...
  • 2 cild
  • Firuz Mustafa


  • Firuz Mustafa


    ƏSƏRLƏRİ
    40 cilddə





    PYESLƏR
    İkinci cild













    BAKI- 2020





    Firuz Mustafa

    ƏSƏRLƏRİ
    40 cilddə



    PYESLƏR
    2-ci cild
    ISBN 978-9952-37-245-8

    Oxuculara təqdim edilən coxcildliyin ikinci cildinə Firuz Mustafanın
    müxtəlif illərdə qələmə alınmış pyesləri daxil edilmişdir.

    ©Firuz Mustafa.2020. səh.318



    "Teatr" jurnalının nəşri.2020



    Bakı.2020.







    MARİAN ÇÖKƏKLİYİ
    Birpərdəli pyes-duet
    (absurd)


    İştirakçılar:
    Qarapencəkli Kişi.
    Ağpencəkli Kişi.

    İri bir otaq.
    Musiqi səslənir.
    Səhnənin dərinliyində əvvəlcə Ağpencəkli Kişi görünür. O, əynindəki yağmurluğu və əlindəki çətiri asılqandan asır.
    Onun arxasınca Qarapencəkli Kişi daxil olur. O, əynindəki yağmurluğu soyunub haradansa asmaq istəyir, ora-bura baxır. Amma, deyəsən, burada cəmi bir asılqan var və həmin asılqandan Ağpencəkli Kişinin yağmurluğu ilə çətiri asılıb . Buna görə də Qarapencəkli Kişi yağmurluğunu qolunun üstünə atır.
    Ağpencəkli Kişi sağ divardan asılmış güzgüyə yaxınlaşır, özünü səliqəyə salır, bir-iki mimika göstərir, əli ilə üzünü sığallayır, dilini çıxarır.
    Qarapencəkli Kişi də eyzən onun hərəkətlərini təkrar edir.
    Hiss edilir ki, onlar bir-birinin burada olmasından xəbərsizdir.
    Divardan asılmış ekranda (və ya televizorda) orkestr çalır, şən musiqi səslənir.
    Nəhəng divar saatındakı əqrəblər səhərin yeni açıldığını “xəbər verir”.
    Qarapencəkli Kişi və Ağpencəkli Kişi qollarını yana açıb sanki oynamaq və ya idman etməyə hazırlaşırlar. Elə bu dəm musiqi susur, onlar bir-birini görüb əllərini yanlarına salırlar.
    Ağpencəkli Kişi asta, amma inamlı addımlarla Qarapencəkli Kişiyə yaxınlaşır, onlar bir müddət döş-döşə dayanırlar. Sonra Qarapencəkli Kişi yavaş-yavaş dalı-dalı çəkilir və nəhayət divara söykənir.
    Ağpencəkli Kişi əlini Qarapencəkli Kişinin çiyninə qoyub bir müddət diqqətlə onun üzünə baxır və sonra səs eşidirmiş kimi ətrafa boylanır.
    Qarapencəkli Kişi də onun kimi ətrafa nəzər salır.

    Ağpencəkli Kişi. Nədir? Nə olub? Ora-bura niyə boylanırsan? Bəlkə bu otaqda bizdən başqa yenə kimsə var?
    Qarapencəkli Kişi. Mən heç nə deyə bilmərəm. Amma hər şey ola bilər.
    Ağpencəkli Kişi (ətrafa boylanır). Bəli, hər şey ola bilər.
    Qarapencəkli Kişi (ətrafa boylanır). Yox, məncə, heç kəs yoxdur.
    Ağpencəkli Kişi. Bura bax, üstündə telefon, maqnitofon yoxdur ki?
    Qarapencəkli Kişi. Yox. Necə bəyəm?
    Ağpencəkli Kişi. Heç... Qəribə adamlar var.
    Qarapencəkli Kişi. Harada?
    Ağpencəkli Kişi. Bu dünyada.
    Qarapencəkli Kişi. Mən sizinlə razıyam.
    Ağpencəkli Kişi. O gün yanımda bir adam gəlmişdi. Ordan-burdan söhbət etdik. Müəyyən suallar verdim. Sən demə, səsimi yazırmış.
    Qarapencəkli Kişi. Haraya?
    Ağpencəkli Kişi. Maqnitofona.
    Qarapencəkli Kişi. Gərək sizi əvvəlcədən xəbərdar edəydi. Düz etməyib.
    Ağpencəkli Kişi. Kim?
    Qarapencəkli Kişi. Həmin adam.
    Ağpencəkli Kişi. Ona görə də mən bundan sonra qəbul etdiyim adamları soyundurmaq qərarına gəlmişəm.
    Qarapencəkli Kişi. Kişiləri, ya qadınları?
    Ağpencəkli Kişi. Əlbəttə, kişiləri. Qadınları heç soyundurmaq olar?
    Oğlan. Düz deyirsiz. Onlar özləri soyunmalıdır.
    Ağpencəkli Kişi. Əlbəttə, əgər özləri bunu istəsələr.
    Qarapencəkli Kişi. İndi mən nə edim? Bu yağmurluğu haradan asım?
    Ağpencəkli Kişi (küncdəki asılqaını göstərir, oradan çətir asılıb). Mənim otağımda cəmi bir asılqan var, o da gördüyün kimi, boş deyil.
    Qarapencəkli Kişi. Hə, oradan yağmurluqla çətir asılıb.
    Ağpencəkli Kişi. Yaxşı, bəs onda nə etməli? ..
    Qarapencəkli Kişi. Mən bununla bağlı bir təklif vermək istəyirəm.
    Ağpencəkli Kişi (yaxınlaşıb diqqətlə onu süzür). Buyur. Qısa və konkret.
    Qarapencəkli Kişi. Adamları bura dəvət edəndə çağırış vərəqinə bir qeyd də əlavə edin.
    Ağpencəkli Kişi. Nə qeyd?
    Qarapencəkli Kişi. Orada yazın ki, dəvət olunanlar özləri ilə asılqan da gətirsinlər.
    Ağpencəkli Kişi. Ağlabatan təklifdir. Qısa və konkret.
    Qarapencəkli Kişi. Bəli. Qısa və konkret.
    Ağpencəkli Kişi. Yaxşı, indi de görüm, mən səni hansı məsələ ilə əlaqədar çağırmışam?
    Qarapencəkli Kişi. Qətl hadisəsinə görə.
    Ağpencəkli Kişi. Meşədə?
    Qarapencəkli Kişi. Bəli?
    Ağpencəkli Kişi. Xatırladım. Doğrudur, sən adam öldürməkdə şübhəli bilinirsən.
    Qarapencəkli Kişi. Mən ötən dəfə demişdim, yenə təkrar edirəm: mənim bu cinayətdə heç bir günahım yoxdur.
    Ağpencəkli Kişi. Sən dostunla ova getmisən, hadisə də orada baş verib. Düzdürmü?
    Qarapencəkli Kişi. Düzdür.
    Ağpencəkli Kişi. Bəs deyirsən ki, bu qətldən xəbərim yoxdur.
    Qarapencəkli Kişi. Mən nə vaxt belə söz dedim ki?..
    Ağpencəkli Kişi. Elə indicə.
    Qarapencəkli Kişi. Mən dedim ki, bu cinayətdə heç bir günahım yoxdur. Vəssalam.
    Ağpencəkli Kişi. Sən dostunu qətlə yetirmisən. (Qarapencəkli Kişiyə yaxınlaşır). Bəlkə sən onunla heç dost-zad da olmamısan.
    Qarapencəkli Kişi. Biz dost olmuşuq.
    Ağpencəkli Kişi. Qoşalülədən atəş açılıb. Silah onun adınadır. Bəs sən niyə silahsız getmisən ova?
    Qarapencəkli Kişi (geri-geri addımlayır). İki silaha nə ehtiyac?
    Ağpencəkli Kişi (onun üstünə sarı yeriməkdədir). Sənin yerli-dibli silahın olmayıb?
    Qarapencəkli Kişi. Mən peşəkar ovçuyam.
    Ağpencəkli Kişi. Bəs onda niyə ova silahsız getmisən?
    Qarapencəkli Kişi. Bizdə silah var idi.
    Ağpencəkli Kişi. Hə, bildim niyə belə etmisən?
    Qarapencəkli Kişi. Nəyi?
    Ağpencəkli Kişi. Silahsız getməyinin səbəbini bildim. Sən dostunu onun öz silahı ilə vurmusan. Hesab etmisən ki, bunu intihar kimi qələmə vermək olar.
    Qarapencəkli Kişi. Yox, o, intihar etməyib.
    Ağpencəkli Kişi. Ay sağ ol. Bax, bunu düz dedin. (Gəzişməyə başlayır). Sonacan düz danışsan... Bu, sənin xeyrinə olar.
    Qarapencəkli Kişi. Çalışaram.
    Ağpencəkli Kişi. Necə bilirsən, silah sənin dostunun nəyinə gərək idi?
    Qarapencəkli Kişi. O, bu tüfəngi ov etmək üçün almışdı.
    Ağpencəkli Kişi. “Ov etmək üçün”... Maraqlıdır. (Ayaq saxlayıb diqqətlə kişini süzür). Bura bax, get yağmurluğunu oradan as.
    Qarapencəkli Kişi. Axı orada asılqan yoxdur.
    Ağpencəkli Kişi. Get mənim asılqanımdan as...
    Qarapencəkli Kişi. Sizin yağmurluğun üstündən?
    Ağpencəkli Kişi. Bəli.
    Qarapencəkli Kişi. Bu, böyük şərəfdir.

    Qarapencəkli Kişi asılqana yaxınlaşır. Qolunun üstündəki yağmurluğu Ağpencəkli Kişinin yağmurluğunun üstündən asır. Bir müddət hər iki yağmurluğu səliqəyə salıb, sanki onların tozunu alır, sonra geri qayıdır. Onlar üz-üzə dayanırlar.

    Ağpencəkli Kişi. Hə, indi hər şeyi təfsilatı ilə danışa bilərsən. Deməli, bir tüfənglə iki nəfər ova gedir.
    Qarapencəkli Kişi. Bəli. Elədir.
    Ağpencəkli Kişi. Gələcək qatil peşəkar ovçudur.
    Qarapencəkli Kişi (bilmək olmur ki, sual, yoxsa hökm verir). Siz də peşəkar ovçusuz.
    Ağpencəkli Kişi. Hələlik söhbət məndən yox, səndən gedir.
    Qarapencəkli Kişi. Daha doğrusu, mənim dostumdan. Bəli, o, qətlə yetirilib. Bunu heç kəs inkar edə bilməz.
    Ağpencəkli Kişi. Məndə hadisə yeri ilə bağlı çoxlu materiallar, fotoşəkillər var.
    Qarapencəkli Kişi. Mən də vaxtilə o yerlərdə çoxlu fotoşəkillər çəkmişəm. Gözəl, mənzərəli yerlərdir.
    Ağpencəkli Kişi. Mənzərənin bura nə dəxli? Adam ölüb...
    Qarapencəkli Kişi. O, özü ölməyib ki. Qətlə yetirilib.
    Ağpencəkli Kişi. Hiss olunur ki, bu, qətiyyən, təsadüfi qətl deyil.
    Qarapencəkli Kişi. Hər şey ola bilər.

    Ağpencəkli Kişi stola yaxınlaşır. Siyirmədən bir dəstə foto-şəkil çıxarır. O, şəkillərlə bağlı danışarkən böyüdülmüş fotolar divardan asılmış ekranda göstərilir. Kişi əlinə götürdüyü çubuqla şəkilləri göstərir.

    Ağpencəkli Kişi. Təsəvvür edək ki, biz indi həmin meşədəyik. Bax, hadisə burada baş verib. Mənzərə sənə tanış gəlirmi?
    Qarapencəkli Kişi. Bəli.
    Ağpencəkli Kişi. Sən burada dayanmışdın, elə deyilmi?
    Qarapencəkli Kişi. Bəli. Amma bir az aşağıda.
    Ağpencəkli Kişi. Qoy olsun burada. Razısanmı? O, öz tüfəngini sənə verdi. Doğrudurmu?
    Qarapencəkli Kişi. Mən özüm xahiş etdim ki, o, tüfəngi mənə versin.
    Ağpencəkli Kişi. Özün xahiş etdin? Məqsədin nə idi?
    Qarapencəkli Kişi. Mən atəş açmaq istəyirdim...
    Ağpencəkli Kişi. Kimə?
    Qarapencəkli Kişi. Heyvana.
    Ağpencəkli Kişi. Bəyəm orada heyvan var idi?
    Qarapencəkli Kişi. Meşənin dərinliyində əvvəlcə bir xışıltı eşidildi, sonra qaraltı göründü. Bu, çaqqal idi...
    Ağpencəkli Kişi. Sonra?
    Qarapencəkli Kişi. Mən tüfəngi ondan alıb sinəmə sıxdım.
    Ağpencəkli Kişi. Sonra?
    Qarapencəkli Kişi. O, bir az irəli yeridi.
    Ağpencəkli Kişi. Sonra?
    Qarapencəkli Kişi. O, bir az qorxaq adam idi.
    Ağpencəkli Kişi. Bəs sən necə? Qorxaq deyilsən ki?
    Qarapencəkli Kişi. Nədən qorxmalıyam ki? Çaqqaldan?
    Ağpencəkli Kişi. Lap elə olsun çaqqaldan.
    Qarapencəkli Kişi. Mən vaxtilə vəhşi ayı ilə üz-üzə gəlmişəm. O ki ola çaqqal... Çaqqal yırtıcı heyvan deyil ki. Meşə çaqqalsız olmaz.
    Ağpencəkli Kişi. Çaqqal var ki, gödən yırtır, canavarın adı bədnamdır.
    Qarapencəkli Kişi. Hə, düz deyirsiz, çaqqal bəzən çox qorxulu olur. Özü də ac olanda.

    Ağpencəkli Kişi gedib seyfdən tüfəngi çıxarır.

    Ağpencəkli Kişi. Bu, sənin atəş açdığın silahdır, düzdürmü.
    Qarapencəkli Kişi (silaha baxır). Bəli. Deyəsən...
    Ağpencəkli Kişi.”Deyəsən” nədir? Bu qundaq, bu lülə, bu çaxmaq...
    Qarapencəkli Kişi. Bəli.
    Ağpencəkli Kişi. Onda bu şəklə bir də baxaq. Demək, o, səndən arxada dayanmışdı.

    Böyüdülmüş foto divardan asılmış ekranda göstərilir.

    Qarapencəkli Kişi. Xeyr, o irəlidə, mənsə arxada dayanmışdım.
    Ağpencəkli Kişi. Yaxşı. Olsun. Sən onun arxasında dayanmısan. Amma ona öndən atəş açılıb.
    Qarapencəkli Kişi. Bəli.
    Ağpencəkli Kişi. Yəqin ki, o, üzü sənə tərəf dayanıbmış. Hər halda sən atəş açdığın zaman...
    Qarapencəkli Kişi. Xeyr. O, irəlidə idi. Bax burada. (Əli ilə şəkli göstərir). Bəli, bəli, burada. Amma mən bu tərəfi yox, tam əks tərəfi nişan aldım.
    Ağpencəkli Kişi. Hansı tərəfi?
    Qarapencəkli Kişi. Bax bu yanı. Buranı.
    Kişi. Qaraltı o tərəfdə idi?
    Qarapencəkli Kişi. Bəli.
    Kişi. Güllə qaraltıya dəydimi?
    Qarapencəkli Kişi. Mən yalnız nişan aldım.
    Ağpencəkli Kişi. Sonra...
    Qarapencəkli Kişi. Mən elə bu zaman bir atəş, onun ardınca da bir qışqırtı eşitdim.
    Ağpencəkli Kişi. Yəqin onda iki dəfə atəş açmısan.
    Qarapencəkli Kişi. Yox. Atəş başqa yerdən açıldı.
    Kişi. Boş-boş danışma... İki dəfə atmısan.
    Qarapencəkli Kişi. Bura baxın, niyə üstümə şər atırsız? Mən cəmi bir dəfə atmışam.
    Ağpencəkli Kişi. Bəlkə sən heç qoşalülə tüfəngin nə olduğunu da bilmirsən hə?..
    Qarapencəkli Kişi. Mən?
    Ağpencəkli Kişi. Bəli, sən.
    Qarapencəkli Kişi. Mən qoşalülənin də nə olduğunu yaxşı bilirəm, güllənin də, qırmanın da. Yəqin ki, bunları siz də bilirsiz.
    Ağpencəkli Kişi. Təbii... Bilirəm.
    Qarapencəkli Kişi. Ova gedirsiz?
    Ağpencəkli Kişi. Arada gedirəm.
    Qarapencəkli Kişi. Sonuncu dəfə nə vaxt olmusuz?
    Ağpencəkli Kişi. Harada?
    Qarapencəkli Kişi. Ovda. Meşədə...
    Ağpencəkli Kişi. Bazar günü. Daha doğrusu, ötən bazar.
    Qarapencəkli Kişi. Qəribədir, biz də oraya bazar günü getmişdik.
    Ağpencəkli Kişi. Ayın on üçündə.
    Qarapencəkli Kişi. Bəli. Nəhs gün idi.
    Ağpencəkli Kişi. Baxır kiminçün. Mən on üç rəqəmini sevirəm.
    Qarapencəkli Kişi. Yəqin ki, siz ova tək gedirsiz.
    Ağpencəkli Kişi. Bəli. Sən bunu haradan bilirsən?
    Qarapencəkli Kişi (bilmək olmur ki, sual, yoxsa təsdiq mənasında deyir). Siz ova həmişə tək gedirsiz.
    Ağpencəkli Kişi. Bəli. Həmişə tək gedirəm. Nə olsun ki?
    Qarapencəkli Kişi. Hiss olunur.
    Ağpencəkli Kişi. Hiss olunan nədir ki?
    Qarapencəkli Kişi. Siz dediniz ki, ova tək gedirsiz.
    Ağpencəkli Kişi. Bəli, dedim.
    Qarapencəkli Kişi. Mən də dedim ki... “hiss olunur.”.
    Ağpencəkli Kişi. Suala cavab ver, de görüm, sən əvvəllər ova kiminlə getmisən?
    Qarapencəkli Kişi. Tək getmişəm.
    Ağpencəkli Kişi. Bəs indi səni nə məcbur etdi ki, ova dostunla gedəsən?
    Qarapencəkli Kişi.Mən dostumun sözündən çıxa bilmədim.
    Ağpencəkli Kişi. Tutaq ki, buna da inandım. Onda sən belə bir suala cavab ver: əgər dostun ov etmək istəyirdisə, onda niyə çaqqala məhz sən atəş açmaq qərarına gəlmisən?
    Qarapencəkli Kişi. Çünki o vaxt tüfəng mənim əlimdə idi?
    Ağpencəkli Kişi. Niyə məhz sənin?
    Qarapencəkli Kişi. İkimizin bir silahımız var idi. Həmin vaxt tüfəng ya onun əlində olmalı idi, ya da ki mənim.
    Ağpencəkli Kişi. Yox, bu adi bir məsələ deyil. Məncə səbəbi ayrı məsələdə axtarmaq lazımdır.
    Qarapencəkli Kişi. Həmin an tüfəng mənim dostumun da əlində ola bilərdi. Bu, həm də bir təsadüf... Yox, görürəm siz bu “təsadüf” sözünü sevmirsiz. Yaxşı, olsun qismət, qəzavü-qədər.
    Ağpencəkli Kişi. Sən qismət, qəzavü-qədər deyilən şeyə inanırsan?
    Qarapencəkli Kişi. Kim inanmır ki? Bəyəm sən inanmırsan?
    Ağpencəkli Kişi. Əlbəttə, inanıram. Qismən.
    Qarapencəkli Kişi. Mən isə ürəkdən inanıram. (Əlini tüfəngə sarı uzadır). Özü də necə?..
    Ağpencəkli Kişi (tüfəngi qapır). Dayan. Sən nə edirsən?
    Qarapencəkli Kişi. Mən tüfəngə baxmaq istəyirəm.
    Ağpencəkli Kişi. Bax də. Elə buradan bax. Sənə tüfəng etibar etmək olar?
    Qarapencəkli Kişi. Bəyəm onun içində güllə var ki?
    Ağpencəkli Kişi. Gərək mütləq güllə olsun?
    Qarapencəkli Kişi. Tüfəngsiz güllədən istifadə etmək olur bəyəm?
    Ağpencəkli Kişi. Niyə olmur ki? Bunun elə qundağı da silahdır. Hələ dəmir lüləsini demirəm.
    Qarapencəkli Kişi. Bilirsiz, nə var? Bu, o gün mənim əlimə götürdüyüm tüfəngə oxşamır.
    Ağpencəkli Kişi. Bu, sənin atəş açdığın silahdır.
    Qarapencəkli Kişi. Mən bu tüfəngdən atəş açmamışam.
    Ağpencəkli Kişi. Yox bir, mən atəş açmışam.
    Qarapencəkli Kişi. O gün mən əlimə aldığım silahın qundağı bomboz idi.
    Ağpencəkli Kişi. Bəs bu necə, boz deyil?
    Qarapencəkli Kişi. Bu, bir az tutqundur. Amma o bomboz idi.
    Ağpencəkli Kişi. Sənin üzün kimi.
    Qarapencəkli Kişi. Qoy olsun.
    Ağpencəkli Kişi. Olsun.
    Qarapencəkli Kişi. Mən dəqiq bilirəm ki, bu, həmin silah deyil.
    Ağpencəkli Kişi (tutulur). Necə yəni həmin tüfəng deyil? (Seyfə yaxınlaşır. Oradan başqa bir tüfəng çıxarır). Sən bəlkə bunu deyirsən?
    Qarapencəkli Kişi (diqqətlə tüfəngə baxır). Hə, bax mənim əlimdəki bu tüfəng olub.
    Ağpencəkli Kişi. Bunun bir fərqi var ki? O, yaxud bu. Tüfəng elə tüfəngdir. Hər ikisi odlu silahdır. Fakt budur ki, sən adam öldürmüsən.
    Qarapencəkli Kişi. Xeyr. Yalandır.
    Ağpencəkli Kişi. Yaxşı, onda belə deyim: sənin açdığın atəşdən adam ölüb.
    Qarapencəkli Kişi. Belə şey olmayıb.
    Ağpencəkli Kişi.Olmayıb? Adam ölməyib?
    Qarapencəkli Kişi. Adam ölüb. Amma o, mənim açdığım atəmdən yox...
    Ağpencəkli Kişi. Yadda saxla ki, yalan ifadə vermək cəzanı daha da ağırlaşdırır.
    Qarapencəkli Kişi. Mən sizə kömək etmək istəyirəm.
    Ağpencəkli Kişi. Necə yəni, “kömək”?
    Qarapencəkli Kişi. İstəyirəm ki, həqiqət üzə çıxsın.
    Ağpencəkli Kişi. Köməyin nədən ibarət olacaq?
    Qarapencəkli Kişi. Həqiqəti danışmaqdan.
    Ağpencəkli Kişi. Elə isə etiraf etmək lazımdır.
    Qarapencəkli Kişi. Bəli. Doğrudur.
    Ağpencəkli Kişi. Atəş bu tüfəngdən açılıb.
    Qarapencəkli Kişi. Gəlin əvvəlcə meşənin vəziyyəti ilə tanış olaq.
    Ağpencəkli Kişi. “Meşənin vəziyyəti”... (Gülür). Meşə bizə nəyisə deyəcək yəqin...
    Qarapencəkli Kişi. Elə həqiqəti meşə deyə bilər. Bax biz burada dayanmışdıq.
    Ağpencəkli Kişi. Burada.
    Qarapencəkli Kişi. Bəli. Deməli, həmin gün siz də ovda olmusuz.
    Ağpencəkli Kişi. Bunun mətləbə nə dəxli?
    Qarapencəkli Kişi. Dəxli odur ki, siz ovda olmusuz.
    Ağpencəkli Kişi. Olmuşam.
    Qarapencəkli Kişi. Biz maşını bu yolda saxlamışdıq.
    Ağpencəkli Kişi. Mən isə tam əks tərəfdə olmuşam.
    Qarapencəkli Kişi. Əks tərəf buradır. Onda maşını burada saxlamısız.
    Ağpencəkli Kişi. Orada yox, burada.
    Qarapencəkli Kişi. Qoy olsun bura.
    Ağpencəkli Kişi. Sən yenə səhv edirsən. Bax, burada.
    Qarapencəkli Kişi. Biz sübh tezdən getmişdik.
    Ağpencəkli Kişi. Mən isə günorta getmişdim.
    Qarapencəkli Kişi. Biz günortayacan meşədə gəzib-dolaşdıq.
    Ağpencəkli Kişi. Elə-belə, boş-boşuna?
    Qarapencəkli Kişi. Hə. Mən təbiəti sevirəm.
    Ağpencəkli Kişi. Bəs o necə?
    Qarapencəkli Kişi. Kimi deyirsiz?
    Ağpencəkli Kişi. Mərhumu deyirəm... O da səninlə birlikdə idi?
    Qarapencəkli Kişi. Bəli. O, ova ilk dəfə idi ki, gedirdi. Onun vecinə deyildi?
    Ağpencəkli Kişi. Nə?
    Qarapencəkli Kişi. Deyirəm ki, ətraf aləm onun vecinə deyildi.
    Ağpencəkli Kişi. Sənsə təbiəti sevirsən.
    Qarapencəkli Kişi. Bəli. Çox.
    Ağpencəkli Kişi. Sonra?
    Qarapencəkli Kişi. Sonra azacıq yağış çilədi.
    Ağpencəkli Kişi. Yağışın məsələyə nə dəxli? Siz özünüz nə etdiniz?
    Qarapencəkli Kişi. Hə, sonra biz əyləşib nahar etdik.
    Ağpencəkli Kişi. Harada?
    Qarapencəkli Kişi. Maşının yanında.
    Ağpencəkli Kişi. Deməli, burada.
    Qarapencəkli Kişi. Hə, bax burada əyləşdik. Otun üstə.
    Ağpencəkli Kişi. Ot yaş deyildi bəyəm?
    Qarapencəkli Kişi. Yox.
    Ağpencəkli Kişi. Bu, necə ola bilər? Yağışdan sonra yaşıl otun üstündə əyləşib nahar edirsiz. Ot isə yaş deyil. Bu, necə olur?
    Qarapencəkli Kişi. Mən haçan dedim ki, yaşıl otun üstə əyləşdik? Bir bura baxın. Bu, nədir?
    Ağpencəkli Kişi. Ot tayası. Nə olsun ki?
    Qarapencəkli Kişi. Tayadakı ot necə olur. Yaş ya quru?
    Ağpencəkli Kişi. Olsun quru.
    Qarapencəkli Kişi. Bax, biz o tayadakı otdan bir çəngə qoparıb yerə atdıq, onun üstündə əyləşdik.
    Ağpencəkli Kişi. Sonra?
    Qarapencəkli Kişi. Sonra süfrə açdıq.
    Ağpencəkli Kişi. Yaşıl otun üstündə?
    Qarapencəkli Kişi.Yox, qəzetin üstdə.
    Ağpencəkli Kişi. Qəzet yaş olmadı bəs? Axı yağış yağmışdı.
    Qarapencəkli Kişi. Qəzeti otun üstə sərmişdik.
    Ağpencəkli Kişi. Yaş otun?
    Qarapencəkli Kişi. Yox, quru otun üstə. Axı burada aydın görünür: yaxınlıqda quru ot tayası vardı.
    Ağpencəkli Kişi. Belə çıxır ki, günortayacan yeyib-içmisiz. Yağışın altda...
    Qarapencəkli Kişi. Biz enliyarpaq ağacların altında əyləşmişdik. Oraya az qala yağış damcısı düşmürdü.
    Ağpencəkli Kişi. Bunu bayaqdan de də... Demək ağac sizi yağışdan qoruyub.
    Qarapencəkli Kişi. Bəli.
    Ağpencəkli Kişi. Amma həmin gün mən bir az islandım. Yaxşı, bəs nə yediniz?
    Qarapencəkli Kişi. Çölçülükdür də. Allahın verdiyindən.
    Ağpencəkli Kişi. Bir az dəqiqləşdirin.
    Qarapencəkli Kişi. Nəyi?
    Ağpencəkli Kişi. Nə yediyinizi.
    Qarapencəkli Kişi. Hə. Deyim də. (Əlini alnına qoyub düşünür).Toyuq əti. Salat. Pendir. Üstündən də mineral su içdik.
    Ağpencəkli Kişi. Vəssalam?
    Qarapencəkli Kişi. Hə. Yox. Adama bir-iki qədəh araq da içdik.
    Ağpencəkli Kişi. Həəə... Araq... Aydındır. Səninlə onun arasında düşmənçilik nə vaxtdan başlamışdı.
    Qarapencəkli Kişi. Mən onunla dost idim.
    Ağpencəkli Kişi. Vaxtilə siz bir-birinizlə yumruq davasına çıxmısız.
    Qarapencəkli Kişi. Bu, çoxdanın məsələsidir. Gör aradan neçə il keçib.
    Ağpencəkli Kişi. Cavabdan yayıpnma.
    Qarapencəkli Kişi. Bəli, biz onunla gəncliyimizdə dalaşmışdıq. Sonra?
    Ağpencəkli Kişi. Nə “sonra”? Hə, sonra...
    Qarapencəkli Kişi. Sonra hər şeyi unutduq. Yenə dost olduq.
    Ağpencəkli Kişi. Yaxşı. Deməli, araq içmisiz?
    Qarapencəkli Kişi. Bəli.
    Ağpencəkli Kişi. Sonra isə sən onu nişan almısan.
    Qarapencəkli Kişi. Sonra?
    Ağpencəkli Kişi. Sonra isə sən arxadan atəş açmısan.
    Qarapencəkli Kişi. Atəş onun sinəsindən açılıb.
    Ağpencəkli Kişi. Nə olsun ki?
    Qarapencəkli Kişi. O, irəlidə, bax burada idi.
    Ağpencəkli Kişi. Olsun lap burada.
    Qarapencəkli Kişi. Burada yox, burada.
    Ağpencəkli Kişi. Burada olsun. Sonra?
    Qarapencəkli Kişi. Mən isə buranı nişan almışdım. Axı qaraltı burada idi.
    Ağpencəkli Kişi. Sən sərxoş olmusan. Bəlkə qaraltı-zad da olmayıb. Sadəcə, gözünə görünüb. İçən adamın gözünə çox şey görünür.
    Qarapencəkli Kişi (bilmək olmur ki, sual , ya hökm verir). Siz ova gedəndə içmirsiz.
    Ağpencəkli Kişi. Bunu kim deyir?
    Qarapencəkli Kişi. Siz, ümumiyyətlə içirsiz?
    Ağpencəkli Kişi. Hərdən içirəm.
    Qarapencəkli Kişi. Hətta, ovda da.
    Ağpencəkli Kişi. Hətta, ovda da. Sizin sualınızı cavablandırmaq üçün deyim ki, bəli, həmin gün içmişdim. Ürəyin soyudu?
    Qarapencəkli Kişi (şəkli göstərir). Siz burada dayanmışdınız?
    Ağpencəkli Kişi. Əvvəlcə burada, sonra isə burada. Bax bu talada.
    Qarapencəkli Kişi. Biz isə burada dayanmışdıq. Mən burada, dostum isə orada.
    Ağpencəkli Kişi. Atəş buradan açılıb.
    Qarapencəkli Kişi. Bəs siz özünüz haradan atəş açmısız.

    (Pauza).

    Ağpencəkli Kişi. Mən burada dayanmışdım.
    Qarapencəkli Kişi. Atəş açdığınız yer buradır.
    Ağpencəkli Kişi. Xeyr, mən burada dayanmışdım. Bax, burada. Aralıda.
    Qarapencəkli Kişi. Mən isə burada idim.
    Ağpencəkli Kişi. Sən buradan atəş açmısan.
    Qarapencəkli Kişi. Doğrudur. Mən burada dayanmışdım. Buradan o tərəfə atəş açdım.
    Ağpencəkli Kişi. Bəs bu necə ola bilər?
    Qarapencəkli Kişi. Nə “necə ola bilər”?
    Ağpencəkli Kişi. Sən bu yana atmısan, amma dostun əks tərəfdə durub.
    Qarapencəkli Kişi. Elə söhbət də bundan gedir.
    Ağpencəkli Kişi. Və həmin qaraltını vurmusan.
    Qarapencəkli Kişi. Bəli. Vurduğum çaqqal da məlumdur
    Ağpencəkli Kişi. Çaqqalı vurmusan, amma dostun qətlə yetirilib.
    Qarapencəkli Kişi. Bəli, dostum qətlə yetirilib.
    Ağpencəkli Kişi. Özü də sinəsindən vurulub.
    Qarapencəkli Kişi. Sinəsindən vurulub. Bəli, düzdür.
    Ağpencəkli Kişi. Halbuki onun üzü bu tərəfə olub.
    Qarapencəkli Kişi. Üzü o tərəfə idi. Bəli, siz haqlısız.
    Ağpencəkli Kişi. Məntiqlə güllə onun kürəyindən dəyməli idi.
    Qarapencəkli Kişi. Doğrudur, mən atəş açsam güllə onun kürəyinə dəyməli idi.
    Ağpencəkli Kişi. Bəs niyə sinəsinə dəyib... güllə?
    Qarapencəkli Kişi. Bax, məni də düşündürən elə budur.
    Ağpencəkli Kişi. Qətibədir.

    Söhbətin bundan sonrakı hissəsi bir qədər sürəkli gedir.

    Qarapencəkli Kişi. Siz həmin gün ovda olmusuz.
    Ağpencəkli Kişi. Bəli.
    Qarapencəkli Kişi. Bax burada dayanmısız.
    Ağpencəkli Kişi. Burada yox, orada.
    Qarapencəkli Kişi. Elə mən də oranı deyirəm. Bax bu talada.
    Ağpencəkli Kişi. Bəli. Ora qismən açıq idi, uzaqda duman görünürdü.
    Qarapencəkli Kişi. Duman burada, meşənin üst tərəfində idi.
    Ağpencəkli Kişi. Elədir.
    Qarapencəkli Kişi. Siz buradan atəş açmısız.
    Ağpencəkli Kişi. Bəli.
    Qarapencəkli Kişi. Siz burada dayanan qaraltıya atəş açmısız.
    Ağpencəkli Kişi. Bəli, qaraltı burada idi... məncə.
    Qarapencəkli Kişi. O, çaqqal qaraltısı idi.
    Ağpencəkli Kişi. Bəli, çaqqala oxşayırdı.
    Qarapencəkli Kişi. Amma güllə çaqqala dəyməyib.
    Ağpencəkli Kişi. Yox, güllə çaqqala dəydi. Hətta mən onun ulartısını da eşitdim.
    Qarapencəkli Kişi. O, ulamırdı, inildəyirdi.
    Ağpencəkli Kişi. Çaqqal inildəyirdi?
    Qarapencəkli Kişi. Xeyr, inildəyən mənim dostum idi. Güllə ona dəymişdi.
    Ağpencəkli Kişi. Sənin atdığın güllə?
    Qarapencəkli Kişi. Xeyr, sizin atdığınız güllə onun düz sinəsinə dəymişdi.
    Ağpencəkli Kişi. Mən çaqqala atəş açmışdım. Sən böhtan atırsan. Sənin belə işlərin də var?
    Qarapencəkli Kişi. Atəş buradan açılıb. Dostum burada dayanmışdı.
    Ağpencəkli Kişi. Bəs bu, necə ola bilər?
    Qarapencəkli Kişi. Güllə sizin tüfəngdən atılıb. Mənim dostuma dəyən güllə.
    Ağpencəkli Kişi. Xeyr. Elə şey yoxdur. Sən onda sərxoş olmusan.
    Qarapencəkli Kişi. Bunu dəqiqləşdirmək elə də çətin məsələ deyil. Bir də ki, elə siz də içmisiz o gün.
    Ağpencəkli Kişi. İçmişdim, bəli... Amma hər şeyi olduğu kimi xatırlayıram... (Pauza). Axı mən bu yanda adam görməmişdim.
    Qarapencəkli Kişi. Doğrudur. Siz bizi görməmisiz. Bəlkə heç istəsəniz də görə bilməzdiniz.
    Ağpencəkli Kişi. Bu, necə ola bilər? Mən görmədiyim adama atəş aça bilmərəm ki.
    Qarapencəkli Kişi. Siz, əvvəla, qaçan çaqqala atəş açmısız. İkincisi də biz çökəklikdə idik.
    Ağpencəkli Kişi. Mən çaqqala atmışam...
    Qarapencəkli Kişi. Amma güllə mənim dostuma dəyib.
    Ağpencəkli Kişi. Bəs onda çaqqal...
    Qarapencəkli Kişi. Onu mənim gülləm öldürüb.
    Ağpencəkli Kişi. Hə, hadisə yerindən bir az aralıda çaqqal ölüsü vardı.
    Qarapencəkli Kişi. Həmin çaqqalı mənim gülləm öldürmüşdü. Axı mən dedim ki, çaqqalın bədənindəki gülləni yoxlamaq lazımdır.
    Ağpencəkli Kişi. Çaqqalın bədənində yara vardı, amma güllə yox idi.
    Qarapencəkli Kişi. Hadisə yerinə bir də baxmaq lazımdır. Güllə haradasa yaxında olacaq.

    Pauza.

    Ağpencəkli Kişi. Sən bununla nə demək istəyirsən?
    Qarapencəkli Kişi. Mən faktı xatırladıram.
    Ağpencəkli Kişi. Bunlar, sənin uydurmalarındır, fakt deyil.
    Qarapencəkli Kişi. Mən sizə konkret fakt deyirəm. (Səsini ucaldır). Siz... Daha doğrusu, sən, burada, yəni orada dayanmısan. Atəş buradan açılıb. Mənim dostum burada dayanmışdı. O, sinəsindən vurulub. Onu sən öldürmüsən. Sən... Sən.
    Ağpencəkli Kişi. Nə? Bu nə danışıqdır belə? Sən nə danışdığının fərqindəsən?
    Qarapencəkli Kişi. Əlbəttə. Mən dediyim hər kəlmə üçün məsuliyyət daşıyıram.
    Ağpencəkli Kişi. Sən, daha doğrusu, siz, nəyisə səhv deyirsiz. Mən burada dayanmışdım. (Göstərir). Siz isə burada. Mən buradan atəş açmışam. Siz isə bu sıx kolların arasında olmusuz. Lap tutaq ki, sizin dostunuz üzü bu tərəfə, mənim dayandığım talaya sarı olub. Mənim atdığım güllə ona necə dəyə bilər?
    Qarapencəkli Kişi. Bax, elə söhbət də bundan gedir. Məhz bu istiqamətdən atılan güllə dəyib ona.
    Ağpencəkli Kişi. Bu, bəlkə bir başqasının atdığı güllə olub.
    Qarapencəkli Kişi. Xeyr, məhz buradan atılıb həmin güllə. Mən hətta güllənin trayektoriyasını da cıza bilərəm. (Göstərir). Bax, güllə belə hərəkət edib, burada aşağı maillənib, burada hədəfə dəyib.
    Ağpencəkli Kişi. Hədəfə?
    Qarapencəkli Kişi. Bəli, hədəfə.
    Ağpencəkli Kişi. Mən çaqqalı hədəfə almışdım.
    Qarapencəkli Kişi. Amma hədəf mənim dostum olub.
    Ağpencəkli Kişi. Sizin öz dotunuzla köhnə ədavətiniz olub.
    Qarapencəkli Kişi. Bəli, olub. Lap çoxdan. Sonra biz bunu unutmuşuq. Barışmışıq. Axı mən bu barədə bayaq sənə danışdım.
    Ağpencəkli Kişi. Siz ondan intiqam almaq istəmisiz.
    Qarapencəkli Kişi. Bəli, bir zaman mənim ürəyimdə ona çox böyük kin olub. Hətta, mən onu məhv etmək istəmişəm.
    Ağpencəkli Kişi. Və məhv etmisiniz.
    Qarapencəkli Kişi. Özün də bilirsən ki, yalan deyirsən.
    Ağpencəkli Kişi. Mən faktlarla danışıram.
    Qarapencəkli Kişi. Doğrudur, indi etiraf edirəm, mən o vaxt, biz küsülü olanda, bir müddət intiqam hissilə yaşamışam. Amma sonra hər şey unuduldu. Biz bir-birimizi anladıq.
    Ağpencəkli Kişi. Və siz təzədən dost oldunuz.
    Qarapencəkli Kişi. Bəli. Təzədən dostlaşdıq onunla. Amma bu gün söhbət başqa bir faktdan gedir.
    Ağpencəkli Kişi. Hansı faktı deyirsiz?
    Qarapencəkli Kişi. Mənim dostumun öldürülməsi faktı...
    Ağpencəkli Kişi. Bu faktı kim inkar edə bilər? Bəli, insan öldürülüb.
    Qarapencəkli Kişi. Bəs o necə öldürüb?
    Ağpencəkli Kişi. O, güllə ilə qətlə yetirilib.
    Qarapencəkli Kişi. Ona kim atəş açıb?
    Ağpencəkli Kişi. Güllə bu tüfəngdən açılıb. (Tüfəngi əlinə alır). Mən bunu dəqiq bilirəm.

    Ağpencəkli Kişi tüfəngi aparıb seyfə qoyur.

    Qarapencəkli Kişi (əlini stolun üstündəki tüfəngə uzadır). Xeyr, səhv edirsən. Güllə bax bu tüfəngdən...
    Ağpencəkli Kişi. Dayanın, nə edirsiz? (Əlini irəli uzadır). Bu, əşyayi-dəlildir.
    Qarapencəkli Kişi. Elə əşyayi-dəlil olduğu üçün göstərmək istəyirəm.

    Gərgin musiqi. Ağpencəkli Kişi tüfəngin lüləsindən, Qarapencəkli Kişi isə qundağından yapışıb dartışdırırlar. Tərəflərdən gah biri, gah da o biri güc göstərir. Tüfəng tez-tez əldən-ələ keçir. Hər iki Kişi süpürləşir, bir-birinə güc göstərirlər. Onlar qışqırır, hədələyici səslərlə bir-birini təhdid etməyə çalışır.

    Ağpencəkli Kişi. Buraxın.
    Qarapencəkli Kişi. Əlini çək.
    Ağpencəkli Kişi. Dayanın. Siz nə edirsiz?
    Qarapencəkli Kişi. Bura ver tüfəngi.
    Ağpencəkli Kişi. Bu kimin tüfəngidir?
    Qarapencəkli Kişi. Mənim tüfəngimdir.
    Ağpencəkli Kişi. İndi sizin tüfəng yoxdur.
    Qarapencəkli Kişi. Sən öz tüfəngini seyfdə gizlədin. Bu tüfəng mənimkidir.
    Ağpencəkli Kişi. Bu tüfəng əslində indi heç kəsə məxsus deyil. Qoy elə qalsın burada.
    Qarapencəkli Kişi. Qoy olsun. Onda sən də əl vurma.
    Ağpencəkli Kişi. Olsun.

    Tüfəngin biri qundağından, biri də lüləsindən tutub ehtiyatla stolun üstünə qoyurlar.
    Atəş səsi eşidilir. Qaranlıq çökür.

    Qarapencəkli Kişi. Bıy, nə oldu?
    Ağpencəkli Kişi. Güllə lampaya dəydi.
    Qarapencəkli Kişi. İşığı yandırmaq lazımdır.
    Ağpencəkli Kişi. Həmin gün meşəyə də qaranlıq çökmüşdü.
    Qarapencəkli Kişi. Bəli. Yadımdadır.

    Meşədə
    Musiqi.
    Səhnə işıqlanır.
    Quşlar cəh-cəh vurub oxuyur.
    Səhnədə tədricən ağaclar peyda olur-sanki bu ağaclar yerin altından baş qaldırır.

    Ağpencəkli Kişi. Bax, bu da meşə.
    Ağpencəkli Kişi. O isə mənim olduğum taladır.
    Qarapencəkli Kişi. Başını aşağı əy.
    Ağpencəkli Kişi. Nə üçün?
    Qarapencəkli Kişi. Ağacı görmürsən? Gözünə çır-çırpı girər. Ehtiyatlı olmaq lazımdır.
    Ağpencəkli Kişi. Təşəkkür edirəm. Çox diqqətli adamsız.
    Qarapencəkli Kişi. Hə, çatdıq. Bax, biz burada dayanmışdıq.
    Ağpencəkli Kişi. Burada, burada... Mən aparılan təhqiqata əsasən deyirəm bunu.
    Qarapencəkli Kişi. Mən öz dostumla əvvəlcə burada dayanmışdım. Sonra dostum bu tərəfə getdi. Mən özüm isə bax burada durmuşdum. Çaqqalın qaraltısını bax bu tərəfdə gördüm.
    Ağpencəkli Kişi. Qaraltısını, ya özünü?
    Qarapencəkli Kişi. Hər halda, dəqiq bildim ki, o, çaqqaldır. Dedim də, mən peşəkar ovçuyam.
    Ağpencəkli Kişi. Deyirlər, tülkü çaqqaldan hiyləgər olur.
    Qarapencəkli Kişi. Heç dəxli var? Adam var ki, tülküdən də hiyləgərdir.
    Ağpencəkli Kişi. Bəli, belə hiyləgər adamlar var...
    Qarapencəkli Kişi. Özü də elə hiyləgər adamlar olur ki, tülkü belələrinin yanına məsləhətə gələ bilər... Bax bu da bizim dayandığımız çökəklik.
    Ağpencəkli Kişi. Hə, görürəm. Amma mənə bir şey çatmır..
    Qarapencəkli Kişi. Nə?
    Ağpencəkli Kişi. Axı güllə bu çökəkliyə necə düşə bilər?
    Qarapencəkli Kişi. Çox sadə. Oradan atırsan, bura düşür.
    Ağpencəkli Kişi. Axı bura çökəklikdir.
    Qarapencəkli Kişi. Bəli, çökəklikdir. Amma bu Marian çökəkliyi deyil ki. Dayaz bir çökəlikdir.
    Ağpencəkli Kişi. O nədir elə?
    Qarapencəkli Kişi. Marian çökəkliyi? Bu, dünyanın ən dərin çökəkliyidir. Özü də okeanın ortasında.
    Ağpencəkli Kişi. Yaman çoxbilmiş adamsan.
    Qarapencəkli Kişi. Çoxbilmiş deyiləm, amma çox bilənəm.
    Ağpencəkli Kişi. Eşitmisən o məsəli? Deyir, qarğa çoxbildiyindən tələyə düşər.
    Qarapencəkli Kişi. Elə çaqqal da tez-tez tələyə düşür.
    Ağpencəkli Kişi. Çaqqal?
    Qarapencəkli Kişi. Bəli. Çaqqal. Bilirsən çaqqalın tülküdən fərqi nədir?
    Ağpencəkli Kişi. Zahiri fərqi deyirsiz?
    Qarapencəkli Kişi. Yox. Nə zahiri, canım? Alimlər demişkən, söhbət daxili fərqdən gedir.
    Ağpencəkli Kişi. Mən bilmirəm o nə fərqdir elə.
    Qarapencəkli Kişi. İndi izah edim sənə. Çaqqal, adətən, tələdə gördüyü tikəyə tez sahib olmaq üçün çox can atır. Çalışır ki, yemi hamıdan əvvəl qapsın. Amma tülkü kənardan durub onu gözləyir.
    Ağpencəkli Kişi. Gözləyir? Niyə?
    Qarapencəkli Kişi. Bəli. Tülkü gözləyir ki, çaqqal tələyə düşsün, yemə o sahib olsun.
    Ağpencəkli Kişi. Onda çaqqal lap axmaq heyvandır ki.
    Qarapencəkli Kişi. Axmaq, ya ağıllı. Ortada olan fakt budur.
    Ağpencəkli Kişi. Hə, mən xatırladım. Orada uçurumun kənarındakı qayanın üstünə bir qartal qonmuşdu.
    Qarapencəkli Kişi. Bəli. Qartal oyan-buyana vurnuxurdu.
    Ağpencəkli Kişi. Düzdür. O qartalı sən də görmüsən?
    Qarapencəkli Kişi. Əlbəttə, gördüm.
    Ağpencəkli Kişi. Bəyəm bu çökəklikdən o qartal görünürdü?
    Qarapencəkli Kişi. Qartal elə bir quşdur ki, o, hər yerdən aydın görünür... Sən isə bax burada olmusan.
    Ağpencəkli Kişi. Burada uçurum var, mən uçurumun üstdə dayana bilmərəm ki.
    Qarapencəkli Kişi. Hə, onda bir az bu yana çəkil. Bax burada.
    Ağpencəkli Kişi. Hə, çəkildim.
    Qarapencəkli Kişi. Sən bax bura qədər gəlmisən.
    Ağpencəkli Kişi. Bəli, gəlmişəm.
    Qarapencəkli Kişi. Burada səs eşitmisən.
    Ağpencəkli Kişi. Eşitmişəm.
    Qarapencəkli Kişi. Çaqqalı burada görmüsən.
    Ağpencəkli Kişi. Görmüşəm.
    Qarapencəkli Kişi. Bax burada yerə sinmisən.
    Ağpencəkli Kişi. Bir az bu yanda.
    Qarapencəkli Kişi. Hə, olsun bura. Buradan atəş açmısan.
    Ağpencəkli Kişi. Bu tərəfə...
    Qarapencəkli Kişi. Bəli, bu yana. Çaqqal o tərəfə qaçıb, sənsə bu tərəfə atmısan.
    Ağpencəkli Kişi. Sonra ulartı eşitdim.
    Qarapencəkli Kişi. Ulartı, ya inilti?
    Ağpencəkli Kişi. Bəlkə də inilti səsi idi. Təkcə onu xatırlayıram ki, mən bu səsi eşidəndə vahiməyə düşdüm.
    Qarapencəkli Kişi. Aha. Səbəb nə idi?
    Ağpencəkli Kişi. Səbəb? Səbəb meşə idi. Düşündüm ki, meşədə vəhşi heyvanlar da ola bilər.
    Qarapencəkli Kişi. Sonra?
    Ağpencəkli Kişi. Sonra ətrafa göz gəzdirdim. Hər tərəf qaranlıq idi.
    Qarapencəkli Kişi. Onda hava hələ işıqlı idi.
    Ağpencəkli Kişi. Amma nədənsə mənə elə gəldi ki, birdən-birə hər tərəfə zülmət çöküb.
    Qarapencəkli Kişi. Etiraf edim ki, onda mənə də elə gəldi ki, hava birdən-birə tutuldu .
    Ağpencəkli Kişi. Mən qaranlığı heç sevmirəm.
    Qarapencəkli Kişi. Elə mən də.
    Qarapencəkli Kişi. İndi baş verənləri bir daha nəzərdən keçirək. Bax, sən burada dayanmışdın.
    Ağpencəkli Kişi. Burada. Yenə deyirəm, orada yox, burada. Ora oradır, bura isə bura...
    Qarapencəkli Kişi. Bəli, burada. Yaxşı, onda sən başqa bir atəş səsi eşitmədin?
    Ağpencəkli Kişi. Düzünü deyim ki, eşitdim. Elə bildim ki, bu, dərədə əks-səda verən güllə səsidir.
    Qarapencəkli Kişi. Qəribədir, mən də atəş açandan sonra güllə səsi eşitdim. Düşündüm ki, bu, əks-sədadır. Amma tezliklə anladım ki, səhv edirəm. Çünki dostum yerə sərilmişdi. Bildim ki, başqa istiqamətdən güllə atılıb.
    Qarapencəkli Kişi. Mən bu tərəfə atəş açmışam.
    Ağpencəkli Kişi. Bəli. Doğrudur. Bax, mən bu yana atmışam, sən isə bu yana... Mənim atdığım güllə bu yana qaçan çaqqala dəyib. Amma sənin atdığın güllə mənim buradakı dostuma...
    Ağpencəkli Kişi. Bəs nə əcəb o güllə sənə dəyməyib?
    Qarapencəkli Kişi. Bəli, o güllə mənə də dəyə bilərmiş. Mən çökəkliyin bir az dərinliyində olmuşam.
    Ağpencəkli Kişi. Əşi, nə çökəklik-çökəklik salmısan bayaqdan? Elə bil Marian çökəkliyi-zaddır...
    Qarapencəkli Kişi. Düz deyirsən. Haqlısan. Bu dayaz bir çökəklikdir. Marian çökəkliyi zad deyil ki... Bax, sənin atdığın güllə mənim dostumu düz burada yaxalayıb.
    Ağpencəkli Kişi. Sən dəqiq bilirsən ki, o, məhz həmin güllədən ölüb?
    Qarapencəkli Kişi. Əlbəttə. Həmin gün, daha doğrusu, həmin an meşədə iki adam olub: sən və mən.
    Ağpencəkli Kişi. Bəs sənin dostun?
    Qarapencəkli Kişi. Mən silahsız adamı nəzərdə tuturam.
    Ağpencəkli Kişi. Axı silah sənin özünün yox, dostunun olub.
    Qarapencəkli Kişi. Həmin an silah mənim əlimdə idi.
    Ağpencəkli Kişi. Bəlkə sən səhv edirsən? (Eyhamla). Bəlkə həmin an silah sənin dostunun əlində olub.
    Qarapencəkli Kişi. Yox, silah məndə idi. Dəqiq bilirəm.
    Ağpencəkli Kişi. Bəlkə silah onun əlində açılıb? Bəlkə o, intihar edib?
    Qarapencəkli Kişi. Yox. Belə şey olmayıb. İntihar üçün elə bir əsas da toxdu axı. Onu sən vurmusan. Sən vurmusan, o da ölüb. Vəssalam.
    Ağpencəkli Kişi. Mən yaxşı xatırlayıram, lülənin istiqaməti bir qədər bu yana idi. Mən oraya atəş açmamışam. Atəş bu yana açılıb. Bax bura...
    Qarapencəkli Kişi. Xeyr. Lülənin istiqaməti bu yana sarı olub. (Əlini uzadıb tüfəng lüləsinin istiqaməti müəyyənləşdirir). Hə, bax belə.
    Ağpencəkli Kişi. Mən bu istiqamətə baxırdım.
    Qarapencəkli Kişi. Deyəsən, indi hər şeyi xatırlayırsan.
    Ağpencəkli Kişi. Əlbəttə, xatırlayıram. Siz bu yanda, bu kiçik çökəklikdə öz dostunuzla olmusuz. Doğrumu? Mən çaqqalı vurmaq istəyirdim. Çaqqal bu səmtə qaçırdı. Mən qundağı sinəmə sıxıb atəş açmaq istədim. Mənə o anlarda elə gəldi ki, bu meşədə məndən başqa yenə kimsə var...
    Qarapencəkli Kişi. Aha... Bax indi dəqiq söyləyirsən.
    Ağpencəkli Kişi. Mən vahimələnməyə başladım.
    Qarapencəkli Kişi. Bayaq deyirdin ki, inilti səsi eşidəndən sonra vahimələnmisən. Amma indi dediyindən belə çıxır ki, bu vahimə hissi səndə elə əvvəldən olub...
    Ağpencəkli Kişi. İndi xatırladım ki, elə əvvəldən vahimələnməyə başlamışdım.
    Qarapencəkli Kişi. Bax, görürsən, hər şey dəqiqliklə yadına düşür...
    Ağpencəkli Kişi. Əlbəttə. İndi mən hər şeyi xatırlamağa başlayıram. Bir də ki, gərək həqiqəti deyəsən.
    Qarapencəkli Kişi. Həqiqət hər şeyin meyarıdır.
    Ağpencəkli Kişi. Elə vicdan da... Vicdan olmayan yerdə insan da yoxdur.
    Qarapencəkli Kişi. Sonra...
    Ağpencəkli Kişi. Çaqqal bu tərəfə qaçırdı. Mən isə o yanda, o talada dayanmışdım. Nişan alıb atəç açdım. Mən gülləni çaqqala atdım. Siz isə burada dayanıbmışsız. Düzdürmü? Bax, burada.
    Qarapencəkli Kişi. Düzdür.
    Ağpencəkli Kişi. Güllə, mənim açdığım atəş...
    Qarapencəkli Kişi. ...bu yana istiqamətlənib.
    Ağpencəkli Kişi. Hə, bu yana.
    Qarapencəkli Kişi. Ətraflı danış. Çəkinmə. Ən böyük qəhrəmanlıq həqiqəti etiraf etməkdir.
    Ağpencəkli Kişi. Hımmm... Həqiqət. Artıq biz bu barədə danışdıq. Özü də yetərincə...
    Qarapencəkli Kişi. Nə barədə?
    Ağpencəkli Kişi. Həqiqəf-filan və sair...
    Qarapencəkli Kişi. Həqiqərdən böyük nə var ki, bu dünyada?
    Ağpencəkli Kişi. Vicdan. O, hər şeydən üstündür.
    Qarapencəkli Kişi. Ömür- ölümün axarı,
    Ölüm-ömürün axırı,
    Allah hər şeydən yuxarı,
    Vicdan Allahdan ucadır.

    Ağpencəkli Kişi. Hə, bu, başqa söhbət. Məni vicdan təhrik edir ki, hər şeyi olduğu kimi deyim.
    Qarapencəkli Kişi. Doğrudan da vicdandan yuxarı heç nə yoxdur.
    Ağpencəkli Kişi. Mən indi özümçün təhlil edib görürəm ki, sizin dediyiniz doğrudur. Mən buradan atəş açmışam. Güllə bu tərəfə istiqamət götürüb. Bu güllə sizə də dəyə bilərdi...
    Qarapencəkli Kişi. Əlbəttə, dəyə bilərdi. Amma mənim dostuma dəyib. Kaş mən olaydım orada, o güllə mənə dəyəydi. Mən neçə vaxtdır ki, əzab çəkirəm. Onun ailəsi elə düşünür ki, onu mən qətlə yetirmişəm. Amma... Amma məni Allah qoruyub.
    Ağpencəkli Kişi. Allah?
    Qarapencəkli Kişi. Əlbəttə, Allah.
    Ağpencəkli Kişi. Bəs bayaq deyirdin ki, vicdan Allahdan ucadır.
    Qarapencəkli Kişi. Söhbət elə ilahi vicdandan gedir də...
    Ağpencəkli Kişi. Sən çox qəliz adama oxşayirsan.
    Qarapencəkli Kişi. Bu qəliz dünyada mən necə olmalıyam ki?
    Ağpencəkli Kişi. Yaxşı, deyin görüm, dostunuz yaralanandan sonra siz nə etdiniz?
    Qarapencəkli Kişi. Güllə düz onun sinəsindən dəymişdi. O, inildəyib yerə sərildi. (Həyəcanla təsvir edir). Mən cəld onun başını dizimin üstünə aldım. Qan sinəsindən bulaq kimi qaynayırdı. Mən onu qucağıma aldım. O, çox ağır idi. Məcbur olub tez-tez ayaq saxlayır, sonra özümü tarazlayıb irəli gedirdim. Axır ki, birtəhər gəlib maşına çatdım. Onu arxa oturacaqda uzatdım.
    Ağpencəkli Kişi. O, ölmüşdümü?
    Qarapencəkli Kişi. Yox, o, hələ can verirdi.
    Ağpencəkli Kişi. Demək, ölməmişdi.
    Qarapencəkli Kişi. Onda hələ sağ idi. Bəs sən həmin vaxt nə etdin?
    Ağpencəkli Kişi. Mən meşəni tərk etdim. Hər tərəf işığa qərq olmuşdu.
    Qarapencəkli Kişi. Qəribədir. Onda mənə də elə gəldi ki, hava birdən-birə açıldı.

    Səhnə işıqlanır.
    Tala. Yaşılıq.
    Ağpencəkli Kişinin əlində tüfəng, Qarapencəkli Kişinin əlində çətir və tüfəng.
    Hər ikisi yağmurluqda (plaşda).

    Ağpencəkli Kişi. Bax, bu mənim atəş açdığım tala.
    Qarapencəkli Kişi. Doğrudur. Sən bax buradan atəş açmısan.
    Ağpencəkli Kişi. Siz bunu haradan bilirsiz?
    Qarapencəkli Kişi. Bunu faktlar təsdiq edir.
    Ağpencəkli Kişi. Fakt çox şeyi təsdiq edə bilər. Axı mən buradan o çökəkliyə necə atəş aça bilərəm? Gəlin bir özünüz də baxın.
    Qarapencəkli Kişi. Güllə elə şeydir ki, hər yerə düşə bilər. (Boylanır). Bir bax, çökəklik buradan aydın görünür. Çaqqal o tərəfə qaçırdı...
    Ağpencəkli Kişi. Bu tərəfə...
    Qarapencəkli Kişi. Sən o tərəfə atəş açmısan.
    Ağpencəkli Kişi. Yox, siz düz demirdsiz mən bu tərəfə atəş açmışdım...

    Şaqqıltı eşidilir. Onlar diqqətlə ətrafa boylanırlar.

    Qarapencəkli Kişi. Bu, nə səs-küydür? Şax-şəvəl səsi gəlir.
    Ağpencəkli Kişi. Bəlkə meşədə kimsə var?
    Qarapencəkli Kişi. Sakit... Ssssssss...
    Ağpencəkli Kişi. O, nə qaraltıdır elə?
    Qarapencəkli Kişi. Tülküdür. Görürsən?
    Ağpencəkli Kişi. Bəlkə çaqqaldır?
    Qarapencəkli Kişi. Yox... Bu, tülküdür. Mən çaqqalı o gün vurdum, cəhənnəmə vasil oldu.
    Ağpencəkli Kişi. Tüfəngdə güllə olsaydı indi bunu da göndərərdimm onun dalıyca. (Tüfəngi qaldırır). Gərək güllə götürəydim.
    Qarapencəkli Kişi. Hə, indi hansı səmtə atəş açdığını dəqiq göstərə bilərsən. Bura hadisə yeridir.
    Ağpencəkli Kişi. Əslində hadisə yeri oradır, dostunun qətlə yetirildiyi çökəklik. Nəydi onun adı?
    Qarapencəkli Kişi. Marian çökəkliyi...
    Ağpencəkli Kişi. Doğrudur.
    Qarapencəkli Kişi. Lüləni belə tut. O gün bu səmtə atmısan. Lüləni bir az yuxarı qaldır.
    Ağpencəkli Kişi. Belə?
    Qarapencəkli Kişi. Ay sağ ol. Bax belə. Əlbəttə, qundağı da sinənə möhkəm sıxmısan.
    Ağpencəkli Kişi. Doğrudur. Qundağı sinəmə sıxıb nişan aldım.
    Qarapencəkli Kişi. Lüləni o yana tut.
    Ağpencəkli Kişi. Nişan aldım (Qarapencəkli Kişini nişan alır) .Və tətiyi çəkdim. Part, part, part... Vəssalam...

    Atəş səsi eşidilir. Qarapencəkli Kişi yerə sərilir.

    Qarapencəkli Kişi. Sən nə etdin?
    Ağpencəkli Kişi. Sənə nə oldu?.. Deyəsən, zarafat edirsən?
    Qarapencəkli Kişi (əlini sinəsinə qoyub yerində qıvrılır). Offf... Ölürəm...
    Ağpencəkli Kişi. Bu, nədir belə? Səni kim vurdu?
    Qarapencəkli Kişi. Sən... Sən vurdun məni?..
    Ağpencəkli Kişi. Axı bu tüfəngdə güllə yox idi? (Diqqətlə əlindəki tüfəngə baxır). Yox, səni mən vurmadım. Bəlkə sən intihar etdin?.. Niyə susursan? Sən niyə belə etdin? Niyə?

    Musiqi. Ağpencəkli Kişi əyilib bir kənara düşmüş tüfəngi Qarapencəkli Kişinin sinəsinin üstünə qoyur.
    Musiqi dəyişir.
    Yənə tamaşanın əvvəlindəki otaq.
    Ağpencəkli Kişi görünür. O, əynindəki yağmurluğu və əlindəki tüfənglə çətiri asılqandan asır. Sonra divardan asılmış güzgüyə yaxınlaşır, özünü səliqəyə salır, bir-iki mimika göstərir, əli ilə üzünü sığallayır, dilini çıxarır. Qollarını yana açıb musiqinin ritminə uyğun olaraq rəqs edir.


    PƏRDƏ
    Son
    Oktyabr. 2014.



















    ÇARDAQDA ZİRZƏMİ

    İki hissəli absurd dram



    Birinci hissə

    Əyalət mehmanxanasının ikinci qatı. Eyvan. Birinci qatda (aşağıda) divarlara müxtəlif şəkillər, mənzərələr, habelə kino və musiqi ulduzlarının portretləri yapışdırılıb. Araz və Zara eyvanda. Arazın əlində əsa var. Hər ikisi ayaq üstə. Elə əsərin əsas personajları da onlardır:


    ARAZ (“ALİM”“)
    ZARA (“MİLA”“)



    ZARA. Bağışlayın... Siz buraya hər il gəlirsiniz?
    ARAZ. Buraya? Bu əyalət mehmanxanasını deyirsiniz?
    ZARA. Mehmanxana nədir? Mən bu bu qəsəbəni deyirəm... Burada hər il olursunuz?
    ARAZ. Hə... Hər il... Bəs siz?.. Siz necə?
    ZARA. Mən də hər il gəlirəm.
    ARAZ. Mən adətən hər ilin bu ayında oluram bu yerlərdə...
    ZARA. Elə mən də... Özü də həmişə bu ayın əvvəlində...
    ARAZ. Lap dəqiq desəm, mən buraya ayın birində gəlirəm...
    ZARA. Mən də ayın birində...
    ARAZ. Nəsə mən sizi burada görməmişəm...
    ZARA. Mən də indiyəcən sizinlə rastlaşmamışam.
    ARAZ. Işə bir baxın...
    ZARA. Mən hər il bu yerlərə gələndə, bax bu eyvanda dayanıb uzun-uzadı o dağları seyr edirəm...
    ARAZ. Mənsə burada dayanıb o meşəyə tamaşa etməyi xoşlayıram.
    ZARA. Yəqin elə buna görə bir-birimizi görməmişik.
    ARAZ. Nəyə görə?
    ZARA. Sən o tərəfə - meşəyə, mən isə bu tərəfə - dağlara sarı baxdığıma görə.
    ARAZ. Hə. Görünür elədir... Tamam əks istiqamətlərə baxmışıq. Yəqin siz düz buyurursuz...
    ZARA. Bu ayın biri mənim ölüb təzədən dirilən günümdür.
    ARAZ. Bu ayın biri mənim də ölüb təzədən dirilən günümdür.
    ZARA. Amma mən onu birdəfəlik itirdim.
    ARAZ. Mən də onu birdəfəlik itirdim.
    ZARA. Siz kimi itirmisiz?
    ARAZ. Bəs siz kimi itirmisiz?
    ZARA. Mən ərimi itirdim o gün.
    ARAZ. Mən isə həmin gün arvadımı itirmişəm.
    ZARA. Bir işə bax...
    ARAZ. İşə bax bir...
    ZARA. Sizin arvadınızın adı nə idi?..
    ARAZ. Mənim arvadımın adı... Hə... Onun adı Zara idi. Bəs sizin ərinizin adı nə idi?
    ZARA. Məni ərimin adı... Araz idi onun adı...
    ARAZ. Bəs sizin adınız nədir?
    ZARA. Mənim adım Zaradır. Bəs sizin adınız?
    ARAZ. Mənim adım Arazdır.
    ZARA. Qəribədir.
    ARAZ. Hə, çox qəribədir...
    ZARA. Mən onu çox sevirdim. Öz ərimi deyirəm.
    ARAZ. Mən də onu çox sevirdim. Öz arvadımı deyirəm.
    ZARA. Sizin arvadınız harada dəfn olunub?..
    ARAZ. Orada, o meşənin ətəyində. Bəs sizin əriniz?
    ZARA. Mənim ərim orada, o dağın ətəyində dəfn olunub.
    ARAZ. Siz heç öz ərinizin qəbrini ziyarət etmisiz?
    ZARA. Mən yox. Bəs siz?..
    ARAZ. Mən elə buradan baxıram.
    ZARA. Elə mən də... Mən burada dayanıb onunla söhbət edirəm.
    ARAZ. Mən də... Mən də buraya gələndə Zara ilə elə buradaca danışıram.
    ZARA. Mən öz Arazımı oxşayıram.
    ARAZ. Mən öz Zaramı əzizləyirəm...
    ZARA. Mən onu bağrıma basıram.
    ARAZ. Mən onu öpürəm...
    ZARA. Mən son günəcən onu dəlicəsinə sevmişəm.
    ARAZ. Mən onu itirəndən sonra... Mən çox şeyi unutmaq istəyirəm...
    ZARA. Elə mən də... Amma nə edəsən ki, insan adətən unutmaq istədiklərini unuda bilmir...
    ARAZ. Məndə də bu cürdür. Unutmaq istədiyim axmaq şeylər yaddaşımdan yapışıb qopmaq istəmir ki, istəmir.
    ZARA. Axmaq şeylər də axmaq adamlar kimidir... Unudulmur...
    ARAZ. Ta demə... Axmaq adamlar da elə o axmaq xatirələr kimi bir şeydir, qır-saqqız olub əl çəkmir adamdan...
    ZARA. Arvadınız haqqında xatirələr sizdən əl çəkmir, hə?
    ARAZ. Əriniz haqqında xatirələrsə yəqin sizdən əl çəkmir?..
    ZARA. Amma siz öz arvadınızı sevmisiz... O xatirələr yəqin ki, “axmaq adamalara”bənzəməz.
    ARAZ. Amma siz də öz ərinizi sevmisiz... Yəqin ki, burada “qır-saqqızlıq” bir şey yoxdur.
    ARAZ. Bəs siz necə? Öz arvadınızı sevirsiniz?
    ZARA. İndi? Indi dəqiq bir söz deməyə çətinlik çəkirəm.
    ARAZ. Mən də...
    ZARA. Nə “mən də”?
    ARAZ. Mən də nəsə deməyə çətinlik çəkirəm.
    ZARA. Qəribədir... Çox qəribədir...
    ARAZ. Amma hər il həyatımın bir gününü ona həsr edirəm. Öz iş-gücümü, ev-eşiyimi atıb buraya gəlirəm.
    ZARA. Elə mən də buraya, məxsusi olaraq onu xatırlamağa gəlirəm.
    ARAZ. Deməli, sizin əriniz xoşbəxt kişi olub...
    ZARA. Deməli, sizin arvadınız da xoşbəxt qadın olub.
    ARAZ. Bəs siz özünüz necə, xoşbəxtsinizmi?
    ZARA. Siz hansı xoşbəxtlikdən danışırsız? Ümumiyyətlə, mən özümü nə xoşbəxt adam sayıram, nə də ki, bədbəxt...
    ARAZ. Elə mən də...
    ZARA. Mən həyatımın yalnız ayrı-ayrı fraqmentlərində xoşbəxt olmuşam.
    ARAZ. Mən də... Elə ayrı-ayrı fraqmentlərdə də özümü bədbəxt hesab etmişəm.
    ZARA. Təkcə axmaqların özünü tam xoşbəxt hesab etmək haqqı var.
    ARAZ. Elə özünü tam bədbəxt hesab etmək haqqı da təkcə axmaqlara məxsusdur.
    ZARA. Bilirsiz, mən insan həyatını bu ikimərtəbəli mehmanxanaya bənzədirəm.
    ARAZ. Mehmanxanaya? Qəribə müqayisədir.
    ZARA. Qəribə olsa da bu, belədir. Bizim də həyatımızın alt və üst qatları var. Elə deyilmi?
    ARAZ (gülür.) Biz hələlik üst qatdayıq.
    ZARA. Hamı üst qatdadır. Əlbəttə, mən sağları deyirəm...
    ARAZ. Şübhəsiz ki, bu, belədir. Ölülər alt qatda olur.
    ZARA. Yox, mən ölüləri nəzərdə tutmuram. Alt qat deyəndə mən... Bilmirəm fikrimi necə izah edim... Alt qatda bizim bir tərəfimiz gizlənib.
    ARAZ. Bir tərəfimiz... O, hansı tərəfdir elə? Sirr deyilsə deyin...
    ZARA. O tərəfi bizim özümüzdən başqa heç kəs görmür.
    ARAZ. Yəqin ki, siz haqlısız. Sizə bir şey deyim... Elə bizim qaldığımız bu mehmanxananın da birinci qatı siz deyən kimidir.
    ZARA. Necə yəni, “siz deyə kimidir”“?
    ARAZ. Mən neçə ildir buraya gəlib-gedirəm, hələ indiyəcən birinci mərtəbdə yaşayan görməmişəm. Inzibatçılar, xidmətçilər, süpürgəçilər... bir sözlə, bütün heyət odur ey orada, mehmanxananın həyətindəki o tikilidə qalır. Bilmirəm bu birinci qatı nə üçün tikiblər burada? Elə birbaşa ikinci qatı tikmək olardı...
    ZARA. Birinci qatsız ikinci qat olur bəyəm?
    ARAZ. Hə, burası doğrudur... Amma ikinci qatı dirəklərin üstə də tikmək olardı axı...
    ZARA. Birinci qat həmişə ikinci qatın əzabını çəkmək üçün tikilir.
    ARAZ. Əksinə də ola bilər...
    ZARA. Əlbəttə, hər şey ola bilər... Mən get-gedə heyrətə gəlirəm... Daha doğrusu, heç nəyə heyrət etmirəm... Bir fikir verin: birinci mərtəbədəki otaqların heç birinin qapısı yoxdur. Heç, qapısız da otaq olar?
    ARAZ. Amma həmin otaqların pəncərələri var.
    ZARA. Nə olsun ki?.. Adamlar o otaqlara pəncərələrdən girəsi deyillər ki... Bilmirəm o otaqlara başqa yerdən giriş var, ya yox?
    ARAZ. Niyə olmur ki? Məsələn, aşağıdan - otağın altından giriş ola bilər...
    ZARA. Yox bir, bəlkə yuxarıdan-tavandan giriş olsun... Bu necə, ola bilər?
    ARAZ. Ola bilər... O da ola bilər. Yoxsa mənə inanmırsız?
    ZARA. Nəyə inanım? Tavandan, ya da ki, döşəmədən qonşu otağa açılan qapıya... Ha-ha-ha... Belə şeyləri normal ağıl qəbul edə bilməz.
    ARAZ. “Normal ağıl”...”“ Nədənsə hər kəs təkcə öz ağlını normal hesab edir. Elə dəlilər də... Əslində isə kiminsə ağlının normal olmasına inamı bizə daha çox məhz həmin mövcud ağıl sahibinin hər şeyi olduğu kimi qəbul etməsi təlqin edir.
    ZARA. Çox mürəkkəb danışırsız...
    ARAZ. Burada mürəkkəb olan nədir ki? Məsələn, biz adətən hər şeyi illər uzunu gördüyümüz kimi qəbul edib məqbul sayırıq. Bu cəhətdən bizi ənənəyə bağlı insan hesab etmək olar. Onlar isə çoxlarının eyni cür gördüyü bir şeyi başqa cür qəbul edirlər. Onlar...
    ZARA. “Onlar”?“ Onlar” kimdir elə?
    ARAZ. “Onlar”, yəni ağlı normadan kənara çıxanlar... Məsələn, biz, deyək ki, otağa girişi yalnız yan divarlarda təsəvvür edirik. Onlar isə giriş qapılarını siz deyən kimi, tavanda və yaxud döşəmədə axtara bilərlər.
    ZARA. Mən də tavanda və ya döşəmədə qapı axtarıram. Bəlkə mənim də ağlım normadan kənara çıxıb, hə?
    ARAZ. Siz niyə hirslənirsiz axı?
    ZARA. Kim? Mən? Hirslənirəm? Mən haçan hirsləndim ki?
    ARAZ. Düzü, arabir mən özüm də hirslənirəm. Özü də boş yerə.
    ZARA. Ha-ha-ha...
    ARAZ. Siz niyə gülürsüz?
    ZARA. Hər halda sizə gülmürəm.
    ARAZ. Arabir mən özüm də, öz-özümə gülürəm.
    ZARA. “Özü də boş yerə”... Hə? Düz deyirəm?
    ARAZ. Sizdə də belə şeylər olur?
    ZARA. Xeyr! Sizdə olanlar məndə olmur.
    ARAZ. Şübhəsiz... Dünyada iki eyni şey ola bilməz ki... (Pauza.) Ehhh... Oynaqlarım sızıldamağa başlayır.
    ZARA. Yəqin hirsdəndir-əsəbdəndir...
    ARAZ. Yox...
    ZARA. Bəs nədəndir?
    ARAZ. Nə?
    ZARA. Oynaqlarınızdakı sızıltı...
    ARAZ. Deyə bilmərəm... Deyəsən, yağış yağacaq.
    ZARA. Yağışın yağması pisdir bəyəm?
    ARAZ. Kim deyir ki, yağışın yağması pisdir?
    ZARA. Indi özünüz dediniz ki...
    ARAZ. Mən nə vaxt dedim ki, yağışın yağması pisdir? Dedim ki, oynaqlarım sızıldayır. (Pauza.) Bəlkə də bu sızıltıya yağışın dəxli var, nə bilim? Çünki adətən bu sızıltılar yağışdan əvvəl başlayır, sonra isə yağış yağır... Sonra bu sızıltılar lap artır.
    ZARA. Deyəsən, adam yaşlaşanda göylə əlaqəsi artır...
    ARAZ. Göylə? (Əlini yuxarı uzadır). Nə əlaqə?..
    ZARA. Çünki hava haqqında ən dəqiq məlumatı qocalar verir.
    ARAZ. Eh, siz də...Hansı “əlaqədən” danışırsınız?.. Yox bir siz bəlkə sevirsiz yağışı?
    ZARA. Bəli mən yağışı çox xoşlayıram. (Pauza.) Bir təsəvvür edin: hava qaralır. (Gözlərini yumur.) Göydə buludlar toqquşur: şaraq-şaraq... (Əllərini bir-birinə vurur.) Sonra şıdırğı yağış başlayır: şır-r-r... Mənsə pəncərənin qarşısında dayanıb tutqun göyə, selləmə yağışa, çaxan şimşəyə baxıram. Necə də gözəldir...

    Zara pəncərəyə yaxınlaşır. Ildırım çaxır, yağış yağır. Qadın dəlicəsinə gülür.

    ARAZ. Deyəsən elə sizin özünüzün göylə əlaqəniz var. Bu da sizin sevdiyiniz yağış, istədiyiniz şimşək... Mənimsə sümüklərim sızıldayır... Soyuqdur. Keçin öz otağınıza.

    Işıqlar yanıb-sönür.

    ZARA. Hansı otağa keçim? (Həyəcanla.) Otaq hanı?..
    ARAZ. Necə yəni hansı otağa? Öz nömrənizə keçin.
    ZARA. Mən tapa bilmirəm öz otağımın qapısını...
    ARAZ. Sizin otaq o tərəfdədir... Düz gedin, sonra sağa tərəf dönün... Mən isə bu tərəfdə qalıram... Sol tərəfdə... Qapını tapa bildiniz? Bıy... Mənim də qapım görünmür! Bu qapını kim örtüb?..
    ZARA. Mənim qapım niyə qapanıb?
    ARAZ. Heç elə bil burada yerli-dibli qapı olmayıb.
    ZARA. Qapının əvəzində sal divar bitib...
    ARAZ. Bəs biz nə edək?
    ZARA. Bəs biz nə edək?
    ARAZ. Bəs mən nə edim?
    ZARA. Bəs mən nə edim?
    ARAZ. Yağış da bu yandan...
    ZARA. Ta demə... Hələ şimşək... Ildırım çaxır...
    ARAZ. Onları siz çağırdınız?
    ZARA. Kimi? Nəyi?..
    ARAZ. Yağışı, şimşəyi...
    ZARA. Xeyr... Sizin sümükləriniz, oynaqlarınız çağırdı o yağışı, o şimşəyi...
    ARAZ. Yağışın mənim sümüklərimə heç bir dəxli yoxdur...
    ZARA. Hər halda sümüklərinizin sızıltısına dəxli var.
    ARAZ. Onun buna dəxli var, amma bunun ona dəxli yoxdur... Yaxşı, bəs bu lənətə gəlmiş qapı hayana getdi?
    ZARA. Elə mən də onu axtarıram...
    ARAZ. Bir ora baxın!..
    ZARA. A-a-a... Bu nədir?.. Eyvanın altında işıq yanır...
    ARAZ. Deyəsən buradan oraya yol da var.
    ZARA. Haraya?..
    ARAZ. Aşağıya...
    ZARA. Hə, odur pilləkən də görünür...
    ARAZ. Hanı? Hə... Amma pilləkən gedib döşəməyə çatmır.
    ZARA. Doğrudan da... Pilləkənin ucu havadan asılı qalıb. Belə də iş olar? Bəlkə siz düşüb yoxlayasız... Hər halda kişi xeylağısız...
    ARAZ. Mənim ayaqlarım sızıldayır...
    ZARA. Mənimsə hər yerim...
    ARAZ. ... sızıldayır, hə?
    ZARA. ... hə də, sızıldayır...
    ARAZ. Deyəsən, zəlzələ baş verib...
    ZARA. Yox... Zəlzələ olsa bina çökər ki...
    ARAZ. Bəs onda mən niyə təpəsi üstə dururam?
    ZARA. Yox, siz ayaq üstəsiniz.
    ARAZ. Sizə elə gəlir. Elə siz də başı üstəsiniz... Biz hər ikimiz...
    ZARA. Deyəsən, mən həqiqətən başı üstəyəm. Bir ayaqlarıma baxın, göydədir...
    ARAZ. Mənimki də yuxarıdadır.
    ZARA. Qapı açılır.
    ARAZ. Hanı?..
    ZARA. Buyur, burada... Burada qapı var.
    ARAZ. Bu? Hə?.. Burada? Bu, qapıdır bəyəm?
    ZARA. Hə, qapıdır.
    ARAZ. Qapı uzaqlaşdı...
    ZARA. A-a-a... Doğrudan da... Bu nə işdir? Eyvan havadan asıla qalıb.
    ARAZ. Doğrudan da... Elədir...
    ZARA. Bəs indi biz nə edək?
    ARAZ. Irəliyə tullanmaq lazımdır.
    ZARA. Yox, mən oraya atıla bilmərəm...
    ARAZ. Gözünüzü yumun, atlanın: hopp.
    ZARA. Yox, mən quş-zad deyiləm ki, havada uçam.
    ARAZ. Onda əvvəlcə mən “uçum”“. Sonra siz...
    ZARA. Hə... Yox... Yerə yıxılarsız.
    ARAZ. Buradan yer görünmür...
    ZARA. Elədir, təkcə göyün üzü görünür.
    ARAZ. Hoppp... Mən atlandım... Qorxmayın, siz də hoppanın... hoppp...
    ZARA. Onda geri çəkilin... Bir az da... Hə bax, belə... Hoppp... Ufff... Ayağım burxuldu deyəsən...
    ARAZ. Heç nə olmaz. Bura yumşaqdır...
    ZARA. Soyuqdur...
    ARAZ. Hə... Soyuqdur...
    ZARA. Qapı yenə görünmür...
    ARAZ. Bu yandan da yağış... Amma pilləkən görünür...
    ZARA. Hə... Görünür...
    ARAZ. Bircə yağış kəsəydi...
    ZARA. Belə getsə sizi ildırım vuracaq. Axı, sizin sümüyünüzün sızıltısı yağışı, şimşəyi özünə çəkir.
    ARAZ. Yox... Mənim sümüyüm ildırımötürəndir. Yaxşısı budur, siz özünüzdən muğayat olun. Keçin içəri...
    ZARA. Haraya? Necə? Yarımçıq pilləkənlə?..
    ARAZ. İndi pilləkən yuxarıya doğru qalxır.
    ZARA. Hə, doğrudan da... A-a-a... Niyə belə oldu görəsən?..
    ARAZ. Çünki biz təpəsi üstəyik. Amma siz içəri keçə bilərsiz... Hə, bax buraya... Bir baxın... Görürsüz?
    ZARA. Siz dəli olmusuz? Bu, qapı deyil axı.
    ARAZ. Xeyr, bu, çardaqdır. Amma içəridə darısqallıqdır. Eybi yoxdur, orada lap elə iki adam da rahatca dincələ bilər.
    ZARA. Vallah, siz ağlınızı itirirsiniz deyəsən! Bax, qapı buradadır. Içəri buyurun... Xəstə adamsız, soyuqlayıb... ölər... e-e-e, zökəm ola bilərsiz.
    ARAZ. Orada işıqlar közərir. Əslində ora otaq yox, alaqaranlıq çardaqdır...
    ZARA. Qəribədir... Həqiqətən, ora çardaqdır... Zirzəmidə çardağa bax... Yox ey, çardaqda zirzəmiyə bax...
    ARAZ. Hər halda yağışdan qorunarıq...
    ZARA. Sizi ildırım vura bilər... Keçin... Keçin bu tərəfə... Bax, buraya...
    ARAZ. Siz də buyurun... Hə, bax buraya... Buraya... Bu qapı nə yaman ensizdir. Bu tuneldir, nədir?
    ZARA. Sürünə-sürünə keçin...
    ARAZ. Axı, mən təpəsi üstəyəm...
    ZARA. Nə olsun ki? Indi yerə uzanın, üzüüstə...
    ARAZ. Siz də uzanın... Uzandınız?
    ZARA. Hə, uzandım...
    ARAZ. İldırım çaxır...
    ZARA. Eybi yoxdur... Siz də uzandınız?
    ARAZ. Hə... Qapını göstərin mənə... Qaranlıqdır...

    Onlar yerə yıxılıb sürünə-sürünə, iməkləyə-iməkləyə irəliyə - boşluğa doğru hərəkət edirlər. Işıqlar yanıb-sönür.

    ZARA. Bu, qapıdır? Qapı buradadır...
    ARAZ. Hə, siz də keçin... Keçə bilirsiz?..
    ZARA. Görüm birtəhər keçə bilirəm, ya yox...
    ARAZ. Ensizdir, dardır... Elə bil kimsə məni öz bətninə doğru çəkir...
    ZARA. Məni isə, elə bil ki, kimsə öz bətnindən kənara itələyir. Bəlkə mən təzədən doğuluram?
    ARAZ. Mən isə, əksinə, sanki zülmətə düşürəm. Bəlkə doğrudan da geriyə - ana bətninə qayıdıram.
    ZARA. İşıq get-gedə artır... Mən birtəhər keçə bildim.
    ARAZ. Mən də keçdim. Amma sizi görmürəm.
    ZARA. Haradan görməlisiniz? O tərəf qaranlıqdır, bu tərəfsə işıq.
    ARAZ. Elə bil ki, bizi arakəsmə ayırır.
    ZARA. Hə, nəsə elə bir şeydir... Ta yağış yağmır.
    ARAZ. Ta ildırım çaxmır...
    ZARA. Sakitlikdir.
    ARAZ. Hə... Sakitlikdir.
    ZARA. S-s-s...
    ARAZ. S-s-s...
    ZARA. Sss...
    ARAZ. Sss...
    ZARA. S...
    ARAZ. S...
    ZARA. Görəsən, biz aşağı enmişik, yoxsa yuxarı qalxmışıq?
    ARAZ. Xeyr... Bura nə aşağıdır, nə də yuxarı.
    ZARA. Bəs onda haradır bura?
    ARAZ. Bura... Bura əslində həm aşağıdır, həm də yuxarı. Yəni bura həm çardaqdır, həm də zirzəmi...
    ZARA. Hər yerdə və heç yerdə olan təkcə Allahdır... Biz isə yəqin ki, nəinki Allahıq, heç onun uzaq qohumu da deyilik.
    ARAZ. Qohumu olmasaq da, onunla yaxın qonşuyuq.
    ZARA. Haradan bilirsiz?
    ARAZ. Bunu bilməyə nə var ki? Axı, hər halda biz onunla bir dünyada yaşayırıq.
    ZARA. Ola bilməz.
    ARAZ. Nə?
    ZARA. Siz deyənlər!
    ARAZ. Nə üçün?
    ZARA. Çünki Allahın öz dünyası var. O, insanlar arasında, onlarla qonşuluqda ola bilməz! O, bizidən çox uzaqdır. O, insanlara nifrət edir.
    ARAZ. Eh, rəhmətliyin qızı, ona qalmış indiki zamanda hamı hamıdan uzaqdır, hamı hamıya nifrət edir.
    ZARA. Amma bu dünyada bir-birinə yaxın olanlar, birlikdə nifrətsiz yaşayanlar da var.
    ARAZ. Onlar kimdir elə?
    ZARA. Nə? Kim? Nə? Kim? Onlar kimdir? Kimdir o bir-birinə yaxın olanlar? Kimdir o bir-birinə nifrət etməyənlər? Bəyəm indi belələri var ki?
    ARAZ. Hə! Nə? Kim?.. Kimdir, nədir unudulmayan?
    ZARA. Ha-ha-ha! Doğrudan da...
    ARAZ. Ha-ha-ha! Doğrudan...
    ZARA. Ha-ha!
    ARAZ. Ha-ha!
    ZARA. Ha!..
    ARAZ. Ha!..
    ZARA. Ha!..
    ARAZ. Ha...
    ZARA. Ha!
    ARAZ. Ha!
    ZARA. Ha-ha!
    ARAZ. Ha-ha!
    ZARA. Ha-ha-ha!
    ARAZ. Ha-ha-ha!
    ZARA. Ha-ha-ha-haaa...
    ARAZ. Ha-ha-ha-haaa...
    ZARA. Siz niyə gülürsüz?
    ARAZ. Bəs siz?
    ZARA. Mən gülürəm ki, üşüməyim...
    ARAZ. Elə mən də... Soyuqdan donuram...
    ZARA. Bu arakəsmə sizi görməyə mane olur.
    ARAZ. Hə... Indi vurub dağıdaram bu lənətə gəlmiş arakəsməni. Bax belə...
    ZARA. Ha-ha-ha...
    ARAZ. Ha-ha-ha...

    Onların gülüş səsləri əks-səda verir.
    Məkan dəyişir: Hotelin restoranı. Işıqlar yanıb-sönür. Gülüş səslərini coşqun musiqi sədaları əvəz edir. Orkestr çalır. Çalğıçılar görünməsə də müxtəlif musiqi alətləri yerindəcə dingildəşir, az qala rəqs edən adam kimi atılıb-düşür. Havadan asılmış lüstrlər fırlanır, yellənir, qalxıb-enir. Projektorların işıqları sənət “ulduzlarının” divarlara vurulmuş şəkilləri üstündə çarpazlaşır. Hər şey gözqamaşdırıcı, valehedici və başgicəlləndiricidir. Bu mənzərə daha çox karnaval şənliyini xatırladır. Divarlarda, tül pərdə arxasından kölgələr sürünüb keçir. Əksəriyyəti cüt olan (kişi və qadın) bu kölgələrin sahibləri, hiss olunur ki, əl-ələ, qol-qola tutub gəzişirlər. Hətta arabir “qucaqlaşan”, “öpüşən” kölgələr də görünüb, sonra uzaqlaşır. Sağ tərəfdən Araz, sol tərəfdənsə Zara gəlir. Hiss olunur ki, onların gənc çağlarıdır; gələnlər üz-üzə dayanıb diqqətlə bir-birini süzürlər. Onların libası dəyişib. Təbii ki, Araz əlindəki əsanı atıb.

    ARAZ. Zara...
    ZARA. Araz...
    ARAZ. Axı, sən sabah gəlməli idin...
    ZARA. Sən isə sırağagün...
    ARAZ. Mən sırağagündən buradayam.
    ZARA. Bilirəm.
    ARAZ. Nəyi?
    ZARA. Sənin sırağagündən, hətta ondan da xeyli əvvəl gəldiyindən xəbərdaram. Sən artıq bir həftədir ki, buradasan. Halbuki iki gün əvvəl gəlməli idin, elə deyilmi?
    ARAZ. Belə görürəm ki, tez gəlməkdə sənin məqsədin mənim barədə məlumat toplamaqdır. (Gülür). Ha-ha-ha-ha...
    ZARA. Sən isə görünür, bir həftə əvvəl gəlib mənim toplamaq istədiyim məlumatları məhv etmək istəyirsən.
    ARAZ. O, nə məlumatdır elə?
    ZARA. Sən indi özün dedin ki, mən burada sənin barəndə hansısa məlumatları toplayıram.
    ARAZ. Mən zarafat edirəm... Ha-ha-ha...
    ZARA. Amma mən qətiyyən zarafat etmirəm... Həqiqətən, sənin gizli marşrutun barədə məlumat yığıram.
    ARAZ. Mənim hansı marşrutum olub ki?..
    ZARA. Sən ezamiyyətə nə vaxt çıxmısan, Araz?..
    ARAZ. Bəyəm bunu sən özün bilmirsən?
    ZARA. Yaxşı, elə isə deyim: sən düz on gün əvvəl evdən çıxıb demisən ki, ezamiyyətə gedirəm?.. Elə deyilmi?..
    ARAZ. Yoxsa ezamiyyətdə olduğuma inanmırsan?
    ZARA. Sən həqiqətən ezamiyyətdəsən. Mən bunu bilirəm. Hətta, iş yerindən də soruşmuşam.
    ARAZ. Iş yerimdən? Iş yerimdə nə işin var sənin?
    ZARA. Çünki sənin haraya getdiyini dəqiqləşdirmək istəyirdim.
    ARAZ. Dəqiqləşdirə bildin?
    ZARA. Bəli, dəqiqləşdirdim. Sən cəmi-cümlətanı üç gün ezamiyyə yerində olmusan.
    ARAZ. Axı, danışmışdıq ki, mən səni burada - bu xaraba qəsəbədə gözləyim. Elə ona görə də bir az tez gəldim.
    ZARA. Bəs nə üçün bir həftə tez?
    ARAZ. Fikirləşdim ki, tez gedib şəraiti olan bir ev tutum... Müalicə sularına yaxın bir yerdə qalaq... Həkimlə də danışmışam, hər şey yaxşı olacaq. Bu sular çox xeyirlidir. Heç bilirsən buraya gələn nə qədər qadın tezliklə ana olub?..
    ZARA. Mən ana olmaq istəmirəm.
    ARAZ. Bu, lap təzə xəbər oldu ki!
    ZARA. Mən istəmirəm ki, bu dünyaya sənin kimi alçaqdan uşaq gətirəm!
    ARAZ. Mənim alçaqlığımı sən haradan bilirsən?
    ZARA. Sən bir həftədir haradasan?
    ARAZ. Sən mənimlə lap müstəntiq kimi danışırsan, Zara...
    ZARA. Sən hardasan bir həftədir? Mən səndən söz soruşuram...
    ARAZ. Mən sənə izah etdim ki... Mən... Mən...
    ZARA. Elə isə indi mən sənə izah edim: sən düz bir həftə əvvəl ezamiyyətdə olduğun şəhərdən çıxıb bura gəlmisən. Düzdür?
    ARAZ. Biz artıq bu faktı bildik.
    ZARA. Sən bu hoteldə - ikinci qatda otaq tutmusan.
    ARAZ. Bəli... Düzdür. Elədir... Mən... Mən düşünürdüm ki, birdən bu vaxtlar o müalicə sularına yaxın yerdə ev tutmaq mümkün olmaz... Ona görə...
    ZARA. Ona görə bu hoteldə yer tutmusan, hə? Mənə görə?..
    ARAZ. Təbii... Mən... Mən sənə görə...
    ZARA. Ona görə ezamiyyətini burada keçirirsən, hə?
    ARAZ. Axı, bu, məzuniyyət deyil, ezamiyyətdir... Mən dövlət hesabına ezamiyyətə gəlmişəm bura. Başa düş!
    ZARA. Çalışıram ki, başa düşəm.
    ARAZ. Üç-dörd günə ezamiyyət vaxtı qurtarır. Sabah mən qayıdıb gedirəm şəhərə. Elə işə çıxan günü məzuniyyət götürüb təzədən qayıdacağam buraya.
    ZARA. Deməli, sən sabah gedirsən?
    ARAZ. Hə də. Mən sənin üçün ev də danışıb kirayələmişəm. Səni lap elə indi kirayələdiyim evə aparıram. Sakit bir yerdir. Yatıb dincələrsən. Mənsə qayıdıb bir az bazarlıq edərəm.
    ZARA. Kimin üçün?..
    ARAZ. Özümüzçün... Sənin üçün...
    ZARA. Bəs sən gecəni harda qalacaqsan?
    ARAZ. Necə yəni harada? Burada...
    ZARA. Burada, yəni bu hoteldə?
    ARAZ. Hoteldə deyəndə ki... Bu qəsəbədə...
    ZARA. Mən də bu hoteldə qalacağam.
    ARAZ. Niyə ki? Əla şəraiti olan bir ev tutmuşam. Odur ey, bulaq başı, meşə ətəyidir. Indi gedərik.
    ZARA. Mən burada qalacağam... Bu hoteldə. Yəqin ki, sən özün də burada qalmaq istəyirsən.
    ARAZ. Mənə bir yer tapılar. Düzü, mən buranın pulunu əvvəldən ödəmişəm... Istəmirəm ki, xərcim batsın... Ona görə də...
    ZARA. Hə, düz eləyirsən, qənaət yaxşı şeydir. Onda belə edərik: sən gedib qalarsan o kirayələdiyin evdə, mən isə sənin buradakı nömrəndə gecələyərəm. Hə, necədir?
    ARAZ. Mən başa düşmürəm, sənin bu cür söz güləşdirmələrin nə üçündür? “Sən orada qalarsan, mən burada qalaram”...“ Mən orada yataram, sən burada gecələyərsən”. Axı, sən bununla nə demək istəyirsən?
    ZARA. Mən artıq öz sözümü dedim.
    ARAZ. Hansı sözü?
    ZARA. Sən alçaqsan... Bax, bu sözü! Yenə təkrar edim? Sən çox alçaqsan! Sən alçaqların ən alçağısan...
    ARAZ. Bilirsən ki, mən qadın tayfasına əl qaldıran deyiləm, ona görə mənim ünvanıma bu cür - ağzına və ağlına gələn sözləri deyirsən. Bilirsən ki, mən təmkinli, tərbiyəli adamam, ona görə ayaq açıb üstümə yeriyirsən.
    ZARA. Mila hanı?
    ARAZ. Kim?
    ZARA. Alimin arvadı - Mila...
    ARAZ. Alim kimdir?
    ZARA. Alim - sənin dostun... Tanımırsan?
    ARAZ. Alim... Mila... Hə, nə olsun ki?..
    ZARA. O olsun ki, sən düz bir həftədir ki, öz yaxın dostunun arvadı ilə bir yerdəsən...
    ARAZ. Hə.. O da burada ezamiyyətdədir. Bunun mənə nə dəxli?
    ZARA. Sən onunla bir hoteldəsən...
    ARAZ. Bu qəsəbədə cəmi-cümlətanı bir hotel var. Mən harada olmalıyam ki?
    ZARA. Sən onunla bir otaqda qalırsan. Bəlkə deyəsən ki, hotelin cəmi bir otağı var?
    ARAZ. Hoteldəki otaqlardan cəmi biri boşdur.
    ZARA. Sən Mila ilə bir yataqda yatırsan. Bəlkə deyəsən ki, hoteldə ikiyataqlı otaq da yoxdur?
    ARAZ. Yoxdur... Burada ikiçarpayılı otaq yoxdur.
    ZARA. Ona görə də ikiniz bir çarpayıda yatırsız, hə?
    ARAZ. Yox... Elə deyil. O, çarpayıda... Yox, çarpayıda mən yatıram.
    ZARA. O, isə yerdə, hə?..
    ARAZ. Hə... Sən hardan bilirsən bunu?
    ZARA. Nəyi?
    ARAZ. O, həqiqətən, yerdə yatmağı xoşlayır.
    ZARA. O istəyir ki, altı möhkəm yerdə olsun, hə?
    ARAZ. Hə də... Belə çıxır...
    ZARA. Sən isə yumşaq yerdə uzanmağı xoşlayırsan, hə?..
    ARAZ. Onsuz da sən özün bunu yaxşı bilirsən...
    ZARA. Nəyi?
    ARAZ. Mənim yumşaq yerdə yatmağı xoşladığımı... Sən özün bilirsən ki...
    ZARA. Milanın - sənin can-ciyərinin möhkəm yerdə yatmağı xoşladığını da bilirəm, hə?
    ARAZ. Yəqin ki, onu da bilirsən... Axı, sən Milanı yaxşı tanıyırsan.
    ZARA. Hər halda mən onunla bir yataqda yatmamışam...
    ARAZ. Mən də...
    ZARA. Amma o, indi, bax bu dəqiqə sənin yatağında xorna çəkib yatır.
    ARAZ. Ola bilər... O, yəqin ki, gecələr döşəmənin üstə - möhkəm yerdə, gündüzlərsə çarpayıda - yumşaq yerdə yatmağı xoşlayır.
    ZARA. Bəs sən necə?..
    ARAZ. Mən? Necə yəni mən “necə”?
    ZARA. Sən isə görünür, gündüzlər bərk yerdə yatmağı xoşlayırsan.
    ARAZ. Yox... Sən özün bilirsən ki, mən həmişə rahat, yumşaq yerdə yatmağı xoşlayıram.
    ZARA. Deməli, həmişə rahat yer axtarırsan.
    ARAZ. Rahat yer deyəndə ki... Bilirsən nə var, Zara, əzizim? Ən əsas məsələ odur ki, insanın içi rahat olsun. Yəni qəlbən...
    ZARA. Yəqin ki, bu cəhətdən sən rahatsan.
    ARAZ. Şübhən olmasın. Sən ürəyindən o qara-qura fikirləri çıxar at bir tərəfə. Mən öz ailəmə, öz evimə, öz işimə, öz dostlarıma sadiq adamam. Başqaları bilməsə də, sən ki, bunları yaxşı bilirsən, Zara...
    ZARA. Nəyi? Sənin alçaqlığını? Hə? Bunu bilirdim. Amma ölçüsünü, dərəcəsin bilmirdim...
    ARAZ. Nəyin?
    ZARA. Sənin əclaflığının...
    ARAZ. Sən mənim təmkinli olmağımdan sui-istifadə edirsən, Zara. Axı kimə lazımdır bu səs-küy, bu isterika? Dünya qopmayıb ki?.. Nə olub axı?
    ZARA. Mən heyrət edirəm, vallah...
    ARAZ. Nəyə?..
    ZARA. Sən öz dostunun arvadını yoldan çıxarmısan, xəyanət etmisən... “Bərk yerdən”, “yumşaq yerdən” danışırsan... Hələ üstəlik öz ailənə, öz dostlarına sədaqətdən dəm vurursan. Özü də utanmadan, qızarmadan!
    ARAZ. Yaxşı, tutaq ki, utandım, qızardım... Sonra?
    ZARA. Sən necə günah işlətdiyini dərk etmək istəmirsən...
    ARAZ. Tutaq ki, dərk etdim... Sonra? Sonrası nə olsun?
    ZARA. Heç olmasa təqsirini, xəyanətini etiraf et.
    ARAZ. Tutaq ki, etiraf etdim... Sonra?
    ZARA. Sənin hər cür sifətin varmış, Araz...
    ARAZ. Olsun... Sonra...
    ZARA. “Sonra”... “Sonra”... Mən özümü qoyuram bir kənara. Mən yoxam... Bəs Mila? O nə etməlidir? O, Alimə nə deməlidir?..
    ARAZ. Nə deməlidir? (Pauza.) Məsələn, sən Milanın yerinə olsaydın nə deyərdin öz ərinə?.. Və yaxud nə edərdin? O da elə o cür...

    Musiqi. Onlar əl-qolla nəsə danışırlar. Musiqi qəfildən susur.

    ZARA. Bəs Alimin yerinə sən özün olsaydın nə edərdin?
    ARAZ. “Nə edərdin?..” Mən nə edərdim?.. Nə edərdim ki? Yəqin ki, nəsə edərdim...
    ZARA. Öz arvadına nə deyərdin?
    ARAZ. Sənə?
    ZARA. Mənə niyə? Öz arvadına - Milaya...
    ARAZ. Hə... Milaya... Hə də... Mən Alim olanda şübhəsiz ki, arvadım da Mila olmalıdır.
    ZARA. Sən onunla necə rəftar edərdin?
    ARAZ. Mila ilə?.. Mən Alim olsaydım... Alimin yerinə mən olsaydım. Mən arvadım Milanın xəyanət etdiyini bilsəydim nə edərdim? Bəs belə olan halda sən Milanın yerinə özün olsaydın nə edərdin?
    ZARA. Mən? Mən nə etməliydim?..
    ARAZ. Hə də, sən... Sən öz ərinlə nə cür rəftar edərdin?
    ZARA. Mən Milanın yerinə olsaydım hər şeyi etiraf edərdim.
    ARAZ. Nəyi - hər şeyi?..
    ZARA. Yad kişi ilə münasibətimi... Bəs sən? Sən nə edərdin? Niyə susursan, Araz? E-e-e... Alim...
    ARAZ. Mən isə deyərdim ki, Mila, mən sənin xəyanətini heç cür bağışlaya bilmərəm. Zara, etiraf edim ki, mən Araz kimi nə qədər yumşaq olsam da, Alim kimi amansız olardım... Bilirsən niyə? Özün bilirsən ki, mən Alimi yaxşı tanıyıram. O, zahirən nə qədər şən, deyib-gülən olsa da, əslində öz arvadına qarşı qəddar, hətta deyərdim ki, sadist bir adamdır. Yəqin ki, o, öz arvadının xəyanətini eşidib az qala dəli olardı.
    ZARA. Alimi mən də pis tanımıram... O, həqiqətən ailədə çox sərt adamdır. Yoxsa sənin kimi... Nə sərtliyin bilinir, nə də mərdliyin... Nə ətsən, nə də balıq...
    ARAZ. Mənim kimi kişiləri gündüz çıraqla axtarsalar tapa bilməzlər... Mən təmkinli, ağıllı, ləyaqətli, sakit... Qadınlar belə kişilər üçün sinoy gedirlər. Təkcə sən mənim qədrimi bilmirsən...
    ZARA. “Sakit”… “Təmkinli”... Tüpürüm sənin təmkininə. Kişinin evdə zəhmi, ailədə prinsipiallığı olmalıdır...
    ARAZ. Alim kimi... Hə?...
    ZARA. Bəli! Qoy lap olsun Alim kimi...
    ARAZ. Ha-ha-ha... Alim kimi “kişi”...
    ZARA. Bəli! Alim kimi kişi...
    ARAZ. Bəlkə onda sən də Mila kimi qadın olaydın?..
    ZARA. Nədir, indi Milanı da ələ salırsan?..
    ARAZ. Yox. Qətiyyən. Mila yaxşı qadındır...
    ZARA. Bəs Alim pis kişidir? Niyə qorxursan, Araz?..
    ARAZ. Mən?
    ZARA. Niyə suala cavab vermirsən? Sən Alim olsaydın...
    ARAZ. Sən isə Mila olsaydın...
    ZARA. Mən sənə dedim ki, əgər Mila olsaydım, hər şeyi etiraf edərdim. Bəs sən?..
    ARAZ. Mən də sənə dedim ki, Alimin yerinə olsaydım və arvadım xəyanət etsəydi, mən bunu qətiyyən bağışlaya bilməzdim. Əlbəttə, əgər xəyanət etsəydi...
    ZARA. Bunu bildik... Bağışlaya bilməzdin... Sonra?
    ARAZ. Sonra? Ta nə “sonra”?
    ZARA. Yəqin ki, Milaya tüpürüb, evdən çıxıb gedərdin, hə?
    ARAZ. Evdən gedərdim? Mən? Alim olsaydım?
    ZARA. Hə, Alim olsaydın...
    ARAZ. Əgər Alim olsaydım... Əgər ortada xəyanət məsələsi olsaydı... Onda... O vaxt mən çox amansız bir qərar çıxarardım.
    ZARA. Necə? Ha-ha-ha... O, necə “qərar”olardı? De, biz də bilək. De, Alimçik”. Nə edərdin, hə?..
    ARAZ. Mila-a-a...

    Alimin səsi guruldayır, əks-səda verir. Araz və Zara səhnənin dərinliyinə gedirlər. Orkestr çalır. Çalğıçılar görünmür, amma musiqi alətləri rəqs edən adamlar kimi atılıb-düşür. lüstrlər fırlanır. Projektorların işıqları divarlara vurulmuş şəkillərin üstündə çarpazlaşır. Araz və Zara qaranlıqda əl-qol ata-ata danışırlar. Dirvarlarda tül pərdə arxasından rəqs edən kölgələr sürünüb keçir.

    Pərdə




    İkinci hissə

    Birinci hissənin finalındakı məkan. Əyalət hotelinin restoranı. Səhnənin kənarında üstü içki şüşələri və meyvə vazları ilə bəzənmiş stol. Araz və Zara iti addımlarla səhnənin önünə gəlirlər. Bu səhnədə artıq onlar başqa ampluada çıxış edirlər: Araz öz “ifasında” əsasən Alimi, Zara isə Milanı təqlid edir - “oynayır”. (Əslində Araz həm də “Araz”ı, Mila da “Mila”nı oynayır). Indi onların hərəkət və jestləri dəyişib, danışıq tempi sürətlənib.

    ARAZ. Mila!.. (Onun səsi əks-səda verir.) Mila... Mən səni heç cür bağışlaya bilmərəm, Mila!
    ZARA. Sən deyəsən həqiqətən özünü Alimin yerində təsəvvür edirsən, Araz?
    ARAZ. Sən özün soruşmursan ki, mən özümü Alimin yerində necə təsəvvür edərdim? Mən isə sənə deyirəm, yəqin ki, o vaxt çox amansız qərar çıxarardım.
    ZARA. O, necə “qərar” olardı? De, biz də bilək, Araz, e-e-e... Alimçik...
    ARAZ. O vaxt mən sənin... Mən səninlə... Offf...
    ZARA. Elə mən də sənin... Mən də səninlə...
    ARAZ. O vaxt mən əvvəlcə sadəcə olaraq soruşardım: Mila, əzizim, Miliçka, de görüm, Araz kimdir?
    “ZARA”. Araz? Mən də eyni tonla soruşardım: necə yəni Araz kimdir?.. Bəyəm sən özün Arazı tanımırsan? Məncə, o sənin dostundur...
    “ARAZ”. Bəs sənin nəyindir?
    “ZARA”. Mənim? Mənimsə iş yoldaşımdır...
    “ARAZ”. Bəs sən buraya, bu qəsəbəyə nə üçün gəlmisən, Mila?
    “ZARA”. Mən? Bəyəm sən özün bilmirsən ki, mən nə üçün gəlmişəm? Mən mədən sularının tədqiqi ilə məşğulam...
    “ARAZ”. Amma sən burada başqa şeylərin tədqiqi ilə məşğul olursan...
    “ZARA”. Alimçik, unutma ki, sən öz arvadınla danışırsan...
    “ARAZ”. Unutma ki, sən də öz ərinlə danışırsan...
    “ZARA”. Olsun... Mən öz ərimə həmişə sədaqətli olmuşam.
    “ARAZ”. Sən? “Ər”? Heç utanıb-qızarırsan? “Sədaqət”?..
    “ZARA”. Hər şeydən əvvəl, unutma ki, sən qadınla danışırsan, Alim!
    “ARAZ”. Sonra?
    “ZARA”. Sonra? Nə “sonra”?
    “ARAZ”. Qancıq!
    “ZARA”. Nə?.. Sən mənə deyirsən bu sözü?..
    “ARAZ”. Məncə, burada səndən başqa qancıq yoxdur!
    “ZARA”. Sən nə haqla?.. Sən... Alim... Alimçik...
    “ARAZ”. De görüm, sən öz ərinə nə üçün xəyanət etmisən?
    “ZARA”. Öz ərimə?.. Mən?..
    “ARAZ”. Bəli, öz ərinə? Bəlkə sən nədənsə narazısan? Bəlkə məndə səni qane etməyən nəsə var? Bəlkə mən... Bəlkə mən kişi deyiləm?
    “ZARA”. Axı, kim deyir ki, sən kişi deyilsən?
    “ARAZ”. Elə isə səni başqa bir kişinin yatağına çəkib aparan nədir? Bəlkə onu da bilmirsən ki, sənin yatağındakı o kişi mənim dostumdur?
    “ZARA”. Yalandır!
    “ARAZ”. Yalan olan nədir? Axı, sən bir həftədir ki, mənim dostumla bir hoteldə, bir otaqda, bir yataqdasan!.. Bu, yalandır?..
    “ZARA”. Yalandır!
    “ARAZ”. Bəlkə mən buraya şahid dəvət edim?
    “ZARA”. Sən mənə daha çox inanırsan, yoxsa hansısa yalançı şahidə?
    “ARAZ”. Artıq mən Arazla söhbət etmişəm.
    “ZARA”. Nə olsun ki?
    “ARAZ”. O deyir ki, mən sənin arvadınla bir yerdə gecələmişəm.
    “ZARA”. Nə olsun ki? Sonra...
    “ARAZ”. Nə sonra?
    “ZARA”. Arazın arvadı da səninlə bir yerdə gecələyə bilər...
    “ARAZ”. Deyəsən, ya mənim başım xarab olub, ya da ki, sənin...
    “ZARA”. Alim... Alimçik... Əzizim...
    “ARAZ”. Deyəsən, həqiqətən qadınlar iblisdən bir gün əvvəl dünyaya gəliblər...
    “ZARA”. Kişilərsə dünyanın sonuncu iblisidir. Həqiqətən...
    “ARAZ”. Nəsə qulaqlarıma inanmıram.
    “ZARA”. Nə üçün?
    “ARAZ”. Hələ danışmağa dilin də var.
    “ZARA”. Bu sözləri demək üçün gəlmisən mənim arxamca?
    “ARAZ”. Yox, təkcə onunçün gəlməmişəm.
    “ZARA”. Bəlkə öz əməllərini etiraf etmək üçün gəlibsən bura?
    “ARAZ”. Mən hansı əməllərimi etiraf etməliyəm ki?
    “ZARA”. Deyirəm bəlkə hər gün evə sərxoş gəlməyinin, gözəlçələrlə yaşadağın eşq macərəlarını bütün çılpaqlığına qədər danışmağının, məni döyüb təhqir etməyənin əzabını-ağrısını çəkdiyin üçün tövbə etməyə gəlmisən bura.
    “ARAZ”. Deməli, sən bütün bunların hayıfını çıxmaq üçün gedib girmisən mənim dostumun ağuşuna, hə?
    “ZARA”. Mən heç kəsin ağuşuna girməmişəm, Alim...
    “ARAZ”. Mən öz faktlarıma inanım, yoxsa sənə?
    “ZARA”. Nəyə inanmağın sənin öz işindir... Amma mən bir şeyi bilirəm ki, Arazın arvadı ilə birləşib mənə quyu qazmaq istəyirsiniz?
    “ARAZ”. O, kimdir elə?
    “ZARA”. Zaranı deyirəm. Bəlkə tanımırsan onu?
    “ARAZ”. Bura bax, Mila, mənə heç kəsin yardımı lazım deyil... Mən yalnız həqiqəti sənin öz dilindən eşitmək istəyirəm. Niyyətim budur.
    “ZARA”. Həqiqətin üzü bir olur...
    “ARAZ”. Sənin üzün kimi, hə? (Pauza.)Doğrudanmı? Deməli, bütün bunlar həqiqətdir...
    “ZARA”. Mən o ifritənin gözlərini çıxaracağam...
    “ARAZ”. Kimin?
    “ZARA”. Zaranın... Alçaq qadın, sən öz ərini bu qədər qısqanırsan, onu nə üçün gözündən kənara qoyursan? Mənim haqqımda niyə dedi-qodu yayırsan? Niyə öz ərinlə yox, mənimlə haqq-hesab çürütmək istəyirsən?..
    “ARAZ”. Bunu onun özündən soruş...
    “ZARA”. Əlimə keçir ki?.. Qaçıb hansısa siçovul deşiyinə girib...
    “ARAZ”. Odur ey, Zaranın özü gəldi...
    “ZARA”. Hanı?.. Onu deyirsən? Hə, o özüdür... Bəs niyə bu geyimdədir?.. Elə bil bal rəqsinə gedəcək. Bura gəl, Zara... Gəl, niyə çəkinirsən, gəl...

    Araz (indiki halda “Alim”) və Zara (indiki halda “Mila”) irəli çıxıb guya “Araz” və “Zara”nı “qarşılayır”lar. Təbii ki, heç kəs gəlmir; bu, virtual “gəlişdir”.
    Bundan sonrakı səhnədə Zara və Araz bir çox hallarda “ikiləşirlər”: Zara həm də “Mila”, Araz isə həm də “Alim” olur.

    “ARAZ”. Araz da gəldi. Qoy gəlsin... Mənim indiyəcən ondan gizlin bir sözüm olmayıb. Araz, keç bu yana. Onsuz da mən bu məsələnin axırına bu gün çıxmalıyam. (“Araz”ı təqlid edir). “Hansı məsələnin”? (Pauza.) Hansı məsələnin? Bilmirsən söhbət hansı məsələdən gedir? Nə, deyilənlərə inanmayım? Bunlar bizi gözügötürməyənlərin uydurmasıdır?

    Ötəri musiqi parçası.

    “ZARA”. Araz, bura bax, bütün bu oyunların arxasında sənin bu gözəlçən dayanır. Əlbəttə, Zaranı deyirəm. Burada ondan başqa gözəlçə var ki?

    Ötəri musiqi.

    “ARAZ”. Necə yəni “deyilənlərə inanma! “ (Araz “Araz”ı yamsılayır). “Bunlar bizi gözügötürməyənlərin uydurmasıdır” . Xeyr, Araz, burada uydurma-filan yoxdur.

    Pauza. Ötəri musiqi.

    “ZARA”. Əlbəttə, uydurmadır. (Yamsılayır). “Sən vaxtilə Arazı sevmisən”. Sən hansı sevgidən danışırsan, Zara? Düzdür, mən Arazla bir idarədə işləyirəm. Amma bunun bizim münasibətimizə heç bir dəxli yoxdur. Araz mənim iş yoldaşım, əriminsə çoxillik dostudur. “Kəs səsini!” Nə? Sən özün kəs səsini!

    Gərgin musiqi.

    “ARAZ”. Zara, sən sakit ol... Qoy mən də sənin ərinə - Araza öz sözümü deyim. Bura bax Araz, belə görürəm ki, biz qətiyyən dost-zad olmamışıq. Bütün bu baş verənlər sübut edir ki, sən mənim evimə, ailəmə tamamilə ayrı niyyətlə baş çəkirmişsən... Yox, yox, and-zad içmə. Onsuz da mən səndən şübhələnmişdim. Amma təsəvvür edə bilməzdim ki, sən bu qədər... Dayan, dayan... Hara getmək istəyirsən? “Sən müstəntiqsən bəyəm?” Bəli, indi mən müstəntiqəm, sən isə mütəhhim... Səni heç yerə buraxan deyiləm. “Mən namuslu adamam”. “ Kim? Sən? Sənin namuslu adam haqqında adi təsəvvürün belə yoxdur. “Mən əxlaqlı adamam”. Sənsən əxlaqlı adam? Ha-ha-ha... Görünür, alçaqların, əxlaqsızların da öz əxlaq kodeksi olurmuş. “Təhqirə keçmə”. Paho! Şəxsiyyətə bir bax...
    “ZARA”. Nə? Nə deyirsən, Mila? “Mən həmişə hiss etmişəm ki, sən mənə qibtə, paxıllıq edirsən. Bəlkə səhv edirəm?” Paho! Mən sənin nəyinə paxıllıq etməliyəm ki? Hə? “Bəlkə elə buna görə ərimi caynağına keçirməyə çalışmısan?“ Araz, sən necə kişisən ki, öz arvadının öhdəsindən gələ bilmirsən? Niyə susursan? Yoxsa qorxursan? Ay qız, bəs sən necə qadınsan ki, öz ərinin öhdəsindən gələ bilmirsən? “Ərimi yoldan sən çıxarmısan!” Mən? Eşidirsən də, Araz? Eşidirsən arvadının dillərini? Aman Allah, bunlar necə ər-arvaddır?.. Alim, sən ki, hər şeyi görüb eşidirsən!.. Bir bu ləçərə bax!

    Pauza. Gərgin musiqi.

    “ARAZ”. Mən o kişilərdən deyiləm ki, öz binamusluğumu özümə bağışlayım. Buna hamınız arxayın ola birlərsiniz.
    “ZARA”. Mən də heç bir təhqiri özümə bağışlaya bilmərəm. Nə deyirsən? “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”. Sən əsl pravakatorsan, avantüristsən, Zara! Qadın olasan, özün də bu qədər mənəviyyatsız olasan. “Kim?“ “Mən?” Yox bir, mən! Əlbəttə, sən. Haray-həşir salıb ərimi iş-gücündən eləmisən. Özün min bir hoqqadan çıxırsan, amma başqalarını hoqqabaz hesab edirsən. Bax sən busan, Zara...
    “ARAZ”. Araz, biz kişiyik, gəl kişi kimi də danışaq. Allaha şükür, indiyəcən bir-birimizdən gizli bir sirrimiz olmayıb. Sən özün bilirsən ki, mən yeyib-içən, kefkom bir adamam. Boynuma alıram... Qadınlara da biganə deyiləm. Qoy lap Mila da eşitsin. Görürsənmi, heç nəyi heç kəsdən gizlətmirəm. Hətta Miladan da... Amma, qəribə də olsa hamı səni tamamilə məndən fərqli bir adam kimi tanıyır. Hətta, çoxları məndən təəccüblə soruşur ki, sizin dostluğunuz, ünsiyyətiniz necə baş tutur? Birimiz kefcil, birimiz ciddi... Birimiz təmkinli, birimiz çırtqoz. Indi mən cırtqoz sən təmkinliyə sual edirəm: mənə, mənim namusuma sataşmaqda sənin məqsədin nə olub?
    “ZARA”. Alim, xahiş edirəm bu “namus” söhbətini qurtar.
    “ARAZ”. Mila!
    “ZARA”. Alim!
    “ARAZ”. Mila, mən bu gün hər şeyi aydınlaşdırmalıyam. Mən dost xəyanətini heç vaxt bağışlaya bilmərəm. Özü də söhbət təkcə bədənin yox, həm də ruhun - mənəviyyatın xəyanətindən gedir. Nə? Nə deyirsən, Araz? “Sən ağlını itirmisən”. (Pauza.)Mən ağlımı itirmişəm? Hə, belə deyirsən?..

    Gərgin musiqi.

    “ZARA”. Məsələ heç də sənin düşündüyün kimi deyil, Alim. Bütün bu işləri qaynadan bax budur: Arazın sevimli arvadı. (Pauza). “Mumla!” Sən özün mumla! “Bəyəm sən ər qədri bilənsən?” Yox bir, bəlkə sən özün ər qədri bilənsən? Paho, bilməmişik!
    “ARAZ”. Mən bu baş verən işlərdən heç nə anlamıram. “Mən də...” Elə sən də heç nə dərk etmirsən, Araz, hə? Sən gözünün içinə qədər yalan deyirsən! Sənin Mila ilə əvvəllər də əlaqən olub. Mənə bütün bunlar barədə indi məlumat çatıb. Görünür, bu vaxtacan qanmaz olmuşam... Nadan olmuşam...
    “ZARA”. Alim! Alimçik... Sən nə danışırsan?
    “ARAZ”. Mila! Mumla... Sənin danınşmağa haqqın yoxdur, Mila...
    “ZARA”. “Düz deyir”... Nəyi düz deyir, ay ləçər? Zara, sən məndən hayıf çıxırsan! Mən bunu yaxşı bilirəm!..
    “ALIM”. Axı, biz həmişə bir ailə kimi olmuşuq... “Elədir”. Elədir?

    Həzin musiqi.

    “ZARA”. “Elədir”... Elə olan nədir?..
    “ALIM”. Bizim yaxşı-pis günlərimiz bir yerdə keçib... “Elədir”.

    Musiqi sədası tədricən artır.

    “ZARA”. Nə? “Görünür, bu dostluq kimlərəsə sərf etməyib”. Öləsən səni... Sən əsl aravuransan...
    “ARAZ”. Ziyafətlərə, tədbirlərə bir yerdə getmişik... “Elədir” .Əlbəttə, elədir...

    Bal rəqsi ifa olunur.

    “ZARA”. Yalandır, hər şey yalandır... Nə deyirsən, Zara? (Pauza.) “Sən yalançısan”... Sən özünsən yalançı. “Sən Tanrı qəzəbinə gələcəksən!” Kəs səsini. Mən səni boğub öldürərəm, Zara. Deyəsən, sən məni hələ düz-əməlli tanımırsan?

    Musiqi sədası artır.

    “ARAZ”. Birlikdə oxumuşuq, birlikdə oynamışıq... Birgə deyib-gülmüşük... Çoxları bizə qibtə ediblər. Hətta, aramızda söz aparıb-gətirənlər də olub. Amma şəxsən mən heç nəyə fikir verməmişəm... Bilirsiniz ki, mən məclisdə şən adamam. Həmişə dedi-qodudan, söz-söhbətdən uzaq gəzməyə çalışmışam... Mənim işim-gücüm yemək-ismək, sağlıq demək olub. Özlüyümdə fikirləşmişəm ki, bəlkə də sənin təmkinli olmağın mənim cırtqozluğumu tamamlayır. Axı, mənfi və müsbət qütblər daim bir-birini cəzb edib. Mən səni öz varlığım qədər sevmişəm, Araz... Sənin arvadını öz bacım hesab etmişəm. Bunu, hətta, sənin arvadın Zara da təsdiq edə bilər.

    Musiqi sədası artır. Səhnədə çalğıçılar olmasa da musiqi alətləri atılıb-düşür. Lüstrlər yellənir, fırlanır. “Zara” (o, həm də Miladır) ilə “Araz” (o, həm də Alimdir) qol-qola tutub rəqs edirlər. Sonra onlardan hər biri bir musiqi alətini götürüb sinəsinə sıxır. “Zara” (indiki halda Mila) saksafonla, “Araz” isə (indiki halda Alim) klarnetlə “rəqs edir”. Sonra onlar alətləri öz yerinə qoyub təzədən birgə rəqs edirlər. “Araz” (Alim) “Zara”nın (Milanın) əlini öpüb səhnənin kənarına qoyulmuş stolun üstündəki şampan şüşəsini götürür. Şüşənin ağzını açır. Şampan köpüyü ətrafa yayılır. “Araz” (indi Alim) fujerlərə şampan şərabı süzür. Götürüb içir. Sonra “Zara”ya (Milaya) içməyi təklif edir. Qadın könülsüz halda fujeri başına çəkir. “Araz” (Alim) stolun üstündəki iki dolu fujeri götürüb musiqi alətlərinə yaxınlaşır. Şampan şərabının qalanını alətlərin - saksafonla klarnetin “boğazına” tökür: Guya “Araz” və “Zara”nı içirdib sərxoş etmək, bununla da onlardan qisas almaq istəyir. Musiqi alətləri sanki daha şövqlə, daha ucadan səslənir. “Araz” (Alim) gülə-gülə stola yaxınlaşır, fujerləri doldurub yenə içir. Sonra stoldan aralanıb “Zara”ya (indiki halda Milaya) yaxınlaşır, şaqqanaq çəkib əlini-əlinə vurur.

    “ARAZ”. Ha...
    “ZARA”. Ha...
    “ARAZ”. Ha-ha...
    “ZARA”. Ha-ha...
    “ARAZ”. Ha-ha-ha...
    “ZARA”. Ha-ha-ha...
    “ARAZ”. Ha-ha-ha-haaa...
    “ZARA”. Ha-ha-ha-haaa...
    “ARAZ”. Ha-ha-ha...
    “ZARA”. Ha-ha-ha...
    “ARAZ”. Ha-ha...
    “ZARA”. Ha-ha...
    “ARAZ”. Ha...
    “ZARA”. Ha...
    “ARAZ”. Bax belə...

    Musiqi tədricən azalır.

    “ZARA”. Yoruldun?..
    “ARAZ”. Hə... Yox... Ha-ha-ha... Amma bu cür deyib-gülməyim qətiyyən mənim binamusluğuma haqq qazandıra bilməz. Elə sənin də... Bildin, Araz?.. Nə olsun ki, biz barellərlə araq-çaxır içmişik? Nə olsun ki, bir-birimizin yolunda ətək-ətək pullar xərcləmişik? Bunların heç biri mənə özümü və səni bağışlamağa əsas vermir, Araz...
    “ZARA”. Alim, deyəsən sən sərxoşsan...
    “ARAZ”. Nə olsun ki, Mila? Mər sərxoş olanda ağlım daha iti işləyir...
    “ZARA”. “Nə? Nə deyirsən, Zara? “Alim, yaxşısı budur, sən mənim ərimə yox, öz arvadınla haqq-hesab çürüt” . Aravuran ləçər! Sən öz yalanlarınla mənim ərimin baş-qulağını aparıb özünçün xal yığmaq istəyirsən. Sən istəyirsən ki, qan tökülsün. Mən səni məhv edəcəyəm! Mən səni didib-parçalayacağam! Dayan! Hara qaçırsan?.. Dayan deyirəm sənə...

    “Zara” (indiki halda Mila) sanki kimisə, daha doğrusu virtual “Zara”nı “qovur”. Elə “qova-qova” da səhnəni tərk edir.

    “ARAZ”. Hə, Araz, məncə indi biz ikilikdə daha səmimi ola bilərik. Elə deyilmi? (Gəzişir, var-gəl edir.) Iki dost, iki kişi... Yox, biz indi dost deyilik. Bizi artıq heç kişi də adlandırmaq olmaz. “Bəyəm biz düşmənik?” Hər halda sən mənim düşmənimsən. Qaşlarını niyə çatırsan? Bəs düşmən necə olur? Sən mənim namusuma sataşmısan. Yalnız kinofilmlərdə, teatr tamaşalarında belə şeylərin üstündən sükutla keçmək olar. Amma biz kino qəhrəmanları deyilik axı, Araz. (Musiqiyə uyğun hərəkət edir.) Mən var-dövlət yığmamışam ki, öləndə onun dərdini çəkəm. Bu dünyada nə qazanmışamsa hamısını keyfə-damağa, dost-tanışla, qohum-əqrəbaya xərcləmişəm. Amma öz adımı həmişə qorumağa çalışmışam. Düzdür, kefimə düşəndə arvadı söymüşəm də, döymüşəm də. Öz arvadımdır. Özüm bilərəm. Bütün bunlar evin içində olub. (Dayanır.) Amma el-obada hamı bilib ki, Alimin gözəl ailəsi, namuslu arvadı var. Alim də, Mila da çoxlarına nümunə olub. Amma indi belə çıxır ki, biz başqaları üçün başqa cür “nümunə” olmalıyıq. Ta bundan sonra adamlar mənə işarə edib gizli bir istehza ilə “bu, Milanın əridir”, - deyəcəklər. Elə Milaya da “bu, Alimin arvadıdır”, - deyə rişxənd edəcəklər. Mən binamusluğu həzm edən kişilərdən deyiləm, Araz. Bunu başqaları bilməsə də, sən bilməli idin. (Sanki kiminsə qarşısında dayanıb əlini onun “çiyninə” qoyur.) Susursan, hə? Əlbəttə, susmalısan. Çünki mənim qarşımda günahkarsan. Deyəsən, əsirsən, titrəyirsən... Çünki qorxaqsan... Mən səni belə bilməzdim. (Yaxınlıqdan qadın (Zaranın - o, indi “Mila”dır) səsi, hay-küy eşidilir.) Dayan, dayan, tələsmə. Sən bu vücudunla mənim arvadımı ram eləmişdin, hə? Bu əllərlə onu əzizləyirdin, hə? Sən bu axmaq qafanı onun sinəsinə qoymuşdun, hə? (Sanki kiminsə “boğazından” yapışır.) Indi nəfəsini kəsəcəyəm sənin. (Boğulan adamın xırıltısı) eşidilir). Əclaf! (Sanki kiminləsə əlbəyaxa olur). Heç yerə qaça bilməyəcəksən! Sən mənim əlimdən qurtula bilməzsən, Araz. Dayan!..

    Bundan sonra “qovdu-qaç” səhnəsi. Elə bil ki, “Araz” (indiki halda o, Alimdir) kimisə qovur. Musiqi onun hərəkətlərini müşayiət edir: sürətli, gərgin, çılğın, əsəbi ritmlər səslənir. “Araz”ın (yəni Alimin) ayağı tez-tez səhnədəki alət və əşyalara toxunur: stullar aşır, lüstr yellənir. Sonra o, sanki qovduğu şəxsi (“Arazı”) “tutur”, “onunla” “əlbəyaxa” olur, “süpürləşir”; o, gah “yıxır”, gah da özü yıxılır.
    Musiqi səsi daha da artır. Qaça-qaça “Zara” gəlir. (Indiki halda, o, Miladır). O da kimisə (daha doğrusu Zaranı) “qovur”, nəhayət, “qovduğunu” “tutur”, “tutduğu” “qadın”ın “saçından” (“hörüyündən”) “yapışıb” sürüyür. Qadın və kişi səs-küyü, haray, nalə və fəryad səsləri eşidilir.
    “Zara” (indiki halda Mila) qadını (Zaranı) “sürüyə-sürüyə” “aparır”. “Araz” (indiki halda Alim) rəqibini (Arazı) yumruqla “vurub” “yerə sərir”, onu “təpikləyir”. Hiss olunur ki, yerdə yıxılmış “adam” “durub” “qaçır”; “Araz” həmin “adam”ı “qovur”. O, elə qaça-qaça stolun üstündəki iri bıçağı qapıb qovduğu “adamın” “arxasınca” cumur. Nəhayət, “onu” “yaxalayır”. Həmin “adamın” “boğazından” “yapışıb” bıçağı var gücü ilə “onun” “sinəsinə” sancır. Qışqırıq, fəryad səsi. “Araz” (indiki halda Alim) bıçağı geri çəkir, qəzəblə yerə “ sərilmiş” “adama” baxır. Əlindəki bıçağın “qanını” ovcunun içində təmizləyir; deyəsən, bıçaq yaxşı “təmizlənmir”, əlini cibinə atıb iri ağ dəsmal çıxarır. Bıçağın ağzını dəsmalla “təmizləyir”. Sonra dəsmala baxır: ağ dəsmal qıpqırmızı qana bulanıb. O, diz üstə yerə çöküb qanlı dəsmalı “öldürdüyü” “adamın” “sinəsinə” - “yarasına” basır. Geri çəkilir.. “Araz” (yəni Alim) dəlicəsinə qəhqəhə çəkir. Təzədən irəli yeriyib “öldürdüyü” “adamın” “nəşi önündə” diz çökür; əli ilə “onu” axtarır, Dizin-dizin sürünərək “ölünün” arxasınca iməkləyir. Amma hiss olunur ki, əli boş-boşuna “axtarış” aparır, “öldürülən” “adam” “yerində” “yoxdur”, harayasa “qeyb olub”. “Araz” (yəni Alim) ağzıüstə düşüb hönkürür.
    Qəfildən musiqi kəsir. “Zara” (yəni Mila) gəlir. Indi o, matəm geyimindədir. Eşidilən yeganə səs indi qadın ayaqqabılarının taqqıltısıdır: taq-taq... tuq-tuq-tuq... Qadın (“Zara” - indiki halda Mila) çox asta addımlarla, sanki uça-uça gəlir. Əlini uzadıb yerə uzanmış “Araz”ın (yəni Alimin) başına sığal çəkir. Sonra diqqətlə yerdəki “qanlı” bıçağa baxır. Kənara atılmış dəsmalı götürərək bıçağın ağzını silir. Dəsmalı bıçağın üstünə atır. Qadın “Araz”ın (yəni Alimin) qolundan tutub ayağa durğuzur. Hər ikisi diqqətlə, həm də nifrətlə bir-birini süzürlər. Matəm musiqisi səslənir. Bu əsnada yerdəki qanlı dəsmal və bıçaq yavaş-yavaş yuxarıya doğru qalxır; sanki külək onları yelləyə-yelləyə bir “dəlil-sübut” kimi harayasa aparır. Musiqi get-gedə yüksəlir. “Araz” (Alim) və “Zara” (yəni Mila) qorxu və heyrət içərisində “uçan” dəsmal və bıçağın arxasınca baxır, əyilə-əyilə gedib, gözdən itirlər. Az sonra səhnədəki şampan şüşəsi, onun arxasınca musiqi alətləri - klarnet və saksafon və s... də havaya “uçur”. Musiqi tədricən azalır. Projektorların işığı səhnənin ortasında heykəl kimi donub qalmış “Zara” ilə “Araz”ın (indiki halda Alim və Milanın) üstünə düşür.
    Göy gurultusu.
    Yağış.
    Çaxan şimşəyin şəfəqləri.
    Yanıb-sönən işıqlar.
    Kənarda qəfildən “zühur edərək” işıqlandırılmış tanış eyvan; bu, tamaşanın əvvəlindəki məkandır - əyalət mehmanxanasının ikinci qatı.
    Birinci qat hələlik görünmür; daha doğrusu, binanın aşağısı zülmət içində “əriyib”.
    Projektorlar “tuneldə” azmış Zara ilə Arazın üstünə tuşlanıb. Hər ikisi birinci hissədəki qiyafədə: “qocalıblar”. Onlar sanki düşdükləri zülmətdən xilas olmaq üçün yol arayırlar. Uzaqdan asta, həzin musiqi sədası eşidilir.

    ZARA. Görəsən, bu yağış nə vaxt kəsəcək?
    ARAZ. Bu, sizdən asılıdır.
    ZARA. Mənim göylərlə əlaqəm yoxdur...
    ARAZ. Mən o eyvana keçmək istəyirəm.
    ZARA. Bura çox soyuqdur.
    ARAZ. Həm də damır... Bir az aşağı enmək lazımdır.
    ZARA. Aşağı... Heç burada aşağı ilə yuxarı fərqlənir ki?..
    ARAZ. Bura aşağının yuxarısıdır.
    ZARA. Heç nə anlamıram... Yox ey, yuxarının aşağısıdır...
    ARAZ. Bura zirzəmidir... (Əyilir.)
    ZARA. Zirzəmi?..
    ARAZ. Hə, zirzəmidir... Amma bu zirzəmi həm də çardaqdır...
    ZARA. Heç çardaqda da zirzəmi olar?
    ARAZ. Olanda hər şey olur... Bax oraya çıxmaq, yox ey, enmək lazımdır...
    ZARA. Axı, o tərəfə yol yoxdur. (Belini əyir.)
    ARAZ. Hə... Yol yoxdur... Arada yarğan vap. Gərək hoppanıb keçək.
    ZARA. Mən hoppana bilmərəm... Qoxuram...
    ARAZ. Əlinizi verin mənə...
    ZARA. Mənim əlimə naməhrəm əli dəyə bilməz!
    ARAZ. Onda özünüz təkbaşına hoppanın. “Naməhrəm”ə bir bax!
    ZARA. Geri çəkilin!
    ARAZ. Gözünüzü yumun, yıxılarsız...
    ZARA. Hopp... (Hoppanır.) Indi mən bu taydayam. Siz də tullanın... “Hopp” eləyin...
    ARAZ. Bəs, bayaq hoppana bilmirdiniz? Amma indi ceyran kimi hoppandınız. Qadınların hamısı belədir: hoppanmaqda kişilər onlara çata bilməz Görüm mən də atlana bilirəm, ya yox...
    ZARA. Ehtiyatlı olun... Aradan çay axır... Bəlkə də seldir... Belə yağışın elə də seli olar...
    ARAZ. O, axıb gedən zaman çayıdır...
    ZARA. “Zaman çayıdır”?..“ O, nə çaydır elə?..
    ARAZ. O çayın o üzündəkilər ayrı bir vaxtda yaşayırlar...
    ZARA. Onda belə çıxır ki, indi biz ayrı-ayrı zamanlarda yaşayırıq?..
    ARAZ. Əlbəttə... Görüm, mən də o tərəfə - sizin yanınıza hoppanıb keçə bilsəm...
    ZARA. ... onda biz birlikdə, bir zamanda olacağıq, hə?
    ARAZ. Yox... Biz yalnız o axıb gedən zaman çayının içində - eyni bir axarda üzsək, birlikdə ola bilərik...
    ZARA. Elə isə hərəmiz bir sahildə dayanaq...
    ARAZ. Yox, mən o taya hoppanıram. Hoppp... (Hoppanır). Deyəsən
    bu tərəfə keçə bildim. Amma gərək hər ikimiz o çayın içində olaydıq...

    Musiqi səsi tədricən artır. Projektorun işığı təkcə Zaranın üstünə düşür; o, hiss olunacaq dərəcədə yaşlı və qüssəli görünür. Qadın asta, ehtiyatlı addımlarla eyvana qalxır. Məhəccərə söykənib diqqətlə uzaqlara baxır. Az sonra işıq Arazın üstünə düşür; onun əlində əsa var. Araz da Zara kimi məhəccərə söykənib diqqətlə uzaqlara (amma əks tərəfə) baxır. Sonra onlar baxışlarını uzaq nöqtədən çəkib əvvəlcə hürkək-hürkək, sonra isə diqqətli nəzərlərlə bir-birilərini süzürlər.

    ZARA. Yağış yağacaq.
    ARAZ. Cəhənnəmə yağsın, gora yağsın... Yağışdan çıxanın yağmurdan nə qorxusu?
    ZARA. Adətən yağışlı havada ahıl adamların sümüyü sızıldayır.
    ARAZ. Ürək sızıltısının yanında sümük sızıltısı toya getməlidir.
    ZARA. Yoxsa ürəyiniz də sızıldayır...
    ARAZ. Əvvəllər sızıldayırdı...
    ZARA. Bəs indi?
    ARAZ. Yox, yox, sızıldamır. (Pauza.) Indi ürəyim yolunu azmış tənha yalquzaq kimi ulayır.
    ZARA. Yalquzaq kimi... Yalquzaq meşədə olar...
    ARAZ. Elə mənim ürəyim də meşədədir...
    ZARA. Buna görə o meşəyə belə diqqətlə baxırsız?
    ARAZ. Bəli, məhz buna görə mən o meşəni belə həsrətlə seyr edirəm. Bəs siz?
    ZARA. Mənim ürəyimsə yaralı qartal kimi qıy vurur.
    ARAZ. Qartal dağlarda olur...
    ZARA. Elə mən də məhz buna görə o dağlara, o dağların əlçatmaz zirvələrinə kədərlə tamaşa edirəm. Axı, mənim ürəyim o dağlardadır...
    ARAZ. Mən səhv etmirəmsə, əriniz də orada dəfn olunub...
    ZARA. Hə... Orada, o uca dağın ətəyində... Səhv etmirəmsə, siz də arvadınızı itirmisiniz...
    ARAZ. Hə... O isə o meşənin ətəyində dəfn olunub... Bağışlayın, sizin əriniz döyüş vaxtı ölməyib ki?..
    ZARA. Döyüş... (Tələsik.) “Döyüş””“ deyəndə ki... Onu tüfənglə yox, soyuq silahla qətlə yetiriblər... Bəs sizin arvadınız necə, təsadüfən orada qar uçqunu altda qalıb həlak olmayıb ki?..
    ARAZ. Qar uçqunu deyəndə ki... O, burada boğulub həlak olub...
    ZARA. Qazdan olub?..
    ARAZ. Nə?
    ZARA. Deyirəm qazdan boğulub?..
    ARAZ. O, aşağıda boğulub. (Əsasını yerə vurur.) Bu hotelin alt qatında...
    ZARA. A-a-a... Mənim ərim də orada qətlə yetirilib...
    ARAZ. Hə, orada? O, cavan idi?..
    ZARA. Əlbəttə... Cavan, gözəl, qamətli. Indi belə kişilər azdır. Bəs sizin arvadınız? O da gözəl olub?..
    ARAZ. Çox gözəl idi... Incəbel, uzunayaq, diksinəli... Mən indi belə qadınlara rast gəlmirəm. (Ah çəkir.) Eh-hh... Sizin ərinizi nə üçün qətlə yetiriblər?..
    ZARA. Bu, uzun bir əhvalatdır. (Ah çəkir.) Eh-hh... Bəs sizin arvadınız niyə boğulub? Səbəbini demədiniz onun boğulmağının...
    ARAZ. Bu da uzun bir əhvalatdır... Qısaca onu deyə bilərəm ki, onu bir qadın boğub öldürdü. O qadın mənim dostumun arvadı idi...
    ZARA. Qəribədir ki, mənim ərimi də rəfiqəmin əri bıçaqlayıb öldürdü. Gözümün qabağındaca... Onu öldürən kişi elə ərimin öz dostu idi...
    ARAZ. Elə mənim arvadım da gözüm görə-görə boğuldu... Onun nəfəsi kəsildi...
    ZARA. Arvadınızı özünüz dəfn etdiniz?
    ARAZ. Yox... Hə... Eşitdim ki, onu öldürən qadın o meşənin ətəyində qəbir qazdırıb...
    ZARA. Mənim ərimi öldürən adam da ona dağın ətəyində qəbir qazdırıb...
    ARAZ. Bəs siz öz ərinizin qəbrini ziyarət etmisiniz?
    ZARA. Yox...
    ARAZ. Mən də... Yox...
    ZARA. Arvadınızı niyə boğublar? Bəlkə deyəsiniz...
    ARAZ. Ərini, yəni məni xəyanətdə suçlu bildiyinə görə... Bəs sizin ərinizin günahı nə idi?..
    ZARA. Dostunun arvadına xəyanətdə suçlandırıldığına görə...
    ARAZ. Bəlkə heç arada xəyanət olmayıb?..
    ZARA. Bəlkə də... Hər halda mən onu, öz ərimi, etdiyi xəyanətə görə itirmişəm... Deyə bilmərəm ki, şübhələrim əsaslı, ya da əsassız olub... Amma oradakı o məzar rəmzidir... Onun əsas məzarı isə dağın ətəyində deyil...
    ARAZ. Bəs haradadır?
    ZARA. Burada - mənim ürəyimdə...
    ARAZ. Elə mən də öz arvadımın məzarını öz bəbəklərimdə qazmışam. O, burada - mənim gözlərimdə uyuyur.
    ZARA. Deyəsən, dağlara yağış yağır...
    ARAZ. Nədən bilirsiniz?
    ZARA. Odur ey, selə bir baxın...
    ARAZ. O zaman çayıdır.
    ZARA. Nə? Nədir?
    ARAZ. Zaman çayıdır... Adamların arasından axıb gedir... Elə o çaydır adamları bir-birindən uzaq salan... O çaya ucbatından bu dünyadakı insanların hərəsi bir sahildə yaşayır. Zaman bizim aramızda bitən iti qılınca bənzəyir. Biz elə buna görə, yəni o çaya görə ayrı-ayrı zamanlarda yaşayırıq...
    ZARA. Mən heç nə anlamadım bu sözlərdən... “O çay-bu çay”. “O zaman-bu zaman”... Bura baxın, siz buraya hər il gəlirsiniz?.. Belə dediniz hə?
    ARAZ. Hə... Hər il... Elə ölənəcən də hər il gələcəyəm.
    ZARA. Mən də özümə söz vermişəm: nə qədər ki, sağam, hər il gələcəyəm bu yerlərə. Özü də ilin-ayın məhz bu günündə... Ayın birində...
    ARAZ. Elə mən də... Axı o faciə ayın birində baş verib... Gör bir aradan neçə il keçib? Amma son vaxtlar mənim gözlərim yaman zəifləyib. Elə bil bəbəklərimdə tonqal çatırlar. Buna görə uzağı yaxşı seçə bilmirəm. Elə o meşəni də...
    ZARA. Ta onu deməyin. Yəqin qocalıqdandır. Mənimsə ürəyimdə tez-tez ağrılar, sancılar olur. Əvvəllər belə şeylər yoxdu... Bu, son illərin “qazancıdır“”. Amma mən özümü iradəli, dözümlü qadın hesab edirəm.
    ARAZ. Mən də həmişə öz sözümün sahibi olmuşam. Dediyimi eləyən adamam.
    ZARA. Göy guruldayır...
    ARAZ. Şimşək çaxır.
    ZARA. Yağış yağacaq.
    ARAZ. Yağış yağacaq?.. Qoy yağsın. Yağış təmizlikdir...

    Onların hərəsi bir səmtə baxır. Musiqi. Yuxarıdan iri bıçaq sallanır. Bu elə həmin bıçaqdır: “Alim”in Arazın “sinəsinə” “sancdığı” bıçaq. Bıçaq Arazla Zaranın siluetləri arasında yellənir. Bütün səhnə işıqlanır. Araz və Zara bir-birindən ayrılır, sonra səhnə boyu dövr edib nəhayət, bir-birinə sarı gəlirlər.


    Pərdə

    SON



    QEYD. Göründüyü kimi, pyesdəki əsas personajlar (Araz və Zara) mövcud situasiyalara müvafiq olaraq üç ampluada çıxış etməli olurlar (Araz-Alim-Qoca Araz və Mila-Zara-Yaşlı Mila). Məhz bu “çevrilməyə” - “metomarfozaya” görə əsər tamaşaya hazırlanarkən qəhrəmanların jestləri, danışıqları, ələlxüsus yerişləri, nəzərə alınmalıdıır. Başlanğıc və finalda “məkanın dəyişməsi”, qəhrəmanların bir mühitdən digərinə transferi, onların ensiz mağaradan sürünə-sürünə keçməsi prosesi işıq-kölgə simvolu ilə müşayiət olunmalıdır. Əsər absurd teatr üçün nəzərdə tutulduğu üçün bir çox dialoq, hərəkət və ibarələrdə (hətta adlarda) “gizli qatlar”a isnad olunur. (ALIM sağdan sola MILA, ARAZ isə həmin qaydada ZARA kimi oxunur). Bir çox digər “gizlinlər”i üzə çıxarmaq isə rejissorun öhdəsinə düşür.







    ALIN JAZISI
    (iki hissəli dram)


    İştirak edirlər:
    Kişi
    Qadın
    (Səslər)


    Proloq hesab edilə biləcək başlanğıc bir növ klipə bənzəyir. Bobs-leyi xatırladan həmin “klip”də obrazların həyatından müxtəlif anlar, ayrı-ayrı epizodlar əks olunur. Bu epizodlar bədii filmlərdə bir-birini əvəz edən səssiz, yavaşıdımış kadrları xatırladır.
    Beləliklə, musiqinin müşayiəti ilə:
    Qadın və Kişi səhnənin önünə çıxır...
    onlar əl-ələ tutub rəqs edir...
    bir-birlərinə yaxınlaşır...
    bir-birlərindən uzaqlaşır...
    qucaqlaşır, öpüşür, sonra yenə
    əlbəyaxa olur...
    hərəkətləri ilə bir-birlərini ittiham edir, söyür, təhqir edir, danlayır...
    və təzədən barışır, əl-ələ tutur, zarafatlaşır, deyib-gülür...
    lap sonda bir-birlərinə kamandan ox atır...
    və... atılan ox onların sinəsinə sancılır.


    Birinci hissə

    Geniş, işıqlı otaq. Divardan portret - şəkillər asılıb; həmin şəkillərin erotik çalarları aydın nəzərə çarpır. Yaxınlıqdan - qonşu otaqdan səs-küy, gülüş qəhqəhə eşidilir.
    İri stolun üstündə akvarium.
    Otağın bir küncündə bilyard stolu. Hiss olunur ki, bura sauna, daha doğrusu, saunanın əyləncə otağıdır. Kişi iti addımlarla irəli gələrək pencəyini soyunub bir kənara atır. İdmançılara məxsus bir-iki yüngül atlet jestləri edib fit çalır. Özünü şən göstərməyə çalışsa da hiss olunur ki, o, bir qədər əsəbi və həyəcanlıdır. Hansısa simfonik musiqinin melodiyaları eşidilir. Otağın sağa və sola açılan qapılarından biri (soldakı qapı) açıqdır. Kişi arabir açıq qapıya yaxınlaşıb bayıra boylanır. Həmin qapının arxasında kiminsə işlədiyi hiss olunur - o tərəfdən taqqıltı səsi eşidilir; elə bil kimsə təmir işləri ilə məşğuldur. Bağlı qapı saunaya açılır. Kişi saunadan gələn gülüş, qəhqəhə səslərini dinləyib yenə açıq qapıya yaxınlaşır.

    KİŞİ (bayıra): - Zəhmət olmasa qapıya çıx, yenə bax, gör bir niyə gəlib çıxmadı bu? Görəsən nə baş verib?.. Gərək ki, sən onu tanıyırsan?

    Taqqıltı səsi kəsilir.

    KİŞİ SƏSİ (bayırdan): - Əlbəttə, tanıyıram. O yaşıl kostyumlunu demirsən? Ötən dəfə səninlə gəlmişdi...
    KİŞİ (əsəbi): - Yaşıl kostyumlu?.. Mən onun kostyumunun rəngini xatırlamıram. Bəlkə indi ağ kostyum geyəcək... Nə bilim?.. Eh, sən də qəribə adamsan... “Yaşıl kostyum… Heç dəxli var?
    KİŞİ SƏSİ (bayırdan): - Darıxma, indi gəlib çıxar... Axı, bir də ki, bu gün saatı irəli çəkiblər. Sən ola bilsin ki, düz bir saat tez gəlmisən...
    KİŞİ: - Bir saat tez?.. Mən haradan bilim ki, vaxtı dəyişiblər? Televizora baxmıram, qəzet oxumuram... Ta adamlardan qurtarıb indi də vaxtın başına oyun açırlar... Qoy bir zəng vurum.

    Mobil telefonda hansısa nömrəni yığıb qulaq asır; deyəsən, xəttin o başında dəstəyi götürmürlər.

    Yox, deyəsən evdən çıxıb artıq... Məncə o, dəqiq adamdır. Sən deyən qadınlardan deyil...
    KİŞİ SƏSİ (bayırdan): - Sən həmişə kişi dostlarınla gələrdin... Deyəsən, son vaxtlar menyunu dəyişmisən...
    KİŞİ - Kişi dostlarım satqın çıxdılar... Ta onlarla qurtarmışam... Ərizə verib çıxdım işdən...
    KİŞİ SƏSİ (bayırdan): - Bıy, doğrudan? Gərək çıxmayaydın... İndi iş tapmaq çətin məsələdir. Bax, mən ali təhsilli adamam. Gör gəlib harada işləyirəm? Saunada! Hamamda... Kalonkanı qala, termometrə bax, sabun ver, kisə gətir... Lap hərdən camadarlıq da edirəm, hansı dəyyusunsa belinə kisə çəkirəm. Düzdür, arada bir qadın müştərilər də olur... Qadın demiş, səninlə gələn o xanım mərifətli adama oxşayırdı...
    KİŞİ: - Nədən bilirsən?..
    KİŞİ SƏSİ (bayırdan): - Özün bilirsən ki, mən burada çoxdan işləyirəm... Adamın gözünə baxanda bilirəm ki, kim hansı yuvanın quşudur. O yaşıl kostyumlu heç saunanın içinə keçmədi o gün. Elə bilyard oynadı. Vəssalam... Evli olmasaydın alardın onu. Əməli-saleh adama oxşayır...
    KİŞİ (istehza ilə): - Arabir ağıllı məsləhətlərin olur...
    KİŞİ SƏSİ (bayırdan): - Sənə ərk eləyib deyirəm ey. Axı çoxdan tanıyıram səni... Buraya gəlib-gedən adamsan. Özü də indiyəcən səni qadınla-zadla görməmişəm. Bilirəm ki, xətir-hörmətli adamsan. Mən adam sərrafıyam. Gör bir nə vaxtan işləyirəm burada?!. Nə qədər örtülü üzlər, nə qədər lüt bədənlər görmüşəm. Mən adamın nəinki üzünə, hətta, onun hər hansı bir əzasına baxıb xasiyyətini təyin edə bilərəm...
    KİŞİ - Paho, ta denən lap psixoloq olmusan ki...
    KİŞİ SƏSİ (bayırdan): - Elədir, düz tapmısan, psixoloqam...


    Kişi söhbət etdikcə divarlardan asılmış şəkilləri ötəri nəzərdən keçirir, arabir bilyard stoluna yaxınlaşaraq kiy ilə (bilyard ağacı ilə) daşları vurub tora salmaq istəyir.

    KİŞİ (ucadan): - Bura bax, sənin bu müştərilərin nə vaxt çıxıb gedəcək?..
    KİŞİ SƏSİ (bayırdan): - Bir azdan vaxtları qurtarır... Axı, mən bilmirdim ki, sən belə tez gələcəksən... Neyləyim, vaxtı səhv salmısan… Hə, dayan, dayan! Deyəsən, həyətə maşın girdi. Özüdür ki, var. Səninkidi gələn... Taksi ilə gəlib. Elə kostyumu da taksinin rənginə düşür... Ha-ha-ha. (Gülür). İstəyirsən, çıx qarşıla...
    KİŞİ: - Özün çıx... Deginən buradayam...
    KİŞİ SƏSİ: (bayırdan): - Oldu! Baş üstə! Bu dəqiqə...

    Kişi gəzişir. Açıq qapıdan qadın daxil olur.

    QADIN (kişiyə yaxınlaşır): Salam!
    KİŞİ: - Salam...

    Onlar əl tutub görüşür, öpüşürlər.

    QADIN: - Deyəsən, tez gəlmisən...
    KİŞİ: - Yox, mən vaxtında gəlmişəm...
    QADIN: - Ha-ha-ha... (Gülür). Yəqin ki, vaxtın dəyişdiyindən xəbər tumamısan... Əslində elə mən özüm də danışdığımız vaxtdan xeyli əvvəl gəlmişəm.
    KİŞİ: - Hə, necəsən?
    QADIN: - Əla! Bəs sən?..
    KİŞİ: - Belə də... Pis deyiləm...
    QADIN: - Mənə elə gəlir ki, sən çox qayğılısan. Bəs iş məsələn necə oldu? Bu da bizim tanışlığımızın sonluğu... Bəlkə də ayağım düşməyib...
    KİŞİ: - Yox... Elə deyil... Onsuz da mən tez-gec o işdən çıxmalı idim...
    QADIN: - Niyə? Nə üçün?.. Əgər sirr deyilsə, bizə də de...
    KİŞİ: - Sirr deyəndə ki... (Duruxur). Gördüm ta işləmək mümkün deyil... Hər ay müdirə haqq vermək lazımdı. Mənsə lazım olan məbləği vaxtlı-vaxtında ödəyə bilmirdim...
    QADIN: - Haqq?.. Nə üçün?
    KİŞİ: - Qayda belədir. Biz müdirə, müdir də öz müdirinə haqq-hesab ödəməli idi... Eh, nə isə, qoy hamısı rədd olub getsin. İndi özümü daha sərbəst hiss edirəm. Bir iş tapıb dolanaram. Mən iş-gücdən qorxan adam deyiləm. Yeri gəlsə lap yük daşıyaram, hamballıq edərəm...
    QADIN (əlini onun çiyninə qoyur): Bilirəm, sən qoçaqsan, cəsursan... Heç nədən, heç kəsdən qorxan deyilsən...
    KİŞİ: - Yaxşı, yaxşı... Az təriflə məni...
    QADIN: - Amma utancaqsan... Səni tərifləyəndə uşaq kimi pörtürsən, qızarırsan...

    Qonşu otaqda, yəni saunada gülüş, qəhqəhə səsi eşidilir. Kişi əsəbi halda gəzişir.

    KİŞİ (bayıra): - Əşi, bunlar nə vaxt çıxacaqlar?
    KİŞİ SƏSİ (bayırdan): - Mən neyləyim ey, özünüz tez gəlmisiniz...
    QADIN: - Tələsirsən?..
    KİŞİ: - Yox... Sənə görə narahatam. Birdən evə gecikərsən, söz-söhbət olar...
    QADIN: - O, bütün sutkanı işdədir. İstəsəm gecəni də qala bilərəm... (Gülür). Ha-ha-ha... İstəyirsən gecəni burada keçirək... Saunada. Sudan çıxmayaq səhərəcən...
    KİŞİ: - Balıq kimi, hə?.. (Gülür). Hər şey mümkündür.
    QADIN: - Bəs sən evdə nə deyəcəksən?.. Arvadın...
    KİŞİ: - Qayınanamgildədir o... Bir də ki, sözdü deyirik də... Gecəni burada qalası deyilik ki...
    QADIN: - Yox, mənim düz sözümdür, həqiqətən, qala bilərik... Əgər istəsən... Mən burada özümü, sən demişkən, suda balıq kimi hiss edirəm...
    KİŞİ: - Hələ buna baxarıq...
    QADIN: - Yəqin ki, özünə problem yaratmaq istəmirsən mənə görə...
    KİŞİ: - Nə problem? Sən nəyə işarə edirsən?
    QADIN: - Elə tanışlığımıza... Bəlkə də o günkü dava-dalaş olmasaydı biz heç vaxt tanış olmayacaqdıq... Sən peşiman deyilsən ki?..
    KİŞİ: - Nəyə?..
    QADIN (gülür): - Hər şeyə... Məsələn, elə mənimlə tanışlığa... Sən mənə görə iki nəfərlə vuruşmalı oldun, axı...
    KİŞİ: - Yəqin ki, hər kəs bu cür hərəkət edərdi...
    QADIN: - Yaxşı yadıma düşdü. Qəzetdə bu barədə yazıblar...
    KİŞİ (diksinir): - Nə barədə?
    QADIN (çantasından qəzet çıxarır): - Deyəsən, elə bizi tanış edən dava barədə... Sənin barəndə... Mənim barəmdə... Oxuyum, yoxsa özün oxumaq istəyirsən?..
    KİŞİ: - Oxu...
    QADIN (qəzetdən oxuyur): - “Yüngül əxlaqlı qadınla sərxoş kişi axtarışdadır”. (Kişiyə). Yəqin ki, həmin yüngül əxlaqlı qadın mənəm, sərxoş kişi isə sən... Hə, oxuyuram... “Hadisə bir neçə gün əvvəl baş verib. Şəhərin mərkəzi küçələrindən birində gənc qadın iki nəfər cavan oğlana yaxınlaşaraq nəsə soruşur”. Hə, bax bunu düz yazıblar. Soruşdum ki, stomotoloji poliklinika haradadır. Onlar, o iki əyyaşsa qayıdıb dedi ki, maşallah, sənin dişlərin hələ sapsağlamdır...
    KİŞİ: - Orada yazılanı oxu...
    QADIN: - Baş üstə!.. (Oxuyur). “Biz bəzi səbəblərə görə həmin adamların, yəni zərərçəkənlərin ad-familiyasını yazmırıq. Oğlanlar qıza onun soruşduğu ünvan barədə izahat verərkən yaxınlıqda dayanmış, idmançı görkəmli, sərxoş olduğu aydın hiss olunan bir adam onlara hücum çəkir. Oğlanlar qəfil hücumdan özlərini itirirlər. Sərxoş idmançı yüngül əxlaqlı qadının fitvası ilə iki vətəndaşa ciddi bədən xəsarəti yetirib. Həmin başabəla qadınla kişi camaatın hadisə yerinə yığışdığını görüb taksiyə əyləşərək aradan çıxıblar. Artıq həmin taksinin dövlət yol nişanı müəyyənləşdirilib, taksi sürücüsü məsuliyyətə cəlb olunub”. (Kişiyə) Bu boyda yalan olar? (Kimisə yamsılayır). “Sərxoş idmançı…” Yox bir…
    KİŞİ: - Yalan niyə? Mən o gün həqiqətən içmişdim...
    QADIN: - Mən bunu hiss eləmədim... Amma onlar ağızlarını açan kimi bildim ki, ağılları üstlərində deyil. Olsun ki, hələ iynə də vurmuşdular. Əvvəlcə hırıldayıb mənə sataşmağa başladılar, sonra əl-qol atdılar. Mən onları söyməyə başladım. Onlar qolumu burub məni yaxınlıqdakı köşkə doğru sürüməyə başladılar. Elə bu vaxt sən haradansa zühur elədin...
    KİŞİ: - Taksi sürücüsünü tutublar... Axı, onun nə günahı var?
    QADIN: - Bəs sənin, mənim-bizim günahımız nədir ki?..
    KİŞİ: - Hər halda onu bizə görə ilişdiriblər. Nəsə kömək etmək lazımdır...
    QADIN: - Yəqin ki, sorğu-suala tutub buraxacaqlar. Şofer haradan bilir ki, biz kimik, hansı ünvanda yaşayırıq? Yaxşı ki, həmin gün taksini qonşu məhəllədə saxlatdıq. Xatırlayırsan həmin günü?
    KİŞİ: - Hə, yadımdadır...
    QADIN: - Doğrusu, sən o sərxoş uşaqları vurub yıxanda elə bildim ki, haradansa tanışıq... Sonra gördüm, yox... Sən taksi saxlayanda elə bildim ki, məni öz evinə aparacaqsan...
    KİŞİ: - Öz evimə?.. (Təəccüblə). Nə üçün?..
    QADIN (gülür): - Nə bilim?.. O gün həmin anlarda ürəyimə gələni deyirəm sənə... Hə, sən taksinin pulunu verib düşdün. Əlini irəli uzatdın. Mən sənin əlindən tutanda hiss etdim ki, barmağım qana bulaşıb. Dəsmalımla sənin əlini sarıdım... Sonra mən telefonumun nömrəsini dedim. Sənsə öz mobil telefonunun nömrəsini yazıb verdin. Gözlədim ki, elə həmin axşam zəng edəcəksən. Amma səndən heç o birisi gün də səs-soraq çıxmadı. Axırda özüm zəng vurası oldum... Deyəsən, arvadından yaman qorxursan, hə?..
    KİŞİ (gülür): - Qadınlardan qorxmaq lazımdır...
    QADIN: - Ərim nəinki məndən qorxur, heç adam yerinə qoymur məni...
    KİŞİ: - Bəs sən necə?..
    QADIN: - Münasibətlərimiz qarşılıqlıdır. Deyir, nə əkərsən - onu da biçərsən. Onun da öz aləmi var, mənim də... Bir-birimizin işinə nadir hallarda qarışarıq... Bəs sizdə necədir vəziyyət?..

    Kişi bilyard stoluna yaxınlaşıb, kiylə daşlardan birinə zərbə endirir. Qadın da yaxınlaşır, daşlardan birini əlinə götürərək atıb-tutur. Saunada səs-küy, gülüş, qəhqəhə...

    KİŞİ (bayıra): - Əşi, bizə çay ver görək... (Pauza). Nə oldu? Səsin gəlmir... Hara getdin?.. (Kişi gedib açıq qapıdan boylanır, qayıdır). Deyəsən, çıxıb, indi gələr...
    QADIN (əli ilə açıq qapını göstərir): - O kişi köhnə tanışındır deyəsən?..
    KİŞİ: - Hə... Çoxdan tanıyıram...
    QADIN: - Tez-tez gəlirsən bura?
    KİŞİ: - Belə də... Arabir pulumuz olanda toplaşıb gəlirik... dostlarla...
    QADIN: - Hamı cüt gəlir?..
    KİŞİ: - Nə üçün cüt?..
    QADIN: - Bəs tək gəlirsiz? Qadınsız?..
    KİŞİ: - Mən buraya heç vaxt qadınla gəlməmişəm...
    QADIN (gülür): - Bəs mən qadın deyiləm?
    KİŞİ: - Sən... Hə, elədir... Bəs sən özün necə, saunaya getməyi xoşlayırsan?..
    QADIN: - Bəli. (Akvariumu göstərir). Bax, o akvariumun içindəki balıqlar kimi xoşlayıram suyu. Amma, təbii ki, mən akvarium balığı deyiləm... Mən nəhəng dənizləri, okeanları sevirəm. Mən yuxuda tez-tez balıq olub mavi sularda üzürəm. Doğru sözümdür... Yəqin ki, insanlar balıqdan törəyib. Elə ana bətinindəki körpə də balığa bənzəyir; o, özünü yalnız orada rahat hiss edir.
    KİŞİ: - Sən bunları haradan bilirsən?
    QADIN (gülür): - Öz təcrübəmdən.

    Kişinin mobil telefonu zəng çalır.

    KİŞİ (telefona): - Hə, eşidirəm... Sən haradan zəng vurursan? Hə, yaxşı, oldu.
    QADIN: - Arvadın idi danışan?..
    KİŞİ: - Hə. Nədən bildin?
    QADIN: - Soyuq danışmağından...
    KİŞİ: - Yox, bizim münasibətlərimiz normaldır. Onun bir rəfiqəsi var, arabir görüşüb dərdləşirlər. Zəhləm gedir o qadından, arvadımın rəfiqəsini deyirəm...
    QADIN: - Arvadının rəfiqəsindən zəhlən gedir? Nə üçün?
    KİŞİ: - Heç özüm də bilmirəm nə üçün. Heç qadının üzünü də görməmişəm. Sadəcə, arabir zəng vurur bizə. Kobud səsi var... Araba təkəri kimi xırıldayır. İstəmirəm ki, arvadım onunla görüşsün...
    QADIN: - Bir-birinizi sevirsiniz?..
    KİŞİ: - Mən ikinci dəfə ailə qurmuşam. Birincini sevib evlənmişdim. Bu isə özü məni sevib...
    QADIN: - Əgər inciməsən, sənə bir sual verərdim...
    KİŞİ: - Buyur.
    QADIN: - Sən arvadına tez-tezmi xəyanət edirsən?
    KİŞİ: - Sənə nə üçün elə gəlir ki, mən arvadıma xəyanət edirəm? Elə isə icazə ver mən də həmin sualı sənə verim: bəs sən özün necə?.. Ərinə…
    QADIN (gülür): - Yox ey... Qadın başqa, kişi başqa...
    KİŞİ: - Nə mənada?..
    QADIN: - Elə hər mənada... Qadın zərif və zəif məxluqdur. O, özünə həmişə güclü arxa, möhkəm dayaq axtarır. Şəxsən mən özüm iradəli kişiləri çox sevirəm...
    KİŞİ: - Amma mənə elə gəlir ki, indi qadınları daha çox pullu, zəngin kişilər maraqlandırır...
    QADIN: - Əlbəttə, o cür qadınlar da az deyil... Amma bu məsələnin, necə deyərlər, yalnız maddi tərəfidir. Hər şeyi maddiyyatla bağlamaq düzgün olmazdı... Mən sənə qadın duyğusundan danışıram. Pul, var-dövlət taktikadır, vasitədir. Ürək isə daha çox strategiya ilə məşğul olur...
    KİŞİ: - Paho, sən yaman dərin qatlara enirsən ha... Taktika... Strategiya... Söz-söhbətindən daha çox tarix, fəlsəfə qoxusu gəlir.
    QADIN: - Hər qadının ürəyi mürəkkəb bir tarixdir. Hər kəs oraya baş vura bilməz... Hətta, qadınların özləri belə...
    KİŞİ (gülür): - Ha-ha-ha... Qəribə mühakimələrin var sənin!.. Elə isə icazə ver soruşum: bizim bu görüşümüzdə hansı cəhət daha mühüm rol oynayır: taktika, yoxsa strategiya?..
    QADIN: - Biz təsadüfən tanış olmuşuq. Bizi bu gün bir-birimizlə yaxınlaşdıran adi hisslərdir... Hər bir qadının ürəyində ideal kişi modeli olur. O modeli qadın özü yaradır, özü qurur. Öz idealını tapan qadın bəzən elə gözlənilməz addımlar ata bilər ki, bunu yalnız patoloji dəliliklə müqayisə etmək olar... Qadınlar bu cəhətdən daha ötkəm, daha güclü olurlar. Kişilər isə mühafizəkardır... Onlar üçün həyat tərzini dəyişmək çətindir... Hətta, faciəlidir...
    KİŞİ: - Doğrusu, mən səni dinlədikcə qorxuya düşürəm... Məni soyuq tər basır...
    QADIN (gülür): - Nə üçün? Nədən qorxursan?..
    KİŞİ: - Sənin mühakimələrindən, çoxbilmişliyindən...
    QADIN: - Nə qorx, nə də üşü... Bir də ki, üşüyürsənsə, tez saunaya girmək lazımdır. Yoxsa sətəlcəm olarsan... A-a-a... Doğrudan, bunlar nə çox çimirlər?.. Yaman da deyib-gülürlər ha. Deyəsən, işləri yaxşı gedir... Ha-ha-ha...

    Saunadan səs-küy, qadın qəhqəhəsi eşidilir. Kişi qəzəbli halda örtülü qapıya yaxınlaşır, dinləyir. Qadın ona yaxınlaşır. Onlar üz-üzə dayanırlar. Qadın əlini onun çiyninə qoyur, kişini uzun-uzadı süzür. Deyəsən, qadın kişidən nəsə cavab hərəkəti-nəvaziş, xoş söz, isti bir münasibət umur. Kişi geri çəkilir.

    KİŞİ (əsəbi): - Yaxşı... Bu içəridəkilərin səs-küyü məni lap təbdən çıxarır...
    QADIN: - Niyə ki? Hələ vaxtları var, çimirlər. Qoy çimsinlər. Bəyəm vaxtın dəyişməsində onlar günahkardır? Yəqin cavan adamlardır, özləri üçün deyib-gülür, zarafatlaşırlar. (İçəridən gələn səsi dinşəyir). Amma içəridən təkcə qadın səsi gəlir deyəsən... Hə, mahnı oxuyur... Yaxşı şirin, məlahətli səsi var... Amma başqasını xəlvəti dinləmək yaxşı əlamət deyil... Niyə dilxorsan? Axı, sənə nə olub ey?.. Sənin təşəbbüsünlə gəlmişik bura... Vaxtınız da kifayət qədərdir. Saunanın xidmətçiləri də ki, öz dostun-tanışın. Bəlkə çimməyə tələsirsən?.. (Gülür) İstəyirsən yavaş-yavaş hazırlaş, soyun... Elə mən də soyunum. Yaman istidir... Elə bil od yağır havadan...

    Qadın pencəyini soyunur, saçını darayır, divardakı şəkillərə baxır.

    KİŞİ (bayıra): - Əşi, nə oldu, harada itib batdın? Bizə bir stəkan çay ver də...
    KİŞİ SƏSİ (bayırdan): - Bu dəqiqə, bu dəqiqə. Şefin yanındaydım. İndi gəlmişəm... Çay içəcəksiniz, yoxsa?.. Yaxşı konyakımız, viskimiz də var...
    KİŞİ (qadına): - Sən nə içəcəksən?
    QADIN: - Etiraz etməsən, viski...
    KİŞİ (bayıra) - Viski gətir...
    KİŞİ SƏSİ (bayırdan): - Oldu, baş üstə, bu dəqiqə... Yanınıza gələ bilərəm? (Gülüş səsi). Soyunub eləməmisiniz ki?
    KİŞİ (bayıra): - İndi özüm kömək edərəm sənə...
    KİŞİ SƏSİ (bayırdan): - Hə, mən hazır. Buyurun...

    Kişi qapıya yaxınlaşıb içəriyə doğru uzadılan məcməyini götürür, gətirib stolun üstünə qoyur. Məcməyidə piyalələr, şokolad, viski şüşəsi.

    QADIN: - Hə, bu başqa məsələ...
    KİŞİ (viskidən piyalələrə süzərək): - Mən viski içə bilmirəm...
    QADIN: - Elə isə özünə araq götür... Çəkinmə, məndə pul-para var...
    KİŞİ: - Yox, mən araq da içməyəcəyəm...
    QADIN: - Eləsə ürəyin nə istəyir, sifariş ver...
    KİŞİ: - Heç nə... İçmək istəmirəm. Mən içəndə həmişə davaya düşürəm...
    QADIN: - Axı, heç davakar adama oxşamırsan...
    KİŞİ: - Elədir... Davakar deyiləm... Amma çox sınamışam, içəndə dava-şava işlərinə rast gəlirəm. Daha doğrusu, dava-dalaş özü məni tapır...
    QADIN: - Onda mən tək içim? Elə təklik mənim alnıma yazılıb?..
    KİŞİ: - Niyə, içməyə adam tapılımır bəyəm?..
    QADIN: - Mən hər adamla oturub-durası deyiləm ki? Evdəki də dilinə içki vurmur... Guya həkim məsləhət görmür...
    KİŞİ: - “Guya” nə üçün?.. Bəlkə doğrudan xəstədir...
    QADIN: - Bilirəm ki, yalan deyir... Xəsisliyindən içmir... Pul yığır...
    KİŞİ (gülür): - Kimin üçün?..
    QADIN: - Nə bilim?.. Yəqin başdaşı düzəltdirəcək...
    KİŞİ: - Kimə?..
    QADIN: - Əlbəttə, özünə...
    KİŞİ: - Xəstədir?..
    QADIN: - Yox ey... Nə xəstə? Bədəni sağlamdır. Ruhu, niyyəti xəstədir. Amma ölümdən yaman qorxur... (Qadın piyaləni başına çəkir). Hə, sağ ol. Sənin sağlığına. Ləzzətlidir... Nahaq içmirsən...

    Yenə yaxınlıqdan qadın qəhqəhəsi eşidilir. Kişi ayağa durub gəzişir. Siqaret yandırır.

    KİŞİ: - Görəsən, bu qapı açıqdır, yoxsa arxadan bağlanıb?..
    QADIN (gülür): - Nədi, yoxsa saunaya keçmək istəyirsən?..
    KİŞİ: - Hə... İstəyirəm...
    QADIN: - Mən indi sauna paltarını geyərəm, sakitləşərsən...

    Qadın soyunmağa başlayır.

    KİŞİ (ona yaxınlaşır): - Dayan, dayan... Sonra... Hələ tezdir...
    QADIN: - Görürəm ki, gözləməyə səbrin çatmır...
    KİŞİ: - Yox ey... Sadəcə olaraq, qulağıma tanış səs gəlir...
    QADIN: - Tanış səs?.. Qadın səsini deyirsən?.. Nə olsun ki?.. Ola bilər mənim də səsim kiməsə tanış gəlsin... Bunun üçün hansısa bir gic gəlib mənə tamaşa etməlidir?.. Özü də Həvvanın geyimində, çılpaq, lüt-üryan... Mən beləsinin gözlərini çıxararam...
    KİŞİ: - Hətta, mənim də?..
    QADIN: - Baxır nə vaxt, harada, hansı şəraitdə?.. Bir də ki, sən gic deyilsən axı...
    KİŞİ: - Yaman hikkəlisən ha!..
    QADIN: - Elədir... Düz tapmısan. Bayaq yalan dedim: guya ərim məni saymır. Yox, o, məndən it kimi qorxur...
    KİŞİ: - Elə mən də qorxmağa başlayıram...
    QADIN (gülür): - Yox, sən qorxma. Axı, sən qorxaq adam deyilsən. Sən cəsursan. Əsil kişisən. Mən kişilərin bu üzündən baxanda o biri üzünü görürəm, lap rentgen şüası kimi... Bilirəm kim hansı yuvanın quşudur...
    KİŞİ: - Mən doğrudan da qadınlardan qorxuram...
    QADIN: - Yalnız məkrli qadınlardan qorxmaq lazımdır. Axı, mən elələrindən deyiləm. Mən sirr saxlamağı bacarmıram. Ürəyimdən keçən söz, dilimdə bitir... Təbiətim belədir...
    KİŞİ SƏSİ (bayırdan): - Ta sizə bir şey lazım deyil ki?..
    Kişi (bayıra): - Hələlik, yox... Bəs sauna nə vaxt boşalır?..
    KİŞİ SƏSİ (bayırdan): - Vaxtlarına lap az qalıb. Qoy çıxsınlar, gedib təmizləyəcəm oranı... İndi məni şef çağırır...

    Kişi əsəbi halda var-gəl edib divardan asılmış şəkillərdən birinin önündə ayaq saxlayır, içəridən gələn səs-küyü dinləyir; hiss olunur ki, qapının o üzündə iki nəfər deyib-gülür, şənlənir, zarafatlaşır. Televizorda çalınan yüngül havanın ritminə uyğun rəqs edən Qadın əllərini havada yelləyə-yelləyə Kişiyə yaxınlaşır. Kişi örtülü qapının dəstəyindən yapışır. Qadın onun qarşısında dayanıb qəzəblə Kişinin üzünə baxır.

    QADIN: - Sən nə edirsən? Deyəsən, ağlını itirmisən...
    KİŞİ: - Əl çək yaxamdan... Hamınız rədd olun...
    QADIN (ətrafa boylanır): - Hamımız?.. Sən lap sayaqlayırsan ki! Axı, nə olub sənə?.. Qapını niyə dartışdırırsan? Bu ki, tərbiyəsizlikdir...
    KİŞİ: - Yəni sən elə tərbiyəlisən?..
    QADIN: - Sən nəyə işarə edirsən? Mənim yad kişi ilə görüşməyimə? Bəyəm sən özün tərbiyəlisən?
    KİŞİ: - Kəs səsini! Mənə əxlaq dərsi keçmə! Bildin?..
    QADIN: - Qışqırma! Ona qalmış, elə ikimiz də bir tərbiyənin yiyəsiyik. Yad kişiynən yad qadın görüşür… deməli, onların hər ikisi eyni dərəcədə günahkardır... Əlbəttə, əgər bunu günah hesab etmək olarsa...
    KİŞİ (diqqətlə onu süzür): - Yox, sən günahkar deyilsən... Təqsir məndədir...
    QADIN (gülür): - Hələ bunu aydınlaşdırmaq lazımdır... Görünür, hər kəs gördüyü yaxşılığın əvəzini ödəmək istəyir...
    KİŞİ: - Boş-boş danışma. Nəyin əvəzini nə ilə ödəyirsən? Məndən aralı dur!..

    Kişi örtülü qapının dəstəyini dartışdırır. Sonra qapını yumruqla döyəcləyir.

    QADIN (onun qolundan yapışır): - Deyəsən, sən doğrudan da gicsən! Nə edirsən?! Burax dəstəyi! Eşidirsən?! Bu saat aləmi bura yığacağam...
    KİŞİ (onu itələyir): - Rədd ol!.. Mane olma mənə...
    QADIN: - Tərbiyəsiz!
    KİŞİ: - Kəs səsini, qancıq...
    QADIN: - Sənin arvadındır qancıq... Bildin?
    KİŞİ: - Kəs, dedim! Mumla... ağzını...

    Kişi onun üstünə cumur. Qadın açıq qapıya sarı qaçır.

    QADIN: - Ay aman, kömək edin!..

    Kişi qayıdıb təpiklə örtülü qapını vurub açır. Açıq qapıdaniçəriyə tüstü-dumanı xatırladan buğ dolur. Gözü alacalaşan kişi özünü saunaya təpir. İçəridən səs-küy gəlir. Kişi, deyəsən buğun kiminləsə əlbəyaxa vuruşur. Qadın qapıya yaxınlaşıb içəri boylanır. Kəskin, qatı dumanı xatırladan buğda heç nə seçilmir. Bir azdan Kişi üst-başı suya, sabuna bələnmiş halda görünür; kimsə içəridən zərbə ilə vurub onu geri təpir. Qapı arxadan kilidlənir. Kişi əlləri ilə üz-gözünü qapayıb qışqırır. Onun qışqırığı həm də hönkürtüyə bənzəyir.

    KİŞİ: - Aman Allah! Yox, yox! İnanmıram mən buna!..
    QADIN: - Nə olub sənə?!. Niyə böyürürsən?!.
    KİŞİ: - Aman Allah!.. Mənim arvadım...
    QADIN: - Nə olub sənin arvadına?.. (Bir qədər sevincək). Yoxsa bayaqdan bəri arvadın imiş oxuyan?.. Nə olsun ki?.. İndi saunaya biz girəcəyik, onda da mən oxuyacam...
    KİŞİ: - Rədd ol!.. Mən o ləçəri boğub öldürəcəyəm... İt kimi gəbərdəcəyəm onu...
    QADIN: - Niyə?.. Sən başqasının qadını ilə görüşə bilirsən, amma başqası sənin arvadınla yox?! Bəyəm qadın kişinin xüsusi mülkiyyətidir?..
    KİŞİ: - Mən indi göstərərəm ona... Ax, qancıq!.. Murdar...

    Kişi yenidən saunaya, tüstü-dumanın, buğun içinə doğru hücum çəkir. İçəridən səs-küy, qışqırıq, söyüş, şappıltı eşidilir. Kişi yenə suya və sabun köpüyünə bələnmiş halda geri qayıdır.

    QADIN (qəhqəhə çəkir): - Hə, aldın payını? Rahatlandın? Arvadını görə bildin?.. O idi səni yumruqlayan?.. Yoxsa o, tək deyil orada? Həəəə? O günü cavan, güclü oğlanları bir zərbə ilə vurub sərdin yerə... Amma indi... Deyəsən, doğrudan qorxursan... Ha-ha-ha...
    KİŞİ: - İfritə!.. Ələ salırsan məni?.. Boğub öldürərəm...
    QADIN: - Ay aman! Kömək edin!

    Kişi indi də Qadının üstünə hücum çəkir... Musiqi. Qadın qışqıra-qışqıra sol qapıya sarı qaçır. Həmin qapının cəftəsini arxa tərəfdən bağlayır. Kişi yenə saunaya cumur. Onu içəridən zərblə vurub təzədən geri oturdurlar. Musiqinin sədası artır. Kişinin üst-başı sabuna bulaşıb. O, suyu süzülə-süzülə bilyard stoluna yaxınlaşır. Kiyi götürüb ox kimi əvvəlcə birinci qapıya tuşlayır. Kiy yaydan çıxan ox kimi Qadının arxasınca örtdüyü qapıya sancılır və... içəri keçir. Sonra Kişi ikinci kiyi ikinci qapıya atır. Kiy qapını deşib saunaya keçir. Qəfildən hər tərəfə sükut çökür. Musiqi susur. Kişi duruxur, çaşıb qalır. Sanki qəfil sükut onu təşvişə, qorxuya salır... Nəhayət, sol qapı açılır, sinəsinə ox, daha doğrusu, kiy “sancılmış” qadın görünür. Qadın səndələyə-səndələyə Kişiyə yaxınlaşır. Kişi heyrətdən yerindəcə quruyub qalıb. O, əlini atıb “oxu” - kiyi qadının köksündən çıxarır... Bayaqdan can verən, səndələyən Qadın sanki birdən-birə dirçəlir... Həzin musiqi sədası eşidilir və elə həmin musiqi sədası altında qadın Kişiyə yaxınlaşır. Qadın Kişinin köksünə sığınır. Kişi çaş-baş qalıb. Kişi geri çəkilib əlindəki kiyə dirsəklənərək Qadına baxır... baxır və qəti addımlarla saunaya açılan qapıya yaxınlaşır. Qadın da onun arxasınca gedir. Musiqi... İşıq azalır.

    Pərdə.


    İkinci hissə

    Kişinin mənzili. Səliqəsizlik hiss olunur. Divanın üstünə qadın pal-paltarları atılıb. Otaqda diqqəti ən çox çəkən şey küncdə divar boyu yüksələn heykəllərdir. Otağın sağ və sol küncündə lepka (yapma) yolu ilə hazırlanmış kişi və qadın heykəlləri sanki mənzilin tavanını öz əlləri, çiyinləri üstündə saxlayıblar. Həmin heykəllərin görünüşündə bir tarixilik duyulur; bu, daha çox qədim yunan heykəltəraşlıq məktəbinin nümunələrini xatırladır. Heykəllər həm də canlı insana bənzəyir. Kişi otaqda əsəbi halda var-gəl edir, siqaret çəkir. Telefon zəngi. Kişi dəstəyi qaldırır.

    KİŞİ (dəstəyə): - Hə, eşidirəm. Xahiş edirəm, bir də mənə zəng vurmayın. Bildiniz?.. Bəli, mən ağlımı itirmişəm! Sizi də öldürərəm, qızınızı da! (Pauza). O, daha mənim arvadım deyil. (Pauza). Mən nə gəzirdim saunada? Belə kefə, istirahətə getmişdim. Sonra? Hə, nə istəyirsiniz məndən? Siz pozğun ailəsiniz. Elə siz də, sizin qızınız da... Mənə zəng etməyin, məni dəng etməyin! Eşitdiniz?!. (Dəstəyi hirsə çırpır). “Bir mənə qulaq as”! Qulaq asmıram. Siz kimsiniz, axı?.. Pozğunlar...

    Kişi yenə gəzişir. Qapı zəngi. Kişi gözcükdən baxıb geri çəkilir. Qapının zəngi yenə çalınır. Kişi könülsüz halda qapını açır. Əli çantalı Qadın daxil olur.

    QADIN: - Salam! Necəsən?
    KİŞİ: - Salam... (Təəccüb hissi ilə qadını süzür). Xeyir ola?..
    QADIN: - Yəqin gözləmirdin məni?..
    KİŞİ: - Buyur, eşidirəm...
    QADIN: - Heç olmasa içəri dəvət et...
    KİŞİ: - Dedim ki, eşidirəm... Sözünü de. Nə üçün gəlmisən?..
    QADIN (gülür): - Ha-ha-ha... Nə olub sənə? Özünü nə yaman dartmısan!.
    KİŞİ: - Sən necə gəlib çıxmısan bura? Bu ünvanı sənə kim deyib?..
    QADIN: - Gəlmək olmaz bəyəm? Niyə xoflanırsan?.. Axı, sən ki, qorxmaz adamsan...
    KİŞİ: - Xahiş edirəm, əl çək məndən. Mən ailəli adamam... Eşidib-bilən olar...
    QADIN: - Bəyəm sən arvadını boşamaq istəmirsən? Ya bəlkə artıq boşamısan?..
    KİŞİ: - Sən hardan bilirsən bunu? Kimdən eşitmisən?.. Bir də, axı, sən kimsən ki, mənim ailə işimə qarışırsan? Kim sənə bu haqqı verib?..
    QADIN: - Mən özüm qazanmışam bu haqqı. Bildin?.. Dünyada hər kəsin öz haqqı var...
    KİŞİ: - Sənin heç bir haqqını əlindən alan yoxdur. Xahiş edirəm, xatanı məndən uzaq elə. Səhv edib, səninlə tanış olmuşam...
    QADIN: - Yoxsa məni xuliqanlardan xilas etdiyinə görə peşiman olmusan?..
    KİŞİ: - Qətiyyən! Onsuz da mən hazırlaşırdım ki, gedib hər şeyi etiraf edim. Axı, sən özün oxudun, qəzetdə yazmışdılar ki, bizi aparan taksi sürücüsünü yaxalayıblar. Mənə görə hansısa günahsız adam nə üçün əzab-əziyyət çəkməlidir?.. Qoy məni cəzalandırsınlar, eybi yoxdur...
    QADIN: - Səni nə üçün? Sənin ki, heç bir təqsirin yoxdur...
    KİŞİ: - Necə yəni təqsirim yoxdur?! Camaatın uşağını vurub yıxmışam. Bəlkə də onlardan hansısa ağır zərbədən yaralanıb, lap ömürlük şikəst də ola bilər...
    QADIN: - Cəhənnəmə ki... Onlar özləri günahkardı. Tanımadıqları bir qadına sataşırlar, igid bir oğlansa qəfildən çıxıb onların cavabını verir...
    KİŞİ: - Hələ mən sənin onlarla tanış olub-olmadığını deyə bilmərəm. Bəlkə də bu bir oyundur.
    QADIN: - Paho! Belə çıxır ki, mən böhtançıyam!..
    KİŞİ: - Hələ bunu bilmək olmaz...
    QADIN: - Elə mən də səninlə gedəcəyəm... Razı olmaram ki, səni şərləsinlər...
    KİŞİ: - Xahiş edirəm, gedib öz işinlə məşğul olasan... Mən öz hüququmu özüm müdafiə etməyə qadirəm. Mənə şahid lazım deyil...
    QADIN: - İcazə verirsən, əyləşim?..
    KİŞİ: - Yox. Səni buraya heç kəs dəvət etməyib. Axı, sən mənim evimə nə üçün gəlmisən?..
    QADIN: - Mən birdəfəlik gəlmişəm bura. Ta geri qayıtmaq fikrim yoxdur. Görürəm ki, sən də arvadının pal-paltarını yır-yığış edirsən.

    Kişi kənara çəkilib diqqətlə, səssiz-səmirsiz, uzun-uzadı qadını süzür. Kedib kresloda əyləşir. Siqaret alışdırır.

    KİŞİ: - Aydındır...
    QADIN: - Aydın olan və olmayan nədir? Əslində bunların mənə heç bir dəxli yoxdur.
    KİŞİ: - Anam, bacım, nə istəyirsən məndən? Axı, mənə nə vermisən, onu geri ala bilmirsən?
    QADIN: - Mən indicə ərimlə dalaşıb vuruşmuşam...
    KİŞİ: - Bunun mənə nə dəxli?..
    QADIN: - Bütün bunlar sənə görə baş verib. Başa düşürsən məni? Səninlə görüşdüyümü bilib... Mən artıq onunla birdəfəlik qurtardım. Mən ona nifrət edirəm... Aydındır?

    Kişi yenə diqqətlə qadını süzür, çarəsiz bir görkəm alıb çiynini çəkir, sonar siqaretinə dərin qullab vurub ayağa qalxır, telefona yaxınlaşır.

    KİŞİ (dəstəyə): - Alo!.. Alo!..

    Qadın ona yaxınlaşıb dəstəyi əlindən alır, yerinə qoyur.

    QADIN: - Kimə zəng vurursan? Arvadına? Qayınana?! Polisə?! Mən heç kəsdən qorxmuram!.. Hətta, ərimdən də. Mən indi onu əzişdirib gəlirəm bura... Aydındır?
    KİŞİ: -Bərəkallah! Yoxsa məni də əzişdirmək istəyirsən?..
    QADIN: - Yox, səni yox... Axı, səni sevirəm. Mənə əl qaldırsan da səndən incimərəm...
    KİŞİ: - Xahiş edirəm, çıx get... Bildin?.. Mənim işim-gücüm var...
    QADIN: - Axı, sən işdən çıxmısan. Özün dedin ki... Qorxma, igid xilaskarım, mən işləyib səni saxlayacağam...
    KİŞİ: - Xahiş edirəm, yalvarıram, çıx get. Onsuz da mən əsəbiyəm... Biz sonra görüşüb söhbətləşərik...
    QADIN: - Mən elə hesab edirdim ki, sən cəsur, qorxmaz adamsan. Amma sən demə...
    KİŞİ: - Sənin verdiyin qiymət mənimçün heç nədir... Sənə bir daha xəbərdarlıq edirəm: mənim şəxsi həyatıma qarışma. Çıx get buradan...
    QADIN: - Sənə isə heç kəs icazə verməyib ki, məni təhqir edəsən! Qorxaq, yalançı!..
    KİŞİ (əsəbi): - Əl çək yaxamdan!.. Səni heç kəs dəvət etməyib bura... Fırıldaqçı!..
    QADIN: - Fırıldaqçı sən özünsən! Sən özün-özünü aldatmaqla məşğulsan... Özünü sədaqətli ər kimi sırımaq istəyirsən mənə, başqalarına... Lap elə öz arvadına... Axı, sən sevmirsən öz arvadını! Sən ona nifrət edirsən. Elə o da sənə... Siz siçan-pişik oyunu oynayırsınız... Sizin həyatınız başdan-ayağa saxtadır, butaforadır... Sizi daxilən bağlayan heç nə yoxdur! Bütün bunları mən yaxşı bilirəm... Əslində elə mən özüm də belə bir saxta, qurama həyatın oyunçusuyam. Mən də sənin kimi özümü sadiq, cəfakeş adam kimi tanıtmaq istəmişəm. Amma indi dərk edirəm ki, artıq qayıq sahilə yan alıb, ta buradan o yana yol yoxdur. Mən həyatımı təzədən qurmalıyam.. Bu saxta sədaqət oyunları, yalançı göz yaşları, suni imitasiyalar, nəhayət, öz ömrünü başa vurmalıdır... (Pauza). Mən səni ilk dəfə görəndə düşündüm ki, öz xilaskarımı, öz idealımı tapmışam... Səninlə tanış olduq, oturduq-durduq... Mən sənə vuruldum, sənə bağlandım... Mən anladım ki, sən arvadına nifrət edirsən. Mən də öz ərimə bəslədiyim hissləri səndən gizlətmədim... Fikirləşdim ki, nəhayət illər uzunu axtardığım adamı tapmışam...
    KİŞİ (dəlicəsinə gülür): - Ha-ha-ha! Ha-ha-ha!..
    QADIN (əsəbi): - Niyə gülürsən?!.
    KİŞİ (acı-acı gülür): - Ha-ha-ha!.. Axtardığını tapmısan?.. Harada?..
    QADIN: - Kəs səsini! Hırıldama!..
    KİŞİ: - Ha-ha-ha... Axtardığını saunada tapmısan, hə?..
    QADIN: - Qoy olsun... “Harada?”… Lap elə sauna olsun... Bəyəm harada görüşməyin bir mənası varmı? Biz nə üçün hər yanda çirkab axtarırıq? Elə öz daxilimizdə də...
    KİŞİ: - Axı, sənin istəyin nədir?.. Sənin ağlın üstündədir, yoxsa?.. Bəlkə doğrudan da biz bir-birimizi düzgün başa düşməmişik? Bəlkə mən səni anlamıram? Bəlkə sən xəstələnmisən? Bəlkə də mən özüm...
    QADIN: - Mən bundan sonra ətrafdakı adamları yamsılamaq istəmirəm. Mən hamı kimi olmaq istəmirəm... Olduğum kimi olmaq istəyirəm...
    KİŞİ: - Hamı kimi olmaq istəmirsən?.. Bunun mənə nə dəxli? Bir də ki, başa düşmürəm, “hamı” deyəndə sən kimi, nəyi nəzərdə tutursan?
    QADIN: - Meymun kimi bir-birini yamsılayan ikiayaqlıları… İndi aydın oldu? Mənim belələrinə heç “ikiayaqlı” deməyə də dilim gəlmir...
    KİŞİ: - Heç nə anlamıram...
    QADIN: - Niyə anlamırsan, niyə? Bir-birlərinə nifrət etdikləri halda bir otaqda, bir yataqda eşələnən canlıları deyirəm... Lap elə sənin özünü deyirəm. Lap elə sənin arvadını nəzərdə tuturam... Axı sizi heç nə bağlamır… Artıq mənim geriyə yolum yoxdur... Mən buradan heç yerə gedən deyiləm.
    KİŞİ: - Soruşmaq ayıb olmasın: sən məni zorla özünə ər etmək istəyirsən?
    QADIN: - Zorla?.. Bəlkə də lap elə zor güclə... Hə, nə olsun? Bəzən xəstəni zorla müalicə edirlər, əməliyyat aparırlar. Elə uşağı da zorla, döyə-döyə tərbiyə edirlər. Xoşbəxtlik heç vaxt öz ayağı ilə gəlmir ki!.. Onu da zorla əldə edirlər...

    Telefon zəngi. Kişi dəstəyi götürür.

    KİŞİ (dəstəyi götürür): - Eşidirəm... (Pauza). Oldu. İndi gəlirəm. Sağ olun. (Dəstəyi qoyur). Məni çağırırlar. Getməliyəm.
    QADIN: - Gedə bilərsən. Amma tez qayıt. Sən gələnəcən mən də evi yır-yığış edərəm. Süpürgə-zad haradadır? Hər tərəf tör-tökülüntüdür ki...

    Qadın çantasını götürüb yan otağa keçir. Kişi təəccüblə onun arxasınca baxır. Qadın qapını arxadan bağlayır. Kişi dəstəyi bursa da qapı açılmır.

    KİŞİ (qışqırır): - Axı, sən mənim yataq otağımda nə axtarırsan?!. Sən kimsən, axı?.. Sən doğrudan gicsən, yoxsa özünü gicliyə qoyubsan?!. Deyəsən, dünyanın bütün gicləri axtarıb məni tapır... Aç qapını, aç! Eşidirsən?.. Karsan?.. Mən getməliyəm. Məni çağırıblar... Aç! Aç! (Qapının dəstəyini dartışdırır).
    QADIN (içəridən): - Qışqırma! İndi gəlirəm...

    Qapı açılır. Qadın görünür. O, toy (və ya bal) geyimindədir. Musiqi. Mendelsonun təntənəli musiqisini xatırladan şən musiqi sədası altında Qadın rəqs etməyə başlayır. Kişi geri çəkilsə də Qadın ona yaxınlaşıb əllərini irəli uzadır. Kişi duruxur, tərəddüd edir... Qadın ona təzim edir. Kişi sanki məcburən onun əlindən tutub rəqsə qoşulur. Get-gedə rəqsin tempi, sürəkliliyi artır... Kişi kədərli, Qadınsa şəndir. Nəhayət, rəqs başa çatır. Telefon zəngi. Kişi dəstəyi götürür.

    KİŞİ (dəstəyə): - Hə, mənəm! (Pauza). Mən isə səni nəinki görmək, heç səsini belə eşitmək istəmirəm... (Pauza). Bəli! Əcəb eləyirəm! Rədd ol! Qurtardıq.

    Kişi dəstəyi qoyur, Qadın ona yaxınlaşır.

    QADIN (onun qolundan tutur): - Bilirəm, arvadın idi... Axır ki, sən həqiqəti dilinə gətirdin. Özündə iradə tapıb ürəyindən keçənləri deyə bildin... İndi sən olduğun kimisən...
    KİŞİ (qışqırır): - Əl çək məndən! Nə istəyirsən, nə?..
    QADIN: - Sakit ol! Cəsurlar sadə və təmkinli olur... (Pauza). Mən xəbərçiliyi xoşlamasam da sənə bir şey deyim. Qulaq as. Biz saunada olanda mən qəribə bir şeyin şahidi oldum... Sən üstümə hücum çəkəndə mən qapıdan bayıra qaçmaq istədim. Amma ora kiçik bir otaq imiş. Sənin tanışın, saunada işləyən kişini deyirəm, həmin vaxt orada yox idi. Amma stolun üstündə televizor vardı. Və o televizorda lüt bədənlər görsənirdi... Məncə, saunanın içində kameralar quraşdırılıb, oraya gələn adamları lentə alırlar...
    KİŞİ (sarsılır): - Necə?.. Saunaya gələnləri lentə çəkirlər. Deməli, mənim arvadımı da... Bu, nə biabırçılıqdır?.. Bu, nə rüsvayçılıqdır?!.
    QADIN: - Sakit ol, ə-sə-bi-ləş-mə...
    KİŞİ: - Mən getməliyəm... Tez ol...
    QADIN: - Mən buradayam... Mən heç yerə gedən deyiləm. Lap məni öldürsən də...

    Kişi qəzəblə onu süzür. Nəsə fikirləşib qapıya yaxınlaşır. Hiddətlə bayıra çıxır. Şaqqıltı ilə arxadan qapını bağlayır. Musiqi. Qadın bal (toy) geyiminin üstündən sumkadan çıxartdıdığı xalatını geyir. Süpürgəni götürüb mənzili səliqəyə salmağa başlayır. Qapı döyülür. Qadın gözcükdən bayıra baxır.

    QADIN SƏSİ (bayırdan): - Aç qapını...
    QADIN: - Açar məndə deyil...
    QADIN SƏSİ (bayırdan): - Sən kimsən orada?..
    QADIN: - Mən? Mən bu evin gəlini! Yəqin sən cer-cehizini aparmağa gəlmisən, hə?..
    QADIN SƏSİ: - İfritə! Aç qapını deyirəm! Bəs o alçaq haradadır? Joxsa qorxusundan gizlənib?..
    QADIN: - Xeyir, o alçaq deyil! O, qorxaq da deyil. O, mərd, cəsur adamdır... Mən elə buna görə sevib-seçmişəm onu. Sən düz-əməlli tanımadığın adamı təhqir etmə. Bu, yaxşı xasiyyət deyil...
    QADIN SƏSİ (bayırdan): - Sən nə axtarırsan mənim evimdə?.. Sən kimsən, axı?..
    QADIN: - Sənə nə lazımdır? Keçmiş ərin sənin pal-paltarlarını yığıb divanın üstünə atıb. Mən onları necə verim sənə? Axı indi açar məndə deyil. Deyəsən səndə də açar yoxdur, hə? Neyləyim, o, qapını bağlayıb getdi. O, məni hamıya qısqanır… Mən indi bir növ məhbusam burada... Məhəbbət məhbusu...
    QADIN SƏSİ (bayırdan): - Ah, alçaq, vicdansız, şərəfsiz, biqeyrət...
    QADIN: - Sən gəl təhqirə keçmə. Mən öz xoşbəxtliyimi başqasının bədbəxtliyi üstündə qurmaq istəməzdim. Amma neyləyim? Bu da bir qismətdi, taledi... Mən indi çox xoşbəxtəm... Hə, istəyirsən, sənin pal-paltarını eyvandan üzüaşağı atım! Eşidirsən?!. Aşağı düş, eyvanın altında gözlə! İndi aşağı tullayacam... Eşidirsənmi məni?..

    Bayırdan pillələri enən addım səsləri eşidilir. Qadın divanın üstündəki pal-paltarları özünün sumkasına yığıb eyvana yaxınlaşır. Sumkanı eyvandan aşağı atıb, geri qayıdır. Musiqi sədası altında mənzili yır-yığış edir. Qapı açılır. Kişi əlində çanta içəri daxil olur.

    KİŞİ: - Mən hər şeyi aydınlaşdırdım...
    QADIN: - Hər şeyi? Sən nə barədə danışırsan?
    KİŞİ: - Sauna barədə... Orada çəkilmiş lent... Yaxşı ki, sən bunu mənə vaxtında dedin… Mən gedib o əclafı tapdı, o lenti çəkəni deyirəm. Köhnə tanışımdır... Dedim ki, alçaq, indi səni boğub öldürəcəyəm. O, qorxusundan hər şeyi boyuna aldı... Doğrudan da saunaya gəlib-gedən adamları videoya çəkirmişlər... Alçaqlar... Həqiqətən mənim arvadım biz orada olanda saunaya gəlibmiş...
    QADIN: - Keçmiş arvadın...
    KİŞİ: - Yaxşı, qulaq as... Mən o it oğlu iti xirtdəkləyib çəkilmiş lenti gətirtdim. Lentə elə oradaca baxdım. Arvadım...
    QADIN: - Keçmiş arvadın...
    KİŞİ: - Lap elə olsun “keçmiş!” Sənə nə var?..
    QADIN: - Yaxşı, davam elə... Ə-sə-bi-ləş-mə!..
    KİŞİ - Mənim arvadım... arvadım saunaya öz rəfiqəsi ilə gedibmiş. Mən o lenti özümlə gətirmişəm...
    QADIN: - Bəyəm sən özünü içəri təpəndə görməmişdin ki, arvadın orada kişi ilə çimir, yoxsa qadınla?..
    KİŞİ: - Orada göz-gözü görürdü ki?.. Mən heç öz arvadımın sir-sifətini düz-əməlli seçə bilmişdim ki? Hər tərəf tüstü-duman idi. Buğ aləmi bürümüşdü...
    QADIN: - Bəs oradan səni niyə təpikləyib çıxartdılar? Bəyəm arvadının yanındakı o kişi, yəni sənin sözünlə desək, o qadın, belə güclü imiş?!
    KİŞİ: - Axı, mənim arvadımın rəfiqəsi idmançıdır... O, kultristdir - yəni əzələ oynadan... Onlar birləşib məni saunadan qovdular...
    QADIN: - “Qovdular”! Ha-ha-ha!.. Bəlkə “döydülər” deyəsən?.. Hə?.. Bu necə ola bilər?.. Sən iki cavan-cüssəli oğlanı yumruğunun altına salıb əzişdirirsən, amma iki qadının öhdəsindən gələ bilmirsən?!.. Hə?..
    KİŞİ: - Budur, lent buradadır...
    QADIN: - Bəyəm lenti montaj etmək elə çətindir?..
    KİŞİ (qışqırır): - Kəs səsini! Bir də, axı, sən kimsən ey?.. Məni istintaqa çəkmisən... Mənim arvadım...
    QADIN: - O, gəlmişdi...
    KİŞİ: - Kim?
    QADIN: - Sənin keçmiş arvadın...
    KİŞİ: - Nə vaxt?..
    QADIN: - Bayaq...
    KİŞİ: - Bəs haraya getdi?.. Hanı, o?..
    QADIN: - Mən nə bilim? Dedim ki, ərimin işi oldu, getdi... Qapı bağlı idi... Nə əcəb onun açarı yoxdu?..
    KİŞİ: - İfritə!..
    QADIN: - Sən keçmiş arvadını bu cür çağırırsan?..
    KİŞİ: - Yox, sənsən ifritə!... Onda həmişə cəmi bir açar olur. Mənsə bayaq qıfılların hamısını bağlamışdım. O, haraya getdi? Bilmədin ki?..
    QADIN: - Yox. Nəyimə lazımdır? Hə, pal-paltarlarını eyvandan atdım bayıra, rədd olub getdi. Axı, o, səni sevmirdi... Siz nə vaxtacan yalançı “sevgi-sevgi” oyunu oynayacaqdınız?.. Doğrudanmı insan bütün ömrü boyu rola girməlidir?.. Axı, bu yalanın, bu saxtakarlığın bir sonu olmalı idi, ya yox?!.
    KİŞİ: - Sən məni, mənim ailəmi ləkələmək istəyirsən...
    QADIN: - Mən?!. Qətiyyən! Bəyəm səni keçmiş arvadını saunaya mən aparmışam?..
    KİŞİ: - İftira danışma! Mən o saunada çəkilən lentlərin çoxunu özümlə gətirmişəm... Orada nəhəng bir filmoteka vardı. Mən o yaramazın şefini tapa bilmədim... Hələ gör bir onların başına nə oyun açacağam?!.
    QADIN: - Onların nəyinə gərəkmiş o lentlər? Bəlkə parnofilm-zad çəkirmişlər?.. Yoxsa onlar hansı məqsədlə girişiblər bu işə?..
    KİŞİ: - Tamahkarlıq məqsədilə. İmkanlı adamları saunada gizli kameralarla çəkib şantaj etmək, külli miqdarda pul qoparmaq məqsədilə... Bəlkə elə mən özüm də elə bu şantajın qurbanı olmuşam?!. Çünki məni sıxma-boğmaya salanda yuxarıdan dedilər ki, əllərində bəzi-bəzi faktlar var... Guya eyş-işrətlə məşğul olmuşam... Axı, mən, gizlətmirəm, arabir həqiqətən öz dostlarımla oraya, o saunaya gedirdim... İndi mən lazımi yerlərdə sübut edərəm kimin “eyş-işrətlə” məşğul olduğunu. Gör bir nə yolla pul qazanmaq, dolanmaq istəyirlər? Doğrudanmı bu dünyada yaşamağın yalnız bir yolu var: alçaqlıq yolu?..
    QADIN: - Yoxsa sən keçmiş arvadınla barışmaq istəyirsən?..
    KİŞİ: - Mən ondan üzr istəməliyəm... Səhvimi etirfa etməliyəm... Nə üçün arvadım mənə görə əzab çəkməlidir?..
    QADIN: - Siz hər ikiniz əzab çəkirsiz... Bu, doğrudur... Amma bu əzab başqa şeyə görədir. Siz bir-birinizə nifrət edirsiniz... Siz bir-birinizi didməyə, parçalamağa hazırsınız... Bax, o əzabın kökündə də elə bu dayanır...
    KİŞİ: - Cəfəng şeylər uydurursan... Yaxşısı budur çıx get... Əlim-ayağım dəyməmiş... Yoxsa sənin üçün pis olar...
    QADIN: - Ha-ha-ha!.. Mənə hədə-qorxu gəlirsən?!. Nə sən buradan çıxıb gedəcəksən, nə də mən...
    KİŞİ: - Rədd ol!.. Sən mənim həyatımı zəhərləmək istəyirsən...
    QADIN: - Xeyr! Mən sənə xoşbəxtlik gətirmişəm. Mən səni tanımasam belə, illər uzunu sevmişəm... Axtarıb-arayıb zorla, həm də az qala təsadüfən tapmışam... Elə sən də ömrün uzunu məni soraqlamısan. Biz indi bir-birmizə qovuşmuşuq. Sən öz səadətinə çatmısan. Sən ömrün boyu ləyaqətli, namuslu, ecazkar bir qadınla yaşamaq arzusunda olmusan. Elə deyilmi? İndi o qadın sənin qarşındadır! Mən sənə heç vaxt xəyanət etməyəcəyəm. Mən səni həmişə sevəcəyəm. Səni oxşayacaq, əzizləyəcək, sənə son nəfəsimədək sadiq qalacağam... (Pauza) Axı, ilk görüşümüzdə sən mənə nələr deyirdin, nələr?.. İlahi, elə o anlardaca mən qət etdim ki, yox, bu görüş adi bir görüş, təsadüfi bir tanışlıq deyil. Bu qəzavü-qədərdir, bu - alın yazısıdır. Sən mənim olmalısan, mənim!
    KİŞİ: - Rədd ol! İfritə! Sən iblissən, sən şeytansan! Yaxınlaşma mənə. Uzaq dur məndən.

    Kişi hiddətlə Qadını süzür. Musiqi. Vals çalınır. Qadın bayaq əyninə geydiyi xalatı soyunur, bal paltarında qalır və təmkinli, asta addımlarla ona yaxınlaşır, ona sığınır, onu qucaqlayır. Kişi duruxur. Elə bil o, nədənsə əzab çəkir. Kişi Qadının nəvazişindən mütəəssir olsa da özünü ələ alır. Geri çəkilir. Qadın dəlicəsinə qəhqəhə çəkib yenidən ona doğru addımlayır. Kişi qışqırır: “Rədd ol!”. Qadın gülür. Kişi hiddətlənir. Ətrafa boylanır. Əlini uzadıb sanki onu boğmaq istəyir. Qadın qəzəb dolu gülüşlə onu təqib edir... Və Kişi qəfildən Qadını şillə ilə vurur. Qadın müvazinətini itirir, yenə ona doğru addımlayır. Qapı döyülür. Kişi ayaq saxlayır. Qadın qapıya yaxınlaşır.

    QADIN SƏSİ (bayırdan): - Aç qapını, aç! Eşitmirsən?!.
    QADIN: - Bu qapı sənin üzünə heç vaxt açılmayacaq...
    QADIN SƏSİ: - Axı, sən kimsən?
    QADIN: - Mən mələyəm... Mən göylərdən gəlmişəm... Mən bu evə, bu evin sahibinə xoşbəxtlik gətirmişəm. Biz indi dünyanın ən xoşbəxt adamlarıyıq!
    QADIN SƏSİ (bayırdan): - İfritə! Sən mələk yox, iblissən...
    QADIN (gülür): - Ha-ha-ha! Qoy olsun... Əsas məsələ budur ki, biz xoşbəxtik... (Kişiyə) Elə deyilmi?!.

    Pilləkəndə ayaq səsləri; deyəsən, bayırdan səsi gələn qadın çıxıb gedir... Qadın şok vəziyyətinə düşmüş Kişiyə yaxınlaşır. Kişi geri çəkilir. Qadın yenə onu təqib edir. Kişi eyvana doğru addımlayır.

    KİŞİ: - Dayan! Mənə yaxın gəlmə! Deyəsən, doğrudan da mən indi xoşbəxtliyin kandarındayam...
    QADIN: - Elədir... Özü də lap bir neçə addımlığındasan... (Qollarını yana açır). Tələs, tez qovuş öz səadətinə, xoşbəxtliyinə... Bu, sənin alın yazındır... Elə mənim də...
    KİŞİ: - İnsan öz xoşbəxtliyindən də intihar edə bilər...
    QADIN: - Elədir... Xoşbəxtlik bəzən ölümə bərabər olur.

    Qadın Kişiyə yaxınlaşır. Kişi eyvana çıxır. Qapını öz arxasınca örtür. Az sonra ağır, küt bir tappıltı səsi gəlir. Deyəsən, Kişi eyvandan özünü yerə atır. Qadın heyrətlə qapını açıb eyvana çıxır. Kişi orada yoxdur. Musiqi. Qadın eyvana açılan qapıdan çıxır. Qapı Qadının arxasınca örtülür. Yenə tappıltı eşidilir. Deyəsən, Qadın eyvandan özünü yerə atır. İşıqlar öləziyir, sönür. Az sonra işıqlar təzədən yanır... Kişinin mənzilinin sütunları. Amma bu mənzildə nəyinsə dəyişdiyi hiss olunur: Kişi və Qadın heykəlləri sanki canlanır. O heykəllər Kişi və Qadını xatırladır. Evin tavanı həmin heykəllərin çiyni üstündə dayanıb. Musiqi səsi get-gedə azalır.

    Pərdə

    SON

















    QARA ULDUZLAR
    İki hissəli dram


    İŞTIRAKÇILAR :

    MƏHBUS
    QADIN
    KİŞİ

    I HISSƏ

    Dəmir şəbəkə ilə əhatə olunmuş məkan. Stol və stullar. Stolun üstündə qovluqlar, dəftər, qələm. Küncdə seyf. KİŞİ stullardan birində əyləşib, ayağını-ayağının üstünə aşırıb. Qapı döyülür. Kişi ayağa durub irəli yeriyir. MƏHBUS daxil olur. Hiss olunur ki, onu arxadan zərbəylə vurub irəli təpiblər. Məhbus səntirləyə-səntirləyə, ayaqları bir-birinə dolaşa-dolaşa Kişinin üstünə gəlir. Kişi yana çəkilir, Məhbus üzüquylu yerə sərilir. Kişi qəhqəhə çəkir. Məhbus yavaş-yavaş ayağa qalxır, diqqətlə Kişini süzür.

    KİŞİ:- Xa-xa-xa!... Xa-xa-xa!.. Nədir, ağlayırsan?.. (Pauza). Yox?... Ağlamırsan?.. Elə isə gül!. Bəs nə üçün gülmürsən?..
    MƏHBUS:- Mən nə üçün gülməliyəm?..
    KİŞİ:- Sadəcə olaraq- gülməlisən!.. Vəssalam!
    MƏHBUS:- Yoxsa məni zorla güldürmək istəyirsiniz?..
    KİŞİ:- Lazım gəlsə lap zorla, özü də zopa ilə güldürəcəyik səni!.. Yoxsa buna şübhən var?
    MƏHBUS (sanki öz-özünə):- Dünyanı zor idarə edir.
    KİŞİ:- Hər halda zorun arxasında zor adamlar dayanmalıdır ki, dünya idarə olunsun…
    MƏHBUS (öz-özünə):- Mən insanların nə üçün bu qədər rəzil, qəddar, amansız olmasının səbəbini araşdırıram …
    KİŞİ:- Amma…
    MƏHBUS (öz-özünə):- …amma heç bir qənaətə gələ bilmirəm.
    KİŞİ:- …bəlkə bunun günahı bizdədir?..
    MƏHBUS:- …bizdədir. (Sanki diksinir). Siz nə deyirsiniz?.. Anlamıram…
    KİŞİ:- Mən səndən soruşuram: sən nəzərdə tutduğun çevrilişi kiminlə, hansı qüvvələrlə etmək istəyirdin?..
    MƏHBUS:- Çevriliş? Hansı çevriliş? Çevriliş nədir?..
    KİŞİ:- Gəl, səninlə belə danışaq: heç nə gizli qalmamalıdır. Oldu?...
    MƏHBUS:-Olsun… Elə isə siz mənə izah edin: həbs olunmağımın səbəbi nədir?
    KİŞİ:- Dövlət çevrilişi planının hazırlanması…
    MƏHBUS:- Mənim heç vaxt bu cür planım olmayıb…
    KİŞİ:- Hım-m-m… Bəs dövlətsizləşdirmə nədir?... Bəlkə bunu izah edəsən?...
    MƏHBUS:- Dövlətsizləşdirmə, yəni dövlətin tədricən yox olması prosesi…
    KİŞİ:- Sənin dövləti yox etməyə yönələn ideyan, çevriliş cəhdi deyilsə onda bəs nədir?.. Bir bunun planına bax, özünə bax!

    Pauza. Kişi məhbusa yaxınlaşır, diqqətlə onu süzür, o tərəf-bu tərəfinə keçir, sanki maraqlı bir sənət əsərinə tamaşa edir.

    MƏHBUS:- Nədir, nə olub? Mənə niyə elə baxırsınız?
    KİŞİ:- Tanımadın məni?... Hım-m-m … Əvvəlcə mən də tanımadım. Amma…
    MƏHBUS:- Biz haradan tanış ola bilərik?...
    KİŞİ:- Tanışıq, özü də lap əməlli-başlı… Yaxşı-yaxşı fikirləş, yadına sal…
    MƏHBUS:- Xatırlaya bilmirəm. Qocalmışam, yaddaşım zəifləyib…
    KİŞİ:- Hım-m-m… Qocalmısan…Yox, elə də qoca deyilsən… Hər halda məndən cavansan.
    MƏHBUS:- Ola bilməz. Maşallah, siz çox cavan görünürsünüz. Saçınız da ki, qapqara, şəvə kimi…

    Kişi stolun üstündəki qovluğa, sənədlərə diqqətlə baxır,sonra sanki nəyisə tapıbmış kimi sevincək başını qaldırır.

    KİŞİ:- Deyirəm də… Məndən xeyli kiçiksən… Amma saç-saqqalın nədənsə ağarıb… Aha, deyəsən soyadını dəyişmisən… Bir vaxt familiyan ayrı cür idi sənin…
    MƏHBUS:- Elədir… Siz bunu haradan bilirsiniz?..
    KİŞİ:- Deyirəm də, biz çoxdanın, lap çoxdanın tanışıyıq… Bu, sənin ikinci həbsindir, elə deyilmi?
    MƏHBUS:- Yox… Mən indiyəcən heç vaxt həbs olunmamışam. Siz məni kiminləsə qarışdırır, səhv salırsınız.
    KİŞİ (gülür):- Ha-ha-ha… Mən?.. Mən səhv edə bilmərəm… Mənim yaddaşım həmişə güclü olub. Doğrudur, sən o vaxt məhbəsdə yatmadın: bir az təcridxanada saxladıq… Amma barəndə cinayət işi açılmışdı… Onda sənin istintaq işini kim aparırdı?.. Unutmusan?..
    MƏHBUS:- Doğrudur, vaxtilə mənə qarşı cinayət işi açılmışdı, amma onda heç nə sübut edilmədi…
    KİŞİ:- Səni isə azadlığa buraxdılar… Belə demək istəyirsən, hə?..
    MƏHBUS:- Əslində elə bu cür oldu, bəli… İndi dumanlı şəkildə xatırlayıram: o vaxt müstəntiq cavan bir oğlan idi. Deyəsən, bu, onun ilk işiydi. (Pauza). Həmin adam yəqin ki, elə siz olmusunuz… Aradan illər keçib…
    KİŞİ:- Mən indi sənə baxa-baxa fikirləşirəm ki, görəsən insanlar niyə bu qədər axmaq olur?
    MƏHBUS:- Siz “axmaq” deyərkən kimi nəzərdə tutursunuz?..
    KİŞİ:- Hər halda söhbət axmaqlardan gedir; onun fərqi yoxdur ki, axmaq kimdir. Məsələn, mən yelbeyin adamları xoşlamıram. Gündə bir dona, bir libasa bürünənlərə nifrət edirəm. Əqidəli adamları ürəkdən sevirəm.
    MƏHBUS:- Elə mən də…
    KİŞİ:- Sən də?.. Cənab məhbus, de görüm o vaxt səni nə üçün cinayət məsuliyyətinə cəlb etmişdilər?..
    MƏHBUS:- Əvvəla, mən məhbus deyiləm… İkincisi də ki…
    KİŞİ:- Necə yəni məhbus deyilsən?... Sən artıq cəmiyyətdən təcrid olunmusan. Şübhə etmirəm ki, cinayətin sübuta yetiriləcək…
    MƏHBUS:- Deyəsən, siz hökmü əvvəlcədən hazırlamısınız! (Gülür). Təbrik edirəm.
    KİŞİ:- Sən yumor hissini saxlamısan. Bu, yaxşı əlamətdir… Amma sual cavabsız qalır… De görüm o vaxt… sən … sən cənab … nə üçün və hansı maddə ilə istintaqa cəlb olunmuşdun?
    MƏHBUS:- Bunu siz daha yaxşı bilərsiniz…
    KİŞİ:- Mən?
    MƏHBUS:- Bəli, siz… Axı, sizin iti, güclü yaddaşınız var…
    KİŞİ:- Elədir. Mənim yaddaşım iti ox kimidir. O ox mənzilə çatmaq üçün çox maneləri deşib keçib... Bildin? İndi isə kiçik bir arayış: o vaxt sənə cinayət işi açılmışdı. Doğrudurmu?..
    MƏHBUS:- Elədir... Tamamilə doğrudur.
    KİŞİ:- Əslində elə o zaman da sənin fəaliyyətində dövlət çevrilişinə cəhd motivləri vardı.
    MƏHBUS:- Xa-xa-xa...
    KİŞİ (əsəbi):- Sən nə üçün gülürsən?
    MƏHBUS:- Bayaq siz özünüz tələb edirdiniz ki, gülüm...
    KİŞİ:- Hım-m-m... Olsun! Gül! Amma sual cavabsız qaldı.
    MƏHBUS:- Hə, sual?..Yox, mən o vaxt hökmdara sui-qəsd planı hazırladığım üçün ayrı maddə ilə ittiham olunurdum... Amma yaxşı bilirsiniz ki, hökmdar öldü...
    KİŞİ:- O, çoxdan ölməli idi...
    MƏHBUS:- ... və mən xilas olundum...
    KİŞİ:- Gərək sən onu öldürəydin...
    MƏHBUS:- Mən heç quşu da öldürə bilmirəm.
    KİŞİ:- Bəs o plan nə idi elə?..
    MƏHBUS:- Heç bir plan olmayıb... Mən sadəcə olaraq ədalətli qanunların çıxarılması üçün mübarizə edirdim...
    KİŞİ:- İndiki qanunlar çox ədalətlidir. Amma sən yenə vuruşursan.
    MƏHBUS:- Xatırlayıram siz onda da eyzən bu sözləri deyirdiniz.
    KİŞİ:- Hansı sözləri?
    MƏHBUS:- O vaxtkı qanunların ədalətli olduğunu...
    KİŞİ:- Xatırımdadır ki, sən də o vaxt eyni sözləri deyirdin: ədalətli qanunlar uğrunda mübarizə edirdəm və sair...
    MƏHBUS:- Görünür, bu, mənin alın yazımdır...
    KİŞİ:- Hə?... Çevriliş sənin alın yazındır?
    MƏHBUS:- Yox... Mübarizə...
    KİŞİ:- Səni əvvəlcə dəlixanaya aparmaq lazımdır...
    MƏHBUS:- Amma nədənsə həbsxanaya gətiriblər...
    KİŞİ:- Deməli, belə çıxır ki, sən özünə ömürlük vəzifə seçmisən...
    MƏHBUS (gülür):- Necə ki, siz bu vəzifəni seçmisiniz...
    KİŞİ:- Mən öz işimdən çox razıyam.
    MƏHBUS:- İş? Bəyəm bu işdir?..
    KİŞİ:- Bəs nədir? Yoxsa sən məni avara hesab edirsən?
    MƏHBUS:-Yəni deyirəm ki, daha maraqlı bir işlə məşğul ola bilərdiniz...
    KİŞİ:- Bundan maraqlı iş? Bəlkə sən öz işindən özün hayıl-mayıl olmusan? Bəlkə adamları düz yolundan sapdırmaq, sağlam beyinləri zəhərləmək çox maraqlıdır, gərəkli bir işdir? Sən əvvəlcə keçmiş hökmdarı qətlə yetirmək istəyirdin, doğrudurmu?..
    MƏHBUS:- Qətiyyən !.. Nə keçmiş, nə də ki, sonrakı hökmdarların heç birini öldürmək iddiasında bulunmamışam. Mən, ümumiyyətlə, qarışqanın belə ölümünə razı ola bilmərəm. Mən sadəcə olaraq, hökmdarları ədalətə çağırmışam. Onda da, indi də... Mən istəmişəm ki, hökmdarlar Allahın yaratdığı bəşər övladını sevsinlər... Amma, təəssüf ki, onlar...
    KİŞİ:- ...Sən nə qədər axmaq adamsan! Əslində heç adam da deyilsən!
    MƏHBUS:- Nə üçün sizə elə gəlir?...
    KİŞİ:- Sən nə Allaha inanırsan, nə hökmdara, nə də qanunlara...
    MƏHBUS:- Mən Allaha inanıram... O Allah-həqiqətdir...
    KİŞİ:- Həqiqətə inanırsan?...
    MƏHBUS:- Bəli, həqiqətə!..
    KİŞİ:- Sən həqiqəti, ya da ki, həqiqət səni tapanadək iş işdən keçəcək!
    MƏHBUS:- Həqiqət gecikə bilər, amma gəlməyə bilməz. Elə ədalət də...
    KİŞİ:- Həqiqət... Ədalət... Bəh-bəh!.. Necə qiymətli sözlərdir!
    MƏHBUS:- Bəli, mən inanıram ki, həqiqət gec ya tez öz yerini tutacaq! O zaman hər kəs öz əməlinə görə ədalət məhkəməsi qarşısında cavab verəcək... Biz öz əməllərimizin daşıyıcılarıyıq. Mən özüm Allaha inanan bir adamam. Və əminəm ki, bu yer üzündə Allahın nəzərindən kənarda qalan heç nə, heç kim yoxdur və ola da bilməz. Tanrı hər kəsə qəlbinə, əməlinə görə qiymət verir. Mən buna öz varlığıma inanan kimi inanıram. Mən öz Allahımdan və öz qəlbimdən olduqca razıyam!
    KİŞİ:- Sən doğrudan Allaha inanırsan?.. Axı, mən elə bilirdim ki, sən ateistsən...
    MƏHBUS:- Ateist?.. Mən... Bunu kim deyir?..
    KİŞİ:- Mən... Mən deyirəm...
    MƏHBUS:- Mən həmişə öz Allahıma inanmışam...
    KİŞİ:- Öz Allahına?.. Səin öz Allahın var?.. Allah- hamı üçündür...
    MƏHBUS:- Hər kəsin öz Allahı olur. Birinin Allahı hakimiyyət, başqasınınkı sərvət, digərinki qorxudur...
    KİŞİ:- Bəs sənin- Allahın?
    MƏHBUS:- Həqiqətdir mənim Allahım... Həqiqət olmayan yerdə Allah yoxdur.
    KİŞİ:- Bəs cinayət olan yerdə necə, Allah varmı?..
    MƏHBUS:- Bu dünyada cinayətkar insan yoxdur. Bütün hallarda cəmiyyətdir günahkar. Hər bir cinayətin səbəbkarı- cinayətkarı yetirən mühitdür.
    KİŞİ:- Bu dünyada cinayəti olmayan insan yoxdur. Bütün hallarda insan cinayətkardır. (Ucadan). Mən insanlara nifrət edirəm!
    MƏHBUS:- Mən isə sevirəm...
    KİŞİ:- Kimi?...
    MƏHBUS:- İnsanları. Onların işıqlı sifətini
    KİŞİ:- “İnsanları sevirəm”... (Gülür) Xa-xa-xa... Bu, insanları sevir. Onların sifətində işıq görür... Bəs mən?... (Ciddiləşir). Bəlkə mən zülmət axtarıram?.. Rədd ol buradan, axmaq adam! Deyəsən sən məni dolayırsan?.. Rədd ol!... İşıq axtarır! Bir buna bax! “İşığaltı sifət”...

    Kişi Məhbusun üstünə yeriyir, onu itələyir. Məhbus öz kamerasına çəkilir. QADIN gəlir: Onun əynində gödək kitel, ayağında par-par yanan uzun çəkmə var: çəkmənin boğazı az qalı Qadının qurşağına çatır.

    QADIN (qapıya işarə ilə) :- O, danışmağa başlayır?..
    KİŞİ:- Danışacaq ... Danışdıracağıq... Hələ ağzı isti yerdədir.
    QADIN:- Çox qəribə adamdır...
    KİŞİ:- Qəribə? O, sadəcə olaraq naqqalın, sərsəmin biridir. Nə istədiyini heç özü də anlamır...

    Yaxınlıqdan zərbə səsləri eşidilir.

    QADIN:-Kimisə başa salırlar...
    KİŞİ:- Bir azdan bunu da başa salarıq...
    QADIN:- Bu, başa düşənə oxşamır.

    Uzaqdan haray çəkən qadın səsi, sonra atəş səsi eşidilir.

    QADIN:- Kimsə... Ömrünü bizə bağışladı...
    KİŞİ:- Kimsə?...Bəyəm tanımadın o kimin səsidir?...
    QADIN:- Yox... Mən səsləri ayırd edə bilmirəm ki...
    KİŞİ:- Qaraşın, çatmaqaş bir qadın vardı... Yadındadır?..
    QADIN:- Hə, bildim kimi deyirsən. Əri xaricə qaçıb gedib, özü isə rabitəçi işləyir...
    KİŞİ:- İşləyirdi...
    QADIN:- Dişləri protezdir...
    KİŞİ:- Protez idi... Keçmişdə... Danışanda da elə bil fit çalırdı. Amma hiss olunur ki, cavanlığı qəşəng olub.
    QADIN:- O, qəşəngdir bəyəm?..
    KİŞİ:- Qəşəng idi... Əlbəttə, ta o barədə söhbət belə gedə bilməz. Hər şey axıb gedir, keçmişə qovuşur.

    Qadın rəfdən qovluq götürüb vərəqləyir.

    QADIN (oxuyur):- Dövlət çevrilişinə cəhd maddəsi ilə ittiham olunur...
    KİŞİ:- Olunurdu... İndi o yoxdur, amma dövlət var... Dövlət əbədidir... Hökmdar da onun kimi... Sən o qadının kitabını bağla...
    QADIN:- Yaxşı... De görüm sən o qadını səsindən necə tanıdın?
    KİŞİ (gülür):- Mən bütün səsləri seçirəm... Əvvəllər bəstəkar olmaq istəyirdim...
    QADIN:- Əvvəllər?..
    KİŞİ:- Hə də, əvvəllər... Yəni uşaqlıqda...
    QADIN:- Xa-xa-xa...
    KİŞİ:- Sən niyə gülürsən?.. Bəlkə inanmırsan...Mənim uşaqlıq arzularıma?...
    QADIN:- Xa-xa-xa... Bəstəkar...
    KİŞİ:- Bəli, məhz bəstəkar... Mənim səsləri qavramaq, duymaq qabiliyyətim çox yüksəkdir... Qonşumuzda musiqi müəllimi vardı...
    QADIN:-Xa-xa-xa...
    KİŞİ:- O, həmişə deyərdi ki, sən gələcəyin ən böyük musiqiçilərindən biri olacaqsan... Sən isə... Gülürsən...Gülməli nə varki?..
    QADIN:-Bəs sən öz uşaqlıq arzularından niyə əl çəkdin?..
    KİŞİ:- Dolanmaq, yaşamaq lazım idi.
    QADIN:- Musiqiçilər, bəstəkarlar dolanmırlar bəyəm?.. Yoxsa onlar ac-acına yaşayırlar?
    KİŞİ:- Yox... Onda çətin vaxtlar idi. Musiqi təhsili almaq üçün oxumaq gərəkdir. Bizim isə ailəmiz böyükdür...Onda qəfildən məni buraya işə dəvət etdilər. Razı oldum. Başqa çıxış yolum yoxdu. Əvvəllər zəhləm gedirdi bu işdən. Sonra alışdım...
    QADIN:- İndi, necə deyərlər, öz sənətinin vurğunusan yəqin...
    KİŞİ:- Hər halda öz sənətimi sevirəm. Bir gün işə çıxmayanda bağrım çatlayır.
    QADIN:- Deməli, sənin içində bir bəstəkar məhv olub...
    KİŞİ:- Yox, mən yenə musiqini sevirəm.
    QADIN (gülür):- Xa-xa-xa... Sevirsən? Doğrudan?
    KİŞİ:- Sənə gülməli gəlir... Qoy olsun!... Mən musiqinin dəlisiyəm. Hər adamın səsində bir musiqi tembri yaşayır. (Qapıya sarı baxıb ucadan). Mən caniləri səsindən, lap elə nəfəsindən tanıyıram. İlk baxışda adamı cəlb edən məxməri səslər olur... Amma elə ki, o səs sahibinin boğazına çökürsən, onu boğazlayırsan... məlum olur ki, bu saxta səsdir. Mən adamların əsl səsi ilə qondarma səsini çox yaxşı ayırd edirəm. Hərə öz səsi ilə danışmalı, öz səsi ilə oxumalıdır. Mən saxta, xaric vuran səsləri xoşlamıram...
    QADIN:- Maraqlıdır...
    KİŞİ:- Səs- xam metal kimi bir şeydir. O, işlənməli, sınağa çəkilməlidir. Yoxsa... (Qapıya işarə ilə). Çox gur-gur guruldayan səslər görmüşük, sonra quyunun dibinə çəkilib, eşidilməz olub. Biz çox kəsilən nəfəslər görmüşük... Oğul odur ki, həmişə eyni ahənglə, eyni avazla oxusun... Mən demaqoqların səsini yüz min kilometrdən tanıyıram...
    QADIN:-Yüz min kilometrdən?!.
    KİŞİ:- Bəli... Radio dalğaları səsləri dünyanın o başından çəkib bizim qulağımıza daşıyır. Mən bir az diqqət yetirəndə həqiqi və saxta səslərin sahibini asanlıqla müəyyənləşdirirəm.
    QADIN:-Mən görürəm ki, sən doğrudan da böyük səs mütəxəssisisən..
    KİŞİ:- Komplimentə görə təşəkkür! Amma unutma ki, mən həm də böyük ürək mütəxəssisiyəm. ..
    QADIN:- Bax, bu, mənim üçün yenilikdir... Ürək... Ah, ürək!..Ha-ha-ha... Ürək!..
    KİŞİ:- Bəli, ürək!.. Nə qədər gülməli olsa da bu, belədir. (Qapıya sarı baxaraq ucadan). Amma bəziləri elə hesab edir ki, bizim sinəmizdən ürək yox, daş asılıb... Qoy belə düşünsünlər!.. Tarix hər şeyi yerbəyer edəcək. Həqiqət gec-tez öz yerini tutacaq...

    Kişi qovluqların üst-üstə qalaqlandığı rəfə yaxınlaşır, orada nəsə axtarır.

    QADIN:- Orada nə axtarırsan?
    KİŞİ:- Nə içəcəksən?..
    QADIN:-Mən? Heç nə.. Biz iş başındayıq, içmək olmaz.
    KİŞİ:- Bizim işimiz elədir ki, içməsək məhv olarıq.
    QADIN:- Nə üçün?..
    KİŞİ:- “Nə üçün”, “nə üçün”?.. Onun üçün ki, vəziyyət bunu tələb edir. Sən elə bilirsən qanunları icra etmək asandır?
    QADIN:- Qanunun içkiyə nə dəxli?..
    KİŞİ:- Dəxli çoxdur... Qanunların icrası insandan humanizm tələb edir. (Pauza). İnsan isə içəndə daha çox humanist olur. Eh... Bir də ki, bütün bunların mətləbə nə dəxli?.. İçmək istəyirəm, vəssalam!..

    Kişi qovluqların arxasından çıxartdığı şüşəni stolun üstünə qoyur.

    QADIN:-O, nədir?.. Rəngi də qapqara, zəhərə oxşayır...
    KİŞİ:- Rənginə baxma, ləzzətli şeydir...
    QADIN:- Şərabdır?..
    KİŞİ:- Yox... Hə... Əslində, heç bilmirəm nədir... Amma onu bilirəm ki, ləzzətli şeydir. Bir diversantın, qiyamçının mənzilindən tapılıb. (Ucadan). Əclaf uşağı, başqa ölkələrdə istehsal olunan içkidən vurur, sonra da and-aman edirlər ki, vətənpərvərik, xarici agentura ilə heç bir əlaqəmiz yoxdur! Ay inandıq ha!.. Guya biz koruq, karıq, dünyadan xəbərimiz yoxdur. (İçkidən fincanlara süzərək). İndi biz faktları yerindəcə yoxlayıb sənədləşdirərik. Sən niyə gözünü döyürsən?.. (İçir). Guya indiyəcən dilinə içki dəyməyib?.. Bu içki deyil ki... Yəni... içki olmağına içkidir, amma biz bunun əsasında akt tərtib etməliyik... Bu, əşyayi-dəlildir. Biz bunu yoxlamalıyıq. Yoxlamaq istəmirsən?.. (İçir). Budur, şokolad da var... Bu da xaricdə istehsal olunub- iyindən, dadından bilinir... Əclaf uşağı... Gör bir hansı mənfur ölkənin zir-zibilini daşıyıb gətiriblər bura... Hamısı kontrabanda ilə, qaçaqmalçılıqla məşğul olur!.. Bax, əxlaqı pozmaq, mənəviyyata zərbə vurmaq budur!.. Sən niyə içmirsən? Axı, biz sənədləşdirmə aparacağıq!... Başa düşürsənmi: sə-nəd-ləş-dir-mə-əəə!... Gərək bu içkini yoxlayaq, sonra qərar çıxaraq, sənəd yazaq...
    QADIN (Qapıya işarə ilə):- Axı, o, acdır... Ac adamın yanında yemək-içmək ...
    KİŞİ:- Açdır?!. (Ucadan). Qoy gəbərsin... Yox, hələ yaşasın... O, bizə gərəkdir... Deyirsən, acdır?... Eybi yoxdur. Dünyada ac mədənin səsindən məlahətli bir musiqi tanımıram.
    QADIN:- Sən çox insafsız adamsan...
    KİŞİ:- Mə’də oxuyanda ağız susur...
    QADIN:-Dəhşət!..
    KİŞİ:- Mə’də oxuyanda beyin susur...
    QADIN:- Fəlakət...
    KİŞİ:- Mə’də oxuyanda ... mən sanki kilsə xorunun səsini eşidirəm, məsciddə əzan dinləyirəm... (Gözlərini yumub sanki ecaskar musiqi səsini dinləyir). Mən o səslərin içində bir anlığa itirəm... O səslər məni udur. Tox mə’də ac mə’dənin səsindən ehtizaza gəlir.
    QADIN:- Sən... sən... əclafsan...
    KİŞİ:- Əclaf?.. (Qapıya sarı). Əclaf odur!... Qiyamçı!.. Avantürist... Qoy orada əyləşib öz mə’dəsinin musiqisinə qulaq assın...
    QADIN:- Sənsə səs mütəxəssisi kimi feyziyab ol...
    KİŞİ:- Bəli! Mən həzz alıram! (İçir). Mən bu anlarda kef çəkirəm. Get, onu çağır, gəlsin bura... Birlikdə kef edək... Görəsən, o qanamz bilir ki, kef nədir?.. Kef!.. Mən bu dünyada əzab çəkən kəsin sifətinə baxarkən aldığım kefdən daha böyük bir həzzi xatırlaya bilmirəm... Mən onun (əli ilə qapıya işarə edir) üzünə baxıb kef çəkəcəyəm. Qoy o da mənə baxıb həzz alsın...
    QADIN:- Sənə baxıb həzz alsın?..
    KİŞİ:- Bəli!.. Axı, mənim sifətimdən əzab yox, sevinc, işıq yağır. Mən...Mən...Ümumiyyətlə, mən işıqlı sifətlər görəndə işıqlanıram, sevinirəm...
    QADIN:- Sənin sifətin işıqlıdır bəyəm?
    KİŞİ:- Mənim ürəyim kef çəkir, deməli, sifətim işıqlıdır...
    QADIN:- Deyirlər, işıq, daha çox ürəyi əzab çəkən adamların sifətində olur...
    KİŞİ:- Sən də qiyamçısan?..
    QADIN:- Hə? (Qorxur). Xeyr!.. Bəlkə sən özün?.. Bəlkə...
    KİŞİ:- Kəs səsini!...Mən ...sənə göstərərəm kimdir qiyamçı?.. (İçir). Mən istədiyimi sübut etməyi bacarıram... Get gətir o alçağı! Ona bəzi mətləbləri anlatmaq, başa salmaq lazımdır!.. Nədir?.. Üzümə niyə elə baxırsan?.. Hım-m-m... Yaxşı, özüm çağıraram onu!

    Kişi qalxır, Qadın düşüncəli halda var-gəl edir. Kişi Məhbusla qayıdır.

    QADIN:-Gəldiniz?..
    KİŞİ:- Gəldik!.. Başlaya bilərsən!..
    QADIN:- Nəyə?..
    KİŞİ:- Əməliyyata!..
    QADIN:- Mən?..Mən bilmirəm...

    Qadın Məhbusa yaxınlaşır.

    KİŞİ:- Bilmirsən nə etmək lazımdır?..
    QADIN:- Axı, mən... Yox, əlim gəlmir...
    KİŞİ:- Əlin gəlmir?.. Bəs ayağın necə?.. Yoxsa ayağın da qalxmır?
    QADIN:- Yox, ayağım qalxır. Çəkmələrim də təzədir...
    KİŞİ:- Görürəm, təptəzədir... Eləsə, başlaya bilərsən...

    Kişi Məhbusu vurub yıxır. Qadın yerə sərilmiş Məhbusa yaxınlaşır, ayağını onun çiyninə dayayır. Məhbus altdan-yuxarı Qadını süzür.

    MƏHBUS:-Məndən nə istəyirsiniz?..
    KİŞİ:- Biz səndən həqiqət sərdabəsinə açılan qapının yerini soruşub öyrənmək istəyirik. (Gülür). Ha-ha-ha... Bildin?..
    MƏHBUS:- Həqiqətin qapısı hər kəsin öz daxilinə acılır.
    KİŞİ:- Nə dedin? (Qadına). Bu, nə deyir?
    QADIN:- O? Heç nə demir...O, susur.
    KİŞİ:- Yəqin o, bilir ki, mən səs mütəxəssisiyəm. Qorxur ki, danışsa səs tembrindən onun kimliyini təyin edib cinayətini üzünə oxuyaram. İndi biz eşidərik onun səsini. (Qadına). Başla!.. Ya Allah!..
    QADIN:- Başlayım?..Yaxşı, olsun!..

    Musiqi. Qadın, təpiklə Məhbusun sinəsini, kürəyini döyəcləməyə başlayır. Kişi əlini-əlinə vurub qəşş edir, gülür; Məhbus haray qoparır. Qadın çəkmələrini çıxarıb musiqinin ritminə uyğun rəqs edir. Məhbus qadının çəkmələrini əlinə alıb yavaş-yavaş ayağa durur, qollarını yana açır, Kişinin üstünə yeriyir, Kişi dalı-dalı çəkilir, divara söykənir.Qadın arxadan Məhbusa yaxınlaşır, onun boğazından yapışıb boğmağa başlayır; Məhbus dizi üstə çökür, çəkmələr əlindən yerə düşür. Qadın və Kişi qol-qoal, əl-ələ səhnəni tərk edir. Məhbus tir-tap yerə yıxılır. Musiqi davam edir. Az sonra qonşu otaqdan Kişi və Qadının səsi gəlir. Kişi ürəkdən gülür, Qadın nəyəsə etiraz edir. Onların səsi bir-birinə qarışır. Qadın səs-küy salır, Kişi nərildəyir. Məhbus yerə vurnuxur, əl-qol açır, ayağa durmaq istəyir, amma bacarmır, yerə çökür. Az sonra Kişi və Qadın səntirləyə-səntirləyə gəlirlər. Onlar yerdə hərəkətsiz uzanıb qalmış Məhbusa yaxınlaşırlar. Qadın çılpaq ayağı ilə Məhbusun başını o üz-bu üzə çevirir. Kişi əyilib Məhbusa baxır, qorxur, ətrafa nəzər salır. Qadın çəkmələrini geyir.

    QADIN:- Ölüb deyəsən...
    KİŞİ:- Ölüb?..Ola bilməz!
    QADIN:- Ola bilməz? Bəyəm bu da ölməzdir?..
    KİŞİ:- Yox, bu, ölməz deyil. (İçini arıtlayır). Bizdə ölməz bircə nəfərdir...
    QADIN:- Bu, deyəsən, həqiqətən, ölmək üzrədir...
    KİŞİ:- Yox, ölməz... Daha onun dişləri yoxdur...Tezliklə onun ağzını protez dişlər bəzəyəcək. Saxta dişlər... Onun səsi də saxtadır...
    QADIN:- Yəqin ki, elədir... Axı, sən səs mütəxəssisisən...
    KİŞİ:- Təkcə səs yox... Mən həm də ürək mütəxəssisiyəm. (Qadına yaxınlaşır).
    Sən ki, bunu yaxşı bilirsən... (Onun əlindən tutur). Əllərin nə soyuqdur... Amma bu pis əlamət deyil. Əli soyuq olanların ürəyi isti olur.
    QADIN:- Dayan, sən nə edirsən?..Əlini o yana çək...
    KİŞİ:- Nədir, utanırsan?..
    QADIN:- Axı, bizə baxırlar...
    KİŞİ:- Kim baxır bizə?.. Burada bizdən başqa adam var ki?..
    QADIN (Məhbusa işarə ilə):- Niyə yoxdur?..Bəs o, adam deyil?..
    KİŞİ:- Yox...O, heç vaxt adam olmayıb, olmayacaq da...O, kölgədir... (Qadının əllərini, çiynini oxşayır). O, şeytandır... O, cindir...O, qatildir. O, it kimi gəbərəcək...Sən isə mələksən...
    QADIN:- Qəribə adamsan...Sənə nə olub bu gün?..
    KİŞİ:- Mən sənə bu gün ürəyimin gözü ilə baxıb gördüm ki... mələksən...
    QADIN:- Mənə toxunma.Əlini çək... Bax belə. Sakit ol... (Dəlicəsinə gülür). Ha-ha-ha!... Bir də unutma ki, mən qadın deyiləm...
    KİŞİ (Heyrətlə): -Necə yəni, qadın deyilsən?.. Bəs... bəs kimsən, nəsən?.. (Kənara çəkilir). Bəlkə kişisən?..
    QADIN:-Mən qanun icraçısıyam. Mənim ürəyim yoxdur. Mənim sinəmdən daş parçası asılıb... İnanmırsan?
    KİŞİ:- Sən hərdən elə şeylər danışırsan ki... Yaxın gəl görüm... (Məhbusa sarı baxır). Bu, birdən ... doğrudan ölər... Dərimizə saman təpərlər... Onu bizdən diri-diri təhvil almaq istəyirlər... Qoy sürüyüb atım öz kamerasına... Beləsinə görə xataya düşmək istəmirəm.

    Kişi Məhbusu sürüyə-sürüyə çıxarır, qayıdıb gəlir, əllərini bir-birinə çırpır.

    QADIN:- Yəni bunu belə çox sevirlər? Ölümünü istəmirlər bunun?
    KİŞİ:- Yox, o, buna nifrət edir. Deyilənə görə bunu görəndə elə bil qutuda ilan görür.
    QADIN:- Bəs bunun ölümü onu nə üçün kədərləndirməlidir ki?..
    KİŞİ:- Çünki o...o...camaat deyir ki, o, bunun diri ikən ölü olmasından həzz alır...
    QADIN:- Bəs görəsən bu, nədən həzz alır?
    KİŞİ:- Bu? Özünün dediyinə görə, işıqlı sifətlərdən... (Gülür). Mənim sifətim necədir?
    QADIN:- Tutqundur...
    KİŞİ:- Nə?.. Mənim sifətim tutqundur?..
    QADIN:- Nəsə rəngin qaçıb...
    KİŞİ:- Amma...sənin rəngin...maşallah, sən çiçək kimi açmısan...
    QADIN:- Yox...ola bilməz...Həbsxanada çiçəklər aça bilməz... Elə bil ürəyim qandallanıb...
    KİŞİ:- Mən sənin ürəyini azad edərəm o qandallardan...
    QADIN:- Necə?.. Bu, necə ola bilər?..
    KİŞİ:- Mən əminəm ki, biz gec-tez öz istəyimizə çatacağıq- sən də, mən də...
    QADIN (tərəddüdlə):- O, nə istəkdir elə?..
    KİŞİ:- Həqiqətə qovuşmaq istəyi...
    QADIN (heyrətlə):- Həqiqətə... qovuşmaq?..
    KİŞİ:- Hə də... Bilirsən, mən həqiqətə inanan adamam...
    QADIN:- Doğrudan?
    KİŞİ:- Əlbəttə... Mən əminəm ki, həqiqət gec-tez öz yerini tutacaq. (Sanki öz-özünə danışır, əl-qolunu ölçür). Hər kəs öz əməlinə görə gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcək... Biz öz əmməllərimizin daşıyıcılarıyıq. Mən özüm Allaha inanan bir adamam.Və əminəm ki, bu yer üzündə Allahın nəzərindən kənarda qalan heç nə, heç kim yoxdur və ola da bilməz. Tanrı hər kəsə qəlbinə, əməlinə görə qiymət verir. Mən buna öz varlığıma inanan kimi inanıram. Mən öz Allahımdan və öz qəlbimdən olduqca razıyam. (Duruxub susur. Pauza). Hə, necədir?
    QADIN:- Sən doğrudan Allaha inanırsan?.. Axı, mən elə bilirdim sən ateistsən...
    KİŞİ:- Allaha inanmayanın burada nə işi?..
    QADIN:- Mən də...dindaram... Yəqin.
    KİŞİ:- Əlbəttə, dindarsan... Sən əməli-saleh bir qadın, Allaha etiqad edən bir vətəndaşsan. Bizim hamımız dindaıq burada. Rəisimiz başda olmaqla. (Asta səslə). Tapşırıq belədir...Yuxarıdan... Biz qanuna tabe adamlarıq. Düzdür, bizim əvvəllər ateist... ateistlərimiz də vardı. Amma indi Allahı dərk etmişik... Allahı dərk etdikcə özümüzü də dərk edirik. (Ucadan). Hamı Allahın quludur. Elə qanun da... Qanun-hökmdardır. Yox... Deyəsən, belə demirlər. Məncə hər şeydən uca hökmdardır. Allah da hökmdara tabedir... Allah hökmdarın quludur...Yəqin ki, Allah ateistdir.
    QADIN:- Necə yəni, “Allah ateistdir”?!.
    KİŞİ:- Yəqin ki, elədir. Axı, Allah özü özünə sitayiş edə bilməz. Bu, bir az qeyri-təvazökarlıq olar. Allah yaxşı bilir ki, onun özündən başqa Allah yoxdur...
    QADIN:- Əlbəttə, Allahdan başqa Allah yoxdur... Belə deyirlər.
    KİŞİ:- Elədir... Deməli, belədirsə, yəni Allah özü-özünə sitayiş etməyirsə və özündən başqa heç kəsə inanmırsa, deməli o, ateistdir.
    QADIN:-Yox! Ola bilməz. Mən ateistlərə nifrət edirəm.
    KİŞİ:- Ateistlər şeytanın qohumlarıdır.
    QADIN:- Yəqin ki, şeytanı da Allah idarə edir... Elə ateistləri də...
    KİŞİ:- Yəqin ki... (Qapıya işarə ilə). Hələ şeytanlar ölməyib. Biz şeytanları məhv etməliyik!..
    QADIN:- Allah insanın ölümünə fitva verənləri bağışlamır. Belə deyirlər...
    KİŞİ:- Elədir. İnsanı Allah yaradıb- Allah da öldürə bilər... Biz isə yalnız mühakimə edə bilərik.
    QADIN:- Biz kimə tabeyik: Allaha, yoxsa qanuna?..
    KİŞİ:- Yox... Hə...Allaha?..Qanuna?..Yox!..Hə, tapdım:-hökmdara. Axı, hökmdar-qanun deməkdir.
    QADIN:- Hökmdarı insanlar seçir...
    KİŞİ:- Yox, hökmdarı Allah seçir, insanlarsa onu sevir... Hə...Yox... İnsanlar seçir, Allahsa sevir... Yox, Allahı və insanları hökmdar özü seçir...
    QADIN:- Mən hökmdarı sevirəm!..
    KİŞİ:- Mən də!..(Qapıya sarı). Amma bizim aramızda hökmdarın ölməzliyinə, əbədiliyinə şübhə edənlər də var!.. Onlar ən ağır cəzaya məhkum olunmalıdır! Bunu ədalət məhkəməsi, qanunun aliliyi tələb edir!.. Mən belələrini öz əlimlə boğub məhv edərdim. Heyif ki, qanun yol vermir buna...
    QADIN:- Allah da yol vermir...
    KİŞİ:- Hökmdar da...
    QADIN:- Amma biz insanları tərbiyə etməliyik...
    KİŞİ:- Tərbiyə etməliyik! Elədir! Tərbiyə olunmaq istəməyənlər isə islah edilməlidir... Yer üzündə heç bir cinayət cəzasız qala bilməz...
    QADIN:- Cinayət varsa, cəza da olmalıdır!..
    KİŞİ (Qapıya sarı):- Bəyəm bunu hamı anlayır ki?..
    QADIN:- Biz bu yazığın...az qala nəfəsini kəsdik...Axı, Allah buna necə baxar?..
    KİŞİ:- Allah?... Nə bilim necə baxır? Amma hökmdar yaxşı baxır. Biz də buna hökmdarın gözü ilə baxmalıyıq... (Pauza). Yaxşı... Mən getməliyəm... Bir azdan qayıdıb gələcəyəm. Hesabat verməliyəm. (Qapıya işarə ilə). Hərdən ona, onun leşinə bax. Birdən gəbərər, ayağımızda qalar.

    Kişi gedir. Qadın gedib qonşu otaqdan Məhbusu sürüyə-sürüyə gətirir, onun nəbzini tutur, başını dizinin üstünə alıb o üz-bu üzə çevirir. Məhbus ayılır.

    QADIN:- Hə, deyəsən ayıldın.
    MƏHBUS:- Siz...Hə, bu, sizsiniz...
    QADIN:- Nədir, mənə niyə elə baxırsan?..
    MƏHBUS:- Mən heyrət edirəm... Mən inanmıram... İnanmaq istəmirəm...
    QADIN (gülür):- Doğrudan?..Nəyə?..
    MƏHBUS:- Mən qadının bu cür qəddar, amansız olduğuna heç vaxt inanmazdım.
    QADIN (ciddiləşir):- Yəqin ki, söhbət mənim barəmdə gedir.
    MƏHBUS:- Yəqin ki...
    QADIN:- Mənsə kişinin bu qədər qorxaq, vecsiz olduğuna inanmazdım.
    MƏHBUS (ayağa durub):- Yəqin ki, söhbət məndən gedir.
    QADIN:- Yəqin ki... (Pauza). Və çox guman ki, sənin dost-tanışın olmayıb bu dünyada...
    MƏHBUS:- Bunun məsələyə nə dəxli?.. Ümumiyyətlə, mənim qorxaq və ya cəsus olmağımın sizə nə dəxli?..
    QADIN:- Dəxli çoxdur... Məsələ burasındadır ki, qorxaq adamların ətrafında kimlərinsə toplaşması qeyri-mümkündür. Görünür, elə buna görə də sən yalquzaq kimi tək qalmısan. İtirib-axtaranın da yoxdur.

    Məhbus ilk dəfə görürmüş kimi Qadını diqqətlə süzür. Ayağa durur. Uzaqdan həzin musiqi səsi eşidilir. Qadın qəddini düzəldib gülümsəyir. Onlar üz-üzə dayanırlar. Məhbus bir qədər geri çəkilir, Qadın ona doğru addım atır.

    MƏHBUS:- Bəs siz ncə, tənha deyilsinizmi?
    QADIN:- Yox... Mənim ailəm, uşaqlarım...
    MƏHBUS:- Siz elə ailə üzvlərinizin arasında da tənhasız. Siz insanların hamısına nifrət edirsiniz.
    QADIN (gülür):- Bəlkə də... Amma mənim nifrətim bir növ sənin məhəbbətinə bənzəyir...
    MƏHBUS:- Necə?.. Mənim məhəbbətimə?..
    QADIN:- Axı, sən də bütün insanları sevirsən... Səhv etmirəmsə bunu özün deyirdin.
    MƏHBUS:- Elədir... Məncə, mənim həyatımın öz mənası var... Elə hər bir kəsin həyatının öz mənası olur.
    QADIN:- Nədir sənin həyatının mənası? Bunu bilmək pis olmazdı...
    MƏHBUS:- Elə özüm də özümə tez-tez bu sualı verirəm: sənin həyatının mənası nədir? Doğrudan da... mən nə üçün yaşayıram?
    QADIN:- Sən nə üçün yaşayırsan?..
    MƏHBUS:- Yəqin ki, bu dünyaya heç kəsin gəlişi təsadüfi deyildir. Hər bir insanın dünyaya göz açmasının bir mənası olmalıdır. Bəs mən nə üçün yaşayıram?.. Məsələ belədir: mən özümü və ətraf aləmi dərk etməyə başlayandan görmüşəm ki, dünyada bir xaos, bir hərcmərclik hökm sürməkdədir. Yalan həqiqəti, şər xeyiri, nadürüstlük ədaləti əzir. Nadanlar, cahillər vicdanlı insanlara meydan oxuyur... Yox, deyə bilmərəm ki, mən hamıdan uca və yüksəyəm. Amma görürəm ki, rəzalətə qarşı vuruşmaq üçün mənim qüvvəm və nifrətim tükənməzdir. Elə dünyaya gəlişimin məqsədini də məhz bunda görürəm: həqiqətin dərkində, xeyirin şər üzərində qələbəsində insanlara yardımçı olmaqda... Mən hərdən özümü qədim allahların ağır cəzaya məhkum etdikləri binəva Prometeyə bənzədirəm.
    Tanıyırsınızmı Prometeyi? Prometey od oğurlayıb insanlara verdiyinə görə Zevsin qəzəbinə tuş gəlmişdi. Bilirsən Zevs kimdir? Od allahı... Zevs Prometeyi əlçatmaz dağların zirvəsində zəncirlə qayaya bağlamışdı. Hər gün oraya, o zirvəyə uçub gələn qartal onun ciyərini dimdikləyir, qanını içirdi. Prometey əbədi bir əzaba düçar olmuşdu. Əlbəttə, mən Prometey qədər dözümlü deyiləm və insanlara da od bəxş etməmişəm. Mənim ətrafımdakı insanlara bəxş etdiyim həqiqət olub. Elə içimdə yaşatdığım o həqiqətə görə də başım həmişə bəlalar çəkib. (Pauza). Deyirəm, bəlkə həqiqət rəzillər üçün oddan daha təhlükəlidir? Mən yaxşı bilirəm ki, həqiqət rəzalət üzərində tezliklə qələbə çala bilməyəcək, bu mübarizə uzun çəkəcək. Amma nə etməli?.. Bu, mənim amalım, seçdiyim yol, nəhayət, alın yazımdır. Bəlkə də sən ürəyində mənə gülürsən. Fikirləşirsən ki, gör bir bu səfeh məhbus nə gic-gic danışır. Amma mən sizə ürəyimdən keçəni deyirəm: riyasız, boyasız... İnanıb-inanmamaqsa sizin öz işinizdir.
    QADIN:- Sənin dediklərin mənim üçün yenilik deyil...
    MƏHBUS:- Bəlkə də...
    QADIN:- ...ən azı ona görə ki, Promoteyin yaşadığı dövrdən bizi minilliklər ayırır. Yəni bu ötən illər ərzində sənin kimi düşünənlərin sayı kifyət qədər olub. Olub və yenə olacaq. Sən haradan bilirsən ki, mən... mən özüm ədalət və həqiqət uğrunda canımdan keçməyə hazır deyiləm?..
    MƏHBUS:- Doğrudan?..
    QADIN:- Bəli, doğrudan! Mən də öz çalışdığım mühitdə həqiqətin bərpası üçün əlimdən gələni əsirgəmirəm. Yoxsa sən elə başa düşürsən ki, mən Prometeyin düşməniyəm? Xeyr, əzizim!.. Elə mən özüm Prometeyəm! Sənin dediyin o qartal hər gün mənim ciyərimi dimdikləyir. Fəqət nə etməli?..
    MƏHBUS:- Maraqlıdır...
    QADIN:- Maraqlıdır, əlbəttə... Hətta, olduqca maraqlıdır.
    MƏHBUS:- Görəsən, sizin ətrafınızdakıların hamısı bu cür düşünür?.. (Əli ilə qapıya sarı işarə edir). Hətta, o da...
    QADIN:- Mən başqalarının düşüncəsi barədə heç nə deyə bilmərəm...
    MƏHBUS:- Mən belə başa düşürəm ki, siz şərə, rəzalətə qarşı çəkmələrinizin dabanı ilə mübarizə aparırsınız. Özü də bu mübarizə çox amansızdır...
    QADIN:- Mübarizənin formaları çoxdur. Əlbəttə, çəkmə dabanının zərbələri də istisna deyil bu vuruşda... (Təkəbbürlə). Bir də unutma ki, qanun hamı üçün eynidir.
    MƏHBUS:- Qanun-şahdır...hökmdardır...eləmi?..
    QADIN:- Sən nəyə istehza edirsən?.. Qanuna, yoxsa hökmdara?..
    MƏHBUS:- Hər ikisinə...
    QADIN:- Mən isə hər ikisini sevirəm. Qanunu da, hökmdarı da...
    MƏHBUS:- Yəqin ki, sevdiyiniz ayrı bir nəsnə yox bu dünyada...
    QADIN:- Niyə ki?..Mənim sevgimin hüdudu yoxdur...
    MƏHBUS (istehza ilə):- İnanıram...

    Atəş səsi. Məhbus diksinir.

    QADIN:- Qorxdun?.. (Gülür). Qəhrəmanlar qorxmamalıdır. Hətta, ölüm qarşısında belə. (Pauza). O, əbədiyyətə qovuşdu.
    MƏHBUS:- Kim?...
    QADIN:- Güllə səsini eşitmədin?..
    MƏHBUS:- Eşitdim.
    QADIN:- Prometeyi güllələdilər.
    MƏHBUS:- Prometeyi?..
    QADIN:- Bəli, Prometeyi. O, yalnız nağıllarda, miflərdə diridir, ölməzdir. Həyatda isə Prometeyin sonu var. O, ölümə məhkum olunmalıdır.
    MƏHBUS:- Siz də hər gün adam güllələyirlər. Bu, dəhşətdir.
    QADIN (gülür):- Nə üçün dəhşət olur ki? Bu, adi, gündəlik işdir...
    MƏHBUS:- Adi? Siz buna adi deyirsiniz?..
    QADIN:- Əlbəttə...
    MƏHBUS:- Siz... görmürsünüz?..
    QADIN:- Nəyi?..
    MƏHBUS:- Adamların güllələnməsini...
    QADIN:- Bu, çox sadə bir əməliyyatdır. Adamla heyvanın, məsələn, qoyunun ölümü arasında elə bir fərq yoxdur. Hər ikisi öləndə xırıldayır.
    MƏHBUS:- Vəssalam?..
    QADIN:- Bəli, vəssalam. Mən bunu çox görmüşəm...
    MƏHBUS:- Bəlkə, siz... adam da öldürmüsünüz?..
    QADIN (gülür):-Sən çox şeylə maraqlanır, çox şey öyrənmək istəyirsən... Deyəsən, sənə elə gəlir ki, yer öz oxu ətrafında elə-belə, özbaşına fırlanır, eləmi?
    MƏHBUS:- Yox... Mən sadəcə olaraq öyrənmək istəyirəm: siz adam öldürmüsüz, ya yox?..
    QADIN:- Xeyr!.. Bizim qanunlar indi insan həyatına insan tərəfindən son qoyulmasına imkan vermir. Bizdə ölüm hökmü çoxdan ləğv olunub...
    MƏHBUS:- Bəs mən hər gün buradan –bu kameradan atəş səsləri eşidirəm.
    QADIN:- Bəlkə kimsə intihar edir, özü-özünü güllələyir, bunun bizə, bizim qanunlara nə dəxli?
    MƏHBUS:- Bəs bu silahları kim verir onlara?..
    QADIN:- Kimə?..
    MƏHBUS:- Məhbuslara!..
    QADIN(gülür):- Əgər ürəyindən keçirsə, sənə də silah verə bilərik. (Ciddiləşir). Deyəsən, sən mənə inanmırsan?..
    MƏHBUS:- Yox...Niyə ki?.. Hər kəsin içində bir həqiqət işartısı olur.
    QADIN:- Əlbəttə... Mən həqiqətə həmişə inanmışam. (Sanki öz-özünə monoloq deyir, əl-qolunu ölçə-ölçə danışır). Gec-tez həqiqət öz yerini tutacaq! Hər kəs öz əməlinə görə gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcək... Biz öz əməllərimizin daşıyıcılarıyıq. Mən özüm Allaha inanan bir adamam. Və əminəm ki, bu yer üzündə Allahın nəzərindən kənarda qalan heç nə, heç kəs yoxdur və ola da bilməz. Tanrı hər kəsə qəlbinə, əməlinə görə qiymət verir. Mən buna öz varlığıma inan kimi inanıram. Mən öz Allahımdan və öz qəlbimdən olduqca razıyam. (Duruxub susur. Pauza). Hə, necədir?
    MƏHBUS:- Siz doğrudan Allaha inanırsınız?.. Axı, mən elə bilirdim siz ateistsiniz...
    QADIN:-Allaha inanmayanın burada nə işi?.. Burada hamı dindardır...
    MƏHBUS:-Burada...hamı...dindardır...Hamı...Hamı əzabkeşdir. (Gülür). Deyəsən, mən başımı itirməkdəyəm! Deyəsən, mənim axtardıqlarımı bunlar çoxdan tapıblar! Deyəsən, əsl həqiqət mücahidləri bunlardır. Bunlar həqiqətdir, mənsə yalan... Deyəsən, yalanla həqiqət arasındakı sərhəd çoxdan götürülüb. Dünya necə də zalım imiş... İnsanlardan da zalım...

    Musiqi. Kişi gəlir, Qadına yaxınlaşır, onun əlindən tutur. Onlar rəqs edirlər. Məhbus kənara çəkilir. Qadın qəfildən Kişidən ayrılıb Məhbusa yaxınlaşır, onun çiynindən tutur, qoluna girib rəqsə dəvət edir. Kişi onların qənşərində dayanıb dəlicəsinə qəhqəhə çəkir. Qadın ortada dayanıb Məhbusla Kişinin əlindən tutur. Amma kişilərin hərəsi bir səmtə üz tutur, kənara çəkilirlər, gözdən itirlər. Qadın səhnədə tək qalır. Musiqi səsi tədricən azalır.

    Pərdə



    II HİSSƏ

    Yenə həmin məkan. Həzin musiqi. Qadın iti addımalrla gəzişir: o, gödək yubka, dəri gödəkcə geyib. Ayağında yenə uzunboğaz çəkmə var. Qadın arabir ayaq saxlayıb qonşu otağa-kameraya sarı boylanır. Uzaqdan atəş və inilti səsləri eşidilir. Qadın qapıya yaxınlaşıb cəftəni çəkir.

    QADIN:- Gəl, gəl! Dincəldiyin yetər... Yenilməz qəhrəman...

    Məhbus daxil olur.

    MƏHBUS:- Eşidirəm...
    QADIN:- Düzünü de: sənin üçün ən böyük xəyanət nədir? Yəni kimin xəyanətini bağışlaya bilməzsən?..
    MƏHBUS:- Ən böyük xəyanət?.. Bu, yəqin ki, özümün özümə xəyanəti olardı...
    QADIN:- Özüünün özünə xəyanətin?... Bəs dostların xəyanəti necə?..
    MƏHBUS:- Mən...onları bağışlaya bilərəm... Amma özümü bağışlamaq... Yox... Bu mümkün deyil...
    QADIN:- Axı, özün bilirsən ki, səni öz dostlarının fitvası ilə həbs ediblər.
    MƏHBUS:- Bilirəm... Mənə hər şey məlumdur...
    QADIN:- Sənsə bütün bunların hamısını çox soyuqqanlıqla qarşılayırsan...
    MƏHBUS:- Elədir... Mən nə etməliyəm ki? Ayrı çıxış yolum yoxdur.
    QADIN:- Sən də dostlarının üzünə dura bilərdin...
    MƏHBUS:- Bu, çıxış yolu deyil, axı...
    QADIN:- Bizə çatan məlumata görə, sənin üzünə duranların çoxuna ənam verilib...
    MƏHBUS:- Ənam? Nə ənam?...Başa düşmədim...
    QADIN:- Onlara vəzifə verilib.
    MƏHBUS (gülür):- Ha-ha-ha!.. Anladım...Vəzifə... Pul... Sərvət... Bəli, bilirəm, onlara çox şey vəd olunub...
    QADIN:- Bəyəm bunlar səni ağrıtmır?..
    MƏHBUS:- Məni?..Məni yox...Ola bilsin ki, onları ağrıdır.
    QADIN:- Onları nə üçün?..
    MƏHBUS:- Hər halda onlar nə vaxtsa insan olublar.
    QADIN:- Nə vaxtsa?..
    MƏHBUS:- Bəli...Nə vaxtsa...
    QADIN:- Bəs sən özün necə?.. Yəni sən də hamı kimi azad yaşaya, ailə sahibi ola bilərsən... Sən də bir iş-gücdə çalışarsan... Lap sənə də dostların kimi müəyyən bir vəzifə tapşıra bilərdilər...
    MƏHBUS:- Mənə elə gəlir ki, bu dünyada hər kəsin öz vəzifəsi var...
    QADIN (gülür):- Eləsə sənin vəzifən nədən ibarətdir?..
    MƏHBUS:- Mənim vəzifəm insanları qanun-qaydaya dəvət etmək, həyatın mənasını anlatmaq...
    QADIN:- Nə? Qanun-qaydanı bərpa edirsən?.. Ha-ha-ha!..
    MƏHBUS:- Dünyanın yazılmayan qanunları var... Mən o qanunlardan danışıram...
    QADIN:- O, nə qanunlardı elə? Bəlkə deyəsən, biz də bilək...
    MƏHBUS:- O qanunlar hər bir vicdanlı adamın içində olur, ürəyinə yazılır...
    QADIN:- Deməli, sən çox vicdanlı adamsan, bizsə vicdansız...Eləmi?..
    MƏHBUS:- Doğrudanmı, sən haçansa özün öz ürəyinin əksinə getdiyini dərk etmirsən?..
    QADIN:- Deməli, sən mənim ürəyimin olduğuna şübhə etmirsən?.. (Pauza). Buna da şükür!
    MƏHBUS:- Məsələ təkcə ürəkdə deyil.
    QADIN:- Bəs nədədir?..
    MƏHBUS:- Məsələ burasındadır ki...sən ...sən ürəyinin səsinə qulaq asırsan, ya yox?..
    QADIN:- Mən ürəyimin səsini həmişə eşidirəm. (Əlini sinəsinə qoyur). O, saat kimi işləyir: tıq-tıq-tıq...
    MƏHBUS:- Sən ürəyinin əksinə gedəndə o ağrıyır, ya yox?..
    QADIN:- Kim?..Nə?..Hə, ürəyi deyirsən?.. Əlbəttə... Amma mən heç vaxt onun əleyhinə getməmişəm...
    MƏHBUS:- Mənsə elə düşünürəm ki, sən öz ürəyini aldadırsan. Sənə elə gəlir ki, ürəyinin səsinə qulaq asır və guya hansısa mühüm bir tapşırığı vicdanla icra edirsən və beləliklə də ürəyin rahatlıq tapır... Amma bu qətiyyən belə deyil. Axı, mən hər şeyi sənin üz-gözündən oxuyuram.
    QADIN:- Bəlkə mən cinayətkaram?
    MƏHBUS:- Cinayətkar- təkcə adam öldürən, talançı, quldur olmur ki! Elə insanın özü-özünə xəyanət etməsi də cinayətkarlıqdır.
    QADIN:- Sən bu sözləri haradan əzbərləyib öyrənmisən?..
    MƏHBUS:- Nə üçün sənə elə gəlir ki, mənim öz fikrim, öz sözüm olmamalıdır?!.
    QADIN:- Xahiş edirəm, bu cür söhbətlərə son qoy! Oldu?..
    MƏHBUS:-Yaxşı, qoy olsun...

    Pauza.

    QADIN:- Niyə susursan?..
    MƏHBUS:- Məncə, susmaq məsləhətdir...
    QADIN:- Sən həmişə bu cür olmusan?..
    MƏHBUS:- “Bu cür”?.. Yəni necə?..
    QADIN:- Qaraqabaq, adamayovuşmaz...Kobud...
    MƏHBUS (gülür):- Yox, aradabir şən, gülər vaxtlarım da olur.
    QADIN:- A-a-a...Doğrudan da gülürsən!.. Mən səni heç vaxt bu cür görməmişəm.
    MƏHBUS:- Sənin xətrinə hərdən gülərəm.
    QADIN:- Qəribədir, özü də sən güləndə tamam başqa cür olursan.
    MƏHBUS:- “Başqa cür”?
    QADIN:- Bəli. Yəni elə bil dəyişib ayrı adama çevrilirsən...
    MƏHBUS:- Yox, mən elə həmin adamam, buna şəkk-şübhən olmasın!
    QADIN:- Mənim doğru sözümdür. İndi sifətindən işıq tökülür. (Ona yaxınlaşır). Elə bil sən artıq bayaqkı adam deyilsən...
    MƏHBUS:- Bəlkə də... Bəlkə bayaqkı adam buradan çıxıb getdi?.. Qaçdı?..Yerinə başqası gəldi?!. (Gülür). Hər şey ola bilər.
    QADIN:- Yoxsa sənin də ürəyindən qaçmaq keçir?..
    MƏHBUS:- Qaçmaq?.. Necə yəni “qaçmaq”?..
    QADIN:- Hə də...Azad olmaq...
    MƏHBUS:- Azadlıq kimin ürəyindən keçmir, axı?..
    QADIN:- ...və yəqin ki, bunun üçün yollar da axtarırsan...
    MƏHBUS:- Yollar?.. Bəyəm bu axtarışın bir mənası var ki? Bütün yollar bağlıdır...
    QADIN:- “Bütün yollar bağlıdır”... Bəlkə də elədir...Amma....
    MƏHBUS:- Nə “amma”?...Bəlkə sənin buna şübhən var?..
    QADIN:- Nəyə?..
    MƏHBUS:-Mənim bütün yollarımın bağlandığına?..
    QADIN:- Hə...Yox...Əlbəttə, yollar bağlıdır...Amma...Sən özün dedin:-“azadlıq kimin ürəyindən keçmir”?.. Yoxsa sən demədin bu sözləri?..
    MƏHBUS:- Elədir, mən dedim... Nə olsun ki?..
    QADIN:- O olsun ki, sən qaçmaq istəyirsən...
    MƏHBUS:-Mən?..Sən bunu haradan bilirsən?..
    QADIN:- Özün dedin ki?..
    MƏHBUS:- Hə...Yox, mən o cür demədim...
    QADIN:- Yox, dedin! Özün dedin! Bəlkə sözünü geri götürmək istəyirsən?.. Bəlkə qorxdun?..
    MƏHBUS:- Mən?..Qətiyyən!..Qətiyyən qorxmuram!..Bəli, mən buradan, bu iyrənc aləmdən, bu boz divarlar arasından qaçıb qurtarmaq istəyirəm! Sonra?..Bunu eşitmək istəyirdin?!. Onda eşit! Bağışlayın ki, sizə “sən” deyirəm...
    QADIN(sakit tonla):- De. Elə bu cür de. Özün də qışqırma...
    MƏHBUS:- Əl çək məndən!..
    QADIN:- Əl çəkən deyiləm. (Diqqətlə Məhbusu süzür). Zəhləm gedir...
    MƏHBUS:- Getsin...
    QADIN:- Səndən yox... Qorxaqlardan.
    MƏHBUS:- Elə məni də qorxaq hesab et . Zəhlən gedə bilər...
    QADIN:- Qorxaqların burada nə işi?..
    MƏHBUS:- Bura elə yerdir ki, qorxmazları da qorxağa çevirə bilərlər.
    QADIN:- ...həm də cinayətkara...
    MƏHBUS:- Belə şeyləri sən daha yaxşı bilərsən...
    QADIN:- “İnsanın özü-özünə xəyanət etməsi də cinayətdir”. Eləmi? Bəlkə indi öz ifadəndən imtina edirsən?..
    MƏHBUS:- Dedim, rahat burax məni...
    QADIN:- Deyəsən, yorulmusan...Əslində, elə mən özüm də əldən düşmüşəm. Bəlkə mən bir az uzanıb istirahət edim?.. Hə, elə bu kreslodaca... (Əyləşir). Bəlkə mənim çəkmələrimi çıxarmağa kömək edəsən?.. Niyə susursan?.. Gözünü niyə bərəldib baxırsan?.. Qanmaz! Bəyəm sən bilmirsən ki, bu dünyada qadın ayağından gözəl heç nə yoxdur?.. Bəlkə sən belə şeyləri hələ bilmirsən?.. Üz-gözündən dünyagörmüş adama oxşayırsan. Amma belə çıxır ki, hələ yonulmamısan...Yaxşı, eybi yoxdur, elə çəkməli-patavalı dincələrəm... Sənsə çəkil o küncə...Amma mürgüləmə ha!.. Ya bəlkə ötürüm səni öz kamerana?.. Hə?.. Niyə susursan?.. Lalsan? Karsan?.. Gicsən?.. Bəlkə ölmüsən, meyitsən? (Ayağa durub ona yaxınlaşır, çiynindən yapışır). Danış görüm!.. Özün də gülümsə!.. Bayaqkı kimi... Sənin təbəssümün mənə öz uşaqlığımı xatırlatdı...Yalnız uşaqlar o cür gülümsəyə bilər: təmiz, saf, məsum... (Onun boynundan tutub özünə sarı çəkir). Alçaq, gözünü niyə döyürsən?.. Axı, sən kişisən... (Əynindəki gödəkçəni və yubkanı soyunub bir tərəfə atır. Alt paltarda və çəkmədə qalır). Gör bir nə vaxtdan çürüyürsən bu nəmli, bu boz divarlar arasında... Bəlkə özün də çevrilib daşa-divara dönmüsən?.. “Ürək-ürək”-deyirdin, hanı bəs sənin ürəyin?.. Yoxdur?.. Amma mənim ürəyim var!.. Eşidirsən?.. Yox?.. Bir əlini sinəmin üstünə qoy!.. Eşidirsən?.. Sən kişi deyilsən?.. Amma mən qadınam, qadın!.. Sən bilirsən qadın ürəyinin sirrini? Ay bildin ha!.. Bunu bilmək üçün gərək ya qadın olasan, ya da ki... ya da ki, Allah!.. Sən isə bunlardan heç biri deyilsən... Sən axmaqsan!.. Sən gicsən... (Qapıya işarə ilə). Bir azdan o heyvərə gələcək... Sən nəyi, nəyi gözləyirsən? Bəlkə yenə kötək yemək keçir könlündən?... (Paltarını geyə-geyə) Of-f-f!.. Rədd ol buradan!.. Get! Çəkil, get öz yuvana!..Sən adam olmaq istəmirsən!..

    Məhbus gedir. Qadın özünü qaydaya salıb hikkəli-hikkəli qapıya baxır. Kişi gəlir.

    KİŞİ:- İşlər yaxşıdır? (Qapıya işarə ilə). O, necədir? Dincəlir? Qoy dincəlsin! Sakitlikdir! Əmin-amanlıq bərpa olunub...
    QADIN:- Hə, elədir, sakitlikdir...

    Atəş səsi eşidilir. Onlar diksinirlər.

    KİŞİ:- Sakitliyi pozdular yenə... Bu da belə getdi. (Rəfə işarə ilə). Sən o qovluğu çıxar... Lap altındakını... Orada sağ tərəfdədir...

    Qadın rəfdən qovluğu götürüb baxır.

    QADIN:- Sir-sifətindən yaraşıqlı adamdır. (Qovluğa baxır). Qalın dodaqları, mavi gözləri var...
    KİŞİ:- ...var idi... Deyəsən, sən surətpərəstsən...
    QADIN (davam edir):- Boyu bir səksən iki, iki dişi metal, sağ ayağını çəkir.
    KİŞİ:- ...çəkirdi. Ta çəkə bilməyəcək ayağını. Nə yaxşı ki, ölüm hökmünü ləğv etdilər. Yoxsa... Hərdən günüha batırdıq... Əslində buna günah da demək olmaz... Qanun və günah anlayışları bir yerə sığmır...
    QADIN(qovluğa baxıb davam edir):- ..şəkildə gülümsəyir. Adam inanmır ki, o, indi yoxdur...
    KİŞİ:- Hə, o bir vaxt gülümsəyirdi! Bəlkə elə öləndə də gülümsəyib. Ola bilər! Axı, mən gülən ölünü də görmüşəm. Baxırsan-meyitdir, amma gülür...İnanmırsan?..
    QADIN:- Qəribədir. Gülən ölüləri mən özüm də görmüşəm...
    KİŞİ:- Mən belələrinə... bu cür ölülərə hörmətlə yanaşıram...
    QADIN:- Ölülərə hörmət edirsən?..
    KİŞİ:- Bəli! Adam gərək öləndə kişi kimi ölsün...
    QADIN:- Bəs yaşayanda necə?
    KİŞİ:- Yaşayanda?..Yaşayanda necə olsun? Bilmirəm... Bunu deyə bilmərəm....
    QADIN:- Sən heç həyat haqqında düşünmüsən? Fikirləşmirsən ki, nə üçün yaşayırsan bu dünyada?..
    KİŞİ:- Bəs sən özün necə? Düşünürsən?...
    QADIN:-Əlbəttə, düşünürəm. Özü də çox... Yəqin ki, bu dünyada heç kəsin gəlişi təsadüfü deyildir. Hər bir insanın dünyaya göz açmasının bir mənası olmalıdır. Bəs mən nə üçün yaşayıram?.. Məsələ belədir... mən özümü və ətraf aləmi dərk etməyə başlayandan görmüşəm ki, dünyada bir xaos, hərcmərclik hökm sürməkdədir. Yalan həqiqəti, şər xeyri, nadürüstlük ədaləti əzir. Nadanlar , cahillər vicdanlı insanlara meydan oxuyur... Yox, deyə bilmərəm ki, mən hamıdan uca və yüksəyəm. Amma görürəm ki, rəzalətə qarşı vuruşşmaq üçün mənim qüvvəm və nifrətim tükənməzdir. Elə dünyaya gəlişimin məqsədini də məhz bunda görürəm.. həqiqətin dərkində, xeyrin şər üzərində qələbəsində insanlara yardımçı olmaqda... Mən hərdən özümü qədimi allahların ağır cəzaya məhkum etdikləri binəva Prometeyə bənzədirəm. Tanıyırsanmı Prometeyi?
    Prometey od oğurlayıb insanlara verdiyinə görə Zevsin qəzəbinə tuş gəlmişdi. Bilirsən Zevs kimdir? Od allahı... Zevs Prometeyi əlçatmaz dağların zirvəsində zəncirlə qayaya bağlamışdı. Hər gün oraya o zirvəyə uçub gələn qartal onun ciyərini dimdikləyir,qanını içirdi. Prometey əbədi bir əzaba düçar olmuşdu. Əlbəttə, mən Prometey qədər dözümlü deyiləm və insanlara da od bəxş etməmişəm. Mənim öz ətrafımdakı insanlara bəxş etdiyim həqiqət olub. Elə içimdə yaşatdığım o həqiqətə görə də başım həmişə bəlalar çəkib. (Pauza). Deyirəm bəlkə həqiqət rəzillər üçün oddan daha təhlükəlidir? Mən yaxşı bilirəm ki, həqiqət rəzalət üzərində belə tezliklə qələbə çala bilməyəcək. Amma nə etməli?.. Bu, mənim amalım, seçdiyim yol, nəhayət, alın yazımdır. Bəlkə də sən ürəyində mənə gülürsən. Fikirləşirsən ki, gör bir bu səfeh qadın nə gic-gic danışır. Amma mən sənə ürəyimdən keçəni deyirəm: riyasız, boyasız... İnanıb-inanmamaqsa sənin öz işindir.

    KİŞİ:- Maraqlı şeylər danışırsan. (Qapıya işarə ilə). Bax, ona demək lazımdır bu sözləri. Qoy eşidib nəticə çıxartsın. (Pauza). Onun işinə bu yaxınlarda yenə baxılacaq... Yəqin ki, güllələyəcəklər.
    QADIN:-Doğrudan? (Qorxur). Axı, bizdə ölüm hökmü ləğv olunub.
    KİŞİ (gülür):- Nə olsun ki?... Ölüm hökmü ləğv olunub, amma ölüm öz qüvvədə qalır ki...
    QADIN:- Yazıq...
    KİŞİ:- Yazıq? Kimdir “yazıq”?.. O? Hımm.... Yazığa bir bax. Qoy görüm o “yazıq” nə edir?

    Kişi gedir. Məhbusun qoluna girib səntirləyə-səntirləyə qayıdır. Məhbusun üst-başı qanlıdır.

    QADIN:-Vay! Dəhşət... Ona nə olub?..
    KİŞİ:- Deyəsən, sui-qəstə cəhd göstərib...
    QADIN:- Nə?.. Kimin sui-qəstinə cəhd eləyib?..
    KİŞİ:- Vətəndaşın...
    QADIN:-Hansı vətəndaşın?
    KİŞİ:- Bəyəm bunun özü vətəndaş deyil? Qoy bir görüm nə olub?.. (Məhbusa). Yaxın gəl!.. Ağzını aç görüm!. Eşitmirsən?.. Yoxsa kəlbətinlə açacağam sənin əngini. Qatil!..

    Kişi əli ilə onun çənəsini dartıb ağzına baxır...

    QADIN:- Onun ağzı qanla doluidur...
    KİŞİ:- Bu alçaq, vətəndaşın venasını dişi ilə kəsib...
    QADIN:- Hansı vətəndaşın?..
    KİŞİ:- Bax, bu vətəndaşın... Bu vətəndaş bu vətəndaşın venasını dişi ilə kəsib...
    QADIN:- Bu vətəndaş... bu vətəndaşın damarını qoparıb... Əslində bunların hər ikisi eyni vətəndaşdır ki...
    KİŞİ:- Nə olsun eyni vətəndaşdır?.. Cani də budur, zərərçəkən də... Bunun fərqi yoxdur. Məsələ burasındadır ki, cinayət baş verib. Onu kim törədib- bumu yoxsa bumu, özü də nə məqsədlə, bu ayrı məsələdir. Həqiqəti ortaya məhkəmə çıxaracaq.
    QADIN:- Bu vətəndaş, bu vətəndaşa qəsd edib...
    KİŞİ:- Bəli. Hər kəs öz layiqli cəzasını alacaq. Dişiqanlı canavar!.. Biz sənə göstərərik qanunun aliliyini!.. Adamyeyən! Goreşən!.. İnsan qanına susayan qatil! Cəmiyyətin kor bağırsağı! Biz kəsib atarıq səni... Necə lazımdırsa... İlahi, nə qədər qorxulu ünsürlər varmış bu dünyada!..
    MƏHBUS (sakit səslə):- Siz hansı cinayətdən danışırsınız?..
    KİŞİ:- Bəyəm insan həyatına qəsd etmək cinayət deyilmi?
    MƏHBUS:-İnsan həyatına qəsd?.. Kim kimə qəsd edib?..
    KİŞİ:- Əlbəttə, söhbət səndən gedir...
    MƏHBUS:-Mən... Mən... Axı, mən kimin həyatına qəsd etmişəm?
    KİŞİ:- Dedim ki, insan həyatına... Sən canisən... İntihara cəhd göstərmisən. Doğrudurmu?.. Bəlkə bunu da inkar edirsən?..
    MƏHBUS:- Bunun sizə bir dəxli var ki? Bəli, mən intihar etmək istəyirəm. (Emosional tərzdə, ucadan). Mən haqq-hesabı qurtarmaq istəyirəm bu dünya ilə... Yoxsa özümü öldürmək üçün də sizdən icazə almalıyam?
    KİŞİ:- Bəyəm bu icazəni verən var ki, sənə, sən də özünü öldürəsən?.. Sən elə bilirsən özbaşınasan?.. Biz heç ölünü özbaşına qoymuruq, o ki ola diri...
    MƏHBUS:- Ha-ha-ha... Deməli, mən özümü öldürməyə cəhd göstərməklə cinayət etmişəm...
    KİŞİ:- Əlbəttə, cinayət etmisən! (Qadına). Bu, hələ törətdiyi cinayətin mənasını dərk etmir. Bu, o deməkdir ki, bu ünsür bizim qanunların ədalətli olduğuna... eləyir...Nə eləyir? Şübhə eləyir! Nifrət eləyir! Elə deyilmi? Bəlkə bunu yenə ağıllandıraq?.. Bəlkə başlayasan?.. Sənin çəkmələrin göz qamaşdırır...
    QADIN:- Yox... Lazım deyil, məncə... Doğrudur, bayaq elə mən özüm də onu əzişdirmək istəyirdim... Amma... sonra fikirləşdim ki, yenə bir hoqqa çıxarar... Axı, bu, ona sağ ikən lazımdır... Elə deyilmi?
    KİŞİ:- Elədir... Biz bunu ona diri təhvil verməliyik. (Məhbusa). Bura bax!.. Mənə yaxşı-yaxşı qulaq as. Özünü öldürmək fikrindən birdəfəlik vaz keç! Bildin?... Burada heç kəs sənə belə bir səlahiyyəti verməyəcək... Lazım olsa, bu işi görən adam tapılar... Adam qanunlara hörmət etməlidir. Sən ki, belə şeyləri anlayırsan.
    QADIN:- Bu, özü deyir ki, qanun-qaydaya əməl etmək lazımdır. (Məhbusa). Bəlkə səhv edirəm?..
    KİŞİ:- Qoy bunu atım öz yerinə... Gedib dincəlsin... Sənə deyiləsi sözüm var...

    Kişi Məhbusu sürüyüb kameraya aparır, geri qayıdır.

    KİŞİ:- Bax belə... Hə, onu deyirəm... Təzə şad xəbər var... Çinimiz, vəzifəmiz artacaq... Hər ikimizi böyüdəcəklər.
    QADIN:- Hər ikimizi?..
    KİŞİ:- Hə də... İstəmirsən bunu?..
    QADIN:- Niyə ki?..Amma ...
    KİŞİ:- Nə amma?..
    QADIN:- Mənə elə gəlir ki, bu dünyada hər kəsin öz vəzifəsi var...
    KİŞİ (gülür) :- Yəqin ki... Bəs sənin vəzifən nədən ibarətdir?..
    QADIN:- Mənim vəzifəm insanları qanun-qaydada dəvət etmək, həyatın mənasını anlatmaq...
    KİŞİ:- Onsuz da qanun-qaydanı qoruyan biz özümüzük... Sən hansı qanundan danışırsan?..
    QADIN:-Dünyanın yazılmayan qanunları var... Mən o qanunlardan danışıram...
    KİŞİ:- O, nə qanunlardır elə? Bəlkə deyəsən, biz də bilək...
    QADIN:- O qanunlar hər bir vicdanlı adamın içində olur, ürəyinə yazılır...
    KİŞİ:- Deməli, sən çox vicdanlı adamsan, biz isə vicdansızıq... Eləmi?..
    QADIN:- Doğrudanmı, sən ürəyinin əksinə getdiyini dərk etmirsən?..
    KİŞİ:- Deməli, sən mənim ürəyimin olduğuna şübhə etmirsən?..
    QADIN:- Məsələ təkcə ürəkdə deyil.
    KİŞİ:- Bəs nədədir?..
    QADIN:- Məsələ burasındadır ki, sən ürəyinin səsinə qulaq asırsan, ya yox?..
    KİŞİ:- Mən ürəyimin səsini həmişə eşidirəm. (Əlini sinəsinə qoyur). O, saat kimi işləyir: tıq-tıq-tıq...
    QADIN: - Sən ürəyinin əksinə gedəndə o ağrayır, ya yox?
    KİŞİ:- Kim?.. Nə?.. Hə, ürəyi deyirsən.. Əlbəttə... Amma mən heç vaxt onun əleyhinə getməmişəm...
    QADIN:- Amma mənə elə gəlir ki, sən ürəyini aldadırsan... Sənə elə gəlir ki, ürəyin səsinə qulaq asırsan, guya hansısa mühüm bir tapşırığı icra edirsən və beləliklə ruhun rahatlıq tapır... Amma bu, qətiyyən belə deyil. Axı, mən hər şeyi sənin üz-gözündən oxuyuram.
    KİŞİ:- Bəlkə mən cinayətkaram?
    QADIN: - Cinayətkar-təkcə adam öldürən, talançı, quldur olmur ki!. Elə insanın öz-özünə xəyanət etməsi də cinayətkarlıqdır.
    KİŞİ:- Sən bu sözləri haradan əzbərləyib öyrənmisən?..
    QADIN:- Nə üçün sənə elə gəlir ki, mənim öz fikrim, öz sözüm olmamalıdır?..
    KİŞİ:- Yox... Niyə ki... Amma sənin dediklərini mən həzm edə bilmirəm. Son vaxtlar qəribə şeylər danışırsan. (Qadına yaxınlaşır). Elə özündə dəyişib qəribə olmusan... (Əlini onun çiyninə qoyur)... Mənə də çox qəribə baxırsan...
    QADIN:-Əlini çək...
    KİŞİ:- Qəribə hərəkətlər edirsən...
    QADIN:- Yaxın gəlmə...
    KİŞİ (geri çəkilir):- Yaxşı... Olsun!... Get tənzif gətir... O, ölə bilər... Niyə mənə elə baxırsan? Eşitmirsən?.. Buranın bir böyüyü var, ya yox?.. Biz vətəndaşın həyatı üçün cavabdehik!..

    Qadın gedir. Kişi qapıya yaxınlaşır.

    KİŞİ:- Eyy!.. Bura gəl görüm!.. Deyəsən, nəfəsin gəlir. Sən hələ ölməli deyilsən. Bildin?..

    Məhbus gəlir. O, ayaq üstə zorla dayanıb.

    MƏHBUS:-Eşidirəm...
    KİŞİ:- Biz sənin ölməyinə imkan verə bilmərik. Sən hələ yaşamalısan. Başa düşürsən? Sən anlayırsan həyat nədir?.. Heç bu barədə düşünmüsən?.. Yox?.. Çox təəssüf! Düşünmək lazımdır!.. Amma mən gecə-gündüz baş sındırıb düşünürəm.. Görəsən bu dünyaya nə üçün gəlmişik, nə üçün yaşayırıq?.. Şəxsən mənim həyatımın mənası nədir?.. Bəlkə də sən bilmirsən... Amma əslində bu dünyaya heç kəsin gəlişi təsadüfü deyildir. Axı, hər bir insanın dünyaya göz açmasının bir mənası olmalıdır. Bəs mən nə üçün yaşayıram?.. Məsələ belədir: mən özüm də ətraf aləmi dərk etməyə başlayandan görmüşəm ki, dünyada bir xaos, bir hərcmərclik hökm sürməkdədir. Yalan həqiqəti, şər xeyri, nadürüstlük ədaləti əzir. Nadanlar, cahillər vicdanlı insanlara meydan oxuyur... Yox, deyə bilmərəm ki, mən hamıdan uca və yüksəyəm. Amma görürəm ki, rəzalətə qarşı vuruşmaq üçün mənim qüvvəm və nifrətim tükənməzdir. Elə dünyaya gəlişimin məqsədini də məhz bunda görürəm.. Həqiqətin dərkində, xeyrin şər üzərində qələbəsində insanlara yardımçı olmaqda... Mən hərdən özümü qədim allahların ağır cəzaya məhkum etdikləri binəva Prometeyə bənzədirəm.
    Tanıyırsanmı Prometeyi? Prometey od oğurlayıb insanlara verdiyinə görə Zevsin qəzəbinə tuş gəlmişdi. Bilirsən Zevs kimdir? Od allahı... Zevs Prometeyi əlçatmaz dağların zirvəsində zəncirlə qayaya bağlamışdı. Hər gün oraya o zirvəyə uçub gələn qartal onun ciyərini dimdikləyir, qanını içirdi. Prometey əbədi bir əzaba düçar olmuşdu. Əlbəttə, mən Prometey qədər dözümlü deyiləm və insanlara da od bəxş etməmişəm. Mənim insanlara bəxş etdiyim həqiqət olub. Elə içimdə yaşatdığım o həqiqətə görə də başım həmişə bəlalar çəkib. (Pauza). Deyirəm, bəlkə həqiqət rəzillər üçün oddan daha təhlükəlidir? Mən yaxşı bilirəm ki, həqiqət rəzalət üzərində belə tezliklə qələbə çala bilməyəcək. Amma nə etməli?.. Bu, mənim amalım, seçdiyim yol, nəhayət, alın yazımdır. Bəlkə də sən ürəyində mənə gülürsən. Fikirləşirsən ki, gör bir bu səfeh adam nə gic-gic danışır. Amma mən sizə ürəyimdən keçəni deyirəm: riyasız, boyasız... İnanıb-inanmamaqsa sənin öz işindir.
    MƏHBUS (istehza ilə):- Maraqlıdır...
    KİŞİ:- Nə maraqlıdır?.. Nə?..
    MƏHBUS:- Sizin dedikləriniz. Prometey haqqında, həqiqət və yalan, xeyir və şər barədə dedikləriniz...
    KİŞİ:- Yoxsa, elə bilirsən yer üzündə cəmi bircə Prometey olub?.. Elə mən də öz işimin Prometeyiyəm.
    MƏHBUS:-Doğrudan?..
    KİŞİ:- Yox bir, yalandan!.. Yoxsa elə düşünürsən ki, mən bayaqdan səninlə zarafat edirəm?!. Mən bütün ömrüm boyu həqiqət uğrunda vuruşmuşam... Bu mübarizə indi də davam edir.
    MƏHBUS:- Maraqlıdır... Yəqin ki, bəzən böyük döyüşlər səssiz gedir...
    KİŞİ:- Əlbəttə... Ən böyük döyüşlər çox vaxt səssiz səmirsiz gedir. Anladın?..
    MƏHBUS:- Çətin də olsa anlayıram... (Istehza ilə). Hım-m-m...
    KİŞİ:- Prometey kimiləri həmişə olub və yenə də olacaq. Yoxsa mənim həqiqət və ədalət uğrunda vuruşduğuma sənin şübhən var?!.
    MƏHBUS:- Yox, Mən buna şübhə etmirəm.
    KİŞİ:- Yoxsa sənə elə gəlir ki, həqiqət uğrunda vuruşanların hamısı məhbəs divarları arasında çürüyən yalançı mücahidlərdir?.. Bəzən həqiqət uğrunda vuruşanların səsi belə çıxmır. Ən böyük döyüşlər səssiz gedir. Anlayırsanmı?..
    MƏHBUS:- Təxminən...
    KİŞİ:- Mənə elə gəlir ki, bu dünyada hər kəsin öz vəzifəsi var...
    MƏHBUS:- Yəqin ki... Bəs sizin vəzifəniz nədən ibarətdir?..
    KİŞİ:- Mənim vəzifəm insanları qanun-qaydaya dəvət etmək, həyatın mənasını anlatmaq...
    MƏHBUS:- Qanun-qaydanı bu cür qoruyurlar?.
    KİŞİ:- Dünyanın yazılmayan qanunları var... Mən o qanunlardan danışıram...
    MƏHBUS:-O, nə qanunlardır elə?..Bəlkə deyəsiniz, biz də bilək...
    KİŞİ:- O qanunlar hər bir vicdanlı adamın içində olur, ürəyinə yazılır...
    MƏHBUS:- Deməli, siz çox vicdanlı adamsınız, bizsə vicdansızıq... Eləmi?..
    KİŞİ:- Doğrudanmı, sən ürəyinin əksinə getdiyi dərk etmirsən...
    MƏHBUS:-Mən?..
    KİŞİ:- Əlbəttə, sən!.. Bir də ki, məsələ təkcə ürəkdə deyil.
    MƏHBUS:-Bəs nədədir?..
    KİŞİ:- Məsələ burasındadır ki, sən ürəyinin səsinə nə dərəcədə qulaq asırsan?..
    MƏHBUS:-Mən ürəyimin səsini həmişə eşidirəm. (əlini sinəsinə qoyur). O, hələ işləyir.
    KİŞİ:- Sən ürəyinin əksinə gedəndə o ağrıyır, ya yox?
    MƏHBUS:-Kim? Nə?..Hə, ürəyi deyirsiniz? Əlbəttə!.. Amma mən heç vaxt onun əleyhinə getməmişəm...
    KİŞİ:- Amma mənə elə gəlir ki, sən öz ürəyini aldadırsan... Sənə elə gəlir ki, ürəyin səsinə qulaq asırsan, guya hansısa mühüm bir tapşırığı icra edirsən və beləliklə ruhun rahatlıq tapır... Amma bu, qətiyyən belə deyil. Axı, mən hər şeyi sənin üz-gözündən oxuyuram. Sənin... Sən... Sən...
    MƏHBUS:- Bəlkə mən cinayətkaram?
    KİŞİ:- Cinayətkar-təkcə adam öldürən, talançı, quldur olmur ki!. Elə insanın öz-özünə xəyanət etməsi də cinayətkarlıqdır.
    MƏHBUS:- Siz bu sözləri haradan əzbərləyib öyrənmisiniz?..
    KİŞİ:- Nə üçün sənə elə gəlir ki, mənim öz fikrim, öz sözüm yoxdur?.. Bəlkə sən özünü çox ağıllı, başqalarını isə gic hesab edirsən?..
    MƏHBUS:- Qətiyyən!... Mən görürəm ki, siz çox ağıllı adamsınız... Amma ... bir şeyə şübəm var...
    KİŞİ:- O, nədir elə?..
    MƏHBUS:- Deyirəm, birdən siz səsləri səhv salar, qarışdırarsınız...
    KİŞİ:- Hansı səsləri deyirsən?
    MƏHBUS:- Eşitdiyiniz səsləri... Bəlkə siz ürəyinizin, vicdanınızın yox, mədənizin səsini eşidirsiniz...
    KİŞİ (əlini sinəsinə qoyur):- Yox!... Bu, ola bilməz... Mən səs mütəxəssisiyəm. Səsi səsdən ayımağı yaxşı bacarıram...
    MƏHBUS:- Siz məni heyrətləndirirsiniz... Siz doğrudan da böyük mütəxəssisiniz... Eşq olsun sizə!
    KİŞİ:- Amma çoxları məni başa düşmək istəmir... Nə etməli?... Hamı eyni cür düşünə bilmir axı... Bu heç mümkün də deyil.
    MƏHBUS:-Yox, deyəsən, elə hamı eyni cür düşünür.
    KİŞİ:- Deməli, siz də mənim kimi düşünürsünüz?..
    MƏHBUS:- Son vaxtlar görürəm ki, biz hamımız eyni cür düşünür, eyni şeylərdən danışırıq.
    KİŞİ:- Bəs görəsən bu yaxşıdır, yoxsa pis?..
    MƏHBUS:- Hər halda pis olmaz...
    KİŞİ:- O da istəyir ki, hamı eyni cür düşünsün, eyni cür yaşasın...
    MƏHBUS:- Siz kimi nəzərdə tutursunuz?..
    KİŞİ:- Kimi?.. Hamımızın yerinə düşünən kim olmalıdır?.. (Əlini yuxarı qaldırır).
    MƏHBUS:- Aydındır... Anladım...
    KİŞİ:- Mən Allahı yox, hökmdarı deyirəm...

    Qadın əlində tənzif gəlir.

    QADIN:- Adi tənzif tapmaq belə, müşkül bir işdir...
    KİŞİ:- Baxır kimin üçün müşkülə çevrilib... Məsələm, mənim üçün müşkül iş yoxdur bu dünyada... Yaxşı, belə edək... Mən rəisin yanına geyməliyəm... (Qadına). Sən bunun qolunun sarı. Rəngi qaçıb... Amma əminəm ki, elə qorxulu şey yoxdur. (Məhbusa). Bir daha vətəndaşın həyatına qəsd etmək arzusuna düşmə. Bildin?.. (Mənalı tərzdə qaş-gözünü oynadır).

    Kişi gedir.

    QADIN:- O, nə barədə danışırdı səninlə?..
    MƏHBUS:- Heç, elə-belə... Xeyir və şər haqqında ... söhbət edirdi...
    QADIN:- Hə... Maraqlıdır... Xeyir və şər... Di yaxın gəl... Əlini bura ver... Sən özün özünün düşməni imişsən ki?.. Öz canına belə qəsd edən adam, gör başqalarına necə zülm edər?!.
    MƏHBUS (əlini irəli uzadır):- Yəni sən məni doğrudan qəddar hesab edirsən?..
    QADIN (onun qolunu sarıya-sarıya çoxmənalı tərzdə):- Əlbəttə, sən çox qəddarsan. Yoxsa, özün bilmirsən bunu?..
    MƏHBUS:-Yox, bu barədə birinci dəfədir ki, eşidirəm... Özü də səndən...
    QADIN:-Ağrıtmır ki?..Yox?.. Çox güclü qolların var... (Geri çəkilir). Hə, bax belə... Tezliklə sağalarsan... Bir də belə fikrə düşmə ha!.. (Mənalı tərzdə). Ömrün, həyatın öz mənası var...
    MƏHBUS:- Deyəsən, doğrudan da biz hamımız eyni cür düşünməyə başlamışıq...
    QADIN:- Hamımız?..Yəni sən də, mən də...
    MƏHBUS:- Lap elə o da...
    QADIN:- Bir mahnı var... Orada da deyilir ki, biz hamımız eyni ölçüdə, eyni biçimdəyik. İstəyirsən oxuyum...
    MƏHBUS:- Sözlərini bilirsənsə, oxu...

    Musiqi.

    QADIN (oxuyur):-
    Biz hamımız bir biçimdə,
    Qovruluruq ah içində,
    Hamımız gunah içində,
    Tövbə gunahdan ucadır.

    Köçənləri soraqlama,
    Keçənlərə yas saxlama,
    Sən sabaha bel bağlama,
    Bu gün sabahdan ucadır.

    Ölüm-ömürün axırı,
    Ömür- ölümün paxırı,
    Allah - hər şeydən yuxarı,
    Vicdan Allahdan ucadır.

    KİŞİ:- Əla!.. Gözəl səsin var.
    QADIN:- Doğrudan? Xoşun gəldi?
    KİŞİ:- Sən müğənni də ola bilərmişsən...
    QADIN:- Yox... Mən səs mütəxəssisi deyiləm. (Gülür). Sən yaman fikirlisən... Daha doğrusu, yorğunsan... Bəlkə uzanıb dincini alasan...
    MƏHBUS:- Onsuz da mən gecə-gündüz yatıb dincəlirəm.
    QADIN:- Yatırsan?.. Bəs yuxu da görürsənmi?..
    MƏHBUS:- Görürəm...
    QADIN:- Yuxuda nə görürsən?..
    MƏHBUS:- Mən hər gecə eyni yuxunu görürəm. (Yavaş-yavaş gəzişir). Görürəm ki, göyün üzü ağappaqdır. Elə bil günün günorta vaxtıdır. Başımı qaldırıb yuxarıya baxıram. Nə görsəm yaxşıdır: ağappaq səmanın üzündə qapqara ulduzlar. O qara ulduzlar od tutub yanır və qapqara kösövə oxşayırlar... Ən qəribəsi budur ki, o ulduzlar sonra elə kösöv kimi də tüstülənməyə başlayırlar. Mən az qala hər gecə o tüstü- dumanın içində boğulur, qışqırır, sonrasa yuxudan hövlank ayılıram.
    QADIN:- Ayılıb nə görürsən?..
    MƏHBUS:- Nə görəsiyəm ki?.. Bomboz divarlar, çat-çat tavan, beton döşəmə...
    QADIN:- Bura bax...
    MƏHBUS:- Baxıram...
    QADIN:- Qulaq as... Heç ürəyindən keçir ki, buradan qaçasan?..
    MƏHBUS:- Yox... mən buradan heç yerə getmək istəmirəm. Bura mənim üçün əsl cənnətdir...
    QADIN:- Zarafatı boşla...
    MƏHBUS:- Nə zarafat?.. Məhbəsdə zarafat olar?
    QADIN:- Səni belə qorxaq bilməzdim...
    MƏHBUS:-Mən qorxaq yox, qorxulu adamam... Elə buna görə də qismətimə məhbəs həyatı düşüb...
    QADIN:- Sən qorxulu adamsan?..
    MƏHBUS:- Əlbəttə... Hamı bilir ki, mən təhlükəli caniyəm...

    Qadın seyfə yaxınlaşır.

    QADIN:- Cani...Cinayətkar...Özü də qaçmaq istəmir... Buranı özünə cənnət hesab edir... Ha-ha-ha...
    MƏHBUS:- Axı, cənnətdən kim qaçmaq istəyər?..

    Qadın seyfi açır. Gərgin musiqi.

    QADIN:- Buraya bax... Diqqətlə bax... Seyfdə nə görürsən?..
    KİŞİ:- Zülmət... Qaranlıq... Hə, nəsə parıldayır... Deyəsən, tapançadır...
    QADIN:- Götür...Qorxma... (Gülür). Cani!..
    KİŞİ:- Mənə silah lazım deyil...
    QADIN:- Sənə silah lazım deyil... Hım-m-m... Amma qaçmaq istəyirsən... Özü də necə. Yalın əllə?..
    MƏHBUS:- Qaçmaq istəyirəm? Sən bunu haradan bilirsən?..
    QADIN:- Bəlkə burada çürüyüb məhv olmaq istəyirsən?.. Götür!.. Götür silahı!.. Lazımın olar.
    MƏHBUS:- Mənə... silah gərək deyil...
    QADIN:- Bəyəm xilas olmaq istəmirsən?.. Mən səninlə ciddi söhbət edirəm...
    MƏHBUS:- İstəyirəm...
    QADIN:- Xilasın başqa yolu yoxdur... Səni ömrünün sonunacan burada saxlayıb çürütməkistəyirlər. Mən bunu dəqiq bilirəm. Ona görə də yaziğim gəlir sənə. Aciyiram sənin taleyinə... Mən əminəm ki, sənin heç bir təqsirin, günahın yoxdur. Sən əməli fəaliyyətə keçməlisən. Qulaq as... Götür bunu... (Tapançanı uzadır). İçində beş güllə var. Mən qapını açacağam. Sən çıxarsan... Orada- pilləkənin ayağında qarovulçu var. Çiyni tüfəngli dayanmağına baxma, qorxağın biridir. Səni əlisilahlı görsə sarısını udacaq... Əgər silaha əl atsa, atəş açarsan... Hətta, onun da tüfəngini ələ keçirə bilərsən! Sonra həyətə çıxarsan...
    MƏHBUS:- Yox...Yox...Mən insan öldürə bilmərəm.
    QADIN:- Yaxşı, onunla haqq-hesabı mən özüm çürüdərəm. Ay fərsiz, başa düş ki, indi silah sənə bir vasitə kimi lazımdır. Xilas olandan sonra onu atarsan zibilliyə... (Sakit tərzdə). Bildin?

    Məhbus nəsə fikirləşib əlini irəli uzadır, amma tərəddüd edir.

    MƏHBUS:- Yox...Yox... Lazım deyil...
    QADIN:- Götür deyirəm sənə!.. (Qışqırır). Götür!
    MƏHBUS:- İstəmirəm!..
    QADIN:- İstəmirsən? Onda əllər yuxarı!.. Üzünü də divara çevir!..

    Qadın silahı Məhbusun üstünə tuşlayır. Məhbus çaşıb qalır, əllərini asta-asta yuxarı qaldırır.

    MƏHBUS:- Sən nə edirsən?..
    QADIN:- Deməli, sən qaçmağa hazırlaşırsan? Özü də yalın əllə, hə?..
    MƏHBUS:- Silahın üzünü o yana çevir!..
    QADIN:- Nədir, lülənin zəhmi xoflandırır səni?..
    MƏHBUS:- Xahş edirəm... Sən niyə belə qəddarsan?..
    QADIN:- Dedim, əllər yuxarı!.. Madam ki, sən öz azadlığın üçün vuruşmursan, deməli, ölümə məhkumsan... Bura bax, sən necə vuruşa bilərsən başqasının azadlığı üçün?

    Qadın silahı şaqqıldadır,Məhbus qəfildən irəli cumub Qadını qucaqlayır, onun biləyindən bərk-bərk yapışır. Tapança Qadının əlindən yerə düşür. Məhbus əyilib tapancanı götürmək istəyir, Qadın onu qabaqlayır. Onlar əlbəyaxa olurlar. Məhbus Qadını sinəsinə sıxır. Onların hər ikisi tənginəfəs olur. Məhbus silahı götürüb cibində gizlədir. Musiqi. Qadın başını Məhbusun çiyninə qoyur. Məhbus Qadının saçını sığallayır. Qadın onu öpür.

    MƏHBUS:- Sən yəqin ki, zarafat edirdin...
    QADIN:- Mən sənin düz ürəyinə atmaq istəyirdim...
    MƏHBUS:- Doğrudan? Nə üçün?.. Nədir mənim ürəyimin günahı?..
    QADIN:- Sənin ürəyin... sənin ürəyin hissiyatını itirib...
    MƏHBUS:- İndi mən daha çox ağlımın dediyinə qulaq asıram, ürəyimin yox...
    QADIN:- Demək, sənin ürəyinin gözü kordur... Sən dünyaya ürəyinlə baxa bilmirsən... Sən bədbəxt adamsan...
    MƏHBUS (geri çəkilir):- Bəlkə də sən haqlısan...
    QADIN:- Amma sən iradəlisən, dözümlüsən...Mən bunu görürəm, hiss edirəm.
    MƏHBUS:- Düzünü bilmək istəsən, mən səndən qorxuram. Mən öz həyatımda ilk dəfədir ki, bu cür amansız qadın görürəm...
    QADIN:- Təkcə sən yox, elə mən özüm də özümdən qorxuram. (Gülür). Doğru sözümdür. Bir də ki, axı, sənə niyə elə gəlir ki, yalnız kişilər qəddar olmalıdır.
    MƏHBUS:- Bizdən asılı olmayaraq belə bir fikir qəbul olunub... Əslində mən hər cür qəddarlığın əleyhinəyəm... İstər kişi qəddarlığı olsun, istərsə də qadın... Amma...
    QADIN:- ...amma sən öz qəddarlığını dərk etmirsən...
    MƏHBUS:- Mən? Qəddarlıq?.. Bu barədə ilk dəfədir ki, eşidirəm...
    QADIN:- Özünü axmaqlığa qoyma...
    MƏHBUS:- Sən məni təhqir edirsən...
    QADIN:- Bağışla... Düşdüyüm bu mühit məni tamam ayrı adama çevirib...
    MƏHBUS:- Bəyəm əvvəllər ayrı cür olmusan?
    QADIN:- Ayrı cür deyəndə ki... Mən də bir vaxtlar qadın olmuşam.
    MƏHBUS:- Bəs indi qadın deyilsən?..
    QADIN:- Qadın... Bəlkə indi heç insan da deyiləm... Yox... Amma son günlər hiss edirəm ki, hər şey təzədən başlayır...
    MƏHBUS:- Hər şey təzədən başlayır? Yəni nədir dediyin o “hər şey”?..
    QADIN:- Mənim ətrafımdakılara, lap elə özümə olan münasibətim... Mənə elə gəlir ki, öz həyatımı təzədən yaşaya bilərəm... Bütün bunlar sənə qəribə gəlir, eləmi? (Pauza). Niyə susursan?.. Bir vaxt mən həqiqətən qadın olmuşam... Ana olmuşam... Ərim məni atıb gedəndən sonra bütün kişilərə nifrət etməyə başladım. Qərara aldım ki, onlardan qisasımı alacağam... Bəli, mən qisasçı qadın olmuşam... Elə bil ki, Allah yalvarışımı eşitdi. Burada işə düzəldim...
    MƏHBUS:- Və başladın kişilərdən qisas almağa?..
    QADIN:- Elədir... Düz deyirsən. Buraya düşəndən sonra nəinki kişilərlə, hətta qadınlarla haqq-hesab çürütməyə başladım...
    MƏHBUS:- Bəs sənin qadınlarla nə davan vardı ki?..
    QADIN:- Mən xoşbəxt qadın görəndə özümü bədbəxt hiss etmişəm. Nə qədər acı da olsa, bu, belədir. Mən indi səndən heç nəyi gizlətmirəm.
    MƏHBUS:- Mən səndən heç nə tələb etmirəm... Buna heç haqqım da çatmır...
    QADIN:- Amma mən istəyirəm ki, sən məndən tələb edəsən...
    MƏHBUS:- Nəyi?..
    QADIN:- Nəyi istəsən... Mən neçə vaxtdır ki, sənə göz qoyuram... Sənin böyüklüyünü hiss edirəm... Mən sənin qarşında özümü əski kimi mundar hesab edirəm...
    MƏHBUS:- Mənim qarşımda?..
    QADIN:- Bəli, sənin qarşında! Bəyəm hər şey sənin gözün qarşısında baş vrmir?.. Mənim qəddarlığım, mənim kobudluğum, əxlaqsızlığım...
    MƏHBUS:- Mən səni günahkar hesab etmirəm...
    QADIN:- Bilirəm, sən yenə mühiti, cəmiyyəti ittiham edəcəksən. Elədirmi?.. Ancaq bu mühiti yaradan biz özümüz deyilikmi? Hər cür alçaqlığa rəvac verən bizik, biz... Biz insanlar niyə bu cür əclafıq? Nə üçün bu qədər bədbəxtik?.. Niyə öz bədbəxtliyimizdən nəticə çıxarmırıq?.. (Qışqırır). Biz niyə beləyik, niyə?..

    Qadın hönkürüb ağlayır. Məhbus ona yaxınlaşır.

    MƏHBUS:- Sakit ol... Eşidərlər...
    QADIN:- Qoy eşitsinlər.

    Məhbus Qadının əlindən tutur.

    MƏHBUS:- Xahiş edirəm... Sakitləş...
    QADIN:- Mən ağladıqca yüngülləşirəm... Elə bil ürəyimin hisi-pası yuyulur... Təmizlənirəm. Bəlkə də sən bunu dərk etməzsən...
    MƏHBUS:- Mən hər şeyi anlayıram...
    QADIN:- Doğrudan?..Sən məni başa düşürsənmi?..
    MƏHBUS:- Əlbəttə...
    QADIN:- Mən bilirdim ki, gec-tez bu dünyada məni başa düşən bir insan övladı olacaq! Mən bilirdim bunu!.. Oy-y-y...

    Qadın qollarını açıb Məhbusun boynuna dolayır. Məhbus çaşır, döyükür, sonra Qadının başını sinəsinə sıxır.

    MƏHBUS:- Di, yaxşı...Gələn olar...
    QADIN:- Qoy gəlsinlər! Qoy görsünlər! Mən elə də qorxaq deyiləm! Hə, indi qulaq as mənə. (Kənara çəkilir). Artıq silah səndədir. Orada beş güllə var! Mən indi qapıları taybatay açıram. Sən aşağı enirsən. Başa düşürsənmi?... Aşağıda düz qapının ağzında gözətçi var. Sən onu vurursan...
    MƏHBUS:-Yox... Mən adam öldürə bilmərəm...
    QADIN:- Qorxma. Mən sənin arxanca gələcəyəm. Yaxşı, onun işini mən özüm bitirərəm... Sonra.... Qulaq as... Gözətçinin meyitini sürüyüb atarıq zirzəmiyə... Sonra yaxınlaşarıq ümumi qapıya. Orada iki cavan oğlan dayanıb... Postu qoruyurlar. Mən özüm danışaram onlarla... Əgər lazım gəlsə, orada silahdan istifadə edərsən. Axı, hələ dörd güllə olacaq ehtiyatda... İki güllə atarsan, qalar ikisi...
    MƏHBUS:- Mən insana güllə ata bilmərəm!
    QADIN:- Onlar insandır bəyəm?.. Sənin fikirləşməyə vaxtın azdır. Hərəkət etməlisən! Yoxsa bütün qalan ömrün bu soyuq divarların arasında çürüyüb gedəcək...
    MƏHBUS:-Yox...Yox...Mən bunu edə bilmərəm...
    QADIN:- Onda ver silahı!.. Mən özüm

    Məhbus silahı Qadına verir.

    MƏHBUS:-Yaxşısı budur silahı yerinə qoy.
    QADIN:- Silah sakit dura bilməz. O, azadlığa can atan adamın əlində necə susa bilər?..
    MƏHBUS:-Sən ki, azadsan...
    QADIN:- Xeyr... Azad deyiləm... Mənim ruhum qandaldadır...
    MƏHBUS:-Onu silah azad edə bilməz...
    QADIN:- Onu sən azad edə bilərsən, səninsə cismin qandallıdır. Mən səni azad edəcəyəm. Heç olmasa ömrümdə kiminsə bir işinə bircə dəfə də olsa yaramalıyam, ya yox?..
    MƏHBUS:- Dayan, bura bax...
    QADIN:- Eşidirəm...
    MƏHBUS:- Ver o silahı bura...
    QADIN:- Nədir, fikrini dəyişdin?..
    MƏHBUS:- Deyəsən...
    QADIN:- Axır ki, özündə iradə tapa bildin... Buyur!.. Gərək kişi cəsur olsun, qorxmaz olsun...

    Qadın tapançanı Məhbusa verir.

    MƏHBUS:- Çox sağ ol...Yəqin ki, işə yarayır...

    Məhbus silahı cibinə qoyur, gülümsəyib minnətdarlıqla Qadının üzünə baxır, onun saçını oxşayır. Qapı döyülür. Qadın tərəddüdlə ətrafa boylanır. Kişi daxil olur.

    KİŞİ:- Sizə nə olub? ... Hər ikinizin sifəti xoruz pipiyi kimi qıpqırmızı qızarıb... (Seyfə yaxınlaşır). Seyfin qapısı nə üçün açılıb?.. Kim açıb bunu?.. Niyə susursunuz? (Qadına). Bəs tapança hanı?.. Nədir, yoxsa mənimlə lal oyunu oynayırsınız? (Qadının qarşısında dimdik dayanır). Eşitmirsən, qancıq? Karsan?

    Kişi Qadına hücum çəkir. Məhbus irəli yeriyir.

    MƏHBUS:- Dayan!..
    KİŞİ:- Sən rədd ol, alçaq!..
    QADIN (Kişiyə):- Alçaq sən özünsən!..
    KİŞİ:- Nə?..

    Məhbus silahı çıxarıb lüləni Kişiyə sarı tuşlayır.

    MƏHBUS:- Rədd ol buradan!..
    KİŞİ:- Nə?.. Yaxşı... Oldu... İcazə verin gedim...
    QADIN (Məhbusa):- Sən onu haraya buraxırsan?.. Gicsən-nəsən?..
    KİŞİ:- O, xeyirxah adamdır. O, insana əl qaldıra bilməz...
    QADIN:- Bəs sən necə?.. Yoxsa sən də əl qaldıra bilmirsən?..
    KİŞİ:- Sənə nə olub?.. Nə hay-küy salmısan? Mən kişi ilə kişi söhbəti edirəm. O ki, qaldı əl qaldırmağa, onu sən daha çox incitmisən. Sən qəddar qadınsan... Heç əslində sən qadın da deyilsən...
    QADIN:- Bəli, mən qadın deyiləm. Elə sən də kişi deyilsən...
    KİŞİ:- Tamamilə doğrudur. İndi burada cəmi bir kişi var. Onunsa əli heç vaxt insan həyatına son qoya bilməz. Axı, o əsl insandır. (Diz çökür). O, insan öldürə bilməz... O, əlini qana bulamaz! Yox!..O heç vaxt...
    QADIN (Məhbusa):- Nədir?.. Niyə susursan?..
    KİŞİ:- Özü susur, deməli, silah da susacaq...
    QADIN:- Xeyr, o silah dillənəcək...
    MƏHBUS:- Hamınız çıxıb gedin...
    QADIN:- Arxadan atmaq istəyirsən?..
    KİŞİ:- Yox, o kürəyi nişan alanlardan deyil. (İməkləyir). Axı, o kişidir...
    QADIN:- Amma sən özün neçəsini arxadan güllələmisən...
    KİŞİ:- Bizdə güllələnmə çoxdan ləğv olunub... Mən necə adam güllələyə bilərəm axı?
    MƏHBUS:- Gedin...

    Bayırdan güllə səsi eşidilir. Hamı diksinir.

    QADIN:- Güllələnmə çoxdan ləğv olunub. (İstehza ilə). Bəs bu nədir?..
    KİŞİ (cəld ayağa durub seyfdən qovluğu götürüb baxır):- Bu, hansı idi?..
    QADIN:- Kürən kişi...xəstədir...
    KİŞİ:- ...xəstə idi. Yəqin qaçmağa cəhd göstərib.
    QADIN:- Elə adamları bu adla güllələyirlər burada. Deyəsən, sən də qaçmağa cəhd göstərirsən...
    KİŞİ:- Yox... Mənim qaçmaq fikrim yoxdur.
    MƏHBUS:- ...onun qaçmaq fikri yoxdur.
    QADIN (Məhbusa):- Sən kimi, nəyi gözləyirsən?..
    KİŞİ:- O?.. O, kimi gözləyəsidir ki?.. O, sadəcə olaraq öz vicdanının səsinə qulaq asır.
    QADIN:- Bəs sən?..
    KİŞİ:- Mən... mən... mədəmin səsinə...
    MƏHBUS:- Xahiş edirəm, gedin...
    KİŞİ:- Xahiş edirəm, atma... Mənim sənə böyük hörmətim, rəğbətim, məhəbbətim...
    MƏHBUS:- Get! Rədd ol buradan!..
    KİŞİ:- Onda mən gedim, bu qalsın. (Qadına). Sən qal burada... Onu sev, əyləndir... O, gözəl insandır... O, Prometeydir...O, şəri məhv eləyən xeyirdir... Əsl insandır! Əsl kişidir!..
    QADIN:- Bəs sən kimsən?..
    KİŞİ:- Mən?.. Mən heç nə... Bu dünyada “heç nə”nin olub-olmamasının kiməsə bir dəxli var, ya yox?.. Məncə, yoxdur! (Məhbusa). Elə deyilmi?.. Bəlkə səhv edirəm?.. Mən heç nəyəm, heç nə!..
    QADIN:- Sən hamını “heç nə” etmək istəyirsən...
    KİŞİ:- Yox...Yox...Elə deyil... Sən səhv edirsən... O, mənə icazə verir... Gedə bilərəm. Mən gedim, sən qal... Siz qalın burada... Sevişin özünüzçün. Orada içki də var... Lap gedim yemək də gətirim sizə. Doğru sözümdür, hər ikiniz inanın mənə...
    QADIN:- Alçaq...
    MƏHBUS:- Çıxın gedin... Rədd olun.
    KİŞİ:- İkimiz də gedək? Yox, qoy o qalsın...
    QADIN (Kişiyə):- Sən heç yerə getməyəcəksən! (Məhbusa). Sən nəyi gözləyirsən? Qorxaq! Maymaq!.. Tapançanı bura ver!
    KİŞİ (Məhbusa):- Yox, yalvarıram, silahı vermə ona...
    QADIN:- ...bura ver tapançanı, qoy mən özüm...
    KİŞİ:- Vermə!.. Bu qadın ağlını itirib. O, ikimizi də güllələyəcək...
    MƏHBUS:- Çəkilin!
    KİŞİ:- Atma!..
    QADIN:- Sənə deyirəm, mənə ver silahı! (Məhbusun üstünə cumur). Qorxaq!..
    MƏHBUS:-Çəkil!.. Yaxınlaşma mənə!

    Kişi uzaqlaşmaq istəyir. Atəş səsi eşidilir. Kişi və Qadın yerə sərilirlər, elə bilirlər ki, Məhbus onlara atəş açıb. Amma Məhbus özünü vurub; o, yavaş-yavaş dizi üstə çökür. Kişi ayağa durub divara söykənir, sonra irəli cumub silahı götürür, dəlicəsinə qəhqəhə çəkir. Qadın Məhbusa yaxınlaşıb onun başını dizinin üstünə qoyur. Sonra ayağa durubirəli yeriyir, dəmir şəbəkədən yapışıb yuxarı boylanır. Musiqi.

    QADIN:- Göyün üzünü tüstü bürüyüb... Uzaqda ulduzlar qaralır. Deyəsən, ulduzlar od tutub yanır...
    KİŞİ:- Ha-ha-ha! Ha-ha-ha!

    Musiqi sədası get-gedə azalır.
    PƏRDƏ

    SON





















    ÜÇ CANAVAR
    (dörd bölmədən ibarət pyes içində pyes)

    İştirakçılar:

    ODQAPAN (MARIQ)
    MƏRDANƏ (QIVRAQ)
    DOSTANƏ (BOZAQ)


    Proloq əvəzi
    Canavar yaxud qurd (lat. Canis) — yırtıcı, it cinsindən olan məməli heyvan. Ciddi elmi tədqiqatlar sübut edir ki, canavarlar indiki ev itlərinin ulu valideynləri olmuşlar. Canavarın qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanlarıdır. Qışda əsasən dırnaqlı heyvanlar, yayda isə xırda onurğalılar, habelə həşəratlarla və meyvə gilələri onların qida rasionunu təşkil edir.
    Adətən, yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər.
    Canavarlar ilkin pleystosen mərhələsində- 1 800 000 il əvvəl meydana gəlmişdir. Mitoxondrial DNK-nın tədqiqi müəyyən etmişdir ki, canavarların ən azı 4 genioloji xətti var ki, onlardan da ən qədimi gecikmiş pleystosen mərhələsinə aid olan Afrika xəttidir. Ən son xəttdə tibet canavarları meydana gəlmişdir. Canavarın boğazlıq (hamiləlik) müddəti 63-65 gündür. 5-6 bala doğur. Balalar cütləşmədən iki ay sonra dünyaya gəlir. Bala dünyaya gələnə qədər erkək canavar dişisinin rahatlığı üçün əlindən gələni edir. Bunun üçün əvvəlcə erkək, yerin altında bir yuva düzəldir və yorulmadan yuvanı və yuvaya gedən lağımı qazmağa başlayır. Lağımın uzunluğu adətən 9-10 metr olur. İşini başa çatdırdıqdan sonra isə hamilə yoldaşını yeraltı yoldan keçirərək yeni "ev"inə aparır. Burada onu hər cür təhlükədən mühafizə edərək 2 ay müddətində öz dişisinə qulluq edir. Erkək qurd gecələr ova çıxır, əlinə nə keçirsə, toxunmadan dişisinə gətirir. Beləcə, 2 ayın tamamında bala dünyaya gəlir. Daha doğrusu, balalar. Çünki qurdların bir dəfəyə 4-dən 10-a qədər balası olur.
    Balalar doğulduğu zaman gözləri görmür. Çəkik, mavi gözlər qurd balası doğulduqdan doqquz gün sonra gün işığını görməyə başlayır. Başlanğıcda balalarını ana südü ilə qidalandıran ana, iki həftə sonra onları süddən kəsir. Bundan sonra isə qəribə bir qidalanma taktikası başlayır. Balaların dişləri çıxmadığından, həmçinin mədələri möhkəm qidaya hazır olmadığından ana qurd mədəsindəki yarı həzm olunmuş qidaları qusaraq balalarını bununla doyuzdurur. Bir müddət sonra isə onlara erkəyi ilə bərabər yedikləri yeməkdən verməyə başlayır. Balalar 3 həftəliyində ana və ata birlikdə balaları yuvadan çölə çıxarır və onlara bundan sonra gündəlik həyata qatılaraq ovlamağı, başlarına çarə qılmağı öyrədirlər.
    Qurdlarda balası olan qurd ailəsinə çox qəribə bir diqqət olur. Məsələn, balaları olan erkək qurd bir gün ov tapa bilməmişsə, o günü ətrafdakı qohum və qonşu qurdlar öz ovlarından həmin ailəyə pay aparırlar.
    Qurdların arasında ailə bağları çox qüvvətlidir. Dişisi və balaları yuvada yatdıqları zaman erkək qurd bir təpənin başında oturaraq keşik çəkir. Hər hansı bir təhlükə hiss etdiyi anda isə ilk öncə kəsik-kəsik hürərək ailəsinə xəbər edir, daha sonra ucadan ulayaraq düşməni uzaqlaşdırmağı bacarır.
    Balalar böyüyənə qədər ailədə bol sevgi nümayişi gözə dəyir. Ailənin bir üzvü tələyə düşmüş olsa, qohumları onu qurtarmaq üçün əllərindən gələni edərlər.
    İnkişafa qaldıqda isə dişi qurdlar erkəklərə nisbətən daha tez böyüyürlər. Erkək üç yaşından əvvəl yetkin sayılmasa da, iki yaşındakı dişi artıq bala doğmağa hazır olur. On- on iki yaşına çatmış qurd qocalmağa başlayır və qurdların ən uzun ömürlüsü 20 yaşına qədər yaşayır.
    Onların bədənin uzuqluğu 100-160 Quyruqsuz) santimetr, quyruğu 30-60 santimetr, hündürlüyü 80-100 santimetr. Çəkisi 30 - 80 kiloqram. Baş və sifətləri uzunsovdur, dişləri iti, böyük qılıqcıqlıdır. Qulaqları dik və sivridir. Çox iti iybilmə qabiliyyətləri vardır, onlar 1,5 kilometr məsafədən iyi hiss edə bilirlər. Tükü boz, qışda yaya nisəbətən daha qalın olur. Erkək canavar dişidən iridir. Səhralardan tutmuş yüksək dağ ərazilərinədək məskan sala bilirlər.
    Gecə vaxtı fəaldırlar, ərazidə yaşayan bütün heyvanlarla qidalanırlar. Ac canavar 10 kiloqram ət yeyə bilər, adi sutka normasını isə 2-6 kilqram təşkil edir. Cütləşdirmə vaxtından başqa, canavarlar 6-10 fərddən ibarət olan sürülərlə yaşayırlar. Sürüdə ierxiyaya ciddi riayət edilir. Sürünün başçısı əksər halda erkək olur ("alfa" canavarı). Sürüdə onu dik duran quyruğundan tanımaq olar. Dişiklər arasında da "alfa- canavarı" vardır, o, adətən sürü başçısından qabaqda gedir. Təhlükə olanda və ya ov vaxtı, "alfa" canavarı sürüyə başçılıq edir.
    İerarxiya pilləkənın aşağı pilləsində sürü üzvləri və tək canavarlar yerləşir. Ən aşağı pillədə isə böyümüş bala canavarlar qərarlaşırlar, onlar yalnız iki ildən sonra sürünün üzvü olacaqlar. Böyük canavarlar daim başçı canavarların gücünü yoxlayırlar. Nəticədə, böyümüş canavarlar ierarxiya pilləkanın yuxarı pillələrinə qalxır, qoca canavarlar isə aşağı pillələrdə özlərinə yer tuturlar. Bu cür inkişaf etmiş sosial strukturu ovun effektivliyini daha da artırır.
    Canavarlar heç vaxt öz qurbanlarını güdmürlər, onu ancaq qovurlar. Heyvanı təqib edərkən, canavarlar kiçik qruplara bölünürlər. Tutulmuş heyvan sürüdə oynadığı rola əsasən sürü üzvləri arasında bölünür. Ovda iştirak edə bilməyən qoca canavarlar, sürünün arxası ilə gedir və qalan yeməklə kifayətlənirlər.
    Canavarlar təbiətdə yeganə canlı varlıqlardı ki, erkək dişiyə, yaxud da əksinə, xəyanət etmir. Onlardan biri öldükdə dıgəri dəstədən ayrılır, ömrünün sonuna qədər də tənha yaşayır və yalquzağa çevrilir.
    Canavarların çox maraqlı və pozulmaz “qanunları” var. Onlar həmin “qanunlardan” kənar addım atmırlar. Qaydaları pozan canavarı dəstənin qarşısında digər qurdlar parçalayar. Canavar dəstəsinin başçısı bütün mənalarda dəstə üzvlərindən çevik olur. Görəndə ki, qocalıb, dəstədə ondan bacarıqlısı var, “əmr verir” dəstə üzvləri onu parçalasınlar. Bundan sonra dəstənin qabağına uzanır. Dəstə üzvləri bu “əmri” yerinə yetirməyə borcludurlar.
    Tədqiqat(çı)lar göstərir ki, meşələrdə, dağlarda heç vaxt canavar leşinə rast gəlmək olmur. Çünki canavarlar hansısa səbəbdən ölümcül vəziyyətdə olan qurdların leşini təbiətə buraxmır, onu yeyirlər ki, onun təbiətdə izi qalmasın.
    Canavar ən təkmilləşmiş yırtıcıdır. O, maşından, silahlı adamdan və s. asanlıqla qoruna və gizlənə bilir. Bəzən yaxınlıqda olan sürünün hesabına qidalandıqdan sonra daha ona yaxın gəlmir.
    (Ensiklopedik məlumat kitablarından)
    p.s. Canavarları həyatından bəhs edən bu kiçik parça (məlumat) tamaşanın başlanğıcında ekranda yazılı şəkildə və ya “qaçan sətirlərlə” təqdim oluna bilər. Əgər belə bir texniki imkan olmazsa, həmin mətnin səhnə arxasından oxunması da məqbuldur. Bu işi başqa qaydada- proqram və ya press-relizdə yazılmaqla da həyata keçirmək olar...
    p.p.s. Daha sərfəli bir variant da var: əsəri tamaşaya hazırlayan rejissor məşqlər boyu Odqapanın dili ilə canavarların başlıca əlamət və cəhətlərini bu mətn vasitəsi ilə izah edə bilər.


    1.“Dərə”
    Mədəniyyət evinin səhnəsi. Yığcam dekorasiya: ağaclar, uzaqda meşə, kaha, çay.
    Mərdanə və Dostanə ayaq üstə.
    Onlar uşaqlar üçün hazırlanan bir alleqorik tamaşanın məşqini etməyə hazırlaşırlar.

    Mərdanə. Ağlın bu işdən nə kəsir?
    Dostanə. Eh, mənim ağlım var ki? Ağlım olsaydı...
    Mərdanə. Ağlına nə gəlib ki? Maşallah...
    Dostanə. Ağlım olsaydı, elə vaxtında doğrudan da artis olardım. Əsl artist... Ta mədəniyyət evinin belə həvəskarı yox... Bilirsən, nə səsim vardı?
    Mərdanə. Sənə kim mane oldu?
    Dostanə. Ərim ölmüş qoydu ki, olum? Dedi ki, oxuyan-oynayan qadınlardan zəhləm gedir.
    Mərdanə. Hə, onda sən aktyor yox, müğənni olmaq istəyirmişsən.
    Dostanə. Nə fərqi var ki? Elə hər ikisi artistdir də...
    Mərdanə. Fərqi çoxdur... Müğənnilər yaxşı pul qazanır, aktyorlarsa quru maaşa baxır.
    Dostanə. Bilirəm. Amma bilirsən ərim məni kimə görə boşadı?
    Mərdanə. O, boşadı, ya sən özün boşandın?
    Dostanə. İndi bunun bir fərqi var ki? Yox...
    Mərdanə. Düz deyirsən. Fərqi yoxdur... Yaxşı, onda sual belə olsun: bəs nə üçün boşandınız?
    Dostanə. Mərdanə, vallah, desəm, gülməkdən ölərsən. (Gülür). Bəlkə də inanmazsan...
    Mərdanə. De, mən də görüm gülməlidir, ya yox...
    Dostanə. Oxuyanları bəyənməyən ərim, görüm onun papağı yerə girsin, məni boşayıb oxuyanla evləndi.
    Mərdanə. Oxuyanla? O, kimdir elə, ay dostanə?
    Dostanə. Müğənnidir. Toylarda oxuyan bir gözəlçədir.
    Mərdanə. Doğrudan da gülməlidir. (Gülür). Görünür, bu da bir dəbdir. İndi adamlar nifrət etdiklərini daha çox sevirlər.
    Dostanə. Vallah, sənin dediyindən heç nə anlamadım. Çox qəliz danışırsan.
    Mərdanə. Ola bilər. Bəzən çox sadə şeylər mürəkkəb görünür. (Gülür). Yaxşı, balam, bu Odqapan harada qaldı görəsən?
    Dostanə. Bilmirəm. Dedi ki, tez qayıdacam.
    Mərdanə. Bəlkə o, gələnəcən məşqlərimizi edək?
    Dostanə. Hə, də... Vaxtımızı niyə itiririk?
    Mərdanə. Başlayaq?
    Dostanə. Başladıq.
    Mərdanə. Qoy bir canavarın maskasını, pal-paltarını geyim. Maskasız olmaz...
    Dostanə. Düz deyirsən. Yoxsa canavar bizdən inciyər...
    Mərdanə. Hə, başladıq.
    Dostanə. Reepplika...

    Musiqi. Onlar cəld canavar maskasını və əlbəsəsini geyirlər.

    Mərdanə. Mən neçə gündür ki, acam.
    Dostanə. Hələ məni demirsən, bacılı. Bir azdan soyuqlar düşəcək. Səni deyə bilmərəm, amma mən isti havalarda düz-əməlli yeməyəndə soyuq havalarda çox pis hala düşürəm.
    Mərdanə. “Pis hal” sən nəyə deyirsən axı?
    Mərdanə. Yəni qışda tez-tez xəstələnirəm, qar yağanda elə hey burnumun suyu axır.
    Dostanə. Onda sənə baxanda mən xeyli dözümlüyəm ki... (Gərdiş edir). Bəzən günlərlə dilimə ət dəymir, amma birtəhər dözürəm.
    Mərdanə. Dözsən yaxşıdır. Bir də ki, nə edə bilərik? Biz elə əzəldən dözümlü heyvanlarıq.
    Dostanə. Yenə əvvəllər birtəhər yaşamaq olurdu. Bizim sürünün başçısı Təkgöz olanda ovlanan heyvanlardan hərəmizə bir tikə düşürdü. Amma indi...
    Mərdanə. Amma biz bu Topalı özümüzə başçı seçiləndən sonra hamımız ac qalırıq.
    Dostanə. Əvvəla, hamımız yox. Çünki indi də hər gün təzə ət yeyənlər də var. İkincisi də onu biz başçı seçməmişik ki. Tay-tuşları, yaxın dostları seçib. Bizim sürüdə qayda belədir: yalnız güclüləi başçı seçirlər.
    Mərdanə. Bunu bilirəm. Əslində elə bütün sürülərdə başçı belə seçilir. İş burasındadır ki, sənin bu Topal qonşun yalnız öz barlalarını, bir də yaxın dostlarını düşünür.
    Dostanə. Düz deyirsən, Təkgöz bundan yaxşı idi.
    Mərdanə. O, çox yaxşı canavar idi. Gözü tək olsa da, hamımıza eyni gözlə baxırdı.
    Dostanə. Onun vaxtında qanun-qayda vardı. Sağlam, güclü canavarlar hər gecə ova gedər, heç vaxt da əliboş qayıtmazdılar.
    Mərdanə. Elə biri mənim ərim... Heç bilirsən, o, necə rəhmli, ürəyiyumşaq qurd idi.
    Dostanə. Bilirəm. Özü də dost, qohum, qonşu qədri bilən idi.
    Mərdanə. Ərim öz ovunun boğazından yapışıb çiyninə atar, düz bibaşa Təkgözün yuvasının ağzına gedərdi. Təkgöz də hərənin payanı necə lazımdı bölərdi. Eh, o vaxt etibar, sədaqət vardı. (Mərdanəyə yaxınlaşıb “pəncəsini” onun çiyninə qoyur). İndi hanı elələri?Vaaaar? Varmı, ay Qıvraq?
    Dostanə. Yooox... Beləsi nə gəzir, ay Bozaq? İndikilər əllərinə bir şey düşən kimi ya birbaşa ya Topalın yuvasına gedir, ya da ovu elə yoldaca gəmirib həzm-rabedən keçirirlər.
    Mərdanə. Ta fikirləşmirlər ki, bu ac canavarlar da yemək istəyir; onların xəstəsi var, əlili var, zəlili var, körpəsi var...
    Dostanə. Dişisi var, ikicanlısı var.
    Mərdanə. Topal ovu təkbaşına yeyənlərə ağır cəza verir.
    Dostanə. Təkgösə belə şeyə dözmürdü.
    Mərdanə. Təkgöz ovu sürüdən xəlvət yeyənlərə divan tuturdu. Amma Topal ovu ondan xəbərsiz yeyənləri cəzalandırır. Deyir ki, birinci mənim payımı gətirməli, sonra özünüz yeməlisiz.
    Dostanə. Bizim kimi qorxaqlara bu da azdır.
    Mərdanə. Biz nə edə bilərik ki?
    Dostanə. Məsələ təkcə bizdə deyil ki. Tutaq ki, biz zəif cinsə aidik. Bəs o cavan, güclü, erkək canavarlara nə deyirsən?
    Mərdanə. Onlar Topaldan çəkinir.
    Dostanə. Niyə?
    Mərdanə. Bəyəm bilmirsən niyə? O, hər yuvanın ağzına özünün bir dostunu qoyub. Kim öz mağarasında bir balaca narazı-narazı mırıldanırsa əlüstü ona, o zalım Topala xəbər verirlər. O da belələrinin yemini kəsir.
    Dostanə. Elədir. Görəsən, ona niyə Topal deyirlər? Axı ayaqları güclü, qolları qüvvətlidir.
    Mərdanə. Bəli, o, hələ çox güclüdür. Tapal onun adı deyil ki?
    Dostanə. Bəs nəyidir?
    Mərdanə. Bu, onun soyadıdır...
    Dostanə. Bıy... Nə yaxşı dedin. Mən bunu bilmirdim. Yaxşı, bəs onun öz adı nədir?
    Mərdanə. Becit...
    Dostanə. Belə de... Becit? Deməli, Becit Topal. Həm becitdir, həm topal. Pis səslənmir.
    Mərdanə. (Ucadan). Yaşasın əzizimiz Becit Topal.
    Dostanə. Anlamadım. Bu, nə üçündür?

    Zəng səsi. Dostanə telefonu götürüb dinləyir. Sonra trubkanı yerinə qoyur.

    Dostanə. Odqapandır. Dedi ki, məşqinizi edin, bir azdan gəlirəm.

    Onlar maskalarını çıxarırlar.

    Mərdanə. Sənin xoşuna gəlir bu rol?
    Dostanə. Canavarı deyirsən?
    Mərdanə. Hə də... Əlbəttə, canavarı deyirəm.
    Dostanə. Əsl mənim rolumdur. Narazılıq üçün bir əsas yoxdur.
    Mərdanə. Doğrusu, bu cür rolları xoşlamıram. Hayıf deyil Dezdemona, Ledi Maqbet, Ofeliya... Yosa bu nədir, canavar, tülkü...
    Dostanə. Mən isə, əksinə, elə bu cür alleqorik rolları sevirəm. Artıq adamları oynamaqdan bezmişəm. Heyvanat aləmi daha maraqlıdır.
    Mərdanə. Mən ta bu cür rollarda çıxış etməyəcəm. Odqapana da demişəm.
    Dostanə. Bəs o, nə dedi? Razılaşdı səninlə?
    Mərdanə. Dedi ki, tələsmə, səbrli ol... Mənimki faciə rollarıdır. Mən klassik rolları sevirəm.
    Dostanə. Mən isə bu cür rolların ölüsüyəm... Bilirsən bu əsərlərdə necə sətiraltı mənalar olur?
    Mərdanə. Mən üstüörtülü söhbətləri sevmirəm. (Gülür). Mən aşkarlıq adamıyam.
    Dostanə. İndi aşkar sözü yalnız üstüörtülü demək olar.
    Mərdanə. Yox ey, söhbət indiki, yaxud gələcək dövrdən getmir ki... Mən, ümumiyyətlə, sənətdən danışıram.
    Dostanə. Eh, Mərdanə, indi əsl sənət var ki? Hərdən düşünürəm ki, yəqin elə bütün dövrlərdə bu cür olub.
    Mərdanə. “Bu cür”, yəni nə cür?
    Dostanə. Yəni sənət bir az eyhamlı, sirli olmalıdır.
    Mərdanə. Sən eyham nəyə deyirsən ey?
    Dostanə. Məsələn, hansısa aktrisanın rejissora gizli eyhamı. (Gülür). Axı belə şeylər olur.
    Mərdanə. Əlbəttə, olur. Yəqin ki, sən rejissor deyəndə Odqapanı nəzərdə tutursan.
    Dostanə. Zarafat edirəm. Mərdanə, görəsən, o, niyə məhz bu əsəri seçib?
    Mərdanə. Nə bilim, ay Dostanə? Yəqin ki, xoşu gəlib, ona görə.
    Dostanə. Yox ey, burada çox incə mətləblər var.
    Mərdanə. Düzü, mən elə bir qeyri-adi bir şey görmürəm bu tamaşada.
    Dostanə. O, dul canavarlar çox qeyri-adi personajlardır.
    Mərdanə. Nə mənada?
    Dostanə. Düzü, bu əsərdə mən az qala öz mühitimizi görürəm...
    Mərdanə. “Dul canavarlar”... Amma bunu yaxşı dedin.
    Dostanə. Elə oradakı erkək canavar da duldur.
    Mərdanə. Hə də... Onun da arvadı ölüb...
    Dostanə. Əslində erkək canavar gec-tez evlənməli idi. Amma o, nədənsə bu iki dul canavarın heç birinə gözünün ucu ilə də baxmır.
    Mərdanə. Dostanə, yəqin ki, sən canavarların həyat tərzinə bələd deyilsən.
    Dostanə. Etiraf edim ki, yox.
    Mərdanə. Arvadı ölən erkək canavarlar heç zanan təzədən “evlənmək” eşqinə düşmür. Bu, canavar aləmində qəti qadağandır.
    Dostanə. Doğrudan? Allahın canavarına bir bax ey. Əsl sədaqət bax budur. Bəs onda sən niyə bəyənmirsən belə bir əsəri? Gəl Odqapan gələnəcən məşqimizi davam etdirək.
    Mərdanə. Yaxşı, məşq edərik. Bir mənə de görüm Odqapan nə üçün Topal rolunu heç kəsə vermir?
    Dostanə. Məncə onun gizli bir planı var.
    Mərdanə. O, nə plandır elə?
    Dostanə. Öz aramızda qalsın, Topal rolunu Odqapan özü oynamaq istəyir.
    Mərdanə. Sən bunu haradan bilirsən?
    Dostanə. Bilirəm də. (Eyhamla). Guya sən özün bilmirsən bunu?
    Mərdanə. Mən belə şeyləri bilmərəm. (Eyhamla). Mən hələ uşaqğam sənin yanında.
    Dostanə. Amma çoxbilmiş uşaqsan ha...
    Mərdanə. Ta demə...
    Dostanə. Odqapan bu gün yaman bəzənib-düzənmişdi. (Eyhamla). Görəsən, nə olub?
    Mərdanə. Mən haradan bilim? Hələ uşağam belə şeyləri bilmərəm.

    Onlar bir-birlərinin çiyninə vurub gülüşürlər.

    Dostanə. Ay qız, gəl məşqimizi edək. Niyə vaxt itiririk?
    Mərdanə. Mən hazır. Reepplika...

    Musiqi. Qızlar maskaları geyirlər. Odqapan gəlir. Qızlar maska və əlbəsələri soyunmaq istəyirlər.

    Odqapan. Salam. Bağışlayın, gecikdim bir az. Dayanın. Əl saxlayın. Əlbəsələri, maskaları nahaq soyunursuz. Məşqimiz davam edəcək.
    Dostanə. Salam. Eybi yox, maskaları geyməyə nə var ki?
    Odqapan. Dedim ki, yox, maskaları çıxarmayın. (Əlini onların çiyninə qoyub gülür). Özü də bu geyim sizə çox yaraşır.
    Dostanə. Doğrudan?
    Odqapan. Həqiqi sözümdür.
    Mərdanə. Odqapan, necəsən?
    Odqapan. Təşəkkür edirəm. Pis deyiləm.
    Dostanə. Biz bir xeyli məşq etdik.
    Odqapan. Düz etmisiz. Gərək tempi artıraq. Gəlin, məşqimizi davam etdirək. Bayaq harada qalmışdınız? Replika.
    Dostanə. Məstanə, de gəlsin.
    Odqapan. Reepplika...
    Mərdanə. Deyim də. (Ucadan). Yaşasın əzizimiz Becit Topal.
    Dostanə. Anlamadım. Bu, nə üçündür?
    Mərdanə. Qoy eşidənlər elə bilsin ki, biz doğrudan da öz Becit Topalımızı sevirik.
    Dostanə. Hə. Bildim. İşini ehtiyatlı qurursan. Sən məndən ağıllısan.
    Dostanə. Sən nə fikirləşirsən?
    Mərdanə. Deyirəm, bəlkə özümüz gedək ova? Yollara bələdəm bir az. Axı mən ərimlə o vaxt bir-iki dəfə ovda olmuşam.
    Mərdanə. Amma mənim ərim bir az ayrı cür canavar idi. Məni qətiyyən ova aparmazdı. Ona görə də mən yolları yaxşı tanımıram. Bilmirəm xatırlayırsanmı, o, ova sonuncu dəfə sənin ərinlə getmişdi.
    Dostanə. Mənimki yaralanıb qayıtdı.
    Mərdanə. Yadımdadır.
    Dostanə. Hər ikisini o zalım ikiayaqlılar vurmuşdu.
    Odqapan. Dostanə, dayan. Bu rolu belə oynamaq olmaz. Sən bu “ikiayaqlılar” sözünü elə deməlisən ki, tamaşaçılar sözün kimdən getdiyini bilməlidirlər. Davam edirik.
    Mərdanə. Sənin ərin bir müddət yaşadı.
    Dostanə. Eh. O, yaşamaq deyildi ki? Səhərdən-axşamacan ağrıdan ulayırdı.
    Mərdanə. Yazıq, yazıq. Bilirəm, o, səni çox istəyirdi.
    Dostanə. Nə olsun ki, istəyirdi? Ulaya-ulaya öldü. Mən dul qaldım. İndi az qala sahibsiz, kimsəsiz bir yalquzağam.
    Mərdanə. Təki övladlarının, o gözəl qurd balalarının başı sağ olsun.
    Dostanə.Onlar hələ çox körpədirlər. Hələ ov edə bilmirlər.
    Mərdanə. Gərək özünlə aparasan. Öyrədəsən, başa salasan. Qoy indidən bilsinlər ki, canavar həyatı sürmək nə deməkdir.
    Dostanə. Bir az böyüsünlər, sonra.
    Mərdanə. Mənimsə övladım olmadı. Ərimi tez itirdim.
    Dostanə. Bu Becit Topalsa bizə bir gün ağlayan deyil.
    Mərdanə. Yəqin fikir vermisən, Topal özü çox sağlamdır, amma arvadı əldən düşüb.
    Dostanə. Ona dil verən, yol göztərən elə onun o əldəndüşmüş arvadıdır. Arvad ölsə Topal da öləcək.
    Mərdanə. Görəsən Topaldan sonra kim başçı olacaq bizdə?
    Dostanə. Deyirlər ki, gələcək başçımız sənin qonşun Marıq olacaq. O, başçı olsa, bəlkə bizə də bir şey düşə. Axı Marıq ürəyiyuxa heyvandır.
    Mərdanə. Elədir, bəli. Mən ona çoxdan göz qoyuram.
    Dostanə. Doğrudan?.. (Eyhamla). Xeyir ola.
    Mərdanə. Niyə sən hər şeyə bir məna verirsən. Mən ona bir qonşu kimi çox hörmət edirəm.
    Dostanə. Mən nə deyirəm ki? Hörmər elə də... Bu, sənin öz işindir. Elə mən də onun xətrini çox istəyirəm.
    Mərdanə. Bu da sənin öz işindir... Hərənin öz ağlı var...
    Odqapan. Mərdanə, sən də bu sözləri eyhamla deməlisən. Davam edin. Bir az temp olmalıdır. Soyuq, sakit danışmaq olmaz. Temp, temp, temp. Hə, deyin gəlsin.
    Dostanə. Qıvraq, bir ora bax.
    Mərdanə. Nə var orada?
    Dostanə. O, Marıq deyil bəyəm?
    Mərdanə. Hə, o özüdür, ay Bozaq. Yuvasının ağzında gərdiş edir.
    Dostanə. Görürsən, nə güclüdür.Onun nəfəsi hətta uzaqdan da eşidilir. Eşq olsun Marıqa.
    Odqapan. Hə, burada sizin dialoqunuz başa çatır. Bu yerdə Marıq gəlməlidir. (Ətrafa göz gəzdirir). Hələlik Marıqı mən özüm məşq edəcəm.
    Dostanə. Doğrudan?
    Mərdanə. Oy, nə yaxşı.
    Dostanə. Bu, mənim ürəyimə dammışdı.
    Mərdanə. Elə mənim də.
    Odqapan. Hanı Marıq canavarın maskası?
    Dostanə. (Rəfdən maskanı götürüb Odqapana verir). Budur. Sənin maskan buradadır.
    Odqapan. (Maska və əlbəsəni geyə-geyə). Hə, necədir, yaraşır mənə? Əsl canavara oxşayıram?
    Mərdanə. Əlbəttə, oxşayırsan.
    Dostanə. Allah eləməsin. Canavar nədir? Ən qorxduğum heyvandır.
    Mərdanə. Qorxma. Bizim Marıq kimi arxamız var.

    Odqapan maskanı taxıb diqqətlə ətrafı süzür.

    Odqapan. Replikanı deyin görüm.
    Dostanə. Görürsən, nə güclüdür. Onun nəfəsi hətta uzaqdan da eşidilir. Eşq olsun Marıqa.

    Odqapan səhnənim dərinliyinə çəkilib iri addımlarla gərdiş edir.

    Dostanə. Bir ona bax, bizə sarı gəlir.
    Mərdanə. Yaxşı, indi biz nə edək? Qaçaq?
    Dostanə. Niyə qaçırıq ki? O, çox mehriban canavardır.

    Odqapan qızlara yaxınlaşır.

    Odqapan. Salam. Yaxşı, bir deyin görüm siz burada nə edirsiniz?
    Mərdanə. Heç... Elə-belə... Meşəyə baxırıq. Gözəl havadır.
    Odqapan. Ac qarınla gözəl havadan bir şey çıxmaz.(Gülür). Düz demirəm?
    Dostanə. Bəli. Elədir. Düz buyurursuz.
    Mərdanə. Amma nə edək, əlimizdən bir şey gəlmir.
    Odqapan. Bir azdan qış qapını döyəcək. Bu nəhəng dərə qarın altında qalacaq. Onda vəziyyət daha da çətin olacaq.Siz isə tənbəl-tənbəl vurnuxursuz.
    Dostanə. Balalarım hələ kiçikdir. Onları tək buraxıb getməyə ürəyim gəlmir.
    Odqapan. Canavarın balası da canavar olmalıdır. (Düşünür). Bilirəm, onlar hələ ova gedə bilməzlər. Amma sən bax bu rəfiqənlə ova gedə bilərsən ki. Düz demirəm?
    Mərdanə. Düz deyirsiz. Lap ürəyimdən xəbər verirsiz.
    Odqapan. Hə, bu başqa məsələ. Mən sizə bəzi məsləhətlər verə bilərəm.
    Mərdanə. Təşəkkür edirəm.
    Dostanə. Sizin məsləhətiniz çox qiymətli olar...
    Odqapan. Hər halda mən əlimdən gələni edəcəyəm ki, siz ac qalmayasız.
    Dostanə. Oy, nə yaxşı. Mən çox məmnun oldum.
    Mərdanə. Bu, mənə bir təsəlli oldu. Mən indi əmin oldum ki, bu qış acından ölməyəcəyəm. Bunu mənə canavar ürəyim deyir.

    Telefon zəngi eçidilir.

    Odqapan. Görəsən, kimdir belə?
    Dostanə. Dəstəyi götürüm?
    Odqapan. Dayan. Yəqin yuxarıdandır.

    Odqapan dəstəyi götürüb dinləyir.

    Odqapan. (Dəstəyə). Oldu. Baş üstə indi gələrəm. Bəli, məşqdəyəm. Eybi yoxdur. (Dəstəyi yerinə qoyub qızlara). Məni çağırdılar. Siz söhbət edin, tez qayıdacağam. Oldu?
    Mərdanə. Oldu. Arxayın gedin.

    Hamı əlbəsə və maskaları soyunur. Odqapan gedir.

    Mərdanə. Düzü, mən məşq etdikcə öz rolum çox xoşuma gəlir.
    Dostanə. Elə mən də ləzzət alıram öz rolumdan. Bu canavarlar nə qəribə məxluq imiş.
    Dostanə. Adamlardan bunlar daha etibarlı imişlər ki. Sən bir fikir ver, canavar cütlüyünün biri öləndə o biri heç vaxt ailə qurmur.
    Dostanə. Bu, erkək canavarlara aiddir.
    Mərdanə. Xeyr, bu qanun həm erkəklərə aiddir, həm də dişilərə.
    Dostanə. Yox, dedim sənə. Dişi canavar istədiyi vaxt ailə qura bilər.
    Mərdanə. Mən dəqiq bilirəm ki, qanuna görə dişi canavar da təkrarən ailə qura bilməz. O, öz ailəsinin qulluğunda durmalı, öz övladlarını böyütməlidir.
    Dostanə. Nə “qanun-qanun” salmısan ortaya? Bəyəm canavarların da konstitusiyası, cinayət məcəlləsi olur?
    Mərdanə. Əlbəttə, olur.
    Dostanə. Bəlkə qanun qəbul edən parlamentləri də olur?
    Mərdanə. Niyə də olmasın?
    Dostanə. Onda belə çıxır ki, deputat da seçirlər.
    Mərdanə. Bəli.
    Dostanə. Bəs “Zaqs” büroları necə?
    Mərdanə. Yəqin ki, o da var.
    Dostanə. Yaxşı, sən bunları haradan bilirsən?
    Mərdanə. Axı mən özüm canavaram. (Gülür). Subay, dişi canavar...
    Dostanə. Onda belə çıxır ki, mən də yalquzağam.
    Mərdanə. Düzdür, sən yalquzaqsan.
    Dostanə. Bunu nədən bilirsən bəs?
    Mərdanə. Tənha qalan canavara yalquzaq deyirlər.
    Dostanə. Mənim ərim ölüb. Amma özümü tənha saymıram. Mənim övladım var.
    Mərdanə. Canavar qanunlarına görə sən ömrünün sonunacan tənha qalmalısan.
    Dostanə. Mən heç vaxt tənha olmayacam.
    Mərdanə. Sən bu canavar cəmiyyətində olan qanunların əksinə gedə bilməzsən.
    Dostanə. Mən bu cəmiyyəti öz qanunlarıma tebe etdirəcəyəm.
    Mərdanə. Bu, mümkün deyil.
    Dostanə. Ay hay... Sən elə düşün.

    Odqapan gəlir. O, yeni kostyum geyib.

    Mərdanə. Bu, nədir belə? (Gülür). Ay Odqapan, kostyumun da mübarək.
    Dostanə. Bıy, doğrudan yeni kostyumdur. İndi gedib aldın? Yoxsa hədiyyədir?
    Odqapan. Hədiyyədir, bəli.
    Dostanə. Pul versələr bundan yüzqat yaxşı olardı.
    Odqapan. Darıxmayın, pul da olar.
    Dostanə (Odqapanın pecəyinin yaxasına əl gəzdirir): Nə gözəl kostyumdur. Maşallah, sənə çox yaraşır. Deyəsən, qonaqlığa hazırlaşırsan.
    Mərdanə. Odqapan həmişə səliqə-sahmanlıdır. ( O da Odqapana yaxınlaşıb onun pencəyinə arxadan əl gəzirir). Maşallah, göz dəyməsin.
    Dostanə. Odqapan son vaxtlar özünə qarşı çox diqqətli olub.
    Mərdanə. Mən onu həmişə belə görmüşəm. Yəni onu tanıyandan...
    Dostanə. Sən onu təzəlikcə tanıyırsan... Amma mən gör bir nə vaxtdan...

    Odqapan qeyri-ixtiyari yerində fırlanır. İndi Dostanə onun pencəyinin kürəyini, Mərdanə isə yaxasını sığallayır.

    Odqapan. Yaxşı, qızlar, təşəkkür edirəm. Xoşdur...
    Dostanə. Dəyməz. Mən nə edirəm ki?
    Mərdanə. Təki sənə xoş olsun.
    Odqapan. Siz Allah, bəsdir. Məni utandırmayın.
    Dostanə. Utananın oğlu olmaz.
    Mərdanə. Hayıf deyil utancaq adam.. Xüsusən də kişi xeylağı.
    Odqapan. Yaxşı, qızlar, görürəm çox yorulmusuz. Ona görə də rolun sözlərini baş- ayaq deyirsiz. Gedin bir az dincəlin. Amma məşq davam edəcək.

    2. “Yuxu”

    Dostanə və Mərdanə çıxır. Musiqi. Odqapan düşüncəli halda gəzişir.

    Odqapan. (Öz-özünə). “Canavarın balası da canavar olmalıdır”. (Bilmək olmur ki, bu sözləri kimin barəsində, əsərdəki personajlar, yoxsa onları ifa edənlər haqda, deyir). İki yalquzağın pəncəsində qalan yazıq canavar. Bədbəxt canavar.

    Mərdanə gəlir. O, ağ paltar geyinib, ağ əlcək və ağ çəkmədədir. Odqapan qızı görmürmüş kimi “gəzintisini” davam etdirir.

    Mərdanə. Odqapan...
    Odqapan. (Qıza sarı baxıb gülümsəyir, onu başdan-ayağa diqqətlə süzür). Bəli. Eşidirəm, Mərdanə.
    Mərdanə. Mən hər gecə yuxuda səni görürəm, Odqapan.
    Odqapan. Hər gecə? Maraqlıdır. Mən neyləyirəm sənin yuxunda?
    Mərdanə. At çapırsan.
    Odqapan. At?
    Mərdanə. Ağ atın belində görürəm səni.
    Odqapan. Axı mən ömrümdə heç ata minməmişəm.
    Mərdanə. At yuxuda murazdır. Bu, o deməkdir ki, sən murazına çatacaqsan.
    Odqapan. Yaxşısı budur sən məni atın yox, o bahalı maşınlardan birinin belində görəsən.
    Mərdanə. Aaaa... Maşın nə olan şeydir ki? O, bir yığın dəmir-dümürdür.
    Odqapan. Bəs at nədir ki? Bir torba ət... Yaxşı, Mərdanə, bəs o atlı oğlan atı elə-belə çapır özüyçün?
    Mərdanə. Elə-belə niyə? Onun tərkində atın özü kimi bir qadın var...
    Odqapan. Necə yəni, “atın özü kimi bir qadın”...
    Mərdanə. Hə də, qadın da at kimi dümağdır, ağ geyimdədir. Onun çəkmələri, əlcəkləri də bəmbəyazdır. O, qadından əslində qadından daha çox ağ buluda bənzəyir.
    Odqapan. Maraqlıdır. Bəs sonra o ağatlı ilə ağbuludun taleyi necə olur?
    Mərdanə. Necə olacaq ki? Həyatda olduğu kimi yuxuda da aravuranlar, naqislər, ifritələr olur. Eyni şeyi yuxuda təkrar-təkrar görürəm. Görürəm ki, yerin altından iri, yoğun bir qara ilan baş qaldırıb ox kimi atın belinə atılır. (Tələsik, həyəcanla). Atın üstündəki bəyaz qız qışqırmaq istəyir, amma səsi çıxmır. Axı, yuxuda adamın səsi nədənsə çox vaxt batmış olur. Qara ilan qızın belinə dolanıb onu atın üstündən yerə yıxmaq istəyir. Ağatlı oğlan bütün bu baş verənlərdən xəbərsizdir, onun gözləri uzaqlara dikilib.
    Odqapan. Yəqin ki, o, öz atını göydəki ağ buluda sarı çapır.
    Mərdanə. Bəli. Amma qara ilanla ağpaltarlı qadın əlbəyaxa döyüşürlər.
    Odqapan. Bəs sonra?
    Mərdanə. Bu yuxu hər dəfə ağpaltarlı qızla qara ilanın vuruşduğu yerdə başa çatır. Daha doğrusu, mən döyüş səhnəsində yuxudan ayılıram.
    Odqapan. Bəlkə də sən günlərin bir günü gördüyün yuxuda o qara ilanı boğub məhv edəcəksən.
    Mərdanə. Mən yox ey... (Eyhamla). O ağpaltarlı qız.
    Odqapan. Hə də... Mən elə o qızı nəzərdə tuturam. Eh, mənsə hər gecə bir yuxu görürəm. Amma hələ indiyəcən heç biri doğru çıxmayıb. Təkcə son günlər gördüyüm yuxu sabitləşib.
    Mərdanə. Bunu sınamaq lazımdır.
    Odqapan. Nəyi, necə, nə ilə sınayım?
    Mərdanə. Bu, çox sadə bir işdir ki?
    Odqapan. Doğrudan?
    Mərdanə. Əlbəttə. (Eyhamla). Məsələn, sən ətrafına yaxşı nəzər sal. Ola bilsin ki, məsələn, elə o ağ at sənin burnunun ucundadır.
    Odqapan. Mən sənə düzünü deyim: bu son günlər yuxuda hər gecə canavar görürəm.
    Mərdanə. Canavar?
    Odqapan. Bəli, canavar... O, tənha yaşayan bir yalquzaqdır. Məndən əl çəkmir.
    Mərdanə. Necə yəni əl çəkmir? Qorxuram günlərin bir günü o yalquzaq məni şaqqalayıb yeyə.
    Mərdanə. Qorxma. (Ona yaxınlaşır). Axı sən qorxaq deyilsən. Sən daim, pusquda, marıqda duran Marıqsan.
    Odqapan. Mən həyatda heç nədən qorxmuram. Amma bu yuxudan...
    Mərdanə. Kişi də yuxudan qorxar? (Onun bir əlindən tutur). Eh, sən də söz tapdın danışmağa.
    Odqapan. Axı indicə sən özün dedin ki, çox vaxt yuxuda görünənlər həyatda düz çıxır.
    Mərdanə. Çox vaxt yox, bəzən... (Onun iki əlindən yapışır). Baxır sən necə yuxu görürsən. Məsələn, ağ at görürsənsə bu yuxu çin ola bilər. Amma canavar...
    Odqapan. Axı deyirlər, yuxuda canavar görmək yaxşı əlamətdir.
    Mərdanə. (Onun əlindən bərk-bərk yapışır). Mən istəyirəm ki, sən canavardan uzaq olasan.
    Odqapan. Axı bu, məndən asılı deyil.
    Mərdanə. Hər şey sənin özündən asılıdır. (Eyhamla). Hər şey... Odqapan, eşidirsən məni?
    Odqapan. Eşidirəm.
    Mərdanə. Mənim içimdə ac bir yalquzaq var.
    Odqapan. Yalquzaq? İçində?
    Mərdanə. Bəli. Lap ürəyimin içində.
    Odqapan. Mən ac canavarı yemləməkdən qorxuram.
    Mərdanə. Qorxma. Axı sən özün də canavarsan...

    Musiqi. Onlar əl-ələ tutub rəqs edirlər. Qapıda Dostanə görünür. O, rəqs edənləri heyrət və qəzəblə süzüb geri qayıdır. Musiqi tədricən azalır. Mərdanə gedir. Odqapan gəzişir. Dostanə gəlir. O, tünd qara paltar geyinib. Başında qara yaylıq var.

    Dostanə. Odqapan.
    Odqapan. (Onu ilk dəfə görürmüş kimi maraqla süzür). Bəli.
    Dostanə. Bəlin şirin, canım. Mən son zamanlar qəribə yuxular görürəm.
    Odqapan. Yuxu? (Diqqətlə onu süzür). Deyəsən, indi yuxu görmək bir dəbdir.
    Dostanə. Niyə ki? İndi yox, elə həmişə yuxu görmək dəbdə olub.
    Odqapan. Ayrı bir dəbi yoxdur bu dünyanın?
    Dostanə. Bu dünyada daim dəbdə olan bircə şey var.
    Odqapan. O “bircə şeyin” adı nədir görəsən?
    Dostanə. Sevgi.
    Odqapan. Nə?
    Dostanə. Daim dəbdə olan bir şey var, o da
    Sevgidir, qocalmır qoca dünyada..
    Odqapan. Bəs onda yuxu nə üçündür?
    Dostanə. Yuxu da sevgidən yaranır. Adam bəzən yuxuda həyatda olduğundan daha çox sevir.
    Odqapan. Baxır kim kimi... Sən kimi sevirsən?
    Dostanə. Mən?.. Deyə bilmərəm. Amma yuxuda tez-tez qara bir canavar görürəm.
    Odqapan. Yenə canavar?
    Dostanə. “Yenə”?
    Odqapan. Hə... Qəribə burasıdır ki, mən də son günlər canavar görürəm.
    Dostanə. Harada?
    Odqapan. Harada olacaq ki? Əlbəttə, yuxuda.
    Dostanə. Elə səhnədə də canavar görürürük də...
    Odqapan. Hə, düz deyirsən. Bəlkə elə hazırladığımız tamaşaya görə mənim də yuxuma canavar girir.
    Dostanə. Hər ikimiz eyni şey görürük ki... Sizin canavar yuxuda nə iş görür?
    Odqapan. Nə edəcək ki? Şöngüyüb dişini qıcarır. Marıtda dayanıb ov güdür.
    Dostanə. Mənim gördüyüm qara canavar harasa çapır. Belində də qarapaltarlı bir qız...
    Odqapan. Qız canavarı minib?
    Dostanə. Bəli, həmin qız canavarı minib çapır.
    Odqapan. Qəribədir... Əhsən o qıza. Sonra?
    Dostanə. Qız canavarı yüyənləyib at kimi çapır. Canavar meşəyə soxulmaq istəyir. Canavar meşədən başqa hara gedəsidir ki? Qız isə canavarı açıq vadiyə sarı çapmaq istəyir. Hər gün yuxuda eyni mənzərə təkrar olunur. (Tələsik və həyəcanlı səslə). Hər dəfə qız canavarın ağzını vadiyə tərəf yönəldəndə qayadan bir qarageyimli oğlan hoppanıb canavarın üstünə atılır...
    Odqapan. Axı canavarın üstə ayrı adam var...
    Dostanə. Adam deyəndə ki... Canavarın yüyəni qızın əlindədir. Qayadan hoppanan oğlan düz qızın qucağına düşür. Yüyəni dartıb qızın əlindən alır...
    Odqapan. İndi oğlan qızın qucağındadır.
    Dostanə. Hə də... İndi qız oğlanın tərkindədir. Qız oğlanın boynundan bərk-bərk yapışır.
    Odqapan. Yazıq canavar.
    Dostanə. Canavar niyə yazıq olur ki?
    Odqapan. Bir adamı zorla saxlayırdı belində. Əlavə biri də qayadan tullandı belinə. Yaxşı ki, zərbədən yazıq heyvanın beli sınmayıb. Özü də bu əhvalat hər gecə təkrar olunur. Canavarda can qalmaz ki.
    Dostanə. (Odqapanın dediklərinə məhəl qoymayaraq, az qala onunla eyni vaxtda danışmağı davam edir). Qız oğlanın boynundan bərk-bərk yapışsa da daxilən qorxur. Qorxur ki, bu vəhşi heyvan birdən onları öz kahasına aparar. Elə bu əsnada yaxınlıqdakı ağacdan ağ bir ilan ox kimi atılıb qızın belinə dolanır. Oğlanın fikri-diqqəti irəlidədir. İlansa qızı çəkib canavarın belindən yerə salmaq istəyir. Qızın qolları ilan kimi oğlanın belinə dolanır...
    Odqapan. Belə çıxır ki, indi canavarın belində iki ilan var.
    Dostanə. İki niyə?
    Odqapan. Axı qadın da ilan kimi dolanıb...
    Dostanə. Hə... Yox. Onun qolları ilana oşayır. Özü isə daha çox ceyrana oxşayır.
    Odqapan. Canavar belində ceyran və... ilan.
    Dostanə. Qız ilanın başından yapışıb onu boğur.
    Odqapan. Boğur?
    Dostanə. Bəli. Boğub öldürür.
    Odqapan. Şükür. Yaxşı ki, yazıq oğlanın canı ilanın birindən qurtardı.
    Dostanə. İlanın birindən niyə?
    Odqapan. Hə də... Axı orada iki ilan var.
    Dostanə. İki ilan?
    Odqapan. Bəli. Biri ağa ilandır, o biri qara. Sən onun birini görmüsən, o birini yox...
    Dostanə. Ola bilər... İşə bir bax...
    Odqapan. Belə yerdə deyiblər: ilanın ağına da lənət, qarasına da...
    Dostanə. Mən bütün ilanlara nifrət edirəm. Xüsusən də, ağ ilanlara.
    Odqapan. Mən ilandan yaman qorxuram.
    Dostanə. Axı sən qorxaq adama oxşamırsan.
    Odqapan. Sən niyə elə düşünürsən ki, mən qorxaq deyiləm?
    Dostanə. (Ona yaxınlaşır). Sən qoxmaz, cəsur adamsan.
    Odqapan. Sənə elə gəlir.
    Dostanə. (Onun əlindən tutur). Sənin güclü əllərin var.
    Odqapan. Hər halda mən əlimlə ilanı boğa bilmərəm.
    Dostanə. Sən nəinki ilanı, lap canavarı da boğa bilərsən. (Onun sinəsinə qısılır). Sən hamıdan güclüsən.
    Odqapan. Yaxşı ki, o yuxuda gördüyün oğlan mən olmamışam.
    Dostanə. Bəlkə də elə sən özün idin.
    Odqapan. Bəlkə? “Bəlkə” niyə?
    Dostanə. Axı mən o oğlanın üzünü düz -əməlli seçə bilmirdim. Həm hava bir az tutqun idi, həm də oğlanın üzü o tərəfə idi. Axı mən arxada, oğlanın tərkində idim. (Keçib oğlanın arxasında dayanır). Bax belə. Oğlanın əlində cilov var idi. Mənsə oğlanın boynundan yapışmışdım. (Qolunu oğlanın boynuna dolayır). Bax belə. Onun çox güclü çiyinləri, möhkəm boynu, qüvvətli qolları vardı. Mən istəyidrim ki, oğlan canavarı meşəyə yox, vadiyə sarə çapsın...
    Odqapan. Vadiyə?
    Dostanə. Hə, əvvəlcə elə düşünürdüm. Sonra fikirləşdim ki, meşəyə də getmək olar. Həmin oğlanla nəinki meşədə, lap elə canavarın mağarasında da yaşamaq olar. (Başını oğlanın çiyninə qoyur). Özü də ömür boyu...
    Odqapan. Bəs yuxudan haçan oyandın?
    Dostanə. Yuxudan? Bu, bəyəm bir yuxuda olub ki? Bu, son günlər hər gecə təkrar olunan bir yuxudur. Mən hər dəfə ilanı boğandan sonra sevincdən qışqıqrıram. Və öz səsimə hövlnak oyanıram. Oyanıb görürəm ki, balışı qucaqlamışam. (Onu qucaqlayır). Aman Allah.
    Odqapan. Dayan. Nə edirsən? Axı mən balış deyiləm.
    Dostanə. Bıy, doğrudan da. Axı bu da yuxu deyil. Odqapan...
    Odqapan. Bəli, Dostanə.
    Dostanə. Mənimsə içimdə susuzluqdan bir yalquzaq ulayır.
    Odqapan. Mən yalquzaqdan qorxuram. Mən onu sulaya bilmərəm...
    Dostanə. Qorxma, Odqapan. Axı canavar da canavardan qorxarmı?

    Musiqi. Onlar üz-üzə dayanıb bir müddət bir-birlərini süzürlər. Sonra əl-ələ verib rəqs edirlər. Telefon zəngi. Odqapan dəstəyi götürüb dinləyir, nəsə deyir və çıxır. Dostanə öz-özünə, təkcə rəqs edir. Məstanə gəlir. Qadınlar əl-ələ verib bir müddət ahəstə rəqs edirlər. Sonra qəzəblə üz-üzə dayanırlar. Musiqi tədricən azalır.

    Dostanə. Hə, ürəyin soyudu?
    Mərdanə. Ürəyimlə sənin nə işin? Bir də ki, mənim ürəyimi sən soyuda bilməzsən.
    Dostanə. Bilirəm, bilirəm. Əksinə, mən sənin ürəyinə od qoyuram.
    Mərdanə. Deyəsən, nəsə ürəyində söz var. De. Utanma. Çəkinmə.
    Dostanə. Bəli, deyəcəm. Sənin acığına.
    Mərdanə. De. Məndən böyüksən. Haqqın var.
    Dostanə. Eləmi? Onda bura bax, gəl sən məni istəyən adama girişmə. Bildin?
    Mərdanə. Səni istəyən adama?
    Dostanə. Bəli. Düz anlamısan.
    Mərdanə. Bəlkə “mənim istədiyim adam” demək istəyirsən?
    Dostanə. Madam ki, sənin xoşuna belə demək xoş gəlir, qoy onda belə olsun.
    Mərdanə. Bəs sən əvvəllər deyirdin ki, bu dünyada yeganə sevdiyin bir adam olub, o da ərindir.
    Dostanə. Nə olsun ki? Əvvəllər onu sevirdim, indi bunu sevirəm. Sonra?
    Mərdanə. Sonrası budur ki, sən artıq sevib qurtarmısan. İcazə ver indi də bir az biz sevək.
    Dostanə. Sən nə bilirsən sevgi nədir?
    Mərdanə. Təzə-təzə öyrənirəm.
    Dostanə. Nəyi? Sevməyi? (Gülür). Onu öyrənmirlər, onu yaşayırlar, ay bədbəxt. Bir də ki, sevmək üçün icazə almırlar, o, ürəyə icazəsiz-filansız girir. Eh, sən yazıq bunları haradan biləsən ki?
    Mərdanə. Qanmaz da sən özünsən, bədbəxt də.
    Dostanə. Kəs səsini, qarımış qız.
    Mərdanə. Bir özünə bax. Gündə bir ərə gedirsən.
    Dostanə. Mən cəmi iki dəfə ərdə olmuşam.
    Mərdanə. Bu, sənin rəsmi ərlərinin sayıdır.
    Dostanə. Belə, mənin ərlərimin siyahısına biri də artacaq. Hə, necədir səninçün? Cavabını aldın? Ta bir sözün yoxdur ki?
    Mərdanə. Ta sənə heç bir sözüm yoxdur.

    Hərəsi bir küncə çəkilib hirsli-hirsli bir-birini süzür. Odqapan gəlir. Əlində iri bağlama var, çərçivəyə oxşayır..

    Odqapan. Hə, bu da mən. Yenə qayıdıb gəldim. Sizə nə olub? Hərəniz bir küncə çəkilibsiniz? Yəqin ki, pusquda dayanıb ov gözləyirsiniz. Düz edirsiz. Məşqlərin tempini artırmaq lazımdır.
    Mərdanə. Yenə əli boş gedib əli dolu qayıtdın. Əlindəki nədir elə?
    Dostanə. Görünür, nəyisə bizdən gizlədirsən, Odqapan.
    Odqapan. Vaxtı gələr, deyərəm. (Əlindəki bağlamanı kənara qoyur). Yaxşı, dincələ bilmisiz? Yoxsa hələ yorğunsuz?
    Mərdanə. Dincəlmişik.
    Dostanə. Özü də möhkəm.
    Mərdanə. Bizim işimiz elə dincəlməkdir də.
    Odqapan. Onda hər üçümüz maskaları geyib ova hazırlaşırıq. Bilirsiz, bu tamaşa yaxşı alınsa yaxşı mükafat alacağıq. Olsun ki, lap qastrola, festivala da getdik.
    Dostanə. Allah ağzından eşitsin.
    Mərdanə. Nə yaxşı olar, Odqapan. Biz var güzümüzlə çalışarıq ki, bu canavarların iç üzü açılsın.




    3. “Ov”

    Musiqi. Hamısı maskaları geyir.

    Odqapan. Reepplika...
    Mərdanə. Bu, mənə bir təsəlli oldu. Mən indi əmin oldum ki, bu qış acından ölməyəcəyəm. Bunu mənə canavar ürəyim deyir.
    Odqapan. Əlbəttə bizim üçümüzün də eyni vaxtda sürüyə hücüm etməyimiz mümkün deyil.
    Dostanə. Axı biz sizsiz o tərəfə üz tuta bilmərik.
    Mərdanə. Çobanlar bizi məhv edər.
    Odqapan. Elə mən də onu deyirəm. Biz ayrı-ayrılıqda hücuma keçməliyik.
    Dostanə.Yox, mən tək-tənha sürüyə yaxınlaşa bilmərəm.
    Mərdanə. Mən də tək gedə bilmərəm.
    Odqapan. Biz tək getsək də bir-birimizi görə biləcəyik.
    Dostanə. Hə, bu, başqa məsələ.
    Mərdanə. Amma mənə aydın olmadı. Biz bir-birimizi necə görəcəyik?
    Odqapan. İrəlidə Bozaq olacaq. Qıvraq, sənsə onu addım-addım izləyəcəksən.
    Mərdanə. Deməli, mən Bozaqın arxası ilə gedəcəm.
    Dostanə. Marıq, yaxşı, bəs o vaxt siz harada olacaqsız?
    Odqapan. Mən düz çobanların yanında olacam.
    Dostanə. Doğrudan?
    Mərdanə. Bizim qəhrəman Marıqda ürəyə bir bax.
    Dostanə. Mən Marıqın xətrini elə ona görə çox istəyirəm.
    Mərdanə. O, qorxmazdır.
    Dostanə. O, cəsarətdə öz atasına bənzəyir.
    Mərdanə. O, canavar oğlu canavardır.
    Dostanə. Bizim sürüdə Marığı sevməyən yoxdur ki...
    Odqapan. Xoş sözlər üçün sağ olun. Amma unutmayın ki, mən çobanların yanında qoyun qiyafəsində olacam.
    Dostanə. Qoyun qiyafəsi nədir?
    Mərdanə. Mən də heç nə anlamadım.
    Odqapan. İndi hər şeyi izah edərəm, başa düşərsiz. Məsələ bax belədir: mənim yuvamın içində gözəl, kök, qalın yunlu bir qoyunun dərisi var. Onu mənə atam hədiyyə edib.
    Dostanə. Ad günündə?
    Mərdanə. Şad günündə?
    Odqapan. Yox, atam onu mənə ilk dəfə uladığım gün hədiyyə edib. Bir qulaq asın. Mən həmin dərini geyib ova çıxacağam. İnanmısız? Mən nə üçün belə bir qiyafədə olmaq istəyirəm? Axı qoyun sürüsünün çobanları silahlıdır. Əgər onlar canavar görsələr elə-belə əl çəkən deyillər. Bizi öldürüb dərimizə saman təpərlər. Ona görə də mən qoyun cildinə girib sürüyə qatılacam. Vəziyyətin necə olduğunu öyrənib sizə xəbər verəcəyəm.
    Dostanə. Bunu necə edəcəksən?
    Mərdanə. Hə, doğrudan da... Axı siz mələyə bilmizsiz. Bizim işimiz ulamaqdır.
    Odqapan. Yox... Ulamaq niyə? Mən sürüdəki keçilərdən birini tutub qulağını dişləyəcəm. Bilirsiz də, keçi ucadan mələyir. Keçinin mələməsi bir işarədir. Bu, o deməkdir ki, Bozaq, Qıvraq, tez olun, özünüzü sürüyə yetirin. Beləliklə hərə belinə bir qoyun atıb düz üzü mağaraya çapmağa başlayır. Hə, necə plandır?
    Dostanə. Əla.
    Mərdanə. Bu, nəinki canavarın, heç insanın, o hiyləgər ikiayaqlının da ağlına gələ bilməz.
    Odqapan. Mən hər şeyi dəqiqliyinə qədər ölçüb-biçmişəm. Qoy vəsiyyətimi də edim: əgər məni çabanlar öldürsə parçalayıb qoyun itlərinə yem edəcəklər. Yox əgər ölümcül yaralasalar buraya qayıdacam; siz məni canavar qayda-qanunlarına uyğun olaraq özünüz parçalayıb yeyərsiz. Qoy bir tikəm də düşmənlərə yem olmasın.
    Mərdanə. Marıq, sən bizə diri lazımsan.
    Dostanə. Biz səninləyik,Marıq.
    Odqapan. Di hazırlaşın.

    Musiqi. Canavarlar pəncə-pəncəyə vurub rəqs edir, atılıb-düşür, əyilib-düzəlir, bir-birinin belinə tullanırlar. Az sonra onlar ehtiyatla irəliləməyə başlayırlar. Bundan sonra pontamim hərəkətlər üstünlük təşkil edir. Odqapan əl-qol hərəkətləri ilə Mərdanə və Dostanəyə irəlini göztərir, yapıncılı çobanları, otlayan qoyunları imitasiya edir. Tüfəngin nə olduğunu izah edir. Onlara işarə edir ki, bir az gözləsinlər. Və sonra Odqapan qaçaraq harasa gedir, gözdən itir. Musiqi səsinə uzaqdan eşidilən qurd ulartısı qarışır.

    Mərdanə. Görürsən də, o necə ağıllı hərəkət edir.
    Dostanə. Atasına bənzəyir.
    Mərdanə. Atasında hanı qonşulara belə diqqət?
    Dostanə. Bəlkə qocalanda bu, atasından betər olacaq?
    Mərdanə. Nəsə dişimin dibi qaşınır. Görəsən bu, nədəndir?
    Dostanə. Yəqin ki, ət yeyəcəksən.
    Mərdanə. Qəribədir.
    Dostanə. Nə?
    Mərdanə. Canavarlar da qoyun ətini sevir, insanlar da?
    Dostanə. Nə olsun ki?
    Mərdanə. O olsun ki, onlar bizi vəhşi hesab edirlər, amma özlərini...
    Dostanə. ...özlərini mədəni... Onlarda belə bir söz var: “mədəni”.
    Mərdanə. Bəzən bizi insanlarla müqayisə edirlər. Amma bu düzgün müqayisə deyil. Biz insanlarla əbədi düşmənlərik. Fürsət tapanda onlar bizi qırır, biz də onları...
    Dostanə. Bizim nə günahımız? Əlimiz bel tutmur, kərənti tutmur. Yer əkə bilmirik, toxum səpə bilmirik. Məcburuq onların ruzusuna şərik çıxaq. Onlarsa bizi anlamaq istəmir.
    Mərdanə. Bozaq, bir ora bax.
    Dostanə. Nə olub ki?
    Mərdanə. Qoyuna bax... Görmürsən qoyunu?
    Dostanə. Qıvraq, deyəsən, sən Marıqın dediyini anlamadın. Bəs o, öz dili ilə demədi ki, qoyun qiyafəsində olacaq?
    Mərdanə. Biy, doğrudan... Mən lap keyəm ki.
    Dostanə. Ta özün deyirsən. Mən demirəm ki..
    Mərdanə. Mən keyəm, amma sən hiyləgərsən.
    Dostanə. Məni hövsələdən çıxarma ha... İndi sənin boğazını gəmirərəm.
    Mərdanə. Mənim? İndi göstərərəm sənə.

    Mərdanə və Dostanə üz-üzə dayanıb “pəncələrini” irəli uzadır, bir-birinin üstünə atılmağa hazırlaşır. Bu əsnada Odqapan Qoyun libasında gəlib ulamağa başlayır.

    Odqapan. Yenə nə olub sizə? Biz ova hazırlaşırıq, siz isə... (Pauza). Hə, necə düşünürsüz bu geyimdə çoban məni tanıya bilər?
    Dostanə. Qətiyyən. Heç mən ayırd edə bilmirəm, o ki çoban ola...
    Mərdanə. Yalnız mən tanıya bilərəm sizi bu geyimdə. Sizin iyinizi mən meşənin o üzündən belə, hiss edirəm.
    Dostanə. Yenə başladı. Güya bizim burnumuz heç nə duymur.
    Odqapan. Qurtarın bu mübahisəni. Axşam düşür, bir azdan biz qoyun sürüsünün həndəvərində olmalıyıq. Mən birbaşa sürünün içinə gedəcəm. Bayaq sizə izah etdiyim kimi, mənim işarəmi gözləyin.
    Dostanə. Keçi məsələsi...
    Odqapan. Bəli.
    Mərdanə. Bəlkə birdən sürüdə keçi olmadı, bəs onda nə etməli?
    Dostanə. Keçisiz sürü olmaz ki...
    Odqapan. Hə, qıvraq ağıllı söz deyir. Keçi olmaya da bilər. Əgər keçi olmasa mən qoyunlardan birinin, lap elə ikisinin qulağını birdən dişləyəcəm, qoy ağız-ağıza verib mələşsinlər. Elə ki, mələrti səsi gəldi, tez özünüzü sürüyə çatdırın. Oldu?
    Mərdanə. Hə, bu, başqa məsələ.
    Odqapan. Getdik. İrəli. Sürüdə görüşənəcən.

    Odqapan irəli düşüb gedir. Mərdanə və Dostanə üz-üzə dayanıb sınayıcı baxışlarla bir-birini süzür, sonra musiqi sədaları altında səhnənin qaranlığına sarı çəkilirlər.
    Uzaqdan işıqlar yanıb-sönür.
    Qoyun-quzu mələşmələri eşidilir.
    Alaqaranlıq. Solğun işıq altında əvvəlcə Odqapanın, sonra Mərdanə və Dostanənin sifəti görünür.

    Odqapan. Siz hələ buradasız?
    Mərdanə. Axı biz danışmışdıq ki, öndə siz gedəcəksiz...
    Dostanə. Biz isə sizin arxanızca.
    Odqapan. Mən sürüyə bir dəfə yaxınlaşdım. Vəziyyətlə tanış oldum. Çoban məni gördü.
    Mərdanə. Maraqlıdır. Bəs sonra nə oldu?
    Dostanə. Silahlı idi?
    Odqapan. Hə, əlində tüfəng vardı.
    Mərdanə. Bəs nə əcəb vurmadı?
    Odqapan. Yəqin çoban elə bildi ki, sürüdən ayrı düşmüş qoyunam. Sakitcə mənə sarı yaxınlaşdı. Mən tez götürülüb aradan çıxdım.
    Dostanə. Gərək qaçmayaydız. Çox güman ki, o, şübhəyə düşüb.
    Mərdanə. Yəqin çoban fikirləşib ki, görəsən bu nə qaçışdır belə?
    Dostanə. Siz qoyun kimi qaçırdınız, yoxsa canavar kimi?
    Odqapan. Necə qaçmağım indi heç ağlıma gəlmir. Unutmuşam hər şeyi.
    Mərdanə. Yaxşı, bəs onda biz nə edək?
    Dostanə. Ac-yalavac, suyu süzülə-süzülə soyuq yuvamıza qayıdaq?
    Odqapan. Mən istəyirəm bir cəhd də edim.
    Mərdanə. Nə cür?
    Odqapan. Yəqin ki, çoban yatmış olar. Gedim özümü verim sürüyə. Mənim işarəmi, yəni mələşmə səsini eşidən kimi özünüzü ora çatdırın. Yaxşı kök, yağlı qoyunlar görmüşəm o sürüdə. Əl çəkən deyiləm.
    Dostanə. Düz edirsiniz. Qurd oğlu qurd elə bu cür də olmalıdır.
    Mərdanə. Biz öz qorxmaz dostumuzun arxasınca ölümə belə gedərik.

    Odqapan çaparaq gedir.
    Ay çıxır. İşıq artır.

    Mərdanə. Biz də gedək?
    Dostanə. Dayan. Hara gedirik? Əvvəlcə qoyun ya da keçi mələsin, sonra...
    Mərdanə. Heç olmasa gedək təpədən baxaq.
    Dostanə. Çobanların gözü iti olur. Görsələr vurub təpədən aşırarlar bizi.
    Mərdanə. Səs-küyü eşidirsən?

    Keçi mələşməsi eşidilir.

    Mərdanə. Aha... Artıq Marıt mərəkdə, sürünün içindədir.
    Dostanə. Hə, keçi mələdi. Gedək?
    Mərdanə. Getdik.

    Onlar irəli atılırlar. Əvvəlcə hay-küy, sonra güllə səsi eşidilir. Onlar geri qayıdırlar.

    Dostanə. Dayan.
    Mərdanə. Güllə atırlar.
    Dostanə. Yəqin ki, çobandır. Gəl qaçaq buradan.
    Mərdanə. Haraya?
    Dostanə. Yuvamıza.
    Mərdanə. Yox, mən dostu darda qoyub qaça bilmərəm.
    Dostanə. Güllə bizi də tuta bilər.
    Mərdanə. Ayaq tappıltısını eşidirsən?
    Dostanə. (Boylanır). Düz üstümüzə gəlir.
    Mərdanə. Kim?
    Dostanə. Qoyun.
    Mərdanə. Görən o, əsl qoyundur, yoxsa...
    Dostanə. Mən nə bilim? Bunu sən daha dəqiq bilərsən. (Pauza). Axı deyirdin ki, mən sənin iyini lap uzaqdan bilirəm. İndi bax gör gələn qoyundur, ya canavar?
    Mərdanə. İndi canavarla qoyunun iyi bir-birinə qarışıb. Ayırmaq olur ki?
    Dostanə. Yaman da tanıdın. O, əsl qoyundur. Sürü pərən-pərən düşüb. Görmürsən, biri o tərəfə qaçır, biri bu tərəfə.
    Mərdanə. Onda hücum edib parçalayaq.
    Dostanə. Sən hücum elə. Mən pusqudayam. Yoxsa qorxursan?
    Mərdanə. Mən qorxaq deyiləm. Bir də ki, qoyundan niyə qotxmalıyam?
    Dostanə. Onda irəli...
    Mərdanə. Oldu. İrəli.

    Musiqi. Mərdanə irəli cümur. Ulaşma və atəş səsləri eşidilir. Dostanə titrəyə-titrəyə, qorxa-qorxa irəli baxır. Az sonra Mərdanə qoyun cildindəki Odqapanı sürüyə-sürüyə gətirir. Ulartı eşidilir.

    Dostanə. Bu ki, Marıqın ulartısıdır. Qıvraq, sən nə etmisən?
    Mərdanə. Bu, qoyundur. Marıq indi gələcək.
    Dostanə. Görmürsən, eşitmirsən bu qurd ulartısıdır?
    Mərdanə. İndiki qoyunlar elə hiyləgərdirlər ki, lazım olanda qurd kimi ulayır, it kimi hürürlər. Sənin gördüyün o avam qoyunlar indi yoxdur.
    Dostanə. Bıy, sən onun lap boğazından yapışmısan ki. Qan axır onun boynundan...
    Mərdanə. Boynundan yapışmayıb harasından yapışım bəs?
    Odqapan. Ah... Ölürəm. Kömək edin.
    Dostanə. Sən nə etmisən? Bu ki, Marıqdır.

    Dostanə yaxınlaşıb Odqapanın əynindəki qoyun dərisini soyundurur. İndi Odqapan canavar əlbəsəsindədir.

    Odqapan. Mən... Mən ölürəm.
    Dostanə. Mənim əziz dostum. Bizim yenilməz qəhrəmanımız. Sizə nə olub?
    Mərdanə. Vay-vay... Bu ki doğrudan Marıqdır.
    Odqapan. Qıvraq, sən məni boğub öldürmüşdün ki...
    Mərdanə. And olsun əzizimiz BecitTopalın canına, mən elə bildim ki, qoyun tutmuşam. Hətta, Bozaq da sizi qoyun hesab edirdi. O, dedi ki, üstümüzə gələn qoyundur.
    Dostanə. Bura bax, Qıvraq, mənə şər atma ha. Əksinə, mən dedim ki, o gələn Marıqdır. Sən isə dedin ki, yaxşı fürsət düşüb əlimə, mən onu qoyun əvəzinə parçalayıb yeyəcəyəm, onsuz da mədəm aclıqdan gur-gur guruldayır.
    Odqapan. Boğazım ağrıyir. (“Pəncəsi” ilə boynunu ovuşdurur). Qıvrağın dişlərinin yeri göynəyir...
    Mərdanə. Bozaq, sən başdan-ayağa şər yuvasısan ki? Bəyəm özün demədin ki, sən o qoyuna hücum et, mən də pusqudayam? Demədin?
    Dostanə. Yox. Nə vaxt dedim ki? Yaxşı ki, sürümüzdə sənin bir vəzifən yoxdur. Yoxsa şərləyib hamımızın başını əkərdin. Qıvraq, onsuz da Mərıq özü yaxşı bilir ki, mən onun xətrini necə istəyirəm.
    Mərdanə. Bu, xətir istəməkdir bəyəm? Sən onu qoyun yerinə qoymusan.
    Odqapan. Bir-birinizi az lənətləyin. Bəsdir.

    Odqapan əsə-əsə ayağa durur.

    Dostanə. Şükür, ayağa durdunuz.
    Mərdanə. Marıq, mən gecə-gündüz sizn qulluğunuzda duracağam. Ta siz sağalana qədər. Məni bağışlayın... Bilməmişəm. Səhv etmişəm.
    Dostanə. Sən nə utanmaz canavarsan. Hələ bir dil tökməyinə bax bunun. (Yamsılayır). “Gecə-gündüz sizin qulluğunuzda duracağam”. Xeyr. Dura bilməyəcəksən. Mən bu barədə Topalımıza da deyəcəm. Qoy sənin cəzanı o özü versin.
    Odqapan. Heç kəsə heç nə demək lazım deyil. Bu, mənim öz səhvim idi. Sən demə, sürüyə birinci dəfə qatılan vaxt çoban məndən şübhələnibmiş. Çünki mən ikinci həmlə zamanı çobanı əlitüfəngli gördüm. Deməli, o, mənim qoyun olmadığımı dəqiq bilirmiş
    Dostanə. Axı o, nədən bilibmiş ki, siz qoyun dərisi geymiş canavarsız?
    Odqapan. Yəqin ki, yerişimdən bilib. Axı mən onu ilk dəfə görəndə dabanıma tüpürüb qaçmışdım. Yəqin ki, canavar kimi qaçmışam onda. Hələ yaxşı ki, çobanın gülləsi dəyməyib mənə. Yarğandan sürüşüb bu hala düşdüm. Pəncəm sıyrıldı, dizlərimə tikan batdı...
    Dostanə. Siz canavar oğlusuz...
    Mərdanə. Qurd oğlu qurd qoyun kimi qaça bilməz ki...
    Dostanə. (Hirslə). Qıvraq, amma sən onu qoyunla dəyişik salmısan. Ar olsun sənə.
    Mərdanə. Yenə başladın... Mən onun yerişinə fikir vermirdim ki...
    Odqapan. Gəlin mübahisə açmayaq. Nə qulağını dişlədiyim keçi günahkardır, nə də mənə güllə atan çoban. Mən sizi də təqsirli bilmirəm. Hərəkətimdən belə çıxır ki, elə mən özüm canavar kimi yox, qoyun kimi hərəkət etmişəm. Ona görə də heç kəsi təqsirləndirə bilmərəm. Günhkar elə özüməm.
    Dostanə. Mən bu işdə düşmən əli görürəm.
    Mərdanə. Düşmənsə göz qabağındadır.
    Dostanə. O, kimdir elə?
    Mərdanə. Əlbəttə sən...
    Dostanə. Kəs səsini, Qıvraq.
    Mərdanə. Bozaq, mən səni parça-parça edərəm ha..
    Odqapan. Axı niyə dalaşırsız? Bəyəm ortada bölünməz malınız var?
    Dostanə. Mənim heç kəslə şərikli malım yoxdur.
    Mərdanə. Mən heç kəslə dalaşmıram.
    Dostanə. Mənim heç kimlə düşmənçiliyim yoxdur.
    Mərdanə. Mənim öz yuvam...
    Dostanə. Mənim öz dərdim, öz azarım...
    Mərdanə. Görüm səni həmişə azarlı olasan?
    Dostanə. Nə? Bunu mənə deyirsən?
    Mərdanə. Əlbəttə, sənə...
    Odqapan. Bir dayanın görüm. Axı əsərin mətnində belə şeylər yoxdur. Siz özünüzdən əlavələr edirsiz.

    Mərdanə və Dostanə bir-birinə hücum edirlər. Odqapan irəli cumub onları ayırmağa çalışır.
    Onların hamısının maska və əlbəsələri çıxır, yerə düşür. İndi onlar oynadıqları roldan çıxıblar.

    4. “Qoyun”

    Odqapan. Ay qızlar, sizə nə olub? Dostanə, Mərdanə... Nəyi bölə bilmirsiniz axı?
    Dostanə. O sualı bax buna vermək lazımdır.
    Mərdanə. Mən o suala necə lazımdır, harada lazımdır cavab verəcəm.
    Odqapan. Yaxşı, yaxşı... Ta canavarlar rədd olub getdi. Gəlin öz işimizlə məşğul olaq.
    Dostanə. Qoy Allah pis adamların cızasını versin.
    Mərdanə. Amin.
    Odqapan. Yorulmuşuq, gəlin bir az dincələk. Mədəni istirahət edək ey... Axı biz hər şeydən əvvəl mədəniyyət adamlarıyıq. Bununçün əldə bəhanəmiz də var...
    Dostanə. O nə “bəhanədir” elə?
    Odqapan. Bu gün mənim anadan olan günümdür. İstəyirəm, sizin hər ikinizi restorana dəvət edim. Axı biz burada həm də bir kollektivin üzvləriyik.
    Mərdanə. Oooo... Təbrik edirəm. Restoran nə üçün? Elə burada qeyd edərik.
    Odqapan. Burada?
    Dostanə. Təbrik edirəm, Odqapan. İstədiyin qədər yaşayasan.
    Odqapan. Təşəkkür edirəm hər ikinizə.
    Dostanə. Mərdanə düz deyir. Restoranda nə işimiz? Buradan yaxşısı yoxdur.
    Mərdanə. Sakit yerdir.
    Dostanə. Nə gələn var, nə gedən.
    Odqapan. Yaxşı. Mən çoxluğun təklifinə təslim oluram. Onda gedim bir dükan-bazara baş çəkim.
    Mərdanə. Əlimizin altında olan bəsimizdir.
    Dostanə. Məndə qoz-fındıq ləpəsi, badam içi...
    Mərdanə. Məndə alma-armud...
    Odqapan. Mənim çantamda da ananas, banan, kivi portağal var. Hə, qaldı bircə şey...
    Dostanə. O, nə şeydir elə?
    Mərdanə. Axı hər şey var...
    Odqapan. Yox... Nəsə çatışmır.
    Dostanə. Nə?
    Mərdanə. (Çiynini çəkir). Görəsən nədir elə?
    Odqapan. Şərab. Şərab çatışmır.
    Dostanə. Hımmm. Məndə gözəl bir şərab var.
    Odqapan. Nə gözəl.
    Mərdanə. Məndə də...
    Odqapan. Bu, lap əla oldu ki...
    Dostanə. Məndəki qara şərabdır.
    Mərdanə. Məndəki şərabın rəngi dümağdır.
    Odqapan. Hər ikisi işə yarayandır. Onda stol düzəlsin.

    Musiqi. Qadınlar süfrəni bəzəyir. Şərablar süfrəyə gəlir. Odqapan şərabları açıb baxır, özünə hər iki şərabı qarışıq, qızlarınsa hərəsinə isə özlərinin gətirdiyi şərbdan süzür. Onlar badələri qaldırıb rəqs edə-edə içirlər.

    Dostanə. Bir daha təbrik edirəm.
    Mərdanə. Mənim sənə bir hədiyyəm olacaq.
    Dostanə. Mən də bir hədiyyə verəcəyəm.
    Odqapan. Məni utandırırsız.
    Mərdanə. Qoy sənin düşmənlərin utansın.
    Dostanə. Mən səni hədsiz dərəcədə çox istəyirəm, Odqapan.
    Mərdanə. Sən çox gözəl insansan. Sən əvəzsizsən. Amma mən hədiyyəmi sənə sora verəcəm.
    Dostanə.Mən də hədiyyəmi sonraya saxlayıram. İndilikdə isə səni bir öpüşlə təbrik etmək istəyirəm.
    Odqapan. Bundan gözəl nə hədiyyə?

    Musiqi. Badələr dolur. İçirlər. Üçlükdə əl-ələ tutub rəqs edirlər. Qazların hərəsi Odqapanın bir qoluna girir.

    Mərdanə. Mənim gözəl canavarım... Odqapan, sənə iti deyil ki?
    Dostanə. Qızda sifətə bir bax ey... Odqapan, sənə soyuq deyil ki?
    Odqapan. Mənə həm istidir, həm də soyuq.
    Mərdanə. İsti hansı tərəfdədir?
    Dostanə. Hansı tərəfdən hiss edirsən soyuğu?
    Odqapan. Bunu dəqiqləşdirmək üçün gərək termmetr gətirəm.
    Mərdanə. Sənin əlin çox soyuqdur. (Onun sağ əlini sıxır). Mən üşüyürəm.
    Dostanə. Sənin əlin od kimi yanır. (Onun sol əlini sıxır). Sanki hərarətin var.
    Odqapan. İcazə verin, mənə verilən hədiyyəni sizə də göstər.
    Mərdanə. Hə, göstər.
    Dostanə. Görək o nə hədiyyədir elə.

    Musiqi. Odqapan bağlamanı açır. Çərçivədəki şəkli qızlara göstərir: şəkildə canavar təsvir olunub. Odqapan şəkli divara söykəyir.
    Mərdanə. Onda mən də öz hədiyyəmi bu şəklin yanına qoymaq istəyirəm.

    Mərdanə cəld stolun yeşiyindən öz hədiyyəsini çıxarır: bu, qara fonda ağ canavar şəklidir. Həmin şəkli iri canavar şəklinin yanına qoyur.

    Dostanə. İndi növbə mənim hədiyyəmə çatdı.

    Dostanə cəld hərəkətlə stolun o biri gözündən şəkil çıxarır: bu, ağ fonda qara canavar şəklidir.

    Odqapan. Bu gün hər şey canavarla bağlı oldu ki... (Şəkillərə baxır). Özü də üç canavar bir yerdə.
    Dostanə. Mən canavarları sevməyə başlayıram.
    Mərdanə. Mənim də onlara rəğbətim get-gedə artır.
    Odqapan. Ən dəhşətlisi budur ki, bəzən o canavarlar adamların qəlbində yuva qurur.
    Dostanə. Sən bununla nə demək istəyirsən, Odqapan?
    Mərdanə. Kimdir o yırtıcı canavar? Sən kimi nəzərdə tutursan, Odqapan?
    Odqapan. Mən konkret bir adamı nəzərdə tutmuram ki...

    Musiqi. Dostanə və Mərdanə Odqapanın əlindən yapışırlar.

    Dostanə. Sən oxu atıb yayı gizlədirsən. Kimdir o canavar?
    Mərdanə. Əlini canavara uzat. Biz də öz işimizi bilək.
    Odqapan. Axı mən nə dedim ki? Əlimi buraxın...
    Dostanə. Xeyr. Sən cavab verməlisən.
    Mərdanə. Bu yana gəl. Qulağıma pıçılda: o canavar kimin qəlbindədir?
    Dostanə. Bu tərəfə gəl. Zəhmət olmasa. Bax belə...

    Musiqi. Əvvəlcə qızlar qollarını Odqapanınboynuna dolayırlar. Odqapan fırlanır, qızlar da onunla birlikdə havada dövrə vururlar. Sonra Odqapan tədricən dayanıb ayaq saxlayır. Qızlar indi Odqapanın əlindən, daha doğrusu pencəyinin qolundan yapışırlar. Odqapan gah sağa, gah da sola doğru ləngər vurur. Birdən pecək Odqapanın əynindən çıxır, pencəyin qolundan tutan qızlar dalı-dalı yeriyir və müvazinətlərini təzədən düzəldirlər. Qızlar yenidən irəli cumub Odqapanın köynəyinin qolundan tutub dartışdırırlar.

    Odqapan. Buraxın mənim qolumu.
    Mərdanə. Canavarı göstər mənə?
    Dostanə. Kimdir canavar?

    Qızlar onun qolundan yapışıb sağa-sola dartırlar. Birdən Odqapanın əynindəki köynək cırılıb iki yerə şilimlənir. Köynəyin hər qolu qızlardan birinin əlində qalır. Qızlar şaqqanaq çəkib gülürlər. Odqapan əli ilə sinəsini örtərək divara söykədilmiş canavar şəkillərinin qarşısına gedir.

    Odqapan. Mən kimin canavar olduğunu deyə bilmərəm. Amma kimin qoyun olduğunu dəqiq bilirəm. Budur, qoyun canavarların pəncəsindədir.

    Epiloq əvəzi

    Musiqi. Səhnəyə qoyulmuş üç canavar şəklinin üstünə gur işıq düşür. Uzaqdan canavar ulaşması eşidilir. İştirakçıların hərəsi bir şəklin arxasında dayanır.

    PƏRDƏ
    SON
    Dekabr. 2014













    SEHRBAZ
    İki hissəli dram-seans


    İŞTİRAKÇILAR:

    KİŞİ
    ŞƏHLA
    SAMİT
    AYSU
    TAMAŞAÇILAR


    I HİSSƏ


    Təntənəli simfonik musiqinin müşayiəti altında pərdə qalxır. Məkan abstrakt təsir bağışlasa da, səhnədəki bəzi dəqiq detallar nəzəri cəlb edir: arxa planda royal, yan tərəflərdə (sağ və solda) sönmüş məşəllər görünür. Bir-biri ilə kəsişən, çarpazlaşan işıq zolaqları bir növ hallüsüniativ mənzərə yaradır. Projektor şüaları tədricən bir nöqtədə kəsişir. Və həmin kəsişmə nöqtəsində ucaboy, iri şlyapalı, qara mantiyalı KİŞİ ayaq üstə dayanıb. O, əlində tutduğu par-par yanan metal çubuğu tez-tez havada yellədir. Kişi hələlik üzü səhnənin dərinliyinə (arxası tamaşaçı zalına) tərəh dayanıb. O, sanki dirijorluq edir, səhnənin dərinliyində ifa olunan musiqinin ritmini tənzimləyir, onu müəyyən bir axara salır. Ümumiyyətlə, tamaşa boyu musiqidən geniş istifadə olunur.
    (Yeri gəlmişkən qeyd etmək lazımdır ki, əsərdəki Kişi obrazı poetik mətnlə danışır, onun çıxışında qafiyə olmasa da, heca və vəzn prinsipi ciddi qorunur).
    Bunu da nəzərə almaq lazımdır ki, “diriyorluq” edən Kişi təkcə səhnədəki iştirakçıları yox, habelə zaldakıları da tamaşa boyu gipnozçu (ekstrasens, maq və ya telepat) təsiri altında saxlamağa çalışır.
    Repreduktordan elan eşidilir: “Diqqət! Diqqət! Bugünkü seansda siz öz keçmişinizə - uşaqlığınıza və gəncliyinizə qayıdacaq, o şirin, unudulmaz çağları bir daha yaşayacaqsınız. Biz sizin hamınıza xoş istirahət arzulayırıq!”.
    Elan səsləndirilən zaman Kişi əl-qolunun hərəkətini müvəqqəti ləngidərək sönmüş məşəllərdən birinə (soldakına) yaxınlaşır, onu alışdırır və geri-geri addımlayıb şölələnən alova baxır.
    Zalda səs-küy, canlanma hiss olunur.

    TAMAŞAÇILAR (zaldan):
    - Biz buraya nə üçün gəlmişik?
    - Camaat, bir sakit olun! Bura bazar deyil, axı!
    - Amma musiqiyə söz yoxdur ha! Qulaq asın!
    - O, niyə üzünü o tərəfə - divara çevirib?..
    - Çünki o, bizi keçmişə aparır. Ha-ha-ha…

    Musiqinin melodiyası tədricən dəyişir. Ağ kostyumlu, qara mantiyalı Kişi qəfildən dabanı üstə geri fırlanıb üzünü zala tərəh tutur; onun alnına sarı dartılmış çatma qaşları, uzun kirpikləri, çənəsinə doğru uzanmış qalın birçəyi (bakenbortu), zəhmli gözləri diqqəti çəkir. Onun danışıq və hərəkətləri sehrbazı, foksçunu və ya ekstrasensi xatırladır. Kişi çubuğu havada ahəstəcə yellədir. Əvvəlcə zaldakı ayrı-ayrı adamlar, sonra isə az qala bütün zal əhli musiqinin ritminə uyğun olaraq tərpənməyə, sağa-sola doğru yellənib yırğalanmağa başlayır. İndi sanki orkestr səhnədə yox, zalda çalır və Kişi musiqiçiləri (əslində isə tamaşaçıları) “idarə” edir. Kişi əlindəki çubuğu havada oynada-oynada ehmal, asta, yumşaq addımlarla səhnənin önünə gəlir.

    KİŞİ: - Siz o çay səsini eşidirsizmi?
    Sizin saçınızı oxşayırmı meh?
    Heç nə eşitmirsiz? Çox qəribədir!
    Yumun gözünüzü... Bax belə, bu cür.
    (Başını arxaya doğru əyib, gözlərini yumur).
    Aha, indi necə? Eşidirsizmi?
    (Gözünü açır).
    Ehey, sən nə üçün gülürsən orda?
    Bəli, səninləyəm, alagöz xanım!
    (Çubuğu irəli uzadır).
    Gözünün rənginin görürəm burdan.
    Ey, sən də sakit ol, ərköyün oğlan!
    O üzün görünür sənin bu üzdən...
    Anam, bacım, siz də səbrli olun.
    Elə siz də susun atam, qardaşım.
    (Dua oxuyurmuş kimi pıçıltıyla danışır).
    Hamınız, hamınız dincəlin bir az,
    Heç nə yük olmasın qoy başınıza.
    Hər şeyi unudun, unudun getsin...
    (Sürətlə danışır).
    Qoy hamı tək qalsın özü-özüylə.
    İndi burda kim var? - Bir mən, bir də siz.
    Bax belə, bax belə... Sakitləşdiniz...
    Sizinçün oxuyur indi o çay da,
    Sizə nəğmə deyir o meh, o külək...
    İndi biz şənlənək, sevinək, gülək.
    İndi ürəyiniz gül kimi açır,
    İndi su çilənir əsəbinizə,
    Təravət tökülür üz-gözünüzdən.
    Burda bizdən başqa bir kimsə yoxdur.
    Bir mənəm, bir də siz, bir də ki... ruhlar.
    (Asta templə danışır).
    Bəli, qərib ruhlar dolaşır burda,
    Bir vaxt o ruhlarla yaşamışıq biz,
    O ruhlar yaşadıb bir zaman bizi,
    Sonra tərk ediblər bədənimizi.
    İndi aramızda ruhsuz bədən var, -
    Bədənsiz ruhlar da az deyil, bəli.
    Ah, ruhsuz bədənlər, bədənsiz ruhlar!..
    (Pauza).
    Açın gözünüzü siz yavaş-yavaş.
    Bax belə, bax belə... Heç tələsməyin.
    Siz indi diqqətlə seyr edin məni.
    Aha, sən nə üçün qəmlisən, dostum?
    (Çubuğu irəli uzadır).
    Bəli, səninləyəm... Niyə susursan?..

    TAMAŞAÇILAR (zaldan):
    - Sən kimi deyirsən?
    - Sən kimsən? Cadugər? Sehrbaz? Falçı?..
    SAMİT (zaldan): - Deyəsən, siz mənə işarə edirsiniz.
    KİŞİ: - Bəli, səninləyəm, düz buyurursan.
    SAMİT (zaldan): - Soruşursunuz ki, niyə qəmliyəm, hə? Sadəcə olaraq başım ağrıyır.
    KİŞİ: - Yaxın gəl, qoy ölçüm hərarətini.

    Samit iti addımlarla səhnəyə qalxır. Melodiya dəyişir...

    SAMİT: - Hə, gəldim. Bu da mən.
    KİŞİ: - Bax, mənim üzümə diqqətlə bax sən,
    Qəlbindən keçəni oxuyum indi.
    SAMİT: - Siz doğrudan adamları öz keçmişinə qaytara bilirsiniz, yoxsa?..
    KİŞİ: - Yoxsa inanmırsan mənə, əzizim?
    SAMİT: - Yox... Niyə ki?.. İnanıram.

    Kişi çubuğu ehmallıca Samitin kürəyinə, sinəsinə sürtür, onun başı üstündə fırladır, diqqətlə onu süzür.

    KİŞİ: - Görürəm, görürəm, əzab çəkirsən,
    Demək, dərk edirsən günahlarını.
    SAMİT: - Nə günah?.. Mənim günahlarım yoxdur. Amma, təbii ki, adi bir insan kimi səhvlərim olub. Bir də ki, xahiş edirəm, mənimlə bu tonda danışmayın!
    KİŞİ: - Bura bax... Eləsə mənə qulaq as...
    Əlini irəli uzat görüm bir...

    Samit əlini Kişiyə sarı uzadır.

    SAMİT: - Hə, bu da əllərim. (Gülür). Bəlkə ovcuma baxıb alın yazımı oxumaq istəyirsən?
    KİŞİ: - Heç nə deyəmmərəm gələcək haqda,-
    Allahın işinə qarışmırım mən.
    Amma söz açaram mən keçmişindən.
    SAMİT: - Keçmişim barədə? (Gülür). Ha-ha-ha!.. Bəlkə bunu gələcəyə saxlayaq?
    KİŞİ: - “Gələcək” nə üçün?.. Bax, elə indi -
    Səni görüşdürüm öz keçmişinlə.
    Kimi istəyirsən çağır yanına,
    Nəyi istəyirsən yaşa onunla.
    SAMİT (getmək istəyir): - Yox... Mən heç nə istəmirəm... İcazə verin...
    KİŞİ: - Dayan! Sən heç yerə getməyəcəksən! (Qətiyyətlə).
    Bəs onda nə üçün gəlmisən bura?
    Bura gələnlərin bil ki, hər biri
    Görüşmək istəyir öz keçmişiylə!
    SAMİT (qorxa-qorxa ayaq saxlayır): - Mən... Mən... Mən özümü yaxşı hiss etmirəm.
    KİŞİ: - İndi kim özünü yaxşı hiss edir?
    (Üzünü zala tutur).
    İçini yeyirsə şübhə qurd kimi,
    Rəzalət qoynunda vurnuxursansa,
    Şəhvətin, şöhrətin əsirisənsə,
    Sənə hakimdirsə riya, paxıllıq-
    Özünü sən necə hiss etməlisən?
    (Samitə doğru çevrilir).
    Heç yerə tələsmə, hörmətli adam,
    Yaxşısı budur ki, özündən danış.
    SAMİT: - Nə danışım özümdən? Mənim peşəm, sənətim eldir ki...
    KİŞİ: - Mən səhv etmirəmsə, sən həkimsən, hə?
    SAMİT: - Elədir. Düz buyurursunuz. Siz bunu nədən, haradan bilirsiniz?.. Bəlkə biz tanışıq. (Pauza). Yox, deyəsən sizi ilk dəhədir ki, görürəm... Hə, deməli belə; mən öz sənətimlə, öz peşəmlə əlaqədar müxtəlih insanlara yardım göstərməli oluram. Həyatımda nə qədər xəstələr görmüşəm! Bə’zən heç göstərilən tə’cili yardımın, ciddi müalicənin də xeyri olmayıb.
    KİŞİ: - Yəni o xəstələr sağ qalmayıblar?..
    SAMİT: - Bəli, bu cür hallar da olub. Mən bunu gizlətmirəm ki...
    KİŞİ: - Bax bunlardan danış, mümkünsə əgər...
    SAMİT: - Necə yəni “bunlardan” danışım? Nədən? Xəstələrdən? Xəstəliklərdən?
    KİŞİ: - Yox, yox, ölənlərdən, möhtərəm həkim...
    SAMİT: - Ölənlərdən? Ölünün nəyindən danışmaq olar?.. Yoxsa siz “günah” deyərkən həkimlərin heç də hamıya şəha verə bilmədiyini nəzərdə tutursunuz. Hər bir insanın əvvəli və sonu olur. İnsan günlərin bir günü xəstələnir, yatağa düşür və istər-istəməz həkimə müraciət etməli olur. Bəs həkimin borcu nədən ibarətdir? Təbii ki, xəstəni müalicə etməkdən. Amma elə xəstə olur ki, sağalmır. Onda həkim neyləsin?
    KİŞİ: - Söhbət başqa şeydən gedir, əzizim.
    Sən deyən xəstələr qalsın sonraya...
    SAMİT: - Bəs siz nəyi, kimi soruşursunuz? Mən heç nə anlamıram.
    KİŞİ: - Doğrudur, insanlar ölür nə vaxtsa;
    Bəziləri ölür öz əcəliylə.
    Amma bəzisini.
    (Pauza)... sən öldürmüsən.
    SAMİT: - Xahiş edirəm, məni şərə, böhtana salmayın. (Getmək istəyir).
    KİŞİ: - Dayan! Sən heç yerə getməyəcəksən!..
    Getsən də - keçmişə gedə bilərsən...
    SAMİT: - Nə “keçmiş” - “keçmiş” salmısınız? Açıq deyin görüm, siz məndən nə istəyirsiniz?..
    KİŞİ: - Mən nə istəyirəm? Tək həqiqəti!..
    SAMİT: - Nə həqiqətbazlıqdır? Bir də ki, siz kimsiniz? Hakim, müstəntiq, yoxsa ki, xəstə?
    KİŞİ: - Sən mənə sual yox, həkim, cavab ver:
    Diri ölülərdən danış bizlərə.
    Ölü uşaqların “diri” qalması,
    Diri uşaqların öldürülməsi,
    Bütün bunlar haqda danış, əzizim!
    Hə, niyə susursan?.. Eşidirəm mən...
    SAMİT: - Vallah, mən bunun dediklərindən heç nə anlamıram. Nə ölü, nə diri? Mən adi bir həkiməm və öz borcumu daim vicdanla yerinə yetirirəm. (Zala). Bu adam deyəsən şarlatandır!
    KİŞİ (asta səslə): -
    Sakit ol, sakit ol, qeyzlənmə gəl.
    Bir az səbrli ol, çıxma özündən.
    Sirr kimi qalmayır dünyada bir sirr.
    Elə gün gəlir ki, sirr pərdəsini
    Sirlərin üstündən götürür tanrı;
    Onda çılpaq qalır sirlər, əzizim,
    Təzəcə doğulan körpə uşaq tək...
    (Səsinin tonunu tədricən qaldırır).
    Burda ölülər də, dirilər də var.
    Rica eləyirəm, səs-küy salmayın...

    Əlindəki çubuğu zala doğru uzadıb gözlərini yumur. Danışdıqca avazı get-gedə yüksəlir. Səslənən musiqi melodiyası onun səs tembrini müşayiət edir.

    Yumun gözünüzü siz də mənim tək;
    Hər kəs xatırlasın öz keçmişini:
    Dünyanı nə vaxtdan dərk edirsiniz?
    (Əlini zalda əyləşən qadına sarı uzadır).
    Məsələn, üzümü sənə tuturam:
    İlk dəhə gördüyün sifət kimindir?
    İlk dəhə hansı söz qonub dilinə?
    Di yum gözlərini, bir xəyala dal.
    (Əlindən çubuğu pianinonun üstünə qoyur).
    Aha, eşidirsən o səsi indi!
    İndi o sifəti aydın seçirsən!
    (Yanan məşəli götürür).
    Ordan – uşaqlıqdan
    bir ağ yol keçir,
    (Qadına işarə ilə).
    Sən o bəyaz yolla üzübəri gəl.
    Hə, bir az da gəlsən
    yollar ayrılar;
    Bir yol sağa gedər,
    bir yolsa sola.
    Sən elə sağ yolla hərəkət elə...
    Bax belə, bax belə...
    sən o yoldasan...
    O yol gəncliyinə aparır səni.
    Hələ bu gününə - qocalığına
    Çox qalıb, əzizim,
    çox qalıb sənin.
    Sən öz gəncliyində
    bir ayaq saxla,
    (Məşəli qadına sarı tutur).
    Bir azca nəfəs dər,
    bir azca dincəl.
    İndi o işıqla-gənclik yoluyla.
    Gedirsən, gedirsən
    sən yavaş-yavaş.
    Hamı öz ömrünə diqqət eləyir,
    Hamı keçmişinə qayıdır indi.
    Qoy ölü sükutla barışsın hamı,
    Qoy öz keçmişiylə
    danışsın hamı.

    (Məşəl işığında sanki keçmişə “yol” axtarır).

    Sənsə gəl söhbət aç
    öz taleyindən,
    Sirlərin üstündən götür pərdəni.
    (Səsinin tonu get-gedə daha da yüksəlir).

    İndi həqiqətə tapınsın hamı,
    Hər kəs öz-özünə
    hesabat versin!
    Yalanı, riyanı çarmıxa çəkin!
    Həqiqət önündə gəlin diz çökün!
    Sizin içinizi didən yalandı,
    Sizi tərki-dünya edən yalandı!
    Əgər o yalandan xilas olsanız,
    İnanın, əbədi yaşayarsınız!..

    (Zaldakı qadına işarə ilə).
    Niyə duruxursan,
    niyə susursan?
    Nə üçün tərəddüd
    eləyirsən sən?
    Sən o sifətləri aydın seçirsən?
    Aydın eşidirsən sən o səsləri?..
    Eləsə ləngimə, indi gəl bəri...
    Sağ yolla - işıqla sən get irəli...

    Kişi məşəli yerinə qoyub çubuğu götürür.

    Musiqi Kişinin avaz və hərəkətinə uyğun olaraq gurlaşır. Zaldakı qadın - ŞƏHLA döyükə-döyükə, ətrafına boylana-boylana, tərəddüdlə ayağa durur, əvvəlcə inamsız - asta, daha sonra qəti-iti addımlarla səhnəyə çıxır, Kişiyə yaxınlaşır. Qadın təəccüblə Samitə baxır. Kişi cəld çevrilərək üzünü səhnənin dərinliyinə tutub (arxası zala sarı dayanaraq), əlindəki çubuğu əsəbi halda yellədir, sanki orkestri idarə edir; səslənən melodiya “nizamlanır”. Sonra Kişi yenə eyni qaydada - cəld bir halda dabanı üstə geri hırlanıb hər iki əlini irəli uzadaraq zalı “idarə edir”.
    Musiqi qəfildən susur.
    Sanki qadın boşluğa - vakuuma düşür. Sonra astaca səslənməyə başlayan həzin melodiya sanki qadını qanadlarına alaraq uzaqlara aparır. Zaldakıların əksəriyyəti melodiyanın axarına uyğun olaraq astaca ləngərlənir. Qadın gözlərini yumub ayaqüstəcə düşüncələrə dalır. İndi Kişi bir əlindəki çubuqla zalı “idarə edir”, o biri əlini qadının çiyninə qoyur. Sonra Kişi əlini ehmallıca qadının - Şəhlanın çiynindən götürüb Samitin çiyninə qoyur. Samit də gözlərini yumur; onun üz-gözündən hiss olunur ki, psixoloyi gərginlik keçirir. Musiqinin səsi iştirakçıların hamısını cəzb edir, öz “arxasınca” çəkib aparır. Daha sonra Kişi əlini Samitin çiynindən götürür və yavaşca dalı-dalı çəkilir. O, bu hərəkəti ilə meydanı - səhnəni Şəhla və Samitə təhvil verdiyini bildirmək istəyir. İştirakçılar sanki onları (tədricən) yuxuya verən, düşüncələrə qərq edən musiqinin sehrli cazibəsindən silkinib çıxır, təəccüblə ətraha baxırlar. Şəhla və Samit bir-birlərini sınayıcı nəzərlərlə süzürlər. Arxaya doğru çəkilmiş Kişi dodaqaltı nəsə pıçıldayır, əllərini havada-boşluqda yüngülcə yellədir; o, sanki ya sehrli bir dua oxuyur, ya da sehrbazlıq, cadugərlik eləyir. Sonra Kişi irəli çıxıb Samitlə Şəhlanın arasında dayanır; sanki onların arasında görünməz əlaqə-kontakt yaradır. Samitlə Şəhlanın sihətinin ihadəsi dəyişir: indi onlar yad adamlardan daha çox, bir-birindən küsmüş köhnə tanışlara bənzəyirlər. Kişinin üzünə hiylə, məkr qarışıq bir təbəssüm qonur və o, yüngülcə tə’zim edərək yenə səhnənin dərinliyinə çəkilir; o, elə bil bununla (işarə edib) bildirmək istəyir ki, ikilikdə qalıb danışa bilərsiniz, sizə mane olan heç nə, heç kəs yoxdur.

    ŞƏHLA: - Deyəsən, yavaş-yavaş xatırlamağa başlayıram... Elə bil beynimdən ağ bir işıq zolağı keçir. O, ağ yoldur. O yolla bir qadın irəliləyir. Tək-tənha... Odur, o qadın üzü bəri gəlir. (Əli ilə başını tutur). Aman Allah, o qadın mən özüməm ki... Bu, yuxu deyil ki, görəsən? (Gözlərini yumub-açır). Bəlkə də bu, yuxu içində yuxudur?..
    SAMİT: - İndi falabaxanların, cadugərlərin sayı o qədər artıb ki, gəl görəsən. Ta xəstələr həkim yanına yox, fırıldaqçı rəmmalların yanına gedirlər.
    ŞƏHLA (sanki öz-özünə danışır): - Odur, mənə bir kişi yaxınlaşır. Əllərini irəli uzadır, mənə sarı. Məni boğmaq istəyir... (Diqqətlə Samitə baxır). O kişi sənsən!
    SAMİT: - Xahiş edirəm məni bu oyuna qatmayın, bacı!..
    ŞƏHLA: - Sən məni öldürmək istəyirsən!.. Əlini çək!
    SAMİT: - Mən?.. Mənim sizinlə nə işim?.. Məndən aralı durun, məni şərə salmayın!..
    ŞƏHLA: - Sənin adın Samitdir! Bəlkə səhv deyirəm?..
    SAMİT: - Nə?.. Hə, lap tutaq ki, adım Samitdir! Nə olsun ki?..

    Bütün bu dialoq zamanı və, ümumiyyətlə, əsər boyu aramsız “diriyorluq” edən Kişi ehmallıca Samitə yaxınlaşır, əlini onun başı üzərində yelləyir; sanki beləliklə onun itmiş yaddaşını “bərpa” edir. Samit qorxa-qorxa, acizanə halda başını yerə dikir, sanki o, “sehrli” əlin hərəktlərinə tabe olur.

    ŞƏHLA: - Bəs mənim adım?..
    SAMİT: - Tutaq ki, sizin adınız Şəhladır... Şəhla... Hə... Nə olsun ki?..

    Kişi geri çəkilir. Çubuğu küncdəki pianonun üstünə qoyub hər iki əlini irəli - zala sarı uzadır, işarə ilə melodiyanı “dəyişir” və beləliklə sanki gərgin, inilti dolu musiqi sədası altında xəyala dalmış iştirakçı və tamaşaçıları keçmişə - hər kəsi öz yaddaşının dərinliyinə çəkib aparır. Samit və Şəhla üz-üzə dayanır.

    ŞƏHLA: - Doğrudanmı sən vaxtilə bu cür cinayətə əl qatmısan?..
    SAMİT: - Bu da təzə xəbərdir? Sizin adınız həqiqətən Şəhladır? Mən elə-belə ixtiyari bir ad dedim, o da tərs kimi, düz çıxdı. Bacı, xahiş edirəm mənim təmiz adıma ləkə yaxmayın, imicimə zərbə vurmayın!.. Mən həkiməm, öz pasientlərim, xəstələrim var, onların yanında mənə qarşı antitəbliğat kompaniyası aparmayın!.. Xahiş edirəm!..
    ŞƏHLA: - Sən qatilsən!
    SAMİT: - Nə? Qatil? Mən?..
    ŞƏHLA: - Bəli, qatil! Sən mənim körpəmin qatilisən!..
    SAMİT: - Bu, nə provokasiyadır? Bu, nə böhtandır?.. (Qışqırır). Əl çəkin mənim yaxamdan! Sizin kimilərini çox görmüşəm. (Kişiyə). Ay kişi, ay adam balası, məndən nə istəyirsiniz?..

    Kişi onu eşitmirmiş kimi, çubuğu sakitcə pianonun üstündən götürüb üzünü səhnənin dərinliyinə sarı çevirərək görünməyən “orkestri” idarə edir. Samit və Şəhla əks istiqamətlərə doğru üz tuturlar. Onlar asta, yumşaq addımlarla çıxır və az sonra yenə eyni yerişlə səhnəyə qayıdırlar; amma indi onların geyimindəki müəyyən hərq nəzərə çarpır: Samit ağ xalatdadır, başında ağ rəngli beret var. Şəhla yüngül yay geyimindədir. Hiss olunur ki, onlar keçmişə “qayıdıblar”. hər ikisinin nisbətən gənc olduğu da diqqəti çəkir.

    ŞƏHLA: - Həkim... Həkim...
    SAMİT: - Siz yenə gəlmisiz?.. Xahiş edirəm, məndən əl çəkin. Axı, mən hər şeyi sizə izah etdim.
    ŞƏHLA: - Mən öz körpəmin səsini eşidirəm. O səs bir an da olsun qulağımdan çəkilmir, həkim...
    SAMİT: - Nə olsun ki?.. Mənim də qulağıma çoxlu səslər gəlir və yaxud gələ bilər...
    ŞƏHLA: - Həkim, bir mənə qulaq as. Mənə elə gəlir ki, körpəm sağdır. O, indi nalə çəkir, haray qoparır.
    SAMİT: - Bəzən mənə də elə gəlir ki, çoxdan ölmüşəm... Nə olsun ki?..
    ŞƏHLA (heyrətlə ona baxır): - Necə yəni çoxdan ölmüsən?.. Siz... Siz... Sən... Sən ki, sağsan!
    SAMİT: - Bax, görürsüzmü?.. Sizin uşaq da çoxdan ölüb, amma sizə elə gəlir ki, o, sağdır. Bəzən adama hər şey tərsinə görünür.
    ŞƏHLA: - Yox, yox!.. Onun çöhrəsi bir an da olsun gözümün qarşısından çəkilmir. Onun körpə təbəssümü, totuq əlləri, üzü, gözü.. Hələ dodağından qopan “ana” kəlməsi... O səs...
    SAMİT: - O, nə tez “ana” deməyə başlayıb?.. Sizin xəstəxanadan çıxdığınız cəmi bir neçə gündür.
    ŞƏHLA: - Mənə elə gəlir ki...
    SAMİT: - Hə, sizə elə gəlir... Bura baxın... Neçə gündür ki, bura gəlib-gedir, hər dəhə də eyni şeyi təkrarlayırsınız. Eşidib-görən elə zənn edər ki, siz doğrudan da nədəsə haqlısınız.
    ŞƏHLA: - Mən öz ana ürəyimə etibar edirəm.
    SAMİT: - Siz canlı adama inanmırsınız, amma mücərrəd bir şeyə, ürəyə, qulağa, ta nə bilim nəyə, nəyə... etibar edirsiniz. Açığını deyim ki, sizin hərəkətləriniz məndə müyyən şübhələr doğurur.
    ŞƏHLA: - Sən nədən şübhələnirsən, həkim?
    SAMİT: - Sizin mühakimə və hərəkətlərinizdən... Mən sizə neçə dəhə demişəm və dediklərimi yenə təkrar etməyə məcburam: körpə doğuşdan az sonra öldü... Sizin körpəniz...
    ŞƏHLA: - Axı, mən onun qışqırtısını eşitmədim.
    SAMİT (gülür): - Ha-ha-ha... Bəyəm qışqıran ölmür? Bə’zən ən sağlam insan da bir anın içində, bir göz qırpımında dünyasını dəyişir. İnsan var idi, indi isə yoxdur! Dünyanın öz məntiqi var...
    ŞƏHLA: - Mən hər şeyi yuxu kimi xatırlayıram. Sən körpəni tutdun sonra o, qışqırdı...
    SAMİT: - Yenə də “qışqırıq”?
    ŞƏHLA: - Bəli, o qışqırırdı. Onun səsi hələ qulaqlarımdan çəkilməyib...
    SAMİT: - Yenə “səs”, yenə “qulaq”?..
    ŞƏHLA: - Həmin gecə bizim palatada təkcə sən qalmışdın. (Sanki onu eşitmir). Halbuki...
    SAMİT: - Nə olsun ki?.. “Sən qalmışdın...”
    ŞƏHLA: - ...halbuki o vaxtacan palatada həmişə iki həkim olurdu.
    SAMİT: - Bəyəm bunun sizə bir dəxli var?
    ŞƏHLA: -...mənim yanıma qonşu palatadan bir qadın gətirdiniz.
    SAMİT: - Yaxşı ki, kişi gətirməmişəm...
    ŞƏHLA: - ...əvvəlcə mənim ağrılarım başladı...
    SAMİT: - Paho! İşə düşmədik?!
    ŞƏHLA: - ... sonra qonşu çarpayıdakı qadının...
    SAMİT: - Sözünüzün canı nədir?
    ŞƏHLA: - ... sonra mən o körpə qışqırtısını qonşu çarpayıdan eşitdim.
    SAMİT: - Yenə də “qışqırtı”? Yəqin ki, sonra ortaya yenə “səs”, yenə “qulaq” gələcək?
    ŞƏHLA - ...qonşu çarpayıdan qopan səsin sədası yenə mənim qulağımdadır. O, mənim körpəmin səsiydi...
    SAMİT: - Deyirəm də... (Əlini yellədir). “Qışqırıq”, “səs”, “qulaq”... Siz məni əsəbiləşdirirsiniz.
    ŞƏHLA: - ...amma az sonra sən mənə dedin ki...
    SAMİT: - ... “sizin körpəniz ölüb”.
    ŞƏHLA: - ... “sizin körpəniz ölüb”... Bəli, belə dedin...
    SAMİT: - Bəli, dedim! Bəs nə deyəydim? Yox, bəlkə deyəydim ki, o, diridir?..
    ŞƏHLA: - ...amma qonşuluqdakı qadının çarpayısından...
    SAMİT: - ... “körpə səsi gəlirdi”. Hə?.. Elədirmi?..
    ŞƏHLA: - ...körpə səsi gəlirdi. Amma mənim...
    SAMİT: - ... “amma mənim körpəm ölmüşdü”. Eləmi?
    ŞƏHLA: - ...“ölmüşdü”... “ölmüşdü”...
    SAMİT: - ... “ölmüşdü”. Bəli, bəli, ölmüşdü!..
    ŞƏHLA: - Mən dedim: “Yox, ola bilməz”! Bu, yalandır!

    Kişi qəhildən çevrilib üzünü zala tərəh tutur, əlindəki çubuğu kəskin şəkildə havada oynadır. Onun özünün və əlindəki çubuğun hərəktinə uyğun olaraq səslənən musiqinin melodiyası da kəskin şəkildə dəyişir. Fonoqramda əvvəlcə körpə qışqırtısı eşidilir: “inqa-a-a-a-a-a-a!” Sonra kişinin əks-səda verən səsi: “Sizin körpəniz ölüb... Körpəniz ölüb... €lüb... ölüb...” Sonra qadın səsi eşidilir. O səs də əks-səda verir: “Mənim körpəm ölüb?.. Körpəm ölüb? Ölüb?.. Ölüb? Yox, ola bilməz! Ola bilməz! Bilməz!” Əks-səda verən bu dialoq bir neçə dəhə təkrarlanır. Və lap sonda Şəhlanın dilindən qopan: “Ola bilməz!” - nidası eşidilir. Şəhla sanki isterika vəziyyətində səhnənin önünə gəlib qışqırır.

    ŞƏHLA: - Ola bilməz!

    Samit heyrətlə ona baxıb dalı-dalı çəkilir.

    SAMİT: - Sakit olun!..
    ŞƏHLA: - Ola bilməz! İnanmıram!..

    Şəhla Samitin üstünə yeriyir. Samit dalı-dalı çəkilir, sonra addımlarını sür’ətləndirib səhnədən çıxır. Şəhla əvvəlcə onun arxasınca gedir, sonra ani ayaq saxlayıb, istiqamətini dəyişir, əks tərəhə üz tutur. Səhnədə bir müddət tək qalan Kişi qollarını qanad kimi yana açaraq iha edilən musiqini “tənzimləyir”, sanki zala layla çalır. Az sonra Şəhla və Samit əks tərəhlərdən gəlirlər; indi onlar ilk gəlişdə olan əlbəsədə - indiki, nisbətən yaşlı dövrün qiyahəsində qayıdırlar. Kişi onları görmürmüş kimi öz “dirijorluğunu” davam etdirir.
    Uşaq səsi - qışqırtı eşidilir: “inqa-a-a-a-a...”

    ŞƏHLA: - Aman Allah, mən yenə o səsi eşidirəm!
    SAMİT: - Hansı səsi?..
    ŞƏHLA (dinləyir): - S-s-s... Sakit ol! Bu, mənim körpəmin səsidir...
    SAMİT: - Yenə “səs”?.. Yenə “körpə”?.. Birçəyiniz ağarıb, amma yenə...
    ŞƏHLA: - O, buradadır! Mənim balam haradasa lap yaxınlıqdadır. Mən anayam... Ana ürəyi heç vaxt yanılmaz... Bu ötən illər ərzində mən hər gün onun haqqında düşünmüşəm. O, ölməyib! O, sağdır! Mən buna yüz haiz, min haiz əminəm.
    SAMİT: - Faizin dozasını bir az çoxaldırsınız...
    ŞƏHLA: - Mənə gülürsən?..
    SAMİT: - Yox... Allah eləməsin... Yox...
    ŞƏHLA: - Sakit ol... Sakit... Qoy qulaq asım...

    Kişi səhnənin önünə gəlib əlindəki çubuğu irəli uzadır. Musiqinin ritminə uyğun olaraq başını-bədənini yellədir, dodaqlarını dua oxuyurmuş kimi tərpədir. Sanki zalda əyləşənlər də onun hərəkətlərini təqlid edir. Şəhla həyəcanla boşluğa sarı - sanki eşitdiyi qaibanə səsin ardıyca gedir və səhnəni tərk edir. Zaldakı tamaşaçılardan biri, yaraşıqlı paltarda olan qız - AYSU ayağa duraraq qu quşu kimi süzə-süzə, sanki boşluqda uça-uça səhnəyə qalxır. Kişi sakitcə Şəhla gedən səmtə üz tutur, gözdən itir. Samit və Aysu üz-üzə dayanırlar. Hüznlü musiqi sədası. Samit heyrətlə qızı - Aysunu süzür.

    SAMİT: - Aysu?.. Sənsən? Sən haradan gəlib çıxdın?
    AYSU: - Haradan gələsiyəm ki? (Gülür). Bəyəm məni görməyiniz sizi belə narahat edir?
    SAMİT: - Yox... Niyə ki?.. Sadəcə olaraq, mən istəməzdim ki, bizi birlikdə görsünlər...
    AYSU: - Görürlər, görsünlər... Bunun mənə elə bir isti-soyuğu yoxdur...
    SAMİT: - Aysu... Qulaq as... Axı, mən sənə hər şeyi izah etmişəm. Sən ki, uşaq deyilsən.
    AYSU: - Doğru buyurursuz: mən artıq uşaq deyiləm...
    SAMİT: - Mən isə artıq gənc deyiləm. Saç-saqqalım ağarıb, üstümdən zamanın qara küləkləri əsib keçib.
    AYSU: - Qara küləklər niyə?.. Əgər əsibsə də, o, bəyaz külək olub. Elə üz-gözünüzdə də həmin küləyin izi qalıb: ağappaq, bəmbəyaz. (Gülür). Tərs kimi, mən də bəyaz rəngi sevirəm.
    SAMİT: - Qulaq as, Aysu. Mən ailəli adamam. Sən ki, bunu yaxşı bilirsən.
    AYSU: - Ailəlisiniz?.. Sizə yalan danışmaq yaraşmaz. Arvadınız sizdən çoxdan ayrılıb! Mən hər şeyi öyrənmişəm.
    SAMİT: - Mənim böyük övladım az qala səninlə yaşıddır.
    AYSU: - Nə olsun ki? Bəyəm bütün bunların mənə bir dəxli var?.. Siz məni ölümün pəncəsindən qurtarmısız. Deməli, mənim xilaskarım sizsiz... sənsən... Bura baxın, mən sizə “sən” - desəm inciməzsiz ki?
    SAMİT: - Necə istəyirsən elə o cür də de... Amma...
    AYSU: - Hə, lap yaxşı. Elə isə qulaq as, Samit... Bu dünyada yəqin ki, hər bir kəsin nəyisə istəmək, kimisə sevmək hüququ var, elə deyilmi?.. (Pauza). Bəlkə sən mənim hüququma təcavüz etmək istəyirsən?
    SAMİT: - Yəqin ki, bu dünyada hər kəsin bir istəməmək, sevməmək hüququ da var, elə deyilmi?.. İcazə ver, mən də öz hüququmdan istihadə edim.
    AYSU: - Yaxşı... (Gülür). Mən qarşı tərəhin də hüququna hörmətlə yanaşıram. (Ah çəkir). Qoy belə olsun. Amma unutma ki, hər kəsin öz hüququ uğrunda mübarizə etmək hüququ da gündəmdə qalır.
    SAMİT: - Bura bax... (Diqqətlə Aysunu süzür). Mən xahiş edirəm, yalvarıram... (Səsi titrəyir). Məndən nə istəyirsən? (Musiqi sədası sanki onun səsinin ahəngini müşayiət edir). Məni günaha batırma. Onsuz da günahlar içində boğuluram. Qoy heç olmazsa qalan ömrümü istədiyim kimi - sakit, rahat yaşayım; artıq mənim taleyimin hırtınalı, tuhanlı anları arxada qalıb. İndi mən səssiz-küysüz bir həyat yaşamaq istəyirəm... Mən az qala məzarlıq sakitliyi, qəbir sükunəti arzusundayam. (Pauza). Qulaq as... Mən səni müalicə edib sağaltmışam... Bu, mənim adi həkimlik borcumdur. Mən öz borcumu yerinə yetirmişəm. Sən isə... Yox, əlbəttə, mən səni ittiham etmək istəmirəm. Amma... Xahiş edirəm, yalvarıram məni rahat buraxasan, Aysu.
    AYSU: - Sən əvvəlcə bu cür deyildin. (Pauza). Mənə dil tökən, məni öz dünyamdan qoparan, yerimdən-yatağımdan oynadan sən olmadınmı?.. İndi bu nə sihətdir mənə göstərirsən?
    SAMİT: - Yox... Elə deyil... Elə deyil, Aysu... Hə, doğrudur, mən sənə xoş sözlər demişəm, lap elə işıqlı və’dlər vermişəm. Amma... Bütün bunlar səndə xoş emosiyalar oyatmaq üçün olub.
    AYSU: - Yəni sən məni axmaq hesab edirsən?.. Ya bəlkə mən bəbəyəm, körpəyəm, çocuğam?..
    SAMİT: - Aysu, eşit və bil: yerlə göy birləşsə belə, bizi heç bir qüvvə birləşdirə bilməz. (Diqqətlə qızı süzür). Lap elə... bilmək istəsən, ayıra da bilməz.
    AYSU: - Bax, elə mən bunu eşitmək istəyirdim.
    SAMİT: - Amma bu “birləşmə” sənin düşündüyün kimi ola bilməz, Aysu. İndi yalnız... keçmiş xəstə ilə... həkimin, lap elə ata ilə... övladın birliyindən söhbət gedə bilər.
    AYSU: - Utanmaz!.. Bu, nə söhbətdir? (Pauza). Bağışla, Samit... Bağışla...

    Aysu diqqətlə Samiti süzür. Samit başını günahgarcasına aşağı salır. Qız hiss olunmadan çıxıb gedir. Musiqi. Kişi Samitə yaxınlaşır. Samit başını qaldırıb Kişini görür. Gərgin musiqi sədası qəhildən susur və sanki Samit də boşluğa düşüb çaşır, səntirləyir. Sonra, o, qorxa-qorxa Kişinin üzünə baxır. Kişi əsrarlı, təbəssümlü nəzərlərlə Samiti uzun-uzadı süzür. Samit baxışlarını gizlətməyə yer axtarırmış kimi döyükür.

    KİŞİ: - Siz tanımırsınız bir-birinizi,
    Amma hamınızı tanıyıram mən.
    SAMİT: - Mən sizi ilk dəhədir ki, görürəm. Siz məni haradan tanıya bilərsiniz?
    KİŞİ: - Hər şey əks olunub bəbəklərində,
    Orada bir ömrün tarixi yatır.
    Yadında saxla ki, bu gen dünyada,
    Ömrün arxividir hər kəsin gözü...
    (Diqqətlə Samiti süzür).
    Sənin gözlərin də öz tarixindir:
    Aydınca oxunur orada hər şey.

    SAMİT: - Amma sizin gözləriniz... (Kişinin gözlərinə baxıb, tez də baxışlarını kənara yayındırır). Sizin gözləriniz böyük bir ekrana bənzəyir... Həqiqətən...
    KİŞİ: - Bəs sən o ekranda nələr görürsən?..
    SAMİT: - Mənə elə gəlir ki, orada - yə’ni sizin gözlərinizdə qorxulu hilmlər nümayiş olunur. Bəlkə elə ona görədir ki, sizin bəbəklərinizə diqqətlə baxanda adamı vahimə bürüyür. Ümumiyyətlə, siz qorxulu, təhlükəli adama oxşayırsınız..

    KİŞİ : - Demək, çox qorxuncdur mənim gözlərim?
    Orada qorxulu hilmlər gedir?
    Eləmi? Qoy olsun! Amma unutma:
    O qorxunc şəkillər,
    dəhşətli hilmlər-
    Sizin ömrünüzün kadrlarıdır.
    Sizsiz qəhrəmanı o hilmlərin!
    O pis əməllərin sahibi mən yox
    Sizsiniz, sizsiniz, sizsiniz, bəli!

    SAMİT: - Mən başa düşmürəm, siz hansı pis əməllərdən danışırsınız? Bəyəm biz buraya, bu salona sizin cəhəng söhbətlərinizə qulaq asmaq üçün toplaşmışıq?
    KİŞİ: - Nə dedin? Nə dedin?..
    “Cəfəng söhbətlər”?
    (Get-gedə səsini ucaldır).

    Ha-ha-ha!... Bu sözü
    sənsən söyləyən?

    (Əlini yana uzadır).

    De görüm nəyindir
    bayaqkı qadın?
    Səndən nə istəyir bəs
    o cavan qız?..
    Hardan tanıyırsan
    onları, söylə?
    De, niyə susursan?
    Cavab ver, arsız!
    SAMİT: - Doğrudan da, mən onları haradan tanıyıram? (Sanki öz-özünə danışır). Axı, qadın özü dedi: biz xəstəxanadan tanışıq. (Əlini alnına qoyub düşünür). O, doğum evinə gəlibmiş; özü deyir... Bu, lap çoxdanın əhvalatıdır... Uşağının guya sağ-salamat qaldığını o, özü uydurur. Axı, uşaq ölmüşdü... ölmüşdü...
    KİŞİ: - Sən yalan deyirsən! Yalan deyirsən!
    SAMİT: - Yalan? (Yazıq görkəm alır). Yox, mən yalanı xoşlamıram... (Pauza). Hə, o ki, qaldı bayaqkı qıza... Axı, mən dedim: o, məni daim tə’qib edir, izləyir. Amma, o, nə üçün belə edir, - deyə bilmərəm... (Pauza). Yox, bəlkə düzünü deyim: o, mənə vurulub. Məni sevir. Amma mən... Mən evli adamam. Onu aldatmaq mənə yaraşmaz. Bu yaşımda mənə nə deyərlər? Deməzlər ki, qızı yaşında bir qızla eşq macərası yaşayır?

    KİŞİ: - Alçaq? Bilirsənmi heç kimdir o qız?..
    Bilmirsən? İndi bil:
    sənin qızındır?
    Hə, niyə susursan?
    Lal oldu dilin?..
    Bəs hələ o qadın?
    Bəli, əzizim,
    Şəhlanı deyirəm:
    bəs, o, kimdir? Hə?
    O da anasıdır həmin o qızın.
    Bəli, Aysunun!..
    Aysunun doğmaca anasıdır, o.
    Aysu qızındırsa kimdir o qadın?
    Cavab ver, nə üçün
    susursan, Samit?
    Söylə, Şəhla kimdir?
    Nəyindir sənin?!.
    Nəyindir, kimindir o qadın?.. O qız?..

    SAMİT : - Heç nə anlamıram... Bu, nə böhtandır belə?.. Əl çəkin mənim yaxamdan... Məni rahat buraxın! (Tamaşaçılara). Siz buna inanmayın!.. Məni xilas edin bu fırıldaqçının cəngindən!..

    Samit qaçıb getmək istəyir. Kişi işıq zolağı altında par-parıldayan çubuğu irəli uzadır. Göy guruldayır, ildırım çaxır və sanki bu qorxunc səsləri də Kişi öz çubuğu ilə “idarə edir”. Samitin səs-küyünə, naləsinə Aysu və Şəhla gəlir. Samit yazıq-yazıq onların üzünə baxır. Aysu yaxınlaşıb Samitin əlindən yapışaraq sağa doğru çəkir; bunu görən Şəhla qəzəblə irəli çıxaraq Samitin çiynindən tutub sola doğru dartır. Beləliklə, Samit iki qadının təzyiqinə mə’ruz qalır - gah sağa dartınır, gah da sola. Musiqi tədricən güclənir.
    Kişi onlara yaxınlaşıb “sehrli çubuğu”nu irəli uzadır, sakitliyi bərpa edir. Aysu və Şəhla geri çəkilir. Samit və Kişi səhnənin ortasında qalırlar.
    Bundan sonrakı səhnələrdə (epizodlarda) Kişi sanki açıq-aşkar sehrbazlıq missiyasını həyata keçirir: o, çubuğu stola tərəh uzadır, stol kənara doğru sürüşür. Kişi çubuğu yuxarıdan asılmış çilçırağa doğru uzadır, çilçıraq əvvəlcə aşağı enir, sonra çubuğun “işarəsi” ilə yuxarıya doğru qalxır və daha sonra çubuğun hərəkətinə uyğun olaraq nənni kimi irəli-geri yellənir...
    Sonra Kişi çubuqla görünməyən musiqi alətlərinin səsini “hərəkətə” gətirir. Çubuq enib-qalxdıqca müxtəlih melodiyalar eşidilir; sanki pianino, kaman, gitara, skripka (bir sözlə, zərb və nəhəsli alətlərin) ritmləri eşidilir. Nəhayət, Kişi əlindəki çubuğun ucunu ehmalca yerə vurur və döşəmədən ayaq tappıltısını xatırladan gur səslər eşidilir: tap-tap, gup-gup... Lap sonda Kişi zaldakı adamları hərəkətə gətirir. Çubuğun istiqamətinə müvahiq olaraq tamaşaçılar musiqi sədası altında tərpənir, hərəkətə gəlir, oturub-durur. Samit heyrətlə Kişini süzür.

    Pərdə



    II HİSSƏ

    Birinci hissənin sonunda baş verənlər sanki təzədən təkrarlanır: Kişi çubuğu stola tərəf uzadır, stol kənara “qaçır”. Kişi çubuğu yuxarıdakı çilçırağa doğru uzadır: çilçıraq çubuğun işarəsi ilə aşağı-yuxarı yellənir. Sonra Kişi çubuğun işarəsi ilə görünməyən musiqi alətlərini “dilləndirir”; çubuğun hərəkətinəuyğun olaraq müxtəlif melodiyalar eşidilir. Nəhayət, Kişi çubuğun ucunu yerə vurur və döşəmədən ayaq tappıltısını xatırladan səslər eşidilir: tap-tap, gup-gup... Lap sonda Kişi çubuğun “sehri” ilə zalı hərəkətə gətirir: tamaşaçılar səslənən melodiyaya müvahiq olaraq tərpənir.
    Samit bayaqdan kənarda dayanıb heyrət və qorxu ilə Kişinin əcaib hərəkətlərini süzür.

    KİŞİ: - Heç nə yayınmayır
    mənim gözümdən.
    Heç kəs aldadammaz
    məni, yaxşı bil.
    Sənin ürəyindən
    keçənləri də
    Elə üz-gözündən
    oxuyuram mən.
    Deyimmi indi sən
    nə düşünürsən?
    Qəlbində deyirsən:
    görən bu iblis
    Məndən nə istəyir?
    Düzmü bilmişəm?..
    Hə, niyə susursan?
    Cavab versənə...
    Səndən heç nə, heç nə
    istəmirəm mən...
    Amma Yer üzünün
    bir nizamı var,
    Qaydası-qanunu,
    intizamı var.
    Burda qoşa gəzir
    yalanla doğru,
    Bəzən üstələyir
    doğrunu oğru.
    Hər şeydən ucadır
    amma həqiqət,
    O, hətta, Allahdan
    ucadır, əlbət...
    SAMİT: - Əstəğfürullah...
    KİŞİ: - Allaha yalandan
    isnad etmə sən,
    Bu sayaq məzhəkə
    kimə gərəkdir?
    Sən elə sanırsan
    kardır bu dünya?
    Sən elə bilirsən
    kordur bu aləm?
    Axı bu, dünyada
    bir həqiqət var;
    Bəlkə o həqiqət
    Allahdır elə?
    Məncə həqiqətdir
    Allahın adı...
    SAMİT: - Əstəğfürullah...
    KİŞİ: - Nə vaxt həqiqəti
    danışacaqsan?
    Nə vaxt yetişəcək
    tövbə anları?
    (Pauza).
    Hə, niyə susursan?
    Elə bilirsən.
    Daha götürülüb
    mizan-tərəzi?
    Bəlkə görən yoxdur
    bizi kənardan?
    Bizi bizdən başqa
    izləyən yoxdur?
    Qulaq as, dünyada
    gizlinlər yoxdur,
    Heç nəyi heç kəsdən
    gizlətmək olmaz.
    Sənin etdiklərin
    sənə bəllisə
    Demək, bu, dünyaya
    çoxdan bəllidir.
    Yerin sirri yoxdur,
    sirr göylərdədir.
    Amma... göylərin də
    kökü yerdədir.
    SAMİT: - Əstəğfürüllah!
    KİŞİ: - Danış, söz sənindir.
    Bax, mən gedirəm...
    Amma... səmimi ol
    özün özünlə.

    Kişi əllərini yuxarı qaldırır, sanki get-gedə coşan həzin musiqini öz əzəli məcrasına “salmağa” çalışır. Sonra Kişi tədricən səhnənin dərinliyinə çəkilir. Samit səntirləyir, başını əlləri arasında sıxır. Musiqinin ritmi dəyişir, Şəhla melodiyanın sədaları altında, asta və yüngül addımlarla Samitə yaxınlaşır.

    SAMİT: - Yox, bu, ola bilməz!..
    ŞƏHLA: - Nə ola bilməz?..
    SAMİT: - Heç... Mən elə-belə özüm-özümlə...
    ŞƏHLA: - Bu səs mənə çox tanış gəlir...
    SAMİT: - Yenə səs?.. Yenə tanışlıq?.. Yenə o köhnə həngamə?..
    ŞƏHLA: - Yox, mənim ağlım çaşmayıb... Elə yaddaşım da öz yerindədir. Əksinə, zaman keçdikcə keçmişin bütün rəngləri öz parlaqlığı ilə təzədən yaddaşımdan boy verib boylanır. (Qışqırır). O, sən idin! Sən! Sən! Sən!
    SAMİT: - Bir sakit olun görüm... Axı, sizə nə oldu?..
    ŞƏHLA: - Nə “siz-biz” salmısan!.. Mən səni tanıdım... O, sən idin...
    SAMİT: - Axı, siz...
    ŞƏHLA: - “Siz” yox, “sən”...
    SAMİT: - Yaxşı, olsun “sən”... Deyin görüm, siz... sən...
    ŞƏHLA: - Alçaq, sən məni aldatmısan...
    SAMİT: - Bunu eşitdik... Yetər...
    ŞƏHLA: - Yox, sən bunu eşitməmisən hələ... (Musiqi... Pauza. Sanki qadın uzaqdan eşidilən melodiyanı dinəlyir). Qulaq as... Eşidirsənmi?.. Mən sənə həqiqəti deməliyəm... Axı, sən mənim uşağımın atasısan...
    SAMİT: - Nə?.. (Qışqırır). Nə dedin?..
    ŞƏHLA: - Bəli... Düz eşitdin... (Bundan sonra sanki qadın öz-özü ilə danışır). Mənim ərim alicənab bir adam idi. Özü də sakit, hağır, dili-ağzı özündə... Evlənməyimizdən beş-altı il keçsə də uşağımız olmurdu... Qonşuluğumuzda qoca, əyriqıç bir qadın vardı. Uşaqlar ona nədənsə “küpəgirən qarı” deyirdilər. „ünlərin bir günü... Yaxşı yadımdadır. Axşamüstü idi. Mən həyətdə oturub alma yeyirdim. O gün ərim gecə növbəsində işləyəcəkdi. Tənha idim. “Küpəgirən” darvazanın o üzündən mənə sarı boylandı. Onun sifətini görəndə ətim ürpəşdi. Amma özümü saxlaya bilməyib, heç bilmirəm nədənsə, onu içəri dəvət etdim. “Küpəgirən” mənimlə bir xeyli oradan-buradan danışdı. Ərimin iş-gücüylə maraqlandı. Arada soruşdu ki, bəs niyə uşağın olmur? Dedim ki, səbəbini bilmirəm.
    SAMİT: - Sənin dediklərinin mənə nə dəxli?
    ŞƏHLA (sanki öz-özünə): - Qarı mənə dedi: “cavan gəlinsən, niyə müalicə olunmursan?” Dedim ki, müalicənin nəticəsi olmayıb. (Kimisə yamsılayır). “Mən səni yaxşı bir həkimin yanına apararam”. Bu sözləri “küpəgirən” dedi. Mən razılaşdım. Amma bu barədə ərimə bir söz demədim. İki gündən sonra, mən qarı ilə birlikdə onun tanış həkiminin yanına getdim. Bu, gözlərinə qara eynək taxmış, cavan, gülərüz, qılıqlı bir adam idi. Asta, həzin səsi vardı. O, mənə əyləşməyi işarə etdi, qarıya isə dedi ki, çıx bayırda gözlə.
    SAMİT: - Axı, nə olsun?..
    ŞƏHLA: - O olsun ki... Bir qulaq as...
    SAMİT: - Ha-ha-ha... Bəs sonra?.. (Gülür). “Küpəgirən?“ (Davamlı qəhqəhə). Ha-ha-ha!..

    Kişi onlara yaxınlaşır.

    KİŞİ: - Bəyəm tanımırsan sən o həkimi?..
    SAMİT (qorxa-qorxa): - Mən?.. Mən... Mən... (Şəhlaya).. Sən.. Sən... Siz... Siz...
    KİŞİ: - Bəli... Şəhla idi
    o qadın, bəli...
    Bəlkə unutmusan
    bunları, Samit?
    Hə, niyə susursan?..
    Yoxsa lal oldun?
    Bəlkə mən danışım
    o olayları?
    Bəlkə utanırsan,
    qorxursan indi?
    Amma cürətliydin
    o zaman, Samit!
    Yox, cürətli deyil,
    qəddar olmusan,
    Sən vəhşi olmusan,
    barbar olmusan...
    Sevə bilməmisən
    sən insanları,
    Duya bilməmisən
    sən insanları.
    Bəlkə də sən ruhsuz
    bədən olmusan,
    Cisminlə ruhuna
    kəfən olmusan.
    (Səsini get-gedə ucaldır).

    “Küpəgirən”qarı çıxandan sonra
    Bihuşdarı verdi həkim, qadına.
    Sonrasa əl atdı ən iyrənc yola -
    Onun namusuna təcavüz etdi...

    ŞƏHLA: - Mən onda heç nəyi anlamadım. (Samit). Həkim bir qab mayeni mənə sarı uzatdı, dedi ki, qorxma- iç, hər şey yaxşı olacaq. Mən qabı başıma çəkdim. Ayılanda “küpəgirəni” başımın üstündə gördüm. Sonralar nə qədər istədimsə olub-keçənləri olduğu kimi yadıma sala bilmədim. Amma arabir gözlərim qarşısında bir cüt tüklü əl, təbəssümü əriyib gedən qorxunc bir sihət canlanırdı. Bu kimin əlləri, kimin sihəti idi?!

    Samit qorxa-qorxa öz əllərinə baxır.

    SAMİT: - Yox... Yəqin ki, həkim sənə adi dərman verib... Axı, sonra sənin uşağın olub. Bunu özün deyirsən ki...
    ŞƏHLA (sanki öz-özünə): - Sonra mənim körpəm dünyaya gəldi. Amma kim idi bu uşağın atası?
    SAMİT: - Kim idi? Sən... Siz... Siz...
    KİŞİ: - Kimin övladıydı doğulan uşaq?
    Kimdən törəmişdi günahsız körpə?..
    ŞƏHLA: - Mən indi bilirəm ki, o uşağın dünyaya gəlməsindən ərimin xəbəri olmayıb. Doğrudur, ərim bilirdi ki, mən hamiləyəm, o isə tezliklə ata olacaq. Amma o uşaq mənim ərimdən xəbərsiz dünyaya gəlirdi. Kimin idi o uşaq?..
    SAMİT (qorxa-qorxa): - Axı, mən nə deyə bilərəm?..
    KİŞİ: - Deyimmi kim idi onun atası?
    Qoy deyim: o körpə sənindi, Samit...
    SAMİT: - Mənim?..
    ŞƏHLA: - Bəli, onun atası sən idin...
    KİŞİ: - Sən!..
    SAMİT: - Mən?..
    ŞƏHLA: - Bəli, sən!
    KİŞİ: - Bəs sonra nə oldu? Bəlkə indi sən
    Olub-keçənləri xatırlamırsan?
    ŞƏHLA (sanki öz-özünə): - Mənim övladım dünyaya gəldi. O, həm də sənin övladın idi.

    Aysu gəlir. Qız içəridəki adamları kənardan diqqətlə süzüb tərəddüdlə geri qayıtmaq istəyir.

    KİŞİ: - Gəl, gəl, içəri keç,
    niyə duruxdun?
    Doğma adamlardır
    buradakılar.
    AYSU: - Doğma adamlar? Mən burada tək bircə adamı tanıyıram.
    ŞƏHLA (sanki öz-özünə): - Bu səs illər uzunu mənim qulağımda səslənib.
    AYSU: - “Doğma adamlar”, icazə verin mən gedim. (Samitə). Sonra gələrəm.
    KİŞİ: - Haraya gedirsən,
    bir səbrli ol,
    Məsləhət budur ki,
    burda qalasan.
    AYSU: - Mən başa düşə bilmirəm: siz kimsiniz? Telepat, cadugər, sehrbaz, halçı, maq, gipnozçu, yoxsa şarlatan?
    SAMİT: - Doğrusu, mən özüm də bu adamı düz-əməlli tanımıram.
    KİŞİ: - Demək tanımayır heç bir kəs məni,
    Yaxşı tanıyıram amma sizi mən.
    Bəlkə də siz məndən qaça bilərsiz,
    Amma qaçmmazsız öz özünüzdən.
    Gəlin tərk eləyin qılafınızı,
    Çıxın bir anlığa öz qınınızdan;
    Özünüzə bir az kənardan baxın, -
    Baxın başqasının gözləri ilə.
    Məkrdən, riyadan, yalandan qaçın,
    Gəlin həqiqətə pənah gətirin.
    AYSU: - Mən sizin dediklərinizdən heç nə başa düşmürəm...
    KİŞİ: - İndi anlayarsan, bir az səbr elə,
    Əvvəlcə tanış ol bu qadınla sən.
    AYSU (əlini Şəhlaya uzadır): - Tanış olaq. Mənim adım Aysudur.
    ŞƏHLA (tərəddüdlə əlini irəli uzadır): - Şəhla...
    KİŞİ (Aysuya): - Bu, sənin anandır,
    (Şəhlaya)
    Bu, sənin qızın...
    Ana-balasınız siz, əzizlərim.
    ŞƏHLA: - Siz məni ələ salırsınız?
    KİŞİ: - Sakit ol, qışqırma... Bu kişi isə...
    AYSU (gülür): - Bəlkə bu da mənim atamdır, hə?
    KİŞİ: - Bəli, düz tapmısan, busa... atandır.
    ŞƏHLA: - Yox!.. Nə?.. Necə? Bu, bu... Bu, mənim qızımdır? (Diqqətlə Aysunu süzür). Mənim qızım?.. Mənim qızım! Odur! O, özüdür!
    SAMİT: - Mənim qızım?.. Kim? Aysu?.. (Dəlicəsinə gülür). Ha-ha-ha... Bir mənim qızıma, (Aysunu göstərir) mənim arvadıma (Şəhlanı göstərir) baxın! (Ciddiləşir). Kişi, kühr danışma! Bu boyda böhtan olmaz? Əstəğhürullah!
    AYSU: - Mən heç nə anlamıram... Doğma ata-anam olub mənim... Bəs bu təzə valideynlərim haradan çıxdı belə?
    ŞƏHLA: - Qızım! Mənim balam!..
    AYSU: - Necə yəni “mənim balam”?.. Mənim öz ata-anam öz valideynlərim olub. Bu, nə oyundur çıxarırsınız?.. Bu, nə hoqqadır? Mən öz valideynlərimi yaxşı tanıyıram.
    ŞƏHLA: - Sənin anan mənəm, mənim balam... (Ürəyini tutur). Mənim qızım... Mən bilirdim ki... sən sağsan...
    KİŞİ: - Özünü ələ al, səbrini bas bir...
    SAMİT: - Əslində bu dünyada hamının bir-biri ilə qohumluğu var... Nə olsun ki?..
    ŞƏHLA: - Mənim qızım... Mənim balam... (Müvazinətini itirir).
    KİŞİ (Samitə):
    - Nəyi gözləyirsən? Niyə durmusan?
    Deyirsən bu qadın bayılsın, ölsün?..
    SAMİT: - Mən bir böhtandan qurtulmamış, o birisinə düşmək istəmirəm.
    AYSU: - Bunun rəngi qaçıb ki... Deyəsən, ürəktutması var...
    ŞƏHLA: - Oh-h-h... Ya rəbbim, bu nə müsibətdir mənə göstərirsən?
    KİŞİ: - Özünü ələ al, darıxma, Şəhla,
    Nə Allahı qına, nə də bəndəni.
    Bunların hamısı tale işidir:
    Olum da, ölüm də göylərdən gəlir.
    Bizim xoşbəxtliyin mənbəyi göydə,
    Bizim bədbəxtliyin mənsəbi yerdə.
    AYSU: - Əl çəkin məndən! Fırıldaqçılar.
    ŞƏHLA: - Yox, qızım, bu Kişi fırıldaqçı deyil. Bax, fırıldaqçı budur. (Samiti göstərir).
    AYSU: - Fırıldaqçı?.. O, həm də mənim atamdır, hə? Sən isə mənim anamsan! Elə deyilmi?.. Özün də fırıldaqçı deyilsən?!. Alçaqlar!.. (Dəlicəsinə gülür). Ha-ha-ha!.. Ataya bax! Anaya bax! Sehrbaza, rəmmala bax! (Kişini göstərir). Hamınız rədd olun! Rədd olun!..

    Aysu hiddətlə çıxır, Şəhla ürəyini tutub onun ardıyca qaçır.

    KİŞİ: - Mənim ünvanıma nələr demirlər -
    Guya cadugərəm, sehrbazam mən.
    Hətta, bəziləri güman edir ki,
    Şeytanla, iblislə işbirliyim var.
    Bunların hamısı yalandır, yalan!
    Mən nə şarlatanam, nə də ki, maqam,
    Hamının yanında mən üzüağam;
    İndi şeytanlar var mələk donunda.
    Onlardan biri də budur, burdadır.
    SAMİT: - Əstəğfürullah!
    KİŞİ: - Həkimlər insana şəha verirkən,
    Sən bəla verirsən, əzab verirsən.
    SAMİT: - Əstəğfürullah!
    KİŞİ: - Sən əsl şarlatan, əsl canisən!..
    SAMİT: - Əstəğfürullah!
    KİŞİ: - Bəlkə unutmusan əməllərini?
    Bəlkə o qadın da çıxıb yadından?
    SAMİT: - Siz hansı qadını deyirsiniz?.. Mən heç nə anlamıram. Əstəğfürullah!
    KİŞİ: - Sənin ayağına düşən qadını,
    Diz çöküb yalvaran bədbəxt qadını.
    Bəlkə unutmusan? Yox! Ola bilməz,
    Bəyəm bu işləri unutmaq olar?
    Səndən nə umurdu o qadın? Söylə!
    SAMİT: - Qadın? Hansı qadın? Mən elə bütün ömrüm boyu qadınlarla işləmişəm. Deyəsən, mənim nə işlə məşğul olduğumu siz də bilirsiniz?.. Hə? Yəqin kimsə bu barədə sizə məlumat verib. İşlədiyim xəstəxanada dünyaya göz açan neçə-neçə körpəni ilk dəhə mən tutmuşam. Mən nə qədər anaya şəha bəxş etmişəm. Bəlkə o qadınlardan biri elə bu olub... Њər şey ola bilər... Amma siz mənim təmiz adımı ləkələməyin! Mən müqəddəs bir sənətin sahibi olmuşam.

    KİŞİ: - Bura bax, sualdan gəl yayınma sən!
    Çox şeyi unuda bilərsən, amma
    Unuda bilməzsən sən bir qadını.
    Varlı bir kişinin arvadıydı o,
    Amma bədbəxt idi, talesiz idi.
    Çünki o qadından olan uşaqlar
    Ölürdü dünyaya göz açan kimi.
    Yenə hamiləydi həmin o qadın,
    Yenə bədgümandı həqət özündən.
    Yaxşı bilirdi ki, onun körpəsi
    Yenə tələh olsa, hər şey bitəcək:
    Evdən baş götürüb gedəcək əri,
    Osa tək qalacaq yalquzaq kimi.
    O qadın dərdini danışdı sənə,
    Qarşında diz çökdü, imdad dilədi,
    Sonrasa pul-para... qiymətli qaş-daş...
    SAMİT: - Axı, siz... Siz... Əstəğfürullah!..
    KİŞİ: - Bəli, düz deyirsən: əstəğfürullah!..
    Yenə ölü uşaq gəldi dünyaya,
    Sənsə o uşağı diriltdin... Alçaq!
    SAMİT: - Heç ölü də dirilər?.. Axı, siz... mən...
    KİŞİ: - Sən ölü uşağı Şəhlaya verdin -
    Qonşu çarpayıda yatan qadına.
    Şəhlanın qızını dəyişdin, Samit,
    Onun körpəsini yad ələ verdin.
    Beləcə körpələr dəyişdirildi,
    Beləcə analar dəyişdirildi.
    Ölü diri oldu, dirisə ölü...
    SAMİT: - Əstəğfürullah!
    KİŞİ: - İndi böyüyübdür körpə qızcığaz,
    Bilirsən kimdir o? Yaxşı bilirsən:
    Aysudur, Aysudur o qızın adı!..
    SAMİT: - Əstəğfürullah!..
    KİŞİ: - Bəli, o, Aysudur, Ay parçasıdır,
    Yaxşı tanıyırsan sən o mələyi.
    Nə üçün insanlar belə riyakar,
    Naxələf, məkrli olur, ilahi?..
    Sən qaça bilərsən gələcəyindən,
    Amma keçmişindən qaça bilməzsən!..
    Yenə keçmişinə qaytarım səni? -
    O zaman hər şeyi xatırlayarsan...

    Kişi geri çəkilir. Tül pərdə (və ya tüstü) arxasında ağ xalatlı Samit və müasir dəbdə geyinmiş Aysu görünür. Danışıq və səhnə detallarından söhbətin keçmiş zamanda baş verdiyi hiss olunur. Aysu və Samit üz-üzə.

    SAMİT: - Sən indi tamamilə sap-sağlamsan, Aysu...
    AYSU: - Siz məni ölümün pəncəsindən xilas etdiyiniz. Bu xəstəlikdən salamat ötüşəcəyimə inamım qalmamışdı.
    SAMİT: - Amma indi inana bilərsən... Həm özünə, həm də mənə... Ta hər şey ötüb keçib. Sənin xoşbəxtliyin irəlidədir.
    AYSU: - Siz hansı xoşbəxtliyi nəzərdə tutursunuz?..
    SAMİT: - Təbii ki, söhbət sənin gələcək ailə səadətindən gedir... Sənin uşaqların olacaq.
    AYSU: - Amma o biri həkimlər mənə əksini demişdilər...
    SAMİT: - ...Guya sənə ailə qurmaq, ana olmaq məsləhət deyil, eləmi?..
    AYSU: - Bəli... Elədir... Amma indi... Doğrusu, heç inanmağım gəlmir...
    SAMİT: - Bu yaşda sənin inamını öldürüblər... („ülür). „ör bir indi mənim sinnimdə olanlar nələr çəkir.
    AYSU: - Sizə nə olub ki?.. Maşallah, hələ cavansınız.
    SAMİT: - Doğrudan? (Mənalı tərzdə). Məncə sizə elə gəlir.
    AYSU: - Yox, sizə elə gəlir... (Gülür). Sizə elə gəlir ki, hər şey arxada qalıb.
    SAMİT: - Hər halda çox şey arxada qalıb... Hərdən öz-özümə hikirləşirəm: mən bu dünyada nə qoyub gedirəm?..
    AYSU (gülür): - Siz haraya getmək istəyirsiniz? Bu, nə yır-yığışdır belə?..
    SAMİT: - Hər halda ömrün müəyyən çağından sonra ağıllı adamların çoxu üz tutmağa hazırlaşdıqları bir ünvanın işartılarını aydınca görürlər...
    AYSU: - O, hansı ünvandır elə?..
    SAMİT: - O ünvana qədəm basanlar bir daha geri dönmürlər.
    AYSU: - Aha!.. Məncə siz “işartıları aydın görünən ünvan” - deyərkən, son sevgi limanını nəzərdə tutursunuz, elə deyilmi? (Gülür). Yoxsa, mən səhv edirəm?

    Aysu şaqqanaq çəkib gülür, Samit də ona qoşulur. Onların gülüş səsləri səslənən valsın melodiyalarına qarışıb əriyir. Samit və Aysu əl-ələ tutub rəqs edirlər. Onlar musiqinin ritminə uyğun olaraq səhnədə dövrə vurur, gah asta, gah da sürəkli temperamentlə çevik hərəkətlər edirlər. Aysu və Samit rəqs edə-edə nə barədəsə danışır, nəyisə təsdiq, nəyisə inkar edirlər. Asta addımlarla səhnəyə çıxan Kişi əllərini rəqsin melodiyasına uyğun olaraq tərpədir, sanki ihaçılarla musiqi arasında bir “əlaqə” yaradır; sonra Kişi bu cür “əlaqəni” zalla səhnə arasında yaradır: “diriyorluq” edir. Təbii ki, rəqs edənlər qəhildən gələn Kişini görmürlər - onlar öz aləmlərinə qapılıblar. Kişi əcaib əl-qol hərəkətləri ilə sanki təkcə musiqini yox, həm də rəqs edənləri “idarə edir” - belə ki, Aysu ilə Samitin əvvəlcə qarşılıqlı mehribanlıq, “əmin-amanlıq” şəraitində keçən söhbəti tədricən hiss olunacaq dərəcədə “tündləşir”: belə ki, rəqs edənlər əsəbi halda bir-birindən ayrılır, elə rəqs edə-edə əks tərəhlərə üz tutur, sonra yenə üz-üzə dayanıb hansı məsələnisə müzakirə edərək bir-birinə hədələyici tonda nəyisə aydınlaşdırmağa çalışırlar. Aysu Samitə yaxınlaşıb onu ələ almağa, dilə tutmağa çalışır... Amma Samit əsəbi halda ondan uzaqlaşır. Qız - Aysu əlini üzünə tutub hönkürə-hönkürə səhnəni tərk edir. Bu zaman Şəhla gəlir. O, sanki səhnənin arxa planında dayanıb “diriyorluq” edən Kişini görmür.

    ŞƏHLA: - O, mənim qızımdır! Buna zərrə qədər də olsa şübhə yoxdur. Mən bu ötən illər ərzində nələr çəkmişəm, bunu bircə göydəki Allah bilir. (Əllərini göyə qaldırır və bu zaman arxa planda dayanıb zalı “idarə edən” Kişini görür, ona yaxnılaşır). Yəqin ki, mənim əzablarımın Yer üzündəki yeganə şahidi sizsiniz. Sizə hər şey əyandır. Bəlkə siz Allahın Yerdəki kölgəsisiniz? Bəlkə siz bizim üzünü görmədiyimiz təzə peyğəmbərsiniz? (Kişinin önündə diz çökür). Qoy hüzurunuzda diz çöküm, səcdə edim!
    KİŞİ (əlini göyə qaldırıb, ucadan): - Əstəğfürullah!
    ŞƏHLA: - Sizə hər şey əyandır. Mən bunu bilirəm! Samit o uşağın atasıdır. Mənim öz ərim bu dünyadan övlad həsrəti ilə getdi. Mənsə bu ötən illər ərzində daim əmin olmuşam ki, övladım sağdır. Bu gün bu zala daxil olarkən mən bir daha inandım ki, burada bir möcüzə baş verəcək - görünməmiş, eşidilməmiş bir möcüzə! Artıq o mö’cüzə baş verib: mən öz övladımı tapmışam! Aysu mənim övladımdır. O, əlbəttə, bu həqiqətə inanmaq istəmir. O, deyir ki, öz doğma ata-anası olub. İndi valideynləri ölüb, tənha qalıb. (Kişinin qarşısında dizin-dizin sürünür: sanki hansısa məbəd qarşısında təzim edir. Kişi onun qolundan tutub qaldırır. Şəhla ayağa durub hürkə-hürkə ətraha baxır). Siz mənə kömək edin! Siz həqiqəti ona - mənim balama deyin! Qoy o, bu alçaq, bu rəzil dünyanın mənim başıma açdığı müsibətlərdən xəbər tutsun! Qoy o, hər şeyi bilsin! Kömək edin, yalvarıram sizə!

    KİŞİ: - Artıq keçmişinə bələddir Aysu,
    Amma xəbəri yox gələcəyindən.
    Bəli, yad ocaqda böyüyüb qızın,
    Ata da yad olub orda, ana da.
    Bir qadın cinayət törədib bir vaxt -
    Yad uşaq götürüb uşaq evindən;
    O, pulla özünə
    “xoşbəxtlik” alıb,
    Fəqət bədbəxtliyə düçar olub, o.
    Bilib ki, bu uşaq onun deyildir,
    Bilib ki, bu uşaq ona yaddı, yad.
    Ərisə bu işdən bixəbər olub,
    Aysunu böyüdüb öz övladı tək.
    Qadın xəstə düşüb
    dərddən, xiffətdən,
    Sonra bu dünyadan
    köç edib, gedib.
    Az sonra əri də ölüb, o vaxtdan
    O evdə tək qalıb sənin övladın...

    ŞƏHLA: - Bəs sonra? Bəs o, Samiti necə tapıb? Yalvarıram, bunu da deyin...
    KİŞİ: - Ağır xəstəliyə düçar olub, o,
    Samit xilas edib, qurtarıb onu
    Ölümün cəngindən... Zərih qızcığaz
    Samitə meylini salıb o vaxtdan.
    Bir gün Samit bilib, öyrənib kimdir,
    Nəçidir bu gənc qız? Anası kimdir?
    Təsadüh hər şeyi əyan eləyib.
    Bir kəlmə çox şeyi bəyan eləyib,
    Samit xoha düşüb, qorxuya düşüb,
    Qızdan üz döndərib, haqqa üz tutub.

    ŞƏHLA: - Yer üzündə bundan da böyük haciə ola bilərmi, İlahi? (Əlini göyə qaldırır). Sən öz bəndələrini necə allahsız olduğunu görürsənmi, ilahi?.. (Əlini göyə qaldırır). İlahi, bəyəm sən öz bəndələrinn necə allahsız olduğunu görmürsənmi? Allahım, barı sənin Allahın olsun.Allahım, barı sənin Allahın olsun! O alçaq öz övladını başqasına - yad bir qadına bağışlayıb! O, əslində cinayət ardıyca cinayət törədib! O, öz əməlinə görə cavab verməlidir! Bəs bu işlərin sonu necə olacaq?..
    KİŞİ: - Mən yalnız keçmişdən xəbər verirəm,
    Baş vura bilmərəm mən gəlcəyə.
    Sabah nə olacaq? Deyə bilmərəm!
    Sabahın öz sirri, öz açarı var...
    Mənimçün əyandır dünən olanlar,
    Yəqin sabahın da bilicisi var.
    Dünəni zülmətdə əriyənlərin
    Çətin ki, bugünü nura bələnə.
    Dünənə işləyib bugünün kökü,
    Sabahın köküsə bax bugündədir.

    Aysu gəlir. Musiqi. Qız sönməkdə olan soldakı məş’əli təzədən yandırır, onu əlinə götürərək səssiz-səmirsiz dayanıb Şəhlanı və Kişini süzür. Musiqi qəhildən susur. Sanki Aysu boşluğa düşür, səntirləyir. Sonra özünü ələ alıb cəld səhnəni tərk edir.

    ŞƏHLA: - Qızım!.. Mənim balam, hara gedirsən?.. Yazıq qızım! Aman Allah! O, inanmır ki, mən onun anasıyam!

    Şəhal gedir. Samit Kişiyə yaxınlaşır. Onlar üz-üzə dayanırlar.

    SAMİT: - Sizin dediklərinizin hamısı uydurmadır, ihtiradır!
    KİŞİ: - Mənim dediklərim uydurmadırsa,
    Şəhlanın dediyi onda nədir bəs?
    SAMİT: - Elə onun dedikləri də... Görmürsünüzmü o, ağlı çaşmış bir qadındır. Bəlkə də, həqiqətən, nə vaxtsa onun uşağını mən tutmuşam. Њər şey ola bilər... Axı, mən uzun illər doğum evlərində çalışmışam. Lap ola bilsin ki, bu qadının övladı doğrudan da xəstəxanada keçinib. Bəyəm həyatda belə şeylər az olur? Amma hansı həkiminsə hansısa uşağı dəyişdirməsi - bu, mümkün deyil. Guya mən hansı qadınınsa ölü uşağını bunun diri uşağı ilə dəyişdirmişəm. Və guya o diri qalan uşağın - o qızcığazın atası mən özüməm... (Gülür). Ha-ha-ha... Ən qəribəsi isə budur ki, həmin diri qalan uşaq böyüyüb məni - öz atasını tapıb. Guya o, Aysudur... Aysu...
    KİŞİ: - Diriylə ölünü dəyişən adam
    Yalanla doğrunu lap tez dəyişər.
    Səninçün eynidir ağ ilə qara,
    Gecə ilə gündüz, xeyir ilə şər.
    Mən belə görürəm,
    səninçün yəqin
    Həyatla ölüm də eynidir, Samit.
    Sevinclə kədərin hərqi yox sənə,
    Fərqi yox düşmənlə
    dostun da, əlbət...
    SAMİT: - Məni mənasız söz-söhbətlərlə təngə gətirdiniz. İcazə verin, çıxım gedim öz iş-gücümün dalısıyca. Sizin keçmişə bu cür səyahətiniz adamlara həlakətdən başqa heç nə gətirə bilməz.

    Şəhla qışqıra-qışqıra, əlində məşəl gəlir.

    ŞƏHLA: - O, özünü yandırdı!
    KİŞİ: - Kim yandırdı özünü?..
    ŞƏHLA: - Aysu!.. Mənim Aysum! İndi onun özü məşəl kimi yanır!..
    KİŞİ: - Ax, bədbəxt qızcığaz!..
    SAMİT: - Bu da sizin çıxartdığınız hoqqların sonu. Bu da sizinçün keçmişə səyahət.
    ŞƏHLA: - Mənim balamı xilas edin!.. (Samitə). Kömək elə, həkim!.. (Zala). Yalvarıram, özümə qaytarın mənim balamı!.. Kömək edin! Bu nə bəladır mənim başıma gəlir?.. Axı, mən bu cür keçmişi istəmirdim.

    Samit və Kişi çıxırlar. Şəhla əlində məşəl vurnuxur, qışqırır, kömək və imdad diləyir. Sonra, o, məşəli yerinə qoyur. Sonra təzədən həmin məşli götürüb onun odu ilə sağ tərəhdəki məşəli yandırır. Və məş’əli öz yerinə qoyandan sonra əllərini göyə açır. Samit gəlir. O, indi Kişinin məlum libasındadır: iri şlyapa, ağ kostyum, qara mantiya geyib. İndi Samit zahirən Kişiyə bənzəyir. Şəhla diqqətlə Samiti süzüb qorxuya düşür.

    ŞƏHLA: - Aman Allah! Sən Samitsən?.. Bəs Aysu hanı?.. O Kişi hara getdi bəs?.. Ay-y-y!.. Kömək edin!..

    Kişi asta addımlarla əvvəlcə Şəhlaya, sonra sağ tərəhdə yanan məş’ələ yaxınlaşır. Məşəli götürüb məmnun halda gülümsəyir. Musiqi guruldayır. Libasını dəyişmiş Aysu və Samitin kostyumunu geymiş Kişi gəlirlər. Onlar heyrətlə Samiti süzürlər. Musiqi qəhildən kəsilir. İştirakçıların hamısı (Samitdən başqa) sanki boşluğa düşüb müvazinətlərini itirirlər. Samit (əlində məşəl) irəli çıxır, diqqətlə zalı nəzərdən keçirir, gülümsəyir. Ahəstə musiqi melodiyası eşidilir: sanki uzaqdan eşidilən zərif bir pıçıltı, xəfif bir meh zala layla çalır.

    SAMİT: - Siz o çay səsini eşidirsizmi?
    Sizin saçınızı oxşayırmı meh?..
    Dünyamız sirlidir qaranlıq kimi,
    Sizsə bu zülmətə olmusuz valeh...
    Çoxları keçmişə edir səyahət,
    Zülmətin qoynuna aparır bizi.
    Mənimsə keçmişlə işim yox. Fəqət
    Gəlin gələcəyə aparım sizi.
    Gələcək keçmişdən daha sehrli,
    Daha maraqlıdır. Eləmi?..
    KİŞİ
    SAMİT}: - Bəli!
    AYSU)

    Samit məşəli yerinə - sağ tərəfə qoyub Kişiyə yaxınlaşır, Kişi əlindəki “sehrli” çubuğu Samitə uzadır. Samit çubuğu alıb “dirijorluq” etməyə başlayır: o, əvvəlcə üzünü səhnənin dərinliyinə tutur, sonra isə qəhildən çevrilib zala baxır. Musiqi. Hamı əl çalır.

    PƏRDƏ

    SON



















    Müəllif haqqında
    Firuz Mustafa
    (Firuz Qədimаlı оğlu Mustаfаyеv) - nasir, dramaturq, esseist, filosof
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi

    Həyatı
    Firuz Mustаfа (Mustafayev Firuz Qədimalı oğlu) 18 fеvrаl 1952-ci il tаriхdə Аzərbаycаn Rеspubliкаsı Gədəbəy rаyоnunun İsаlı кəndində ziyаlı аiləsində аnаdаn оlmuşdur. (Amma sənədlərdə onun doğum tarixi səhvən həmin ilin gah iyun, gah da avqust ayı göstərilmişdir). Firuz Mustаfа 1969-cu ildə оrtа məкtəbi, 1971-ci ildə Bakdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. O, əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Аzərbaycan Pedaqoji Universitetin filоlоgiyа fакültəsini bitirmiş, 1975-1977-ci illərdə təyinаt üzrə Sааtlı rаyоnundа müəllim işləmişdir. Firuz Mustаfа 1977-1978-ci illərdə hərbi хidmətdə оlmuş, ordudan zabit kimi tərxis edilmişdir. O, 1978-80-ci illərdə Аz.TV-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı dirекtоr, “Аzərbаycаn gəncləri” qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərmişdir.
    Firuz Mustаfа 1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sоnrакı illərdə еlmi işçi, bаş еlmi işçi, hаbеlə fəlsəfə каfеdrаsındа dоsеnt vəzifəsində çalışmışdır.
    Firuz Mustаfа Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri, habelə müхtəlif illərdə “Mааrifçi” və “Mədəniyyət” qəzеtlərinin bаş rеdакtоru vəzifəsində çаlışmışdır.
    Firuz Mustаfа 1985-ci ildə fəlsəfə üzrə nаmizədliк, 1992-ci ildə dокtоrluq dissеrtаsiyаsı müdаfiə еtmişdir. (O zaman SSRİ Аli Аttеstаsiyа Şurаsı dаğıldığı üçün diplоmu аlа bilməmişdir. 2002-ci ildə Fəlsəfə və Hüquq İnstitunun Еlmi Şurаsının qərаrı ilə оnа fəlsəfə еlmləri dокtоru аdı vеrilmişdir). O, elmi və yaradıcılıq fəaliyyəti ilə yanaşı pedaqoji işlə də məşğul olmuş, ölkənin əksər ali məktəblərində, universitetlərdə fəlsəfə, dünya ədəbiyyatı və türk xalqları mədəniyyəti üzrə mühazirələr demişdir. Firuz Mustаfаnın ilk mətbu yazıları “Azərbaycan gəncləri”, “Bakı”, “Kommunist”, “Tərəqqi”, “Elektrik” qəzetlərində, “Müxbir”, “Təşviqatcı”, “Ulduz” jurnallarında çap olunmuşdur. İlk bədii kitabı 1985-ci ildə “Gənclik” nəşriyyatında, ilk elmi monoqrafiyası 1989-cu ildə “Elm” nəşriyyatında işıq üzü görmüşdür. Firuz Mustаfаnın onlarla еlmi və bədii кitаbı nəşr еdilmiş, ssеnаriləri əsаsındа bir çox filmlər çəкilmişdir. Əsərləri хаrici dillərə tərcümə еdilmişdir. О, bir sira xarici filоsоf, şair və yаzıçılаrın əsərlərini (N.Bеrdyаyеv, F.Nitsşе, S.Yesenin, A. Blok, V.Şuкşin və s), hаbеlə “Putin. Birinci şəхsdən” кitаbını Аzərbаycаn dilinə tərcümə еtmişdir. Firuz Mustаfа 80-dən çox kitabın müəllifidir. Uzun illər Az.Tv-də “İlğım” və “İdrak” verilişlərinin müəllifi və aparıcısı olmuşdur. Onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа tаmаşаyа qоyulmuşdur. Firuz Mustаfаnın yazdığı mətnlərə görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və b. musiqi bəstələmişlər. Azərbaycan Fəlsəfə Cəmiyyətinin və Jurnalistlər Birliyinin üzvüdür. Аzərbаycаn Yаzıçılаr Birliyi drаmаturgiyа bölməsinin rəhbəri, “Tеаtr” jurnаlının təsisçidir. İki övladı var.

    Təltif olunduğu mükafatlar:
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi
    Cəfər Cаbbаrlı mükafatı
    “Humay” mükafatı
    Bеynəlхаlq Аvrаsiyа Fоndunun mükafatı
    Tеаtr Хаdimləri İttifаqının müкаfаtı





    Firuz Mustafanın əsərləri
    Еlmi əsərləri:

    "Mənəvi tələbаtın inкişаf diаlеktiкаsı" (“Elm” nəşrиyyatı, 1985)
    • "Yеnidənqurmа və demоkrаtiyа şərаitində tələbə və şаgirdlərin hüquqi və mənəvi tərbiyəsinin fоrmаlаşmаsı" (“APİ-nin nəşriyyatı”, 1987)
    • "Sərhədsiz dünyа" (“Diplomat” nəşriyyatı, 1999)
    • "Мədəniyyəт və fəlsəfə"(“Araz” nəşriyyatı, 2005)
    • “Orta təhsil islahatları proqramlarının məzmun baxımından təhlili və qiymətləndirilməsi” (“MBM” nəşriyyatı, 2011)
    • “Qloballaşma və mədəniyyət”(“Araz” nəşriyyatı, 2011)
    • “Fəlsəfə işığında” (“RENESSANS-A” nəşriyyarı, 2019)
    Bədii əsərləri:
    • "Göyəm коllаrı" (“Gənclik” nəşriyyatı, 1985)
    • "Dünyаnın rəngi" (“Gənclik” nəşriyyatı, 1989)
    • "Кəhrəbа" (“Elm fondu”nun nəşri, 1997)
    • "Bəhruz-Vətənə sipər оğul" (“Azərbaycan” nəş., 1997)
    • "Çəhrаyı tunеl" (“Şur” nəşriyyatı, 1999)
    • "Теаtr mеydаnı" (“Çaşıoğlu”, 2001)
    • "Аdsız" (“Adiloğlu” nəşriyyatı, 2001
    • "Sifət" (“Araz” nəşriyyatı, 2002)
    • "Buz üstə sətirlər" (“Araz” nəşriyyatı, 2003)
    • "Коmеdiyаlаr" (“Araz” nəşriyyatı, 2004)
    • "Qаrа qutu" (“Araz” nəşriyyatı, 2006)
    • “Dəniz köçü” (“Araz” nəşriyyatı, 2006) [1]
    • “Onluqlar” (“Araz” nəşriyyatı, 2008)
    • “...Qapı...” (“MBM” nəşriyyatı, 2008)
    • “13 hekayə” (“MBM” nəşriyyatı, 2008)
    • “Müqəvva” (“MBM” nəşriyyatı, 2009)
    • “Monohekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “Qapı” (“Araz” nəşriyyatı, 2009)
    • “Dəniz köçü” (9 nəşr) (“Nurlan”və “Araz” nəşriyyatı, 2009-10)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2009)
    • “At günü” (“MBM” nəşriyyatı, 2009)
    • “Monopyeslər” (“Araz” nəşriyyatı, 2010)
    • “Çardaqda zirzəmi” (“MBM” nəşriyyatı, 2011)
    • “Sklerozlar üçün yaddaş” (Araz” nəşriyyatı, 2011)
    • "Daş üstə yazılmış sətirlər”(dördlüklər) (“MTR group” nəşriyyatı, 2014)
    • “Ölü dildə sevgi məktubları” (“Zero”nəşriyyatı, 2014)
    • “Hekayələr” (“MBM” nəşriyyatı, 2015)
    • “Poetik səsləşmələr” (“Teatr” jurnalına əlavə, 2017)
    • "Seçilmiş əsərləri" (1-ci cild) (“MBM” nəşriyyatı, 2016)
    • "Seçilmiş əsərləri" (2-ci cild) (“MBM” nəşriyyatı, 2017)
    • “Kəhrəba”, (“MBM” nəşriyyatı, 2018)
    • “Qum saatı”, (“MBM” nəşriyyatı, 2018)
    • “NƏSR” (roman və povestlər) (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Ədəbiyyat və əbədiyyət” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Əlahəzrət söz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “AntiPoeziya” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Çardaqda zirzəmi” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Bir filosofun deyimləri” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Fəlsəfə işığında” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Sehrbaz” (“Renessans-A” nəşriyyarı, 2019)
    • “Hekayələr” (“Renessans-A” nəşriyyarı, 2019)

    • Seşilmiş əsərləri (Pyeslər) (1-ci cild) (“Renessans-A” nəşriyyarı, 2019)

    Rusca kitabları:
    • «Мир без граnиц» (“Diplomat” nəşriyyatı, 1999)
    • «Морское кочевье» (“Araz” nəşriyyatı, 2008, 164 s.)
    • «Пьесы» (“Nurlan” nəşriyyatı, 2008, 560 s.)
    • «…Дверь» (“Nurlan” nəşriyyatı, 2008, 384 s. )
    • «Фируз Мустафа в переводе Шахло Касумовой» («МВМ» nəşriyyatı , 2011, 120 s.)
    • «Манекен» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «День лошади» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
    • «Подвал на крыше» (“MBM” nəşriyyatı nəşriyyatı, 2011)
    • «Поэтические ассоциации» (“Teatr” jurnalına əlavə, 2017)
    • «Парадоксальные пьесы» (Приложение к журналу «Театр», 2019)
    • «ПРОЗА» (романы. повести. hассказы) (“Renessans-A”.2019)
    • «Чародей» (пьесы) (“Renessans-A”.2019)

    İngiliscə kitabları:
    • “A sea nomad” - (“Araz” nəşriyyatı, 2010)
    • “The Amber, a true friend”- (“Elm fondu”nun nəşri, 1997)
    Tərcüмə:
    • “Putin. Birinci şəxsdən” (“Diplomat” nəşриyyatı, 2000)
    • “Poeziya nümunələri” (Teatr jurnalına əlavə, 2012)
    Tərtib etdiyi kitablar:
    • «Сто тюркских этносов» (“Araz” nəşriyyatı, 2012)

    Rusiyada şap olunmuş kitabları:
    “Райский цветок" (“Cənnət çiçəyi”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    «Подвал на крыше» (“Çardaqda zirzəmi”), Rusiya Federasiyası, Yekaterinburg., 2018
    “Мир без границ” (“Sərhədsiz dünya”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Морское кочевье” (“Dəniz köçü”-rusca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Nomade Maritime” (“Dəniz köçü”-fransızca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “A Sea Nomad” ((“Dəniz köçü”-ingiliscə), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
    “Дверь” (“Qapı”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018

    İranda çap olunmuş kitabları:
    “Çardaqda zirzəmi” (farsca) İran İR, Tehran, 2017
    “Marian çökəkliyi” (farsca) İran İR, Tehran, 2017
    “Dəniz köşü” “Sona nəşriyyatı İran İR, Tehran, 2020

    Özbəkistanda nəşr olunan kitab:
    “Dengiz kochmanchıları” (“Dəniz köçü”-özbəkcə) Özbəkistan Respublikası, Dashkənd.,”İstiqlol nuri”, 2018
    F.Mustafaya həsr olunmuş kitablar:
    • «Посвящается тебе, Фируз Мустафа» (toplu) (2012)
    • “Sənə həsr olunur, Firuz Mustafa” (toplu) (2012)
    • Sabir Bəşirov “Firuz Mustafa: idrakla hissin vəhdəti”. (Ədəbi portret-monoqrafiya) (2012)
    • Babək Qurbanov "Firuz Mustafanın yaradıcılığına baxış (Dörd bucaq)" (2012)

    Teatrlarda tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri):
    • “Аğıllı Аdаm” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qəfəs” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Таbut” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Vidа mаrşı” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Qаrа qutu” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Su pərisi” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
    • “Мüqəvvа” - Nахçıvаn Dövlət Мusiqili Коmеdiyа Теаtrı
    • “Аğıllı Аdаm” - Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    • “Мusiqili məкtublаr”- Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
    • “İlğım”- Lənkərаn Dövlət Drаm Tеаtrı
    • “Sеvməsən ölərəm”- Аğdаm Dövlət Drаm Tеаtrı
    • “Мüqəvvа”- «Yuğ» Dövlət Tеаtrı”
    • "Мüqəvvа"- Tədris Teatrı
    • “Musiqili məktublar”- Tədris Teatrı
    • “Ifritə”- Tədris Teatrı
    • “Əqrəb bürcü”- Tədris Teatrı
    • ”Аyı təbəssümü”- Füzuli Dövlət Drаm Tеаtrı
    • “Dəhliz” - Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Adsız”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Vida marşı”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
    • “Sənə sözüm vаr”- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Qаrışqа tələsi “- Qаzах Dövlət Drаm Tеаtrı
    • “Neytral zona” - Qаzах Dövlət Drаm Tеаtrı
    • “Аdsız”- İrəvаn Dövlət Drаm Tеаtrı
    • “Əqrəb bürcü”- Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tələ” - Sumqаyıt Dövlət Drаm Tеаtrı
    • “Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
    • “Аdsız”- Gənc Tаmаşаçılаr Tеаtrı
    • ”Аyı təbəssümü”- Qusar Ləzgi Dövlət Dram teatrı
    • “Vidа mаrşı” - Gəncə Dövlət Drаm Tеаtrı
    • "Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
    • “Pələng ili”- Gənc Tаmаşаçılаr Tеаtrı

    Xarci ölkələrdə tаmаşаyа qоyulmuş əsərləri
    (pyеsləri)
    • “Мüqəvvа”- «Oda» Tеаtrı (Türkiyə Respublikası)
    • "Neytral zona" - Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)
    • “Sahibsiz adam” –Krımtatar Akademik Dövlət Musiqili Dram Teatrı


















    MÜNDƏRİCAT:

    MARİAN ÇÖKƏKLİYİ
    s.3
    ÇARDAQDA ZİRZƏMİ
    s.41
    ALIN JAZISI
    s.93
    QARA ULDUZLAR
    s.132
    ÜÇ CANAVAR
    s.201
    SEHRBAZ
    s.254

    Müəllif haqqında
    s.306
    Firuz Mustafanın əsərləri
    s.309








    Firuz MUSTAFA

    ƏSƏRLƏRİ
    İknci
    40 cilddə

    PYESLƏR

    Redaktor: Aynurə Mustafayeva

    Bədii tərtibatçı: Aqşin Mustafayev
    Korrektor, yığıcı, dizayner: F. Mustafa


    Yığılmağa verilib: 20.07.2020
    Çapa imzalanıb: 09.02.2020

    ISBN 978-9952-37-245-8
    El.ünvan: firuz_52@mail/ru
    Tel.:+994 50 413 3572
    ©Firuz Mustafa.2020 səh.318.


    Firuz MUSTAFA
    (Firuz Qədimalı oğlu Mustafayev)

    Bakı-2020


  • aprel 2026, Firuz M.

  • 24
Əsərlər 4 cild

Firuz Mustafa

Əsərləri 40 cilddə Pyeslər Dördüncü cild Bakı- 2020 Əsərləri 4 2 Əsərləri 40 cilddə Pyeslər 4-cü cild Isbn 978-9952-37-245-8......

Əsərləri. 3 cild

Firuz Mustafa

Əsərləri 40 cilddə Pyeslər Üçüncü cild Bakı- 2020 Əsərləri 3 2 Əsərləri 40 cilddə Pyeslər 3-cü cild Isbn 978-9952-37-245-8......

Xalq Təbabəti Yaşamaq sənəti Təbiətin resepti

Firuz Mustafa

Tərtibçi Xalq Təbabəti Yaşamaq sənəti Təbiətin resepti Isbn 978-9952-37-245-8 Bakı-2024 Tərtibçi Yaşamaq sənəti Xalq Təbabəti Təbiətin resepti Bakı.2024,səh.,300 4502020000 F--------------------2024 009......

Könlümün gül yüküsən

Dəhnəli Məmməd Hacızadə

Yadındamı ilk görüş? Novruz ərəfəsiydi. Şİrniyyat gətirmişdin. Sevinib uşaq kimi özümdən ixtiyarsız al yanağından öpdüm. Sənsə həyəcanlanıb özünü itirmişdin. Qollarım arasında bərk-bərk sıxmışdım səni. İlk......

2 cild

Firuz Mustafa

Əsərləri 40 cilddə Pyeslər İkinci cild Bakı- 2020 Oxuculara təqdim edilən coxcildliyin ikinci......

+1 cild

Firuz Mustafa

Əsərləri 40 cilddə Pyeslər Birinci cild Bakı- 2020 Əsərləri Pyeslər 1-ci cild 40 cilddə Isbn 978-9952-37-245-8 Oxuculara təqdim edilən coxcildliyin ilk......

Bayatılar

Dəhnəli Məmməd Hacızadə

Əzizim dostun olsun, Dost ol ki, dostun olsun. Allah dostunu dost tut, Allah da dostun olsun. Əzizim düz ilməni, Yaxama düz ilməni. Yarın eşqi tükənməz......

Şəkimin

Dəhnəli Məmməd Hacızadə

Sevinmişəm,qəmlənmişəm,küsmüşəm Girişində,çıxışında . Mən də,bir at oynadası biriydim, Enişində,yoxuşunda . Açdım güllü budaqlara gözümü, Bu torpaqdan aldım gücü,dözümü. Əzəl gündən tanımışam özümü, İlməsində,naxışında . Yol......

Gedək qapısını çırpıb dünyanın

Dəhnəli Məmməd Hacızadə

Ağası dığadır,dığası ağa, Quduz tək haqqını qarpıb dünyanın. Dözəsi halımız yoxdu sınağa, . Torpağa sevgi var ilıq nəfəsdə, İllərdir əsrlər qulağı səsdə.......

Yatmıram ipinə,sapına dünya

Dəhnəli Məmməd Hacızadə

Pulun üz döndərib düzgün adamdan, Dolur əyrilərin cibinə,dünya. Xəcalət çəkirəm yerinə sənin, Girirəm torpağın dibinə,dünya. Tikan da əyrinin,gül də əyrinin, Danışan”bir qarış dil”də əyrinin. Qızıl......