...
  • Ağ çarşablı gəlin
  • Rəşid Bərgüşadlı
  • Doqquz yaşım təzəcə tamam olmuşdu atam mənə qara çarşab alanda. Çox şeyi xatırlamıram, amma bulanıq xatirələrimdə qalıb həmin gün evdə möhkəm dava düşməyi və gecəykən anamın bizim əlimizdən bərk-bərk yapışıb babamgilə aparmağı. Atam qabağımda dizüstə çökmüşdü, – Söz ver ki, böyüyəndə başını bağlayacaqsan, anana oxşamayacaqsan! – israrla məndən cavab gözləmişdi. Mənsə, gözümü çarşaba zilləyib dayanmadan ağlayırdım. Qardaşım buraxmaq istəmirdi, – Sən getsən Allah məni öldürəcək... – uşağın gözünü qorxudurdu ki, tənha qalmasın. Faiq üç gün kəlmə kəsmədi bizimlə, o atamızı hamıdan çox istəyirdi.
    Ta ki, babamın qapısını polislər döyənə qədər üçümüz də atamın istədiyi qara geymiş adamlar kimiydik. Sən demə, atam Suriyaya adlayıb İŞİD-ə qoşulub və döyüşlərin birində istədiyi “şəhadət”ə qovuşubmuş. Polislər anlayanda ki, atamızın, bizi dünyaya gətirməkdən başqa bizlə heç bir əlaqəsi yoxdur, – İnternet atanızın şəkilləriylə doludur – deyib qapıdan çıxandan sonra anam bulud kimi doldu-boşaldı. Onda bildik ki, valideynlərimiz nə vaxtsa bir-birlərini möhkəm seviblər və anamın qəlbində qara çarşaba bükülü nakam sevgi hələ də yaşayırmış. Anam heç yerdə işləməsə də ali təhsilli mühasib, mətin və gözüaçıq qadın idi. “İnsan taleyidir, bəzən xislətini dəyişə bilmirsən, belə insan üçün inam hər şeydən üstündür” – atam haqda son sözü bu oldu və bir daha onun ölümünə heyfsiləndiyini görmədik. Babam heç vaxt anamın başına qaxmadı atamla ailə qurmağını, – Həyatdir da, bir gün varıq, bir gün yox... – quruca təsəlli verirdi ondan söhbət düşəndə. Anam isə cavabında, – Qəddimi əyilən görməyəcəksən, ata. Bir də ki, mənə Həzinin canlısı lazım idi. Öləndən sonra onunla bağlı hər şeyi qara torpaq apardı. Ölünün dalınca, – “Heç yadımdan çıxmır, onu həmişə xatırlayıram” kimi sözlər mənim qulağıma batmır, heç əvvəldən də buna inanmamışam” – dedi. Bu sözlərinə görə bacı-qardaş anamızı bir az zalım hesab edirdik. Bunu onun üzünə deyəndə isə bizə başa saldı ki, – Bizim fikirləşdiklərimiz diri adamın istəkləridir. Mən yoxamsa, mənimlə bağlı hec nə də yoxdur. Aradabir yalançı xatırlamalar olur, bu da sözü qurtaran adamın söhbətdə qalması üçündür... – bizi də özü kimi qəddar görmək istədiyini bilirdik. – Diri ikən mənim əlimdən tut, öləndən sonra neynirəm məni yada salmağını? İnsan kimi yaşamaq lazımdır, öləndən sonra xatırlanmaq üçün yox. Mən gündə yüz dəfə ölüb-dirilirəm, hec sizin vecinizə də deyil. Öləndə aparıb necə dəfn edəcəksiniz, ruhuma dua oxuyacaqsınız, ya yox, bunlar mənim ücün əhəmiyyətsiz şeylərdir... – onun qanunu belə idi və ələbaxan böyüməyimizi istəmirdi.
    Anamın saçlarına dən düşən vaxtı xərçəng də özünü qəfil yetirdi. – Bu zəhrimarın cəngindən qurtaran olmayıb hələ. Aqibətim bəllidir, sənin toyunu görüm ki, gözümü az da olsa rahat yumum – deyəndə üzündəki ağrıları necə məharətlə gizlətdiyini aydın görürdüm. Ağrıkəsici iynələr olmadan çimir almırdı. İyirmi bir yaşım olanda nişanlandım. Anam tələsdirirdi ki, toyumuz tez olsun. Amma qismət deyilmiş, toya səkkiz gün qalmış ağrılardan əhədi üzülmüş bədənini ölümə təslim etdi. Onsuz da gəlinlik, toy-düyün eynimə də deyildi. Mənə yağır edən anamın kişi kimi ölümlə axıradək amansız mübarizəsi idi. Gedən bizim ömrümüzdən də nələrsə aparır, burası elədir, amma anam məni öz yerinə təyin edib getdi. İndi onun kimi yaşamağa məhkum idim...
    Ölüm onun biləyini qatlayanacan, ağrıların əlindən macal tapdıqca mənim başıma o ki var ağıl qoydu: – Bu dünya dəhşət oldu mənə... Mən bu dünyaya əzab çəkməyə gəlmişdim, əzabı maraqsız oldu. O dünyada isə mən başqası olacağam. Görəsən orda maraqlı bir şey varmı? O biri dünya əbədi dünyadırsa, niyə bir adam oraya könüllü getmir görəsən? – ölümü gözündə alçaldırdı. Olacağa baş əymişdim, özümü çoxdan hazırlamışdım:
    – Ölməkdən qorxursan, ana?
    – Qorxsan, ölüm sənə hər gün əzab verəcək, sənlə məzələnəcək. Ölmək yuxudan durmaq kimi bir şeydir – xoruz banlayır və sən durub gündəlik işini görürsən. Amma bu dəfə heç indiyədək bilmədiyin bir işlə... – təbəssümündən ağrı süzülürdü. – İynədən qalıbmı?.. Narkoman olduq bu iynələrdən – ağrı imkan vermirdi ona, mənim yanımda isə zarımağı, qıvrılmağı sindirə bilmirdi. İynəsini vururdum, sakitləşəndə qaldığımız yerdən davam edirdi: – Diri ikən qədri bilinməyən adamın, öləndən sonra başdaşına söykənib zarıyanlarını qəbristanlıqdan qovmaq lazımdır.
    – Sərt həqiqətlərlə yaşamaq zülm deyilmi?
    – Əksinə, həqiqətləri biləndə yaşamaq elə də çətin olmur... Təskinlik verirsən özünə ki, – Əşşi, həyatdır da... Əvvəl insanı istəyirsən, öləndən sonra isə onun kölgəsini yaradırsan... Meyit ki evdən çıxıb qəbristanlığa sarı yol aldısa, dalınca axıdılan yalançı gözyaşları və bütün həqiqətlər qara torpağı rəhmə gətirməz...
    Anam canını tapşıranda mən də dərindən nəfəs aldım. O, yaxasını əzablardan qurtardı, mənimsə yuxusuz gecələrim sona yetdi. Bundan sonra anam mənə ancaq xatırlamaq üçün lazım ola bilər, nəyisə dəyişmək üçün yox. Gözlərini qapayanda ətim ürpəndi. Təbəssüm donmuşdu bu gözlərdə. Hikkəli dünyanın üzünə tüpürdüyü son təbəssüm idi bu. Fərsiz dünya uduzmuşdu anama... Dövrələmə oturub anamı ağlayan qadınlara baxırdım. Onun sözləri yadıma düşürdü, – “Hamısı mənasız komediyadır”... Amma mənim hıçqırtım sidq-ürəkdən idi. Ən azı ona görə ki, son nəfəsində bütün gücünü toplayaraq biləyimdən ikiəlli yapışmışdı. Sanki mərdliyini ayaqlamaq və “Məni ölməyə qoyma, xilas elə məni ölümün cəngindən!” deyib yalvarmaq istəyirdi. “Birdən yalvarsaydı?!”... – çarəsizlikdən tüklərim biz-biz oldu, alçalırdım gözümdə. “Onun yeri artıq torpağın altıdır” – anamın mümkün qədər bu evdən tez aparılmasını istəyirdim. Cansız anam artıq mənə lazım deyildi. “Adamlara lazım olana qədər sən də lazımsan”, – o düz deyirdi, ölənlə ölmək cəfəngiyyatdır. O anlarda anladım ki, mən də saxtakarlığı bacarmıram və həyatın üzünə dimdik baxaraq yaşamalıyam...
    Özüm yudum anamı. “Kaş ki, o biri dünya həqiqət olaydı. Heç olmazsa bunda aldatmayaydılar, ümidlərin yenə boşa çıxmayaydı” – qara çarşaba bürünməyən, qızını da bundan qoruyan anama ağ kəfən də yaraşmırmış, ilahi... Cənazəni qaldıranda içimdə zarıdım, – “Səni ağlamağa qorxuram. Birdən ürəkdən ağlamaram, ürəyim ağzıma gələr, camaat saxta göz yaşlarımı görər. Mən sabahdan millətin qabağına anasız çıxmalıyam. Sən bütün ömrünü bizə qurban verdin, amma bağışla, artıq sənə burda yer yoxdur, ana”...

    22 iyul 2016-cı il






  • iyul 2022, Rəşid B.

  • 100
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......