...
  • İlğım...
  • Meyxoş Abdullah
  • (hekayə)

    ... Gecə yarıdan keçmişdi. Telefon zəng çaldı... Səs quyunun dibindən gəlirmiş kimi boğuq və uğultuluydu. Zəngin səsinə heç kəs yuxudan ayılmadı, elə bil, telefon heç zəng çalmırdı. Quşdan ayıq yatan həyat yoldaşı da, nədənsə, bu səsdən diksinmədi.
    Təkcə, Qasım müəllimin üçmərtəbəli xorultusu ani olaraq kəsildi və o, əvvəlcə yerində qurcundu, sonra isə mızıldanaraq dişlərini bir-birinə sürtüb xırçıldatdı. Deyəsən, telefonun səsini bircə o eşitmişdi. Əl atıb telefonu götürdü və həmin andaca qulağına tutub “alo” dedi.
    Telefonun o biri ucundakı adam, əvvəlcə boğazını arıtladı, sonra səsinin tonunu artıraraq:
    - Qasım Həsənzadəyləmi danışıram?!
    - Bəli!.. mənəm... Kimdir, bu gecə vaxtı?
    - Əflatun Amaşovdur, Mətbuat Şurasının katibi. Tanıdınmı?!
    - Hə... Əlbəttə, tanıdım. Əflatun müəllim, xoş gördük sizi, bu gecə vaxtı xeyirdirmi?!
    - Xeyir olmamış nə olacaq? Zəng etdim deyim ki, sabah saat onda yanımda olarsan, səninlə vacib işim var.
    - Əflatun müəllim, nə işdir belə?!
    - Yaxşı işdir, gələrsən bilərsən.
    - Əflatun müəll...
    - Gözləyəcəyəm!- deyə, danışan şəxs onun sözünü ağzında qoydu.
    Telefon susdu...
    - Görəsən, nə məsələdir belə? - deyə o, fikirləşdi. Axı, Əflatun Amaşovla bircə dəfədə olsun görüşməmişdi, heç tanış da deyildilər. Yüz faiz bilirdi ki, Əflatun Amaşov da onu heç tanımır, olsa-olsa mətbuatda imzasını görərdi, vəssalam. Bəs, onda səbəb nə idi ki, gecə vaxtı şəxsən özü zəng edib yanına çağırsın? Birdən yadına düşdü ki, bir neçə il bundan qabaq yaxın dostunun qəzeti reket qəzetlər siyahisina salınanda, o da Əflatun Amaşovun qarasınca bir-iki söz yazmışdı. Bəlkə, Aflatun müəllim indi bu məsələdən xəbər tutub onu tənbeh etmək üçün yanına çağırır? – Yox əşi, bu məsələnin üstündən gör nə qədər vaxt ötübdür, onun iş-gücü qurtarıb məgər, xırda bir məsələni bu qədər böyütsün?!- düşündü.
    Vaxt işıqseli kimi bir anlıq ötüb keçdi. Səhərin açıldığını, necə evdən çıxdığını və nə vaxt gəlib Mətbuat Şurasına çatdığını xatırlaya bilmirdi. Onda gördü ki, müəllimin otağındadır və onunla üzbəsurat oturub söhbət edir.
    Əflatun Amaşov:
    - Neçənci ildən Jurnalistlər Birliyinin üzvüsən?
    - Min doqquz yüz doxsan doqquzuncu ildən.
    - Bəs, Yazıçılar Birliyinin?
    - İki min ikinci ildən.
    - Belə! – deyə, Əflatun Amaşov mənalı-mənalı onu süzüb əlavə etdi:
    - Yəqin ki, məlumatın var, hörmətli prezidentimizin sərəncamıyla jurnalistlər üçün tikilən mənzilin bölgüsü başlayıbdır. Mən sənin ehtiyacını və istedadlı bir yazar olduğunu nəzərə alaraq, adınızı bu siyahıya salmışam. Siyahı, artıq, yuxarı dairələr tərəfindən təsdiq olunub gəlibdir. Səni bura çağırmaqda məqsədim mənzilin orderini və açarlarını sənə təqdim etməkdən ibarətdir.
    Qulaqları uğuldadı. Sevindiyindən uşaq kimi ağlamaq istədi. Bu bir möcüzə idi, ağlagəlməyən möcüzə. Neçə illərdi ki, şəhərdə ev almaq arzusundaydı, amma heç cür imkan edə bilmirdi. Bir də, hardaydı onda o qədər pul ki, ev alsın. İndi isə, oturduğu yerdəcə şahlıq quşu özü öz əl-ayağı ilə gəlib qonmuşdu onun başına. Bu, doğurdan da, ağlagəlməz bir iş idi.
    Ayağa qalxdı və heç bilmədi ki, minnətdarlığını necə bildirsin. Dili söz tutmayıb kəkələdi.
    Əflatun müəllim mənzilin orderini və açarlarını ona təqdim etdi.
    Qasım müəllimin bədəni əsirdi, həyəcandan ayaqüstə zorla dayanırdı. Möhkəm tərləmişdi, bütün bədəni su içərisindəydi. Özünü itirdiyindən Amaşova nə deyəcəyimi, necə təşəkkür edəcəyimi də bilmirdi. Hansı sözü desəydi, necə təşəkkür etsəydi, yenə də ürəyi soyumayacaqdı. Özünü toplayıb, bircə bunları deyə bildi:
    - Bağışlayın, Əflatun müəllim, görünür mən sizi yaxşı tanımamışam. Haqqınızda bir müddət bundan qabaq qanqaraldıcı sözlər yazmışdım. İndi görürəm ki, nə qədər yanılmışam. Siz, görün necə də alicənab insansınız ki, xahişsiz, minnətsiz mənim də adımı bu siyahıya salmısınız... Sizə çox-çox təşəkkür edirəm. Əgər mümkünsə, məni bağışlayın.
    Qasım müəllim bir qədər geri çəkilərək, əlini sinəsinə qoydu və şəstlə baş endirdi. Elə həmin anda gurultu səsinə yuxudan ayıldı. Nə isə möhkəmcə taqqıldadı.
    Səsə həyat yoldaşı və uşaqları da yataqdan dik atıldılar.
    Həyat yoldaşı həyəcanla:
    - Ay Qasım, bu nə səs-küydü, ev uçdu ki, başımıza.
    Qasım körpə uşaq kimi zarıdı.
    Arvadı işığı yandıranda gördü ki, əri yatağın içində dizləriüstə oturaraq, başını tutub ufuldayır. Sən demə, Qasım müəllim yuxuda təzim edərkən başını çarpayının tininə necə çırpıbsa, alnının ortasından toyuq yumurtası boyda donqar çıxıbdır.
    O gecə səhərə qədər ağrının təsirindən Qasım müəllimin gözlərinə birçimir də olsun yuxu getmədi. Səhəri dirigözlü açan Qasım müəllimin xəyalında, yan-yana tikilmiş binaların əksi dolaşırdı. Bu binalar, istinin təsirindən torpaqdan qalxan buğ kimi, gah itir, gah da yenidən görünürdülər...


  • mart 2021, Meyxoş A.

  • 208
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......