...
  • Tülküləri Müdafiə Komitəsi
  • Bəxtiyar Hidayət
  • I HİSSƏ.

    Şair Bəxtiyarı pivə qonaqlığına çağıran köhnə dostu öz-özünə deyinməkdə idi:
    -Hələ qoy gəlib çıxsın bu batmış. El içində biabır elədi bizi. Indiyə qədər də biz bunnan fəxr eləyirdik. Ay nə bilim dönməzdir, əbədidir, sarsılmazdır. Ay nə bilim hökumətlə hökumətlik edir, Ağır Cinayətlər Məhkəməsini belə susdurub, İcra Hakimini barmağına dolayıb. Bu da axırı- yaratdığı təşkilata bax- “Tülküləri Müdafiə Komitəsi”. Reklam elədiyi şüara bax- “Tülküləri Məmurlardan Qoruyaq”. Bu boyda ad- sanın ola, axırda gəlib tülküylə məşğul olasan. Tülküdü də, qırılır qırılsın, sənə nə düşüb axı? Vallah bundansa hökumətin təklifləri ilə razılaşsa daha yaxşı idi. Indi deputatdan- filandan olmuşdu ən azı. Yoxsa iqtidarla kəllə- kəlləyə gəl, gəl, insan haqlarını qoru, qoru- sonra da get tülkülərin hüquqlarını qoru. Deyirlər şairlərdə ağıl olmur, indi inandım buna. Tülkülərin dərdi sənəmi qalıb a qıvlasız? Hələ bir qoy gəlsin, itin yox tülkünün abırını verəcəm ona.
    Bəxtiyarın nömrəsinə bir də zəng etdi. Və məlum oldu ki, artıq şair özünü yetirməkdədi.
    Biz azdan şair özünü yetirdi. Dostunu qabaqladı da:
    -Noolub ee, elə çağırdın eləbil talüyüklü məsələ zaddı, halbuki, sənin məsələrin heç eşşəkyüklü məsələ də deyil. 4-5 bakal pivə içəcəyik dana.
    - Otur görək, bizi biabır edib taleyüklü məsələlərdən danışırsan. Əvvəllər kitab yüklü eşşəkdən zaddan danışardın, indi də taleyüklü məsələlərdən zaddan.
    - Səndən qışda qar almaq olmur, nə məsələdi, axşamdan bəri girinc eləmisən məni- gəl, gəl. Sən hər zəng edəndə Şair Moşudan sitat gətirirəm- Qoymellar dana, qoymellar bu andırıja yazax. Bir tığın yazı var əlimdə, kitab çıxartdırıram. Indi mənim vaxtım qızıldı.
    - Tülküyə ayrılan vaxt qızıl yox ee, tülkü dərisi dəyərində də deyil.
    - Elə bil pörtdəməyə zada çağırır. Pivədi dana, indən belə o qədər vaxt var ki içməyə. Təki saçaqlı pendir bol olsun, saçaqlı iqtisadiyyat daha da saçaqlansın.
    - Mən konkret adamam, o nədi, tülküləri müdafiə edirsən. Abır- həya yaxşı şeydi- adam da illərlə adamları müdafiə edib, sonra işini yarımçıq qoyub tülküləri müdafiə edərmi? Elə bilirsən başa düşməmişəm? Sən bununla camaatı dolayırsan- çünki bu camaat hər seçkidə sənin partiyan deyən adama səs vermədi, baxmayaraq ki çoxlarının işinə yarayıb problemlərini həll etmisən. Bunalrı qiymətləndirə bilirik ay professor. Indi də acığa düşüb “Tülküləri Müdafiə Komitəsi” yaratmısan ki, guya insanları müdafiə etməkdən elə tülküləri zadı müdafiə etmək şair üçün daha taleyüklü məsələdi. Siz yazarlara nə var ee, istəsəniz elə yazarsınız ki, tülkü qəhrəman olar, toyuq da günahkar.
    - Nə acıq, sən nə danışırsan? Mən bunu səmimi qəlbdən yatratmışam. Buna görə də axşam feysbukda belə bir qrup yaratmışam. Xeyli də üzv topladım bir gecədə. Istəyirsən gəl qoşul aksiyamıza. Iki şüardan birini seçməliyik- gör hansı yaxşıdır:
    1. Tülküləri Məmurlardan Qoruyaq.
    2.Dördayaqlı Tülküləri İkiayaqlı Tülkülərdən Qoruyaq.
    - Sənə qoşulan da səni ağılda olar. Mənim tülküyə ayıracaq vaxtım yoxdu.
    - Əvvəla burda bir məna yükü var- əvvəl “iki yoldan birini seç” deyəndə ya şəhidlik ya qazilik nəzərdə tutulurdu. Indi mən hər şeyin boş olduğunu nəzərə alıb tülküləri araya salmışam. Sonrası da, axı tülkünün nə pisliyi keçib sənə? Allahın iki toyuğunu saxlaya bilmirsən ki, tülkü gəlib ziyan vursun. Amerika toyuğunun sağ budunu yeməkdən sirk tülküsünə dönmüsən. Daha bilmirsən ki, niyə Amerika bizə ancaq və ancaq toyuğun sağ budunu göndərir. Çünki, broyler toyuqlarının ancaq sağ buduna iynə vurulur.
    -Bə sənə nə yaxşılığı keçib? Ay yazıq, bir azdan adına tülkü şair deyəcəklər. Dayan, dayan, əvvəl sağ partiya filan danışırdın, indi də keçmisən sağ buda, sol buda? Bə sol budu neynir amerikanlar?
    - Əslində sağ partiyaların hamısı toyuğun sağ budu kimi Amerikada iynələnir, daha sonra isə onların ideyaları bizə yedizdirilir. Sol bud isə bir az qəliz məsələdi. Bir də ki, camaat cəhənnəmə ki, mənə nəsə desin. Bəlkə mən tutulanda bu camaat bir həyəcan – filan keçirdi?
    -Nə demək istəyirsən? Axı şəhərin zibilliyinə daraşan tülküləri öldürməkdə nə qəbahət iş var? Bunun sənin tutulmağınla nə əlaqəsi?
    - Onlar əslində antisanitariya ilə məşğuldu. Yoxsa zir- zibil şəhəri basar. Həm də tülkü olan yerdə siçan- siçovul da yoxa çıxır. Bir də ki, it olmayan şəhərə tülkü də daraşar, çaqqal da. Sənin yaxşı oğlan dediyin Mehran müəllim şəhərdə it qoymadı. Qırdırdı hamısını. Nədi- nədi guya sahibsiz itlərlə mübarizə aparır. Sahibsiz ölkənin sahibsiz itləri çox olar də. Adamın peçatını da əlindən almışdı qabaqkı İcra hakimi. Qazanc yeri qalmamışdı. O da “sahibsiz itlərlə mübarizə” adı altında dövlətin pullarını yeyirdi. Bu da nəticəsi- tülkülər doluşdu şəhərə. Mehran da indi tülküləri it adı ilə öldürtdürür. Hələ Aztv- yə zada informasiya da ötürür. Tülkünün ölüsü də it ölüsündən fərqlənmir. Bu arada müxbirlər də kalan mövzu götürür- filan yerdə filan qədər sahibsiz it zərərsizləşdirildi. Guya terrorçu- zad zərərsizləşdiriblər.
    -Vallah deyirdilər şairlər alasəy olur, indi inandım. A kişi, hökumət bu tülkünün ətini xalqa yedirtmir, dərisini istifadə etmir, axı hökumətin bu işdə əhaliyə xidmətini görməmək olmaz. Düzdü ee, arada bəzi işbazlar xalqa eşşək əti zad yedirdirlər, amma tülkü əti yedirtmirlər ki.
    - Söhbət onda deyil ee.
    -Bəs nədədir söhbət?
    - Qoy pivəmizi içək, söhbət ondadır ki, sən məni pivə qonaqlığına çağırıb pivə içməyə də imkan vermirsən. ...

    Adama iki bakal pivə içəndən sonra söhbət hərlənib- fırlanıb yenə tülkünün üstünə gəldi. Şair xeyli acıqlanmışdı:
    - Qağa, mən tutulanda az qalmışdı ki ailəm acından ölsün. Hələ ata- anamın imkanı yaxşı idi. Bir təhər qanadlarının altında saxlamışdılar ailəmi. Bəs indi tutulsam noolacaq? Bəlkə sən- köhnə dostum gətirib evə bircə çörək verəcəksən? Əlbəttə, mən söyüş üstə adam bıçaqlasam bunu fəxrlə edərsən. Amma siyasi iş üstə tutulsam qorxundan ata- anama da salam verməzsən.
    - - Tək mən belə deyiləm ki. Cəmiyyət belədir, kimsə işini itirmək istəmir, bir tikə çörəyindən olmaq istəmir. Bir də ki, bunun məsələyə dəxli varmı? Axı tülkü hara, iş yeri hara, çörək hara, türmə hara, peredaça hara?
    - Əvvəla, tülkü elə- belə məxluq deyil ee. Ay yazıq, qəzet oxumursan, gündəmi izləmirsən, hardan biləsən tülkünin reytinqi qalxıb kəllə- çarxa. Odur e, o boyda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Ağ Evdə tülkü axtarışındadır. Mişel Obamanın bostanına qədər girib tülkü. 3-cü dünya müharibəsi başlayır az qala. Amma tülkünün önəminə bax ki, ABŞ kəşfiyaytı onunla məşğuldu. 3-cü dünya müharibəsi də keçib Mişel Obamanın arxa planına. Barak müəllim də Mişel xanımın arxasını küləyin qaldırmasının qayğısına qalmaqdadı. Və iş ondadır ki, tülkünün mənim həyatımda bütün görə çox böyük rolu olub. 3-cü dəfə həbs olunmağımın qarşısını alıb tülkü əfəndi və üçüncü dünya müharibəsini dayandıracaq şəxs qədər önəmlidir o tülkü mənimçün. Uğrunda canımı fəda etdiyim camaatsa dar günümdə bir kömək etməyib mənə.
    - Yoxsa tülkü dalınca türməyə “qref” aparmışdı? Sən lap ağlını itiribsən ee.
    - Yox, tülkü “qref” filan eləməyib mənə. Bir də deyirəm- üçüncü dəfə həbs olunmağımın qarşısını alıb. Mən də o tayfanın borcunu qaytarmalıyam. O tayfa mənim bu tayfanın türməsində çürüməyimin qarşısını alıb.
    - Gic- gic danışma. Nə tayfa, nə tülkü? Bəlkə tülkü dostların yığışıb rüşvət zad veriblər prokrorlara? Ay yazıq, sənin olan- qalan ağlın da itib gedib. Get özünü Aşıq Fazilə zada göstər bir.
    - Elə Aşıq Fazilin də şərindən məni tülkü qoruyub. O da pul buraxmışdı bu işə. Polisdə də yaxşı oğlanlar varmış. Bir polis dedi mənə hər şeyi.
    - Səndə xoruz səsi eşitməmiş sözlər var. Ətraflı danış sirr deyilsə.
    - Əşşi nə sirr, onsuz da bunun hamısını yazıb xalqa çatdıracam. Qulaq as gör nələr olur bu dünyada. Sən təki pivəni bol elə. Pivə bol olarsa basılmaz Vətən.
    _ _

    Bu dəqiqə erməni bu məkana top atsaydı bizim şairin ən qatı düşmənlərinin hamısını cəhənnəmə vasil edərdi və bəlkə də şair erməni topçusuna minnətdar olardı . Onsuz da ermənipərəstlikdə suçlanırdı. Indi rayon İH başçısının müavini Nərman müəllim də, polis rəisinin müavini Feyruz müəllim də, Yazıçıalr Birliyinin bölgə sədri şair Marat( Bəxtiyar onun adını Mərət qoymuşdu) Qurdağız da, Aşıq Famil də, Molla Alqasım da, bölgədəki amerikan iş adamı Adam Götsterin nümayəndəsi Elçin müəllim də , şəhər meri Röyşən müəllim də uzun zamandır çəkdikləri əziyyətin bəhrəsini gözləyirdilər. Çəkdikləri əmək hədər getməyəcəkdi, qoyduqları pul pul gətirəcəkdi. Çünki şair Bəxtiyar onların dili ilə desək, “gurumgumbaz getsə” bu yeddi nəfərin hər birinə də xeli sayda adam hörmət edəcəyinə söz vermişdi. Bunların hər biri Şairdən dəhşətli dərəcədə yanıqlı idilər. Indi də əl çalmağa öyrəşmiş əllərini daha bərk bir- birinə vuraraq qah- qah çəkib güləcəkdilər.
    Bu yeddi nəfərin hər biri əvvəllər ayrı- ayrılıqda şairi ilişdirmək istəmişdi, şairə pislik etmək istəmişdi. Amma xeyri olmamışdı ki, olmamışdı. Aşıq Famil ipi, sümüyü, nalı, qıfılı, it poxunu bir- birinə calayıb dəfələrlə yerə basdırmışdı ki, şairi bağlasın. Görmüşük aşıq aşığı bağlayıb sazını əlindən alar, amma bu aşıq birbaşa kişilikdən vururdu. Amma şairin külfəti getdikcə artmaqda davam edirdi.
    Molla Alqasım hətta müqəddəs torpaqlarda da şairin əleyhinə dualar oxumuşdu. Amma xeyri olamamışdı. Şairi nə hökumət gedər- gəlməzə göndərmişdi, nə bir dindar şoşkalamışdı, nə də maşın vurmuşdu.
    Nərman müəllim şairin ən zəif yerindən vurmağa çalışmışdı- yaxın qohumları ilə təsir etmək. Gah şairin qardaşını işdən çıxartdırmaq istəmişdi, gah şairin anasına zəng edərək qoca, sadəlövh qadını xəstə etmişdi. Amma heç bir xeyri olmamışdı və günün birində şair Nərman müəllimə bir dəhşət dolu ismarıc göndərmişdi:
    - Qardaşımı işdən çıxarırsan cəhənnəmə çıxart. O YAP-çı, sən YAP-çı. Sizin bir- birinizi qırmağınız mənə ləzzət eləyir. Anam da YAP- çı qardaşımı dəstəklədiyi üçün mən oğulluqdan imtina etmişəm. Neynirsən elə, amma sənə də elə şunquruqlar qoşacam ki, əvvəlkilər yalan olacaq.
    Nərman müəllim hələ də elə bilirdi ki, şair nə anası ilə, nə də qardaşı ilə münasibət saxlayır. Əslində isə şair bununla öz yaxınlarını bir müddət xəta- baladan qorumuşdu və tapşırmıışdı ki, soruşan olsa eləcə də deyərsiniz:
    - Biz ondan imtina etmişik, elə adam bizə lazım deyil.
    Mərət Qurdağızlı isə mətbuat vasitəsi ilə şairə təsirlər etmək istəmişdi. Amma bu əks effekt vermişdi və şair onu el içində ber-biabır etmişdi.
    Molla Alqasımı isə şairin ateist olmağı havalandırmışdı və o, nə qədər şairə Allahın onu seçib istedad verdiyini, buna görə daha çox şükran etməli olduğunu bildirmişdi, şair daha da dindarları dolamışdı. Həmçinin də bir neçə məclisdə şair onu tulasifət edərək “İranın agenti” adlandırmışdı.
    DYP rayon şöbəsinin rəis müavini Fehruzun da bazarını şair bağlamışdı- şairin youtubeyə yüklədiyi bir neçə videodan sonra bütün şöbə biabır olmuşdu. O da şairi bir iki dəfə “qoduqluğa” saldırıb həyatı başa salmağa çalışmışdı. Amma döyülmək, söyülmək şairi daha da aqressivləşdirmişdi. Sonunda da Fehruzun quyruğunu buraxmayan şair onu bir hekayəsinin qəhrəmanı etmişdi.
    Adam Götster isə bunların oyununa düşmüşdü. Yoxsa nə hərləyirddi eşşək boyda bir ölkənin demokratı qotur bir məmləkətəin qotur şairini. Götsteri qandırmışdılar ki, bəs bu zalım sənin ölkəni iki qəpiklik edib. Özünün rayonun torpaqlarını alıb o torpaqlarda rayon camaatını qul kimi işlətdiyin hələ bir yana dursun.

    Beləcə də onları ümumi amal, ümumi məqsəd birləşdirmişdi. Və bu arada qarşıdan müstəqillik günü gəlirdi. Indi yığıncağa qatılanlar əsl siyasətçi olduqlarını sübut edirdilər həm də. Çünki qıraqdan elə görünürdü ki, guya rayonun hörmətli adamları müstəqillik bayramı üçün plan qururlar, əslində isə onlar şairə tələ qururdular.

    = = =

    - Adamın anasını belə mələr qoyaralr. Ha, ha, ha. Birdən efirlər bir-birinə dəyəcək. Bax onda deyəcəm o kopoluna. Qoy anası gəlib yalavrsın. Göstərəcəm ona adamla məzələnmək necə olurmuş.
    DYP rəisinin müavini Fehruz müəllim sinəsinə döyə-döyə İcra Hakiminin müavini Nərman müəllimin bu sözlərinə dəstək verdi:
    -Həə, Nərman müəllim. Yenə mənim planım yeridi işə. Yoxsa o çaqqal 10 sutkadan - zaddan qorxan deyil. Daha da məhşurlaşacaqdı. Indi qoy narkotik vasitələrin əkilib-becərilməsi ilə məşğul olduğu bütün ölkəyə əyan olsun. Ha, ha, ha...
    Şəhər meri Rövşən müəllim də onların söhbətinə qoşuldu:
    -Afərin Fehruz, bilirsən necə sevinəcəm? Vallah nəzir demişəm. Aparıb Sarı Seyidə də, Mamirəyə də nəzir verməsəm dədəmin oğlu deyiləm. Bütün ölkədə biabır etdi məni. Mamaroza dedi mənə. Yazdı ki Rövşən Mamaroza qəhrəmandı. A kişi, mən o boyda xərc qoyub “Azərbaycan Bayrağı” ordeni almışam.
    Marat Qurdağız pafosundan qalmadı:
    - O şairin başını əkməsəm bu qələm haram olsun mənə. Qələm müqəddəsdi, adı Quranda da keçir. Orda belə bir and var- Qələm haqqı. Özü də deyəsən 96-cı surədədi. Mən də bu haqda yazıb 96- nın müqəddəs olduğunu dünya müsəlmanlarına bildirdim. O da dünya alkaşlarına spirt- 96- nın müqəddəsliyi barədə müsaj ötürdü. Hələ o kafir daha sonra da 9- la 6- nın yerini dəyişib 69- un müqəddəsliyindən danışdı. Cəhənnəmə danışsın, mənim yazımdan da sitat gətirdi. A kişilər, bu cəhənnəm, görün nə yazdı nadan gədə mənə- mən hər məqaləmin altında çoxlu “post skriptiumlar” qoyuram- yəni P nöqtə S. Bu da PS kimi yazılır. Əclaf yazıb ki, Marat müəllim hər yazısından sonra xeyli pısıdır.
    Şairin 3-cü dünya müharibəsi ərəfəsində “Böyük Yeddilər” adlandırdığı bu çete beləcə də şairi “gurumgumbaza” göndərib gələcək rayon düzənini planlaşdırır, rayonun siyasi- iqtisadi xəritəsində yeniliklər etmək istəyirdilər.
    Molla Alqasim da söhbətə qoşuldu:
    - Zərqəmi yaman tapdım haa- Fehruz müəllim, planda mənim də rolum var.
    - Hə getdiyin o müqəddəs torpaqlar haqqı. (Əslində Molla Alqasım bir neçə dəfə İranda olmuşdu- orda hansısa seyidləri ziyarət də etmişdi və hansısa pirdən bir torba torpaq da gətirmişdi)
    Indi isə gəlin görək Bəxtiyar bunlara necə mane olmuşdu, necə od qoymuşdu. Əvvəla başlayaq Götster müəllimdən. Şair Bəxtiyar əvvəlcə Amerikaya, sonra da ona od qoymuşdu və buna görə də demokratik bir maska taxaraq şairə hazırlanan planda rol almışdı və boyun olmuşdu ki, şair tutularsa öz hökumətinin şairi siyasi məhbus kimi tanımasına mane olacaq. Bunun əvəzində də ona rayondan xeyli qul əvəzi işçi və xeyli də yeni torpaqlar boyun olunmuşdu.
    Beləliklə Götster müəllimi dəli-divanə edən məqalə ilə tanış olaq:

    AMERİKANIN XALASININ XAYASI

    Biz onda yazıq olduq ki, Amerikanın bizim yerimizə Qarabağı alacağına, bizə demokratiya gətirəcəyinə inandıq. Özü də elə inandıq ki, onların demokratiya adına etdikləri minlərlə iyrənclikləri görə- görə yenə də kor tutduğunu buraxmayan kimi onların ətəyini-zadını buraxmadıq, qaldırıb altındakı demokratiyaya baxdıq. Onlar da rahat- rahat neftə sahibləndilər və rahat- rahat da bəyənatlar verdilər ki, bu bəyənatlar əslində tualet kağızı dəyərində olmadı. Çünki getdikcə bu ölkədə tualet kağızı da qəzet, jurnal kimi gərəksiz olur. Çünki əhali sürətlə dini cərəyanlara qoşulmaqdadır, müsəlmanın önəmi ixtirası aftaxa tualet kağızını sıradan çıxartmaqdadır.
    Amerika özünü dünya siyasət masasının başında görür. Yəni dünyanın siyasi tamadası indi Amerikadır. Musiqiçilər kimlər olur olsun Amerika öz demokratik sağlıqlarını deyəcək və məclisdə düşən davalarda kim öldü, kim yaralandı, bunun ona dəxli yoxdu. Sonda öz qazancını götürəcək.
    Bu yerdə yadıma bir başqa tamada düşdü- Bizim kəndin tamadası rəhmətlik Eminoğlu. Eminoğlunun tamadalığı bir ayrı tamadalıq idi. Oturardı masanın başında və əsas diqqəti də kimisə cərimələmək, kiməsə cəza kəsməkdə olardı. Bəhanələr də öz- özünə tapılardı- məclisə gecikən, məclisdə şuluq salan, nə bilim it ilində filan hərəkəti elə yox, belə eləyən. Onun bəhanəsi kimyəvi silah zad deyildi- mənəvi silah idi. Cərimə də nə olsa yaxşıdır-bir çappa stəkan araq.
    Amma Eminoğlu “müqəssirlə” qaba davranmazdı:
    - Bajoğlu zəif adamdı, qoy onun əziyyətini dayısı çəksin.
    Beləcə də həmin çappa stəkanı Eminoğlu başına qaldırmazdan əvvəl elə sağlığı da cərimələnən adamın adına bağlayardı.
    Amma siyasət masasında belə deyil. Amerika dediyi demokratik sağlıq daha da qan gətirir, ölüm gətirir. Amerikanın cərimələdiyi ölkə dağılır, talan olunur və arada da qazanan Amerika olur.
    Indi biz də Amerikaya canı- dildən bağlanıb onların dediyi sağlıqlara məst olmuşuq. Əslində isə Amerikanın gətirdiyi demokratiya demokratiya deyil. Hesab edin ki, bəzəyib bir qadını qarşıya qoyublar və deyirlər bu qadın deyil, buna xala deməyin, buna dayı deyin. Yəni xalamın xayası olsa ona dayı deyərdim məsələsi.
    Xaya demiş, yadıma bir başqa da əhvalat düşdü. Deməsəm bağrım çatlayar.
    İsrafil müəllim müəllimliyin daşını atıb qəssab bıçağından yapışmışdı və ona elə gəlirdi ki, qəssablığın sirrinə vaqif olub. Axı hələ məktəbdəykən dəfələrlə ət bölmüşdü müəllimlərə. Kimin alışma olunası mal- qarası vardı kənddə ona bir siyahı tutdurmuşdu. O da məktəbdə elan eləmişdi- filan ayın maaşına alışma var. Onsuz da heyvan kəsənlərə baxıb banklar da öz götürdüyünü götürmüşdü ölkədə. Banklar da müəllimlərə həvəslə kredit verirdilər. Axı ölkədə özgə maaş alan barmaqla sayılacaq qədər idi. Prezident isə ölkədə işsizlik faizinin 5 faizə endirildiyini Avropada barmaq silkələyə- silkələyə deyirdi. O boyda Avropada bir qul oğlu qul tapılmamışdı ki, bunun yalan olduğunu yerindəcə isbatlasın. Beləcə də Azərbaycan oliqarxları Avropaya kefə getdiyi kimi Azərbaycan standartları da Avropada kef etməkdə idi və guya Azərbaycana da Avropa standartları gəlmişdi.
    Nəysə, İsrafil müəllim mal sahibindən bir pay əti (3-5 kq) pulsuz almaq naminə siyahı tuturdu və işinin də öhdəsindən layiqincə gəlirdi. Nə istehsalçı narazı qalırdı nə də istehlakçı. Bu hörmətini saxlamaq üçün də heyvan kəsən şəxsin başının üstündə durub ət bölgüsünə əvvəldən axıra qədər nəzarət edirdi. Bəzən isə bu işi öz boynuna götürüb də sonda da içalatla bir- iki araq içib, öz ət payını da götürüb evinə gedərdi. Buna görə də İsrafil müəllim elə sanırdı ki, qəssablığın tamam sirrlərinə vaqif olubdur.
    İsrafil müəllimin mayası az olduğuna görə “xırda heyvan” yəni qoyun- qoç bazarlığına girişmişdi. Özü də rayonda demaqoq kimi tanındığından ona bazarda kimsə problem yaradası deyildi. Amma problem yarandı, özü də lap yekə problem. Israfil müəllimin birinci bazarı baş tutmadı- qoyunun ətinin yarısı üstündə ödək qaldı. Bunun səbəbinə baş vuran İsrafil müəllim baxdı ki, bu bazarın istehlakçıları daha çox erkək ətinə üstünlük verirlər. Buna görə də siftənin uğursuzluğuna baxmayıb yarı nağdı, yarı nisyə bir erkək də alıb kəsdi. İsrafil müəllim erkəyi kəsməyində olsun, indi sizə danışım Xədicə xala və onun gəlinindən.
    Bir evdə ikisi idi. Xədicə xalanın oğlu 3 il idi Rusiyada idi. Xədicə xala vaxtilə rayonun fəal qadınlarından olmuş, xalq hərəkatında yaxından iştirak etmişdi. Yəni dünyanın gəliş- gedişindən az da olsa baş çıxarırdı. Oğlu evlənib gəlini də evə “tullayıb” getmişdi köhnə məkana, Nataşaların yanına. Arada da bir az pul- para göndərirdi. Bu pul- para da Xədicə xala və gəlinin bazarlığına yetirdi. Bu arada isə zəng edib yaxın zamanlarda həmişəlik gələcəyini bildirmişdi və çoxlu pulla da qayıdacağına söz vermişdi.
    Xədicə xala əvvəl bazara özü gedərdi. Amma iki ay idi qıçları tutulduğundan gəlin gedəsi olmuşdu bazarlığa. Bu iki ayda isə hər dəfə gəlini qəssablar aldatmışdı. Erkək əti adı ilə qoyun əti sırımışdılar gəlinə. Xədicə xala da erkək ətinin ölüsü.
    Axırda arvad qəssabalrın sirrini gəlinə açmalı oldu:
    - Qızım, bu kopolunun qəssabalrının bir sirri var. Bazarda diri erkək baha olur deyə məcbur qalırlar erkək əti adına qoyun ətini camaata sırımağa. Əslində mal əti adı ilə də pota, camış ətini bizə sırıyırlar. Lap Amerika demokratiya sırıyan kimi. Mal əti adı ilə camış əti sırımaq daha asandı, əhali o qədər də bilmir bunun fərqini. Di gəl, bizim camaat erkək ətini tanıyır- axı ən azından ətin üstündə erkəkliyi bildirən xaya olmalıdı. Bax buna görə də it ilində aldıqları bir erkəyin xayasını xolodelnikdə illərlə saxlayıb hər dəfə qoyun əti satanda çox nazik sapla ətə tikirlər. Əllərini də xayanın üstünə qoyub and içirlər ki, bəlam ölsün erkəyinkidi. Ona görə də diqqətli olmaq lazımdı. Ət alanda sapa da diqqət etmək lazımdı.
    Amma məsləhət də bir nəticə vermədi. Gəlin növbəti dəfə aldadıldı. Məlum oldu ki, qəssab xayanı qoyun ətinə tikdikdən sonra bir xeyli burub və sapı gizlədə bilib. Xədicə xala da bir qədər gəlinə deyinib susdu. Gəlin də söz verdi ki, bu işi dəqiqləşdirməmiş erkək əti almayacaq.
    Xədicə xala da gəlinə belə dedi:
    -Qızım, bu ölkənin başına nə gəlir o xoladelnikin ucbatından gəlir. Amerika demokratiyanı xoladelnikdə aylarla gizlətmədimi? Bax bizim qəssablar da erkək xayasını eləcə xolodelnikdə saxlayırlar.
    Gəlin növbəti dəfə ət almağa gedəndə sifəti tanış gələn qəssabalrın hamısının yanından baxmadan ötdü. Aha, bazar adamına oxşamayan bir qəssab dəydi gözünə. Ətin üstündə də erkək xayası. Gəlin xayaların bir o üzünə, bir bu üzünə baxdı. Yenə qəlbində şübhə qaldı, birdən bu da qoyun əti olar deyə. Bu arada isə İsrafil müəllim 3-4 dəfə tərifləmişdi əti:
    - Qızım, balamın ölümünə bir yaşlı erkəkdi. Əslində beləsinə erkək də demək olmaz. Xalis toğlu ətidi, nə çox baxırsan? Mən ad-sanıma ləkə gətirən adam deyiləm.
    Gəlin utana –utana əlini xayalara tərəf uzatdı:
    - Dayı, sən Allah bu(xayaları bir daha göstərdi) erkəyin özünündümü?
    İsrafil müəllim stulunun üstünə saqqız qoyulmuş müəllim kimi bağırdı:
    -Aaaz, bə mənimdimi, dəlisənmi a köpəyin, itin qızı? Abırsızlığa bax bir.
    Bundan sonra da bazarda mərəkə qopdu. Gəlin çəki daşını atdı İsrafıl müəllimin təpəsinə. Kişi qanına qəltan oldu. Polis qarışdı məsələyə. Məlum oldu ki, İsrafil müəllim qəssabların bu əməlini bilmirmiş.
    Az qala gəlini tutacaqdılar. Sadəcə İsrafil müəllim şikayətçi olmadı. Məlum oldu ki, gəlinin əri bununla yaxın imiş. Məsələ gedib Rusiyaya çatdı və gəlinin əri də gətirib qazancını verdi polislərə. Ərəseydən gələn bəyin bir başqa tanışı da rayon polis şöbəsində önəmli vəzifədə idi və barışıq məsələsini o həll etmişdi. Rusiyadan gələn bəy bundan sonra erkək ətini ancaq və ancaq İsrafil müəllimdən aldı.
    ARADA İSƏ ELƏ OLDU Kİ,
    Israfil müəllimi Xədicə xalanın oğlu heyvərə bir bəladan qurtardı. Belə ki, İsrafil müəllim bazarın içindəki qəssbxanada rəqabətə davam gətirməyib Xədicə xalanın oğlunun və onun polisdəki onəmli vəzifə sahibi olan dostunn sayəsində bir ət dükanı açdı. Rayonun baş rəssamı Səyyad müəllimə də bəzəkli hərflərlə reklam yazıları yazdırdı-“Quzu əti”, “Dana əti”. Amma bu İsrafil müəllim özünü son dərəcə hökumətə yaxın adam kimi göstərmək istədiyindən ümummilli liderin şəklini də öz dükanına vurmuşdu və uzaqdan baxanda dükanın “dana əti” yazılan sağ tərəfində o şəkil görünürdü. Bunu da özünü hökumətə daha sadiq olan bir nəfər yuxarılara bildirdi. Polislər İsrafil müəllimi aparıb yaxşıca çırpdılar. Nə Xədicə xalanın oğlu, nə də onun polis dostu kömək edə bilmədi. Sadəcə olaraq daha sonra ümummilli liderə olan bu xəyanətin şəkilli- filanlı sübutu yox idi deyə həmin yaltağı daha sonra polisə çağırıb böhtançı kimi döydülər. O adam bir daha hökumətə yaxın düşə bilmədi, müxalifətə qoşuldu. Bu əhvalat da beləcə xoş sonluqla bitdi.
    Indi Amerikanın bizə gətirdiyi demokratiya da xolodelnikdə saxlanmış erkək xayasının günündədir. Qoyun ətinin üstünə tikib hər dəfə bizə erkək ətinin demokratiyası kimi itələyirlər bu demokratiyanı.
    Bu Amerikanın bir keçmiş səfirlik əməkdaşı var- Adam Götster. Bilmirəm bu Götster bizdən nə istəyir? Adam indi olub biznesmen. Özü də YAP rayon təşkilatında sədr müavinidir. Hər gün də “Palıd” restoranında “erkək xayası” ilə səhər yeməyinə başlayır. Rayonun 100 hektar əkinəyararlı sahəsini özəlləşdirib kartof, soğan əkdirir. Rayon əhalisini günəmuzd 14 -16 saat qul kimi işlədir. Sahəyə o qədər dərman tökdü ki, rayonun simvolu sayılan bal arıları da qırıldı.
    O isə erkək xayası yeyə- yeyə bizim erkəkləri qul kimi işlədib demokratik qaydada kökəlir. Bu adam Amerika demokratiyasının simvoludur. Rayon əhalisi erkək ətinə həsrətdi- rayonda erkək xayası da qəhətə çıxıb. Qəssabalr da məcbur qalıb it ilində kəsdikləri erkəyin xayasını aylarla xolodelnikdə saxlayırlar. Asdam Götster isə öz şəriki Elçin müəllimlə rayonda at da oynadır, madyan da. Sovetdən qalma obyektlərin əksərini bu iki adam özəlləşdirib. Adamlar var ki, əllərində sənəd illərdir məhkəmələrdə sürünür. Obyektini Adam Götster ələ keçirib. Amma məhkəmə də acizdi, hökumət də acizdi bu adamın qarşısında. O boyda erkək xayası yeyən adam inidi buynuz çıxarıb rayonu buynuzlayır. Xalası göyçək Ameriaknın budur əsl siması. Xalası göyçəklərin xalalarının xayası olsa dayı deyərdik.
    Bu Götster də eyzən Azərbaycan məmurları kimi Naxçıvandan qanadlanıb. Belə ki, əvəllər Naxçıvandakı Amerika konsuluğunun başçısı olub. “Traktorbasdıranlar”dan biri də budur.
    Onda Naxçıvanın Nehrəm kəndində Amerika konsulluğunun dəstəyi ilə bir futbol stadionu tikilmişdi. Prezident də qayçısını götürüb bir- iki günə açılışa gələsi idi. Amma prezidentin gəlhagəl vaxtında iri bir problem meydanda top qovmağa başladı- hər tərəfi bağlanmış stadionun ortasında iri bir traktor qalmaqda idi. Əgər stadionu söküb traktoru çıxarsalar, prezident gəlincə stadionu təzədən hazır edə bilməyəcəkdilər. Əlac qaldı traktoru hissə- hissə doğrayıb meydançadan çıxarmağa. Amma məlum oldu ki, bu da mümkün deyil. Çünki Naxçıvanda traktor ustası- filan qalmamışdı. Hamısı ya hardasa vəzifə başında idi, ya da hardasa işləməyə getmişdi. Bəs necə olsun?
    Əlac qaldı traktoru basdırmağa. Əsgərləri töküb stadionu sapyor lapatkası ilə qazdırdılar. Təxminən 3-4 metr dərinliyində, 10-15 metr dairəsi olan bir quyu qazdı əsgərlər. Indi də bir problem çıxdı meydana. Traktoru həmin gen və dərin quyuya salmağ üçün kran lazım idi. Yoxsa gərək traktoru quyuya it ölüsü kimi tullayaydılar. Bəs kran necə gəlsin meydana. Naxçıvan xanı dedi stadionu sökək. Amma bu plan bəyənilmədi. Bir qism adam da dedi təyyarə tapıb stadiona kran endirək. Amma sonda məlum oldu ki, təyyarə kranı yerə endirincə skameykaları zədələyə bilər. Və nəhayət bir ürəkli oğlan tapdılar. O da traktoru düüz quyunun başına qədər sürüb elə yerdə saxladı ki, traktor öz-özünə quyuya düşdü. Amma daha ona traktor demək mümkün deyildi. Daha sonra isə xeyli dəmir- dümür tapıb quyunun üstünü örtdülər. Dəmir-dümürün də üstünə qazon döşədilər. Prezident də açılış edib meydanın ortasında topa da bir zərbə vurub getdi öz sarayına. Bax o planın müəllifi həmin bu Adam Götster idi. Amma sonra stadionda deşik əmələ gəldi. Məcbur qalıb traktoru stadionun altından çıxartdılar. Daha sonra da stadionun bir tərəfi söküldü və yolu az qala” Lazım“ qədər gözlənilən kran gəlib o traktoru it leşi kimi sürüyüb meydandan çıxartdı. Quyu da doldu, stadion da qaydasına düşdü. Bax Adam Götster belə Götsterdi. Bu planın müəllifi olduğu üçün də Naxçıvan administrasiyasının təklifi əsasında irəli çəkildi. Səfir müavini oldu və sonrası da bizə məlumdur. “Traktorbasdıran” indi də bizim bölgəmizdə kartof və demokratiya basdırırdı.
    Məncə Adam Götster haqda bu qədər bəsdir. Indi də gəlin Nərman müəllimi dəli- divanə edən məqaləyə baxaq.

    APARATDA YOLDAŞ ZÜLÜMOVDUR

    Mən də belə bəxtin sahibiyəm. Bir o qalmışdı ki adımın da zibilinə düşəm, o da oldu. Iqtidar sahibləri inqilabdan necə qorxduğu hamıya məlum. Və inqilabçıların internetdə təşkilatlandığı bunun Mübarəkindən Barakına qədər tüm dünyaya məlum.
    Iş o yerə gəlmiş ki bunu bizim Qazaxın başbilənləri də artıq anlamışlar. Və öz aləmlrində bu inqilabın qarşısını alıb da yücə rəhbərlərinin yanında hörmət-izzət sahibi olmaq eşqinə düşmüşlər. Amma necə də yücə rəhbərlərinə sadiqlərmiş. Mən onların rəhbərinin yerinə olsam bircə günlüyə onlara heç beş-on baş qoyunu da etibar eləmərəm.
    Adamalar hələ də Bəxtiyar Hacıyevin azadlıqda olduğunu və Azərbaycanda inqilab yaratmaq istədiyini düşünürmüşlər. Amma ki ay yarımdı bunların telekanalizasiyaları Bəxtiyar Hacıyev barədə uyduruq-uyduruq şeylər danışmaqda. Bunların da xəbəri yox. Elə bilirlər ki Bəxtiyar azadlıqdadı, özü də Ağstafada müəllim işləyir. Və vaveyla deyib inqilabı önləmək üçün təcili bir iclas yapmışlar. MTN, prokurorluq, polis şöbəsi, maarif şöbəsi, məhkəmə, poçt şöbəsi və hətta statistika komitəsi də öz öz rəhbərləri və aktivləri səviyyəsində iclasa qatılıblar.Hətta icra başçısı da bunları danlamış ki, bəs o Bəxtiyara Qazaxda niyə iş vermirsiniz ki, o da uzaq yollar qət etdiyindən inqilab eşqinə düşüb. Təcili ona Qazaxda iş verin-birini də rüşvətsiz götürün işə.
    Həə əzizlərim, məsələ belədir. Bunlar məni Bəxtiyar Hacıyevlə səhv salıblar. Indi görün İlham Əliyevə necə sadiqdirlər.
    Bir neçə gündü daha özüm cəhənnəm ee , doğmalarımın nə gecəsi var nə gündüzü. Ordan zəng, burdan zəng- oğlunuzun başına ağıl qoyun. Bizimkilər də arada-sırada mənə ağıl vermək istəyirlər. Deyirəm axı məndən nə istəyirlər. Nəhayət hər şeyi anladım.
    Qohumlardan biri az qala dünyanın o başından qonşuya zəng edib ki get gör Bəxtiyar evdədir ya inqilabçılıq edir. Qonşu da gəlib görür evdə uşaq saxlayıram. Elə evdə uşaq saxladığımı hökumət adamları da gördü. Belə ki İcra başçısının müavini Nəriman müəllim dünən (13 apreldə) üstümə iki hökumət adamı göndərib ki, görün neynəyir. Inqilaba necə təşkilatçılıq edir. And -aman edirəm ki heç nədən xəbərim yoxdu-inanan kimdi. Hətta Nərman müəllimə zəng edirlər ki bəs adam uşaq saxlayır evdə, özü də heç bir partiyanın üzvü deyil, amma Nərman müəllim inanmır. Hökumət adamları mənə İcranın iş təkilifindən zaddan bir xeyli danışırlar. Mən də deyirəm istəmirəm kömək zad. Qərəz hökumət adamları varıb gedirlər. Dalınca başlayır ata-ana zəngi. Onlara da polisdən neçənci dəfəsə zəng olubmuş.
    Bu yerdə ata-ananı da qınamaq olmur. Onlar heç də mənim taleyimdən qorxmullar. Onları qorxudan tamam başqa şeydi.
    2003-də həbs olunanda da evdə körpə uşaq vardı. Və onda körpəni mələdə-mələdə evdə qoyub polislər yoldaşımı istintaq üçün polis şöbəsinə aparmaq istəmişlər. Məsələ böyüyüb, ağsaqqal-qarasaqqal birtəhər yola verib polisləri. Beləliklə də gözələyiblər yaxınlardan biri gəlib uşağın yanında qalsın, yoldaşım da qaynatamın və anamın iştirakı ilə istintaqa getsin. Qərəz anam qorxduğu belə şərəfsizliklərin yenidən təkrarlanmasıdır.
    Özüm də özümə mat qalmışdım ki niyə axı mən? Nəhayət qərara gəldim ki bunlar məni Bəxtiyar Hacıyevlə səhv salıblar. Xətam onda oldu ki ağzımdan qaçırdim bu fikri.
    Bir gün keçmiş getdim Nərman Nağdalıyevin qəbuluna ki, deyim xatasını məndan xal eləsin.
    Adam daş atıb başını tutdu:
    - Mən sənin haqqında heç nə deməmişəm, heç kimi də sənin üstünə göndərməmişəm. Sanki dünənki həngamələr yalanmış. Bu məsələni dəqiqləşdirmək üçün deyirəm:
    -Bəs mən bilirəm o Bəxtiyar kimdir.
    -Qazaxlıdırmı- sulanını verir.
    -Yox –olur cavabım.
    Adamın üzündə həm sevic həm də kədər ifadəsi yerdəyişmə edir. Ona sevinir ki xata bunlardan uzaq oldu. Ona kədərlənir ki-heyif inqilabı yatırda bilmədik.
    Sonra öyrənirəm ki, bunlar rayonda məndən əlavə də beş- üç Bəxtiyarı izləyiblər. Hansının ki internetlə az-çox əlaqəsi var, onları. Özü də bu Bəxtiyarların soyadları Hacıyev olub. Mənim soyadım Həsənovdur. Amma bir iş var ki, bizim tayfanın çoxu Hacıyev soyadını daşıyır.
    Indi siz bunların düşüncəsinə, ağlına, ən əsası isə YAP-a sadiqliyinə baxın. Vallah ki Zülümov ağıldadırlar. O Əhmədləri toplayırdı bunlar da Bəxtiyarları. Amma alınmadı- gündə bir dona girənlər həmən Zülümovluqdan çıxıb oldular Kərbəlayi Zal. Bunların əksinqilab əməliyyatı döndü Kərbəlayı Zalın “bomba rabatay”ına. Di gəl ki özlərini Rüstəm Zal kimi aparıllar.
    Vallah bu dəqiqə dünyada məndən sevincək adam yoxdu. Bu ağıl ki bunlarda var hətta inanardılar ki Ərəb inqilablarının da təşkilatçısı mənəm. Zalım oğlu Qəddafidi, Qəddarıdi nədi o da Liviyadan bir kəskin nişançı göndərərdi. Xosunvay olub gedərdim ara yerində
    Həə əzizlərim, həqiqətən də aparatda Zülümovdu. Zülümkarlar düşüb Zülümovun gününə. Və iqtidar da getdikcə dəstəyini itirməkdə. Bir azdan yalqız qalıb da Zülümovun dostu kimi “yalqızam, yalqız” oxuya-oxuya yıxılacaq.
    2011 mart
    *
    Bu işin təşkilatçısı Nərman müəllim olduğundan əsas danlanan, söyülən də o oldu. Adı da qaldı Zülümov. Odur ki, şairi nə yolla olur olsun ilişdirmək istəyirdi. Zalım oğlu şair də boş dayanmır, dilini dinc qoymaq əvəzinə daha da Nərman müəllimin üstünə gedirdi. Və günlərin birində Nərman müəllimə ikinci zərbə vuruldu. Onda da belə olmuşdu- rayonda “Dahilər parkı” deyilən ərazidə qoyulmuş büstləri gecə ikən Nərman müəllimin adamları götürmüşdülər. Həmin parkın döşəmə daşlarını dəyişib, büstlərin də “təmir edib” rayona ayrılan 2 milyonu həzm- rabedən keçirmək istəyirdi Nərman müəllim. Məsələ böyüdü və Nərman müəllim açıqlama verəsi oldu:
    - Orda ədəbiyyat muzeyi tikilir. Büstləri ona görə götürmüşük ki, muzeyin binasından bütstlərin başına taxta düşə bilər, palçıq düşə bilər. Rayonumuzun dahilərinə zərər dəyə bilər. Biz onları göz bəbəyi kimi qorumalıyıq.
    Şair də eləmə tənbəllik, götürüb bu açıqlamanı bəzədi.

    AÇIQLAMA, YOXSA QATIQLAMA

    Rəhmətlik Sokrat deyirdi- Afinada adamdan çox heykəl var. Indi dövlətimizin iqtisadi və siyasi yüksəlişinin sayəsindəbizim Qazax bu iqtisadi marafon yürüşündə Afinanı yarı yolda qoyub, sadəcə qırmızı bayraq verəni yoxdu. Amma bu heykəllərin və büstlərin başına bir bəla gəldi, gecə ikən harasa çıxıb getdilər. Bəzi cüvəllağılar dedilər, Qazaxdakı haqsızlığa, aclığa heykəl, büst də dözə bilmədi. Amma bu bizi istəməyən qara qüvvələrin sözü idi. Heykəl və büstlər sonda Qazaxda bir zirzəmidə tapıldı. Bunun ardınca bizim Nərman müəllim də açıqlama verib. Guya tikilməkdə olan ədəbiyyat muzeyinin binasından bu büstlərin, heykəllərin başına taxta filan düşəcəkmiş. Onda belə çıxır ki, elə heykəl, büst yalnız ədəbiyyat muzeyinin ətrafında dairələmə yerləşdirilib. Bir növ bu saz- söz diyarında heykəllər, büstlər əl- ələ verib ədəbiyayt muzeyinin ətrafında yallı gedirlər. Amma belə deyil, heykəl və büstlər paralel şəkildə şəhər mədəniyyət evindən başlamış məscidə qədər olan ərazidə yerləşdiriliblər. Və o da məlumdur ki, paralel düz xətlər heç vaxt demokratiya və Azərbaycan yolları kimi kəsişmir.
    Indi belə çıxır ki, Nərman müəlim ya ağlını itirib, ya da Qazaxı tanımır. Amma Nərman müəllim ağlını itirmiş olsa elə öz evinin pulundan gətirib rayonun abadlaşması üçün xərcləyər. Yoxsa dövlət büdcəsini acımasızcasına talamaz ki. Adam 10-15 büstü götürüb bir həftədən sonra yerinə qaytarır və arada da 2 milyon qazanır. Beləsinə dəlimi demək olar? Onda belə çıxır ki, Qazaxı tanımır. Amma bu ehtimal da özünü doğrultmur. Çünki Nərman müəllim Qazaxı tanımasa itin ağlına gəlməyən yerləri də satmazdı. Adam az qala Qazaxın 40 faizini xırda sahibkarlara satıb. Hələ mən Götsterə satdığı əraziləri demirəm. Bəs nədir məsələ?
    Məsələ belədir ki, Nərman müəllim həmin sualı verən jurnalisti dolayıb. Çünki Bakıdan zəng edən jurnalist Qazaxı tanımır və Nərman müəllim də bunu çox yaxşı bildiyindən onu başından anrı eləyib. Amma adam hesablamayıb ki, o informasiaynı bir- birinin ağzına tüpürürmüş kimi bütün saytlar götürüb həyasız- həyasız öz adlarına yayınlayacaqlar:
    “ 18+org.az.m saytının verdiyi məlumata görə Nərman müəllim belə bir açıqlama verdi”.
    Nəysə mən Nərman müəllimə xatırlatlaq istəyirəm ki, o ədəbiyyat muzeyindən aşıq Ədalətin büstünə qədər 300 metr məsafə var. Məlumdur ki, muzeyin 3-cü mərtəbəsindən düşən taxta, daş gəlib aşığın təpəsinə düşəsi deyil. Bununçün gərəkdir ki, Qazaxa tornado- filan təşrif buyursun. Bəlkə də Nərman müəllim Amerikanın Arkanzas ştatı ilə Qazaxı dəyişik salır, day buna qarışa bilmərəm. Mən bildiyim odur ki, ədəbiyyat muzeyindən aşıq Ədalətin başına taxta düşəsi deyil.
    Bundan sonra Nəriman müəllim laap aqressivləşmişdi.
    *
    Indi isə gəlin Aşıq Falçı Fazilin başına gələn qəzavü- qədərdən hali olaq:

    FALÇI AŞIĞIN “QARAÇI HAVASI” VƏ APTEKİ.

    Şəhər çayxanalarında qaraçıların əlindən təngə gələn Aşıq Əhməd sonda dostuna kəndə getməyi məsləhət gördü:
    - Nə itimiz azıb burda? Gedək zəhrimarımızı öz xarabamızda içək. A kişi, qaraçı da bir olar, beş olar, bə cəhənnəm lap yüz olar. Yoxsa bu nədir, bismillah eləməmiş beşi birdən tökülür üstünə- Sən Allah bir nəzir ver. Sən 12 imam bir nəzir ver. Əli yolunda bir nəzir ver. Axırı o gün demişəm -ay itin uşağı, bura Ömər yoludur. Əli yolunda nəzir yığmaq istəyirsiniz gedin Ağstafa məscidinin qabağına. Elə söyüşlər söyüllər adam şəhərə çıxmağa da peşiman olur. A kişi, mən dədəmə ildə bir dəfə Quran oxutmuram, şəhərə çıxanda 10-15 qaraçı dədəmin goruna niyə söysün?
    Dostu ağılı bir söz dedi:
    - Əşşi, əvvəllər bir belə dilənən qaraçı yox idi. O yazıqların iki sənəti var- dilənçilik və falçılıq. Indi öz millətimiz onların ikinci sənətini alıblar əllərindən. Bizim müəllim də, həkim də, evdar qadın da, evdar kişi də, müğənni də, hələ aşıq da falçılığa başlayıb. Millət də üstlərinə axın- axın gəlir. Savadlı həkimlər qalıb qıraqda, millət axışır falçıların üstünə ki, əlac elə dərdimə.
    - Ee, lap yaralı yerimə toxundun. Rəhmətlik aşıq Musa deyirdi:
    Rüşvət yemir, cadu yazmır,
    Nə günahı telli sazın.
    Indi telli saz özü də cadu yazır, fala baxır. Lap çatdayıram özüm ölüm. Tovuzda bir aşıq Famil var- saznan fala baxır a kişi.
    Dostu gülə- gülə dedi:

    - Eşitmişəm onu. Səni də gül kimi sənətindən elədi. Indi taksi işləyirsən. Mult- milyoner olub. Vilası vila, sazı da saz. Sən də adını aşıq qoymusan.
    - A kişi, sən bilirsən mən fala- mala inanan andır deyiləm. Amma o falçı Familin qəbulunda olmuşam dəfələrlə. Hər şey büvümdən oldu.
    - Necə yəni, ora adam daşıdığını bilirəm. indi də falmı öyrənirsən?
    - Əşşi yox e. Büvümü aparmışdım, zalım qızı elə elədi etiraz edə bilmədim. Bircə şərt qoydum- gərək mənim aşıq olduğumu o falçıya bildirməsin. O da razılaşdı. Sonra da camaat axışdı o falçı aşığın üstünə. Məndən də əl çəkmədilər ki, əlin yüngüldü, sənin maşının bərəkətlidi. Pulumu da ikiqat verirlər. Bir də baxdım ki falçıya adam daşıyıram.
    - Birinci dəfə nətəri oldu?
    - Uzun haqq- hesabdı...
    Allah özü şahiddir ki, mən falçıya- malçıya inanan adam deyiləm. Amma malçı da deyirəm, əslində malçıya inanıram, amma falçıya yox. Indi o ki ola, özüm falçıya gedib baxt açdıram, kitab oxutduram. O da ola ki, bu falçı həm də mənim kolleqam ola- yəni aşıq ola. Mən belə bir yerə gedərəmmi? Heç Allaha düz əməlli inanmıram, indi durub falçıyamı inanasıyam?
    Amma həyatda məcburiyyətlər də olur və istər- istəməz boyun əyməli olursan. Mən də eləcə boyun əydim və həm də öz marağım da var dı bu işdə. Marağım da bu idi ki, falçı deyilən adam həm də aşıq idi, sazla fala baxırdı. Mən də saz ustası- dedim görüm bu nəmənədi?
    Məni o xarabaya büvüm apardı. Üstümə elə gəldi, eləbil evi yanmışdı, köməyə çağırırdı:
    - Bə sənin qıryatın nətəri götürür bunu? Əmiqızı da bacı deməkdi. Rəhmətlik əmin sizə pis olmayıb, hamınız onun səbəbinə oxumusunuz. Indi əminqızı bu həyatdan qucağı boş, yanı boşmu getsin? Gedək onun baxtını açdıraq a bala. Deyillər Tovuzda bir falçı çıxıb. Kimsəni umudsuz qaytarmır geri.
    - Ay büvü, əmimqızının öyünü özü yıxıb. Indiyə qədər azmı elçi gəlib ona? Hərəsinə bir şunquruq qoşdu. Səviyyəli adam axtarırdı. Bu da bugünkü gün- yaş gəlib çatıb 35-ə. Təzədən hardan tapacaq cavan, səviyyəli oğlanı? Əmimqızının taylarının qızlarının neçəsinin toyunu özüm yola vermişəm. Falçı təzədən sazdan səviyyəmi icad edəcək? Aparıb pulunu boş yerə xərcləmə. Qoy görək bəlkə duldan-zaddan biri elçi düşə.
    - Dul nədi əə? Gedərmi heç? Özü də bu işi bir sən bilirsən bir mən. Qorxma, benzinpulunu verəcəm artıqlaması ilə. Get maşını hayla gəlsin.
    - Ay büvü, vallah boş şeydi.
    - Sən əminin goru, dediyimi elə. Sonuncu əlac budur- deyirəm ölüb getmədən bu qancığın da şad gününü görüm.
    - Yaxşı, gözlə gəlirəm.
    Nəysə, tərpəndik Tovuza. Soruşa- soruşa tapdıq adamın evini. Ev nə ev. Sovetin nazirləri qələt edərdi belə bağ evi düzəltdirərdi. Indinin nazirlərinin bağ evlərindən geri qalmayan bir saray. Qapıda da uzun bir növbə var ki, heç 92-93-ün çörək növbəsi buna çatmaz. Içəridən isə müxtəlif havaların sazda dınqıltısı gəlirdi. Aşıq çox naşı aşıq idi.
    Gördük bu gün bizim növbə çatası şey deyil. Bir qulluqçu gəldi ki, bəs gəlin sabahki növbəyə yazım sizi. Əlacımız nəydi? Yazıldıq- 31. “31” yazılan “kart”ımızı da götürüb geri qayıtdıq. Kart ikitərəfli kartdı- arxasında da falçının ünvanı, telefonu və bir xeyli nəaliyyətləri yazılıb. Bir növ həm növbəmizi göstərir, həm də falçını reklam edir. Və mən bu arada bir nəfərin qəbulda nə qədər vaxt itirdiyini, qəbul seansının saat neçədə başladığını təxmini hesablayıb bu qərara gəldim ki, sabah nahar fasiləsindən sonra özümüzü qəbula çatdırmalıyıq. Qəbul otağının qapısına da yazılmışdı- saat 13-15 arası fasilə. Büvüm də razılaşdı.
    Səhəri gün hesabladığımız vaxtdan bir qədər əvvəl yetişdik məkana. Aşıq Famil fasilədən yeni qayıtmışdı. Adam aşıq libasında deyil, molla libasında idi. Səliqəli saqqal, uzun molla “plaş”ı, genbalaq şalvar, başında “molla papağı”, əlində saz. Məni gülmək tutsa da birtəhər özümü saxladım. Büvüm bir daha üzümə baxmazdı.
    Aşıq Famil sazı dınqıldadıb “seans”a başladı:
    - Xoş gəlibsiniz ay xala. Kənd adamına oxşayırsınız.
    Artıq ilk qarmağı atmışdı. Onsuz da bu libasda büvümü hamı kənd arvadına oxşadardı.
    - Həə, öölöm. Kənd admlarıyıq. Dərdimiz var, əl bizim, ətək sənin.
    - Xeyir Allahdandı ay xala. Mən kiməm, adicə bir vasitəçiyəm. Dərdiniz nədi?
    Hələ də sazı kökləyirdi.
    - Dərdim böyükdü a bala. Aman- zaman bir qızım var. 35 yaşı var- hələ də evlənməyib. O qədər şansı olub ki a bala. Ancaq eləbil qızı bağlayıblar. Nə qədər çalışdıq evləndirəmmədik.
    Bu arada saz “Qaraçı” havasına köklənmişdi.
    - Ay ana, burda (əliylə sazın simlərini göstərdi) göstərir ki, sizin kənddə evinizin qabağında nəsə bir ağac olmalıdı.
    Cin vurdu kəlləmə. Axı hansı kənd evinin qabağında ağac olmur?
    - Hə, ağrın alım, ağac var evin qabağında.
    Sonra da büvüm mən tərəfə:
    - Gördünüm, necə tapdı?
    Başımla büvümün dediyini təsdiqlədim.
    “Qaraçı” havası havalanmaqda idi:
    - Ay ana, bax o ağacın dibini axtarmaq lazım. Orda bir küllük tapacaqsınız. Sizin qızın baxtını bağlayıb ora basdırıblar.
    Cin bayaqkı hərəkətini təkrarladı. Axı hansı kənd evinin qarşısındakı ağacın dibində kül tapmaq mümkün deyil?
    - Kim bağlayıb a bala, saz onu da göstərirmi?
    - Evə yaxın adamdı ay ana. Elələri şeytana xidmət edir. Bizim də şeytanla işimiz olmaz.
    - Allah bəlasını versin.
    - Amin! Indi gedirsiniz bizim əczaxanaya. Orda sizə işçim deyəcək nə lazımdı. Mənə də nə verirsiniz verin. Allah böyükdü. Əczaxanada qızın baxtının bağlanmasını deyin. Lazımı vasitələri verib, neynəmək lazımdı, resepti yazacaq işçim.
    Büvüm qırmızı bir yüzlüyü stolun üstünə qoydu. Sağollaşıb çıxdıq. Bir cavan oğlan bizi sarayın içi ilə dolama yollarla “aptek”ə apardı. Büvümün üzündə elə sevinc vardı deyirdin Qarabağa qayıtmış qaçqındı.
    Aptek də nə aptek. Eynilə nomal apteklər kimi. Amma burda tərəcələrdə bir ayrı cür dərmanalr vardı- qıfıllar, açarlar, eşşək quyruğunun tükü( bunu dəvə tükü adı ilə qoymuşdular), ağ rəngli it nəcisi, nallar, köhnə balta ağızları, saxsı qablar, müxtəlif rəngdə saplar, danadişi dərmanı qutularında müxtəlif cür sular, kömür və sair və ilaxır.
    Içəridə mömünə qadın libasında orta yaşlı bir qadın əyləşmişdi. Yalnız mimika hissəsi görünürdü. Dərdimizi dedik.
    - Bismillahi- rəhmanir- rəhim. Burda elə də böyük bir şey yoxdu. Doğru ünvana gəlmisiniz. Allah böyükdü. O şeytan nökərinin bağlamasını (bu anda lə bildim ki, hansısa aşıq mənə bağlama, qıfılbənd göndərib) açmaq üçün hər vasitə var bizdə. Bir qıfıl, bir açar ( demək qıfılı və açarı ayrı- ayrı satacaqdı), bir az ağ it poxu( guya kənddə it poxu tapılmırmış- özü də ağ it poxu, daha ağ itin poxu yox e, it poxu ağ rəngdə olmalıymış), dəvə tükü ( eşşək quyruğunun tükü idi), nal, bir də köhnə bir qab.
    Sonra da qadın kalkulyatoru götürüb qiyməti hesabladı və qiymətləri ucadan deməyə başladı:
    - Açar- 20 manat, qıfıl 30 manat, it poxu- 10 manat, dəvə tükü- 50 manat, saxsı qab- 40 manat. Cəmi 150 manat. Demək qıfılı evdə açırsınız (bu an qıfılı özü bağladı), dəvə tükünün də yarısını yandırıb saxsı qaba qoyur, üstünə də ağ it poxunu qoyub saxsı qaba yerləşdirirsiniz. Açarı həyət- bacadan qıraq bir yerə tullayın. O açarı tapıb o qıfılı kimsə yenidən bağlayar. Nalı da qapının yanlarında bir yerdə divardan asırsınız. Saxsı qabı da, qıfılı da yanaşı basdırısınız bir ağacın dibində. Ancaq gərək mütləq o bağlamanı yerdən çıxarıb bütün bunları ondan sonra edəsiniz.
    Büvüm 150 manatı verdi. Çıxdıq bayıra. Öz- özümə dedim kül başına ay aşıq Əhməd. Sən 50 hava çalıb bir belə pul qazana bilmirsən- kolleqan bir “Qaraçı” dınqıldadıb 250 manatı qoydu cibinə.
    Yolda büvüm bir də tapşırdı ki, olmaya- bilməyə əmiqızın bu işi bilə. Xata olub xarici dil müəllimi olub. Nə adətə hörməti qalıb nə ənənəyə. Mən də nə karə idim. Yenə də başımla təsdiqlədim büvümün dediklərini.
    Kənddə evin qarşısındakı ağacın dibində də nəsə tapıldı. Guya kimsə parçaya nəsə yazdırıb atıbmış küllüyə.
    “Aptekçi” qadının dediklərinin hamısını elədik. Əmimqızı nala da xeyli güldü. Amma anasının xətrinə nalı yerindən tərpətmədi.
    Heç aradan 3 ay keçməmişdi ki, əmimqızına bir institut müəllimi elçi düşdü. 32 yaşı vardı, nişan qaytarmışdı. Qızı verdik getdi. Və bundan sonra büvümün yanında dilim gödək oldu:
    -Bə deyirdin boş şeydi. Allaha inan a bala.
    Bundan sonra isə bizim kənddən Aşıq Familin qəbuluna gedənlərin ard- arası kəsilmədi. Mən də aşıqlığı buraxıb keçdim “taksovatlığa”.

    Aşıq Famili bu rəvayət dəli- divanə etmişdi və o da qoşulmuşdu “G-7”-yə.
    Bəs görək Mərət Qurdağız nə istəyirdi? Bizim şair Bəxtiyar vaxtilə onunla azacıq yoldaşlıq etmiş, sonra da ustadı tənqid etmişdi. Mərət Qurdağız da əvvəl özünü elə göstərmişdi guya tənqidə münasibəti yaxşıdır. Hələ özünü Platona, şairi isə Aristotelə bənzətmişdi:
    - Aristotelin Platonu tənqid etməsi xəbəri gəlib Platona çatanda dedmişdi- dayça öz anasını əməndə arada kəllələyir də.
    Amma sonralar şair Bəxtiyar onun üzünə deyəndə ki, şair Qurbanidi, Vaqifdi, Ələsgərdi, sən şair deyilsən, oldu Bəxtiyarla düşmən. Guya Bəxtiyar qədirbilməz və çox nadan adam imiş. Şair Bəxtiyar da əvvəl fikir vermədi onun dediklərinə. Amma bu arada Mərət Qurdağız İTV- nin ulduzuna çevrilmişdi və hər ekranda görünəndən sonra şəhərdə qoltuğu qarpızlı yeriyirdi. Adam fikri göylərdə ulduz xəstəliyinə tutulmuşdu və Bəxtiyar da istədi onu dartıb yerə gətirsin. Qoltuğundakı qapızlarda nə kəramət vardısa onu üzü göylərə sarı aparırdı. Buna görə də Bəxtiyar ilk öncə qarpızlardan başlamaq istədi.

    MTN-Ə QOLTUĞU QARPIZLI ŞAİRİN SEPARATÇILIĞI HAQDA MƏKTUB- TƏCİLİ...

    Hörmətli Eldar müəllim! Bu dəfə separatçılıq meylləri cənubdan deyil Qərb bölgəsindən başlayacaq. Bunun da başında şair Marat Qurdağız durur. Adam İTV- nin ulduzuna çevrilib və öz separatçı fikirlərini həftədə azı iki dəfə ekranda səsləndirməklə məşğuldur. Marat müəllim hər dəfə ekrana çıxanda səhər rayonda qoltuğu qarpızlı gəzir. Yaxşı, Faiqi, Aygünü ulduz etdiniz, bəs bu Marat müəllimdə nə görmüsünüz? Faiq F.A kimi təqdim edir özünü. Əslində Marat müəllimin də “f- liyi” tutub. Bu da latının yox, rusun “Ф-inə” bənzəyir qoltuğu qarpızlı gəzəndə. Efirdən də separatçılıq yaymaqdadır. Adam az qala Qərb bölgəsini ölkədən ayırıb tamam ayrı bir ölkədən danışır. Guya Qazaxlı olmaqla dünyanın ən böyük qəhrəmanı, ən böyük şairi, ən mömin bəndəsi və ən dahi insanı olub. Beləcə də elə təbliğat aparır guya Qazaxdan başqa bir yerdə nə sənət var, nə də iqtisadiyyat- filan. Indi də Qazax öz yanından rəmzlər quraşdırıb- At, Göyəzən və Səməd Vurğun.
    Ola bilər məni başa düşmürsünüz. Amma fikirlərimi ciddiyə alın. Adam Qazaxı dövlətdən ayırmaq istəyir. O rəmzlər də elə- belə şey deyil. Bayraqda Göyəzən təsvir olur, gerbdə at təsvir olur, pulun üstündə də Səməd Vurğunun şəkili.
    Sizə yalvarıram, ölkə əldən gedir. Bu adamı dayandırın. Yəqin özü də Qazax sultanı olmaq istəyir. Nəzərə alın ki, adamın ən böyük arzusu şairlər sultanı olmaq olub.
    Hörmətlə : El şairi Bəxtiyar.

    Bu məktub qəzetdə dərc olunduqdan sonra Maratın adını qoydular Marat Separad. Adam ömrü boyu belə qafiyə tapa bilməmişdi. Hələ MTN-ə də dəvət etdilər. Və o cür igidlikdən, filandan dəm vuran adam az qala sarılığını udmuşdu. Çağırıb “sözünə, söhbətinə fikir verməli olduğunu” bildirdilər. İTV-də onu bir daha ekrana buraxmadı. Efirsiz ulduz da susuz balıq kimi bir zaddı. Beləcə də qoltuğundan qarpızlar düşdü.
    Indi o da buna görə qoşulmuşdu “G-7”- yə.
    Bəs görək el arasında “şəhər mer- meyvəsi” deyilən şəhər meri haradan urcah olmuşdu bu “G-7”yə? Bizim şair başqa qəhrəmanlarına baxanda bu Röyşən müəllimə yazılan yazınn barıtını bir xeyli artıq eləmişdi. Buna isə şairin bayraq sevgisi rəvac vermişdi. Çünki bu Röyşən müəllim guya müharibədə xüsusi qəhrəmanlıqlar göstərmişdi və buna görə də “Azərbaycan bayrağı” ordeni almışdı. Amma əslində isə müharibə dövründə ermənilərə benzin satmaqla xeyli varlanmışdı. Daha sonra isə bu işin təhlükəli olduğunu görüb meyid alverinə keçmişdi. Bu iş də ona görə təhlükəli olmuşdu ki, OMON- lar yolları minalamışdılar və Röyşən müəllimin iritonnajlı maşını minaya düşmüşdü. Rövşən müəllim birtəhər canını qurtarmışdı. Sonra da meyid alveri ilə bir daha özünə gələn Röyşən müəllim hətta Rusiyyətdən özünə diplom da almışdı. Elə ki OMON-lar ortadan qaldırıldı, Röyşən müəllimin çiçəyi çırtladı. Adam həmin rus diplomunun sayəsində öz kəndlərinin icra nümayəndəsi oldu. Şair Bəxtiyar bütün bunlar haqda öz məqaləsində ətraflı bəhs etmişdi. Şair Bəxtiyarın o məqaləni yazmasına səbəb dedik ki, bayraq sevgisi olmuşdu. Indi görün bu necə baş vermişdi.

    MAMAROZA QƏHRƏMAN.

    Ay camaat, bu günlərdə Qazaxda müqəddəs bayrağımızın Belorus markalı traktorun çalovunda daşınmasını sübut edən şəkillər yayıldı haa, bax onda kimi o şəkli çəkəni söydü, kimi traktoristi söydü, kimi də fəhlələri söydü. Amma işin təşkilatçısı qaldı qıraqda. Işin təşkilatçısı isə şəhər meri polkovnik Röyşən Əbiyevdir. Dəhşət isə ondadır ki, Röyşən Əbiyev “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub. Adam indi gör Azərbaycan bayrağını necə sevir? Bu adamın keçmişdə düşmənə benzin satması hamıya məlumdur. Daha sonra da meyid alveri ilə özünü tutmuşdu. Bir daha sonra da oldu qəhrəman. Sonra da böyüyə- böyüyə və böyürə- böyürə getdi qabağa. Indi də o boyda şəhərin meridir.
    Qazaxda bundan əvvəlki başçı işdən çıxarılanda yazmışdım- Ya rəbb, əgər bizi bir cıqqan sevirsənsə, elə elə Raqif müəllim memuar yazmasın. Onda gərək biz başımıza papaq qoyub gəzməyək.
    Bunun yazılmasına isə səbəb həmin Röyşən müəllim kimiləridir. Çünki Raqif müəllim öz işçilərinə həm də onun cinsi tələbini ödəmək üçün çaba göstərmələrini istəyirdi. Onda da İcra Hakimiyyətində beş- üç adamdan başqa qalan işçilər öz rəhbərlərinə can- başla xidmət etməyə başladılar. əsas da iki adam- bu Röyşən müəllim və icra başçısının müşaviri Furat. Adamlar başçıya fahişə daşımaq üzrə lap ixtisaslaşmışdılar. Raqif müəllim bu işə o qədər aludə olmuşdu ki, lap özünü unutmuşdu. Bir neçə gözəllik salonuna kameralar yerləşdirib beləcə də öz qadın seçimini edir, qadınların bəzənməsini də müşahidə edirdi. Həmçinin gözəllik salonunun sahibinə də tapşırmışdı ki, xoşuna gələn qadınların nömrələrini ona versinlər. Yəni Furatla Röyşəndən beli bərk olmayanda özü də öz işini aşırırdı.
    Günlərin bir günü Furat müəllim avtomobil qəzasında həlak oldu. Ağstafanın kəndlərinin birində yüksək sürətlə hərəkət edərkən yola bir at çıxmış və Furatın yolu düşmüşdü o dünyaya. Şair Bəxtiyar da o atı Ərdoğanı sırtından atan Cihan adlı atla müqayisə edərək üstünlüyü kəhər ata vermişdi. Və “rəhmətlik” atın adını da öyrənmişdi-Ceyran. Ceyranın şəklini də tapmışdı. Və yazmışdı ki, hakimiyyət dəyişsə Qazaxın girişindəki naməlum at heykəlinin ora- burasını dəyişib Ceyran adlı atın heykəlini qoymaq lazımdır.
    Furatın ölümündən sonra Röyşən müəllim onun boşluğunu hiss etdirmədi. Adam elə xidmətlər göstərdi ki, Raqif müəllim gətirib qoydu 2-ci müavin. Hətta öz qohumlarından da Raqif müəllimin qəbuluna gətirmişdi Röyşən müəllim. Bu da o vaxta kimi davam etdi ki, Raqif müəllimi bir komandir saldı şillənin qabağına, təpiyin altına. Raqif müəllim kamerada görüb onun xanımını da bəyənmişdi. Daha sonra da “Seva” adlı gözəllik salonunun sahibindən qadının nömrəsini almışdı. Sonra da zəng edib özünü təqdim etmişdi. Qadın da bunları ərinə demiş və Vətənin qeyrətini qoruyan komandir bu həm də özünün qeyrətini qorumalı olmuşdu. Onda Raqif müəllim üz- gözündən izlər gedincə 1 ay ölkədə olmadı. Röyşən müəllim də bu bir ayda özünə yığnaldı. Amma elə ki, komandir “xidmət zamanı yol verdiyi səhvə görə” cəzalandı və ölkənin başqa yerinə göndərildi, Raqif də qayıdıb öz postunda oturdu, Röyşən müəllim öz peşəsində necə başarılı olduğunu yenidən sübut edə bildi.
    Indi də belə- adam guya nəsə yeni bir ixtira edib. 28 may günü şəhəri bayraqlarla bəzəyib də daha sonra bayraqları yığmağın asan üsulunu kəşf eləyib. Sanki ASAN xidmət əməkdaşıdır. Adam bizi daim ölkədə biabır edib və bunu etməkdədir. Əlbəttə ki, düşmən tankına benzin satmaqla, şəhid meyidlərinin alveri ilə varlanan adam sonra belə ixtira etməli idi. Rəhbərə yararlanmaq üçün öz xidməti maşınında fahişələr daşımalı idi. Hələ də adamın maşınına rayonda “ət maşını” deyilir. Belə meri olan şəhərə isə nə bayraq yaraşır, nə də bayram.
    Öz maşının “ət maşını” ola, özün də Azərbaycan bayrağını traktorun çalovuna yığıb da şəhərə merlik edəsən, sinəndə də “Azərbaycan bayrağı” ordeni gəzdirəsən, Adam Götster də səninlə siyasi və iqtisadi alver edə- gəl indi baş aç bu işdən. Doğrudan da baştutanın işindən baş açmaq olmazmış.
    = =
    Rəis müavini isə şairin bir hekayəsinə görə aləmi bir- birinə qatırdı. Eyni zamanda da internet çıxardanın var-yoxunun talonunu deşik- deşik edirdi. Çünki evdə arvadı hekayəni oxumuş və rəis müavinini tulasufat etmişdi- bu da yalandıı? Rəis müavini ha başa salmağa çalışdı ki, aaz bu hekayədi, heç rayonun adı çəkilməyib, xeyri olmadı.
    Müavin şairin qarasınca day nələr qaldı deməmiş:
    - İndi tutub deyəsən a belə filan, yazırsan başqa şeydən yaz dəə. Yaz ki, rüşvətxorun yekəsidi. Itəm incisəm. Odeey, sizin qəzetlər Vilayət Ayvazova “işgəncələr kralı” adı vermişdi- adam daha da böyüyüb oldu nazir müavini. Amerika mıkk da eləyə bilmədi. Hansı polisin mitinqdə sizi döyən yerdə şəklini çəkib feysbukda yayırsınız, o polisə “premya” verilir. Tap mənim şəklimi də yay dəə. Bə belə eloğluluq olarmı? Yaz ki, bir belə obyekti var, evi belə, eşiyi belə. Qoy nazir də görsün imkanım var irəli getməyə. Yoxsa bu nədi yazıbsan? Axı biz kişiyik! Guya sənin öz zir- zibilin yoxdumu? Adam da belə şeyi yazarmı internetdə? Bizim arvad da qazdan ayıq, nazirdən zirək. Yaxşı ki nazir işi başa düşmədi. Yoxsa məni məişət pozğunu kimi göndərərdi sərəncama.


    SONUNCU DƏFƏN OLSUN

    QAİ-də işləyən Qartof Arif bazatdan ayrıla bilmədi ki ayrıla bilmədi. Həmçinin ən çox sevdiyi mahnı da, oynadığı hava da “səndən ayrıla bilmirəm” idi ki yəqin o fikrində bazarı tutmuşdu. Zalım oğlu bu sənətə ətək-ətək pul verib gəlməmişdən oncə elə bazardaca ətək-ətək kartof satırdı. Sonra həm arvadının hörmətinə görə həm də özü demiş ətək-ətək puluna görə keçdi QAİ-yə. Amma di gəl ki bazarın ərazisindən ayrıla bilmədi. Bazarın qarşısında avomaşınların dayanmasına nəzarət etməyə başladı.
    Kartofsatan vaxtlarında o qədər xatası tutulmuşdu ki... Amma indi QAİ-də nə qayda püxtələşdisə xata zad eləmirdi. Kartofsatan işləyən vaxtlarında ən çox da tərəzidə camaata kələk gələrdi və kələyinin üstünü açan müştərilər adətən “sonuncu dəfən olsun” deyərdilər sonda ona. Və elə gün olmazdı ki ona bu sözlər deyilməsin.
    - - - -
    Qartof Arif QAİ-də bu sənətin elə sirrlərinə sahib oldu ki neçə il stajı olanlar da onun bu işinə afərin dedilər. Bəs neynirdi Qartof Arif. Deməli belə-Qartof Arif “toy sezonu” mütləq hər gün “smen”də olurdu. Bu işdən o qədər gəlir götürürdü ki hətta “sezonsonu”na kimi maaş kartını da verirdi rəisə ki məni hər gün “smen”ə yazdığının əvəzidir bu da.
    Qartof Arif indi görün neynəyirdi? Adam baxırdı ki hər hansı maşının baqajını 3-4 nəfər daşıyıb doldurur bazardan. Həə deməli toya bazarlıq edirlər. Burda da xüsusi ustalıq lazımdır ki bu da Qartof Arifdə var. O alınan mallardan bilirdi ki maşın yas yeri üçün doldurulaur ya toy üçün. Yoxsa onun bəzi yoldaşları bəzən onun hərəkətini plagiat edərək maşına yanaşmış və sonunda da biabır olmuşdular. Bizim camaat yas yerinə bazarlıq edərkən xüsusi aqressif forma alır və adama sərt cavablar verirlər. Ən azından bircə dəfə “sənin də başına gəlsin” deyə bilərlər ki bunun da düşər-düşməzi ola bilər. Həm də bu məsələ rəisə çatsa gərək gedib yollarda eşşəyin palanına radar yerləşdırəsən.
    Amma allah versin toy adamlarına. Yanaşırsan-qardaş mübarəkdi. Deyir sağ ol qardaş, oğul uşaqların üçün də olsun. Deyirsən bəs qardaş burda maşın saxlamaq olmaz. Cibinə beşdən-üçdən salır ki:
    -Oldu qardaş, başa düşürəm sizi.
    Sən də möhkəmdən “sonuncu dəfən olsun, bu dəfə bağışlayıram” deyib təzə müştəri axtarırsan.
    - - - -
    Beləliklə Qartof Arif bu işin çəmini tutmuşdu. İnanın bu camaata toy tutan adam elə yuxusunda da toy görürdü. Az qala ən bərkgedən müğənniləri də üstələmişdi toy bazarında-bir gündə 10-15 toydan pul qazanırdı Qartof Arif. Rayonda Səy Əsəddin kimi tanınan baməzə biri vardı ki o da öz məhşur kəlamında Qartof Arifin də adını çəkmişdi:
    -Qartof Arif, Zivil Mamed, bir də Şair Marat üçü də eyni adamlardı. Qartof Arif harda toy olur orda qarnını doydurur. Zivil Mamed harda ölü yeri olur orda qarnını doydurur. Şair Marat da harda dövlət tədbiri olur orda qarnını doydurur.
    Həqiqətən də belə idi. Zivil Mamed deyilən şəhərin zibilini yığardı zibil maşınına. Və xüsusi bir istedadı vardı-harda yas yeri var sanki iy bilirmiş kimi özünü ora çatdırmalı və orda qarnını doydurmalı idi. Özü də yas yeri nə qədər uzaq olsa da yolu piyada gedərdi. Çünki üstündən elə iy gəlirdi ki heç kim onu marşruta buraxmazdı. Həmçinin özü də toya yaxın getməzdi -Allah versin ölü yerinə deyirdi, alkaş-malkaş olmur orda ki tutub adamı döyə. Hamı mehriban olur ölü yerində, dava salan yox, səs-küy yox.
    Bir gündə bir neçə yas yerini beləcə yola verirdi Zivil Mamed.
    Şair Marat da harda bir tədbir var orda başda olmalı və qarnını o tədbirdən sonra doyurmalı idi tədbirkeçirənlərin sayəsində. Qartof Arif də ki sizlərə məlimdur. Lakin bizim qəhrəman Qartof Arif olduğundan gəlin Qartof Arifinin o iki kolleqasının quyruğunu buraxaq.
    - - - - -

    Qartof Arifi az qala bir gündə əlli dəfə deyirdi bu sözləri- Get sonuncu dəfən olsun.
    Əslində Qartof Arifin bu işə düzəlməsində rəis müavinin daha çox əməyi olmuşdu. Iş belə idi ki rəis müavini də işdən eyni vaxtda çıxırdı, Qartof Arif də bazardan eyni vaxda qayıdırdı. Bu isə Qartof Arifin arvadı ilə rəis müavininin ilişkilərinə mane olurdu. Məhz buna görə də rəis müavini onu kartof satmaq azarından ömürlük qurtardı.Qartof Arif oldu yol polisi.
    Indi “sezon” vaxtı bazar bağlanandan sonra da Qartof Arifin evəgəlmə vaxtı bir xeyli çəkirdi. Bu xeyli çəkən vaxt da rəis müavininə bəs edirdi.
    - - - - - -
    Amma bir gün ...
    Artıq bazar bağlanmışdı və bundan sonra Qartof Arifin burda dayanmağı onunçün itirilən vaxt demək idi. Onun köhnə telefonunda kiminsə nömrəsi vardı ki bu nömrə üçün də rəis ona bir qonaqlıq vəd etmişdi. Qartof Arif təcili evə getdi.
    Evdə nə həngamə olduğunu öz gözü ilə gördü. Rəis müavininə sadəcə bunu deyə bildi:
    -Get, sonuncu dəfən olsun, bu dəfə bağışlayıram.
    Rəis müavini bir xeyli qah-qah çəkib güldü evdən çıxandan sonra.
    Qartof Arif isə maaş kartını rəisə versə də, arvadı rəis müavininə versə də səhəri günü qarnını irəli verərək bazarın qabağında fit çalırdı.
    --
    Indi də gəlin görək molla Alqasımın nə iti azmışdı bu ittifaqda? Rayonun cavan mollalarından olan Alqasım əvvəllər sünni mollası idi. Nurçularla oturub-durardı. Sonra necə oldusa oldu şiə mollası. Nurçuların nə qədər pulunu yedi, heç onu Fətullah Gülən də bilə bilməz. Sonra da rayonda şiələr üçün məscid tikilməsi uğrunda iş aparmağa başladı. Getdi İslam partiyasına da qoşuldu. O partiyanın xətti ilə də oldu “İmam Xomeyni” cəmiyyətinin rayonda sədri. Elə o cəmiyyətin də sədri kimi rayonda şiə məscidi tikdirmək üçün fəaliyyətə başladı. Yoxsa rayon şiələri cümə namazına Tovuza, Ağstafaya gedirdilər. Deyilənə görə adam bir məscidin pulunu yeyib üstündən də yas yerlərində dovğa içdi.
    Şair Bəxtiyar rayon dindarları haqda bir yazı yazmışdı. Cümə namazında dindarların parçalanması haqda. O yazıda cümə günü şiələrin Ağstafaya, nəqşibəndilərin Aslanbəyliyə, vəhhabilərin evlərə, nurçuların dərsxanaya çəkilməsindən bəhs edilirdi. Rayon dindarları bu yazıdan sonra şairə qarşı əks təbliğat aparmağa başladılar. Molla Alqasım isə bu əks təbliğatın əsas şüvənçilərindən idi. Feysbukda səhifəsi də vardı və şair onun gic- gic statuslarını dəfələrlə tirajlayıb dolamışdı. Bir dəfə bu Alqasım çaya elektrik cərəyanı buraxaraq balıqları kütləvi surətdə ırıb 19-unu da ələ keçirmişdi.Və həmin 19-luğun şəkillərini də çəkib feysbukda yayaraq hələ müqəddəs bir iş tutduğunu da qeyd etmişdi:

    Bu gün 19 balıq ovladım. Çox müqəddəs rəqəmdir.

    Allahın 19-cu adı Fəttahdı.
    Qurani-Kərimin 19-cu surəsi Məryəmdir.
    Məhəmməd s. ə.s.-ın 19-cu babası Müəddir.
    19 Əhli-beyt nümayəndəsi şəhid oldu Kərbəlada.
    19 rəqəminə QURANIN “şifri, kodu” demək olar. Çünki QURANI-KƏRİMDƏ “Onun üstündə on doqquz vardır” ( Müddəsir, 74-30 ) ayəsi nəzəri cəlb edir.
    19x6=114 surə və 114 “Bismillah” kəlməsi var Quranda.
    19x15=285 hərf və 19 ayə var ilk vəhy edilən “Ələq” surəsində.
    19x3=57 dəfə “Rəhman” kəlməsi,
    19x15=285 “Ya”və“Sin”hərflərinin cəmi“Yasin”surəsində. 237 dəfə“Ya”,48 dəfə”Sin”
    19 dəfə “ətiu”-itaət edin kəlməsi var.
    19x8=152 dəfə “əbd”(qul,bəndə),”abid”(qulluq edən),”ibadət” kəlmələrinin cəmidir.
    19 ildən bir Günəş, Ay və Yer eyni nöqtədə cərgə ilə düzülürlər.
    19x4=76 ildən bir Halley quyruqlu ulduzu Günəş sisteminin içindən keçir.
    19 sümük insan əlində və 19x11=209 sümük bütün bədənində var.
    Şair də götürüb yazmışdı ki, 19-cu əsr lap müqəddəs əsr imiş ki. Osmanlı dağılmağa başladı, vəhhabilər baş qaldırdı, İran ruslara məğlub oldu.
    Hələ Götzenin nömrəsini demirəm- 19. Hələ Seymur Haycanın “19 sm” romanındakı 19 nəyin ölçüsüdü onu demirəm.

    Və bu arada da respublikada nurçuların tutuqlanması başlandı. Təsəvvür edin ki, Molla Alqasım da nurçularla tutulub 7 sutka aldı. Onda şair Bəxtiyar bu barədə mətbuatda yazmışdı ki, Qazax yenə seçilir. Şiə mollası nurçu kimi tutuldu. Bundan sonra isə İslam partiyası öz qəzetəsində bəyanat verərək Molla Alqasımı öz sıralarından çıxartdı. Imam Xomeyni cəmiyyəti də onu yaxına buraxmadı. Adam tutulanda da bir- iki nurçunu satıbmış. Onlar da Molla Alqasımı yaxına buraxmadılar. Alqasım qaldı düzdə. Heç ölü yerinə də dəvət edən olmadı. Buna görə də şairə asi kəsildi.

