...
  • Köhnə yaşıma sözardı, yeni yaşıma sözönü
  • Firuz Mustafa
  • Köhnə yaşıma sözardı, yeni yaşıma sözönü
    Maarifçilər də qiyamçıdır, amma...

    Ad günü də deyən var, doğum günü də...
    ... Bəli, mən fevral ayının 18-də doğulmuşam. Amma sənədlərimdə bu “gəliş” iyun ayının otuzu kimi qeyd olunub. Fərq etməz... Bu “texniki xəta” az şeyi dəyişə bilər. Əsas odur ki, “gəlmişəm” və hələlik “getmək” fikrində deyiləm.
    ... Deyirlər, ömür bir əmanətdir. Bəlkə də təkcə əmanət deyil, əmanər bankıdır. Lap olsun ki, uzunmüddətli kreditdir. Mən bu terminləri həm də ona görə işlədirəm ki, ömür ən qiymətli kapitaldır. Hər kəs onu lazımi səviyyədə, gərək olan “layihələrə” xərcləməlidir. Və orasını da unutmayaq ki, “kredit” sözünün kökündə latın dilindən gələn önəmli bir anlam dayanır: “kredo”. Bu, “borc” deməkdir. Biz daim kimə və nəyəsə borcluyuq. Bu, belə də olmalıdır. Bu hissdən kənarda normal adam ola bilməz.
    ... Doğrusu, ilk gəncliyimdə mənə hal-hazırda gəlib yetişdiyim yaş “finişi” əlçatmaz görünürdü. Amma indi arxaya və irəliyə baxanda görürəm ki, indiyəcən yaşanmış ömür bir növü hələ də “yarımçıqdır”, “bütövləşməyib”. Hələ bundan sonra da “tamlaşmaq” üçün bilmədiyim, öyrənmək istədiyim çox şey var.
    ... Bir az basmaqəlib səslənsə də deyim ki, həyat yolum hamar olmayıb. Fəhləlik, tələbəlik, müəllimlik, əsgərlik, aspirantlıq, jurnalistlik... illəri. Həm şagirdlərə, həm tələbələrə, həm aspirantlara, həm də doktorantlara dərs demiş, onlara bildiyimi öyrətməyə çalışmışam. Ürək qızdırdığım, könül bağladığım heç bir fəaliyyət növü ilə candərdi məşğul olmamışam. Nə etmişəmsə, ürəkdən etmişəm.
    ... Özümdən “asılı olmayaraq” fəaliyyət sahəm çoxqatlı olub, polifonik səciyyə daşıyıb. Həyatımın böyük bir hissəsi auditoriya və kitablar arasında keçib. Belə ki, bədii yaradıcılıqla yanaşı elmi fəaliyyətlə də məşğul olmuşam. Üz tutduğum janrlar müxtəlifdir: hekayə, novella, povest, roman, dram, tənqid, ədəbiyyatşünaslıq... Fəlsəfə, fəlsəfə tarixi, kulturologiya, türkologiya, tarix, dilçilik, dünya ədəbiyyatı, Qərb və Şərq fəlsəfəsi. Buraya mənim poetik “həsb-halımı” da əlavə etmək olar. Zira bir neçə poetik məcmuənin müəllifiyəm. Üstəlik də ədəbiyyatımızda, bildiyim qədər, ilk mənzum komediyanı qələmə almışam. Hə, orasını da deyim ki, zaman keçdikcə dramaturji yaradıcılığım digər janrlar üzərində dominantlığı gücləndirib. Yazdıqlarım təxminən on dildə nəşr olunub. Pyeslərim bir çox ölkələrin səhnələrində oynanılıb. Radio və televiziyada uzun illər verilişlərin aparıcısı, qəzetlərdə köşə yazılarının müəllifi olmuşam.
    ... Bir çox dostlar, bu sözü dırnaqda və dırnaqdankənar da yazmaq olar, mənə yazı-pozu ilə çox məşğul oldugumu xatırladıb öz “ipadlarını” bildirirlər. Düzdür, yazılarım çoxdur: müxtəlif janrlarda qələmə aldığım yazılar, təxminən əlli cilddə toplanıb. Elə o qədər də gündəliklərim var. Amma mən özümü heç də çoxyazan hesab etmirəm. Belə ki, daha çox mütaliə və müşahidə edirəm. Filosof üçün mütaliə, yazıçı üçün müşahidə hava-su qədər zəruridir.
    ... Hərdən öz-özümə fikirləşirəm ki, bu yazdıqlarım görəsən kimə lazımdır? Axı indi kitab oxuyanlar, ciddi elmi fəaliyyətlə məşğul olanlar elə də çox deyil. Amma insan zəkasına, ümumiyyətlə bəşəri təfəkkürə və idraka olan inam məni hələ tam tərk etməyib. İnanıram. İnanıram ki, gec-tez insan ruhu insan cisminə qalib gələcək.
    ...Ötən illər ərzində bir çox maddi və mənəvi sıxıntılarım olub. Vaxtın səmum yelləri məni çox qırmanclayıb, döyəcləyib. Çaşdığım, azdığım, büdrədiyim vaxtlar da olub. Amma, qəribədir ki, zaman keçdikcə, illər öz atını gələcəyə doğru çapdıqca, mənim özümə olan inamım daha da artıb. Son illərin ağrıları və sevincləri üstümə dabanbasaraq gəlməkdədir: onlar sürətlə biri digərini əvəzləməkdədir. Əlbəttə, ağrilar bütün hallarda itkilərlə bağlı olub: ömür itkisi, torpaq itkisi. Sevinc hissləri isə daha çox “qazanclarımızla”, əldə etdiklərimizlə bağlıdır. Qəsb olunmuş torpaqlarımızın yenidən qaytarılıb “bütövləşməsi” son illərdə mənim ən böyük sevincimdir. Təbii ki, təkcə mənim yox, hamımızın. Əlbəttə, bu “tamlığın”, bu “bütövlüyün” bərpa olunmasında, bir sözlə bu qələbənin əldə edilməsində sıravı əsgərdən tutmuş ta Ali Baş komandana qədər hamının haqqı var. İşğal olunmuş torpaqlar qaytarıldı. Təəssüf ki, insan itkilərimizi qaytarmaq bizdən asılı deyildir.
    ... Son beş ildə üç ciddi əməliyyat keçirməyə məruz və məhkum olmuşam. Son əməliyyat cəmi üç gün bundan əvvəl olub. Nə etməli? Sevindirici hal odur ki, məhz həmin illər ərzində, yəni son beş il civarında artıq dediyim kimi, biz torpaqlarımıza tapınmışıq, torpaq isə bizi əsil ana kimi bağrına basıb. Biz anamıza qovuşmuşuq.
    ...Problemlərimizin olduğunu mən də sizin hər biriniz kimi görür və dərk edirəm. Kruzo kimi tənha adada, kahin kimi mağarada yaşamıram. Həmişə adamlar arasındayam. Soruşsalar ki, bizdə ən böyük problem nədir, deyərdim ki, laqeydlik, etinasızlıq. Elə çox şey, bəlkə də hər şey, çox zaman bizim özümüzə, keçmişimizə, gələcəyimizə, insanlara, təbiətə, öz hərəkət və davranışımıza laqeydlikdən irəli gəlir.
    ... Mən məşğul olduğum fəaliyyət sahəsindən asılı olmayaraq, özümü daim maarifçi hesab etmişəm. Hesab edirəm ki, maarifçilik heç də hadisələrə “loyal”, seyrçi, neytral, “sığallı-tumarlı” baxış və ya baxışlar sistemindən ibarət deyildir. Əksinə, maarifçilik hər cür ətalət və durğunluğa qarşı elan olunmuş və ya elan olunmamış mübarizə metodudur. Maarifçilər də qiyamçıdır, amma onlar cəmiyyətin inkişafında hər cür qan-qadanı, ölüm-itimi, qanlı döyüşləri istisna edən qiyamçılardır. Maarifçilik olan yerdə ədalət də olur. Maarifçilik bütün sosial-ictimai-siyasi qurumların fövqündədir.
    ... Gecə gecədən keçib. Artıq bizim coğrafi zamanda fevralın 19-dur. Doğum günümlə bağlı ünvanıma saysız-hesabsız təbriklər gəlməkdədir. Zəng edən dostlar da az deyil. Mənə uzun ömür arzu edirlər. Hətta, bir çox dost-tanışlar konkret ömür rəqəmi də arzu edirlər. Məsələn, yüz il, min il. Mən konkret rəqəm deməyə çəkinirəm. Yalnız bunu deyə bilərəm: ürəyinzcə yaşayın. Mən sizin hər birinizə ayrı-ayrılıqda və hamınıza birlikdə cansağlığı və uğurlar arzu edirəm.
    ...Doğrusu, əvvəlcə bir-iki cümləlik qısa təəssürat yazısı qələmə almaq fikrindəydim. Özümdən asılı olmayaraq, bu notlar bir xeyli genişləndi. İş belə alındı ki, köhnə yaşıma sözardı, yeni yaşıma sözönü yazası oldum.
    Hörmətlə, Sizin Firuz Mustafa
    19.02.2024


  • fevral 2024, Firuz M.

  • 578
Belə Ayrılıq Olmur

Dəhnəli Məmməd Hacızadə

Dərddi dərdə calanan, hey üst-üstə qalanan. Baxma ki ortalıqda iztirabdı dolanan, . Dözmərəm göz yaşına, qəm dolu baxışına. Qəlbimdəsən getsəm də, dünyanın o......

Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......

Daha Səsləməyir Dan Yeri Bizi

Dəhnəli Məmməd Hacızadə

Göydə ay,ulduzlar yerdə sən və mən, Bir onlar oyaqdır, bir də, sən və mən. Qapılıb gecələr xoş xəyallara, Onlar bizə baxar, biz də onlara. Qalardı......

Ağ dumanın içindəki görən kor (fəlsəfi hekayə)

Tural İsmayılov

Atam deyirdi ki, dünyanı görmək üçün göz lazımdır, mən isə indi buna şübhə edirəm. O kitabı – vərəqləri künclərindən didilmiş, cildi günəşdən solmuş o qəribə......

Zaur Ustac - Zenitdəki Zenitçi

زائـــور اوستاج

Zenitdəki Zenitçi (oçerk) Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin......

Sona İsmayılova – Zakir Kaya’nın Medya ve Yayıncılık Çalışmaları

زائـــور اوستاج

Röportaj Editör Girişi Dr.profesor Zakir Kaya, Türkiye merkezli araştırmacı gazeteci, yazar olarak medya, yayıncılık ve edebiyat......

Araşdırmaçı jurnalist Zakir Kaya: Media, Ədəbiyyat və Müstəqil Düşüncənin Kəsişm...

زائـــور اوستاج

Müsahibə Mətni Müasir mediada sürət, görünürlük və rəqəmsal intensivlik artdıqca, məzmun istehsalının keyfiyyəti və......

Zaur Ustac - Mən

زائـــور اوستاج

Mən “Sizin yanınızda oturmaq istəyirəm” … (Qəndab – Ara-sor məni) Hər gün oyananda səhər mehində, Sübhün şəfəqində, danındayam mən. Telinin cığasın pozan küləyəm, Hər zaman......

Zaur Ustac - Aşiq gecələr

زائـــور اوستاج

Aşiq Gecələr (Qəndab – Aşiq gecələr) O zülmət gecənə şam olum, gülüm, O gül cəmalına aşiq gecələr! “İşıldaquş”ların işığı vecsiz, Əriyən mumlara aşiq gecələr! Pərvanə......

Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

زائـــور اوستاج

Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil......