...
  • Qəribə sərnişinlər
  • Rəşid Bərgüşadlı
  • Bayaqdan bir “Qazel” Bayıl dairəsində ilişib qalmışdı. Naçar sərnişinlər yerə tökülüb əsəbi var-gəl edir, arada təkər dəyişən sürücüyə deyinirdilər. Birdən üstündə “Sifarişlə” yazılmış boş mikroavtobusu görüb özlərini qabağına atdılar, – Təcili Sahil qəsəbəsinə getməliyik, apararsanmı?
    – Puluna minnət!.. – sürücüyə başqa nə lazımdır ki... Tələm-tələsik ayın-oyunlarını da götürüb maşına təpildilər. Oturacaqların hamısı doldu, hələ iki cavan oğlan ortada ayaqüstə qaldı.
    ...Sürücü ayağını qazdan çəkmirdi. Bibiheybət məscidinin yanından keçəndə elə bil ki, bir uşağı cin vurdu. Qəfildən elə bəyirdi ki, hamı çönüb ona baxdı. Anası onu bağrına basıb sakitləşdirir, amma aradan bir az keçmiş qəfil çimdik yemiş kimi dik atılıb təkrar bağırırdı. Toppuş yumruqlarıyla anasının çiynini, sifətini döyəcləyən uşağın ciyiltisi camaatın iliyinə işləyirdi. Uşaq da bir uşaq ola – düsərbaş, qaraçı balası kimi qapqara kir-pasağın içində, saçları pırtlaşıq, sir-sifəti qərtməkli bir oğlan uşağıydı. Üç-dörd yaşı ancaq olardı. Ağlamaqdan gömgöy göyərəndə bir yaşlı arvad əyildi gəlinə ki, – Ay bala, bəlkə acından sancılanır, bəlkə çöpü qalıb... Gəlin də qanrılıb arvada dedi ki, – Qusmağı gəlir, avtobusa minən kimi belə olur... Gəlinin yanında oturan yaşlı kişinin bir gözü uşaqdaydı ki, indi qusar, bir azdan qusar, – Sən Allah, bircə üst-başımızı batırmasın... – gəlinə tapşırdı. Lökbatan körpüsünün yanınadək anası uşağa acıqlanır,– Sus, yoxsa əmilər səni döyər! – tutuquşu kimi eyni sözü təkrarlayıb adamı lap hövsələdən çıxarırdı. Axırda biçarə gəlin ayaqüstə durub söykəncəkdən tutan oğlana çöndü ki, – Əmisi, zəhmət olmazsa bir bu uşağa çımxır, bəlkə qorxudan səsini kəsə... Zoruna döndüyüm oğlan da uşağı necə qorxutsa yaxşıdır, – Sakit ol, yoxsa qaçqınlara deyərəm gəlib səni yeyərlər!.. Haqq üçünə, uşaq səsini azca kəsəntəhər oldu. Amma arxadan təvərə kepkalı bir kişi hikkəsini saxlaya bilmədi, – Qaçqına nolub, ə! Qaçqın adamyeyəndi!?
    Oğlan:
    – Əmican, uşağı qorxutmaq üçün dedim...
    – Pox yedin, özü də ataba-atannan! Qorxutmağa başqa bir şey tapa bilmədin?! Hıy! Nətərdi indi duram səni alam əyağımın altına! – elə həngamə də bundan sonra başladı, özü də nə başladı!.. Ortası şallı yaşlı nənə də qayıtdı ki, – Ay haramzada, yerini dar eliyirik? Allah başına gətirsin, onda gör qaçqınlıq nədir!.. Qoltuğunda dəftəri olan tələbəyəoxşar bir cavan oğlan isə sadəcə dedi ki, – Axmaq kopayoğlunun danışığına bir bax!.. Oğlanın gözü tələbəni yedi, təkcə onun cavabını verə bildi, – Axmaq sənin dədəndi, ağzının danışığını bil!.. Amma tələbənin yanındakı dostu da ona cavab qaytardı ki, – Öz dədəndi, ə! Onun dədəsi bilirsən kimdi? Üst-üstə 12 il yatıb çıxıb. Eşitsə ki, ona axmaq deyirsən, sənin nəslini verdi-veran eliyər... Məsələyə heç aidiyyəti olmayan yanaşı iki cavan oğlan da bir-birini dümsükləyib gülüşürdülər ki, – Vallah, bu oğlanın buynuzu gicişir. Nəsə bir həngamə olacaq, həm də yaman olacaq... Oğlan səhvini etiraf edib sülh yaratmaq istədi, – Dayı, hirslənməyin, burda nə var ki, demişəm, deməmiş olum. Hamınızdan üzr istəyirəm.
    Kepkalı kişi: – Kopayoğlunun adamı, səni mış kimi əzərəm! Hirslənməyə bundan da betər şey olarmı? Sən bunun yediyi qələtə bir bax! Qaçqın o qədər qorxunc olub ki? Sənin kimi biqeyrətlərin ucbatından qaçqın düşmüşük dayna!
    Maşın Sahil qəsəbəsinə adlayan körpünün üstünə dönəndə söhbət lap şişmiş, ağızlar köpüklənmiş, yumruqlar düyünlənmişdi. Qaçqın kişi qəfil ayağa qalxıb oğlanın biləyindən yapışdı. Yumruğunu yuxarı qaldırmışdı ki, sürücü ayağını əyləcə atdığından yerində burulub arxasıüstə səndirlədi, – Bay sənə şofer deyənin atasına lənət! – və yanda oturmuş qadının qucağına sərildi. Qadın: – Səni oğlan öl, baban yaşda kişini niyə vurdun!.. Qabaqda oturan tələbə yerindən dik qalxıb uşağı qorxudanın üstünə yeridi – Ə, utanmırsan, baban yaşında kişiyə əl qaldırırsan? – yapışdı oğlanın yaxasından.
    – A qardaş, Qurana and olsun ki, mən ona barmağımın ucuyla da toxunmadım. Sürücü tormozu basdı, kişi də səndirləyib yıxıldı. İnanmırsan özündən soruş... Tələbə sual dolu nəzərlə hələ də arvadın qucağında oturan kişiyə baxdı. Arvad kişinin yançaqlarından qaldırıb, – Deyəsən yerin rahatdı, dursana, baldırlarım qırıldı! – itələdi. Növbəti tormozdan sonra tələbə oğlan da müvazinətini itirib ortada yelləndi. Üzünü sürücüyə tutub acıqla, – A kişi, sənə prava verənin dədəsinə lənət, mal peyini daşımırsan ha, bir az yavaş sürsənə!
    Sürücü heç tövrünü də pozmadan:
    – Keç yerində otur, yıxılma... – yenidən diqqətini dördgözlə yola zillədi. Oğlan:
    – Sən deyəsən bizimlə məzə pıqqıldadırsan ha. Nə qələt elədik maşınına mindik. Yavaş sür bir az, yoxsa hirsimi indi səndən alacağam...
    Sürücünün yanında durub pul yığan oğlan yerindən sıçradı: – Ağzını təmiz saxla, sən bizə heş zad eliyə bilməzsən!
    – Bıy! Kəs səsini, ə! İndi sizi dədə-bala bir-birinizə qatacam. Sənə dedilər yavaş sür, demək yavaş sürmək lazımdır... – tələbənin dostu pulyığana çımxırdı. Sürücünün başı səs-küydən şişmişdi və “Texnikabank”ın qarşısındakı radara az məsafə qaldığını unutmuşdu. Radarı görən kimi ayağını əyləcə necə sıxdısa, bayaqkı oğlanın əli tutacaqdan sürüşdü və qabağa tərəf yüyürdü. Amma yarıyolda ayağını yana uzatmış başqa bir oğlanın “badalağına” tuş gəlib üzüquylu yerə sərildi. Oğlan yerindən dik atılıb “badalaq vuran”ın yaxasını bürmələdi, – Mənə badalaq gəlirsən, ə!.. Bircə anda maşın barıt çəlləyinə döndü. Hamı yerindən qalxıb dalaşanları ayırmağa cumdu. Maşın “Rotterdam” küçəsinə çatanda zavallı “badalaq vuran” üzr istəmək istəyirdi ki, sürücü mikroavtobusun əyləcini təzədən basdı. Maşın asfalta mıxlandı. Hamı yerində bir anlıq ləngər vurdu və nəzərlər sürücüyə zilləndi. Sürücü əl atıb oturacağın altındakı təkərsökən lingi götürdü və fırlanıb maşının qapısını açdı. Lingi qaldırıb bağırdı, – Sizi mənə ürcah edənin südünə lənət! Hamınız basın bayıra görüm! Düşün aşağı, tez! İtin küçükləri!.. – hamı lal-dinməz yerə tökülüşdü. Sürücü qapını çırpıb yerinə keçdi, – Gicbəsər uşağı, dəli yığnağıdır ə bunlar! Di qalın çölün düzündə! – maşının ağzını Bakıya tərəf döndərib şahə qalxdı. Mikroavtobus gözdən itəndən sonra sərnişinlərdən bir pıqqıltı çıxdı ki, gəl görəsən.
    – Deyəsən alındı...
    – Özü də necə alındı, yol pulumuz nəğd cibimizdədir!..
    – Adını ssenarist qoymusan, amma bu cür biclikləri öyrənə bilmədin. Bax, gördünmü, sənə yüz dəfə demişəm, bir səhnəni yazanda inandırıcı olmalısan. Aktyor sənin yazdığını gözünün qabağında canlandırmasa oynaya bilməz... Hə, uşaqlar, tamaşamız bax gördüyünüz bu binadadır. Tələsin, onsuz da gecikmişik...
    Mədəniyyət klubuna girəndə aparıcının səsi aydınca eşidilirdi, – Əziz teatrsevərlər, səbrlə gözlədiyiniz üçün hamınıza minnətdaram. Elə bu dəqiqə mənə çatdırdılar ki, artistlərimiz artıq qrim otağındadırlar...

    06 aprel 2015-ci il
  • iyul 2022, Rəşid B.

  • 110
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......