...
  • Qönçə ikən solan gül
  • Məleykə Mirzəli
  • Bu dünyada məndən savayı bütün qönçələr öz gözəlliklərinə heyrandır. Günəş onlardan öz nurunu əsirgəməyib. Bəs mən? Görəsən, Günəş məni niyə sevmir? Mənə öz nurundan pay verməklə, bəlkə də, əbədiyyətin ən gözəl çiçəyini yaradacaq. Amma yaratmaq istəmir. Bir bilsə ki, onu nə qədər sevirəm... Bağçadakı bütün gül-çiçəklərə gülməklə onları gözəlləşdirib. Mən isə onun gülüşünü görmədiyimə görə qönçə olaraq da qalıram. Deyəsən, heç vaxt gülə çevrilməyəcəm. Ətrafdakı qonşularım mənə həsəd aparırlar. Çünki mən hələ açılmamış qönçə olsam da, hər kəsi özümə valeh edirəm. Hər kəs bilmək istəyir ki, açılanda necə olacağam. Kaş bir dostum olaydı, ona dərdimi izhar edərdim, ona sevgilimin mehrsizliyindən şikayət edərdim. Gecələr gizlincə Aya baxıram, bəlkə, o, nigarımdan bir xəbər yetirə. Bu gecə də eləyəm, bütün aləm yuxudaykən mən nigarımı düşünürəm. Niyə belə paxıl davranır axı? Məgər bilmir ki, bir gülüşünə həsrətəm? Məgər bilmir ki, onun nurundan pay almasam, hələ qönçə ikən solub gedəcəyəm dünyadan. Bu düşüncələrdə ikən kimsə məni çağırdı:
    – Qönçə! Qönçə! Oyaqsan?
    Başımı qaldırdığımda gördüm ki, məni çağıran Ay imiş.
    – Göydəki ulduzların müridi – Ay, oyağam. Burdayam, həmişəki yerimdə.
    – Niyə bu qədər hüznlüsən? Axı bir qönçə öz gəncliyindən məğrurlanıb xoşhal olmalıdır. Nədir səni bu qədər üzən?
    – Hüznlüyəm, çünki sevgili-nigarım – Günəş mənə öz nurundan pay vermir. Onun həsrətindən öldüyümü bilə-bilə həmişə gizlənir, nədənsə mənə öz gülüşünü göstərmək istəmir.
    – Dünyaları şəfəq saçaraq gözəlləşdirən Günəş sənə qarşı belə davranır? Gəl sənə bir sirr verim. Günəş elə çoxdanın paxılıdır. Bunu məndən yaxşı heç kəs bilə bilməz. Bax elə üzümdəki ləkənin səbəbkarı da odur. Ona aşiq olduğunu bilir mi?
    – Bildiyinə əminəm. Gecənin bu zülmət qaranlığında sən mənim fərqimə vardığın halda, gündüzün al-işıqlı vaxtında o mənim fərqimə varmır? Bütün tanışlarım, yaxınlarım, qonşularımla deyib güldüyü halda, mənə yaxın belə gəlmir.
    – Qönçə, mənim getmək vaxtım çatır. Günəş gələcək birazdan, yerimizi dəyişəcəyimizi bilirsən. Özündən muğayat ol!
    – Sağ ol!
    Bəlkə, cəsarətimi toplayıb Günəşin qarşısına çıxım. Yox, bunu edə bilmərəm. Əgər mənim sevgimi rədd etsə, daha dik başlı dayana bilmərəm. Axı mən ona olan sevgimi nə qədər pünhan saxlayım?
    ***
    Ah, yenə sarı gözəlim qalxıb göyün üzünə. Hər tərəfə işıq saçaraq gözləri qamaşdırır. Məndən başqa heç kəs gözlərini bu işığa qərq edə bilmir. “Mən sənin heyranınam, gülüşünlə canlanıram” – bu sözlər dilimdən heç düşmür . Deyəsən, sonda şair olacam. Sona yetə bilsəm. Yetər artıq! Ona hər şeyi danışacam.
    – Günəş! Günəş! Mənəm – Qönçə. Sənin heç zaman üzünə baxmadığın, özünə gülmədiyin Qönçə.
    – Qönçə?
    – Bəli!
    – Nəhayət, danışmağa qərar verdin.
    – Sən mənim sevgimdən xəbərdar idin?
    – Əlbəttə, hər halda sənin danışmağını gözləyirdim.
    Həyəcandan tir-tir əsən Qönçə nə edəcəyini, nə deyəcəyini bilmir və birdən istəmsizcə bu kəlmələr ağzından çıxır: “Sevgim dünyalara bəsdir, məni bu qədər qırdığın əbəsdir!” Bu sözündən sonra ardına baxmayan Qönçə qaçdı, elə hey qaçdı, heç bilmir ki, hara qaçır. İstəmir ki, sevdiyi qız onu gözüyaşlı görsün. Qönçə bir vaxt özünə gəlir və görür ki, tanımadığı bir məkanda onu yuxu tutub. Artıq gecədir və Günəş yoxdur. Elə ki başlayır ağlamağa, görür gözlərindən qan damır. Necə bir eşqə bənd olduğunu, bu eşqin onu öldürəcəyini anlayır. Saatlarca gizlincə Günəşə baxaraq qaçmışdı. Ayla dərdləşməyi qərara alır, onu səsləyir:
    – Ey qaranlıq gecələrə göz dikmişlərin həmdəmi, haradasan? Kədər məni öldürür.
    – Yanındayam, kədərini görməmiş deyiləm.
    – Bu gün dildarımla danışdım. Sevgimdən xəbərdar ola-ola mənə bu qədər əzab verib.
    – Üzülmə, bir səbəb vardır, yəqin.
    – Bilirəm, qarşımızda keçilməz sərhədlər var. Mən tərki-dünyalıq qənaətinə gəlmişəm. Bizləri yaşadan, həyatımıza nəşə verən sevib-sevilməkdir. Sevilməyəndən sonra yaşamağın nə mənası var? Nəşəsi olmayan ömrü neyləyim? Səndən bir istəyim var, bu məktubu ona çatdır. Bəlkə...
    ***
    Günlərcə ağlamaqdan yerindən qalxmayan Qönçənin taqəti tükənmişdi və o artıq solduğunu hiss edirdi. Bütün gücünü toplayıb hüzn evinin pəncərəsinə yaxınlaşır. Bağ-baxçaya, göy üzünə son dəfə baxır və “Günəşim”- deyə bir nalə çəkir. Səsi bütün cahanı yuxudan oyadır, o an canını tapşırır.
    Bu naləni bütün gül-çiçəklər eşidib onun hüzn evinə axışıb gəlirlər. “Hələ qönçə ikən soldu”- deyib ağlayırlar. Ləçəkləri açılanda qızılgül, yoxsa lalə olacaqdı? Hərgiz bunu heç kəs bilmədi və bilməyəcək.
    Qaranlıq düşəndə Ay gəlir, sanki, içinə nə isə pis bir şey baş verəcəyi dammışdı. Qönçəni səsləyir:
    – Əziz dostum, həmdəmim! Haradasan? Qönçə! Məni eşitmirsən? Mənə səs ver! Haradasan?
    Gəzə-gəzə çağırır, amma bir səs verən yoxdur. Bu an yenicə dəfn olunmuş birinin məzarına rast gəlir. Məzarın üzərində daşdan yonulmuş qönçəni görüb hər şeyi anlayır. Saatlarca məzardan ayrılmayıb ağlayır. Axı əziz dostu artıq yox idi. Birdən məktub yadına düşür, onu Günəşə necə versin? Qərar verir ki, səyyarələrdən kömək alsın. Günəşə ən yaxın olan Bəhram məktubu ona çatdıracağını deyir.
    Səhər olub, bütün bağ-baxça yasa batıb. Bu gün göy üzü də boz şala bürünüb. Sanki, bütün səma Günəşin hərəkətindən utanır. Bəhram yuxudan ayılan kimi Günəşin mənzilinə yollanır, məktubu qapıya buraxıb gedir. Güzgü qarşısında bəzənib-düzənən Günəş, nəhayət ki, evdən çıxır. Məktubu görür, açıb oxumağa başlayır:
    “ Heç olmasa, bir gülüş, axı mən sənin o gülüşünə həsrətəm. Heç olmasa, bir baxış, axı mən sənin o gözlərinə həsrətəm. Yuxusuz gecələrimin səbəbidir o gözlər! Bir baxış nə imiş? Bir baxış aşiqə dünyaları bəxş edən nemət imiş. Baxış deyirəm, dünya hələ o gözlərdən görməyib. Görən olsa da, ölüb dirilməyib. İtki dediyin maddi aləmdən ayrılmadan da olurmuş, yaşarkən ölmək insanı yaman boğurmuş. Hələki yaşarkən deyirəm. Sonunu bildiyim eşqə düçaram, nə edim ki, belə yarə giriftaram? Qönçə ”.
    Məktubun hər bir kəlməsi, elə bil, göz yaşı ilə yazılmışdı. Qönçənin ətri Günəşi bihuş edirdi. Oxuduğu sözlər qəlbinə bir ox kimi sancılırdı. Niyə belə etdiyini düşünürdü. Bəli, səbəbi var idi. Günəş ona gülsəydi, öz nurundan pay versəydi, o, gündən-günə gözəlləşib ləçəklərini açacaqdı. Bu gözəlliyə vurulan biri onu dalından ayıracaqdı və onun bütün gözəlliyi burada bitəcəkdi, başqasının sevgisinə qurban olacaqdı. Üstəlik Günəş yaxınlaşdıqca Qönçə yanacaqdı. Lakin Günəş ona əbədi bir ad verdi: “Qönçə ikən solan gül”.
    Günəş bir neçə gün evdən çıxmadı, ağlamaqdan gözləri od tökürdü. Bütün aləm qaranlığa qərq olmuşdu. Fikirləşdi ki, evdə oturub ağlamaqdan bir şey hasil olmayacaq və Qönçənin məzarı üzərinə gəldi. Günəş evdən çıxan kimi bütün aləm şəfəqə boyandı, bunu görən buludlar da Günəşin yanına gəldilər. Günəş və buludlar günlərcə məzarın üzərindən çəkilmədilər. Günəşin nuru və buludların göz yaşı ilə məzarın üzərində yeni gül fidanı əmələ gəldi. Kim bilir, bəlkə də, bu fidan Qönçənin ruhu ilə yaşayacaqdı.
  • fevral 2019, Məleykə M.

  • 143
Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......