...
...
...
  • Mədəniyyətimin beşiyi Gəncə
  • Anar Ərtoğrul Burcəliyev
  • Hələ XIX əsrin sonlarında Gəncədə həvəskarlardan ibarət teatr truppası fəaliyyət göstərirdi. 1895-ci ildə yerli həvəskarlar Mirzə Fətəli Axundzadənin “Hacı Qara” pyesini tamaşaya qoymağa müvəffəq oldular. 1898-ci ildə göstərilən “Müsyöjordan və Dərviş Məstəli şah” tamaşasında Gəncənin istedadlı gəncləri öz səhnə bacarıqlarını göstərə bilmişlər. 1906-cı ildə Gəncə Müsəlman Dram məclisi adlı 38 nəfərdən ibarət truppa təşkil edilmiş və bu truppaya rəhbərlik isə Ələsgər bəy Xasməmmədova tapşırılmışdır. Truppanın fəallarından Mirzə Məhəmməd Axundzadəni, Məmmədbağır Şıxzamanzadəni, Rüstəm bəy Mirzəzadəni, Talıb bəy Məmmədzadəni və digərlərinin adlarını qeyd etmək olar. Bu illərdə truppa “Nadir şah”, “Qan ocağı”, “Rusunəli və ballıbadı”, “Bəxtsiz cavan” əsərlərini tamaşaya hazırlayaraq Gəncədə nümayiş etdirmişlər. Daha sonra 1909-cu ildə Gəncədəki yerli həvəskarların dram cəmiyyəti, Gəncə sənət məktəbinin əqait və türk dili müəllimi olan Mirzə Məhəmməd Axundzadənin teatr sənətinin dövrü üçün nəzəri problemlərini özündə əks etdirən “Teatro nədir?” əsərini çap etdirmişdir. Qeyd etmək lazımdır ki, 1915-ci ildə Hacı Yusif Həmzəyevin evində qadınlar üçün pulsuz nümayiş etdirilmiş “Döymə qapımı, döyərəm qapını” tamaşası böyük maraq doğurmuşdu. Tamaşadan bir neçə gün sonra şəhər qadın məktəbinin müdiri Xədicə xanım Ağayevanın rəhbərliyi ilə müəllimələrdən ibarət bir truppa yaradılmışdır.
    Bütün bunlarla yanaşı həmçinin qeyd etmək lazımdır ki, 1915-ci ildə ilk dəfə olaraq Gəncədə “Qız məktəb”i tələbələrinin ilk dram truppası da yaradılıb. Müxtəlif illərdə “Qız məktəb”i tələbələrinin ilk dram truppasına rejissor Əsəd Şıxzamanov rəhbərlik edib. Burada M. C. Əmirovun “Seyfülmüllük” operası ilk dəfə 1916-cı ildə tamaşaya qoyulub. Bu illərdə həmçinin həmkarlar klubu nəzdində dram dərnəyi fəaliyyət göstərib. Bu dərnək istedadlı aktyor truppası ilə yanaşı, rəngarəng repertuarı olan, lakin dövlət statusu almayan bir teatr hesab edilirdi. Həmkarlar klubu nəzdində dram dərnəyi kimi fəaliyyət göstərən bu truppada görkəmli rejissor Ədil İsgəndərov, tanınmış sənətkarlardan Barat Şəkinskaya, rejissor və aktyor Mir İbrahim Həmzəyev və başqaları fəaliyyət göstərib. Məhz bu truppada fəaliyyət göstərən yaradıcı kollektivin bir sıra aktyorları sonradan respublikanın digər teatrlarında uğurlu yaradıcılıq fəaliyyəti ilə tanınmağa başlayıblar.
    1916-cı ildə Gəncədə Məşədi Cəmil Əmirovun “Seyidəmir” operası da böyük uğurla nümayiş olunmuşdur. Hətta Azərbaycanda sovet hakimiyyəti qurulduğu illərdə Gəncədə bir neçə dram dərnəyi eləcə də həvəskarlardan ibarət truppalar fəaliyyət göstərirdi. “Nadir şah”, “Müsibəti Fəxrəddin”, “Pəri Cadu”, “Arşın mal alan”, “Evli ikən subay”, “50 yaşında cavan” operettalarını və başqa əsərlərin müvəffəqiyyətlə tamaşaya hazırlanması dram dərnəkləri və teatr truppalaranın əməli fəliyyətlərinin nəticəsi idi.
