...
  • Doğanaq
  • Rəşid Bərgüşadlı
  • Yetimi həyata bağlayan tellər az olar, başqalarına baxanda günü-saatı bitmək bilməz, amma yenə də əlində-ovcunda dərddən qeyri bir şey qalmaz... Loğman kimsəsizlər evində böyümüşdü. İlk şər 8-də oxuyanda ürcahına çıxdı. Yaşıdları ondan bir sinif aşağı oxuyan Nuranənin bəkarətini pozmuşdular. Müəllimlər qızın üstünə tökülüşüb müqəssirin kimliyini soruşanda Nuranə onun adını vermişdi. Tərbiyəçi Təvəkkül onu sillə-təpiyin altına salanadək adam şərləməyin nə olduğunu anlamırdı. Axı o Nuranənin ən yaxın dostu idi, bütün günü birlikdə olurdular... Düzdür, xeyli vaxt ondan xəcalətli gəzən Nuranə ilk addımı atdı, – Məni qoxutdular, dedilər ki, sənin elədiyini desəm daha yaxşı olar. Onlar hamısı mənim qardaşlarımdır, xətirlərini çox istiyirəm, ancaq sən onların hamısından daha əzizsən. Həm də sən məni alacaqsan axı... – onsuz da müdiriyyət məsələnin üstünü çoxdan ört-basdır eləmişdi. Həqiqətən də Nuranə onu hər kəsdən çox istəyirdi. Sonradan dostları da Loğmandan üzrxalıq elədilər.
    Kimsəsizlər evini tərk edəndən sonra peşə məktəbinə düzəldi. Yataqxanada yer ala bilmədi, zirzəmilərdə gecələdi. Sonra bəxt azacıq üzünə güldü və karate müəllimi Elşadla tanış oldu. Yumuşaq tataminin üstündə sərilib yatdı. Məşq olmayan vaxtlarda bütün idman ləvazimatları, hamam və zal onun sərəncamındaydı. Zalı silib-süpürürdü, əvəzində, uşaqların, Elşadın gətirdiyi pay-püşlə qarnını doyururdu. Elşad onun xətrini çox istəyirdi, hətta bəzi döyüş fəndlərini öyrətmişdi ona. Bu fəndlərin altını çox çəkəsi oldu. Maşınyuma məntəqəsində işləyib qazandığı qəpik-quruşla dinc yaşamağa təzəcə alışmışdı ki, müdiri ilə dilləşdi. Maaşını kəsib aradan çıxmaq istəyən şefi onun biləyini şüşənin arasında sıxıb əzdi. O da kişini maşından yerə salıb üç barmağını qanırıb kökündən qırdı. Elşad onu polislərin əlindən güclə qurtarıb hərbi komissarlığa təhvil verdi. Hərbi xidmətə bir-iki gün də geciksəydi onu tutasıydılar. Amma əsl həbs onu hərbi xidmətdə gözləyirdi. Onu alçaltmaq istəyən serjantın körpücük sümüyünü xıncım-xıncım elədi. İki il iş verdilər ona. Bir il içəridə yatdı. Sonra əfv olundu. İndi bir həftəlik evə buraxmışdılar onu, amma gedəcək evi yox idi...
    Böyük çillənin sırsırası adamın ayaq barmaqlarını kəsirdi. Gen çəkməsinin içində barmaqlarını yığıb-açırdı ki, az da olsa qan getsin. Bir həftəni necə başa vuracağını düşünürdü. Alnına yetimlik yazan Allaha sığınmalı deyildi ki... “Heç olmazsa orda müftə yemək-yataq verirlər” – yeməyin, yatacağın xatirinə qayıtmalıydı xidmətə. “Yoxsa bu vətən mənə nə verib, kimin üçün qorumalıyam bu torpağı?” – sevgi deyilən nəsnə ona yad idi... Elşadı axtardı, tapmadı, karate məktəbinin yerində indi mağaza idi. Onda ilk ağlına gələn Nuranə oldu. “Ərə getmiş olar yəqin”... – hələ əsgərlikdən qabaq keçmiş dostlarından biri demişdi ki, qız “20-ci sahə” tərəflərdə, neft buruqlarına yaxın köhnə gözətçi daxmalarından birində yaşayır...
