...
  • Zaur Ərmuğan - Şeirlər
  • YAZARLAR.AZ
  • RZULARIN GÖZƏLİ

    Bir gözəl arzulamışam.
    Elə gözəl ki,
    sevdiyim qədər sevə məni.
    Təkcə gözləriylə yox,
    qəlbiylə də görə məni.




    DAHA HEÇ NƏ DANIŞMA

    Kirpiklərin
    uzağa uzanan baxışlarının
    sonu bitməz həsrət vadisində
    yanıb qaralan qəm budağı.
    Damcı-damcı süzülən göz yaşların
    qəlbindən bir-bir qırılıb düşən küskün yarpaqlardır elə bil.
    Gözlərinsə,
    içinin güzgüsü.
    İçinin sazağı, bürküsü,
    İçinin yağışı, dumanı,
    Ümidi, gümanı,
    Səsi,
    Sükutu,
    Qəlbinin yanğılarda köz-köz alışan odu --
    Hər şey, hər şey gözlərində.
    Daha mənə heç nə danışma.




    GECƏNİN SƏSSİZLİYİ

    Gecənin səssizliyi
    Bir sükut yağışıdır.
    Gecənin səssizliyi
    Bir yağış naxışıdır.
    * * *
    Gecədə özgəlik yox,
    Gecədə doğmalıq var.
    Sirdaşım olub gecə,
    İçimdə tənhalıq var.
    * * *
    Gecənin səssizliyi
    Qəlbimdə dinən səda.
    Bu gecə bəyaz gecə,
    Bu gecə nurdan ada.
    * * *
    Dünyanın o başına
    Gedən yol burdan keçir.
    Yol uzun, yol kəsədir,
    Genişi dardan keçir.
    * * *
    Sözümü bircə-bircə
    Gecəyə danışıram.
    İçimdən süzülürəm,
    Gecəyə qarışıram.
    * * *
    Gecənin səssizliyi
    Sükutumun oxşarı.
    Könlümə gecə dolub,
    Dolub, yağsam, yaxşıdır.




    XƏYALIN

    Həsrət qaranlığında
    işıq-işıq anıram sevgimizi.
    Bir ürəklik gündüzlükdür qəlbimin otağı.
    Zülməti yarıb keçən
    bəyaz bir dünya hopub ruhuma.
    Sənin əvəzinə
    xəyalın gəlib qapıma.




    XATİRƏLƏRLƏ BİR QALANDA

    Tənhalığın səni xatırladır mənə.
    Narın yağışdan sonrakı torpaq qoxusutək,
    Bir bənövşə yuxusutək
    kövrəkliksən.
    Ümidsizlik ağrısını
    içimdən çıxaran həsrət acısı
    şirinmiş nə qədər...
    Bircə xatirələrdən ayrılmağım olmaya.




    ÖMRÜMDƏSƏN

    Evimdən getmisən,
    ömrümdən ki getməmisən.
    Nə olsun,
    əlyetməzindəsən əllərimin.
    Ötənlərin
    indi də duyum-duyum anılan
    illərimin.
    Sən hələ də özümdəsən,
    Ömrümdəsən.



    BİR GÖRDÜM
    Elə sevdim səni sevgiyə tapınandan.
    Səni də, özümü də bir gördüm
    iki qəlbdə,
    ruhumuzu tanıyandan.
    27 avqust 2018



    KÖNLÜMDƏ SƏN DİNƏNDƏ

    Duyğularımın şeirləşən çağı!
    Səninlə qalmaq istəyirəm
    zamansız zaman boyu.
    Ruhumla yoğrulan ömür tikəsinə
    dad gətirənim.
    Harayıma dünyaları yetirənim.
    Çəkilər gözlərimin gecə yuxusu.
    Hopar içimə
    taleyimin olar-olmazından keçən sevincləri,
    qəm qarışıq
    yer-göy dolusu
    könlümdə sən dinəndə.
    Sən mənə:
    -- Səninəm! -- deyəndə.
    avqust, 2018



    YAYIN SON ÇAĞI

    Başını tovlayıb alır ovcuna
    Bu yayın yerini payızın göyü.
    Qızaqol köynəktək bükülür qat-qat
    Vaxtın dolabında yayın bu günü.
    * * *
    Bol olur yağışdan payız buludu,
    Yayın dalınca mən ağlaya biləm.
    Alır əllərimdən yayımı payız,
    Bu yayı gizlədib saxlaya biləm.
    * * *
    Vida görüşüdür yayın son çağı,
    Kafe qapısıtək bağlanır üzü.
    Bir qonaqevindən ayrılıb gedir,
    Dinir xatirəli köçünün izi.
    * * *
    Vağzal yolundadır, orda gözləyir,
    O həsrət qatarı indicə gələr.
    Kövrək baxışımla ötürüb yayı,
    Əlacsız sükutum: "Hələlik!.." -- deyər.
    * * *
    Geriyə boylanıb baxsam da hərdən,
    Payızın əlləri çəkir çiynimi.
    Kəsişən yollarda ayrılmaq da var,
    Qayıdıb dəyişim daha əynimi.




    QOY OXUSUN GÖZLƏRİNİ GÖZLƏRİM
    Bir görüşün yollarına çən düşüb,
    Bir eşqinmi saçlarına dən düşüb?!
    Məndən özgə de, könlünə kim düşüb?
    Qoy oxusun gözlərini gözlərim.
    * * *
    Ürəyimi göynədəcək yanğısı,
    Telin olsun bu yaramın sarğısı.
    Kimdir, görən, o inamın oğrusu?
    Qoy oxusun gözlərini gözlərim.
    * * *
    Ümid dinir, güman dinir gözündə,
    Sükut dolu ümman dinir gözündə,
    Bir gerçəyi uman dinir gözündə,
    Qoy oxusun gözlərini gözlərim.
    * * *
    Kirpiyinin kölgəsimi gizlənən?
    Yad baxışla özgəsimi gizlənən?
    Bəlkə, mənəm öz-özüylə izlənən?
    Qoy oxusun gözlərini gözlərim.
    * * *
    Sevgilərdə doğru da var, yalan da,
    Sevgilərdə sayğı da var, talan da.
    Bu ömürdə olmayan var, olan da,
    Qoy oxusun gözlərini gözlərim.
    * * *
    Hansı vədə, hansı sözdür nəhs düşüb?
    Düz yozulan gərdişimiz tərs düşüb.
    Günah kimdə, qınaq kimdə, bəhs düşüb?
    Qoy oxusun gözlərini gözlərim.
    * * *
    Gülüm, and iç bu sevginin adına,
    Gülüm, yetək biz bu eşqin dadına.
    Ərmuğandır, sevib, düşüb oduna,
    Qoy oxusun gözlərini gözlərim.




    ÜRƏYİMƏ
    Gözümdən axır göz yaşı,
    Nəmi yığdım ürəyimə.
    Dərdin mənə yol yoldaşı,
    Qəmi yığdım ürəyimə.
    * * *
    Ərşə çəkdin sən yuxumu,
    Həm azımı, həm çoxumu.
    Əkdin bircə dərd toxumu,
    Zəmi yığdım ürəyimə.
    * * *
    Bir gileyin min davası,
    Bir talanam, eşq yuvası.
    Köklənmişəm, var havası,
    Dəmi yığdım ürəyimə.
    * * *
    Məni məndən alan aldı,
    Məni məndə oda saldı.
    Kimim getdi, kimim qaldı?
    Kimi yığdım ürəyimə?
    * * *
    Ərmuğan, bil, dərdim çoxdur,
    Başım üstə şimşək çaxdı.
    Vayıma el şərik çıxdı,
    Cəmi yığdım ürəyimə.

    Müəllif, Zaur Ərmuğan

    YAZARLAR.AZ















  • avqust 2021, Yazarlar.az

  • 230
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......