...
  • Zaur Ustacın Cücə Oğrusu Hekayəsi
  • زائـــور اوستاج
  • HEKAYƏLƏR
    ZAUR USTACIN HEKAYƏSİ
    CÜCƏ OĞRUSU
    (hekayə)
    Mayın son günləri, yazın ən yaxşı vaxtı idi. Kəndimizdə demək olar ki, bütün həyətlərin mənzərəsi eynidir. Yamyaşıl, güllü-çiçəkli həyətlər bol bəhərli gilas ağacları və bəzi həyətlərdə artıq sulanmış yaylıq armudlar. Məktəblərin də bağlanmağına az qaldığına görə son günlər işimiz lap çox olur. Bilən bilir. Müəllimin yazı-pozu işi həmişə çox olub. Bu kurikulum çıxandan bəri də, and olsun Allaha ki, ta dərs keçmək, filan yoxdur. İşimiz-peşəmiz ancaq kağız doldurmaqdır. Bütün ili məktəbdə də, evdə də nə qədər yazırsan bitmir ki, bitmir. İlahi, boş-boşuna nə qədər kağız-kuğuz qaralamaq olar!? Səhər-səhər elə darvazanı açıb həyətdən çıxmaq istəyirdim ki, qonşu Məcid dayının məni hayladığını eşitdim:
    - Ay Cəfər, ay Cəfər, a bala evdəsənmi?
    - Sabahın xeyir, ay Məcid dayı! Elə indi çıxırdım.
    - A bala, ta keçib bir bu tərəfə zəhmət çək, - deyə, - məni çəpərin başına çağırdı. Darvazanı elə açıq qoyub, çəpərin başına getməli oldum:
    - Buyur, ay Məcid dayı, nə məsələdir?
    - Sən Allah bağışla, ay oğul. Bilirəm, sən də iş adamısan. İndi də işinizin ən çox olan vaxtıdır. Amma bizim səndən başqa kimimiz var?, - deyə, - həyətin o başında toyuq hininin açıq qalmış qapısının ağzında dayanmış Güllü nənəni göstərərək davam etdi.
    - Buyurun, buyurun.
    - Vallah heç bilmirəm necə deyim...
    - Sənin ürəyin necə istəyir elə de, Məcid dayı. Heç çək-çevir eləmə.
    - Ən yaxşısı budur. Səni indi yoldan eləməyim. Get işinə inşəAllah gələndə birbaş bizə gəl. Güllü nənən də ona qədər sac asıb, yaxşı lala kətəsi bişirəcək, dünən bağdan bir az məröçə yığmışam, onu da yaxşıca soğança yumurta ilə çığırtma eləsə, olacaq lap dəsgah. Sən indi ləngimə get işinə. Amma gələndə mütləq bizə gəlirsən. Səninlə ciddi söhbətim var.
    - Oldu, – deyib, - məktəbin yolunu tutmaqdan başqa çarəm qalmadı.
    Həmin günün hardan gəlib, hara getdiyini bilmədim. Bir də onda ayıldım ki, gəlib öz darvazamızın qarşısında dayanmışam. Məcid dayı ilə olan söhbətimizi xatırlayıb, onlara getdim. Kənddə heç kim darvazasını, qapısını bağlamaz. Məcid dayı həyətdə olduğuna görə haylamağa da gərək qalmadı. Birbaşa onun yanına getdim:
    - Hərvaxtın xeyir, ay Məcid dayı! Vəziyyət necədir?
    - Aqibətin xeyir, ay bala! Xoş gəldin, ay oğul! Şükür Allahın kəramətinə! Min şükür!
    - Min şükür!
    - Gəl, gəl otur. İşdən gəlmisən. Bir çay iç, Güllü nənənin bişirdiklərindən bir loxma ye, sonra səninlə işimiz var.
    Sağ olsun Güllü nənə. Məcid dayı səhər-səhər sadaladığı, sadalamadığı nemətlərin hamısını artıqlaması ilə düzdü süfrəyə. Yaxşı yeyib, içdikdən sonra Məcid dayı dedi:
    - Hə, toqqanın altın bərkitdik. İndi keçək əsas məsələyə. Görürsən? Həyətdə it-pişik də yoxdur.
    - Hə, doğurdan! Hanı bəs Əlləşlə Vuruş? – Əlləş Məcid dayıgilin itinin, Vuruş isə pişiyinin adı idi.
    - Vuruşu Güllü nənən verdi bacısı qızına. İndi aparıb şəhərdə evdə saxlayır. Əlləşi də mən verdim qardaşoğluna. Çobandır qoy aparıb, çöldə heyvanların yanında saxlasın. Yazıqdır, onu azdırmağa əlim gəlmədi.
    - Bəs səbəbi nə idi, Məcid dayı?
    - Səni elə o səbəbə görə çağırmışam, oğlum. Darıxma, hamısını bir-bir sənə deyəcəm. Deməli, keçən il bu vaxtdan bizim cücələr lap balaca olanda, sarı, lümək vaxtlarında bir-bir yoxa çıxır. Elə ki, bir az yekəldi, ta heç nə olmur. Yəni, nə başını ağrıdım, yumurtadan çıxandan bir az bablıxlayana qədər gündə biri, ikisi yoxa çıxır. Əvvəl elə bildik, həyətə has, zad dadanıb. Sonra gördük yox, belə bir haldan iz-toz yoxdur. Cücələr balaca vaxtı yoxa çıxdığına görə Vuruşdan şübhələndik. Çünki, cücələr həmişə onun yanında olduğuna görə toyuqlar da öyrəşib. O yesə də səslərini çıxartmazlar. Vuruşu şəhərə yola saldıq. Cücələr yenə izsiz-tozsuz itməkdə davam edir. Əlləşi də yola saldıq, yenə davam edir. Burada nəsə başqa iş var, amma bilmirəm. Düzdü, indi hələ tezdir. Amma sən mənə de görüm, keçən ili, inişil öz həyətində, bu həyətdə, yaxın həndəvərdə heç ilan-çayın gözünə dəyibmi?
    - Xeyr, xeyr. Heç vaxt. Neçə ildir artıq bu kənddəyəm, başqa yerdə də, məktəbin həyətində də heç vaxt belə bir şey görməmişəm. Gözümə dəyməyib. Heç hərdən uşaqlarla bağa, meşəyə gedəndə də görməmişəm.
    - Hə, bala mən doğub-bitmə bu kənddənəm. 80-i haqlamışım. 5-6 yaşımdan at belində bu çöllərdəyəm. Mən də heç vaxt nə kəndimizdə, nə yaxın ətrafda görməmişəm. Olanda da kənddən çox uzaqda örüş yerində, qobularda, sel gələndən sonra çay qırağında belə yerlərdə əvvəllər tək-tək gözə dəyərdi. Ancaq son illər ta heç belə yerlərdə də görməzsən. Elə bil yoxa çıxıblar. Ya gərək həyətə dələ-filan dadana? Ya da nə bilim nə? Nəsə, başağrısı olmasın, qadan alım, görəcək işə düşmüşük. Cücələr çıxmağa başlayandan yenə gündə biri, ikisi yoxa çıxır.
    - Bala, bala sən də məni qınama, elə bil cücə qeybə çəkilir, - bayaqdan kənarda oturub maraqla bizi dinləyən Güllü nənə də söhbətə qoşuldu, - adam heç bilmir nəyə ehtimal versin. Həyətdə də bir at, bir inək, bir dənə də danadan başqa heç nə qalmayıb. Əvvəl it-pişik var idi. Adam onlardan şübhələnirdi... İndi qalmışıq belə. Görürsən toyuq yanında 5 cücə girdi dalanın altına, bu yandan çıxır cücənin biri yox. Cikkilti yox, qaqqıltı yox. Heç nə.
    - Nə deyirsən arvad? İndi deyirsən 5-6 cücədən ötrü atı, inəyi də tələf eləyək? Yoxsa, indi də Alapaçadan şübhələnirsən? – Məcid dayı özünü saxlaya bilmədi. Alapaça onun atının adı idi. İnəyə də Ceyran deyirdilər. Güllü nənə həyətdə “Ceyran, Ceyran”,- deyə danışanda nabələd adam elə bilərdi ki, başqa bir qadınla söhbət edirlər. Vəziyyətin ciddiləşdiyini görüb söhbətə müdaxilə etdim:
    - Məcid dayı, atalar yaxşı deyib, - “cücəni payızda sayarlar”, bəlkə, sən cücələri tez saymağa başlamısan? – öz aləmimdə vəziyyəti düzəltməyə çalışdım.
    - Ay bala, ay oğul, özün də oxumuş adamsan, birincisi o “payız” deyil, “güz”dür. İkincisi də biz yaxşı bilirik cücənin indi sayılmaq vaxtı deyil. Bunun azarı-bezarı, qurdu-quşu var. Ancaq görürsən ki, vəziyyət başqa cürdür. Məsələ yavaş-yavaş Alapaçanın, Ceyranın üstünə qalmağa doğru gedir.
    - Nə məsləhət görürüsən, Məcid dayı? Bu oxumuş adam sizə necə kömək edə bilər?
    - Hə, bax indi səndən xoşum gəldi. İndi oldun arif adam. Yadındadır? İnişil məktəbdən nəsə oğurlamışdılar. Məktəbin öz “televizor”una baxıb, oğrunu tapdılar. O məsələ yadındadır? Bax bizə elə bir şey lazımdır. Baxaq görək gecə, gündüz, biz olmayanda tövlədə, hində, dalanda nə baş verir? Oğru kimdir? Cücələr hara yoxa çıxır?
    - Hə, yadıma düşdü, Məcid dayı. Məktəbdən kompüter oğurlamışdılar. O “televizor” dediyin təhlükəsizlik kameralarıdır. Onu bura necə gətirmək olar? Bir də onlar çox bahalıdır. Lap bura gətirdik onları kim quraşdıracaq? Birdən xarab olar. Ya da onları söküb buraya gətirəndə məktəbdə nəsə bir hadisə baş verər. Bilirsən ki, təzə məktəbdir. Çoxlu təzə, bahalı avadanlıqlar var.
    - Sən onları gətir burada qur. Mən məktəbə keşik çəkərəm. Bir quş da ora səkə bilməz.
    - Yaxşı, Məcid dayı. Mən soraqlayım görüm, quraşdımağa adam tapa bilsəm, direktorla danışıb, kameralardan bir-ikisini gətirib burada quraşdırarıq....

    Ertəsi gün kamera quraşdıran usta ilə maraqlanırdım. Məktəbin direktoru rayon mərkəzində yaşayan bir ustanın nömrəsini verdi. Telefonla danışanda belə məlum oldu ki, məktəbin kameralarını sökməyə ehtiyac yoxdur. Razılaşdıq ki, usta həm özünə də maraqlı olduğuna, həm də qocalara görə ucuz qiymətə bir həftəlik öz kameralarını gətirib 3-4 nöqtədə fasiləsiz müşahidə üçün yerləşdirə bilər. Hər şeyi telefonla danışıb həll etdikdən sonra ustaya bir yaxşı nahar və 50 manat pul verəcəyimi dedim. Usta məndən tövlədə, dalanda, hində və digər lazım olan yerlərdə elektirik enerjisi, kənddə internet olub-olmadığını soruşdu. Bildirdim ki, hər yanda elektirik enerjisi də, internet də var. Razılaşdığımız gün usta gəlib 5 yerdə kameraları qurub getdi. Bildirdi ki, özü kameralara nəzarət edəcək. Əgər maraqlı bir görüntü olsa mənə xəbər edəcək. Heç bir gün keçməmiş usta mənə zəng etdi:
    - Salam, müəllim! Necəsiniz?
    - Salam. Çox sağ olun. Siz necəsiniz, nəsə bir yenilik var?
    - Müəllim, görməsəniz inanmazsınız. İnanın, mən də görməsəm, kim deyir, desin inanmazdım.
    - Onda sabah gəlin, həm biz də görək, həm də oğru bilindiyinə görə kameralarınıza ziyanlıq dəyməmiş aparın.
    - Oldu, müəllim. Sabah günortadan sonra görüntüləri gətirəcəm. Baxarıq. Kameralardan da narahat olmayın. Onlara heç nə olmaz.
    Danışdığımız kimi günortadan sonra usta gəldi. Məcid dayıgildə Məcid dayı, Güllü nənə, vəziyyətdən xəbərdar olan məktəbin direktoru, mən və bir də usta həyətin ortasında qoyulmuş masanın başına toplanıb, ustanın noutbukunun açılmağını gözləyəndə usta gözaltı arada gah Ceyrana, gah da Alapaçaya baxıb başını bulayırdı. Nəhayət noutbuk tam işə hazır olduqdan sonra usta dedi:
    - Möhkəm olun, inansanız da, inanmasanız da indi görəcəkləriniz həqiqətdir.
    Elə bu vaxt noutbukun monitorunda həyətin müxtəlif guşələrini seyr etməyə başladıq. Günün günorta çağı çil toyuq yanında cücələri Ceyranın qarnının altından, ayaqlarının arasından keçib gedirlər. Bu vaxt Alapaça ani bir hərəkətlə boynunu azca aşağı əyib, yana doğru uzadaraq əvvəl elə havadaca sarı, lümək cücələrdən birini iri açılmış dodaqlarının arasına alır, sonra da yüngülcə çənəsini əsnədərək, ağzını yumub, bir dəfə başını sağa-sola silkələyərək, qulaqlarını şappıldadır vəssalam...
    Hamımız heyrət içində donub qalmışdıq... Ani olaraq ağlıma ilk gələn Əlləş və Vuruşun məsum, yazıq simaları oldu. Halbuki, bəlkə də onların yeri indi daha yaxşı idi. Ancaq buna baxmayaraq, haqsızlığa uğradıqlarına görə onların halına acıyırdım...
    Məcid dayı isə elə hey təkrar edirdi:
    - Dağıl, a belə dünya, dağıl... At izi it izinə qarışıb....
    Son.

    15.01.2022. Bakı.

    MÜƏLLİF. ZAUR USTAC
    YAZARLAR.AZ
  • iyul 2022, زائـــور ا.

  • 102
Belə Ayrılıq Olmur

Dəhnəli Məmməd Hacızadə

Dərddi dərdə calanan, hey üst-üstə qalanan. Baxma ki ortalıqda iztirabdı dolanan, . Dözmərəm göz yaşına, qəm dolu baxışına. Qəlbimdəsən getsəm də, dünyanın o......

Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......

Daha Səsləməyir Dan Yeri Bizi

Dəhnəli Məmməd Hacızadə

Göydə ay,ulduzlar yerdə sən və mən, Bir onlar oyaqdır, bir də, sən və mən. Qapılıb gecələr xoş xəyallara, Onlar bizə baxar, biz də onlara. Qalardı......

Ağ dumanın içindəki görən kor (fəlsəfi hekayə)

Tural İsmayılov

Atam deyirdi ki, dünyanı görmək üçün göz lazımdır, mən isə indi buna şübhə edirəm. O kitabı – vərəqləri künclərindən didilmiş, cildi günəşdən solmuş o qəribə......

Zaur Ustac - Zenitdəki Zenitçi

زائـــور اوستاج

Zenitdəki Zenitçi (oçerk) Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin......

Sona İsmayılova – Zakir Kaya’nın Medya ve Yayıncılık Çalışmaları

زائـــور اوستاج

Röportaj Editör Girişi Dr.profesor Zakir Kaya, Türkiye merkezli araştırmacı gazeteci, yazar olarak medya, yayıncılık ve edebiyat......

Araşdırmaçı jurnalist Zakir Kaya: Media, Ədəbiyyat və Müstəqil Düşüncənin Kəsişm...

زائـــور اوستاج

Müsahibə Mətni Müasir mediada sürət, görünürlük və rəqəmsal intensivlik artdıqca, məzmun istehsalının keyfiyyəti və......

Zaur Ustac - Mən

زائـــور اوستاج

Mən “Sizin yanınızda oturmaq istəyirəm” … (Qəndab – Ara-sor məni) Hər gün oyananda səhər mehində, Sübhün şəfəqində, danındayam mən. Telinin cığasın pozan küləyəm, Hər zaman......

Zaur Ustac - Aşiq gecələr

زائـــور اوستاج

Aşiq Gecələr (Qəndab – Aşiq gecələr) O zülmət gecənə şam olum, gülüm, O gül cəmalına aşiq gecələr! “İşıldaquş”ların işığı vecsiz, Əriyən mumlara aşiq gecələr! Pərvanə......

Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

زائـــور اوستاج

Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil......