...
  • Gər ağacının nağılı
  • Rəşid Bərgüşadlı
  • Əziz müəllimim Şakir Paşayevə ehtiramla

    İlaxır çərşənbənin sevinci təzəcə çıxmışdı. Qış yuxusundan herağaş oyanmış gül-çiçək, böcəklər indi-indi torpağı dəlib işığa çıxırdılar. İlin bu vaxtı məktəbə dərə-təpə yolla getməyi xoşlayırdı. Həm fikrini cəmləyir, həm də sübhdən eyni açılırdı. Kəsə yolun üstündə tək bir kölgəlik vardı – “İldırımın gəri” deyilən qoca tut ağacı. Bir Allah bilirdi bu ağacın neçə yaşda olduğunu. Kəndin ən qoca adamı deyirdi ki, gözünü açandan gəri elə bu şəkildə görüb. Şakir müəllimin ulu babasının da adı İldırım olub – atası deyirdi ki, bu ağacı nənəmin atası əkib. Amma bəziləri də deyirdi ki, ağacı ildırım vurduğu üçün belə adlanıb. Orası da var ki, ağac yarpaqlarını tökəndə həqiqətən ildırım qanadlarına bənzəyirdi. Qurumuş budaqlarını götürməkdən yorulmuş gövdəsinin içi yarıyacan oyuq idi. Dibindəki yarıqdan divarlarını his-qor basmış oyuğa sərbəst girmək olurdu. Ağacı ayaqüstə saxlayan təkcə qalın qabığı idi. Görünür, həqiqətən ağacı nə vaxtsa ildırım vurmuş, ya da oyuğun içində ocaq qalamışdılar. Yazın oğlan çağında budaqları o qədər tumurcuqlayırdı ki, deyərdin, hamısı yarpaqlasa bu qədər yükü götürməyə ağacın gücü çatmayacaq. Di gəl, yaya budaqların ucunda kosasaqqal adam kimi adda-budda yarpaq çətiri qalardı. Xırda “çiçəkləri” də olurdu, amma bar vermirdi, ağac erkək idi... Gərin başına açılmayan oyun qalmamışdı – üstündə adlar, əcaib-qəraib şəkillər oyulmuş, heyvan cidarlamaq üçün çivlər, mıxçalar çalınmışdı. Vaxtilə o da yaralamışdı bu ağacı, – “Ş+G=S”. İndi o işarəni tapa bilmirdi, ağacın qabığı bu xatirələri öz dərdinin içində çoxdan əritmişdi. “Dərd, özündən zəif dərdi udur. Kim bilir, neçə dərdli adamın, neçə sevginin, cinayətin, fəlakətin şahididir bu ağac”... – dərsə tələsmirdisə, ağacın pırpız çətirini xeyli seyr edirdi, qırışmış gövdəsini sığallayırdı. Daha çox baba yadigarı kimi mehrini salmışdı ağaca. Gərin başından bütün kənd, kövşən əl içi kimi görünürdü. Hər adamın cürəti çatmazdı bu ağaca dırmanmağa. Amma uşaqkən heyvanları evə gəlməyəndə kövşənə baxmağa bura o qədər çıxmışdı ki... Deyilənə görə bu ağacın bir tayı da cığırın digər tərəfindəymiş. Amma onun yerində xırda təpədən başqa bir iz qalmamışdı. Burdakı saysız-hesabsız qarışqa yuvasının səbəbi bəlkə də həmin ağacdan qalan yeraltı çürüntü idi, – “Bəlkə çətirlərini birləşdirib bir-birinə dayaq olsaydılar, diblərinə kölgə salsaydılar bundan sonra bir əsr də yaşayardılar. Görəsən niyə ölüb o biri tayı? Kimsə kəsib, yoxsa özü qocalıb? Kim bilir”... – kənddə bu yaşda adam da yoxdur ki, başına gələnləri soruşsun... Ancaq inanırdı ki, gər onu özünə simsar bilir və bir gün özü dil açıb içində sozalan sirrlərin hamısını danışacaqdır... Şagirdlərinə “Təmsillər”i öyrədəndə demişdi ki, hər yanından ötdüyünüz gülün, ağacın, daşın pıçıltsını dinləməyə cəhd edin, onların nə danışdıqlarına qulaq verin. Bizi yaradan eyni sevgi və həvəslə onları da yaradıb. Cansız saydığımız hər şey əslində yaradanın bizimlə danışan dilidir. Çaylağın ən gözəl daşını ovcunuzda əzizləyin, gözlərinizi ona mərhəmətlə zilləyin, onu qulağınıza tutun. Bax onda pıçıltını eşidəcəksiniz, – “Ey insan, sənə qulluq etməkdən, səninçün yaradılmaqdan qürur duyuruq” – uşaqlardan bir neçəsi gülmüşdi sevimli müəllimlərinə, anlamamışdılar onu. Çox dərinə getməmişdi. Bilirdi ki, bu yaşda onların lağlağı həvəsli, sevib-sevilən vaxtlarıdır. Müqayisə etmədən sevirdi şagirdlərini. Otağa girəndə onların basabas salıb yerlərini almağını, “Salam, uşaqlar” deyib onların çöhrəsini nəvazişlə izləmək adətiydi. “Leyli və Məcnun”u iki özü boyda şişirdər, ülvi sevgini içində bişirər, sonra da doğma balaları qədər sevdiyi şagirdlərinə ötürərdi. Böyük inamla təbliğ etdiyi sevgi ədəbiyyatdan da üstün idi onuncun. Belə mövzular eşqə tamarzı yeniyetmələr üçün hava-su kimi vacib idi. Başqa dərslərdən qaça bilərdilər, amma ədəbiyyatdan qalmağı arlarına sığışdırmırdılar... Onda şagirdlərdən biri soruşmuşdu, – Müəllim, ən böyük arzunuz nədir?.. Gülümsəyib boş partalardan birində oturmuşdu: – Sizlərdən biriniz məktəbimizin direktoru, biriniz də bu sinfin ədəbiyyat müəllimi olacaqsınız. Mən qocalacağam, təqaüdə çıxacağam, çənəm yerə dəysə də, belim bükülsə də məktəbimizin gözətçisi, ya da bağbanı olmaq istəyəcəyəm. Ona görə ki, hər dəfə öyrətdiklərimi öz şagirdlərinizə necə ötürdüyünüzə baxam, bundan cavanlaşam, sevinəm... Bundan böyük xoşbəxtlik olarmı?! Əgər sevindirmək istəsəniz, gələcəkdə məni gözətçi işinə götürməyi unutmayın... – kövrələn şagirdlərini fərəhlə süzmüşdü. Həmin gün proqramdan kənara çıxıb ümumi söhbət aparmaq istəyirdi. – Nədən danışaq bu gün, uşaqlar?.. – jurnalda qeydlər edib stolun bir küncünə itələmişdi. Sinfin ab-havasına tabe olmaq arzusunda idi. Biri qayıtdı ki, – Nağıl, nağıl danışın bizə, Şakir müəllim... Həm də indiyədək eşitmədiyimiz nağılı!.. – uşaqlar bir ağızdan təklifi bəyənmişdilər. Kitab-dəftərlərini qatlayıb əllərini çənələrinə dirsəkləmişdilər. Bir ayağı hələ nağıllardan qopmayan, o biri ayağı gəncliyin kandarında olan uşaqların qayğısızlığından çiçəyi çırtlamışdı. Bayaq gəri sığallayan əlinin içini qoxlayıb: – Yaxşı... Nağıl istəyirsiniz, danışım. Həm də hamınızın yaxından tanıdığı biri haqqında... – çoxdandır xəyalında çək-çevir etdiyi “nağıl”a girmək üçün bir qapı axtarmışdı...
    – Günlərin birində sizin kimi cavan bir oğlan bizim “Yastı təpə”nin ortasında qoşa tut ağacı əkir. Onlara nə su verən olur, nə də dibini belləyən. İllər keçir, elə bir-birinə olan sevgidən günbəgün pöhrələyir, böyüyürlər. Düzün ortasında tək kölgəlik olduğundan əkin-biçindən yorğun düşənlər ağacların dibində oturub dincini alırmışlar. Bu qoşa ağacın səmərəsinə buraya cığır açılır, sonra cığır yola çevrilir. Hər dəfə əkin-biçinə, məktəbə gedən insanları gördükcə ağaclar qol-budaq atır, çətirləri bir-birinə qovuşurmuş. İnsanlardan sevinməyi, kədəri öyrənir bu ağaclar. Gövdəsini bıçaqla oyan sevgililərdən inciməz, onlar qovuşanda yaraları da sağalarmış. Kövrək sevgilərini bir-birinə açan utancaq aşiqlərin pıçıltısına budaqlarında yuva salmış quşlar da sevinərmiş. Kənddə hər kəsinin sirrini bilirmişlər. Ağacları əkən oğlan da öz sevgilisinə ürəyini bu ağacların kölgəsində açmışdı. Bu sevgililər ailə qurur, yaşlanırlar, amma yenə əllərində əsa bu ağacın altına gələr, keçən xoş günlərini xatırlayıb ağacları da sevindirərmişlər. Günlərin birində kişinin arvadı dünyadan köçür. Öz qarısını elə ağaclardan birinin kölgəsində dəfn edir. Təklənmiş qoca indi qəm-qüssə içində çəliyinə söykənər, saatlarla gözünü ömür-gün yoldaşının məzarına zilləyib nələrsə pıçıldayarmış. Ağaclar qocanın xiffətini özlərinə dərd edir, xoşbəxt günlərinin üstünə od ələnir. Çox keçmir, qoca da ölür. Onu da ömür-gün yoldaşının yanında dəfn edirlər. Qoşa məzarın sükutu ağacların budağını tökür, çətirlərini böyüməyə qoymur, gövdələri dərddən cadar-cadar olur. Kökü məzarlardan dərd soran ağacın gözünün yaşı heç durmur. Bir müddətdən sonra həmin ağac quruyur və külək onu yolun bu biri tərəfindəki ağacın üstünə aşırır... Yolu bağladığı üçün insanlar qurumuş ağacı mişarlayıb evlərinə daşıyırlar. Tənha ağac isə bu itkidən kökünəcən sarsılır, təklikdən əhədi üzülür. Ölmək istəyir, amma ölə bilmir. Çünki, yoldaşı can verəndə tapşırıbmış ki, məzarlardan göz-qulaq olsun. O da yolun digər tərəfinə əyilib olan-qalan çətiriylə məzarların üstünə kölgə salırmış. Bir gün ildırım tənha gərin başından vurub ayağından çıxır, içindəki tənhalığı, sevgini, ölüb torpağa qarışmaq arzusunu bədənində keyidir... Bir il yas saxlayır və yarpaqlamır. Onu kəsmək istəyəndə görürlər ki, gövdəsi hələ yaşdır. Qıymırlar. İkinci il özünə gəlir, təzədən qol-qanad açır. Bütün gücünü toparlayıb əyilmiş qəddini dikəldir, məzarları təzədən kölgəsinə alır. Köklərini yerin daha dərininə pərçimləyir ki, onu heç bir külək aşıra bilməsin... Göydən-yerdən kömək umur, amma nə yanından ötən insanlar, nə də budaqlarında, oyuqlarında yuva quran quşlar onun harayını vecə almır. Qabığını, oduncağını aramsız dimdikləyən sırtıq ağacdələn göz yaşlarına baxmadan ağacı dəlik-deşik edir. Yemək-içməkdən kəsilir, tənhalıq içini günbə-gün yeyir, qəddi əyilir və qol-budaqları öz-özünə tökülür. Daha onun ətrafında oynaşan uşaqlara, dibində pıçıldaşan sevgililərin sevincinə də qoşula bilmir. Bir yandan ölmək, çürüyüb torpağa qarışmış sevilisinə qovuşmaq istəyir, amma digər yandan məzarları da kimsəsiz qoymaq istəmir. Neçə ki canında can var, sevgilisinin vəsiyyətinə sadiq qalmağı qərar verir, – Yaşamaq, kökümdən qopanadək yaşamaq lazımdır! – pıçıldayır... Həmin ağac indi də yorulmadan, heç kimdən heç nə ummadan o qoşa məzarlara kölgə salmaq üçün dimdik durmağa çalışır, ölümlə çarpışır. Bax həmin ağac hamınızın tanıdığı “İldırımın gəri”dir... Bu gün onunla xeyli söhbət eləmişəm. Bilirsiniz nələr danışır bu yerlərin insanlarından?.. – uşaqlar tilsimə düşmüşdü, sinifdə milçək uçsaydı, vızıltısı eşidilərdi. Amma tənəffüs zəngi nağılı yarımçıq qoymuşdu...
    – Müəllim, zarafat edirsiniz? Ağac da danışarmı heç? – sadəlövh qızlardan biriydi soruşan.
    – Dinləmək həvəsiniz olsa, siz də eşidərsiniz onların nə dediklərini...
    – Nə deyirdi İldırımın gəri? – hövsələsiz uşaqlar yerində qurcuxmuşdular.
    – Mən də siz soruşduğunuzu ondan soruşdum, – “Ən böyük arzun nədir?”... Bilirsiniz nə dedi?... – fərəhlə şagirdlərini süzmüşdü.
    – Nə?!.. – heç yerindən durana oxşamırdılar.
    – Kölgəsindəki skamyanı görsədib dedi ki, ən böyük arzum gördüyün o skamyada oturub doyunca yorğunluğumu almaqdır... – səbrsiz gəncliklə əylənməyin dəlisiydi...

    * * *
    Şakir müəllim birdən ayıldı ki, yolunun üstündə nəsə çatmır. Başını qaldırdı. Gərin kölgəsiydi çatışmayan... Ağac yerlə bir olmuşdu. Hələ kimsə fərasətli tərpənib budaqlardan bir xeyli dəstələmişdi, – “Axşamdan yıxılıb“... – gecə küləkli idi. Sərili gövdəni, üstü tumurcuq dolu budaqları xeyli sığalladı, sanki can verən insanın gözlərini qapayırdı. Gərin kötüyü ağ süd zarıyırdı. Bir az oturub ruhu dincliyə qovuşmuş ağacı dinşədi. Özünə təzə dərd düzəltmişdi. Fikir içində saatına baxdı ki, dərsə gecikir...
    Sinif otağı bomboş idi, – “Yoxsa ədəbiyyatdan qaçıblar?”... Müəllimlər otağına qayıtdı, – Doqquzuncular sinifdə yoxdu... – fizika müəllimi jurnal doldururdu.
    – Səhərdən gəlməyiblər. Üç-dörd qız idi, onları da direktor evə buraxdı.
    Evə yol maşınıyla qayıtdı. Şagirdlərindən nigaran idi. Bir də axşamüstü Xaliq kişi onlara gələndə əndişədən qurtardı:
    – Ay Şakir, Allah səni saxlasın, bu uşaqlara nə demisənsə, bu gün ertədən əhədimi üzüblər. Hərəsi “İldırımın gəri”ndən iki qom çilik götürüb, düşüblər üstümə ki, bağlarında nə qədər tut çəkili varsa hamısını calayım. İnan inandığımıza, mən iki yüz calaq deyim, sən dörd yüz bil – ta nəfəsimi kəsiblər, əllərim bıçaq tutmaqdan döyənək olub...
    Səhəri gün birinci saat dərsi vardı deyə ertədən durmuşdu. Axşamkı yuxudan kefi kök idi. “İldırımın gəri”nə çatanda ayaq saxladı. Elə bil ki, burda yerli-dibli ağac olmayıb. Kötüyü də doğrayıb aparmışdılar. Amma onun üzü hələ də sevincdən səyriyirdi, – “Demək ki, öyrətdiklərimiz hədər getmirmiş. Yaşamaq, kökündən qopanadək yaşamaq lazımdır!” – indi məktəbə əvvəlkindən daha qürurla və inamla gedirdi. İndi həmişəki cığırla yox, dümdüz, geniş yolla gedirdi. Eynən yuxuda gördüyü ucsuz-bucaqsız tut bağının ortasından keçirdi bu yol. Sırayla onu salamlayan bu çəkillərin hamısı doğma “İldırımın gəri”nin yadigarları idi...

    04 may 2016-cı il







  • iyul 2022, Rəşid B.

  • 141
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......