...
  • Ətcəbala arzular
  • Rəşid Bərgüşadlı
  • Səhərin gözü təzə açılmışdı. Hürzad ərinin çay-çörəyini, qayğanağını qabağına qoyub adəti üzrə toyuqlarına baş çəkməyə çıxdı. Su qabını doldurdu, qonum-qonşunun həmişə qapının ağzına qoyduğu boyat çörək, göy-göyərti qırıntılarını bir salafana yığıb binanın qabağındakı qaraja yollandı. Həmişə qarajın kilidinə açar salanda ac toyuqlar içəridən qapını dimdikləyər, basa-bas salar, küyüküb bir-birini ayaqlayardılar. Amma bu dəfə... Qapını itələyib açan kimi gördüyü mənzərədən əli ağzında qaldı. Toyuqların on ikisi də tonqal başına yığışan kimi başlarını yerə qoyub dövrələmə “yatmışdılar”. Ayağıyla bir-ikisini tərpətdi, qımıldananı olmadı. Hamısı ölüb qartalmışdı. Çörəyi-suyu yerə atıb evə cumdu. Hövlənak özünü içəri təpdi. Əri qapının ağzında ayaqqabılarını geyirdi.
    – Murtuz, qadan ürəyimə, töyuxlarımız qırılıf! Tez ol, hamısı qırılıf!.. – həyəcandan tövşəyirdi. Murtuz heç tövrünü də pozmadı, dabankeşi divardakı asılqana keçirib, – Cəhənnəmə qırılıf, gorun da dalıncan... Səhər-səhər nöysətini tökmə üstümüzə. Çəkil, işə gecikirəm! – qapını açıq qoyub evdən çıxdı. Hürzad ərinin arxasınca key kimi baxırdı. Pilləkənlərin axırında Murtuz arvadına çöndü:
    – Deyirsən hamısı qırılıf?
    – Hə, hammısı... Baş-başa veriflər, elə bil yatışıflar... – Hürzad ürəkləndi, ərinin üstünə yeridi.
    – Bəlkə həqiqətən yatıflar?
    – Yox, daş kimi qartalıflar, gejədən ölüflər.
    – Yəqin xəstəlik-zad tapıflar – eyni saymazyanalıqla binanın tinində gözdən itdi. Hürzad təzədən qaraja tələsdi. Aralıdan dinşədi, “cip-cip” elədi, əliylə-ayağıyla toyuqları yenidən tərpətdi, – Tova ölüflər... – içi sızladı. Çöməlib hörgü daşının üstündə oturdu. Elə bil çiyinlərindən girvənkə daşlar asılmışdi...
    Bu toyuqlar qaçqınlığın mənasızlığında tapdığı tək təsəlli, ərini işə yola salandan sonra sevdiyi məşğuliyyətiydi. Keçən xoş günlərini kif, toz-torpaq basmasın deyə saxlayırdı bu toyuqları. Təkcə toyuq deyildilər, həm də unudulan xatirələrinin son işartılarıydı. Vaxt vardı öz doğma evində günə iki-üç toyuq kəssə də bu sərvət bitib-tükənmək bilməzdi. Qonaq-qaralı əsir evinin bərəkət nişanıydı bu toyuqlar. Bunları alanda qarnını güdməmişdi. Sadəcə, adətini unutmaq istəmirdi. Onların yerişini-duruşunu, dənləməsini, allı-güllü lələklərini sevirdi. Alabəzək lələklərinə baxa-baxa Allaha hər gün şəhadət gətirirdi. Hər yumurtanı yalaqdan götürdükcə dua edərdi – Verdiyinə şükür, İlahi, min bərəkət! – deyərdi. Allahın bolluq, bin-bərəkət, ruzisiydi bu toyuqlar. Gündə ona beş-altı yumurta verən sərvəti dağılmışdı. Allah öz nəzərini onun bərəkətindən çəkmişdi deyə mat-məəttəl qalmışdı, – “Görəsən nə günah işlətmişəm...” – səndirləyirdi durduğu yerdə. Qumluqda min əziyyətlə qurduğu evciyini biri paxıllıqla dağıtmışdı. – “Görəsən təkcə xoruzun səsi beyninə düşdüyü üçünmü öldürüf töyuxları?” – heç inanmağı gəlmirdi. İçində bir qiyam vardı, amma dilini dişləyib susurdu. Qiyam qaldırmalı şeydimi? “Gəmidə oturuf gəmiçiylə dalaşası ha deyiləm”... Birinin gözünə ağ saldığı üçün hətta üzülürdü indi. Saxtalıqla səmimiyyətin azdığı şəhərin qısıldığı küncündə onu bir az da çətin dalana qısnamışdılar. Bu vicdansızlıqdan insafı mələyirdi. İmkanı olsaydı ağlayardı, amma kiminsə buna görə qəhqəhə çəkəcəyindən ayıb edirdi. O, insanları sevirdi. İndiyədək qarşısına pis insan çıxmamışdı. Bəlkə də Şura da pis adam deyildi. “Amma qorxulu adamdır” – bundan əmin idi. “Görəsən Şura niyə mənim dərdimi anlamır, niyə elə bilir ki, bu töyuxları kefimdən saxlayıram?. A nainsaf, adamın bir üzü sevər, bir üzü nifrət eliyər, sənin heç insaflı üzün yoxdumu? Yox, o məni heç vaxt anlaya bilməz. Onun üçün mən yoxam, məni canlı hesab eləmir o. Dilini də düz-əməlli bilmirəm ki, könlünü alım, qılığına girim... Görəsən bu insafsızlıq onda hardandır? Bəlkə də töyuxlarım şəhər yerinin gözəlliyinə həqiqətən xələl gətirirmiş”...
    Qonşularının çoxuyla elə bu toyuqların səmərəsinə tanış olmuşdu. Çörək, göy-göyərti gətirənlərin hərəsiylə iki-üç dəqiqə söhbətləşmək kifayət idi ki, bu ağbirçək qadının saflıq tilsiminə düşsünlər. Kənddə birinin qəfil ölüsü düşəndə hərə əlinə iki-üç büküm yuxa götürüb gətirərdi ki, uzaqdan duyuq düşüb gələnlər göy-göyərti, pendirlə yavanlıq eləsin. O belə görmüşdü, paylaşmaq onun qanında vardı. Tanımadığı qonşuların onun qapısının qulpundan boyat çörək asmağını da eyni fərəhlə alqışlayardı. Elə bilirdi ki, toyuqları qonum-qonşuyla birlikdə saxlayırlar. Əri həmişə onu danlayırdı, – “Zibillikdə eşələnmə, töyuxlarıŋa dən-arpa al tök! Camahat elə bilir ki, zibillikdən kartof, artıq-urtuq yemək yığırsan!”. Düz deyirdi. Amma neyləsin, şəhər yerində başını nəylə qatsın?..
    Getdikcə nəbzi artdı, bədənini soyuq tər aldı və biləyi ilə alnının tərini siləndə göz yaşlarına toxundu. Özünü saxlaya bilmədi, hıçqırdı, – “Əliŋa qarayaman çıxmasın, qız... Adam da belə iş tutar heç? Mənim varım-devlətim... Yox, ölə bilməzdər, mənim vətən umudum, doğma ojağımın nişanaları ölə bilməz”... – burnunun mütüyü gözünün yaşına qarışdı. Beləcə oturub için-için xeyli zarıdı. Qarajın qapısının açılmağına çöndü. Qonşu Şikufə idi, toyuqlara boyat çörək gətirmişdi. Arvadı görcək ürəyi daha da atlandı, gözünün giləsini sıxdı. Şikufə leş-leşə düzülmüş toyuqlara, o isə yazıq-yazıq qonşusunun üzünə baxırdı.
    – Boy, bunlara nolub, ağız!
    – Töyuxlarımı qırıflar, bajı... Öldürüflər, ay Şukufa, töyuxlarımı zəhərriyif öldürüflər.
    – Nə danışırsan! Kim zəhərləyib, niyə zəhərləsinlər ki?!
    – Xoruzum səhər ertə bannıyanda səsi Şuranın başına düşürmüş...
    – Bəs dünən o xoruzu kəsdin axı...
    – Yaqin ürəyi soyumuyuf dayna, xoruzun qisasın töyuxlardan alıf...
    – Bıy sənin belin qırılsın, Şura! Adam da diri cana qıyarmı!? Qara torpaq səni yesin!
    – İki beçəm böyümüşdü, bannıyırdılar. Səki yekəsini kəsdim ki, qızın hikkəsi azca soyusun. Mən nə bilim ki, imansız belə pəstah çıxardar... Bilsəm elə hamısını kəsərdim...
    – Səni Allahın lənətinə gələsən, belə insan! Didən deşilsin!
    Hürzadın əzizləri, qulaq dostları ölmüşdü, Şikufə də onun dərdinə həyan çıxmışdı. Gözünü silə-silə yarımçıq arpa kisəsini yerə əndərdi. Hıçqıra-hıçqıra toyuqların budunu-döşünü əlləyir, sonra kisəyə yığırdı – Xeylax da irıxdın olmuşdular... – köməkləşib kisəni eşiyə sürüdülər. Hürzad qarajın qapısını kilidlədi, sonra nə düşündüsə, təzədən qapını kələnayı açdı. Altdan yuxarı Şuranın balkonuna boylandı, qatil gözünə dəymədi. İkinci mərtəbədə Firuzə paltar asırdı, – Ağız, bostan oğrusu kimi nədi dartıb sürüdüyünüz?
    – Töyuxlarımdı, qırılıflar... – Hürzadın yarası təzədən qanadı.
    – Yalan deyir, qırılıb-zad eləmiyiblər! Şura ləçər mərgümüşlü dən töküb qırıb, – Şikufə səsini başına atdı.
    – Nə danışırsan, ağız! – Firuzə balkonda gözdən itdi. İki dəqiqəyə onların yanında idi. Kisənin ağzını açıb toyuqları dübarə yerə tökdü. O, həmişə Hürzada yaxşı qonşu olmuşdu, hərdən nəvəsi üçün təzə yumurta da götürürdü. Hər əlinə bir töyuq götürüb üzünü binaya tutdu, – Bu toyuqlara qıyanın Allah bəlasını versin! Dinsiz köpəyin qızı, düş aşağı, sənin saçını yolacam! Şura, ay Şura!.. – qatilin balkonuna sarı qışqırırdı. Hürzad belə olmasını istəmirdi. İstəmirdi ki, onun adına bu binada nəsə pis söz danışsınlar. Odur ki, Firuzənin biləyindən tutub onu kiritməyə çalışdı, – A bajı, bir həvsəlaŋı bas, bəlkə heç o öldürmüyüf...
    Firuzə səsini bir az da qaldırdı:
    – O öldürüb! Sırağagün balkondan öz qulaqlarımla eşitdim. Kərəmin oğluynan söhbət eliyəndə deyirdi ki, qaçqın Hürzadın toyuqlarını zəhərləyib öldürmək mənə borc olsun. Toyuqların qaqqıltısından, xoruzun dəqiqəbaşı banlamağından qulaqlarım tutulur! İnanmırsınız, Kərəmin oğlunu çağırın, ondan soruşun...
    – Elə maŋa da dünən gejə Kərəm qardaşın oğlu demişdi ki, Şuradan göz-qulaq ol, töyuxlarıŋa ziyannıx eliyəjəh. Amma mən nə bilim ki, belə insafsızdıx eliyər. Ağlı başında arvaddı, sözü var mənə desin, ta töyuxların nə günahı var? Dilsiz-ağızsız heyvandılar, adam da belə iş tutar?
    Amma Şura bir göz qırpımında balkonda görünəndə üçü də ona boylandı. Şura xəkəndaza yığdığı zibili balkonaşağı onların üstünə əndərdi. Elə bil Firuzənin başını at təpdi, – Buy sənin zatına nəhlət, qız! Sən bunun tərbiyəsizliyinə baxırsanmı bir! Gör indi sənin başına nə oyun açıram! Ləçər, səni balkondan təpəsiaşağı yerə atmasam dədəmin qızı deyiləm! – hirslə toyuqlardan ən irisini də əlinə alıb özünü verdi pilləkən qəfəsinə. Hürzad özünü güclə ona çatdırdı, – Əyaxlarıŋın altında ölüm, Firuzə, məni el içində ürüsvay eləmə. Demişəm, deməmiş olum. Vallah, heç eynimə də dəyil. Ölüf, qoy cərə ölsün, cəhənnəmə ölsün. Töyuxdu dayna. Sən Allah, gə belə. Tova, Murtuz bilsə ki, binanın qabağında mərəkə düzəltmişəm, tikə-tikə doğruyajax məni. Maŋa yazığın gəlsin, bajı...
    Firuzə onun çiyni üstündən nəyəsə baxanda Hürzad da çöndü. Toyuqları ayağı ilə tərpədən sahə polis müvəkkilini görəndə rəngi ağappaq ağardı. Firuzənin qoluna girib zarıdı, – Batdıx! Murtuza xəbər çatsa, mən öldüm... Ziya bu mehriban qadınların xətrini çox istəyirdi. İndi ölü toyuqları görüb mattım-mattım Hürzada baxırdı, – Hürzad xala, bu yazıqlara birdən-birə noldu belə?
    – Heş zad, ağrıŋ ürəyimə, bir həftəydi ki, kıxıldıya-kıxıldıya qalmışdılar. Gejə də yadımnan çıxıb dən-su verməmişəm, ajınnan ölüflər... – yalan danışa bilmirdi deyə dili topuq vururdu. Ziya gözdən itən kimi Hürzad ikisinin də biləyini möhkəm-möhkəm sıxdı, – Diliŋızı dinc saxlıyın, hayasız arvaddar kimi şivən-qiyamat qopardıf camahatı üzümüzə güldümüyün! Dağılışın eviŋıza. Vallah, dalağım sancıf ki, biejə Murtuz məni şaqqalıyajax... – bir zülmlə Firuzə və Şikufəni ötürüb toyuq kisəsini binanın başındakı zibil qutusuna atdı. Evdə içinin qəhəri boşalanadək ağladı. Oyuncağı əlindən, əmziyi ağzından alınmış körpə kimi özünə yer tapa bilmirdi. Qaraja düşdü, toyuqlardan nə iz qalmışdısa hamısını yır-yığış elədi, fal yumurtanı, toyuğun yuvalarını topladı, daraba ağaclarını yığışdırdı. Onları da zibilliyə tullayanda toyuqları bayaq atdığı qutunu bir də dinşədi – “Bəlkə?.. Amma yox, ölən geri dönmür” ...
    Biş-düşünü elədi. Pəncərələri kip-kip bağladı, qapını arxadan kilidlədi. Yerinə uzandı, nə illah elədisə çimir ala bilmədi. Bir də əri işdən qayıdanda xətircəm oldu. Murtuzun qabağına əriştə qoydu. Yorğun ərinin başına firfira kimi dolanırdı. Murtuz əriştədən bir qaşıq götürüb qabı geri itələdi:
    – Min yol demişəm ki, xəmir xörəyi yeyəndə elə bil mədəmə daş düşür. Götür bunu, yeyif genə düşəjəm öldüm-öldümə. Qayğanaq elə!
    Hürzad soyuducunu açıb yumurtaları əlinə götürəndə burnunu çəkdi. Bunu əri də sezdi: – Töyuxlarıŋın axırı noldu, deyirdin qırılıflar?
    – Atdım zibilliyə... – biləyi ilə yanağını sildi, – Axırıncı yumurtalarıdır... Qayğanağı ərinin qabağına qoyub kətili pəncərənin qabağına çəkdi. Gözlərini qarajdan çəkmirdi.
    – Pəncərəni aç, bir az hava dəyişsin, istidən partdadım.
    Hürzad azca pəncərəni araladı:
    – Ta qapını, pəncərəni heş vaxt açıx saxlama. Bu nainsaf Şura birdən içəri zəhərri qanfet-zad atar, bilmənik...
    – Deyirsən yəni töyuxlarıŋı Şura zəhərriyif?
    – İmanımı yandıra bilmənəm, amma oyrəli Kərəm qardaşın oğlu deyirdi ki, Şura töyuxlarıŋızı zəhərriyif öldürəjəh, xoruzun səsindən yata bilmirmiş.
    – Kefıŋı pozma, rayonnara əyağım düşəndə başqasın alaram... Əllərıŋı yumuşdunmu, zəhərriyif öldürərsən bizi... – əri bunu deyəndə elə bil Hürzadın ürəyi yerinə gəldi, kətili yaxına çəkdi, – Murtuz, deyirəm bəlkə bu binadan köçüf başqa yerə gedək...
    – Səy-səy danışma! – yataq otağına keçib yerinə yayxandı.
    …Aradan üç gün keçdi. Sahə müvəkkili və yanında da iki nəfər Hürzadın qapısını döydü.
    – Hürzad xala, qarajın qapısını açardınmı, bəzi şeylərə baxmaq istəyirik. Dinməz-söyləməz qarajın açarını götürdü, çustlarını ayağına keçirib qabağa düşdü. Qarajın qapısını açıb qonaqları içəri ötürdü. Ziya ilə gələnlərdən biri soruşdu ki, – Xala, qaraj özünüzündürmü, sənəd-sünədi varmı?
    – Bizimdi, ağrıŋ ürəyimə, evi alanda ev yiyəsi üstündə pay vermişdi. Amma sənəd-sünədi yoxdu. Kişi bir-iki dəfə istədi sənəddərin düzəltsin, amma güjümüz çatmadı.
    – Toyuqlarınızın ölüsünü harda tapmışdınız, necə ölmüşdülər?
    – Nə toyuq, qadalarıŋı alım? – qorxa-qorxa gözlərini Ziyanın ağzına zillədi.
    – Heç nədən çəkinmə, Hürzad xala, sən sadəcə toyuqlarının öldüyü yeri göstər, – Ziya fotokameranı çıxardı. Hürzad cansız toyuqları necə gördüyünü danışdı. Qonaqlar torpaqdan nümunələr götürüb getdilər. Murtuz günorta yeməyinə gələndə Hürzad özünü hövlənak saldı onun üstünə, – Murtuz, qadaŋ ürəyimə, böyün polisdən gəlmişdilər. Töyuxlara görə... Qaraja baxdılar, bir az torpax da götürüf getdilər. Göydəki Allaha, yerdəki Qurana, anamın qərib goruna and olsun ki, mən xəbərrəməmişəm...
    Amma axşam binanın qabağında səs-küyə çıxan Murtuz qayıdıb gələndə arvadına dedi ki, – Sənin bu Şuran başdanxarabın biriymiş. İki il bundan qabaq öz ərini də siçan dərmanıynan zəhərriyif öldüfmüş. Evini doldurub zir-zibilnən, boş şüşə qablarıynan. Polisdər tutub apardı. Sənin töyuxlarıŋı da öldürdüyün elə pilləkəndəjə boynuna alıf...
    Hürzad əliylə ağzını qapadı, gözləri xəbərdən bərələ qaldı, – Nə danışırsan!.. Boy, bajı... Bu nə oyunuydu düşdük! İndi deyəjəhlər ki, mən polisə xəbərçilik eləmişəm. Allah başıŋa daş salmasın, ay Şura, yazıqsan... – yerinə girənədək evdə obaş-bubaşa vargəl elədi. Eşiyə çıxıb arvadlardan bir xəbər öyrənməyə də xəcalət çəkirdi, – “Hammısın xəbərriyən Firuzədir, qoy bir əlimə keçsin!” ...
    Əri işdən qayıdanda teleseriala baxırdı. Qapının səsinə televizoru söndürüb girişə tələsdi. Qapını açanda gördü ki, Murtuz qucağında karton yağ yeşiyi tutub, üzü də gülür. Hürzad eşitdiyi cücə civiltisinə ruhunu salıb itirdi. Əri ona cücə almışdı!.. Sevincək yeşiyi alıb qapağını açdı, – Həm də allı-çilli kənd töyuğunun cüjələridi!.. Saŋa qurban olum, Murtuz, səni görüm neyniyim-nejeliyim demiyəsən – cücələri bir-bir, iki-bir ovcuna götürüb öpür, zərif tüklərini üfləyir, sevincindən gözlərinin yaşına da fikir vermirdi. Utana-utana başını ərinin çiyninə söykədi, – Atan-anan behiştlik olsun, Murtuz. Sən çox yaxşı adamsan, Allah ürəyiŋa görə versin.
    – Neçəki canım sağdı, bu evdə inqubator toyuğu, zəhərri yumurta yeyilmiyəjəh. Demişəm, sabah yanıbalalı kürt töyux da gətirəjəhlər. Mən heç irazı olarammı ki, mənim Hürzadım vətən xiffəti çəksin?..
    Hürzadın əlindən ağlamaqdan başqa bir şey gəlmirdi. Bu dəfə içi atlana-atlana, həm də sevinə-sevinə ağlayırdı. O yenidən öz vətəninə qovuşmuşdu və ürəyinin altında təzədən kəlməyi-şəhadətini oxuyurdu. Şikufəyə, Firuzəyə xəbər verməyə tələsirdi ki, "Siz Allah, qonşulara da tapşırın, çörək qırıntılarını, göy-göyərtini zibilliyə atmısınlar, Murtuz maŋa təzə cüjə alıf...

    11 aprel 2015-ci il





  • iyul 2022, Rəşid B.

  • 243
Belə Ayrılıq Olmur

Dəhnəli Məmməd Hacızadə

Dərddi dərdə calanan, hey üst-üstə qalanan. Baxma ki ortalıqda iztirabdı dolanan, . Dözmərəm göz yaşına, qəm dolu baxışına. Qəlbimdəsən getsəm də, dünyanın o......

Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......

Daha Səsləməyir Dan Yeri Bizi

Dəhnəli Məmməd Hacızadə

Göydə ay,ulduzlar yerdə sən və mən, Bir onlar oyaqdır, bir də, sən və mən. Qapılıb gecələr xoş xəyallara, Onlar bizə baxar, biz də onlara. Qalardı......

Ağ dumanın içindəki görən kor (fəlsəfi hekayə)

Tural İsmayılov

Atam deyirdi ki, dünyanı görmək üçün göz lazımdır, mən isə indi buna şübhə edirəm. O kitabı – vərəqləri künclərindən didilmiş, cildi günəşdən solmuş o qəribə......

Zaur Ustac - Zenitdəki Zenitçi

زائـــور اوستاج

Zenitdəki Zenitçi (oçerk) Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin......

Sona İsmayılova – Zakir Kaya’nın Medya ve Yayıncılık Çalışmaları

زائـــور اوستاج

Röportaj Editör Girişi Dr.profesor Zakir Kaya, Türkiye merkezli araştırmacı gazeteci, yazar olarak medya, yayıncılık ve edebiyat......

Araşdırmaçı jurnalist Zakir Kaya: Media, Ədəbiyyat və Müstəqil Düşüncənin Kəsişm...

زائـــور اوستاج

Müsahibə Mətni Müasir mediada sürət, görünürlük və rəqəmsal intensivlik artdıqca, məzmun istehsalının keyfiyyəti və......

Zaur Ustac - Mən

زائـــور اوستاج

Mən “Sizin yanınızda oturmaq istəyirəm” … (Qəndab – Ara-sor məni) Hər gün oyananda səhər mehində, Sübhün şəfəqində, danındayam mən. Telinin cığasın pozan küləyəm, Hər zaman......

Zaur Ustac - Aşiq gecələr

زائـــور اوستاج

Aşiq Gecələr (Qəndab – Aşiq gecələr) O zülmət gecənə şam olum, gülüm, O gül cəmalına aşiq gecələr! “İşıldaquş”ların işığı vecsiz, Əriyən mumlara aşiq gecələr! Pərvanə......

Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

زائـــور اوستاج

Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil......