...
  • Təndir hənrinə sığınan şairə ...
  • Meyxoş Abdullah


  • ( Şairə Fərqanə Mehdinin “Təndir" şeirindən təsirlənərək...)

    Bəribaşdan deyim ki, bu yazımla araşdırma aparıb, hörmətli şairəmiz Fərqanə Mehdinin yaradıcılığını təhlil etmək fikrindən çox-çox uzağam. Çünki mətbuatda Fərqanə xanımın yaradıcılığı haqqında, görkəmli yazarlarımız kifayət qədər samballı fikirlər söyləyib, təriflər deyiblər. Bircə, onu deyə bilərəm ki, bu yazılanların hamısı, insafən ürəkdəngələn və yaradıcı bir insanın zəhmətinə verilən əsl qiymətdir.
    Bəs, görəsən, məni Fərqanə Mehdinin yaradıcılığına istiqamətləndirən hansı hisslərdir? Təkcə, bunu demək istəyirəm ki, sadəcə olaraq, şairənin “Təndir” şeiri uşaqlıq illərimi, doğma anamı mənə xatırlatdığı üçün özümdən aslı olmayaraq, hiss və həyəcanımı boğa bilməyib əlimə qələm aldım və ürək sözlərimi yazmaq məcburiyyətində qaldım. ... Və elə zənn edirəm ki, dəyərli oxucular məni anlayarlar...
    Təndir adı gələndə bir anlıq böyüyüb boya-başa çatdığım və uşaqlığımın acılı-şirinli xatirələriylə dolu olan kənd həyatı yadıma düşdü... Ən çox da içimi sızladan, qardaş-bacılarımızla, qonşu uşaqlarıyla boy-boya durub, anamın təndirdən çıxartdığı im-isti, ətri hər yana yayılan kömbə çörəklərin yolunu gözləməyimiz oldu. Yadıma düşdü yox e, məni elə uçundurdu ki...

    Müəllif çox haqlı olaraq qeyd edir:

    Bu uzun-uzadı ömür yolunda
    Anamla qoşaca çalışıb təndir.
    Ələ düşməyəndə kibrit əvəzi
    Anamın içindən alışıb təndir...

    Şair, ananın qəlbinin oduyla təndir hənirini, odunu eyniləşdirməklə, bu iki müqəddəs varlığı bir az da ucalığa qaldırır..
    Bu şeir bütün duyğu və hisslərimi oyatdı mənim... Anamın həmişə təndir üstə, ağlaya-ağlaya pıçıltıyla dua etdiyinin şahidi olmuşam... Onun niyə belə etdiyinin fərqinə varmasam da, mən onda elə bilərdim ki, təndirin od-alovu anamın qollarını yandırdığından o ağlayır...
    Ailəmiz böyük idi, on bir nəfər. Ona görə də, hər gün anam çörək bişirmək məcburiyyətində qalardı. Nadinclik edib, anamın evin bir küncünə düzərək, üstünə atdığı süfrənin altındakı kündələri o qədər əzmişik ki... Ayağımın altda qalan kündənin yumuşaqlığı indinin özündə də, sanki “ürəyimin şirəsini” çəkir... Belə vaxt anam əllərini dizlərinə çırpıb: - “Ay uşaq, o bərəkət gözünüzü tutar, axı...” – deyərək, fəryad qoparardı. O səsdən gələn qorxu bir andaca bizi vardan yox edər, kiritdirərdi... Sonra, yazıq arvad əlimizdən dad çəkə-çəkə yenidən, təkrar-təkrar əzilmiş kündələri yoğurardı:

    Qaçanda ağlayan uşaq səsinə,
    Əlindən birbəbir düşüb kündələr.
    Beləcə böyüdüb anam bizləri,
    Qəlbinin odunda bişib kündələr...

    Təndirin bağrının necə yandığını görmək üçün, heç olmasa bircə dəfə də olsa, onun necə qalanmasına, odlanmasına tamaşa etmisinizmi?!
    Ağzına qədər çır-çırpıyla doldurulan təndir “külfə”sindən odlanardı. Əvvəlcə, təndirin ağzından bürüm-bürüm qara tüstü çıxar, sonra həmin qara tüstü boz bulanıq rəng alardı. Bir az keçdikdən sonra isə qıp-qırmızı alov dilləri təndirin ağzından qalxardı.. Onda, anam təndirə ovuc-ovuc su çiləyərdi ki, od-alovu bir az səngisin. Buna təndirin “ağarması” deyirlər, kənd yerlərində. Təndir yaxşı ağarmayanda çörəklər də yaxşı bişməzdi, kündələr küt gedərdi.

