdı ki, sözləri çəp gəlməsin. Qəşəmin tikanlı sözləri olmasaydı dolanışıq üçün Qasıma burdan rahat yer yox idi. Hətta bir dəfə küsüb getmişdi bağdan. Qonşu bağın gözətçisi Hüsü onun başına ağıl qoymasaydı qayıtmayacaqdı, – Uşaq kimi xətriyaxınsan, di gəl ki, qatır kimi də tərs! Hər çəp sözdən qəlbin qaralır ki, guya daha sənə ehtiyacları yoxdur. Az huyduxlan, kişi. Məndən sənə nəsihət, şəhərdə qayğısız yaşamağın bir yolu var – arsızlıq, arsızlıq, imkanın daxilində ancaq arsızlıq, vəssalam! Çalış arsız ol. Ləyaqətimiz, şərəfimiz, elin töhməti o dağ-dərələrdə qaldı, qardaş! Gəmidə oturub gəmiçiylə dalaşmaq bizə yaraşmaz. Burda gərək adam siyahısında adın olsun ki, səni də saya salsınlar. Qayıt get işinə və Allaha dua elə hər verdiyi gün üçün. Başını aşağı sal, qulaqlarını qapa, işini gör...
    Amma bu həna o hənadan deyildi. Göz görə-görə Qəşəm də, Mahirə də iti ondan fərasətli və ağıllı sayırdılar. Bu, Qasımın beş illik sədaqətli qulluğuna qarşı bağışlanmaz xəyanət idi. Qüruru qırılmışdı Qasımın, özünə nifrət edirdi. Nə qədər bədbəxt və fərsiz olduğunu düşünürdü. Bilmədiklərinin nə qədər çox olduğunu öyrəndikcə gücsüzlüyünü görürdü, cılızlığından qorxurdu. Dünyanın həqiqətlərinə görmək istədiyi kimi yox, olduğu kimi baxdıqca havalanırdı. Havalandıqca ətrafdakı hər şeyin mənası da dəyişirdi. Bağı sərbəstcə dolaşan itin şən-şən havlamağı da başqa məna daşıyırdı indi, – “Sənin dövranın bitdi, rədd ola bilərsən, qoca!”... Az qalırdı itə yalvarsın, – “Nolar, çıx get burdan! Girmə aramıza, pozma dincliyimi!” – uşaq kimi üzünü qapayıb hönkürmək istədi. Bacarmadı, ev sahiblərinə yalvarmağı da bacarmadı – “Sən demə insan kimi yalvarmağı da unutmuşam”... Rezin top ona sarı diyirlənəndə üstünə cuman itin zəhmindən büzüşdü. Haski ona pəl vurub topu qapanda damarlarında qanı dondu, – “Məni bu həyətdən qovur, yandıq verir mənə! Daha burda məni it yerinə qoyan yoxdur” – gecə-gündüz belləyib suvardığı, alın tərini qatdığı torpaq, gül-çiçək də onun fərsizliyinə gülürdü. Ev sahibləri itin oyunbazlığına aludə olmuşdular. “Bu həyət məni həmişə axmaq adam kimi xatırlayacaq” – yeni doğulan körpəni anasına bağlayan göbək ciyəsini necə kəsərlərsə, Qasım da eynən, nəfsini kəsdi bu bağdan, – “Bu it meyitimə işəməmiş burdan canımı qurtarmalıyam” – ayaqqabılarını taykeş geymiş adam kimi ayaqları bir-birinə dolaşa-dolaşa darvazadan eşiyə çıxdı. İkinci massivə çatanda Hüsü görməsin deyə hasarın kölgəsinə qısılıb addımlarını yeyinlətdi, – “Bu dəfə də bilsə ki, üstümə it gətirdiklərinə görə küsmüşəm, abırımı ətəyimə bükəcək”... Hüsünün deyəcəkləri qulaqlarında cingildəyirdi, – “İt alıb, yaxşı eliyib alıb! Bundan sənə nə? Qəşəm məllim indi itini səndən çox sevir, qoy cəhənnəmə sevsin! A kişi, işindən dördəlli yapış. Ağlını başına yığ, qayıt bağına və dişlərini ağarda-ağarda itin başını tumarla!” – Hüsünün bağından xeyli uzaqlaşandan sonra addımlarını yavaşıtdı. – Günah mən boyda cəmdəyin sahibindədir ki, rusca bir-iki kəlmə öyrənməmişəm indiyədək! – hərdən çönüb geriyə boylanırdı ki, görsün onu arxadan çağıran varmı... Amma bağ yollarında tənha idi. “Özgə atına minən tez düşər. Allah erməniyə insaf versin, məni it gününə saldı” – canını yolda tapşırmamış özünü baytar aptekinə çatdırmaq istəyirdi...

    19 iyul 2016-cı il

  • iyul 2022, Rəşid B.

  • 224
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......