...
  • Iş Yeri
  • Vüqar Mirzə
  • Həmişəki kimi, bu gün də səhər saat 10:00-da iş yerində idi. Dükanı açıb bir az səliqə-sahman yaradır, oturub müştəri gözləyirdi. Bu "gözlənti" vaxtı səmərəli keçsin deyə bəzən kitab oxuyar, bəzən də hansısa bir işlə məşğul olardı. Axı o yaxşı bilirdi ki, maddi qazanc əldə etməli olduğu bu məkanda "boş zaman"ını kitab oxumaqla dəyərləndirib mənəvi qazancını da artıra bilər.

    Günortaya yaxın qapı açılır (həmin gün ilk dəfə) cavan bir oğlan içəri daxil olur. Bu zaman hər ikisinin beynindən ildırım sürətilə fərqli fikirlər keçir.

    Satıcı: "Bu gələn kaş bir şey alaydı"...

    Dükana gələn: "Ay Allah, kaş ki, "hə" deyəydi"...

    Cavan oğlan salam verib dərhal soruşur:

    - Sizə işçi lazım deyil ki? Fəhlə olsa da, olar.

    - Xeyr...

    - Çox sağ olun, təşəkkür edirəm.

    Oğlan ağır addımlarla, sanki ayaqlarını sürüyürmüş kimi qapıya yönəlir. Qapı bağlanır... Səssizlik...

    Bir müddətdən sonra yenə bayaqkı hal təkrar olunur. Satıcı oxuduğu səhifəni sonradan tapa bilmək üçün əlfəcini vərəqlərin arasına qoyaraq kitabı piştaxtanın altına qoyur və qapı tərəfə boylanır. Bu səfər təxminən 20-25 yaşlarında bir qız... Həm də bir az bəzənmiş halda... Diqqət cəlb edən bir əda ilə soruşur:

    - Sizdə kserokopiya var?

    - Bəli, var. (hər ikisinin beynindəki fikir: "nə yaxşı oldu"...)

    - Bilirsiz, mən iki il "kopyada" işləmişəm, indi işsizəm, məni "kopyaya" işə götürərsiz?

    - Təəssüf edirəm, xanım, bizdə o qədər də çoxlu "kopiya" işi olmur. Özüm öhdəsindən gəlirəm. Yaxşı olar ki, siz "AMİ"-nin (Azərbaycan Tibb Universiteti) yanına, ya "Elmlər"ə ("Elmlər Akademiyası" metro stansiyası) gedin, orda kopiyaya daha çox tələbat var. Ümid edirəm, orda özünüzə istədiyiniz bir iş taparsız.

    - Elə mən də orda işləmişəm. Amma bir aydan çoxdur ki, müdirimiz "vergi" (VN-Vergilər Nazirliyi) və "sos fond"-un (DSMF-Dövlət Sosial Müdafiə Fondu) müfəttişlərinin əlindən işlədiyimiz dükanı bağlayıb getdi. Biz də qalmışıq işsiz. (acı bir təbəssüm) Yaxşı... çox sağ olun.

    - Buyurun...

    Çoxdan qalmış, satılmayan malların tozunu silib oxuduğu kitaba qaldığı yerdən davam edir.

    Dükana gün ərzində real alıcılar da gəlirdi. Razı qalan da olurdu, narazı gedən də. Əsasən də ən çox bu ifadələr eşidilirdi:

    - "Endirim edərsiz?", "aaa, bunu filan yerdə daha ucuz satırlar", "biraz aşağı olar"?.., "görürsən, evimizin yanında bunu mənə baha verdilər e"... və s.

    Bəzən malı da, qiyməti də müştəri "təyin" edirdi:

    - Bunu, bunu, bir də ki, onu götürürəm, amma bu qədər (hər hansı bir məbləği deyir) verəcəyəm!

    - Olsun. (Könülsüz də olsa, satıcı razılaşır. Axı o da axşam evə gedəndə nəsə alıb aparmalıdır).

    Yenə bir müddət davam edən səssizliyi qapının açılması pozur.

    - Salam.

    - Əleykum Salam.

    - Siz işçi istəmirsiz? Mən mühasibatlığı bitirmişəm. Dükanın mühasiblik işlərini, aylıq və ya kvartal hesabat işlərini düzgün və dəqiq şəkildə icra edə bilərəm.

    - Bizim dükan sadələşmiş vergi əsasında işlədiyinə görə, çox da çətin olmayan "hesabat işləri"ni özüm görürəm. Xüsusi bir mühasibə ehtiyac qalmır.

    - Bəlkə satıcı lazımdı? Müştərilərlə yaxşı ünsiyyət qurmağı bacarıram. Əlimdən gəldiyi qədər satışın çox olmasına da çalışaram.

    - Bu, kiçik mağazadı, özüm idarə edirəm. Buranın həm müdiriyəm, həm mühasibi, həm də satıcısı. (Bunu deyərkən simasında kiçik bir təbəssüm də canlandı).

    - Üç ay əvvəl Dövlət Məşğulluq Xidmətinə də müraciət etmişəm, başqa idarələrə də "CV" (tərcümeyi-hal) yazıb vermişəm. Hələlik onlardan bir cavab gələnə qədər, heç olmasa, xadimə də istəməzsiz? - səsi bir qədər titrəyir...

    Səssizlik... Və satıcının üzündə özünün də dəqiq anlam verə bilmədiyi qırıq təbəssüm...

    Qapı astadan bağlanır...

    Bu cavabsız sualdan sonra o, üzündə sözlə anladıla bilinməyəcək bir ifadəsi olan mücəssəməyə dönmüşdü. İndi onun üzündə həm kədər, həm qəzəb, həm pərişanlıq, həm də müəyyən mənada acizlik görünürdü. Evinin xanımı olması gərəkən birinin ehtiyacı olduğu işi tapa bilməməsi - onun gözlərində kədər, məsul şəxslərin, məmurların iş tapa bilməyən vətəndaşa qarşı olan laqeydliyi - çatılmış qaşlarında qəzəb, ona olan müraciətləri cavabsız qoyma məcburiyyətində olması isə - sifətində məyusluq nişanəsi əmələ gətirmişdi. Hətta ən mahir rəssamlar belə o portreti "yaratmalı" olsaydılar da, o anda onun üzündəki bu qarışıq cizgiləri əks etdirə bilməzdilər. Bəlkə də bir tabloda bir neçə hissi - cizgini ifadə edə bilmək bacarığı təkcə ulu Yaradana məxsusdur.

    Xərclər çox olmasın deyə, dükanın təmizliyini də o özü edirdi. Gördüyü işləri o xanıma sadalayanda təmizliyi də özü etdiyini deməyə utanmışdı...

    P.S. Əgər bir xanım iş axtararkən iş seçimində mühasiblikdən xadiməyə qədər gəlib düşürsə, deməli o, vaxt keçdikcə iş tapmaq şansı azalan, o qədər də gənc olmayan, yaşı qırxın üzərində olan bir qadındır. Üstəlik utanaraq, bir az da təkidlə iş tapmağa çalışırsa, çox güman ki, evdə onun ya baxıma ehtiyacı olan yaşlı ata-anası, ya təhsil haqqını düzəltmək istədiyi övladı, ya da şəhid olmuş, vəfat etmiş həyat yoldaşının yoxluğunu maddi cəhətdən hiss etdirmək istəmədiyi körpəsi var. Əslində isə o, bunların hamısını əhatə edəcək ada sahib olan bir ANA-dır!
  • fevral 2019, Vüqar M.

  • 110
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......