...
  • Oxuya bilmədiyim hekayə.
  • Feyruz Muradov


  • Mən redaksiyaya ilk dəfə ayaq basanda Vaqif Abbasovu tanımırdım. Onun haqqında heç nə bilmirdim. Redaksiyada yalnız bir nəfəri şair Tofiq Hüseynovu tanıyırdım.

    Tofiq Hüseynovu tanımağım isə təsadüfi deyildi. Mən uşaq yaşlarından mütaliəyə böyük həvəs göstərirdim. Orta məktəbdə oxuduğum illərdə şəhərimizdə «Kür nəğmələri» adlı ədəbi dərnək fəaliyyət göstərirdi. Həmin dərnəyə Tofiq Hüseynov rəhbərlik edirdi. O illərdə Tofiqin «Ulduz» jurnalında bir şeiri də çap olunmuşdu.

    Mən 2 saylı şəhər orta məktəbinin 10-cu sinfinə keçəndə, yeni yay fəslində «Zənbil» adlı bir hekayə yazıb həmin dərnəyə təqdim etdim. Əslində, hekayəmi dərnəyə təqdim etdiyim zaman Tofiqi də əvvəldən tanımırdım. İlk tanışlığımız həmin ədəbi dərnəkdə baş tutdu.

    Ordudan qayıtdıqdan sonra ikinci bir hekayə yazdım və redaksiyaya gəldim. Təbii ki, hekayəmi Tofiq Hüseynova təqdim etdim. Çünkü o redaksiya işçiləri arasında tanıdığım yeganə jurnalist idi. Redaksiyaya gələndə jurnalistikaya aid yazılar yazmaq niyyətində deyildim. Bu, heç ağlıma da gəlmirdi. Mən sadəcə hekayəmi çap etdirmək ümidi ilə redaksiyaya gəlmişdim.

    Tofiq hekayəmə göz gəzdirdi və narazı halda dedi:

    – Bizim qəzet ictimai-siyasi qəzetdir. Ədəbiyyat qəzeti deyil. Yalnız ayda bir nömrədə bədii yazılara bir səhifə yer ayırırıq. Ondansa sən şəhər həyatına aid yazılar hazırla.

    Bu sözləri deyib otağın o başında masa arxasında əyləşmiş Vaqif Abbasova baxdı. Mən də qeyri-ixtiyari olaraq ona tərəf baxdım.

    Araya bir sükut çökdü.

    Sükutu Vaqif pozdu:

    – Tofiq müəllim, bəlkə onu bir obyektə göndərək, yazı hazırlasın? Hekayə yazırsa, məqalə də yaza bilər.

    Tofiq bir anlıq nəyisə xatırlamış kimi telefonun dəstəyinə əl atdı. Kimləsə telefonda tələsik danışmağa başladı :
    --Ora cavan bir oğlan göndərəcəyəm.Kömək edin bir qabaqcıl işçi haqda yazı hazırlasın.
    Sonra dəstəyi yerinə qoyub mənə sarı döndü:

    – İndicə DRES-in partkomu Yaqub Salmanla danışdım. Sən vaxtı itirmədən get ora, Yaqub müəllimin yanına. Məsləhət olan bir qabaqcıl işçi haqqında məqalə hazırlayıb gətir. Zəhmət adamlarından olan yazılara çox ehtiyacımız var.

    Mən ayağa qalxıb yola düzəldim. Bu, mənim redaksiyadan aldığım ilk tapşırıq idi. Səhəri gün beş səhifəlik bir yazı hazırlayıb gətirdim.

    Tofiq yazını oxumağa başladı. Oxuyub qurtarandan sonra:

    – Yaxşıdır, – dedi və mənə baxıb əlavə etdi:

    – Maşallah, xeyli yazmısan. Qəzetdə yarım səhifəni tutacaq.

    Sonra yazını makinada yazdırmaq üçün qonşu otağa keçdi.

    Vaqif mənə baxıb dedi:

    – Tofiq müəllim yazını bəyəndisə, demək yaxşı yazmısan.

    İlk yazılarım qəzetdə çap olunduqdan sonra mövzu tapmaq sarıdan çətinlik çəkirdim. Buna görə də yazılarım arasında uzun fasilələr yaranırdı.Təcrübəsizlik özünü göstərirdi.

    Vaqif müəllim mənə mövzu tapmaqda köməklik edirdi. O neçe ilin jurnalisti idi. Mən ilk yazılarımı yazanda o artıq 10 ilə yaxın idi redaksiyada çalışırdı. Bir dəfə dedi:

    – Doqquz nömrəli məktəbdə UGİM-in voleybol bölməsi fəaliyyət göstərir. Get onlarla görüş. Gör, hansı yarışlarda iştirak ediblər, hansı nəticələr qazanıblar.

    Mən voleybolçu qızların məşq zalına gəldim.Voleybol bölməsinin məşqçisi Pəri Zahidova idi. O, qızlardan ibarət komandanı yarışlara hazırlayırdı. Məşqç ilə söhbətimiz tutdu. Məşqdən heç kim yazmırdı.İndi mən meydana çıxmışdım. Sevinirdilər ki, nəhayət onlar haqqında da qəzet səhifəsində bir yazı olacaq.
    Pəri Zahidovanın komandasının məşq etdiyi idman zalının digər otağında isə yeniyetmə boksçular məşq edirdilər. Onlar mənim voleybol haqqında yazı hazırladığımı bildikdə xahiş etdilər ki, onların məşqlərindən də yazım. Boksçuların məşqçisi Oqtay Eyvazov idi.

    Beləliklə, mövzu tapmaq problemim Vaqif müəllimin verdiyi məsləhətdən sonra, öz-özünə aradan qalxdı.Mən şəhər boksçularının çıxışlarından silsilə məqalələr yazdım.

    İllər keçdikcə Vaqif müəllimin mənə getdikcə daha çox güvəndiyini hiss edirdim. Hansı mövzuda yazmaq lazım olduğunu bir çox hallarda o, mənə göstərirdi.
    80-ci illərin sonlarına kimi «İşıq» qəzetində çoxlu yazılarım çap olundu.Təcrübəm artdıqca özüm də hansı mövzuda, kimdən yazmaq lazım olduğunu müəyyənləşdirməyi öyrənirdim.

    Bir dəfə Vaqif mənə belə bir söz dedi:

    – Ola bilər, sən nə vaxtsa yazıçı olasan. Bəlkə o vaxt mənim haqda xatirələrini yazcaqsan.

    Vaqif bu sözü təsadüfən demirdi. O mənim ilk dəfə redaksiyaya gələndə hekayə yazıb gətirməyimi heç vaxt unutmurdu. Hiss edirdi ki, nə zamansa bədii yazılar yazacağam. O vaxt Vaqif müəllimin bu sözlərinə adi bir söhbət kimi yanaşmışdım. Heç ağlıma da gəlməzdi ki, illər sonra onun haqqında həqiqətən xatirə yazacağam.O bunları qabaqcadan görürdü.

    80-ci illərin sonlarında ölkədə baş verən siyasi dəyişikliklərlə əlaqədar redaksiyada ixtisarlar aparıldı. Vaqif müəllim də ixtisara düşən jurnalistlər sırasında oldu. Bundan sonra o, başqa sahələrdə çalışdı.

    Lakin redaksiyadan ayrılması bizim münasibətlərimizə təsir etmədi. Hər dəfə rastlaşanda çox mehribanlıqla görüşür, hal-əhval tuturduq.

    90-cı illərin sonlarında mən redaksiyada işə düzəldim. Vaqif müəllim isə redaksiyanın yaxınlığında yerləşən arxiv idarəsinin müdiri işləyirdi.

    Maraqlı bir təsadüf idi. Mən bir vaxtlar Vaqif müəllimin Tofiq Hüseynovla yanaşı işlədiyi həmin redaksiyanın otağında əyləşirdim. Hətta vaxtilə Vaqif müəllimin əyləşdiyi yerdə – onun masasının yerləşdiyi pəncərənin qarşısında mən otururdum.

    Bir məqam da vardı: mən ilk dəfə redaksiyaya ayaq basanda məhz bu otağa gəlmişdim.

    İllər əvvəl həmin otağa bir hekayə ilə gətirmişdim. O gün Vaqif müəllimin «Hekayə yazırsa, məqalə də yaza bilər» sözlərindən sonra jurnalistikaya ilk addımımı atmışdım. İllər keçdi və bir vaxtlar Vaqif müəllimin oturduğu yerdə mən oturmuşdum. Düzdür onun tutduğu vəzifə başqa idi, mənim işimsə başqa.Necə olursa olsun hər halda redaksiya işçisi idim. Məni şəhərdə jurnalist kimi tanıyırdılar.

    Mən uzun illər redaksiyada işlədim. Vaqif müəllim isə yaşla əlaqədar təqaüdə çıxdı. Evdə darıxanda hərdən redaksiyaya gəlib baş çəkirdi.

    Redaksiyaya gələndə maşından mənim oturduğum pəncərənin qarşısında düşür, asta addımlarla redaksiyaya tərəf gəlirdi. Pəncərəmin qarşısında bir anlıq ayaq saxlayır, gözləri mənə dikilirdi.

    Bilmirəm, o anlar hansı hissləri keçirirdi. Axı bir zamanlar, gənclik illərində, məhz bu otaqda, bu yerdə oturardı. Bu pəncərədən çölə baxardı. İndi isə illər keçmişdi. O, vaxtilə hər gün gəlib-getdiyi redaksiyaya artıq adi bir qonaq kimi qədəm basırdı.

    Son vaxtlar Vaqif müəllim hekayə yazmağa başlamışdı. Hərdən qəzetimizin səhifələrində onun imzası ilə çap olunan hekayələr qarşıma çıxırdı.

    Onun illər əvvəl mənim ilk hekayəmə münasibətini, «Hekayə yazırsa, məqalə də yaza bilər» deyərək məni jurnalistikaya yönəltməsini xatırlayırdım. İndi isə illər keçmişdi və Vaqif müəllimin özünün hekayələrini oxuyurdum.

    Həyat dəyişirdi. 2020-ci ildən sonra rəqəmsal informasiya mənbələri sürətlə genişlənməyə başladı. Qəzet əvvəlki kimi, xüsusən də sovet dövründəki qədər ictimai aktuallığını tədricən itirirdi. İdarələr də qəzetə əvvəlki kimi vəsait ayırmaq istəmirdilər. Onsuz da bir çox məlumatı rəqəmsal informasiya mənbələrindən əldə edirdilər. Qəzetə olan ehtiyac getdikcə azalırdı.Bir yandan da pandemiya at oynadıb meydan sulayırdı.Müəssisələr ağır iqtisadi səraitdə redaksiyaya əvvəlki kimi pul köçurə bilmirdilər.

    Redaksiya da çətin vəziyyətə düşmüşdü. İşçilərə məvacib vermək mümkün olmurdu. Nəticədə mən də 2020-ci ildən sonra redaksiyadakı işimi itirdim.

    Çoxdan idi ki, Vaqif müəllimi görmürdüm. Eşitmişdim ki, ayaqlarında problem yaranıb, yeriyəndə çətinlik çəkir. Özü də təqaüdə çıxıb.Daha arxiv müdiri deyil.Onunla rastlaşacağıma ümid etmirdim.

    Amma bir dəfə axşamüstü mağazaya gedərkən onu binalarının qarşısındakı parkda tək oturduğunu gördüm. Təəccübləndim : ---görəsən, parkla binalarının arasındakı yolu necə keçib? Yəqin ki, çox çətinliklə gəlib?-- Fikrimdən bunlar keçdi.

    Mən yolun əks tərəfi ilə gedirdim. O, uzaqdan məni görüb əl etdi. Mən də yolumu dəyişib onun əyləşdiyi skamyaya tərəf gəldim. Görüşdük.

    Vaqif müəllim fikirli görünürdü. Mənim işlərimlə maraqlandı. Bildirdim ki, bir neçə aydır redaksiyada işimi itirmişəm. Təqaüd vaxtına isə hələ bir neçə il qalır.

    O, başını buladı:

    – Redaksiyaya getmirsən?

    – Yox. Niyə gedim ki? Təzə redaktorla münasibətim yaxşı deyil. İşdən çıxanda sənədlərimi düzgün verməyib.

    Bir qədər sonra dedi:

    – Mənim axırıncı nömrədə hekayəm çıxıb. Oxumamısan?

    – Yox, – dedim və əlavə etdim: – Redaksiyada işləyəndə qəzetin bütün nömrələri əlimdə olurdu. İndi daha redaksiyada işləmirəm. Qəzet də əlimə düşmür.

    – İdarələr qəzet alırlar. Gedib soruşsan, tapa bilərsən.

    – Yoxlayaram. Çalışaram, tapıb oxuyum.

    Mən sağollaşıb ayrıldım.

    Amma qəzeti axtarıb tapmaq yadımdan çıxdı.

    Sən demə, bu, Vaqif müəllimlə bizim son görüşümüz imiş. Mən bir də onu heç vaxt görməyəcəkdim. Amma həmin gün bunu ağlıma belə gətirə bilmirdim.

    Görüşümüzdən iki ay sonra yolum bir vaxtlar Vaqif müəllimin işlədiyi arxiv idarəsinə düşdü. İdarə tamam dəyişmişdi. Bina təmir olunmuşdu. Müdir isə vaxtilə Vaqif müəllimin işə götürdüyü bir qadın idi.

    Sözarası Vaqif müəllimi soruşdum. Bildirdim ki, onunla az-az rastlaşıram.

    Arxivin müdiri başını qaldırıb bir qədər təəccüblə mənə baxdı:

    – Vaqif müəllim rəhmətə gedib,xəbəriniz yoxdu – dedi.

    Bu xəbər mənim üçün gözlənilməz oldu.

    – Nə vaxt olub? – soruşdum.

    – Üç ay olar.

    Evə qayıtdım. Özümü çox narahat hiss edirdim. Onun parkdakı görüşümüz zamanı verdiyi son sual daim fikrimdə səslənirdi:

    – Mənim son hekayəmi oxumusan?
    Görəsən o hekayədə nədən yazmışdi? Bəlkə üzdə deyə bilmədiyi hansısa mətləbləri həmin hekayə vasitəsi ilə mənə çatdırmaq istəyirdi ?

    Səhəri gün Vaqif müəllimin son hekayəsinin çap olunduğu qəzet nömrəsini axtarmağa başladım. Amma hekayənin qəzetin hansı nömrəsində çap olunduğunu dəqiq bilmirdim. Aradan da xeyli müddət keçmişdi. Ona görə də onu tapmaq çətin idi.

    Vaqif müəllimin evinə də zəng vurdum. Amma orada da onun son hekayəsinin çap olunduğu qəzet nömrəsini tapa bilmədilər.

    Vaqif müəllimin mənə verdiyi son sual cavabsız qaldı.

    İndi də həmin sual qulaqlarımda səslənir:

    – Mənim son hekayəmi oxumusan?

    Gərək, o gün qəzeti axtarıb tapaydım. Onun son hekayəsini oxuyub, mənə nəyi çatdırmaq istədiyini bilərdim.

    Vaqif müəllimin son sualı indi də yaddaşımda qalır.

    Feyruz Muradov
    “ Şirvan jurnalistləri – Hərənin bir taleyi.” kitabından

  • noyabr 2026, Feyruz M.

  • 13
Poetik Tərcümələr

Firuz Mustafa

Poetik Tərcümələr Bakı-2026 Bədii tərtibatçı: A. Mustafa Redaktor: F.N.Mustafayev ©yev,2026.,səh.272 Kitabda nın dünya ədəbiyyatından etdiyi poetik tərcümə......

Bu gələn payız da mənə bənzəyir

Təranə Dəmir

Dumanı tanışdı,çəni tanışdı. Bulud gözlərindən ayrılıq yağır, Həsrəti tanışdı,qəmi tanışdı. Başdan ayağacan bahar xəstəsi, Təpədən dirnağa vüsal acıdı. O......

Oxuya bilmədiyim hekayə.

Feyruz Muradov

Mən redaksiyaya ilk dəfə ayaq basanda Vaqif Abbasovu tanımırdım. Onun haqqında heç nə bilmirdim. Redaksiyada yalnız bir nəfəri şair Tofiq Hüseynovu tanıyırdım. Tofiq Hüseynovu tanımağım......

Avropalı görkəmli məsul katib.

Feyruz Muradov

Avropalı görkəmli məsul katib Xeybər İgidəliyev redaksiya ilə əməkdaşlığa başladığım vaxt məsul katib işləyirdi. Onunla redaksiyada az-az rastlaşırdım. O vaxtlar aramızda demək olar ki, heç......

Bir məqalənin izi ilə.

Feyruz Muradov

Ön söz : Uzun illər Şirvannın yerli mətbuatıda müxtəlif mövzuda yazılarla çıxış etmişəm. Mənim haqqımda bir yazı yazıla biləcəyi haqda heç vaxt düşünməmişəm. Amma uzun......

Mən bir payız yolçusuyam

Təranə Dəmir

Küləyim var,yağışım var, Enişim var,yoxuşum var, Hər açılan səhərlərin, Hər qaranlıq gecələrin Yanağında göz yaşım var. Baxışımda xatirələr, Kirpiyimdə qəm gül......

Pəncərədən uçan balıq (absurd hekayə)

Tural İsmayılov

Bir gün balıq akvariumdan çıxıb pəncərəyə qondu. Evdəki pişik təəccüblə soruşdu: — Sən nə edirsən? Balıq cavab verdi: — Uçmağı öyrənirəm. — Axı sən balıqsan!......

Doğma rayon

Şəhriyar Mürsəl

Mən məcburi köçkün ailəsində doğulsam belə, məcburi köçkün sayılmıram. Laçın ata-baba vətənimdir. Laçının təbiətinin vurğunu olsam belə, öz vətənim sayılmır. Uşaqlığım Ağcabədi rayonunda keçib. Bütün......

Məmmədəli kişi ilə dioloq

Şəhriyar Mürsəl

Məhəllədə qonşumuz Məmmədəli kişi mənə yaxınlaşdı, başladı yenə söhbətə: — Ayə, filankəsin oğlu, filankəsin qızı 50 bal yığdı, 500 bal yığdı. Bəhmənkəsin qızı ərə getdi,......

Patriarxal nədir? Azərbaycan cəmiyyətində varmı?

Şəhriyar Mürsəl

Patriarxal — kişilərin ailədə, cəmiyyətdə və idarəetmədə əsas söz sahibi olduğu sosial quruluşa deyilir. Azərbaycanda patriarxallıq dövlət idarəçiliyi səviyyəsində olmasa da, cəmiyyətin bir hissəsində və......