    1932-ci ilin dekabr ayının 28-dən Gəncədə fəaliyyət göstərən teatrın tarixi XX əsrin əvvəllərində Bakıda yaradılan, 1921-ci ilin noyabr ayının 13-də görkəmli aktyor Hacıağa Abbasovun təşəbbüsü və rəhbərliyi ilə “Bakı Azad Tənqid-Təbliğ Teatrı” kimi fəaliyyətə başlayan, 1925-ci ildən 1927-ci ilədək fəaliyyət göstərən “Bakı Türk İşçi və Kəndli Teatrı”nın tarixi ilə üzvü şəkildə bağlıdır. Sonradan bu teatr 1927-ci ildən 1932-ci ilədək “Bakı Türk İşçi Teatrı” kimi fəaliyyətini davam etdirib. Belə ki, məhz 1932-ci ilin dekabr ayının 28-dən bu teatrın yaradıcı kollektivi bütünlükdə Azərbaycan Kominist Partiyasının Mərkəzi Komitəsi eləcə də Xalq Komissarları Sovetinin qərarı ilə Gəncəyə köçürülür və “Tənqid-Təbliğ” teatrı kimi fəaliyyətini burada davam etdirir. Bu illərdə Gəncəyə köçən teatrın yaradıcı heyətinə Abbas Mirzə Şərifzadə, Ağasadıq Gəraybəyli, Fatma Qədri, İsmayıl Talıblı, Əhməd Salahlı, Atamoğlan Rzayev, İsmayıl Əfəndiyev kimi sənətkarlar daxil idilər.
    Teatrın tarixinə nəzər saldıqda bu teatrın yetirməsi olan görkəmli pedaqoq və rejissor, SSRİ xalq artisti Mehdi Məmmədovun dəyərli fikirləri yada düşür: “Teatrın yaradıcılıq yoluna nəzər salanda iftixar hissi duyursan. Teatr daima müasirlik ruhu ilə yaşayıb, hər zaman müasir fikirlər irəli sürməyə can atıb”.
    Gəncə Dövlət Dram Teatrının şərəfli tarixinə qısaca olaraq nəzər salarkən burada ömrünü sənətə fəda edən respublikanın əməkdar incəsənət xadimləri olan, rejissorlar Yusif Bağırovu, Həsən Ağayevi, Bəhram Əfəndiyevi, Hüseyn Sultanovu, rejissor Nəsir Sadıqzadəni, Yusif Yıldızı, xalq artistləri İsmayıl Talıblını, Mehdi Məmmədovu, Barat Şəkinskayanı, Solmaz Orlinskayanı, Ələkbər Seyfini, Muxtar Avşarovu, Məmmədrza Şeyxzamanovu, Ələddin Abbasovu, Məhəmməd Burcəliyevi, Sədayə Mustafayevanı, Əşrəf Yusifzadəni, Rəmziyyə Veysəlovanı, Zülfüqar Baratzadəni, əməkdar artistlər Əhməd Salahlını, Reyhan Tağıyevanı, Məxfurə Yermakovanı, Sadıq Həsənzadəni, Səməd Tağızadəni, Əli Rzayevi, Ağa Məmmədovu, Rza Nadirovu, Məmməd Cəfərovu, Kərim Sultanovu, Firuzə Bədirbəylini, Mənsurə Cəfərovanı, Ətayə Əliyevanı, Yusif Qazıyevi, Qurban Abbasovu, Simuzər Namazovanı, Vaqif Məmmədovu, Əli Allahverdiyevi, Faiq Qasımovu və digərlərinin böyük sənət fədailəri olaraq səhnə fəaliyyətini xatırlamamaq mümkün deyil. Məhz bu sənət fədailəri Gəncə Dövlət Dram Teatrının səhnəsində maraqlı və bitgin obrazlar qaleriyası yaradaraq teatrsevərlərin hər zaman diqqət mərkəzində olmağı bacarıblar.
    Piter Abrahamsın eyni adlı romanı əsasında Karl Myufkenin “İldırımlı yollarla”, Səttar Axundovun “Dağlarda”, Səməd Vurğunun “Fərhad və Şirin”, Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”, İlyas Əfəndiyevin “Atayevlər ailəsi”, “Unuda bilmirəm”, “Mənim günahım”, Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ”, Şıxəli Qurbanovun “Sənsiz”, Şota Rustavelinin “Pələng dərisi geyinmiş pəhləvan” poeması əsasında Məmmədəli Nəsirovun “Tariyel”, Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”, Cəfər Cabbarlının “Almaz”, “Oqtay Eloğlu”, “1905-ci ildə” və “Solğun çiçəklər”, Altay Məmmədovun “Ulduzlar görüşəndə”, “Həmyerlilər”, “Bəraət”, Aleksandr Ostrovskinin “Quduz pullar”, Uilyam Şekspirin “Otello”, “III-Ricard”, Yusif Əzimzadənin “Unutmayın”, “Aprel səhəri” və “Anacan”, Qurban Musayevin “Buhenvald harayı” və “Odlu illər”, Sabit Rəhmanın “Küləklər”, “Əliqulu evlənir”, Mixail Lermontovun “İki qardaş”, R. Radzinskinin “Sokratla söhbətlər”, İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə”, Mustay Kərimin “Odu atma, Prometey!”, Əlibala Hacızadənin “İtkin gəlin”, Maqsud İbrahimbəyovun “Cavan qadına yaraşan kişi”, Orxan Kamalın “72-ci kamera”, “Yad qızı”, Dias Valeyevin “Vicdan məhkəməsi”, Aleksey Dudarevin “Astana”, Kiril Topalovun “Məhəbbət və xəyanət”, Vladimir Kotenkonun “Dəmir pərdə”, Nazim Hikmətin “Kəllə”, Əli Səmədovun “Ölüm hökmü”, Ənvər Məmmədxanlının “Şərqin səhəri”, İmran Qasımovun “Dairəni genişləndirin”, M. Şatrovun “İnqilabi etüd”, Elçinin “Ölüm hökmü”, “Qatil”, Xəzangülün “Məhəbbətin qənimi”, “Xərabət gözəli”, N. V. Qoqolun “Evlənmə”, F. Əlyarbəylinin “Xan qızı”, “Qonşular”, N. Məmmədlinin “Cavad xan”, “Unutmaq istəyirəm”, İ. Şıxlının “Dəli Kür” romanı əsasında Mailə Muradxanlının səhnələşdirdiyi “Dəli Kür”, C. Məmmədquluzadənin “Ölülər”, “Dəli yığıncağı”, S. Dərvişin “Fosforlu Cevriyyə”, Ş. Mehdiyevin “Mirzə Fətəli”, “Sabir”, T. Cücenoğlunun “Gözəlçələr”, “Matruşka” və başqa maraqlı səhnə həyatı bəxş olunan quruluşları Gəncə Dövlət Dram Teatrının repertuarının əsasını təşkil edir.
    Təsadüfi deyil ki, Azərbaycan teatrında ilk dəfə olaraq məhz Gəncə Dövlət Dram Teatrının səhnəsində Qədim Yunan dramaturgiyasına müraciət edən rejissor da məhz teatrın baş rejissoru kimi fəaliyyət göstərən, mərhum respublikanın əməkdar incəsənət xadimi Yusif Bağırov olub. O, Evripidin “Medeya” və Sofoklun “Antiqona” faciələrini ilk dəfə olaraq məhz bu teatrın səhnəsində uğurla tamaşaya hazırlayıb. Azərbaycan səhnəsində ilk dəfə olaraq Yunan dramaturgiyasına müraciət və ilk tamaşanın tarixi Evripidin “Medeya” faciəsi ilə Gəncə Dövlət Dram Teatrında 12 dekabr 1969-cu ilə təsadüf edir. Rejissor Yusif Bağırov bir neçə il sonra isə 1976-cı il dekabr ayının 11-də Sofoklun “Antiqona” faciəsinə müraciət edib. Bu quruluş da o illərdə teatr ictimaiyyəti tərəfindən böyük əks-səda ilə qarşılanıb.
    Məlumdur ki, böyük Türk dramaturqu Nazim Hikmət 1951-ci ildən SSRİ-də yaşamış və onun əsərlərinin bütün Sovet İttifaqında təbliği dövlət səviyyəsində müvafiq təşkilatlara, həmçinin teatrlara tövsiyyə olunmuşdur. Hətta 20 mart 1953-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Əkbər Babayevin çevirməsində Ədil İsgəndərovun quruluşunda “Türkiyədə” əsərinin premyerası ictimaiyyətə təqdim edilmişdir. Daha sonra 1956-cı ildə “Qəribə adam” və 1960-cı ildə isə “Şöhrət və ya unudulan adam” pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində səhnəyə qoyulmuşdur. 1957-ci ildə isə respublikanın xalq artisti Məhəmməd Burcəliyevin təklifi ilə Gəncə Dövlət Dram Teatrının səhnəsində Nazim Hikmətin 3 pərdəli, 14 şəkildən ibarət olan “Kəllə” faciəsi hazırlanmışdır. Tamaşanın ictimai baxışı 14 may 1957-ci ilə təsadüf edir. Xatırladım ki, faciənin türkcədən çevirəni İslam İbrahimov, quruluşçu rejissoru Hüseyn Sultanov, tərtibat rəssamı Süleyman Hacıyev, geyim rəssamı Bəhram Əfəndiyev, rejissor assistenti isə Məhəmməd Burcəliyev olmuşdur. 1957-ci ildə məhz “Kəllə” faciəsinin tamaşasına baxmaq üçün böyük Nazim Hikmət Gəncəyə gəlmiş və çox böyük təəsüratla tamaşaya baxaraq yüksək fikir söyləyərək kollektivdən ayrılmışdır.
    Məcid Şamxalovun 4 pərdəli, 7 şəkildən ibarət olan “Qaynana” komediyası ilk olaraq Azərbaycan teatr ictimaiyyəti tərəfindən çox zəif bir pyes kimi səciyyələndirilərək səhnəyə qoyulmasının mümkünsüzlüyü bildirilirdi. İlk dəfə olaraq bu pyesə məhz 26 iyun 1957-ci ildə Gəncə Dövlət Dram Teatrında rejissor, respublikanın əməkdar incəsənət xadimi Həsən Ağayevin müraciət etməsi ilə Azərbaycan teatrında cəsarətli addımın atılması həmin pyesin uğurlu səhnə həyatı yaşamasının qarantına çevrilə bilib. Azərbaycan səhnəsinin ilk Qaynanası-Cənnət arvad obrazını isə Gürcüstan Respublikasının əməkdar artisti Reyhan Tağıyeva ifa edib. Qeyd etmək lazımdır ki, məhz Həsən Ağayevin bu komediyaya müraciətindən sonra Məcid Şamxalovun 4 pərdəli, 7 şəkildən ibarət olan “Qaynana” komediyası Azərbaycan teatrlarında səhnəyə qoyulmağa başlayıb və bu pyesin motivləri əsasında ssenari müəllifləri Əjdər İbrahimov və Marqarita Maleyeva olan, quruluşçu rejissoru Hüseyn Seyidzadə, quruluşçu operatoru Fikrət Əsgərov, quruluşçu rəssamı Nadir Zeynalov və bəstəkarı Tofiq Quliyev olan “Qaynana” bədii filmi 1978-ci ildə ekranlara çıxıb.
    Gəncə Dövlət Dram Teatrı və onun yaradıcı kollektivi bu gün də fəaliyyətini uğurla davam etdirir. Belə ki, 2002-ci ildə teatrın səhnəsində tamaşaya qoyulan İ. Əfəndiyevin “Mahnı dağlarda qaldı” tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatının “Qran Pri” nominasiyasına layiq görülüb. 2007-ci ildə teatrın baş rejissoru İradə Gözəlovanın tamaşaya hazırladığı İ. Əfəndiyevin “Qəribə oğlan” pyesi “Gənc rejissorların teatr festivalı”nda, 2010-cu ildə isə yaradıcı kollektiv Elçinin “Ölüm hökmü” tamaşası ilə “Respublika teatr festivalı”nda uğurla çıxışlar edib. Daha sonra 2011-ci ildə Türkiyə Cümhuriyyətinin Giresun şəhərində keçirilən “Uluslararası XVII Aksu Tiyatro Festivalı”nda T. Cücenoğlunun “Gözəlçələr” pyesinin tamaşası ilə, 2011-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi “2+1” Eksperimental Tamaşalar Festivalında Kamal Abdullanın “Sərgərdan” pyesinin tamaşası ilə, 2012-ci ildə “Tuganlıq 2012” Türkdilli Dövlətlərin Beynəlxalq Teatr Festivalında, 2013-cü ildə Türkiyə Cümhuriyyətinin Konya şəhərində “Bin ses bir nefes” Uluslararası Teatr Festivalında uğurla çıxışları olub. 2013-cü ildə Gəncə Dövlət Dram Teatrı növbəti uğura imza ataraq Ukraynada keçirilən “Klassika bu gün” Beynəlxalq Teatr Festivalında rejissor İradə Gözəlovanın quruluşunda N. V. Qoqolun “Evlənmə” pyesinin tamaşası festivalın “Ən yaxşı kişi rolu” nominasiyası ilə Podkolyosin rolunun ifaçısı respublikanın əməkdar artisti İlham Hüseynov təltif edilib. 2014-2015-ci illərdə Gəncə Dövlət Dram Teatrı Türkiyənin Giresun şəhərində xalq artisti Vaqif Şərifovun quruluşunda Elçinin “Qatil” və mərhum əməkdar artist Faiq Qasımovun quruluşunda Xəzangülün “Məhəbbətin qənimi” pyeslərinin tamaşaları ilə Uluslararası Teatr Festivallarının iştirakçısı olub. 2015-ci ildə “20.Uluslararası Ankara Tiyatro Festivalı”na dəvət olunan Gəncə Dövlət Dram Teatrının gənc rejissoru Elşad Əhmədov “Azərbaycan Teatr Poetikası” adlı iki günlük seminar-məşğələ ilə çıxışlar edib. Həmçinin 2015-ci ildə teatrın baş rejissoru İradə Gözəlovanın quruluşunda C. Məmmədquluzadənin “Dəli yığıncağı” pyesinin tamaşası Bakı qastrolunda teatr ictimaiyyəti tərəfindən maraqla qarşılanaraq ilin yekununa görə ən uğurlu səhnə əsəri kimi qəbul olunub. 2017-ci ildə Türkiyə Cümhuriyyətinin Merzifon Bələdiyyəsi tərəfindən təşkil olunan “3.Uluslararası Tiyatro Festivalı”nda Əli Əmirlinin “20 ildən sonra” pyesinin tamaşası quruluşçu rejissor, respublikanın əməkdar artisti Novruz Cəfərovun quruluşunda maraqla qarşılanıb və yaradıcı kollektiv xüsusi mükafata layiq görülüb. Yaradıcı kollektiv 2018-ci ilin may ayında qardaş Türkiyə Cümhuriyyətinin Giresun şəhər Bələdiyyəsinin təşkil etdiyi Uluslararası Beynəlxalq Teatr Festivalında gənc rejissor Elşad Əhmədovun hazırladığı T. Cücenoğlunun “Matruşka” pyesinin tamaşası ilə iştirak edib. Həmçinin 12-19 may 2018-ci ildə “Sərhədsiz teatr” III-Şəki Beynəlxalq Teatr Festivalı Milli Proqramı çərçivəsində baş rejissor İradə Gözəlovanın quruluşunda C. Məmmədquluzadənin “Dəli yığıncağı” komediyası ilə teatrsevərlərin qarşısında maraqla qarşılanan iştirakları olub. Eləcə də 05-15 iyul 2018-ci ildə Gürcüstan Respublikasının Özürgeti Dövlət Dram Teatrının təşkilatçılığı və dəvəti ilə Beynəlxalq Teatr Festivalında yenə də rejissor İradə Gözəlovanın quruluşunda N. Dumbadzenin “Hellados” pyesinin tamaşası ilə çıxış edən kollektiv teatr ictimaiyyətinin alqışları ilə qarşılanıb. Qeyd etmək lazımdır ki, yaradıcı kollektivimiz bu festivallardan da xüsusi nominasiyalarla geriyə dönüb.
    128 illik tarixi bir yol keçən Gəncə Dövlət Dram Teatrı bu gün də öz maraqlı və zəngin repertuarı ilə tamaşaçılarının görüşündədir. Hər il olduğu kimi məhz bu ildə də teatr avropa, klassik eləcə də yerli dramaturqların əsərlərini hazırlamağı planlaşdırır. Teatrın yaradıcı kollektivi həmçinin Beynəlxalq eləcə də respublikamızın daxilində keçirilən bir sıra teatr festivallarında iştirak etməklə öz potensial qüvvələrini göstərməkdədir.

    Anar Ərtoğrul Burcəliyev
    Teatrşünas


  • fevral 2024, Anar Ə. B.

  • 251
Belə Ayrılıq Olmur

Dəhnəli Məmməd Hacızadə

Dərddi dərdə calanan, hey üst-üstə qalanan. Baxma ki ortalıqda iztirabdı dolanan, . Dözmərəm göz yaşına, qəm dolu baxışına. Qəlbimdəsən getsəm də, dünyanın o......

Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......

Daha Səsləməyir Dan Yeri Bizi

Dəhnəli Məmməd Hacızadə

Göydə ay,ulduzlar yerdə sən və mən, Bir onlar oyaqdır, bir də, sən və mən. Qapılıb gecələr xoş xəyallara, Onlar bizə baxar, biz də onlara. Qalardı......

Ağ dumanın içindəki görən kor (fəlsəfi hekayə)

Tural İsmayılov

Atam deyirdi ki, dünyanı görmək üçün göz lazımdır, mən isə indi buna şübhə edirəm. O kitabı – vərəqləri künclərindən didilmiş, cildi günəşdən solmuş o qəribə......

Zaur Ustac - Zenitdəki Zenitçi

زائـــور اوستاج

Zenitdəki Zenitçi (oçerk) Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin......

Sona İsmayılova – Zakir Kaya’nın Medya ve Yayıncılık Çalışmaları

زائـــور اوستاج

Röportaj Editör Girişi Dr.profesor Zakir Kaya, Türkiye merkezli araştırmacı gazeteci, yazar olarak medya, yayıncılık ve edebiyat......

Araşdırmaçı jurnalist Zakir Kaya: Media, Ədəbiyyat və Müstəqil Düşüncənin Kəsişm...

زائـــور اوستاج

Müsahibə Mətni Müasir mediada sürət, görünürlük və rəqəmsal intensivlik artdıqca, məzmun istehsalının keyfiyyəti və......

Zaur Ustac - Mən

زائـــور اوستاج

Mən “Sizin yanınızda oturmaq istəyirəm” … (Qəndab – Ara-sor məni) Hər gün oyananda səhər mehində, Sübhün şəfəqində, danındayam mən. Telinin cığasın pozan küləyəm, Hər zaman......

Zaur Ustac - Aşiq gecələr

زائـــور اوستاج

Aşiq Gecələr (Qəndab – Aşiq gecələr) O zülmət gecənə şam olum, gülüm, O gül cəmalına aşiq gecələr! “İşıldaquş”ların işığı vecsiz, Əriyən mumlara aşiq gecələr! Pərvanə......

Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

زائـــور اوستاج

Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil......