...
  • Qismət
  • Rəşid Bərgüşadlı
  • Dünyaya gələn gün anamın başını yeyib özümü yetim qoymuşdum. Məni nənəm saxlamışdı. Hər dəfə bizə gələndə, “Ənvər əmi!” deyib sevincək qucağına qaçdığım, gətirdiyi şirniyyatları eşələyib içindəki irisləri seçdiyim adam isə sən demə dost-doğmaca atam imiş. Başqasıyla ailə qurub məni qoca nənəmin öhdəsinə buraxmağını böyüyəndən sonra çox da qınamadım, amma ona hələ də qanım qaynamır. Kasıb adamdı, məktəbdə oxuyarkən onun göndərdiyi cibxərcliyi süpürgə pulu, təbaşir pulu, bayram pulu xərclərimi ancaq görürdü. Gözümüzü nənəmin təqaüdünə dikmişdik – az idi, amma bərəkətliydi. Heç kimin uşağından geri qalmayım deyə pul sarıdan özünü qısmazdı. Bircə onu deyirdi ki, yəqin valideynlərdən bir qeyrətlisi çıxacaq və bu müəllimlərin dərsini verəcək... Amma qeyrətli valideyn tapılmadı deyə məktəbi axırıncı sinifdə atası oldum. Onsuz da fərli-başlı oxuyan deyildim və ali təhsil həvəsim yox idi. Başladım özümə iş axtarmağa...
    Allah adamın işini rast salanda şeytan heç bir qələt qarışdıra bilmir. Gəldim “Dəniz” şadlıq sarayının müdirinin yanına ki, iş axtarıram. Törəş boyuma, can-cəsədimə baxdı, – A qırışmal, sənin işləyən vaxtındır, niyə gedib dərslərini oxumursan, sənə nə iş verim bu yaşda?.. Dedim ki, ofisiant işləyə bilərəm. Yenə də çəlimimi bəyənmədi, başını bulayıb güldü:
    – Təhsil nazirinin başına sən boyda daş düşsün, gör məktəbləri nə günə qoydu. Bapbalaca boyu var, indidən özünə iş axtarır... – bu heynidə cavan ər-arvad toy danışmağa gəldi. Kabinetə keçdilər. Ərinmədim, oturub gözlədim. Söhbətləri uzun çəkdi. Eşiyə çıxanda ayağa durdum. Deyəsən qiyməti razılaşmışdılar, hər iki tərəf şən görünürdü. Qonaqları yola salanda məni gördü, – Hə, dostum, sənə nə iş verək deyirsən? – kefi kök idi. İndi də başqa bir oğlan böyürdən çıxıb söhbətimizi yarımçıq qoydu. Söhbətlərindən belə başa düşdüm ki, oğlan sarayın vedeoçəkən operatorudur. Azca dərdləşmişdilər ki, xilaskarım məni operatora göstərib, – İş axtarır... – dedi. Operator, – Bəlkə mənim kabeldaşıyanım olsun? – deyəndə sevincdən qanadlandım.
    – Gözü yeyirsə, niyə də olmasın? – məni yanına çağırdı, – Kabel daşıya bilərsən?
    – Niyə daşımıram ki... – sevincimlə yaltaqlıq elədim.
    – Onda bu axşamdan işdəsən. Hər toy üçün 15 manat alacaqsan. Danışdıq? – işimi qısaca izah elədi.
    – Danışdıq! – nənəmi muştuluqlamağa cumdum...
    Operatorum Mirelvinlə tez isinişdik. İlk günlər saat beş olmamış geyinib-kecinib kəsdirirdim şadlıq sarayının qabağını. Hər dəfə “Vağzalı” çalınanda həyəcandan titrəyirdim, elə bil bəy mən idim. Qonaqların gözünə baxmağa utanırdım. Gözümü dikirdim operatorun kürəyinə, kabelin dolağını aça-aça Mirelvinin arxasınca sürünürdüm. Təzə ayaqqabım topuğumu döyək eləmişdi. Toy bitəndə qulaqlarım, beynim səs-küydən uğuldayırdı. Amma vaxt keçdikcə özümdən böyük musiqiçilərlə oturub yemək yeməkdən əvvəlki kimi utanmırdım, söyüşlə danışanda qızarıb pörtmürdüm. Gündəlik qazancımı nənəmə verirdim. Hər pulu alanda, – Mənim kişi balam... – doluxsunur, alnımdan öpürdü. İşimi sevmişdim. Belə qazanclı işi itirməkmi olar? Hər gün toy olanda nənəmin təqaüdündən ikiqat artıq qazanırdım. Amma arxamda sarayın müdiri Səfa əmi dururdu. Çox xeyirxah adam idi. Hər dəfə nəvazişlə başımı sığallayırdı. Nənəmin himayəsində yaşadığımı biləndə aşpaza tapşırmışdı ki, toydan qalan yeməklərdən bir yekə qab doldurub mənə versinlər. Kimin evində hər gün kabab, çərəz, cürbəcür yeməklər olurdu? Heç kimin. Amma binamızda ən yaxşı ailə dolandıran kişiydim mən. Nənəmlə krallar kimi yaşayırdıq. Allaha yalvarırdım ki, hər gün toy olsun, Səfa əmiyə çoxlu pul yetirsin, mən də bir loxma çörəyimi qazanım.
    Ağır iş deyildi, amma məsuliyyəti vardı. Gərək kabeli operatorun arxasınca elə yığıb-açasan ki, rəqs edənlərin, ortada gəzənlərin ayağına dolaşmasın. Allah göstərməsin, birinin ayağına dolaşıb yıxsa, gərək çörəyimdən olam. Arada Mirelvin yorulanda kameranı götürüb özüm də video çəkirdim. Bax videooperatorluq çox çətin işdir. Gərək xüsusi fərasətin və bacarığın olsun. Təkcə ortada dingildəyənləri və çərənçi tamadanı çəkməklə iş bitmir. Toyun videosuna baxan elə hiss eləməlidir ki, sanki kinoya baxır. Belə götürəndə, toy elə həqiqi kinodur ki var. Kaş biləydiniz nə səhnələrin şahidi olmuşam, nələri çəkib sonra montaj eləmişəm...

    * * *

    Mirelvin gəlini evdə çəkməyə getmişdi. Mən toyun bu hissəsində lazım olmurdum. Saraya qayıdanda tələm-tələsik dedi ki, qarmonçalan Nüsrət öldü. Müğənni soruşdu ki, – Nətər yanı öldü, ə?!
    – Öldü da. Adam balası kimi... Gəlin elə ayağını qapıdan eşiyə atan kimi, qucağında qarmon dizüstə pilləkənə çöküb yerindəcə keçindi – özü də təntimişdi. Həqiqətən Səfa əmi telefonda aləmi bir-birinə qatıb qarmonçalan axtarırdı.
    – Bəy-gəlini gətirdinizmi? – Səfa əmi atüstü Mirelvindən soruşdu.
    – Gəlini gətirdik, amma bəyi yox – Mirelvin sözü bitirməmiş toy adamlarından biri Səfanı yanladı ki, – Sakitcə toyunuzu çalın! Elə eləyin ki, qonaqlar duyuq düşməsin. Rəhmətlik kişi can üstəydi. Elə ona görə toyu tez-tələsik edirdik ki, kişi ölməmiş aradan çıxsın. Amma, qismət bu günəymiş...
    – Qarmonçalanı deyirsən, yoxsa yenə ölən var?! – Səfa əmi ancaq vergi müfəttişi görəndə belə hiddətlənirdi.
    – Bəyin babası da bayaq rəhmətə getdi. Yaşlı, ömrünü yaşamış adamdı. 79 yaşı vardı, neçə ilin xərçəngi idi... Bax, ağzınızı möhkəm saxlayın, yaxşımı? – adam elə bil qurbağa gölünə daş atdı...
    – Gəlin bəduğurdur, başımızı yeməsə yaxşıdır... – sərpayı siqaret yandırıb eşiyə çıxdı.
    Qarmonsuz musiqiçilərin işi fırıqdır. Səsi batıran əsas musiqi aləti qarmondur. Ora zəng-bura zəng, axırda bir qarmonçalan tapdılar. Amma musiqiçilərin qanı it qanına dönmüşdü. Toyu qoyub dostlarının yasına gedə bilməzdilər ki... Nə qədər minusovka, yazılı disklər vardı hazırladılar ki, toyu fonoqramma ilə birtəhər yola versinlər. Qonaqlar isə olanlardan xəbərsiz xirik qurdu kimi stola darışmışdılar. Kababın qoxusu yavaş-yavaş zala dolurdu. Bayaqkı əl-ayaq verən qohum sərpayının qulağına pıçıldadı ki, toyu başlasın. Heç nə vecinə deyildi, qonaqları yerləşdirməklə məşğul idi. Ümumiyyətlə, əl-ayaq verənlərin üzünün güldüyünü nadir hallarda görərsən. Tanış-biliş hərdən onu da içməyə dəvət edəndə elə “uf-puf”la içir ki, sanki toyun yükü tək bunun çiynindədir. Toyun axırına az qalmış ayaqüstə dura bilməyən, sürünə-sürünə zaldan çıxan adam birinci elə bu əl-ayaq verənlər olur. Əlli qram içə-içə olurlar lülqəmbər.
    “Vağzalı” çalındı. Bəysiz gəlini taxta yox, birbaşa qohumların stoluna oturtdular. Nə kəbinkəsdi oldu, nə zər yağışı, nə də rəngli şərbət. Əl-ayaq verən qohum Mirelvinə tapşırdı ki, gəlin tərəfi videoya çəkməsin. Biz də o tərəfə heç yaxın durmadıq... Cavan qohumlar ortanı qızışdırmışdılar. Toyun yaraşığı elə cavanlardır. Onlar həm zövqlə geyinir, həm də yaxşı rəqs etməyi bacarırlar. Dərhal bilinir ki, çoxu evdə güzgü qabağında yaxşıca məşq edib. Qonaqlar maraqla tamaşa edəndə daha da qızışırlar. Biri üzünü onlara tərəf döndərən kimi atlanırlar ortaya, tər kürəklərindən süzülənədək özlərinə sitəm edirlər.
    Məclisin ortalarında artıq it yiyəsini tanımırdı. Kənddən gələn bir dəstə zər-zibalı, allı-güllü arvad sıxıla-sıxıla ortada süzürdü. Onları çəkməyi sevirəm, çünki, komalaşıb oynayırlar, atlanıb-düşmürlər. Sinəsi, kürəyi açıq şəhərli arvad qohumuna elə baxırlar ki, sanki bu saat yerə yıxıb cərcənək etməyə hazırlaşırlar. Hərdən şirə əvəzinə likör, rom kimi spirtli içkiləri dəyişik salıb içəndə, çoxbilmiş qohumları onları buna görə lağa qoyanda candərdi gülərlər, amma içlərində cin atına minirlər. Sadəlövh olurlar. Elə bilirlər ki, oğlunu-qızını da toya gətirməsə toy yiyəsi onlardan inciyəcək. Amma “stolun qiyməti” söhbətinə kimsə eyham vuranda utanıb stula elə qısılırlar ki, adamın onlara yazığı gəlir.
    Sərpayı dalbadal şeir deyir, siyahıdakı yaxınları növbəylə mikrofona dəvət edirdi. Sərxoşların dodaqyalayan vaxtı başlamışdı. Əslində, onlar toyun ən səmimi adamlarıdır. Adətən masa dəyişə-dəyişə araq içir, sərxoş olduqdan sonra isə kimi harada gəldi tutub öpürlər. Öpüşməyi sevməyən qohumlar onlardan qaçır, xüsusən də cavanlar və uşaqlar. Arvadları nə qədər göz ağartsa da toyun sonunda onları “diri” tutmaq çox müşkül məsələdir. Adətən yediklərini qarnında evə aparmağa heyləri qalmaz bunların. Montaj vaxtı onların kadrlarını kəsib özümüzçün saxlayırdıq. Mirelvinin bu mövzuda möhtəşəm arxivi vardı, hərdən baxıb əhvalımızı düzəldirdik. O, adətən toyun məhz bu hissəsində videokameranı mənə etibar edirdi...
    Zalın boşalan vaxtlarıydı. Kamera məndə idi, özümçün maraqlı kadrlar çəkirdim. Gözlərimi dörd açmışdım ki, ortalıqda şar partladan uşaqlar və sərxoşlar kabelə ilişib yıxılmasın. Bir ilə yaxın idi toylarda olurdum, tanış olmayan obrazlar təkəmseyrək çıxardı qarşıma. Amma bu dəfə külləmə kartof sifariş verib saatlardır səbrlə gözləyən tənha qonağı “nişangaha” almışdım. Görünür bəyin tələbə yoldaşı, ya da əsgərlik dostu idi. Çünki heç kimə qaynayıb-qarışımırdı. Adətən atasının əvəzinə toya gələn məktəbli oğlanlar bu cür tənha və dilxor oturur. Sağlıq deyən “şair” qohumu dinləyir, arada narazı halda nırçıldayıb pivə şüşəsini başına çəkirdi. Hiss olunurdu ki, dava axtarır, ya da araq ona düşməyib. Mirelvin tələsik kameranı çiynimdən alıb, – Tez keç kabelə!.. – deyəndə bildim ki, nəsə vacib kadr çıxıb. Bazburudlu bir kişi girmişdi məclisə. Sərxoş məclisin qırışığı azca açılmışdı. Əl-ayaq verən qohum dəm olsa da, paya kimi dikilmişdi qonağın yanında. Hər toyun bu cür imkanlı bir qohumu olur. Beləsini zala girişindən əlbəəl bilirsən. Sərpayı toyda mütləq ona təmtəraqla söz verməlidir. O, çıxışa başlayan kimi, toy sahibləri yanında düzülür. Rəqs edən kimi bütün qohumular ortaya cumur. Hamı onunla gözləriylə salamlaşar. Toya ən çox pul salan da elə həmin adamdır. Qız tərəfin adamıymış, xeyir-dua verib oynayanda gəlin yada düşdü və onu da ortaya çəkdilər. Pırpız saçlı, sinəsi açıq, uzun ətəkli qız gəlinin paltarını düzəldib duvağı qaldıranda kabel əlimdə dartıldı, – “Aman Allah, o! Hə, vallah, odur. Mənim ilk məhəbbətim Süheylə!”. Nəzərlərimiz toqquşanda o da qurudu... Məktəbdə bir-birimizi sevirdik. Sonra nə oldusa unutduq bir-birimizi. Unutduq deyəndə ki, indiyədək neçə nəfər ilk məhəbbətinə qovuşub ki? Uşaqlıq sevdasıdır, boş şeydir deyib üstündən keçmişdim, onu asanlıqla içimdən söküb çıxarmışdım. Nənəm başımın ətini yeyib tez evləndirmək istəsə də, özümə söz vermişdim ki, fərli bir iş tapmayınca evlənməyəcəyəm... O vaxtkı sevimli Süheyləm gəlin paltarında qənşərimdə dayanmışdı. Üzünə qəm çökmüşdü. Qınamalı deyil, – iki ölü birdən – kim olsa dərd edərdi. Bu günədək içiboş gəzdiyimin fərqinə vardım. Kabeli buraxdım, daha kabel vaxtı deyildi. “Bəduğur” dedikləri qız yiyəsiz-sahibsiz quzu kimi sanki tək-tənha mələyirdi qarşımda...
    Zalın başında qəfil uğultu qopdu. Gözləri əsəbdən qızmış cavan oğlan müğəninin əlindən mikrofonu qapıb nəsə bağırırdı. Fonoqram musiqi qoymurdu onun dediklərini eşidək. Bircə bunu anlaya bildim: – Axmaq köpəyuşağı, mən yas içindəyəm, siz isə burda qol götürüb dingildəyirsiniz! Bu toy olmayacaq! Bu cür nöysət qızı mən özümə arvad edə bilmərəm! Babam öldü, qarmonçalan öldü, maşınım od tutub yandı! İstəmirəm! Mən bu qızla evlənmirəm! Hamınızdan üzr istəyirəm... – elə zaldan çıxmaq istəyəndə, bayaqdan külləmə kartof gözləyən oğlan onu qapıdaca xirtdəklədi. Hamımız hadisə yerinə cumduq.
    – Sənin baban da, atan da, nəslin də gorbagor olsun, it oğlu, it! Pulları qus bura görüm!.. Bu dəfə səni əzrayıl da əlimdən ala bilməz! – boynundan yapışıb pulyazan kişinin qucağına oturtdu. Bəy dilini udmuşdu. Səfa əmi onları ayırmaq istəyəndə “Külləmə” üstünə qıcandı, – Çəkil, ədə! Dörd saatdır külləmə kartof gözləyirəm, işçilərin məni adam yerinə də qoymur! Əgər murdar qana bulaşmaq istəmirsənsə, çəkil bir küncə!
    Səfa əmi, – Bu saat, qardaş, bu saat gətirərlər... – deyib ofisianta göz-qaş edəndə azca gözümdən düşdü. Süheylənin imkanlı qohumu bəyə yaxınlaşdı, – Asif, ölüm haqdır, bala. Ölüb, Allah rəhmət eləsin, bu nə biabırçılıqdır edirsən? Yaxşı ki, qonaqların çoxu çıxıb gedib, heç utanmırsanmı, bizi el içində niyə biabır edirsən? – müdrik adam olduğunu dərhal hiss elədim.
    Asifin ağzı köpüklənirdi:
    – İstəmirəm, a kişi! Almıram! Mən başqasını istəyirəm, zornan verəcəksiniz?! Evlənmirəm, evlənsəm də bu qızla evlənməyəcəyəm! Eşidirsən, mən sevmədiyim bu qızla çox yaşaya bilmərəm. Axı niyə bədbəxt etmək istəyirsiniz qızınızı?..
    – Bala, ağzın nədir evlənməyəsən, səni danaboyun edib atdıraram içəri, ilim-ilim itirərəm – kişi elə səbrlə, elə aramla deyirdi ki, elə bil bu insanda sinir deyilən şey yerli-dibli yox imiş.
    “Külləmə” dilləndi: – Ağsaqqal, sən zəhmət çəkmə, bu türmə görmədən o biri dünyaya nakam gedəcək.
    Asif girəvə tapıb qəfil yerindən sıçradı və qarşısına çıxan stolların üstündə nə ki su, şirə şüşələri vardısa “Külləmə”nin üstünə tolazlayıb bəy-gəlin guşəsinin arxasındakı çıxacağa cumdu. Səni oğlan ölmə “Külləmə” – əlini at qoltuğuna, “makar”ı çək və tavana atəş aç, – Part, part!.. Ortada bir haray-həşir qopdu, gəl görəsən. Hərə özünü bir stolun altına dürtdü. Zavallı Süheylə key kimi ortada qalmışdı. Tez onun qolundan yapışıb pərdənin arxasına çəkdim. Düşünməyə vaxt yox idi, – Əgər məni hələ də sevirsənsə, burdan düz mənim evimə gedək. Bu heyvərədən sənə ər olmaz. Razısan? – hər şeyi birbaşa dedim. Süheylə inildəyirdi, – Hə, Kamran, razıyam. Qurbanın olum, tez apar məni buradan! Mən qorxuram, məni tək buraxma... Nolar, məni bir də atma, Kamran... – bundan sonra onu mənim əlimdən alanın gərək dörd ciyəri, beş ürəyi olaydı. “Külləmə” bir əlində pul çantası Asifi yerə sərmişdi.
    Süheylənin imkanlı qohumunu foyeyə dartıb sözümü şax üzünə dedim, – Əmi, biz Süheylə ilə bir-birimizi çoxdan sevirik. Elə indi evlənmək istəyirik. Halallığınızı istəyirik... Xeyli üz-gözümə, boy-buxunuma baxdı. İçəri dartdı məni. Bəyin əl-ayaq verən qohumunu çağırdı, – Bəy-gəlinin kəbinlərini kəsmişdiniz? – bizə tərəf çönəndə artıq Süheylə qoltuğuma qısılıb üzünü çiynimə söykəmişdi.
    – Yox. Qızın hələ 18 yaşı tamam deyil... – zavallı tamam ayılmışdı. Səfa əmini yanına çağırdı. Səfa əsgər duruşu almışdı kişinin qarşısında. – Molla tapa bilərsən? Elə indi!
    – Gecənin bu vaxtı yatmış olarlar, amma yataqdan durğuzmağa nə var ki...
    – Toyun xərcini bir şərtlə ödəyərəm ki, təcili kəbin kəsməyi bacaran bir molla tapasan...
    – Heç narahat olmayın, bu saat təşkil edərəm!..

    11 iyun 2015 - ci il

  • iyul 2022, Rəşid B.

  • 108
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......