...
  • Məqam
  • Mükafat Yaqub
  • Mükafat Yaqub
    MƏQAM
    (Hekayə)
    -Dur, oğlum, dur... Daha vaxtdı, qalx ayağa... – anası onu yuxudan oyatmaq istəyirdi. O, elə şirin yatırdı ki, oyanmaq istəmirdi. Anası isə əl çəkmirdi:
    - Qalx, oğlum, qalx, daha sənin vaxtın gəldi...
    - Qoy bir az da yatım da, ay ana. Yuxum gəlir axı...
    -Dur, mənim balam, dur... Daha yatmaq vaxtı deyil. Mütləq durmalısan. Oyan, qalx ayağa. İndi sənin vaxtındı, indi sən durmalısan... – Anası durmadan təkid edirdi, - Tez elə, hələ, tez elə, dur ayağa...
    -Ay ana, axı, hələ səhərə çox qalıb, niyə oyadırsan məni. Yatmaq istəyirəm...
    Anası onun boğazından yapışıb dik qaldırdı. Əli onun boğazında pəncərəyə tərəf sürüklədi. Amiranə səslə onun başına qışqırdı:
    -Səninlə deyiləm qalx ayağa.Yeri, düş həyətə. Səhərə az qalır. Dan yeri sökülür. Bu gün sənin vaxtındı, sənin zamanındı. Sənin növbəndi. - Onun boğazını bir az da möhkəm sıxdı.Az qaldı ki, boğula. Barmaqları, həm də dırnaqları, boyun-boğazını möhkəm sıxdığından dərisi göynəyirdi. – Hələ bi həyətə bax... Di gecikmə, qaç həyətə, vaxtı itirmə, tez ol, mənim ağıllı balam. Sənin də növbən çatdı, sənin də bəxtin açıldı... Tez ol, yeri... Şükür sənə, İlahi... Şükürlər sənə Allahım...
    -Yaxşı, ay ana, qaçıram, burax, boğdun məni... – çölə baxa-baxa xırıltılı səslə dilləndi. Həyət süd kimi ağ-appaq rəngdə idi. Hər yer ayın şəfəqlərinə bürünmüşdü.
    Anasının əlindən buraxılıb, tez şalvar-köynəyini geyindi. Qaça-qaça həyətə düşdü. Səhərin sərin mehi onun sifətini oxşadı. Anasının barmaq yerləri bir balaca sızıldadı. Belə bir gecəni, daha doğrusu, gecənin səhərə çevrildiyi anı, ömründə ilk dəfə idi ki, görürdü. Tamamilə çaşqın vəziyyətdə idi. Amma ayaq üstə zorla dayanmışdı. Yıxılmamaq üçün müvazinətini güclə saxlayırdı. Süd rəngli ağ gecənin gözəlliyi, cazibəsi onu məftun eləmişdi. Yuxu ilə reallığın sərhəddini itirmişdi. Ətrafı elə görməmışcəsinə seyr edirdi ki, sanki, illərcə, bu vaxtı gözləmişdi.
    Həyətin ortasında dayanıb ətrafı seyr edirdi. Sərin meh onun yuxusunu tamam qaçırdı. Amma hələ də çaşqınlıq içində idi. Nədənsə bir balaca oynaqları sızıldamağa başladı. Sonra isə boyun-boğazında anasının əllərinin təmasını hiss etdi, barmaq yerləri ağrıyırdı. Hələ özünə gəlməmişdi ki, sağ tərəfdəki qonşunun həyətindən səs-küy eşidildi. Sonra musiqi, çal-çağır, zurna-balaban səsi gəldi. Öz-özünə düşündü: - “axı, bu Fətiş gildə hələ toya çox qalır. Nə əcəb, belə tez başlayıblar?..” Mübarəkbadlıq etmək üçün onlara tərəf yönələndə, sol qonşu Mehbalı gildə vay-şivən səsi aləmi götürdü. Tükləri biz-biz oldu. “Görəsən bulara nə oldu, bu nə ağlaşmadı?.. Allah eləməsin, bir hadisə olar, ölüb-eləyən olar. Hələ özümü onlara çatdırım. Toy asan işdi. Vay odu ki, vay ola... Qonşuluqdu, hələ görüm nə ağlaşmadı.” Mehbalı gilə getmək üçün həyət qapısına yaxınlaşdı. Elə bu vaxt yolun o tayındakı, üzbəüz qonşu Domrul kişinin evindən bir partlayış səsi eşidildi. Dalınca alov göyə bülənd oldu. Sonra isə parta-part səsləri çoxaldı. Evləri yanırdı. Özü də yaman möhkəm yanırdı. Tez özünü onlara çatdırıb, yanğını söndürməyə tələsdi. Küçə qapısını açdı. Qaça-qaça yolun o biri tərəfinə keçəndə sürətlə gələn maşın onu elə möhkəm vurdu ki, o göyə qalxaraq çəpərin üstündən öz həyətlərindəki saman tayasının üstünə düşdü.
    Yarım saata qədər özünə gələ bilmədi. Saman tayasının təpəsində, beli üstə, əlləri yana açılı şəkildə uzanmışdı. Göydə hələ ulduzlar vardı. Ay bolluca işıq saçırdı. Hər tərəf ağ-appaq süd rəngində idi. Heç bir yeri ağrımırdı. Amma oynaqları bir balaca sızıldayırdı. Bütün bədəninin əzaları səyriyirdi. Tayadan enmək üçün beli üstə aşağı sürüşməyə başladı. Yavaş-yavaş sürüşüb yerə çatdı. Ehmalca ayağa qalxdı. Heç bir yeri əzilməmişdi. Amma özünü əzgin, bir az da yorğun hiss edirdi. Ətrafdan səs-səmir gəlmirdi. Yəqin etdi ki, zərbənin təsirindən qulaqları tutulub, ona görə də eşitmir. Nə çal-çağır, nə vay-şivən, nə də yanğının partlayış səsləri eşidilmirdi. Bircə ayaq və çiyinlərindəki oynaq səsləri idi eşidilən. Sanki paslı çərçivələr idi, cırıldaşırdı. Oynaqlarının sümükləri bir-birinə elə sürtünürdülər ki, şaqqıltı və cüyültü səsləri aydın eşidilirdi. Yadına düşəndə ki, onu maşın vurub tayanın başına atdı, cəld bəletə tərəf qaçıb küçəyə çıxdı. Maşın-zad yox idi. Qaçmışdı. Küçədə də insi-cins gözə dəymirdi. Tüpürüb, maşın sahibini yaxşıca xalatladı. Domrulun evini deyəsən söndürmüşdülər. Daha alov görünmürdü, ancaq tüstü sezilirdi. Qonşuların həyəti çıraqban idi. Hənirti də hiss olunurdu. Amma yaralanıb-yaralanmamağını bilmək üçün evə gəlməli idi. Bu qədər hadisələri qavramaq və özünə gəlmək lazım idi. Bütün bunlar ona çox qəribə gəlirdi. Sanki bir yuxu idi. Amma bunu aydınlaşdırmaq üçün özünü bir çimdiklədi də. Bədənindən yumşaq bir sızıltı, titrəyiş keçdi. Elə də bir ağrı hiss etmirdi, lakin yeridikcə, hərəkət etdikcə, özünü çimdiklədikcə bir yüngüllük hiss edir, həzz alırdı.
    Evə girib, qeyri-ixtiyari olaraq işığı yandırdı. Həyat yoldaşı Simər onu görüb bir qıyya çəkdi. Ayağa qalxıb onun üstünə qaçdı və çiyinlərindən yapışıb ağlaya-ağlaya özünə sıxdı:
    -Sənə qurban olum, ay Fərəc... Ay kişi, sən bura necə gəlmisən. Bəs məni niyə oyatmadın. Dörd ildi sənin yatağından kənara çəkilmirəm, indi niyə məni oyatmadın.Dörd il iflic yatan adam buracan necə gəldin, ay sənə qurban... Allahm, sənə çox şükür, min şükür, İlahi...
    Arvadı danışırdı, ağlayırdı, üzünü cırırdı, sonra gülürdü. Bir azdan uşaqlar da səs-küyə oyandılar və atalarını ayaq üstə gəzən görüb sevinə-sevinə atılıb-düşməyə başladılar. Sevindiklərindən ağlayırdılar. O avtomobil qəzasına düşən günü anadan olmuş dörd yaşlı oğlu ilk dəfə olaraq atasını ayaq üstə görüb əl çalır, oynayır, dombalaq aşırdı. Hamı sevinir, gülür, göz yaşı axıdırdı. O isə on iki il əvvəl rəhmətə getmiş anasının ətrini ciyərlərinə çəkir, ac-gözlüklə, sanki, havası çatmırmış kimi dərindən nəfəs alır, bir daha o ətri duya bilməyəcəyindən qorxaraq tez-tez əsnəyirdi. Səyriyən əzalarında, boyun-boğazında anasının barmaq izlərini axtarır, boğazındakı dırnaq ağrısının həzzini uzatmaq istəyirdi. Bu ağrı, bu ətir, bu iz onun həyata ikinci sağlam doğuluşu və qayıdışı idi...
    -Anam...– bu sözü göz yaşı içində, bütün duyğularla təkrarlayırdı...

    Mükafat Yaqub


  • noyabr 2017, Mükafat Y.

  • 190
Bir televiziya əməkdaşının başına gələn komik hadisə (pyes)

Tural İsmayılov

Efirdə hər şey mümkündür Personajlar: * Elçin – televiziyada 20 ildir çalışan redaktor. * Kamran – gənc aparıcı. * Aygün – prodüser. * Operator –......

Poetik Tərcümələr

Firuz Mustafa

Kitabda Firuz Mustafanın dünya ədəbiyyatından etdiyi poetik tərcümə nümunələri toplanmışdır. Həmin tərcümələrin əksəriyyəti müxtəlif illərdə ədəbi qəzet, jurnal, sayt və məcmuələrdə dərc edilmişdir......

Bu gələn payız da mənə bənzəyir

Təranə Dəmir

Dumanı tanışdı,çəni tanışdı. Bulud gözlərindən ayrılıq yağır, Həsrəti tanışdı,qəmi tanışdı. Başdan ayağacan bahar xəstəsi, Təpədən dirnağa vüsal acıdı. O......

Oxuya bilmədiyim hekayə.

Feyruz Muradov

Mən redaksiyaya ilk dəfə ayaq basanda Vaqif Abbasovu tanımırdım. Onun haqqında heç nə bilmirdim. Redaksiyada yalnız bir nəfəri şair Tofiq Hüseynovu tanıyırdım. Tofiq Hüseynovu tanımağım......

Avropalı görkəmli məsul katib.

Feyruz Muradov

Avropalı görkəmli məsul katib Xeybər İgidəliyev redaksiya ilə əməkdaşlığa başladığım vaxt məsul katib işləyirdi. Onunla redaksiyada az-az rastlaşırdım. O vaxtlar aramızda demək olar ki, heç......

Bir məqalənin izi ilə.

Feyruz Muradov

Ön söz : Uzun illər Şirvannın yerli mətbuatıda müxtəlif mövzuda yazılarla çıxış etmişəm. Mənim haqqımda bir yazı yazıla biləcəyi haqda heç vaxt düşünməmişəm. Amma uzun......

Mən bir payız yolçusuyam

Təranə Dəmir

Küləyim var,yağışım var, Enişim var,yoxuşum var, Hər açılan səhərlərin, Hər qaranlıq gecələrin Yanağında göz yaşım var. Baxışımda xatirələr, Kirpiyimdə qəm gül......

Pəncərədən uçan balıq (absurd hekayə)

Tural İsmayılov

Bir gün balıq akvariumdan çıxıb pəncərəyə qondu. Evdəki pişik təəccüblə soruşdu: — Sən nə edirsən? Balıq cavab verdi: — Uçmağı öyrənirəm. — Axı sən balıqsan!......

Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......