    II HİSSƏ

    Nəriman müəllim Nəriman müəllim olalı hələ öz qohumlarına bir killoqram pendir də almamışdı. Bəs səbəb nəydi, birdən- birə heç düz əməlli tanımadığı adama (hansı ki, bu adam da “narkotik maddələrin becərilməsi və satılması” maddəsi ilə iki dəfə üst- üstə 12 il türmə yatmışdı) 12 keçi almaq üşün pul verirdi? Bax o səbəbi tapsaq, hər şey aydın olacaq. Bizim “G-7” adlandırdığımız qrup şair Bəxtiyarı elə tutdurmaq istəyirdi ki, nə Avroap yardım eləyə bilsin, nə də prezident amnistə salsın. Onsuz da bu arada tutulan müxalifətçilərin əksərini narkotiklə ilişdirirdilər. Amma “G-7” Bəxtiyarı belə tutdurmaq istəmirdi. Belədə lap 8 il iş alsa da, 1- 2 ilə ya vəlvələdən, ya zəlzələdən Bəxtiyar qayıdası idi. Ona elə toy tutmaq lazım idi ki, aşağısı 10 il yatsın. Buna görə də “narkotik maddələrin becərilməsi və satılması” maddəsi lazım idi. Bir sözlə Bəxtiyar çətənə becərməli idi. Bəs necə? Buna görə də plan quruldu- Bəxtiyarın evi Çayqırağı məhləsinin lap ucqarında idi. Imkanı olmadığına görə də çəpərin ayağını setkalamamışdı. Moruq kolları təbii çəpər idi. O moruq kollarının arasında Bəxtiyar “çətənə becərməli” idi. Bun da onun yerinə Zeyqəm adlı o narkkoman etməli idi. Adamı Molla Alqasım tapıb gətirmişdi. Zeyqəm də türmədən gələndə gördü nə ev qalıb, nə ailə. Tamam səfil bir həyat sürməyə başlamışdı. Təklif göydəndüşmə olmuşdu. Amma onun da öz şərtləri vardı. Həmin ərazidə yaşamalı və çətənə kollarına qulluq etməli idi. Amma bu da şübhə oyada bilərdi. Buna görə də orda keçi otarmalı idi. Və Nəriman müəllim də heç bir problem olmadığını qeyd edib, keçilərin puluna boyun oldu. Zeyqəm daha sonra bir başqa şərt də irəli sürdü. Adam həmin əraziyə yaxın yerdə yaşamalı idi. Yoxsa”Pirlinin iti Xalfalıya tut yeməyə gedəsi deyildi ki?”
    Bu işi də Nəriman müəllim boynuna götürdü. Həmin ərazidə sovet hökumətinin vaxtindan qalmış köhnə bir dəyirman vardı. Hansı ki, o dövrdə az qala bütün rayonu çörəklə təmin etmişdi. Indi xaraba qalmış dəyirman verildi Zeyqəmə və onun 12 dənə hamısı da əkiz balalı keçilərinə. Şair Bəxtiyar da təzə qonşusuna bu barədə belə dedi:
    - Ehh, qonşu. Müstəqil olub dəyirmanımızda keçi qığı üyütməklə məşğul oluruq.
    - Qonşu, mənim belə şeylərdən başım çıxmaz. Kim eşşəkdi, biz ona palan
    - Başın çıxsa yaxşıdır
    - Başım çıxsa mənim də həyatım olardı, sən mənə baş qoşma.
    Beləcə də Zeyqəm başladı çobançılığa. Arada “sabrazim” eləyib Bəxtiyarla çay qırağında yeyib- içirdilər də.
    Zeyqəm başa düşdü ki, Nəriman müəllim gəlib moruq kollarının arasını yoxlayan deyil. Oan görə də 75 ədəd çətənə əkdiyini dedi. Əslində isə cəmi 7 çətənə əkilmişdi. Bu 75 çətənəyə də xeyli pesok lazım olduğunu dedi. Nəriman müəllim də pesok işini tapşırdı “G-7”- nin qalan üzvlərinə. Həftəyə bir kisə, yəni 50 kq pesok lazım idi. Zeyqəm də məhsul yetişənə yaxın gedib hay- haray salacaqdı- tez işi həll eləyin. Kimsə gəlib kolları yerli- dibli çıxarıb aparıb. Onsuz da adam 7 çətənə koluna görə tutuldu, ya 75- nə fərqi var ki.
    “G-7”-nin qalan üzvləri öz aralarında növbəyə düzüldülər. Həftədə biri bir kisə pesok alıb aparırdı Zeyqəmin dəyirmanına. Zeyqəm isə bu pesoku satırdı Nəriman müəllimin arıçısına. Nəriman müəllimin arıçısı isə guya bal yox, “quş iliyi, can dərmanı” verəcəkdi Nəriman müəllimə. Bal nə qədər çox olsa Nəriman müəllim onun haqqını da o qədər çox verəcəkdi.
    Beləcə də çətənə kolları və Zeyqəmin çəpişləri böyüməkdə idi. Zeyqəm artıq çəpişin 3- nü satmışdı da. Hələ pendir də satırdı. Çəpişlər analarını əmməsin deyə keçilərin yelininə torba da taxıb hər iki trəfinə qalın ip tikib keçinin belindən ipləri ilgək bağlamışdı.. Beləcə də çəpişlərə torba tikən Zeyqəm Bəxtiyarın da torbasını tikmişdi öz aləmində. “Sabrazim” edəndə də həmişə yükün ağır tərəfini özü götürürdü ki,Bəxtiyar ondan duyuq düşməsin. Arada hər şey Zeyqəmlik olurdu.
    Bir dəfə az qala Bəxtiyar onun zibilinin üstünü açacaqdı. Çətənə kollarının şirəsini verib moruqluqdan çıxan Zeyqəmi gördü Bəxtiyar:
    -Qonşu, tülkü kimi kolda- kosda nə gəzirsən?
    - Qarın ağrısına düşmüşəm, qonşu.
    - Bə bilmirsənmi, yayda çəpiş əti adamı qarınağrısına salır? Gərək tək yeməyəsən.
    - Sən öl, o çəpişin birini səndən ötrü saxlayıram, şair. Bir- iki də dostunu götür bu cayqırağı meşəlikdə bir oturaq. Qalan şeylər də sizlikdi.
    - Varam də sənin kimi qonşuya.
    Beləcə də Zeyqəmin zibilinin üstü açılmamışdı.
    Bir neçə gün idi Bəxtiyar çay qırağına çıxmırdı. Zeyqəm öyrəndi ki, şairin evdə ustaları var. Özü də iki ustaya fəhləlik edir ki, pulu az çıxsın. Onu da öyrəndi ki, hələ on günlük iş var. Əlbəttə ki, bu barədə Nəriman müəllimə dərhal məlumat verdi . Və onu da bildirdi ki, elə bu on gün müddətində əməliyyata başlamaq lazımdı. Çünki, şairin başı çox qarışıqdı. Buna öz gözləri ilə şahid olmuşdu. Ustaların arağını gətirmək adı ilə gəlib şairi ziyarət etmiş, ustalar da şairə- sənin qohumların, dostların hardadı, təzə qonşu hamısından mərifətli imiş- dedilər.
    Zeyqəm ustalarla da gətirdiyi araqdan bi-iki badə vurub mühüm kəşfiyyat məlumatları əldə etdikdən sonra getmişdi keçilərinin dalınca.
    Beləliklə də əməliyyat planı qurulmuşdu. Əvvəlcədən Aztv- nin yerli müxbirinə məlumat verilmiş, o müxbir də ekskluziv məlumat üçün əldən- ayaqdan getmişdi. Demək polislər iki yerə bölünür- bir dəstə qəflətən şairi evdən götürür, o biri qrup da moruqluqda olan çətənə kollarını maddi sübut kimi şəkilli- filanlı sənədləşdirirlər. Aztv-nin yerli müxbiri də ikinci qrupun içində olur. Daha sonra da şairi çəpərin ayağına aparıb orda “həyatı” başa salırlar. Sonra da istəyir boynuna alsın, istəyir almasın, tülkü tülkülüyünü sübut edincə dərisi boğazından çıxarılacaqdı.
    Aradan iki gün də keçmişdi. Şair bu isti yay günündə işin tez qurtarmasına çalışırdı. Çünki ustaların pivəsinə, dondurmasına verdiyi pul elə əlhaqqı qədər edirdi. Buna görə də iki ustanın fəhəliyini çatdırmağa çalışırdı. Palçıq qatır, palçıq daşıyır, ayaqaltına daş qaldırırdı. Bunlar da az imiş kimi arada qaçıb uşaq da saxlayırdı. Çünki arvad yemək bişirəndə uşağı saxlayan lazım idi. Uşağı pis öyrətmişdilər və bunun da bəlasını çəkirdilər- uşaq qucaqdan düşmürdü. Həmçinin uşaqda mikrob tapılmışdı və buna görə də uşaq kürləşmişdi. Gərək uşağı qucağına alanda layla da çalaydın, mahnı da oxuyaydın. Buna görə də ustalar şairə “müğənni” adı qoymuşdular.
    Bütün bunlar şairin işinin hələ hamısı deyildi. Arada çəpərə qaçıb ağacların suyunu da dəyişirdi. Məhlənin arxı iki il idi su üzünə həsrət idi. Buna görə də məhlə sakinləri bağ- bağatı şlanqla sulayırdılar. Şair də arada qaçıb şlanqın yerini dəyişirdi. Bax belə bir gərgin rejimdə işləyən şair əlbəttə yaxasını həmən ələ verəcəkdi. Hələ Nərman müəllim ustaları da hal şahidi kimi görmək istəyirdi. Hər şey plana uyğun idi.
    Nəhayət düyməyə basılmışdı. Zeyqəm öz keçiləri ilə kəşfiyyatda idi. Polislərin ikinci dəstəsi çayda çimmək adı ilə məkana yaxınlaşmalı idi. Moruqluğun qırağında olan Zeyqəm 7 dəfə keçi kimi mələməklə işarə verməli idi. Bu vaxt birinci dəstə şairin evinə hücum etməli, ikinci dəstə də kolluğa varid olmalı idi.
    Bu zaman şair və ustalar günün birinci yarısının işini qurtarıb nahara əyləşmişdilər. Məlum oldu ki, araq yoxdu. Şair yaxınlıqdakı mağazaya cumdu. Amma yolun yarısında bir hay- haray eşitdi. Ustalar nəsə bar- bar bağırırdılar. Qaranəfəs geri qayıdan şairə məlum oldu ki, tülkü düz qapının ağzından bir çolpanı götürüb qaçıb. Iki usta, bir arvad çolpanı saldıra bilməyiblər. Ustalar da bildirdi ki, day olan oldu, tülkü gedib bazardan nisyə ət alası deyil ki. Sən get arağı al. Biz də ona qədər məftildən bir-iki tələ düzəldib oralara quraşdıraq.
    Araq alıb geri qayıdan şair gördü ki, ustalar işə həvəslə girişiblər. Hərəsi bir yerdə tələ qurur. Öz aralarında isə Zeyqəmin keçilərindən danışırdılar:
    - Yəqin tülkü onun keçilərini hürküdüb. Odeey, keçilər gedib çıxıb mal bazarına qədər. Hələ Zeyqəmə bax, hürkmüş keçini bir də hürkdüyü yerə gətirmək istəyir. Əlli ildi eşşəklik edir, dəyirmanın yolunu tanımır.
    Şair özü də bir tələ qurmaq istədi. Ustalar- daha tələ qurmağa yer qalmadığını bildirdilər. Şair, nə ziyanı var deyib- moruqluğun lap dərinliyində tələ quracağını bildirdi.
    -Əşşi gəl arağımızı içək.
    - Bircə dəqiqə gözləyin gəlirəm.
    Şair yeddi çətənə kolunu tapmışdı. Əvvəl istədi 102-yə zəng edə. Sonra da fikrindən daşındı- tülkü tülkülüyünü sübut edincə dərisini boğazından çıxarardılar. Lap elə müxalifət qəzetlərinə bu barədə ekskluziv məlumat da vermək olardı. Kimisə üzünə qoyub “şərik” edəcəkdilər. Və istintaq müəyyən edəcəkdi ki, “şəriklər” artıq işin üstü açılacağından qorxub qabaqdangəlmişlik edirmişlər. Sonra da həbsxana. Daha sonra da Avropanın bəyənatları. Ara yerində külfət başsız qalacaqdı.
    - Nooldu ay şair- ustalar çağırdılar.
    - Amanınız qırılıbmı, gəlirəm dana.
    - Biz getdik. Çaya girib çıxırıq. Yaxalanıb üst- başı tər- təmiz oturarıq. Onsuz da axşama iş yoxdu. Sement qurtarıb.
    - Hə gedin, mən də gəlirəm.
    - Şair, polislər də gəlib çimməyə. Gör onlar hardan- hara gəlib, biz burdan- bura rahat çimə bilmirik. Bunun dolanmasına lənət.
    - Nəəəə?
    Ikinci ustanın səsi idi:
    - Özünü gözlə, polislər səni suya zada basar. Səndən yanıqlıdılar. Ha, ha, ha.
    - Siz gedin gəlirəm. Qələt edir polislər- məni görəndə gör nə hala düşəcəklər.
    Şairə də bu lazım idi- ustalar işi bilməməli idi. Şair dərhal kolları çıxarıb moruqluğun yanındakı dərin quyuya tulladı. Və ürəyində vaxtilə rayonda “Bala Pinoçet” və “Eşşək Həsəd” ayamaları ilə tanınmış icra başçısı Həsəd Orucova minnətdarlıq etdi. Əslində şairi vaxtilə Həsəd Orucovun sifarişi ilə həbs etmişdilər. Bəs bu nə minnətdarlıq idi?
    Həsəd Orucov çox qəribə icra başçısı idi. Nə polisə əziyyət verərdi, nə prokurora, nə də məhkəməyə. Kimdən narazılığı vardı, çağırıb kabinetdə camaatın önündə bir xeyli təhqir edib də sonradan qolunu çırmalayıb dəli inək balasını çığnayan kimi çığnayardı. Nəyəsə acığı tutanda və əlinə döyməyə kimsə keçməyəndə rayonda məskunlaşmış məcburi köçkün kənd icra nümayəndələrini salardı təpiyin altına. Həsədin təhqirləri o dərəcədə idi ki, arvad- uşaq söyüşü dilində əzbər olmuşdu. Buna görə də onun dövründə kənd icra nümayəndəsi işləmiş şəxslərin az qala hamısı nakam getdi bu dünyadan. Əksəri infarkdan öldü. Şairə isə xeyri- zad dəyməmişdi. Bax bu dərin quyuya görə şair ona minnətdarlıq edirdi. Çünki vaxtilə Həsəd Orucov Didəban gölünün suyunu qızıl qiymətinə camaata satmasaydı bu quyu qazılmayacaqdı. Didəban gölünün müdürü Qaraş müəllim Həsədə ha dedi ki, yoldaş Orucov, dağlara xeyli qar yağıb, ermənilərin gölü ağzına qədər dolub, bu gün- sabah qar əriyəndə ermənilər gölün ağzını açacaq, onda bizim gölümüz suyu tutmayacaq. Icazə ver gölün suyunu kanallara vurub tənzimləyək.
    Həsəd buna razı olmamış, “camaatı havayı suynan qudurtma” demişdi. Qaraş müəllimin dediyi baş verəndə isə artıq gec idi. Hətta ermənilər də dövlət səviyyəsində məsələ qaldırmışdılar- sonar bunu erməni təxribatı saymayın, vaxtında gölünüzü tənzimləyin. Yoxsa fəlakət qaçılmaz olacaq.
    Amma Həsəd bunu erməni təxribatı “saymışdı”.
    Nəhayət Qaraş müəllimin dediyi oldu. Az qaldı Didəban gölü yerindən qopsun. Məcbur qalıb gölün suyunu çaya axıtdılar. Su elə gəlirdi deyirdin Amazon daşıb. Beləcə də şairin məhləsində 8 evi sel yuyub apardı. Şairin öz evi isə su iki gün də bu qaydada gəlsə 9-cu ev olacaqdı. Nəhayət su səngidi. Şair xətadan sovuşdu. Həsəd Orucov isə zərərçəkənləri kabinetə çağırıb hədələdi- hamınızın evi sənədsizdi. Nə versək qane olun, və susun.
    Əlbəttə ki, sakinlər susdu və Həsəd də büdcədən ayrılmış pulları yeyərək havayı axan suyun pulunu çıxartdı. Çayın bir həftə bu qaydada gəlməsindən sonra şairin qapısındakı “kaçalka”nın suyu qurudu. Sən demə cayın yatağı dərinə düşdüyünə görə “kaçalka”nın suyu quruyubmuş. Şair də onda çaya yaxın yerdə bir quyu qazdırdı ki, su matoru qoyub ordan qapı- bacaya su vursun. Amma sonra bu quyu da qurudu. Bax Həsəd Orucov o vaxtı gölün suyunu tənzimləməyə imkan versəydi bu quyu da qazılmazdı, şair də ona minnətdarlıq etməzdi.
    Çətənə kollarının yanında toxa, bel, boş kanistrlər, şirə dolu pivə qabları da vardı. Şair çətənə kollarını çıxarıb quyuya tullayaraq quyunu torpaqlamağa başladı. Demək polislər gəlib. Sağ ol tülkü lələ, sağ ol.
    Şair elə cəldliklə işləyirdi heç ustalara belə palçıq qatmırdı, belə fəhləlik etmirdi. Quyunu torpaqla doldurub, moruq kollarını ustalıqla quyunun yerinə dartıb quyunun yerini bilinməz etdi. Yaxınlıqdakı tut ağacından da 5-6 budaq qırıb quyunun üstünə atdı. Guya burda heç nə olmamışdı. Baxdı ki, moruqluğun ö üzünə rahat cığır salınıb. Əyilə- əyilə moruqluğun o üzünə keçdi. Bu vaxt gördü ki...
    Zeyqəm keçi kimi mələyə- mələyə ona tərəf qaçırdı. Zeyqəm onsuz da keçiləri necə öyrətmişdisə, özü mələyəndə keçilər dalınca gəlirdilər. Keçilər də Zeyqəmin dalınca qaçırdılar. Nə olduğunu anlaya bilmədi. Zeyqəm məldikcə polislər bir ağızdan sayırdılar- biir, ikiiii, üüüç... və nəhayət yeddiii.
    Polislərin bəzisi paltarını geyinə- geyinə, bəzisi paltarını qoltuğuna vurmuş halda, bəzisi də ( görünür onlar soyunmayıblarmış) paltarda şairə tərəf qaçdılar. Zeyqəm bir tərəfdən, polislər bir tərəfdən şairə yetirdilər.
    Bu vaxt evdən şairin yoldaşının səsi gəlirdi:
    - Nə istəyirsiniz köpəkuşağı? Uşağı qorxutdunuz, xəstə uşaqdı. Şair gedib çimməyə. Gedin orda axtarın. Biz erməni zadıq? Bu uşağa bir şey olsa əlimdən qurtara bilməyəcəksiniz.
    Paltarını tam geyinməmiş polislərdən birinə zəng gəldi:
    - Çayda çimən zad varmı?
    - Hə, bir- iki adam çımır.
    Beləliklə ildırım surəti ilə, bostanı ayaqlaya- ayaqlaya 10-12 polis də çəpərdən gəlib moruqluğu yarmaşlayıb keçdilər şairin yanına. Zeyqəm özünü itirmişdi. Mayor rütbəli polis( paltarını tam geyinmişdi) Zeyqəmə:
    - Hanı nəyşə?
    - Odey, moruqluqda.
    Şair elə indi ordan çıxırdı.
    Polislər moruqluğa doluşdular. Moruqluqdan çıxan mayor Zeyqəmə tərs bir şillə vurdu:
    -Alçaq oğraş, hanı bə nəyşə? Harda işə keçiribsən? Qəbir boyda yer var orda- elə yerdə də 75 nəyşə əkmək olar? Bizi dolayırsan? Biz bilmirik plantasiya olna nəmənə şydi?
    Şairin fikri evdəki hay- küydə idi. Nə baş verdiyini tam anlaya bilmirdi. Təcili evə qaçmaq istədi. Amma baxdı ki, əslində polislərin çoxu onu tanımayıb. Buralarda kiminsə qapısında fəhəlik edib çaya yuyunmağa gələn bir avara zənn etmişdilər onu. Çünki bu libasda şair onların ağlınca yer üzündə olmazdı- üst- başı palçıqlı, köynəyi kubik tozuna batmış. Şairin ustaları isə çayyuxarı üz tutmuşdular. Əslində düz də edirdilər- tutub adamları hal şahidi edəcəkdilər ən azından.
    Hər şey şairin xeyrinə idi. Polislərin başı qarışmışdı Zeyqəmi döyməyə. Zeyqəm isə yalvarırdı. Bu arada Aztv-nin tumançaq müxbirinə də yağlı bir şillə tutuzdurdu mayor- kopolu, sən nə ştativ quraşdırırsan? Bu xına o xınadan deyil. Polisin tumanının çəkirsən?
    Kimsənin yadına şair düşmürdü. Şair paltarlı- palazlı suya cumdu.
    Bir- iki dəfə o üz- bu üzə üzüb də suyu süzülə- süzülə hadisə yerinə gəldi. Həmin mayor deyəsən Nərman müəllimlə danışırdı:
    - A kişi, burda qəbir boyda yer var. Orda 75 nəyşə əkmək olmaz. Bu kopolu hamını aldaıb. Bir dənə də kol yoxdu orda. Amma 6-7 nəşə kolu əkmək olarmış. Hə, yəqin ki əkib də. Moruqluqdan şirə qabı, su kanistri zad tapdıq. Bir də toxa var, vəssalam. Nə nəyşə var nə də heç zad. Deyəsən bu 6-7 nəyşə əkib də bu bün əməliyayt olacaq deyə özü malı aparıb satıb. Guya oğurlayıblar... Necə yəni yaxşı yoxlayaq? Birinci dəfəmiz zad deyil ki. Yoxdu də, yoxdu. Müəllim, mən də arxasız adam deyiləm. Nətəri yəni boynuna qoyaq. Axı nəyşə kolu yoxdu burda. Bircə dənə olsa 10 kimi qələmə verərdik. Axı mənim də ziyanlığım var. Neçə kisə pesok aldırıbsan bu it oğlundan ötrü. Mən də elə bilirəm plantasiyası zad var.
    Mayorun danışığını polislərin bağırtısı kəsdi:
    - Ay ana öldüm, ay ana öldüüüüm! Ayə, qoymayın, ayağımdan nəsə dartır.
    Məlum oldu ki, polisin ikisinin ayağı ustalar düzəldən tələyə düşüb. Onlar da dartındıqca məftil ayaqlarını kəsirmiş. Mayor işi biləndə:
    - Hərəsi 10-15 qoyun satıb polis olub. Gör necə bağırırlar.
    Tələlərdən polisləri xilas etdilər. Mayora yenə zəng gəldi:
    - Bəli müəllim, bağışlayın ki yarımçıq kəsdim danışığı. Bu kopolu buralara tələ qurubmuş. Polislər tələyə düşdü... Nə keçi? Nəə? Oldu, oldu. Qoy görək ney...
    Bu zaman daha bir polis bağırdı:
    - Oy başııım, oy başıım. Aya, qoymayın.
    Məlum oldu ki, bu polisin də başı şairin qurduğu tələyə düşüb. Bu təzə polislərdən idi və adam istəyirmiş ki, nəyin bahasına olur- olsun bir iz- filan tapsın. Kolluqda sürünə- sürünə gəzirmiş.
    Bu polisi də xilas etdilər. Bəzi polislər burada cin- şeytan olduğunu zənn edib axtarışdan boyun qaçırmağa bəhanələr fikirləşməyə başladılar. Amma sən demə axtarış- filan başa çatıbmış.
    Mayor yerdə qıvrılan Zeyqəmi ayağa qaldırıb:
    - Çoban kopolu, keçiləri Nərman müəllimə aldırmısan? Indi deyir keçiləri tutun aparın Ceyrançöldəki yatağıma. It maşınına keçi dolduraq?
    Polislər tökülüşdü Zeyqəmin üstünə. Mayor isə yapışdı keçinin birinin qıllarından. Keçi bəyirməyə başladı. Amma mayor əl çəkənə oxşamırdı. Bir- iki polis də ona kömək etdi. Mayor keçinin yelinindəki torbanı açmaq istəyirdi. Keçi kol- kosa o qədər girmişdi ki, torbanın ipləri düyün düşmüşdü. Kimdəsə bıçaq tapıldı. Bu arada başqa keçilər hürküb qaçdılar. Mayor isə torbanı çıxarıb saldı Zeyqəmin başına. Şair qarışıq hamını dəli bir gülmək tutdu. Mayor:
    - Gülməyin a qırılmış, hələ keçiləri tutmalıyıq. Tez bir qazel tapın, keçiləri də qaytarın bəri. Mən bu it oğlunu təhvil verib gəlirəm.
    Mayır Zeyqəmi bəyirdə- bəyirdə maşına basdı. Şair üstündə telefon olmadığına heyfsləndi- xeyli maraqlı şəkil çəkib feysbukda yaymaq olardı. Barı polislərin keçi qovmasını əbədiləşdirmək üçün evə qaçdı.
    Evdə aləm bir- birinə dəymişdi. Uşaqlar da, arvad da ağlaşırdılar. Şairi görəndə sanki ağ atlı oğlan gördülər. Şair də külfətə ürək- dirək verib sakitləşdirdi və bu işi belə qoymayacağını dedi. Sonra da arvadı qırağa çəkib əslində böyük bir bəladan qurtulduqlarını bildirdi. Və zarafatından a qalmadı:
    - Sabah qurtuluş günüdür. Bu da bizim bayramımız.
    Şair Bəxtiyar indi qalmışdı iki suyun arasında. Hadisə barədə necə məlumat versin. Axı, hər şeyi açıqlasa gərək quyuya basdırdığı çətənə kollarını aşkara çıxaraydı. Sonra da gəl sübut elə ki, bəs elə bu gün tülkü lələnin səbəbinə xəbər tutmuşam. Kim inanardı buna. Heç müxalifət də inanmazdı. Özü- özünü də həmin quyuya basdırmış olurdu. Buna görə də bu fikirdən vaz keçdi. Qırılan pəncərələrin şəklini çəkib facebuka yüklədi və hadisəni belə təsvir etdi:
    -Bu gün rayon polisləri qəfildən evimə basqın etmiş və uşaqlarımı, yoldaşımı qorxutmuşlar. Onların nə axtardıqları, nə məqsədlə gəldikləri hələ də məlum deyil. DİN- dən məsələyə aydınlıq gətirilməsə ölkə vətəndaşlığından imtina edəcəm. Daha bu qədər də olmaz.
    Şair telefonu da götürüb çay qıarğına qaçdı. Polislər bir- iki keçini bəyirdirdilər. Çəpişləri isə tuta bilməmişdilər. Şair bir- iki şəkil çəkdi. Bu arada isə mayor özünü yetirdi:
    - A qırılmış, sizdən çoban da olmaz. Belə də keçimi tutarlar? Keçiləri buraxın, dəyirmana qədər otara-otara aparın. Orda da tövləyə salın. Qazel ora gələcək. Mən də indi ora gedirəm.
    Şairin statusu dərhal KİV- lərdə yayıldı. DİN açıqlama verməyə məcbur oldu. Guya Zeyqəm səhv məlumat veribmiş ki, şairin evində silah var. Buna da səbəb şairin Zeyqəmə araq borcunun olması imiş. Zeyqəm də istəyib heyfini belə çıxsın. Və Zeyqəm artıq həbs olunub.
    Aztv- də də belə bir süjet getdi. Şairi alkaş kimi təqdim edib daha sonra da Zeyqəmi danışdırdılar. Zeyqəm qeyd etdi ki, şairlə çay qıarğında hərdən yeyib- içirmişlər. Şair də hər dəfə Zeyqəmi aldadıb ki, gələn dəfə haqq- hesab mənlik olacaq. Zeyqəm öz haqqını istəyəndə şair- get hara şikayət edirsən et- deyib. O da məsələni belə həll etməyə qərar verib.
    Hadisələr beləcə də başa çatdı. Ara yerində mayor üç çəpiş qazandı. Nəriman müəllimin keçilərini yatağa aparanda balalardan üçünü mayor öz həyətinə tulladı. Nərman müəllim hardan biləcəkdi ki, keçisi neçə bala doğub? Onsuz da 12 keçinin 19 balası vardı (mayor hələ çəpişin üçünü Zərqəmin satdığını bilmirdi)
    Şair DİN- in açıqlamasını məzhəkə adlandırdı. Böyük yeddilərin planını tülkü ifşa etdi. Aztv-nin müxbirinin də tumançaq vəziyyətdə keçinin arxasından tutmuş bir şəklini feysbukda yayaraq ondan heyfini çıxdı şair. Adam ağzını açıb niyə tumançaq olduğunu, niyə keçi tutduğunu deyə də bilmədi. Və Gülümsərov elm aləmini tərk edən kimi o da jurnalistikanı tərk elədi.
    = =
    - Hə qağa, gördün tülkünün hünərini?
    - Gördüm qağa, haqlsan.
    Bu arada şairin dostuna zəng gəldi. Məlum oldu ki, hər ikisinin uşaqlıq yoldaşı olan Adil Bakıdan rayona gəlib. Ikisini də Göyəzən restoranına dəvət edir. Şairin də razı oldu. Bu arada isə evdən şairə zəng gəldi. Nə deyildisə, şair restorana gedəsi olmadığını bildirdi:
    - Adildən də adımdan üzr istəyərsən.
    - Noolub ki?
    - Uşaq sıçıb.
    - Nəəə?
    - Uşaq sıçıb.
    - Gedib sənmi yuyacaqsan uşağın...
    - Yox ee, uşaqda sepsis var. Neçə gündü sıçmasını gözləyirik ki, analizə aparaq. Kopolu müstəqillik gününü gözləyirmiş.
    - Ha, ha, ha. Kefsən mənölüm. Qoy Adilə deyim gəlib maşınla aparsın. Ordan da sonra da gedək restorana. Hadisəni ona da danışarsan. Öləcək gülməkdən.
    - Həə, bu yaxşı fikir oldu.

  • noyabr 2017, Bəxtiyar H.

  • 105
Belə Ayrılıq Olmur

Dəhnəli Məmməd Hacızadə

Dərddi dərdə calanan, hey üst-üstə qalanan. Baxma ki ortalıqda iztirabdı dolanan, . Dözmərəm göz yaşına, qəm dolu baxışına. Qəlbimdəsən getsəm də, dünyanın o......

Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......

Daha Səsləməyir Dan Yeri Bizi

Dəhnəli Məmməd Hacızadə

Göydə ay,ulduzlar yerdə sən və mən, Bir onlar oyaqdır, bir də, sən və mən. Qapılıb gecələr xoş xəyallara, Onlar bizə baxar, biz də onlara. Qalardı......

Ağ dumanın içindəki görən kor (fəlsəfi hekayə)

Tural İsmayılov

Atam deyirdi ki, dünyanı görmək üçün göz lazımdır, mən isə indi buna şübhə edirəm. O kitabı – vərəqləri künclərindən didilmiş, cildi günəşdən solmuş o qəribə......

Zaur Ustac - Zenitdəki Zenitçi

زائـــور اوستاج

Zenitdəki Zenitçi (oçerk) Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin......

Sona İsmayılova – Zakir Kaya’nın Medya ve Yayıncılık Çalışmaları

زائـــور اوستاج

Röportaj Editör Girişi Dr.profesor Zakir Kaya, Türkiye merkezli araştırmacı gazeteci, yazar olarak medya, yayıncılık ve edebiyat......

Araşdırmaçı jurnalist Zakir Kaya: Media, Ədəbiyyat və Müstəqil Düşüncənin Kəsişm...

زائـــور اوستاج

Müsahibə Mətni Müasir mediada sürət, görünürlük və rəqəmsal intensivlik artdıqca, məzmun istehsalının keyfiyyəti və......

Zaur Ustac - Mən

زائـــور اوستاج

Mən “Sizin yanınızda oturmaq istəyirəm” … (Qəndab – Ara-sor məni) Hər gün oyananda səhər mehində, Sübhün şəfəqində, danındayam mən. Telinin cığasın pozan küləyəm, Hər zaman......

Zaur Ustac - Aşiq gecələr

زائـــور اوستاج

Aşiq Gecələr (Qəndab – Aşiq gecələr) O zülmət gecənə şam olum, gülüm, O gül cəmalına aşiq gecələr! “İşıldaquş”ların işığı vecsiz, Əriyən mumlara aşiq gecələr! Pərvanə......

Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

زائـــور اوستاج

Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil......