...
  • Öpüşlərin ən şirini
  • Rəşid Bərgüşadlı
  • İndiki kimi yadımdadı, atam sübhdən geyinib-kecinmişdi. Heç olmayan kimi yatağımdaca yuxulu üzümdən öpüb telimi sığallayanda içim sevincdən atlanmışdı. Anam arxasında durmuşdu, gülümsünürdü. Otaqdan çıxanda, – Hara gedirsən belə, ata? – valideynlərimi belə mehriban görmək çox xoşuma gəlmişdi.
    – İndi qayıdıram... – hiss edirdim ki, nəsə “torbada pişik var”. Fərəhlə sərin, ipək üzlü yorğanımı qucaqlayıb ayaqlarımın arasında sıxcaladım. “Bəs niyə hər səhər məni bax beləcə öpüb telimi sığallamır?” – cənnətdə uçurdu könlüm... Heç bir saat keçməmiş atam ortayaşlı, daz və kök bir kişiylə qayıtdı. Kişinin əlində balaca nimdaş çemodan vardı. Onların arxasınca atamın dostu Süleyman əmi, sonra anam əlində məcməyi içəri girdi. Anam təm-təraqla onların qabağına mürəbbəli çay qoydu və eşiyə çıxanda mənə elə rəhmlə baxdı ki, çırtma vursaydın qanı çıxardı, gözünün yaşını axıtmaq üçün himə bənd idi. Dalağım sancdı ki, hər nədirsə, qəziyyə mənim başımdadır. Qarıxmışdım, çişəyə çıxmaq istəyirdim, amma yad kişidən utanırdım ayağa çılpaq durmağa. Çaylarını içib qurtaran kimi qonaq “bismillah” deyib çemodanını açdı, içindən qamış, ülgüc, dərman şüşəsi və pambıq çıxarıb, – Hə, başlayaq! – deyəndə, Cahangir əmi stulun birini yatağımın yanına çəkdi: – Hə, dur görək, cəngavər kirvəm! – üzümə gülsə də eynimı aça bilmədi.
    – Siz neyləmək istəyirsiniz?! – atama baxdım, o isə yenə başımı sığalladı, – Mən bacarmaram… – dedi və dəvəsi ölmüş ərəb kimi başını aşağı sallayıb dinməzcə eşiyə çıxdı. Cahangir əmi yorğanı üstümdən götürüb biləyimdən yapışdı, – Kişilərin cərgəsinə qoşulmaq zamanın yetişdi, müsəlman edəcəyik səni – deyəndə anladım atam niyə iki gündür mənə pülüyümü tez-tez çevirməyimi tapşırırmış... Eyvandan hasar qonşumuz Səltənət xalanın səsi gəlirdi, – A Südabə, o gün olsun böyük toyun görək!.. – anama gözaydınlığı verirdi. Ürəyimə damanı ağlıma sığışdıra bilmirdim və əlimlə qabağımı tutub mat-məəttəl ayağa qalxdım. Bir gözüm qapıdaydı ki, necə aradan çıxım. Dirəndim. Cahangir əmi gördü ki, təkbaşına mənimlə bacarmayacaq, onda Səltənət xalanı köməyə çağırdı. Arvad içəri girən kimi gülə-gülə, – Hə, əbrəş dana, indi sənin bəyirtini kəndlə bir edəcəyik! – qıpqırmızı üzümə belə deyəndə bildim ki, məni sünnət edirlər. Nitqim tutuldu, sidiyim kisəmdə yoxa çıxdı. Çabalayıb qolumu məngənədən qoparmaq istədim, amma bununla işi daha da sürətləndirmiş oldum. Cahangir əmi qoltuğumun altından iki biləyimi də qamarlayıb məni havaya qaldırdı. Dəllək tursiyimi bircə anda çəkib əynimdən çıxartdı. Basıb stula oturtdular məni. Səltənət xala ərinməz-ərinməz arxamızda yerə sərilib stulun altından ayaqlarımı qamarladı.
    – Buraxın məni, istəmirəm! Müsəlman olmaq istəmirəm! – gücüm çatan qədər çabaladım.
    – Özxoşunasan?! Ağzın nədir istəməyəsən!? Ölünü özbaşına buraxsan, kəfəni yırtar! İstəyirsən sənə heç kim qız verməsin, ay əbrəş dana!? – Səltənət xala Cahangir əmidən beşqat güclüymüş, – Di başlaginən, canım çıxdı burda! – hıqqıltıyla dəlləyə bağırdı. Elə bil ayaqlarımı stula qandallamışdı arvad. Səltənət xala ağızdan bir az latayır arvad idi. Həmişə bizə gələndə padaraf zarafatlarından doymurduq. Anam hər dəfə göz-qaşla yanlarından qovsa da, mən onun şirin qeybətlərinə axıradək qulaq asmaq üçün özümü qanmazlığa vururdum. Baxırdın ki, biədəbin biridir, amma kənddə onun söz-söhbətindən inciyən, xətrini istəməyən yox idi. Mənə “Allahqulunun əbrəş danası” deyirdi. Kəndçimiz Allahqulu kişinin törəş, qaşqalı herağaş danası düyəyə tullananda dalıqatda yerə sərilib özünü dilə-dişə salmışdı. Səltənət xala da gödək boyuma lağ üçün bu ayamanı qoşmuşdu mənə. Başı ağrıyanda mənə deyirdi ki, – Ə, Allahqulunun əbrəş danası, bir əllə görüm başımı. Özün də dua elə, deyirlər Allah uşaqların duasını tez eşidir. Mən də, – Allah baba, sən Səltənət xalanın başının ağrısını tez kəs – deyib onun alnını ovuşdurardım. And içirdi ki, əlim düşərlidir...
    – Cahangir əmi, qurban olum, burax qollarımı. Söz verirəm, sakitcə dayanacağam. Çişim gəlir, qoyun gedim işimi görüm, sonra neyliyirsiniz eləyin.
    – Keçəl suya getməz!. Ə, danabaş dəllək, sən də kəs qurtar dayna! – Səltənət xalanın hıqqıltısı stulun altından əsəblərimi oynadırdı. Əlimdə əlacım olsaydı, bu saat onu ülgüclə qıyma-qıyma doğrayardım, – Səni görüm öləsən, Səltənət xala! Bir də başını əlləsəm, Allah məni öldürsün!.. – gücüm ancaq şüvən qoparmağa çatırdı. – Ya bismillah! – söz dəlləyin ağzından çıxan kimi əl-ayağımı elə bil stula mıxladılar – nə qədər qurcuxdumsa ülgücün iti ağzından canımı qurtara bilmədim. – Ata, kömək elə, yalvarıram, qoyma, axı məni incidirlər! Mən qorxu-u-uram!.. Yan-dı-ıım, ana!!! – bircə anda elə bil paçamın arasından tutmuş ta boğazıma qədər qaratikan koluna bürədilər məni. Dəllək ülgücü yerə qoyanadək dişlərimi bərk-bərk sıxdım, pülüyümü çevirib yaraya rivanol vuranda ağzımı ayırıb sinədolusu bəyirdim, – Oğraşlar! Sizin ananızı!.. Mən daha sizin balanız olmuram! – eşikdə mənim bağırtıma qulaq asan valideynlərimə idi son ismarışım. Onlar əziz-xələf balalarını bir qansız, iki insafsıza tapşırıb, özləri də qorxaq kimi divar arxasında gizlənmişdilər. Bu anda hər kəsə nifrətimdən bağırırdım. Səsim məhəlləni başına götürmüşdü...
    Gözlərimin nuru qayıdanda gördüm ki, Səltənət xalanın nəvəsi Ayşən eyvanın pəncərəsindən içəridəki həngaməni bayaqdan rahatca izləyirmiş. Onu elə vaxt gördüm ki, artıq sidiyimi saxlayacaq gücüm qalmamışdı və doğranmış sinirlərim mənə qulaq asmırdı. Və gözüm Ayşəndə ola-ola özümü buraxdım. Dəllək sinəsini ha çəkməyə çalışsa da çox gec idi, – boyun-boğazını yaxşıca islatdım. Ayşən dəlləyin üzünə necə bızqırtdığıma baxıb şeytan kimi irişirdi. Səltənət xala yerdən deyirdi, – Eybi yoxdu, sidik daha tez sağaldır yaranı, qoy işəsin... Çox ağrıdır, ə, Allahqulunun danası? – dəlləyin həşirindən xəbərsiz idi və bu halımda da məni cırnatmaqdan əl çəkmirdi. – Allah betərini başına gətirsin! – dəllək yaramı üfürə-üfürə ağrını səngitmişdi, amma hələ də hikkəliydim. Cahangir əmi dəlləyin halına gülürdü, dəllək başı həşirindəydi, bircə Səltənət xala insafa gəlib, ya da yorulub ayaqlarımı buraxdı. Amma nolsun, istəsəm də indi dizlərimi sıxa bilmirdim, ayağa qalxmağa taqətim yox idi – sanki, ülgüc məni ikişaqqa bölmüşdü. Yarama nəsə pudra səpib cunayla sarıdıqdan sonra valideynlərim və Ayşən içəri girdi. Anam atamın maykalarından birini əynimə geydirəndən sonra məni təzədən yatağa uzatdılar. Ayşən cibdolusu alma qaxı, bir də iki lalıxlamış pırnıx gətirmişdi mənə. Onun gülərüz sifəti mənə od qoyurdu, elə bilirdim ki, bu saat məni lağa qoyub qəşş eləyəcək. Təhqir olunduğuma, rəzil halıma dayanmadan ağlayırdım. Bir azdan ard-arda gələn qonşuların gətirdiyi konfet-şokolad, danqa manatlıqlar, pay-püşlər də dərdimin ağrısını unutdura bilmirdi mənə.
    Bir həftə həyət-bacada atamın uzun köynəyində və sancaqlı alt tumanında gəzdim. Bu halımla bostanqoruyan müqəvvaya oxşayırdım. Ayşən də hər dəfə məni genbalaq licimdə görəndə gülürdü. Dünyada abrını itirmiş adamdan dəyərsiz, alçaq adam yoxmuş. O gündən sonra özümdən bir yaş balaca qızın yanında gözükölgəli oldum. O, görməli olmadığı hər şeyimi görmüşdü, yer yarılsaydı yerin altına girərdim...
    Tez sağaldım. Yay tətili bitirdi. İndi 6-cı sinifə getməyə hazırlaşırdım. Məktəbdə çəkindiyim tək insan Ayşən idi. Onun gülümsər baxışı məni rahat buraxmırdı. Amma qız comərd tərpəndi, gördükləri barədə məktəbdə kimsəyə bir kəlmə də demədi. Sonra azca sırtıldım, – “Görüb, görsün da!” – indi üz-üzə gələndə sakitcə salam verib gözlərimi gizlədirdim, ancaq onunla tək qalmaqdan hələ də çəkinirdim.
    Səltənət xalagilin evlərinə bitişik, toyuq hinindən bir az böyük xosmaları vardı. “Yantey” dedikləri bu alçaq damın üstündə həmişə meyvə dilimləri sərib qurudardılar. İstədiyim vaxt qonşuya keçib alça axtası və lavaşı, tut qaxı, ərik, gavalı qaysısı, zoğal muxəşərindən dədə malı kimi yeyərdim. Bir dəfə də nərdivanı divara söykəyib dama qalxanda yanteydən Səltənət xalanın acıqlı səsini eşitdim, – Dinc dur, köpəyin qızı! Dalını çevir görüm!.. – şüşəsi çatlaq pəncərənin tuşuna boyum çatanda xəlvətcə içəri boylandım. Nənəsi Ayşəni dəmir tasda çimizdirirdi. Ayşənin sabunlu saçı, lüt əndamı, ayaqları gözümün qabağındaydı. – Bəri çön! – Səltənət xalanın səsinə əyilib başımı gizlətdim. Balaca pəncərənin şüşəsinə iki dənə iri mismar vurmuşdular, görünür elə mismarlayan zaman şüşəni çatlatmışdılar və yarıqdan çeçələ barmağım keçərdi. Uslufca dikəlib yarıqdan yenə baxdım. İlk dəfə idi ki, lüt qız görürdüm və qızla oğlan arasındakı fərqə yaxından tamaşa edirdim. Özümü elə unutmuşdum ki, Ayşənin mənə lal-dinməz baxdığını görüb gizlənməyin çox gec olduğunu anladım. Səltənət xala su çömçəsini nəvəsinin başından əndərdi, qız üz-gözünü sığıyıb yenidən gözlərini üzümə zillədi. İkimiz də qımışdıq. – Nəyə baxırsan, ay qız!? – Səltənət xala geri qanrılıb məni gördü, – Buy, vurğun təpəndən çalsın səni, bizi pusursan?! Sənin gözlərini çıxarmaq mənə borc olsun, əbrəş dana! Qəysəvələri yeyib qurtarma, qışda aşın altına qoymağa da bir şey saxla! – heç nə olmamış kimi təzədən öz işinə girişdi. Damda yayxanıb şaftalı qaysılarından bir ovuc götürdüm, heyva qurusuyla cibimi doldurdum. Və ilk dəfə elə buradaca düşündüm: – “Əgər bu dünyada bir qız qismətimə yazılıbsa, o, Ayşən olmalıdır” – səbəbini bilmirəm, amma bu fikir ağlımdan o gün heç çıxmadı. Artıq içim rahatlanmışdı, – “İndi hünəri varsa ağzından bir söz çıxarsın, mən də gördüklərimi hamıya car çəkib deyəcəyəm” – heç-heçəydik onunla. Onun hər məni görəndə necə utanacağını düşündükcə fərəhlənirdim. “Özünü gizlətməyə heç cəhd də eləmədi...” – qızın hünərinə mat qalmışdım. Sünnət vaxtı burnumun ucunadək məni qızardan o baxışları indi başqa cür xatırlayırdım...
    Bilmirəm, on iki-on üç yaşlı oğlan uşaqları aşiq ola bilirlər, ya yox, amma indi hər gecə Ayşəni düşünürdüm, onun dəmir tasdakı çılpaq, şümal, qönçə bədəni məni sürətlə kişiləşdirirdi. Hətta özümü, həmişə sığalladığı sevimli pişiyinin yerinə qoyub xəlvətcə xumarlanırdım. Düz 8-ci sinfədək Ayşənə qarşı ayıbdan doğan məhrəmlik daşıdım içimdə. Yaşımız çatmasa da, göz və ürəklərimiz bir-birimizə utana-utana nələrsə pıçıldamağa qadir idi...

    * * *

    Doqquzuncu sinifdə oxuyanda eşitdik ki, Ayşən möhkəm xəstələnib, daha məktəbə getmir. O, indi tez yorulurdu, həyət-bacaya çıxmağa taqəti qalmamışdı. “Həftə səkkiz-mən doqquz uşaq qripdir. İştahı kəsilib. Yanından yel ötən kimi düşür yatağa” – Səltənət xalanın üzü qayğılı olmuşdu, daha əvvəlki kimi deyib-gülmürdü, elə bil ürəyinə nəsə pis şey dammışdı. Qızın əl-ayağında ağrılar artanda, dərisi müntəzəm avazıyanda və bədənində göy ləkələr əmələ gələndə hamı əl-ayağa düşdü. Ayşəni həkimə apardılar. O gecə Səltənət xala hıçqıra-hıçqıra bizə gəldi, – “Qız ölüm ayağındaymış, ağ qan qırmızı qanı yeyirmiş. Həkim deyir ki, çox gecikmişik”...
    Bu xəbərdən belim qırıldı, burulğan içimdə nələrisə sovurub qorxunc boşluq yaratdı. Ayşənin ölə biləcəyini düşündükcə bədənim gizildəyir, özümə yer tapa bilmirdim, – “Bu yaşda adam ölərmi!?”. Di gəl, onun pərişan halını görmək istəmirdim, gözüm Səltənət xalanın yollarında qalmışdı. Tərs kimi də Ayşən xəstələnəndən bəri arvadın ayağı bizdən kəsilmişdi. Bircə anam tez-tez onlara keçib Ayşəndən xəbər gətirirdi, – “Elə bil ölüm ondan duyuq düşənlərin yolunu kəsmək üçün işini daha tez bitirməyə girişir. Qızın atası, əmi-dayısı nəyəsə qərar verməyə macal tapmamış, yazığın boyun-boğazında xırda düyünlər əmələ gəlib, qızdırması tez-tez qalxıb-düşür, sümüklərində dözülməz ağrılar başlayıb. Zavallıların nə mal-heyvanı vardısa dəyər-dəyməzinə satıblar ki, uşağı Bakıya aparsınlar. Amma yenə də pulları çatmır. Yaman ağır xəstəlikmiş, zəhrimara qalmış”...
    Bakıya apardılar Ayşəni. Həkim müayinə edib, – “İndiyədək sümük iliyi köçürülməliydi. Çox gecdir. Dalaq və qaraciyər şişib. Uşağa artıq əziyyət verməyin” – deyib. O gündən sonra Səltənət xalagilin evinə yas düşdü. Anam deyirdi ki, yazıqlar çarəsiz oturub ürək ağrısıyla Ayşənin dəhşətli sızıltılarına qulaq asır, için-için ağlayırlar, – Zavallı uşaq bir dəri-bir sümük qalıb. Eyvanda pərdədən ayaqyolu düzəldiblər qıza...

    * * *
    O gün günəşli, xoş hava vardı. Ayşən nazik xalatda, əllərini qalın şala bürmələyib həyətdəki heyva ağcının dibində tək-tənha oturmuşdu. Onu çoxdan görməmişdim. Ara yolağadan onların məhləsinə keçdim. Məni görcək o məsum gözlər gülsə də, gülüşün rəngindən ağrının şiddətini duydum. – İlman, niyə heç görünmürsən? – səsi incik idi.
    – İndi necəsən?.. – əslində isə, görünməməyimin bircə səbəbi vardı – onu ölüm yatağında can çəkən, ağrıların əlində çarəsiz inləyən görmək istəmirdim.
    – Ağrılar gah dayanır, gah da güclənir. Çoxdandır havaya çıxmırdım, dedim günəşi son dəfə görüm... – burnunu çəkdi, dərhal doluxsundu. “Demək öləcəyini bilir!” – bilmirdim nə təsəlli verim, özümü necə toxtaq tutum.
    – Sağalacaqsan... – təsəllimin gerisi gəlmədi, qəhər qırtlağımda ilişib qaldı.
    – Üşüdüm. İçəri keçək. Kömək elə... – ağrıdan üz-gözünü turşuda-turşuda ayağa qalxdı. Qoluna girdim, istisini biləyimdə duydum. Bilirəm ki, xətriyaxınam və bircə kövrək kəlmə məni dolmuş bulud kimi yağdıracaqdı. Eyvanın açıq kəllə pəncərəsindən dolan meh “ayaqyolunun” pərdəsini yelləyirdi. Yatağına oturtdum, – Təksən, nənən hardadır bəs? – biləyini şal dolağından çıxaranadək yorğanını açdım, yastığını yumşaldıb dikəltdim.
    – Nənə tütün aratlamağa gedib... Qınamıram heç birini, artıq bu evdə bir-iki günlük qonağam. Məndən əllərini üzüblər, İlman. Mən indi onlara lazım olmayan əşya kimi bu evdə yerlərini dar eləyirəm...
    – İnsafsız olma, onlar səni çox istəyirlər, belə deyib niyə günaha batırsan?
    – Kim dedi ki, çox istəmirlər? Amma hökmüm verilib, dərdimin əlacı yoxdur, ölümə məhkumam mən... Əllərimə bax, gör skeletim necə çıxıb? – həqiqətən əl sümükləri nazik, şəffaf dərinin altından aydınca görünürdü. – Bilirsən necə ağrıyır bu sümüklər? Elə bil ki, iliyimə biz soxub oyurlar. Bumbuzdur əllərim, iyrənmirsənsə bir bax... Bir əlini ovcuma aldım, doğrudan soyuq idi. Ehmalca ovdum dərisini, sonra necə oldusa dodaqlarıma yapışdırıb elə titrək öpdüm ki, gözümdən bir damla yaş öz əlimin üstünə düşdü, – Mən səni ölməyə qoymaram, amma özün də ölmək arzusundan əl çək. İstəyirənsə hər gün yanına gəlim, səni darıxmağa qoymayım. Mən sənin bütün azarlarını, ağrılarını öz canıma çəkməyə hazıram... – hıçqırmağa başlamışdım, biləyimlə tez-tez gözümün mütüyünü silirdim. O əlini başıma çəkdi, yanağımda saxladı. Düz gözlərimin içinə baxdı, – Sən cənnətdən gəlmiş mələksən. Əvvəldən yanımda olsaydın mən heç xəstələnməzdim, İlman... – “Bu onun sevgi etirafı deyildimi!?” – bir andaca özümü qayğı dəryasında üzən gördüm. Boynunu sinəmə sıxıb telini qoxladım, – Ayşən.., bu xəstəlik Allahın məsləhəti ola bilməz. Sən nə ömür sürmüsən, bu dünyada nə görmüsən ki? Yox, sən bütün gücünü toparlayıb ayağa qalxmalısan, sağalmalısan! Sənin xoşbəxt günlərin hələ qabaqdadır...
    – Gecdir, İlman. Sən bu ağrıların bircəciyini duya bilsəydin, belə deməzdin. Ölüm qorxusu qanımı qatılaşdırıb, canımın bu əzabdan birdəfəlik qurtarmağını istəyirəm. Bu ağrı sənə tanış olan sünnət ağrısından deyil. O zaman sənin necə ağrıdığını mən öz canımda hiss eləmişdim, amma sən bu acıların dəhşətini bilməzsən. Heç kimə arzulamıram bu ağrı-acını... Hər kəs necə sızladığımı görməmək üçün məndən qaçır. Bilmirəm nə günahın sahibiyəm ki, bəxtim içimi çölümə edam etdirir. Kim bilir, bəlkə də gələcək ağır bəlalardan canımı qurtarmaq istəyir yaradanım, axı qədəri tək bilən odur. Qayğısız yaşda olan bir qızın ölüm ayağında nə qədər arzusu olurmuş, İlahi... Bilmirəm necə anladım sənə... Mən bu dar macalda hər şeyi dadmaq istəyirəm, həm də çox tələsik... Amma ağrılar bütün istəklərimin üstünə elə hücum çəkir ki, bəxtimdən son acığımı da çıxa bilmirəm – onu anlamağa çalışırdım, iradəsi və arzuları qarşısında özümü çox aciz və məhkum hiss edirdim.
    – Qismətimdə qadın, ana olmaq, xoşbəxtliyin dadını duymaq yox imiş. İstəklərim təzəcə yarandı və özümlə birlikdə qəbrə gedəcək. İnan ki, Allah məni təzədən diriltsəydi, nə geyim-kecim, nə yemək-içmək, nə də var-dövlət dərdi çəkərdim, sadəcə çox yaşamaq üçün nəfəs alardım. Bu da mümkün deyil artıq... Ancaq ən böyük arzularımdan birini sən həyata keçirə bilərsən... – həyəcanla onun gözlərinin içinə baxdım. Biləyilə burnunun qəhərini sildi, – Öp məni... Səndən bircə öpüş də olsa özümlə axirətə yadigar aparmaq istəyirəm, bircə mənə bunu çox görmə – səsi titrəyirdi bunu deyəndə. Yanaqlarını əlimə alıb alnından, boyun-boğazından, nəmli gözlərindən, sonra isə dodaqlarından öpdüm, onu sinəmə sıxıb hıçqırdım, – Sən ölsən mən yetim qalaram, Ayşən. Mən səni çox istəyirəm, tanıdığım hər kəsdən çox...
    Nənəsi gələnədək onun yanında qaldım. Onu bağrıma basmaqdan, öpməkdən doymurdum və o, sanki ağrılarını qismən də olsa unudurdu. Hətta, – Eşqlə çox oynama, vurularsan... – deyib mənim dəlisovluğuma güldü...
    Həmin gecə halı tamam xarablaşdı. Yanında çox adam olduğundan ürək edib gedə bilmədim. Amma bilirdim ki, indi onun ağrılarını səngidəcək tək çarə mənəm, onun əllərindən tutmağımı, bağrıma basmağımı çox istəyir. Gecəyarısı otağımda əlacsız vurnuxurdum ki, Səltənət xalanın tükürpədən qıyyasına tüklərim biz-biz oldu. Onlara götürüldüm. Amma gec idi. Ayşən keçinmişdi...

    * * *

    Ayşənin ölümündən düz on dörd il ötsə də, o qara matəmi ömrümün cırılıb oğurlanmış səhifəsi kimi heç vaxt unuda bilmirəm. Səltənət xalanın nəvəsinə dediyi ağıya gizlincə səs verərək hönkürməyim hələ də içimdəki boşluğu dəlməkdədır. Bu boşluğu heç nə ilə doldurmaq mümkün deyil. Ayşənimi dar məzara qoyanda onun dodaqlarında, yanağında axirətə apardığı öpüşlərimi son dəfə görmək üçün adamları yarıb məzarın düz qırağınadək gəlmişdim. Ağappaq kəfənə bükülmüş gözəlimin ağrıdan azad olmuş üzünü görüb təsəlli tapmaq istəyirdim. O da nəsib olmadı, – “Allahsızlar, heç olmazsa üzünü azca açıq qoyun, bir az hava ala bilsin”... – onun üstünü torpaqlayanda zarıyıb daldaya çəkilmişdim.
    Bir ara valideynlərim məcbur elədilər ki, evlənim, ailə-uşaq sahibi olum. Ancaq içimdəki boşluqla heç kimi bədbəxt etməyə razı olmaram. Bu qəlbin sahibi onu elə möhürləyib və açarını axirətdə elə gizləyib ki, fələk də gəlsə tapa bilməz. Yaşamaq üçün sadəcə nəfəs almaq mənə yetər. Ölüm qaşla göz arasındadır, sevdiyimə qovuşmağa nə qalıb ki...

    14-16 noyabr 2016-cı il
  • iyul 2022, Rəşid B.

  • 97
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......