...
  • Dostum Qulam
  • Rəşid Bərgüşadlı
  • Elat köçəndə bir çobandan almışdım bu iti. Sol gözünün üstündə ona şirinlik verən qara qaşqası vardı. Hamı deyirdi ki, qulaq-quyruğunu kəsməsən bundan it olmayacaq, amma özümə sitəm elədim, qoymadım itə əl vurmağa. Mənimlə birgə böyüdü və bir-birimizə o qədər isinişdik ki, mənsiz qalanda yolağanın ağzını kəsdirib zingildəyirdi. Bir dəfə evdə kimsə olmayanda onu otağa salmaq istədim. Yatağımı, kitablarımı, sevdiyim qızın şəklini göstərmək, yazdığım sevgi məktublarını ona oxumaq üçün. Girmədi. Bildi ki, qardaşım və anam onun evə girməyinə razı deyillər. İsrar etmək istədim, balağımdan yapışıb məni eşiyə dartırdı, – “Gəl çöldə oynayaq”. Evimizi qoruyan keşikçi, mehr saldığım əsl dost idi. Adını “Qulam” qoymuşdum. Niyəsini bilmirəm, sadəcə ağlıma gələn ilk ad bu olmuşdu. Bir dəfə Qulam adlı kişi gəlmişdi bizə, onda istəmişdim adını dəyişim, hətta bir-iki gün “Bobik” çağırdım, gördüm ki, devikib üzümə baxır, yəni, – “Bobik hardan çıxdı?!”...
    Sənədlərimi ali məktəbə vermişdim. İmtahanlara hazırlaşırdım. On gündən sonra qəbul imtahanlarım başlayırdı. Qulamla az vaxt keçirməli olurdum. Bir dəfə gördüm ki, yolağanın ağzında uzanıb ləhləyəyir. Sığallamaq istəyəndə gördüm yaralıdır. Kürsək itlərilə boğuşubmuş. Xeyli arıqlamışdı. Yal düzəltdim, yemədi. Yorğun gözləriylə məni xeyli süzüb məhlədən çıxdı. Nə qədər çağırdımsa vecə almadı məni. “Nə olub buna!?” – heyrət qalmışdım dostumun küskünlüyünə. Arxasınca düşdüm. Uçuq kalafalardan birinə girdi. Bir qancıq içəridə uzanıb balalarını yalayır, Qulam da üzünü qancığa sürtürdü.
    – Ay səni, xatakar! Sən nə vaxt aşiq oldun!? Hələ bunun balalarına bax... – gözləri təzəcə açılmış küçükləri sığallamaq istəyəndə qancıq üstümə mırıldandı. Kaş Qulamın necə hirsləndiyini görəydiniz... Qalxıb qancığın üstünə necə hirsləndi.., – “Səni iti qovan kimi qovaram, dinc dur, o mənim dostumdur!” – rəsmən bunu deyirdi zəhmi. İt deyildi elə bil, qeyrətli bir kişiydi mənim Qulamım. Evə qaçdım. İri bir ləyəndə yal düzəltdim, gətirib qabaqlarına qoydum. İki sevgili ləyəni boşaldıb bir-birinin ağzını yalayırdı. Küçüklər ayağıma dolaşırdı. Onlar indi mənə də doğma idi. Balalarını sığalladıqca Qulam da mənim əlimi yalayırdı, – “Çox şirindirlər, hə?”... Karton yeşikdə onları həyətə daşıdım. Anaları yolağaya qədər gəldi, içəri girməyə çəkindi. Qulam ev sahibi kimi yenə onun üstünə “çımxırdı”, – “Di az naz elə! Çəkinmə, öz evimizdir”. Balaları yolağanın ağzına qoydum ki, anası da məhləyə isinişsin. Sərin düşənədək balalarının başının üstündən çəkilmədilər. Onlara toyuq hinimizin yanında taxtadan daxma düzəltdim. Çox xoşbəxt idilər, əlimi-ayağımı yalamaqdan doymurdular. Dostlarım küçüklərdən bir-ikisini götürmək istədi, vermədim, heç qıyardımmı dostumun övladalarına...
    Sabah Bakıya yola düşürdüm. Axşamdan kostyumumu beş-altı dəfə geyib çıxarmışdım. O gecə bir-iki dəfə eşiyə çıxdım, hər dəfəsində dostumu qapının ağzında uzanan gördüm. Qüssəliydi, ayrılıq ürəyinə dammışdı. Ha könlünü aldım, bir nəticəsi olmadı, – Vallah, həmişəlik getmirəm. Uzağı bir həftəyə qayıdacağam... – yenə mısmırıq sallamışdı, rəsmən küsmüşdü məndən...
    Obaşdan yolun qırağında avtobus gözlədiyim müddətdə Qulam gözümə dəymədi, düşündüm, – “Gecə yatmayıb, yuxusun alır yəqin”. Anamgil arxamca su səpib “İkarus”a mindirdilər məni, pəncərədən ha boylandım Qulamı yenə də görə bilmədim. Avtobus kəndin ortasına çatanda nə görsəm yaxşıdır... İnanılmaz şey idi – Qulam bütün ailəsini düzmüşdü yolun qırağına, – İlahi, o məni gör harda gözləyirmiş!.. – maşın onların qənşərinə çatanda avtobusa təpildi. Az qalmışdı təkərlərin altında qalsın. Pəncərədən nə qədər üstünə çımxırdımsa, əl yellədimsə xeyiri olmadı. Beş toppuş küçük də şöhtüyə-şöhtüyə analarıyla birlikdə Qulama çatmaq istəyirdilər. Balacalar tez yoruldu, anaları da onları gözləməyə məcbur oldu. Amma Qulam biz kəndi çıxana qədər avtobusun təkərlərini dəli kimi gəmirə-gəmirə maşını saxlatmaq istəyirdi. Sürücü, – Çər dəymiş itin yavalığına bax ey sən! Yiyəsi ölmüş!.. – sinirlərim gərildi. “Yoxsa düşüm?” – tərəddüdd içindəydim...
    Qonşu kəndi keçirdik. Keçib arxa pəncərədən baxdım, dili bir qarış çöldə hələ də dalımızca qaçırdı. – Yox, ürəyi partlamayınca əl çəkən deyil!.. – mızıldandım. Sürücüyə qışqırdım: – Saxlayın maşını!
    – Nə?! – yoğun boynuyla güclə arxaya qanrıldı.
    – Saxlayın, düşürəm!..
    – Düşürsən? Bəs anangil tapşırmışdı ki, göz-qulaq olum səndən...
    – Daha gedəsi olmadım...
    Avtobusu yolun kənarına verib saxladı. Çantamı da götürüb düşdüm. Qulam mənə çatanda qan-tər içindəydi, dilini yığıb-yığışdıra bilmirdi, ürəyi partlamaq üzrəydi.
    – Di sakitləş, getmirəm... – boynunu qucaqladım. Yazıq-yazıq zingildədi, üzümü yaladı. Sürücü bir də səsləndi, – Son qərarın nədir, gedirsən, ya qalırsan?.. İt açıq qapıdan sürücüyə dürtülmək istəyəndə güldüm, – Görmürsən, qoymur getməyə. Sizə yaxşı yol, mən qalıram.
    Əlimdə çanta payi-piyada geri döndük. Qulam sevindiyindən bilmirdi neyləsin, elə hey şitənirdi. Küçüklərin yanına çatanda baxdım ki, Qulam üst-başımı kir-pasaq eləyib. Küçüklər bizi görən kimi üstümüzə cumdular. Anasının isə heç tükü də qımıldamadı, yersiz yerə nazlanırdı. Bütün dişilər qısqanc olur – yəqin elə bilib ki, Qulam onu atıb gedib. Dostum gözünün ucuyla da baxmırdı ona, – “Küsürsən, cəhənnəmə küs, mən istədiyimə nail oldum”... – bunu gözlərindən oxuyacaq qədər simsar idik Qulamla...
    Üst-başımı toz-torpaq içində görəndə evdəkilər əvvəlcə hürkdülər, amma məsələdən agah olandan sonra atam qapazı təpəmə endirdi, – Al e, kül olsun sənin sərək başına!.. – hələ yan-yörəmizdə yalmanan dostuma yağlı bir təpik ilişdirdi. Bu, Qulamın indiyədək yediyi ilk təpik, ailəmizdən gördüyü ilk təhqir idi. İt zingildəyə-zingildəyə öz daxmasına qaçdı... Əynimi dəyişdim və qəbul etdim ki, bir neçə gün valideynlərimin, qardaşımın tənəsinə dözməliyəm...
    Elə həmin axşam televizorda xurd-xəşil olmuş avtobusumuzu göstərəndə heyrətdən hamının əli ağzında qaldı. Mən mindiyim “İkarus” yarıyolda yük maşınıyla toqquşub və iki nəfər ölübmüş, – Bu necə ola bilər axı, Qulam qəza olacağını qabaqcadan bilirmiş?.. Atam dünən vurduğu təpiyin yerini sabah yüz kərə sığalladı, – Keç günahımdan, Qulam, mən hardan bilim sənin nələr duyduğunu... – könlünü alırdı. İndi həyatımı Qulama borcluydum...
    Aradan çox keçmədi, iş elə gətirdi ki, atam dünyasını qəfil dəyişdi. Dərdimi Qulam da səngidə bilmirdi. Dostum isə sürətlə qocalırdı, daha əvvəlki kimi zirək deyildi, vaxtının çoxunu yatmaqla keçirirdi. Küçüklər böyüdü, əvvəlcə anaları, sonra da bir-bir özləri Qulamı tərk etdi. Analarını başqa bir itlə yavalıq edəndə görmüşdük. Qulam bundan çox sarsılmışdı. Ürəyimin qübarını boşaltmaq üçün qəbristanlığa tək gedərdim, doyunca ağlayıb içimi boşaldardım. Bircə qəbristanlığa getdiyimi biləndə dalımca düşürdü Qulam. Mən evə qayıdırdım, o isə bəzən qəbristanlıqda ləngiyirdi. Atamın dəfnini görmüşdü və elə bilirdi ki, bir gün torpağı qaldırıb qalxacaq, yenə də onu sığallayacaqdır. Amma son zamanlar ölümün haqq olduğunu o da anlamışdı.
    Bir gün Qulam yoxa çıxdı. Ha səslədim, axtardım onu tapa bilmədim. Axşamüstü Əbdül kişi dedi ki, Qulamı qəbristanlıqda görüb. Getdim. Zavallı dostum atamın sinədaşına qısılıb canını tapşırmışdı. Gözlərim qaraldı gördüyüm mənzərədən. Külüng-bel götürüb qəbristanlığın çölündəki “Papaq” dağının yalında məzarını qazdım. Bilmirəm, duaların ölmüş heyvanlara faydası var, yoxsa yox, amma hər dəfə dostumun da qəbrini ziyarət edib ruhuna dua oxuyuram...

    28 mart 2015-ci il
  • iyul 2022, Rəşid B.

  • 105
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......