    Nuranəni xeyli soraqladı, yerini bilən, tanıyan olmadı. “Yetimin üzünə bəxt nə vaxt gülüb ki?”... – əli ətəyindən uzun şosse yola çıxhaçıxda arxası ona tərəf çöməltmə oturub əyiş-üyüş teştdə paltar yıxayan qız diqqətini çəkdi. “Heç oxşamır, amma yüz faiz odur” – tərəddüdlə qıza yaxınlaşdı. O, şüurunun altındakı nəsnəyə həmişə inanırdı və əmin idi ki, indiyədək zənni onu heç vaxt aldatmayıb.
    – Nuranə?.. – ehmalca səsləndi. Qız əvvəlcə yanpörtü çönüb onu süzdü, sonra devikdi və birdən kəsilməyə aparılan öküz kimi gözləri böyüdü:
    – Loğman!? – dikəlib ona sarmaşdı. – Yassarın biri, yassar! – gözü dolmağa imkan tapmamış biləyindən yapışıb arxasınca taxta daxmaya sürüdü. Qapını ayağıyla itələyib örtdü. Tələm-tələsik özünün, Loğmanın paltarlarını az qala cırıb çıxartdı, əsgər çəkmələrinin ipini açmağa səbri çatmadı. Paltar yükünün üstünə sərilib bir-birinə sarıldılar. Tövşədikcə nəfəslərindən buğ qalxırdı. Dəmir çarpayı qızın vəhşi ehtirasına tab gətirmirdi. Coşduqca coşdular. Loğman başını dikəldib qaytan kimi gəriləndə qarşı otağın açıq qapısından çarpayıda uzanmış yaşlı kişinin hüznlü nəzərləriylə qarşılaşdı. Bu gözlərdən lənət püskürürdü. Gec idi, utanmağın, sıxılmağın özü belə gec idi... Qoca ona dişlərini qıcadı, sonra ulduzlara hürən it kimi boş-boşuna hıqqanıb udqundu, nəsə demək istədi, amma uddu demək istədiklərini. Üzünün rəngi saralıb-solmuş, gözləri çuxurunda itmiş, üzünü ağ tük basmışdı. Ölüvay və titrək əlini köhnə yan tumbanın küncünə dirəyib barmaqlarının ucuyla irəli “iməkləyirdi” – balaca zəngin düyməsini basmaq istəyirdi. Nuranə hələ də altda ehtirasla qurcuxur, Loğmanın belini, çiyinlərini, əndamını cırmaqlayırdı. Pıçıldadı, – Mənim kişi qırığım, insan səninçün nə qədər darıxarmış...
    – Bu kişi kimdir? – Loğman çənəsiylə yan otağı göstərib eyni tonda pıçıldadı. Nurana qanrılıb açıq qapıya baxdı, – Key Mahmudu tanımadın yoxsa! Narahat olma, iflicdir, nə danışa bilir, nə də ağlı başını girləyir. Adam-zad da tanımır... – ondan əl çəkmək istəmirdi, inildəyir-ufuldayır, Loğmanı “çağırırdı”. Loğmanı isə xəcalət bürümüşdü, qoca baxışlarıyla onu tilsimləmişdi. Xatırlayırdı key Mahmudu, amma məəttəl qalmışdı onu burda görməyinə.
    – Bəs o burda nə gəzir?
    – Uzun söhbətdir, sonra danışaram, gəl davam edək, mən yenə istəyirəm... – Nuranənin əsl təbiəti yataqda üzə çıxırdı. Dostları o vaxt növbəylə qızın yanından çıxıb dəli dana kimi sevincək tızırıqlananda, o, qızı hamıdan daha yaxşı tanıdığından əmin idi. Nuranə ondan heç nəyi gizlin saxlamazdı. Hətta, bir az əvvəlki oğlanla necə sevişdiklərini ən xırda detallarınadək Loğmana danışardı.
    – Yox, bunun gözünün qabağında bacarmaram... – qalxıb şalvarını düymələdi. Mahmudun otağına keçdi. Qan daman həmin yanaqlardan bir əsər-əlamət qalmamışdı. Titrəyən dodaqları hələ də lənət yağdırırdı. Loğman lənəti qoxusundan, baxışından, səsindən, tamından tanıyırdı. Lənəti hətta qara qarğa şəklində həbsdə olarkən yuxuda görmüşdü. Qarğa yerlə göyün arasında sərgərdan qalmışdı. Göyə şığayırdı, göy qapısını açmırdı, yerə cumurdu, yer qapılarını üzünə bağlayırdı. Səs-küylə özünü ora-bura çırpır, qonmağa nəsə tapa bilmirdi. Həmin vaxt Loğman Allaha yalvarırdı ki, atası tapılsın. Qarğa qəfil onun səsinə cummuşdu. Caynaqlarını onun səsinə keçirib Loğmanın içində əbədi məskən salmışdı. İndi Mahmudun dodaqlarında o qara qarğanın çırpındığını görürdü. Üzünü yana əyəndə gözünün yaşı yanağında diyirlənib tüklü üzündə yox oldu. Bu saat Mahmudun udqunduğu qan-yaşın duz tamını öz xirtdəyində duyurdu. Bunların hamısı eyni lənət idi. Əmin idi ki, onu yetim qoyan da kiminsə bu cür lənəti olub. Səsi kəsilmişdi, sanki qara qarğa səsini dimdikləyib qanatmışdı.
    Nuranə onu arxadan qucaqladı. Barmaqlarını göbəyində daraqlayıb çənəsini çiyninə qoydu, qulağının arxasından öpdü. Loğman qızın barmaqlarını aralayıb yanına saldı.
    – Yaxşı, sən doyunca Mahmuda bax, mən də yeməyə bir şey hazırlayım, – qız onu otaqda qoyub könülsüz eşiyə çıxdı.
    Ayaqları laxlayan taxta kətili altına çəkdi, xəstəyə sarı əyildi, – Məni tanıdın, Mahmud dayı? – xəstənin nəzərləri indi tavanda bir nöqtəyə zillənmişdi. Bu susqunluğun yaşı çox idi, bu təpimiş dodaqlardan axırıncı dəfə söz, Allah bilir nə vaxt çıxıb... Mahmud onlara qarşı pis olmamışdı. Həm bağban işlərinə baxırdı, həm də qazanxanaya nəzarət edirdi. O da kimsəsiz idi və qocalar eviylə körpələr evinin yerini dəyişik salmağına həmişə lağ edirdilər. Yetimxananın ən böyük yetimi deyirdilər Mahmuda. Uşaqlar hərdən yer belləmək, suvarma işlərində ona yardım edir, arada isə cırnadırdılar. Mahmudun yaman iştahı vardı, uşaqların qabağından qalan artığı da ləzzətlə yeyərdi. Uşaqlar ona keks, ya peçenye verəndə məmnuniyyətlə alardı. Yanaqları qıpqırmızı olardı Mahmudun. Bir az fərsiz və fağır olduğu üçün qoymuşdular “key” ayamasını.
    Cavab gözləmək havayı söhbət idi. “Xəstəlik və zəiflikdən başqa bütün hisslər onda çoxdan ölüb” – Loğman qızın dalınca həyətə çıxdı. Nuranə hörgü daşlarının arasında ocaq qalayırdı.
    – Nə bişirirsən? – qazanın qapağını qaldırıb baxdı, qız kartof qaynadırdı.
    – İstəsən elə soyutma kimi ye, ya da püre eləyim... – qızın heç nə vecinə deyildi. Nuranənin azca kallaşmış səsinə gülümsündü:
    – Hansını bacarırsansa onu bişir, mənimçün təfavütü yoxdur. Yekə qız olmusan, amma hələ də ağlın topuğundadı – qızın bayaqkı çılğın ehtirasına işarə edirdi, – Böyümüsən, maşallah...
    – Gör neçə il keçib, deyirsən həmişəlik uşaq qalım?
    – Mahmudla hardan cütləşmisiniz belə?
    – Keçək içəri, hava soyuqdur çöldə. Biri-birimizə danışaq indiyədək başımıza gələnləri... – qoluna girib onu otağa apardı. Əlinin hisini kirli dəsmala silib bayaqkı yataqda Loğmanla yanaşı oturdu. Loğmanın gözü gah Mahmudda, gah da qızın ağzındaydı. Bilirdi ki, bu illər ərzində çox şey olub və Mahmudla elə-belə göydən düşməyiblər bu neft mancanaqlarının arasına. Handan-hana qız dilləndi, – Sənə bir şey desəm inanarsan? – utanan görməmişdi Nuranəni, amma bu dəfə yanağı azca qızarmışdı və üzü ciddi idi.
    – Həyat bizə nələri inandırmayıb ki...
    – Key Mahmud mənim ərimdir... – elə bil qızın üzünə qırmızı pərdə çökdü, – Həm də sənin atanmış Mahmud... Təsəvvür edirsən, biz sənin atanla ər-arvadıq?..
    Elə bil Loğmanın kürəyinə qaynar qazan əndərdilər, – Nə ər, nə ata!? – dik atıldı, yıxılmamaq üçün çarpayının dəmirindən yapışdı. Mahmuda tərəf boylandı. Xəstənin dodaqlarındakı lənət sönüb səngiyirdi...

    * * *
    – Heç nə demə, daha səni eşitmək istəmirəm! – iki saatdan çox idi ki, qızın onun boynuna qoymaq istədiyi yükün altında can çəkirdi. Qışqırmaqdan dil-ağzı təpimişdi. Nuranənin şappadan dediyi xəbər, hələ, üstəlik, bunu əsaslandırmağa çalışması onun əhədini üzmüşdü. Azı iyirmi dəfə Mahmudu xirtdəkləmişdi, – Danış, atamsanmı?! Atamsansa niyə məni atmısan?! Anam kimdir, sağdırmı, qohum-əqrəbamızdan tanıdığın varmı?! – əlinə kağız-qələm vermişdi quruca söz qoparmaq üçün. Amma daşdan səs çıxırdı, key Mahmuddan yox...
    Nuranəni sillələdi, – Niyə dili tutulub bu şərəfsizin, neyləmisən bu əclafa!? – iş orasındadır ki, heç vaxt onu yanıltmayan zənni də Nuranə deyəni deyirdi. Nuranə əllərini göynəyən yanaqlarından götürüb Loğmanın boynunu qucaqladı. Özündən itələyəndə qız divarın dibinə çökdü. Gözünün yaşı durmaq bilmirdi:
    – Məni həyatda tutan siz oğlanlar, sizinlə birlikdə keçən xatirələrimizdir. Gördüyün Nuranədən məndə əsər-əlamət yoxdur, mənimçün heç bir əyləncə, keyf hissi də qalmayıb. Siz dağılışandan sonra Mahmudla tək qaldım. Məcburən bir-birimizə sığındıq. Yoxsa, kimim var mənim. Deyirlər başqa yerlərdə çəmənliklər, gül-ciçəkli düzlər, bulaqlar axan dağlar-dərələr var. Bunların mənə heç dəxli yoxdur, bunlar mənimçün yaradılmayıb. Allah o güllükləri sevdiyi bəndələri üçün yaradıb, mən o bəndələrin arasında yoxam. O, məni sevdiklərinin sırasında görmək istəmir. Allahın məni görməyə gözü yoxdur, zəndeyi-zələsi gedir məndən. Bu yaşımadək Allahın bir yardımını görməmişəm... Öyrəşdiyim-bacardığım bircə sizinlə sevişmək idi, onu da Mahmudun adını üstümə götürəndən sonra yadırğamışam.
    – O vaxtlar səninlə sevişmək arzusunda olmayan bir tək mən idim. Sən özün məni altına aldın! Səni bacı kimi axtarırdım, amma sən yenə zorladın məni... – çığırmaqdan içi titrəyirdi Loğmanın.
    – Hə, zorladım. Səni gördüm, neçə ildən sonra yenidən özüm oldum. Məni siz belə öyrətmisiniz, bundan başqa heç nə gəlmir əlimdən... Nolar yetim olanda, yetim də sevməyi bacarır, onun da arzuları var. Elə bilirsən hər gün eyni boz torpağı, yarıuçuq daxmanı, iflic Mahmudu, neft quyularını görməkdən bezməmişəm?.. Səni bilmirəm, amma mən özümü adam siyahısında görmürəm. Ölüm sırası ən tez bizə çatacaq, bircə bundan əminəm. Ölüm gələnədək saman çöpü də olsa yapışmaq istəmişəm, yaşamaq istəmişəm. Birlikdə keçirdiyimiz günləri xatırlayanda ölümü unuduram, yorğunluğumu atıram. Xatirələrimdə iyrənc də olsa qalan tək şey, uşaq evinin divarları arasında, iylənmiş yan otaqlarda, soğan anbarında, ayaqyolundakı sevişmələrimizdir. Sizsiz necə yaşadığım özümə də qəribə gəlir. Səni gördüm və anladım ki, bu dinc həyat dərd və kədərmiş. Göydəki ayı sizin gözləriniz kimi təsəvvür etmək bilirsən nədir? Ulduzların hərəsinə birinizin adını qoymuşam...
    – Ax.., Nuranə, Nuranə! Bu xəbərin yalan, zarafat olması belə adamın belini qırır... Atam varmış – bunu bilmək nə qədər ağır imiş... Həm də kim ha, – key Mahmud! İnanılası deyil!.. Amma niyə inanmayım? O məni heç vaxt gözündən kənar qoymayıb, həmişə yanımda olub... Elə bilirsən mən ağgünlüyəm? Mənim mənasız gündüzüm qaradırsa, axşamım gecədən də qaradır... – ürəyinə daman qan təlatümdəydi.
    – Qurbanın olum, Loğman, yetimin Allahı olsaydı, nə vardı... Yetimlər evindən mənə qalan bircə kimsəsiz Mahmud oldu. Heç olmazsa xətrini istədiyim birinin atasına baxmaqla təsəlli tapmışam. Hələ Mahmud yaxşı adamdır ki, sənin qıraqdan da olsa qayğını çəkmək üçün min zülmlə bizim uşaq evinə işə düzəlib.
    – Bəs niyə mənə deməyib?
    – Deməyin nə mənası olardı? Sən sağ-salamat gözünün qabağındasan, bu bəs etməzmi? Axı bilsələr, ikinizi də yetimxanadan qova bilərdilər...
    – Bunu özündən düzüb-qoşub, yalandır!
    – Onda bunu qoşacaq beyin varmı deyirsən? – Nuranə qalxıb onun əllərini ovcunda sığallayırdı. Bu dünyada tək simsarı Nuranə idi. Mahmuda zərrə qədər qanı qaynamırdı, amma kişinin qayğısına qalmış qızın nəvazişindən yavaş-yavaş yumşalırdı.
    – Amma niyə ona arvad olmalıydın? – buna haqq qazandıra bilmirdi.
    – Mahmud sənin dost-doğmaca atanmış, nəsə uydurduğumu düşünmə. Bunu dəqiqləşdirmişəm. Bir gün onu acılayanda məni vurdu və dedi ki, bilirsənmi kimə cavab qaytarırsan!? Mən Loğmanın atasıyam, qoymaram daha başqasıyla yatasan! O vaxt bir cavan oğlanda gözüm vardı və Mahmud bunu bilmişdi... Hər şeyiniz uyğun gəlir – kürəyinizdəki qırmızı xaladək. Öz hisslərimi güdmüşəmsə də, ona sənin atan kimi, əmanətin kimi baxmışam. Hər onunla yatanda gözlərimi qapayıb xəyallarımda sənin dostlarınla sevişmişəm. Amma iki il olar ki, bu ləzzətdən də məhrumam. Onun beyninə birdən-birə qan sızdı, iflic oldu... Ona sevişməyi öyrətmişdim, o sizi yamsılaya bilirdi. Sən demə bizim soğan otağında sevişməyimizi izləyibmiş... – Nuranə ürəklənmişdi. Loğmanın yanaqlarını qoxlayır, arada öpürdü, – Bir şeyin həqiqət olduğunu anladınsa, demək bu həqiqətdir, ta gerisi yoxdur. Bizim tək təsəllimiz həqiqətə sarılmaqdır. Yetimik – bu həqiqətdir. Çox şey istəməyə haqqımız yoxdur – bu həqiqətin acı üzüdür. Key Mahmud dediyimiz sənin atandır və mən onunla birlikdəyəm – bu da adi həqiqətdir. Yalan danışmağı səni şərləyəndən sonra tərgizmişəm.
    – Sən mənim tək həyanım idin bu qəhbə dünyada. Sənə sarılmağa ehtiyacım vardı. İstəyirdim ki, burnumdakı doğma qoxunu yenidən alım. Amma sevişdik, günahın, əzabın lap dibinə batdıq. Bu da acı həqiqətdir... Sən vecinə almaya bilərsən. Mən “atam”ın arvadıyla onun gözünün qabağında sevişdim. Onun nələr çəkdiyini gözlərindən oxumaq çətin deyil, Nuranə. Heç ata arzulamadığım bir vaxtda qarşıma “atam” çıxır. Sənə bacı deməyə gəlmişdim, nəfsim şərəfimi qabaqladı. Altıma aldım səni. Bacım atamın arvadı, “analığım” çıxır. Lap hind filmlərinə döndü... Bu dərd bir fili öldürər. Mən hələ bu cür yetim olmamışdım. Qismətim də yetim çıxdı, arzum da. Mən belə yaşamaqdan bezmişəm. Ömrüm nəmişlik böcəyi kimi nəm divarlar arasında, qara ruhlar məmləkətində keçdi. Bu dəhşətdir! Keçmişimiz olmadığı kimi gələcəyimiz də yoxdur bizim. Hər addımda günah, günah, günah... – Loğman onu özündən aralayıb alnını divara dayadı, başını qapazladı, – Həqiqəti təkbaşına bilmək necə çətinmiş, İlahi... Nəyəsə lazım olmadığını bilmək nə ağır zülm imiş...
    – Torpağın üstündə günaha batmayan insan varmı, Loğman? Xəyanətlə murdarlanmayan torpaq harda var görəsən. Allahın günahı yoxdurmu səncə? Sənədək heç nə arzulamırdım və xoşbəxt idim, amma indi arzularım yaranıb. Gəl həyatın nə olduğunu birgə anlamağa çalışaq, – onu özünə tərəf çöndərmək, sinəsinə qısılmaq istəyirdi.
    – Yatdığım “bacım”lamı, yoxsa atamın arvadıylamı anlayacağam bu murdar həyatı?
    – Bilmirəm... Tırlığın tutub yenə... Şəhvət, ehtirasdan başqa heç nə verə bilmərəm sənə. Onu da siz öyrətmisiniz, belə tələb etmisiniz məndən. Burada insanlar həyatdan danışanda mən heç nə anlamıram. İnsanlar arın-arxayın əllərindəki xoşbəxtliyin dadını çıxarır, sonra da səbrsizliklə növbəti xoşbəxtlik payını gözləyirlər. Hərdən fikirləşirəm ki, insanlara qarşı nifrətimdə haqsızam. Onara layiq deyiləm və günah özümdədir. Bir bilsən onlar necə rahat yatırlar... Amma Allah bizə yorğanı yerli-dibli verməyib, versəydi, ayağımızı yorğana görə uzadardıq. Bəs biz nəyi gözləyək? Bircə dəfə də olsun xoşbəxt olmayaqmı?.. Mənim gördüyüm xoşbəxtlik yetimxanada qaldı. Mən orada kədər, göz yaşı deyilən şey görmədim. Hər gecə məni öpüb sonra yatırdınız. Üstünüzü örtürdüm gecələr, qucağınıza girib isidərdim özümü. Məni təriflədikcə, məndən ləzzət aldıqca özüm öz gözümdə böyüyürdüm. Mənədək hamınız ata-ana yolu gözləyən bədbin, kədərli yetimlər idiniz. Mən sizə ata-ana həsrətini unutdurdum, sizə ana, başınızı qatmağa oyuncaq, həm də bacı oldum. Özüm əziyyət çəksəm də sizi ləzzətə yoluxdurdum. Yalan danışmağı birlikdə öyrəndik, alışdıq yalana. Hər birinizə təklikdə deyirdim, – “Ən çox səni istəyirəm” və siz də bunu hulğumunuzdan rahatca içəri ötürürdünüz. Bu xoşuma gəlirdi. Bəlkə də şəfqətdən daha çox naz, məhəbbət oyunu oynayırdım sizinlə. Oyunum sizin də xoşunuza gəlirdi. Hərənizin bir dünyası vardı və o dünyanızda mən əvəzolunmaz, şəriksiz baş qəhrəman idim... Sizdən balacaydım, amma sizinlə birlikdə böyüyürdüm, hətta sizdən böyük və ağıllı olanda sevinirdim. Qısqanclığınız həddini aşanda eyni vaxtda ikinizlə yatırdım, lap şitəngi övladlarını ovudan, kiridən analar kimi. Mənim də gəlinciyim sizlər idiniz. Sizdəki ilk kişilik işartılarını mən göstərdim özünüzə. Siz kişiləşdikcə mən həyanın nə olduğunu anladım. Siz də həyanı ləyaqətə çevirirdiniz və məni bacınız kimi sevməyə başlayanda namus barədə düşündünüz. İnsanlıqdan söhbət etməyə başlamışdınız, əqidələriniz formalaşırdı. Ana qarışqa kimi tən ortada qalmışdım. Ədalət icad etdiniz, mənə dair qaydalar qoydunuz, məni bölüşə bilmədiniz, hərəniz məni bir cür istədiniz. Artıq cinayət və hədələr cücərəndə çıxdıq o evdən. Bax onda artıq biz böyük uşaqlar idik. Sonra həyatla mübarizə başladı. Bir az da qalsaydıq bu mübarizəni sizdə dostluq-qardaşlığa çevirəcəkdim. Mən özümə güvənirdim, mən sizdən tez böyümüşdüm və cilovlarınız mənim əlimdəydi... Hardadırlar görəsən, xoşbəxtliyi tapa biliblərmi? Nə qədər pak, məsum uşaqlarıydınız... Hər qucağımdan durub qaçanda təəccüblənirdilər, körpə uşaq kimi sevinirdilər, dəhşətə gəlirdilər... Onlar nəyi itirdiklərini görəsən anlayırlarmı? Yoxsa xoşbəxtliyin mümkünlüyünə hələ də ümid edirlər, bəlkə onlardan kimsə xoşbəxt olub? Birgə keçirdiyimiz o günlərə tən gün olmayacaq gələcəyimizdə, Loğman... – qızın dili açılmışdı, ehtirasdan səsi titrəyirdi.
    – Yetimin acı göz yaşı adamın yarasını zoqquldadırmış...
    – Görünür bizim kimilərin gözlərindən yaş axmasaymış dediyim həmin çöllər, güllər də olmazmış.
    – Anamın kim olduğunu deyibmi sənə?
    – Anan əvəlcə səni başından rədd eləyib, sonra da bu fağırı. Bir şərəfsizin boş vədinə qurban verib ikinizi də.
    – Axı sən necə yata bilərsən key Mahmudla? Bunun adı fahişəlikdən başqa şey deyil e...
    – Səni itirmək istəməyən bir insanın olmağı yetim qız üçün bilirsən nə deməkdir?.. Bir gün onu atacağımdan qorxurdu. Amma gözümün odunu aldıqca ona alışırdım. Sən demə, zora tabe olmaq daxili istəyim imiş, – Nuranə indi acı-acı gülürdü, ürəklənmişdi və ağız-burnunun suyunu yığıb-yığışdıra bilmirdi. – Bilirəm, yetimxanadakı davranışlarıma görə məni əxlaqsız hesab edirsən, mənə dəli deyirsən ürəyində. Amma mənim seçimimi və fikirlərimi ancaq mənim hisslərimi və ağrılarımı yaşaya bilənlər mühakimə edə bilər. Sən qadın kimi, sizi canı qədər sevən Nuranə kimi düşünə bilməzsən. Mən sizə canımı qurban vermişəm, sizin yolunuzda hər şeyə hazır olan bacınız olduğumu sübut etmək istəmişəm. Bu fahişəlik deyil, günah deyil, yetimin olanıdır... Bu günədək elə ölmək istəyirdim... İstəmirdim ki, o illərim nabələd olduğum gələcəyimlə kirlənsin. Fahişəlikdən qorxuram, məndən fahişə olmaz... Onsuz da bu yaxınlarda özümü asıb öldürəcəkdim. Bax, divardakı kəndiri də bunun üçün hazırlamışam, tavana asılqan da vurmuşam... Yaxşı ki, gəldin, bundan sonra yaşamağa dəyər. Özümüzə bu buruqların arasında xoşbəxt dünya yaradarıq. Sən də həqiqəti olduğu kimi qəbul et, boşla kişi-kişi düşünməyi. Bu dünyada yalnız ikimiz varıq, bir də bu gün-sabahlıq key Mahmud...
    Kartof qazanı qaynayır, qapağı danqıldıyırdı. – Sən bir hovur otur, mən qaçaraq çörək alıb gəlirəm. Nə yaxşı ki, atanın təqaüdü varmış, əməllicə əlimdən tutur. Sən də deyirsən belə kişiyə niyə arvad olmusan... – irişdi və Loğmanın üzündən bir də öpüb otaqdan çıxdı. Deyəsən qız əmin olmuşdu ki, Loğman onun fikirləriylə razılaşıb, ya da bir müddət tək qalsa “həqiqəti” həzm edəcək.
    Nuranənin bu qədər soyuq mühakiməsi onun qanını durultmurdu. Bulanıq fikirlərdən beyni uğuldayırdı. Var-gəl edəndə divardan asılmış köhnə kapron kəndiri gördü. Götürüb sığalladı. Kəndirdə çabalayan qara qarğanı aydınca gördü...
    – Çətini ölüncədir, öləndən sonra əzablar da bitər... Görəsən neçə dəqiqə çəkər can verməyim? Çox incidirmi?.. Cəhənnəmə incitsin, yetər ki, canım qurtarsın bu murdarlıqdan! – Mahmudun yanından kətili götürüb asılqanın altına qoydu.
    – İlgək məni götürərmi? – indi Mahmudla danışırdı. Xəstənin yorğanı tərpənirdi. Yeganə canlı orqanları olan göz və barmaq ucları diricələnmişdi. Kəndirin ucunu düydü və boğazında yoxladı, – Yaxşıdır, – ilğəyi düyünlədi. Susadı. Kəndiri su krantının yanınacan arxasınca sürüdü. Ağzını kranta dayadı. Vaxt udurdu. Su dişinə dəyib ağzından geri tökülürdü...
    – Yox, başqa cür mümkün deyil, Mahmud kişi. Daha heç nəyin mənası qalmayıb! O məni dinc buraxmayacaq, mən isə başqa cür bacarmayacam...
    İnamla kətilin üstünə çıxdı, ilgəyi asılqana, doğanağı boynuna keçirdi. Kəndiri bir-iki dəfə möhkəm dartıb yoxladı. Kətilin ucuna tərəf gəlib qabağa doğru əyildi, – İndi necəsən, rahat oldun?! – açıq qapıdan key Mahmudun tüklü sifətində parıldayan gözlərinin içinə bağırdı. İpdən ikiəlli yapışdı. “Gərək bunu eləmiyəydin...” – bildi ki, Mahmudun gözləri belə deyir və artıq qocanın içi rahatdır. “Məni namus yükündən təmizlə, onda rahat ölərəm”... – deyirdi qocanın nəmli gözləri.
    – Bağışla, bilsəydim ki, arvadın olub, əlimi də sürtməzdim... Mən bu lənəti özümlə aparıram. Səni iflic edən də bu qara qarğadır. Dilin açılsa, ayağa qalxsan, onu tək qoyma... Hər şeyi Allaha deməyə gedirəm. Bu dünyada mənlik nə ömür var, nə də xoş gələcək, qoy yanlışını özü düzəltsin.
    Kətil ayağının altından çıxıb tappıltıyla döşəməyə aşan kimi boynu qanrıldı, bədəni havadan asılı qaldı. “Gərək son dəfə siqaret çəkib sonra öləydim”... – key Mahmudun ölüvay barmaqları zəngə çatanda bircə bunu düşündü. Beyni zəng səsini eşidəcək halda deyildi artıq. Çabalamağın yeri yoxdu. Getdiyi yol dönəcəyi yoldan daha qısa və ağrısız idi. Onu əzabsız bir həyat gözləyirdi irəlidə...

    05 fevral 2016
  • iyul 2022, Rəşid B.

  • 71
Belə Ayrılıq Olmur

Dəhnəli Məmməd Hacızadə

Dərddi dərdə calanan, hey üst-üstə qalanan. Baxma ki ortalıqda iztirabdı dolanan, . Dözmərəm göz yaşına, qəm dolu baxışına. Qəlbimdəsən getsəm də, dünyanın o......

Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......

Daha Səsləməyir Dan Yeri Bizi

Dəhnəli Məmməd Hacızadə

Göydə ay,ulduzlar yerdə sən və mən, Bir onlar oyaqdır, bir də, sən və mən. Qapılıb gecələr xoş xəyallara, Onlar bizə baxar, biz də onlara. Qalardı......

Ağ dumanın içindəki görən kor (fəlsəfi hekayə)

Tural İsmayılov

Atam deyirdi ki, dünyanı görmək üçün göz lazımdır, mən isə indi buna şübhə edirəm. O kitabı – vərəqləri künclərindən didilmiş, cildi günəşdən solmuş o qəribə......

Zaur Ustac - Zenitdəki Zenitçi

زائـــور اوستاج

Zenitdəki Zenitçi (oçerk) Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin......

Sona İsmayılova – Zakir Kaya’nın Medya ve Yayıncılık Çalışmaları

زائـــور اوستاج

Röportaj Editör Girişi Dr.profesor Zakir Kaya, Türkiye merkezli araştırmacı gazeteci, yazar olarak medya, yayıncılık ve edebiyat......

Araşdırmaçı jurnalist Zakir Kaya: Media, Ədəbiyyat və Müstəqil Düşüncənin Kəsişm...

زائـــور اوستاج

Müsahibə Mətni Müasir mediada sürət, görünürlük və rəqəmsal intensivlik artdıqca, məzmun istehsalının keyfiyyəti və......

Zaur Ustac - Mən

زائـــور اوستاج

Mən “Sizin yanınızda oturmaq istəyirəm” … (Qəndab – Ara-sor məni) Hər gün oyananda səhər mehində, Sübhün şəfəqində, danındayam mən. Telinin cığasın pozan küləyəm, Hər zaman......

Zaur Ustac - Aşiq gecələr

زائـــور اوستاج

Aşiq Gecələr (Qəndab – Aşiq gecələr) O zülmət gecənə şam olum, gülüm, O gül cəmalına aşiq gecələr! “İşıldaquş”ların işığı vecsiz, Əriyən mumlara aşiq gecələr! Pərvanə......

Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

زائـــور اوستاج

Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil......