...
  • Hacı Novruzəli
  • Rəşid Bərgüşadlı
  • Mirzə Cəlilin ruhuna

    Üç ildi pul yığırdı, amma hər vədə yetişəndə nəsə bir qəmbərqulu çıxırdı ortaya və yoldan qalırdı, yığdığını ev-eşiyə, mal-qaraya xərcləyirdi. Bu dəfə isə gediş haqqını qaldırdılar kəllə-çarxa. Pulun yarısını düzəltmək üçün gərək təzədən mal-heyvan sataydı. Zülmlə ərsəyə gətirdiyi on iki baş damazlıq inəyi dəyər-dəyməzinə verməyə əli gəlmirdi. Qalmışdı odla su arasında. Niyyət eləmişdi – bu yoldan dönə bilmirdi, borca girmək də başqa bir günah... Daşa keçən bəxtini qarğıyırdı, uşaq kimi küsmüşdü vəfasız taleyindən. Ürəyi isə qulağına hey pıçıldayırdı ki, “Bu ili də qaçırsan, gələn ilki ziyarəti görməyəcəksən”... Böyük oğlu Cəlil kişinin mısmırığına dözmədi, çatışmayan 1900 manatı and-aman eləyib dədəsinin ovcuna basanda dedi ki, alın təriylə qazandığı puldur. Üstəlik, pulun halallığını da verdi. Kişinin sevincdən çiçəyi çırtladı, qaçdı həkimə ki, görsün ürəyi uzun səfərə tab gətirəcəkmi...
    Görəsən Allah niyə bütün Novruzəliləri anadangəlmə saf yaradır?.. Yol biletini əlinə alandan sonra ömründə rayondan qırağa çıxmayan Novruzəli başladı dizləri əsə-əsə günləri saymağa. Həccin yol-yolağasını bilən padarlı Məhişin evini məscidə döndərdi. Hər gün altı kilometr yolu Padara səhər gedib axşam gəlirdi. Məhiş ərinmirdi, bir az da özünü öyə-öyə həccin vacibatları, ziyarətin savabından tutmuş məşəqqətlərinədək hər şeyi bittə-bittə həvəslə anladırdı ona, – Novruzəli, bu yolda olmazın sıxıntılar var. Bunun şeytan daşlamağı var, Ərafata dırmanmağı var, ac-susuz ordan-bura, burdan-ora çöllərdə yürüməyi var. Buna görə də istəyirsənsə ki, Allah işini asanlaşdırsın, o zaman yola çıxana qədər zikri birə beş artır. Hər gün Quran oxu, namazlardan ayrılma. Onda görəcəksən işlərin necə yağ kimi gedəcək. Allah-təala sənə bütün qapılarını taybatay açacaq, yolundakı bütün çətinliklər qeyb olacaq... O da gecəsini-gündüzünü zikrlə, namazla keçirib çöpə dönmüşdü. Arvadı qorxurdu ki, belə getsə, əri həcc üzü görmədən köçəcək işıqlı dünyadan.
    Amma Allah o günü nəsib elədi!.. Yolçuluq günü Novruzəli çemodanların ağzını son dəfə kilidləyib mindi Bakı avtobusuna və gəldi çıxdı allı-güllü, çilçıraqlı paytaxta. Şəhərin binalarına, körpülərinə, səs-küyünə, adamlarına ağzı ayrıq qalmışdı. Hava limanına çatanda elə bildi ki, artıq Məkkədədir, ürəyi başladı quş kimi çırpınmağa. Sevincək oldu, yuxusuz gözləri dəqiqəbaşı hər gördüyü möhtəşəmlikdən dolurdu...
    Allaha ağır getməsin, Novruzəli avam olduğu qədər də uğursuz və key adam idi. Bu səbəbdəndir ki, baqajını avtobusdan götürəndə çemodanın dili öz-özünə açıldı və pal-paltarı yerlə bir oldu. Öz aləmində tələm-tələsik paltarlarını yığıb çemodanı səhmanlayandan sonra dikəldi ki, yol yoldaşlarına qoşulsun, gördü nə dəvə var, nə də qığ. Qənşərində büsbütün şüşədən olan nəhəng binadan başqa heç nə yox idi. Pəh!.. Nə təhər olar zavallı Novruzəliın əhvalı? Hinin qapısını itirən səy toyuq kimi başladı binanın qapısını axtarmağa. Qapının qulpunu axtara-axtara dili Allahı çağırırdı, amma ürəyi lalıyırdı hirsindən. Təpəsindən tüstü çıxhaçıxda başıhəşirlinin qabağında biqafil iki şüşə aralandı. İçəridə qaynaşan adamları görəndə Novruzəlinin ürəyi atlandı. Qızın, – Bakıdan Berlinə uçan təyyarayə minik başlanmışdır... – təravətli səsi qanını dondurdu. Elə bildi altından çaylar axan cənnətin qapısı açılıb üzünə, görüdükləri isə şad-xürrəm huri-qılmanlardır, iş başındadırlar. Pıçıldadı ürəyində, – Xudaya, sənə canım fəda olsun! – çemodanı qarmalayıb özünü təpdi içəri. Arxasınca bağlanan qapının səsinə devikdi. “Sənin nə möcüzələrin varmış, İlahi”... – oturdu çemodanın üstündə və gözlərini zillədi qapı olası həmin yerə, – “Demək, Məhişin dediyi kəramət başladı”... Şirkət nümayəndəsi qoltuğunda qeyd dəftərçəsi ona yaxınlaşanda sol əlini altında gizlətdi. Gözüylə mələyin əlindəki “əməl dəftərini” yeyirdi. “Mələk” ondan soruşdu:
    – Novruzəli Abdullayev sizsiniz?
    – Bəli, mənəm, ağrın ürəyimə!..
    – Bəs niyə qeydiyyatdan keçmirsiniz?
    – Keçmişəm, başına dolanım, bax, bu da biletim... – döş cibindən biletini sevincək çıxarıb ona uzadanda oğlan işini bildi. Çemodanı özü götürdü, Novruzəlini gətirib qeydiyyatdan keçirdi, baqajı təhvil verdi və qabağa düşdü, – Arxamca gəlin... Novruzəlinin ayaqları yerisə də fikri-zikri qalmışdı elevatorun üstündə qara dəliyə tərəf gedən çemodanın yanında. “Çalmadan qapı açılarmı adamın üzünə? Açılandırsa, indiyədək niyə açılmırdı? Yox, bu Allahdan bir işarətdir! Gecə-gündüz yatmayıb yalvarmağın, ibadətin əvəzini verir qurbanı olduğum”... – bir də oğlan rezin məhəccərdən yapışanda ayıldı ki, sən demə bayaqdan yerimirmiş, özüyeriyən pilləkənin üstündə üzüyuxarı qalxırmış. Ayağını eskalatordan qırağa qoymaq istəyəndə oğlan onun qolundan yapışmasaydı cəhənnəm dişli daraq onu xıncımlayacaqdı. Oğlandan qopub yerində dondu, heyrətlə ona sarı gələn yola baxdı, – Ey Xudavənd, keç bu aciz bəndənin günahlarından. Sənə inanmayana lənət. Məni geri qaytar, qoy zavallı insanlara car çəkim sənin qüdrətini!.. Sən ki, biçarə qulunu bu cür şərəfləndirirsən, sənə gecə-gündüz ibadət etmək belə azdır. Bundan sonra yemədən-içmədən səni zikr edəcəyəm!.. – unutmuşdu haradan gəlib haraya getdiyini. Oğlan onu darta-darta minik körpüsünə gətirənədək bığaltı qımışırdı. Novruzəli isə dil boğaza qoymurdu, – Sən zikrin, ibadətin mükafatını gördünmü!? Yeriyən yol görmüşdünmü indiyədək!? – oğlanın üzündəki məhrəm nura şirnikmişdi.
    – Gördüm, ağsaqqal, gördüm. Allah sizi sevdiyi bəndələri sırasına qoşmaqda yanılmamış. Ziyarətiniz qəbul olunar, inşallah.
    – Qəbul olunmaq necə olur bəs? Üzünə yoxdan bir qapı açan, Ona gedən yola mindirib səni özünə sarı aparan qüdrətin sahibi dil açıb danışası deyil ki! Qurbanı olduğum deyəsən məni çoxdan gözləyirmiş... – düşündü ki, yəqin zikri bir az artıq edibmiş, – “Yoxsa, qula bu qədər ehtiram göstərib qudurtmazlar axı”...
    Əlqərəz, təyyarənin pilləkənlərini kəramətli Allah dostu kimi elə şəstlə qalxırdı ki, deyərdin, bu adam həccə yox, meraca uçur. Şux huri-stüardessalar yer göstərib kreslosunu rahatlayanda onları vergili bəndə olaraq mehribanca süzürdü. Zənnində bu yolçuluğun ən qorxulu yeri təyyarənin qalxması və düşməsi idi, amma elə havalara dalmışdı ki, nə təyyarə qalxanda xəbəri oldu, nə də yerə enəndə huyduxlandı. Yolboyu bir Allaha dua elədi, beş də hacı Məhişə.
    Ciddə hava limanında əlini tualetin su krantına uzadanda imanı dübarə nurlandı, – Pəh!.. – bumbuz su şırhaşır Novruzəlinin ovcuna tökülməzmi!? Tökülmək nədi, təzyiqi az qalırdı ovcunu deşsin! Sadəcə gülümsədi və ədayla başını yellədi, – Bəs necə?! Qurbanı olduğum mənim krantıma da vintil qoyası deyil ki... – artıq əmindir ki, bir azdan Xudavəndi-aləmin özü onu qarşılayacaq. Eşikdə ona Allahın salamını verən zəvvarlara “Və aleykum salam və rəhmətullahu və bərəkətuhu”nu elə deyirdi ki, qoy Allah da eşitsin onun necə nurlandığını.
    Qafilə bu qərar gəldi ki, elə birbaşa Məscidül-Nəbidə axşam namazını qılıb sonra otelə yollansınlar. Novruzəli kütlənin dalınca ahəstə-ahəstə yeriyir, tuneldə adam gördükcə öz-özünə yanıb yola işıq salan led lampalara hayıl-mayıl olmuşdu. “Ay tövbə, deyəsən namazın-zikrin həddini çox aşmışam” – əmin idi ki, bu işıqlar onu salamlayır, onun xatirinə belə alışıb yanırlar. Yanından ötən afrikalı zəvvarları görəndə ədalı yerişi bir az da qəribələşdi. Sanki qaradərililər ilk müəzzin Bilal ibn Rubah əl-Həbəşinin soyundan idilər, bu isə İbrahimin...
    Namaza duranda huşu möhtəşəm qübbə naxışlarında qalmışdı, bir də ikinci rükuda ayıldı, səcdəyə əyildi. Allahın nəfəsini qulağının tam dibində duyurdu. Əllərini sinəsində cütləyib “Allahu əkbər!” demişdi ki, başının üstündə bir çaxnaşma duydu. Qübbəyə baxdı. “Pəh!” demədi bu səfər, sadəcə gözlərini ovdu. Ayələr bir-birinə qarışdı, dili topuq vurdu həyəcandan, – Aha, gəlir!.. – təzəcə qırxılmış başında tüklərinin dibini soyuq tər basdı. Bayaqkı naxışlı qübbələr yerində yox idi! – Aman Allah!.. – yanındakı namaz yoldaşını dümsüklədi, – Bax, ora bax, tavan yarıldı, qübbə qeyb oldu!.. – gözəl naxışları olan bayaqkı əzəmətli qübbə qeyb olmuşdu və həqiqətən göydəki ulduzlar başının üstündə ona göz-qaş ataraq rəqs edirdi. Yanındakını bir də dümsüklədi, – Göy üzünü sən də görürsən? Allah gəlir, eşidirsən? O gəlir!.. – amma qonşusu başqa aləmdəydi, onu dinləyəcək halda deyildi. “Yox, bu iş tamamdır! Məndən başqa hər kəsin hissiyyatı möhürlənib, yalnız mənə görünmək istəyir qurbanı olduğum” – yaxasına-başına düzən verdi ki, səmadan indi enəcək mələyin əlindən tutmağa ləyağı olsun...
    Camaat namazı bitənədək Novruzəlinin huşu göylərdə, gözü ulduzlarda qaldı, intəhası, gözünə qeyri bir şey dəymədi. “Yəqin təklikdə görüşmək istəyir”... – əl-ayağa dolaşanda məsciddən çıxdı ki, Kəbəni salamlamağa getsin. Yolboyu hacı Məhişin təsvir elədiyi binaları, yolları darayırdı gözləri. Qara daşı uzaqdan görər-görməz yekə bir səs doldu içinə. Nə qədər elədi sirrini faş etməsin, amma dözmədi, – Ya Məhəmməd, qalx ayağa, gör kim gəlib hüzuruna!.. Qüreyş qəbiləsinin on yeddi arxadönənlərinin “Salam olsun sənə, ey sevimli Novruzəli! Xoş gəlib, səfa gətirmisən!” sədası qulaqlarında cingildəyəndə çiynini əllədi ki, görsün qanadları həqiqətən çıxdımı...
    Qulaqlarına dayanmadan vəhy gəlirdi, amma bilmirdi, pıçıldayan Məhişdir, yoxsa Allah, – Novruzəli, bu daş əvvəllər ağ olub. O qədər günahkar insan toxunub ki ona, bax bu günə düşüb. Öp o daşı! Öp ki, ağarsın, əvvəlki halına dönsün!.. Novruzəli ağzını sildi, kəramət gücünü toparlayıb camaatı yara-yara Həcərül-əsvədə sarı götürüldü. Qara daşdan savayı heç nəyi görmürdü gözü. Çəlimsiz dodaqlarını büzüb elə daşa çathaçatdaydı ki, saqqallı ərəb qabağını kəsib əlini hirslə sinəsinə dayadı, – Haram! – əlindəki qamçını az qala Novruzəlinin gözünə soxdu.
    – Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşım! Fala baxdıran, xoruz döyüşdürən, it boğuşduran, pirdə yatanların arasından o boyda yolu Həcərül-əsvədi öpməyə gəlmişəm... – doluxsundu lap. Amma müqəddəs daşı qoruyan zəhmli ərəb bu dəfə onu lap gerçəkdən, həm də murdar bir şey kimi sinəsindən geri itələdi, – Yallah, haram, yallah!..
    – Səyvənd oğlu, səyvənd! Həzrət Abbas haqqı, sənə bir şapalaq ilişdirərəm, qara daşın on altıncı çatı əmələ gələr. Sən heç bilirsən kimə dil uzadırsan?! Çəkil görüm!.. – mühafizəçini kənara itələyib özünü təpdi daşın bir küncünə. Dodaqlarını möhkəmcə daşa yapışdırıb marçıldatdı. Baxdı ki, görsün daş ağardımı. Yox, ağarmamışdı. Çönüb ikrahla saqqallı oğlanı süzdü. Təzədən öpdü. Yenə ağarmadı daş. Bəduğurluğu ərəbin nöhsət sir-sifətinə yazdı...
    Sonrakı günlər də onunla gizlənpaç oynayan Allahdan qəlbi qırıldı Novruzəlinin. Küsdü və qapandı otelə. Yoldaşları məcbur etməsəydi kondisionerli otaqdan heç çıxmazdı. Gedəndə isə həccin vacibatlarına məcburən, ayaqlarını sürüyə-sürüyə gedirdi. Boş vaxt yaranan kimi yenə qaçırdı sərin otağına. Həm də azacıq ümidi qalmışdı ki, Xudavəndi-aləm onu oteldə gözləyir ki, deyəcəklərini təklikdə desin. Müqəddəs Kəbənin başına fırlanan on minlərlə insanın cəzbi-halı ona təsir etmirdi daha. Hacı Məhişin, “Həcc islam ümmətini qəflət yuxusundan oyatmaq üçün böyük ziyarətdir” sözü yadına düşəndə əti ürpənirdi. Yol yoldaşları onu yola gətirməyə çox çalışsalar da, ağlına heç nə girmirdi. – Sənin qəlbin möhürlənib, zavallı insan! – axırda qarnının dərdiylə baş-başa buraxıb əl çəkdilər ondan. Bircə istəyi, arzusu vardı Novruzəlinin – evə tez dönmək, başsız qalan mal-heyvanının qeydinə qalmaq, doğulub-böyüdüyü dağın-dərənin havasına qovuşmaq...
    Qayıtdı, amma Allah kəssin belə qayıtmağı. Meyidi gəlsəydi daha yaxşıydı. Əvvəlcə kəsilməyə aparılan dəli dana kimi özünü ordan-ora vurdu ki, dünya-aləm birləşsə də minəmmərəm bu şeytan əməlinə. Təyyarə qalxan və düşünbaşı iki dəfə ürəyi getdi qorxudan. Hava limanında qucaqlarında düşürüb mindirmişdilər tibbi yardım maşınına. İki gün Bakıda xəstəxanada yatdı. Kəndə çatanda ciyərləri xışıldayırdı. Həkim demişdi ki, nədirsə, yad mikroba yoluxub ciyərləri. Arvadı kəsdirmişdi böyrünü. Ərinin üzünə çökən kədərin arasında nur axtarırdı, tapammırdı. Hacı Məhişi çağırdılar ki, bəlkə o bir əlac edə. Məhiş gələn günü lap ölüm ayağında idi.
    – Həci adın mübarək, ay Novruzəli! – əyilib yanaqlarından öpdü, – Allah ziyarətini qəbul eləsin...
    – Eləmədi... – səsi xırıldadı Novruzəlinin.
    – Nə eləmədi, nəyi eləmədi?
    – Allah... Ziyarətimi qəbul eləmədi, gəlmədi...
    – Zayıllama, həci... – düşündü ki, ziyarətin travması da ola bilər, uzatmadı. – Dedilər xəstələnmisən. Dərd eləmə. Ora gedənlərin əksəriyyətinə Ərəbistanın havası düşmür. Hərə bir ölkədən özləriylə min cür mikrob gətirir. Əksəriyyəti yoluxur. Amma keçici şeydir. İnşallah, bir-iki günə turp kimi olarsan... Qurban kəsdirdinmi?
    – Yox, heç nə kəsdirmədim!
    – Niyə?!
    – Pula heyfim gəldi.
    – Bu nə danışır, ə! Bəs şeytanı daşladınmı?
    – Betondan şeytanmı olur? Deyirik heykəl haramdır, amma özümüz şeytana betondan heykəl qoyub sonra daşlayırıq. Düşüklükdür...
    – Əstəğfürullah! Canında Allah xofu qalıb sənin... Demə ki, Həcərül-əsvədi də öpməmisən!..
    – Öpdüm.
    – Şükür!
    – Amma bir şey qaraldısa təkrar ağarmaz... Heç nəyə, heç kimə zərəri və mənfəəti olmayan bir daş parçasıdır. Əgər Rəsulullahın öpdüyünü deməsəydin, heç onu da öpməzdim... – əlini yellədi.
    – Bu dəfə yol-yolağanı öyrəndin, gələn dəfə bütün bu çətinliklər olmayacaq... – oğlunu neçə gündür bir dərd götürmüşdü ki, bəlkə də yol puluna qarışan bank faizidir atasının ziyarətini gözündən gətirən.
    – Getməyəcəyəm ta! – Novruzəli çönüb alnını əhənglənmiş soyuq divara dayadı.
    – Niyə? – Məhiş sual dolu baxışlarıyla Cəlili süzdü, – “Buna nolub belə?”... Novruzəli dinmədi. Əvəzində Cəlil hacı Məhişin qulağına pıçıldadı ki, atası Allahdan küsüb.
    – Adam da Allahdan küsərmi! – səsini başına atdı. – Yoxsa sənin pişvazına çıxmalıydı Allah?! – amma Cəlilin işarəsindən sonra anladı ki, bu həna o hənadan deyil, qandı Novruzəlinin havalandığını. Bir az yumuşaldı, – Allahın yəqin işi çıxıb... Gələn dəfə təkrar gedərsən, o zaman hər şey gözündə başqa cür olacaq...
    Novruzəli gücünü toplayıb ayaqlarını yataqdan salladı, yorğanı qucaqlayıb Məhişi süzdü: – Dediklərinin hamısı yalanmış, Məhiş kişi. Kafir-mafir dediklərin əsl Allah adamıymış. Onların düzəltdiyi təyyarəyə minib gedirik beton daşlamağa, cansız qara daşı öpməyə. Sonra da deyirik ki, pirə sitayiş bütpərəstlikdir, şirkdir. Sən Məkkənin qan ağlayan kanalizasiyasını görməmisən, Kəbənin üzərində özlərinə sitəm edən quşların hay-harayını düzgün anlamamısan... Yox, nəsə yanlışlıq var dünyanın gərdişində. Bu qədər pulu aparıb cahilliyi görməyə xərclədiyim üçün Allahdan utanıram. Yolda burnuma elmin qoxusu dəydi, bircə bununla nurlana bildim. Bizə dini dürtüşdürən hər kimdirsə çox tədbirli və elmli adamdır. Allah onlara daha çox verib. Bizim avam qulaqlarımıza çatan dedi-qodudan başqa bir şey deyil...
    – Ata, bax hacının yanında söz verirəm, gələn il səni özüm aparacağam həccə! – kişinin imandan çıxacağından qorxurdu.
    – Heç yana getmirəm! Təyyarədən qorxuram... – təzədən uzanıb yorğanı başına çəkdi.

    09 aprel 2019-cu il
  • iyul 2022, Rəşid B.

  • 74
Belə Ayrılıq Olmur

Dəhnəli Məmməd Hacızadə

Dərddi dərdə calanan, hey üst-üstə qalanan. Baxma ki ortalıqda iztirabdı dolanan, . Dözmərəm göz yaşına, qəm dolu baxışına. Qəlbimdəsən getsəm də, dünyanın o......

Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......

Daha Səsləməyir Dan Yeri Bizi

Dəhnəli Məmməd Hacızadə

Göydə ay,ulduzlar yerdə sən və mən, Bir onlar oyaqdır, bir də, sən və mən. Qapılıb gecələr xoş xəyallara, Onlar bizə baxar, biz də onlara. Qalardı......

Ağ dumanın içindəki görən kor (fəlsəfi hekayə)

Tural İsmayılov

Atam deyirdi ki, dünyanı görmək üçün göz lazımdır, mən isə indi buna şübhə edirəm. O kitabı – vərəqləri künclərindən didilmiş, cildi günəşdən solmuş o qəribə......

Zaur Ustac - Zenitdəki Zenitçi

زائـــور اوستاج

Zenitdəki Zenitçi (oçerk) Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin......

Sona İsmayılova – Zakir Kaya’nın Medya ve Yayıncılık Çalışmaları

زائـــور اوستاج

Röportaj Editör Girişi Dr.profesor Zakir Kaya, Türkiye merkezli araştırmacı gazeteci, yazar olarak medya, yayıncılık ve edebiyat......

Araşdırmaçı jurnalist Zakir Kaya: Media, Ədəbiyyat və Müstəqil Düşüncənin Kəsişm...

زائـــور اوستاج

Müsahibə Mətni Müasir mediada sürət, görünürlük və rəqəmsal intensivlik artdıqca, məzmun istehsalının keyfiyyəti və......

Zaur Ustac - Mən

زائـــور اوستاج

Mən “Sizin yanınızda oturmaq istəyirəm” … (Qəndab – Ara-sor məni) Hər gün oyananda səhər mehində, Sübhün şəfəqində, danındayam mən. Telinin cığasın pozan küləyəm, Hər zaman......

Zaur Ustac - Aşiq gecələr

زائـــور اوستاج

Aşiq Gecələr (Qəndab – Aşiq gecələr) O zülmət gecənə şam olum, gülüm, O gül cəmalına aşiq gecələr! “İşıldaquş”ların işığı vecsiz, Əriyən mumlara aşiq gecələr! Pərvanə......

Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

زائـــور اوستاج

Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil......