...
  • Kal armud
  • Rəşid Bərgüşadlı
  • – Ay Əlimərdan, səni lələnin goru, bu haradan ağlına gəlib ki, kənd yerində evin içində ayaqyolu tikdirirsən?.. – bənna Şükür mişar daşını baltayla iki bölüb hörgünün tinini atır, kəndir şuğulla tərəziyə vururdu. Yaşının yetmişi ötməyinə baxmayaraq bu çəlimsiz usta hələ də hörgü daşını qucağında quş kimi oynadırdı. Hövsələsiz olsa da, əlləri qızıl idi, daşdan adam yonardı.
    – Cijim ta qocalıb, Şükür əmi, gecələr həyətin o başındakı ayaqyoluna gedib-gələnəcən fikrim-xəyalım qalır yanında ki, çaqqal-canavar cumar arvada, ya da çala-çuxura düşüb qol-qıçını sındırar... Həm də, baxma, xeyli rahatlıqdır. Hamamı da bura salıram ki, qışda evə girənədək soyuqdan sitildəməyək, yoxsa, tövlədə çimib evə çatanacan adamın sifəti qırov bağlayır.
    – Ağıllı iş görürsən. Onsuz da hər il evinin böyrünə xosma artırmaq kəndçinin yöndəmsiz peşəsidir...
    – Bu gün ertədən ustamın qanı yaman qaradır, heç fıştırıq da çalmayıb hələ... – usta köməkçisi Tofiq daşı hörgünün yanında qalaqlayırdı, – Nəsə olmayıb ki, usta?
    – Hə, dünəndən qanım it qanına dönüb...
    – Deyirəm da, mən ustamı qırımından tanıyıram...
    – Axşam oğlum zəng vurub, deyir ki, iki gün qaz vermədilər evlərə. Qaz sobasını açırsan, fısıldayır, amma yanmır. Soruşursan, – Nə olub yenə? Deyirlər ki, – Qaz xəttini təmizləyirik. İzafa, xətti təmizlədikləri hava sayğacı fırladıb pul yazır axı... Gör nə icadlar düşünüb tapır bu gənə, ditdili, zəli məmurlar... Başa düşürsən?.. Neçə min kub hava vur, sayğac yazsın, sonra da kəsdir qapını ki, qaza görə filan qədər borcunuz var. Havanı da satır bu nanəciblər. Bu cəhənnəmə, and içir ki, nə əməldirsə, eyni binada neçə nəfərin kombisi bundan xarab olub. Səkkiz qonşu eyni vaxtda usta çağırıb ki, kombilərini düzəltsin. Yığışıb gediblər qaz idarəsinə şikayətə ki, bu nə hoqqadır çıxarırsınız? Onlar da polis çağırıblar. Hamısının izahatını alıb, – Ağzınıza gələni çərənləyib hökumətin üstünə şər atmayın! – qulaqburması veriblər. Səhərədək hirsimdən çimir almamışam. İndi oğlum dirəşib ki, şəhərdə canımızı boğazımıza yığıblar, burda yaşaya bilmirəm, yığışıram kəndə.
    – Ağıllı fikirdir, vallah... – Əlimərdan çöməlib daşın üstündə oturdu, – Allah versin kəndə, nə kombisi var, nə qazı...
    – Dərd-bəla odur ki, haqq deyilən dili yox e, başı dibindən kəsirlər. Hay-haray salan, haqqını tələb edən, köməyə çağıran kasıb-kusubu da məsxərəyə qoyub gülürlər. Axşam televizorda görmədin deputatlığa namizəd olan o zıbıdı keçəl sizin bu kürt toyuq kimi necə qaqqıldayırdı? Elə danışır ki, elə bil buna səs versək hər şeyi bircə günə düzəldəcək. Ay hay! Ta qanıb-qandırmır ki, deputat olmaq üçün xalqı qazlamağı bacaran vələdüzina olmalısan. Yoxsa, nə səs, nə seçki?.. Xalq, millət var ki, səsi, seçimi də olsun? Kül olub bu xalqın başına bineyi-qədimdən, şapalaq yemiş binamus kişi kimi başıaşağı, üzüqara gəzir. Evinə od vur, cıqqırını da çıxarmaz... – talvardakı küləşin üstündə bayaqdan özünə sitəm edən kürt toyuq yenə diqqətini çəkdi, – Sizin bu toyuq bayaqdan beynimi xarab eləyib. Deyəsən üç xoruzdan əmələ gələn yumurtasına məəttəl qalıb...
    – Bəlkə də cücə çıxarıb... Kiş, çər dəymiş!.. – Əlimərdan çəpik çalıb toyuğu susdurmaq istəsə də bir şey alınmadı. Yerdən bir ağac götürüb toyuğa tolamazladı, amma fərə daha da coşdu.
    Şükür qımışdı: – Yox, əcəli çatıb... Gəlsənə, günortaya bunun başını əkək, basaq soyutma qazanına?.. – Şükür qoyduğu daşın arasını palçıqla doldurur, vannanın dibində qalan palçıqla hörgünün badkeşini çəkirdi, – Ə, Totu, palçığı bir az qatı elə! – sonra da samovardan özünə çay süzüb alça ağacının kölgəsində oturdu. – Əlimərdan, sən bir bu sıpanın göbəyinə bax... – Tofiqə işarə edib onu başdan-ayağacan süzdü. – Porsuq əti yeməkdən porsuğa dönüb, kopayoğlu... Cavanlar niyə belə zay oldu görəsən... Çöldə-örüşdə qaçan, qımıldanan nə qaraltı varsa, güllələyib çəkirlər şişə. O gün anası bizim gədəyə deyir ki, a bala, niyə evdə yemək yemirsən? Qayıdasan ki, bu gün oxatan kirpi yemişik... Çöldə sərçə-sığırçın, göyərçin qalmayıb, bülbül cəh-cəhinə həsrət qalıb qulaqlarımız bu əclafların əlindən. Başı batmış molla Səfər də bunlara fitva verir ki, hələ deməzsən, qara qarğa da yeməliymiş. Elə bil acından qırılırlar, poxnöyüs köpəyuşağı!..
    – Kirpi, porsuq çöldə yaman çoxalıb, Şükür əmi. Əvvəllər niyə yemirdik? Çünki yox idi. Amma indi məhlə-bacaya daraşıblar. Hələ bircə dəfə kababından yeyin, ondan sonra siz də əl çəkməzsiniz. Teyxa yağdır, elə bil, keçi qabırğasını çəkirsən dişinə. Həm də dərmandır e... – Totu cəngavərliyindən elə şövqlə danışırdı ki, elə bil Şükürdür geridəqalmış.
    – Budu ha.., bu da məktəbi qurtaran cavanlarımız! Oxuyub bundan nə adam olacaq?! Ay bala, sizə məktəbdə insaf-mürvət dərsi öyrədən yoxdurmu, adam da fağır kirpi, porsuğa əl qaldırar, murdar ət yeyər?.. Heç yırtıcı da bu cür vəhşilik eləmir. Bir azdan ilan-qurbağa, çaqqal-tülkü yediyinizi eşitsəm, heç məəttəl qalmaram. Hələ o gün kimsə deyirdi ki, ölkədə beş min eşşək yoxa çıxıb. Hamısı sizin kimi vicdansız, qansızların işidir. Sən də böyüyüb millətə eşşək əti yedirən olacaqsan, başqa nə gözləmək olar ki sənin kimi nadürüstlərdən!.. Amma yox, sən əsl deputat olası adamsan!..
    – İlan-qurbağaya da sıra çatacaq, Şükür əmi – Totunun vecinə də deyildi, hələ arsız-arsız irişəndə usta balaca bir çınqıl tolazladı ona, – İnsan südü əmməmisiniz e, siz əmən İblisin çeçələ barmağı olub!.. Ay Əlmərdan, səni lələnin goru, gör cijin bu toyuğu başımızdan rədd eləyə bilirmi? Lap beynimə işlədi bu heyvanın çığır-bağırı. Bəlkə dən-qarğıdalıdan verib səsini kəsə. Bir bax gör, bəlkə ilan-çəyən, qarğa-sağsağan görüb...
    Süsən arvad doqqazın yolağasından həyətə girirdi, – Səni Allah yetirdi, ay Süsən. Səni and verirəm Allaha, bizim canımızı bu fərənin əlindən qurtar. Bayaqdan qulağımızın dibində qaqqıldayır, baş-beyin qoymayıb bizdə!
    – Yəqin sizi görüb küyüküb, bu belə həyasızlıq edən deyildi. Kiş.., çər dəymiş! – özünə sitəm eləyən fərəyə bir çubuq da o atdı. Hələ bu azmış kimi cantaraq xoruz da bir böyürdən talvara hoppanıb fərəylə ağız-ağıza verdi.
    – Aha, biri az idi, o biri də faytonla gəldi! – Şükür malanı hörgünün üstünə atdı, əlcəklərini çıxarıb daşın üstündə oturdu, – Bu toyuqlar cin-şəyatin görüb, ya da bizi itə-qurda oxşadır... – üzündən görünürdü ki, əli işə yatmır. – Ya bunların səsini kəsin, ya da mən işləmirəm!..
    Salba salba dalınca uçurdu talvarın üstünə. Hər salbadan sonra isə toyuqların səsi yüksəlir, Şükürün əsəbini lap yerindən oynadırdı. Məhlədəki bütün toyuqlar səsə toplanmış, qaqqıltı məhləni başına götürmüşdü. Çığır-bağırdan az qala xoruzun boğazı yırtılırdı.
    – Mitinqdir e, mitinq!.. Sən hələ həzrəti Xoruzun ümmətinə bax bir!.. – Şükür artıq önlüyünü də soyunub mat-məəttəl toyuqların həngaməsinə baxırdı, – Yox, bunların başı bədənlərinə ağırlıq edir!..
    Süsənin qərarı çox gecikmədi, – Tut, kəs o çər dəymişi! – oğlunun əlinə xoruzun ölüm fərmanını verdi. Totuyla Əlimərdan himə bənd imişlər – çığırqan xoruzu talvardan saldılar, qovalayıb tutdular, kəsdilər və verdilər Süsənə. O da xoruzu onların gözünün qabağındaca yoldu, tikə-tikə doğrayıb basdı qaynar qazana. Xoruzun aqibəti toyuqlara deyəsən görk oldu, hamısı dinməzcə dağılışıb o biri xoruzun qırtıltısına getdi.

    * * *
    – ...Bax, Allah bizə toyuq ətini halal buyurub, qarğa, kirpini isə haram. Gül kimi neməti qoyub niyə ilan-qurbağa yeyirsiniz?.. – usta günorta yeməyinə oturanda fərə hay-həşirinə qorxa-qorxa qısa aralar versə də, hələ öz çığır-bağırında idi. – Bax, çığır-bağır salanın başını belə üzərlər! – Şükür xoruzun budunu dişinə çəksə də fikri-zikri hələ də özünü yeyib-tökən fərədə qalmışdı, – Vallah, bu hay-harayda nəsə bir fırıldaq var. Sən cavansan, bir dırmaş talvara, gör bu fərə niyə özünü yeyir belə...
    Totu boşqabına çörək doğrayırdı, amma kişinin sözündən çıxmadı. Nataraz nərdivanı divara söykəyib talvara dırmandı. Heç bir dəqiqə keçmədi ki, onun bağırtısına hamı dik atıldı, – Tez olun, yabanı mənə tullayın! Toyuğun yumurtalarını porsuq yeyirmiş!..
    Şükürün əngi iflic oldu, loxması ovurdunda daşa döndü, – Bu nə danışır ə, nə porsuq!? Porsuq hardan çıxdı o qəlbilikdə talvara?.. – ağzındakı daşı ha istədi hülqumundan mədəsinə ötürsün, aldıra bilmədi. Süsənin əli ağzında qaldı. Oğluna, – Deməli yazıq toyuq sizi kişi bilib ertədən köməyə çağırırmış, siz də zavallının boğazını üzdünüz?..
    Şükür çeçədi və tikəni ağzından yerə tüpürən kimi bayaqdan ayaqlarına sürtünüb yalmanan pişik loxmanın üstünü aldı. Yaba yeyən porsuğun zingiltisindən iliyi gizildədi. Bu dəqiqə həmin porsuğu diri-diri parçalamağa hazır idi. Bundan sonra daşdan xoruz heykəli düzəldərdi, amma bircə daşı da daş üstünə qoya bilməzdi. Durdu. Salba yemiş toyuq kimi yerində səndirlədi. “Bu gün ölmüsən, ya srağagün?” – suyu süzülə-süzülə doqqaza sarı üz tutdu. Gözlərinin önündən onları köməyə çağıran xoruzun mərd, qürurlu duruşu və qulaqlarından həyəcanlı səs-küyü çəkilmək bilmirdi...

    28 aprel - 24 may 2017
  • iyul 2022, Rəşid B.

  • 102
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......