    Təndirin tüstüsü çıxanda başdan,
    Anam gözlərindən su çiləyərdi.
    Küt gedən kündəni ovutmaq üçün
    Ərkyana təndiri şillələyərdi..

    Uşaq vaxtlarımda da, elə indinin özündə də bir şey daha çox heyrətləndiribdir məni. Pul kimi qızarmış, hərarəti beş-on metrlikdən adamı yandıran təndirə necə əyilib çörək bişirmək olar?!
    Hər dəfə təndirin od-alov püskürən içinə əyilib-düzələndən sonra anamın sir-sifəti elə allanıb dəyişərdi ki... canki, təndirdən çıxartdığı o çörəklərin nuru, bərəkəti qonardı arvadın çöhrəsinə...

    Əyninə özgə don geyməyən anam
    Təndir tüstüsündən yüz don geyinib
    Başını bir kəsə əyməyən anam,
    Təndirə çatanda min yol əyilib.
    (Fərqanə Mehdi)

    Mən, bayaq Ana ilə Təndirin ikisinin də müqəddəs bir varlıq olduğunu qeyd etmişdim... Vaxt ötdükcə, anamın üz-gözündəki qırışlarla, təndirin od-alovdan qarsımış və çat-çat olmuş bağrında bir ahənglik, bir oxşarlıq görürdüm. Sanki Təndir də anamla birgə qocalırmış...

    Anam getməyəndə təndirə yaxın
    Təndirin sinəsi çat-çat olubdu...

    Heç xatirimdən çıxmaz 10-12 yaşlarım olardı. Evdə saldığım şuluqluğa görə bir gün atam məni həyətə qovdu, və evdəkilərə bərk-bərk tapşırdı ki, onu heç kəs evə gətirməsin, qoy soyuqda qalıb, ağlı başına gəlsin...
    Atam sərt kişi olduğuna görə, evdəkilərdən heç kəs onun sözünün qabağına söz deməzdi...
    Şər qarışırdı... Qış ayları olduğundan hava da bərk soyuq idi.. hara gedəcəyimi, harda gecələyəcəyim barədə düşünürdüm... Belə vaxtlarda, adətən, kənd uşaqları tövlənin banını ceçirlər. Çünki orada quru ot-ələf olduğuna görə, birtəhər gecələmək üçün yer tapmaq olurdu. Amma qəribədir, mən təndirdə gecələməyi üstün tutdum.
    Həmin gün ertədən çörək bişirildiyinə görə, təndirin od-alovu səngisə də içərisi isti idi. Vaxt itirmədən təndirin ağzına qoyulmuş dəmir qapağı qldırıb, ora girdim və kürəyimi təndirin divarına söykəyib ayaqlarımı isti külün üstünə uzatdım... Təndir məni, sanki ana qucağı kimi qoynuna almışdı... anamın iysi gəlirdi təndirdən.
    Şairə Fərqanə Mehdinin “Təndir” şeiri, mən deyərdim ki, ruhumuzu oyadan, bizi mənəvi köklərimizə bağlayan bir sənət əsəridir. Ana haqqında, halallıq haqqında, xeyir-bərəkət haqqında yazılan birelegiyadı... Bu ruhu, bu hallalğı bir anlıq da olsa bizə yaşatdığı üçün Fərqanə xanıma öz minnətdarlığımı bildirirəm...
    Sözümü, gözəl şairəmiz Fərqanə Mehdinin, üzünü insanlara tutub hayqırtıyla, çağrışla, bəlkə də bir yalvarışla dediyi “Təndir” şeirinin sonuncu misralarıyla bitirmək istəyirəm:

    Anam yüzə bölər bir tikəsini,
    Anam mərd önündə dizin qatlayar.
    Damdan əskiltməyən un kisəsini
    Amanın günüdü anamdan qabaq
    Həyətdə təndirin bağrı çatlayar...


    Meyxoş Abdullah,
    yazıçı
  • avqust 2019, Meyxoş A.

  • 188
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......