...
  • Sevgi (elmi-fəlsəfi esse)
  • Firuz Mustafa
  • SEVGİ
    (elmi-fəlsəfi esse)
    Qəribə bir hal, üstəlik gülməli bir vəziyyət müşahidə olunmaqdadır: hər birimiz (hər halda çoxluq nəzərdə tutulur) insanın dərin hissi, coşğun duyğusu, qəlb aləmi, sevgisi ilə bağlı sənət əsərlərini həyəcanla oxuyur, heyrətlə dinləyir, dərin düşüncəyə dalırıq; lakin sevgi ilə bağlı ciddi söhbətləri bəzən (hətta, çox vaxt) ya yüngül təbəssümlə, ya da acı istehza ilə qarşılayırıq. Biz ədəbiyyatdakı Məcnunu, Otellonu, Romeonu, Leylini, Cülyettanı qəbul edirik, lakin həyatdakı məcnunluğu, romeoluğu qəbul etmirik. Kitabdakı, səhnədəki, kinodakı... Məcnuna pərəstiş edirik. Lakin həyatdakı Məcnunu ələ salırıq. Sevgi haqqında bədii ricətlərlə danışırıq. Lakin sevgi barədə yazılmış bədii esseni, publisistik yazını soyuq qarşılayırıq.
    Bəri başdan qeyd etmək istəyirəm ki, oxuyacağınız yazı öz janrı etibarilə ədəbi-bədii düşüncə, esse deyil, habelə onu publisistik qeydlər toplusu da adlandırmaq olmaz. Siz əzəli, əbədi, bəşəri bir problem barədə elmi xarakterli tədqiqatla, bir az birtəhər səslənsə da, “ciddi” janrda yazılmış qeydlərlə tanış olursunuz. Əlbəttə, yazıda başqa janrların çaları da yox deyildir. Beləliklə: SEVGİ.
    Əlbəttə, ritorik məntiqə əsasən həmin sözdən sonra mütləq nida işarəsi qoyulmalıdır, həm də bir yox, ən azı üç işarə birdən. Amma biz, deyildiyi kimi, sevgi barədə təkcə lirik-emosional üslubda söhbət açmaq niyyətində deyilik. Hərçənd ki, bunsuz keçinmək sözün mütləq mənasında qeyri-mümkündür. Başlıca məqsədimiz sevgi haqqında sakit tərzdə, soyuq mühakimə ilə fikir yürütməkdir. Düzdür ilk baxışda “soyuq” və “sevgi” anlayışları bir-biri ilə qətiyyən uyuşmur. Amma nə etməli? Düşünəndə ki, “sevgi” anlayışı həm də etik-fəlsəfi kateqoriyalardan biridir, istər-istəməz “ayaq saxlamalı” olursan, axı, fəlsəfə bizdən yalnız “soyuq” mühakimə, real təsvir və ciddi tədqiqat tələb edir. Bu baxımdan emosiya, bədii təsvir, metafora, lirizm qismən arxa plana çəkilməli olur.
    Biz onu da qeyd etməyi vacib bilirik ki, haqqında söhbət açılan problemin özünü bir neçə xətt üzrə nəzərdən keçirmək olar: sevgi anlayışına münasibətin tarixi baxımından, sevginin özünün tarixi təkamülü prosesindən və s. Lakin biz həmin tədqiqat formalarından imtina etmək niyyətindəyik. Elə təkcə ona görə ki, sevgi anlayışına münasibətdə tarixiliklə müasirlik arasında kəskin fərqlər axtarmaq, nəhəng Çin səddi tikmək çətindir.
    Bizə elə gəlir ki, “sevgi” anlayışının ən dəqiq, ən başlıca adekvatı azadlıqdır. Sevgi – azadlıqdır. Sevən kəs dünyanın ən azad varlığıdır. Azad adamın köləliyə meyl etməsi mümkün deyil. Azadlığı dərk etməklə sevmək arasında bərabərlik işarəsi qoymaq yalnız ilk baxışda təəccüb doğura bilər. Əslində isə o anlayışların ziddiyyəti yox, vəhdəti heyrət doğurmalıdır.
    Sevginin ağıl və ürəklə bağlılığı əsrlər boyu ən müxtəlif səviyyələrdə mübahisə doğurmuşdur. Bu yerdə B.Paskalın bir fikrini xatırlamalı oluruq: “Ürək zəkanın bilmədiyi qanunlara malikdir”. Əlbəttə, ürək və ağıl qanunları arasında mühüm fərqlər mövcuddur. Lakin belə bir həqiqəti də inkar etmək olmaz ki, ürəklə ağıl xətləri məhz sevgi nöqtəsində kəsişir, daha doğrusu, sevgi – qəlblə idrakın vəhdəti nəticəsində pərvəriş tapır. Feyerbaxın sözləri ilə desək, “ən ümumi sevgi yalnız zəkanın olduğu yerdə mövcuddur, zəkanın özü universal sevgidən başqa bir şey deyildir”.
    Sevgi, bayram deməkdir, əsl sevgi, Sevgisizlikdədir faciə, bədbəxtlik. Sevgi – ölümsüzlükdür, əbədiyyətdi. Sonluluq, ölərilik - sevgisizlikdir. Sevginin o biri üzü, onun “antoqonist düşməni”, əksi, antonimi nifrətdir. Zərdüştə görə, dünya xeyir və şərdən, sevgi və nifrətdən ibarətdir. Anaksaqor sevgi və nifrəti dünya evinin əsasını təşkil edən kosmik qüvvələr kimi səciyyələndirirdi. Böyük Şərq mütəfəkkiri İbn-Sina (Avisenna) yazırdı ki, ali varlığın idarə etdiyi bütün mövcud şeylər təbii istəyə və anadangəlmə məhəbbətə malikdir. Buradan belə qənaətə gəlmək olur ki, məhəbbət həmin şeylərin mövcudluğunun səbəbidir. Sonralar həmin fikri inkişaf etdirən Şarden de Teyyar göstərir ki, dünyanın bütün fraqmentləri (hissəcikləri, zərrələri) həmişə bir-birini axtarır; sevgi –xüsusi bir kosmik gücdür. Məhz kosmik duyğu nəticəsində insanlar (sevənlər) bir-birinə qovuşur. Ümumiyyətlə, “kosmik cazibə” barədə dəfələrlə söhbət açılmış, bəzən ifrat mühakimələr söylənmiş olsa da, problemin mahiyyətinə maraq daim kəskin səciyyə daşımışdır.
    Dekart yazırdı: “Mən düşünürəm – deməli, mövcudam”. İnsan mövcudluğunun əsasında həm də onun sevgisi yaşayır: eləcə də insan düşüncəsi insani sevgidən xaricdə mövcud ola bilməz. Elə isə Dekart öz fikrini hətta bu cür ifadə etsəydi belə, yenə haqlı idi; “Mən sevirəm – deməli, yaşayıram”.
    İnsan dünyaya müəyyən imkanlarla qədəm qoyur. Həmin imkanların gerçəkliyə çevrilməsi üçün təkcə bioloji amillər kifayət etmir. İlkin qıcıqlardan və instinktlərdən idraka qədər uzun, çox uzun bir yol var. O uzun yolda insan dərin uçurumların üzərindən keçməli olur. O uzun yolun əzabları bəzən sevincindən çox olur. “Sevgi” adlandırılan fenomenin meydana gəlməsi, məhz həmin yolun əzab və sevincləri ilə müşayiət olunur. Bəzi tədqiqatçılar sübut etməyə cəhd göstərir ki, sevgi hissi insanın təcrübəsindən kənarda belə mövcuddur. Hətta V.S.Solovyov yazırdı ki, zəka heyvanat aləmi üçün nədirsə, məhəbbət də insan üçün hələlik həmin şeydir. Solovyova görə iki adamın sevgisindən vahid bir şəxsiyyət meydana gəlir. Sevgi - əbədi həyəcan və qayğı, gündəlik cavabdehlik hissidir. Sevgi – yaradıcılıqdır. Ona görə o da daxili azadlıq tələb edir. Sevgi təkcə dünyəvi yox, həm də əbədi, kosmik hadisədir. “Söz insan cəmiyyətinin və mədəniyyətinin – təşkilində necə əhəmiyyətə malikdirsə, məhəbbət də həqiqi insan şəxsiyyətinin təşkilində bu cür və hətta, bundan da artıq əhəmiyyətə malikdir” – deyən Solovyov nə qədər də haqlıdır.
    Platon yaradıcılığından söhbət açan A.F.Losev yazırdı ki, sevən adam həmişə dahidir. Bizcə, çox sərrast deyilib.
    Məcnun dahidir.
    Romeo dahidir.
    Don Kixot dahidir.
    Kərəm dahidir.
    Sevgi insanı insan edir. Bəlkə elə əməkdən də öncə!
    Sevgi insanı insan edir. Bəlkə elə həyatdan da öncə!
    İnsan öz sevgisi ilə özü-özünü kəşf edir, özü-özünü yaradır, özü özünü tərbiyə edir və nəhayət, özündə özünü tapır. Lakin əsl məhəbbət həm də odur ki, insan özündə özünü unudur, özü ilə başqa bir vücudda vəhdət tapır. Hegelin dediyi kimi: “Sevginin əsl mahiyyəti özünü dərk etmədən uzaqlaşmada, özünü başqa bir məndə unutmaqdadır; lakin bu yoxolma və unutmada ilk dəfə özünü tapma, özünü tabe etmə mövcuddur”.
    Feyerbax belə hesab edirdi ki, sevmək hələ sevənin xoşbəxtliyi deyildir. Başqasını xoşbəxt etmədən özün xoşbəxt ola bilməzsən. Biz başqasını nə qədər çox xoşbəxt edirdiksə, özümüz də o qədər xoşbəxt oluruq.
    Zaman keçdikcə insanların dünyaya, tarixə, özünə münasibəti də dəyişir. Dünən yaxşı kimi qələmə verilən, bu gün kəskin tənqid atəşinə məruz qalır. Lakin sevgiyə klassik münasibət öz “mühafizəkarlığını” qoruyub saxlayır. İqtisadi səfalət qasırğaları dünyanı ağzına alır, insan öz fiziki yaşarılığını mühafizə etmək üçün kirpiyi ilə od götürür. Fəqət sevgi öz ilkinliyini, öz munisliyini saxlayır.
    İnsan mənəviyyatına bəzən bir qara qəpik qiymət qoyulmur, “məhəbbət” adı altında “diplomatik oyunlar” gedir... Lakin sevgi yaşayır.
    Əsl insan, ideal insan, insan idealı – sevən insandır.
    İnsanın sevgiyə dönük çıxması – özünün özündən uzaqlaşması deməkdir. Sevgisizlik – absurddur. Sevgi – həyatın mənbəyidir. Lakin cəmiyyət öz “həyat mənbəyinin” daimi mövcudluğu üçün qayğı göstərirmi? Fromm yazır ki, cəmiyyətdə az qala hamı “sevmək arzusu ilə” yaşayır. Lakin pul qazanmağa, hakimiyyətə, kefə-damağa daha çox vaxt gedir. Yəni adamlar var-dövlət əldə etməyin yeni-yeni yollarını, “elmini” öyrənir. Amma sevmək sənətini öyrənmək üçün heç bir təşəbbüs göstərilmir. Elə bu sənət sirlərinə vaqif olmamaqdandır ki, tərəflər arasında (qadın və kişi) çox vaxt uçurum yaranır.
    Fromm belə hesab edir ki, sevgi – istirahət yeri deyil, birgə əmək, əbədi mübarizə deməkdir. Sevmək – daim təzələnmək, təmizlənmək deməkdir. Sevgi – özünü zənginləşdirmək deməkdir.
    Hər bir fərdin özünəməxsus temperamenti var – bu keyfiyyəti insana təbiət verib. Lakin xarakteri insan özü qazanır. İnsan öz-özünü təkmilləşdirir. İnsan özü-özmü “qurur”, “yaradır”. İnsanın formalaşmasında onun “hissi” əlamətləri intəhasız rol oynayır. Bu cəhətdən insanın sevgisi istisna təşkil etmir. Sevgi üçün, sevmək üçün mütləq, konkret “elmi metod” yoxdur. Bu məsələdə hər kəsin öz “yolu”, öz fikri, öz mülahizəsi var. Hərə bir cür sevir. Lakin əsl məhəbbət hamıya eyni dərəcədə təsir göstərir: sevən adam təmizlənir, saflaşır, yüksəlir.
    Bütün insanların ürəyində sevgi üçün zəmin, sevmək üçün imkan mövcuddur. Lakin heç də bütün hallarda imkan gerçəkliyə çevrilmir. İmkanın gerçəkliyə çevrilməsində mühitin, tərbiyənin rolu böyükdür. Və əlbəttə, bu sahədə yenə ən böyük vəzifə subyektin – şəxsiyyətin üzərinə düşür... Harın tərbiyə görmüş adamın təkcə bədənini yox, ruhunu da piy qatı örtür. Bu cür şəxslər çox halda az qala hər şeyə qarşı laqeyd, biganə bir mövqedə dayanırlar: Viktor Hüqo öz mülahizələrində necə də haqlı idi; “İsti yataq insan ürəyini daşa çevirmək gücünə qadirdir”.
    Ürəklərin “daşa çevrilməsi” insani idealların (ülgülərin) çoxuna nöqtə qoyur.
    Sevgi və nifrət – insan ürəyinin iki sirli, möcüzəli, təzadlı qütbüdür. Ürəkdən nifrət edən adam ürəkdən sevə bilər. Eyni vaxtda həm sevmək, həm də nifrət etmək olar.
    Sevmək – risq etmək deməkdir. Özünün bütün ülviliyi, gözəlliyi, ilahiliyi ilə yanaşı, sevgi həm də - faciəvilikdir. Ancaq yaşadan, insanı ucaldan faciəvilikdir. Elə bu cəhətinə görə o, əsrlər boyu neçə-neçə bədii əsərin dramatik fabulasına çevrilib. Bir çox filosoflar sevgi anlayışına daha geniş rakurs və tələblər (əgər belə demək mümkünsə) səviyyəsindən yanaşmışlar. L.Feyerbax deyirdi ki, sevgi – zəkanın və təbiətin universal qanunudur. M.Girşveld isə sevginin qüdrətinə inam (və qiymət vermək) baxımından daha da irəli gedərək göstərirdi ki, məhəbbətin nəfəsi dünya xaosunu nizama salır, disharmaniyanı hormoniyaya çevirir. Belə mütəfəkkirlər insanın sevgisini insanın fövqündə təsəvvür edirdilər.
    Min illərdir ki, “sevgi varmı?” – sualı ətrafında adi təsəvvür və elmi-fəlsəfi düşüncə səviyyəsində mübahisələr gedir. Biz həmin mübahisələrə bir-iki kəlmə ilə cavab vermək və ya “hə”, “yox” nidaları ilə təkzib-təsdiq tonunda münasibət bildirmək iddiasından uzağıq. Fəqət bir məsələ aydındır ki, “sevgi varmı?” – sualı “həqiqət varmı?”, “vicdan varmı?”, “nifrət varmı?”, “xoşbəxtlik varmı?”, “iztirab varmı?”, “fəzilət varmı?” suallarının ekvivalenti kimi səslənir. Rus fizioliqu Pavlov yazırdı ki, mən insan beynində dəfələrlə cərrahiyyə əməliyyatı aparmışam və orada ağıl deyilən şeyə rast gəlməmişəm. Təbii ki, insan ürəyində “axtarış” aparanlardan heç biri orada məhəbbət adlı şeyə - maddi predmetə təsadüf etməyib.
    İki nəhəng filosofun baxışında sevgiyə münasibət müxtəlif bucaqlar altında acıqlanmışdır; Hegelə görə, sevmək – özünü unutmaqdır. Sevirsəndə - artıq başqasına çevrilirsən. Sevgidə “mən” arxa plana keçir – onu başqası əvəz edir.
    Fromma görə, özünü sevməyən başqasını qətiyyən sevə bilməz. Hər şey “mən”dən başlayır. “Mən” yoxsa, “o” da yoxdur.
    Paradoksdurmu?
    Bizcə, yox. Hər iki filosof özlüyündə haqlıdır. Hegelə görə, sevən adam özünü başqasında tapır (və ya itirir). Fromma görə, sevən sevdiyini özündə itirir (və ya tapır). Haradasa mahiyyət eynidir. Hər iki baxış eqoizmdən uzaqdır.
    Sevən adam dünyanı parlaq rənglərdə görür. Lakin bu parıltı bəzən sevənlərin gözünü tutur. Elə buna görədir ki, deyirlər; sevənin gözü kor olur. Və burdaca xatırladaq ki, sevgi insan həyatını heç də bütün hallarda sakit məcraya yönəltmir, əksinə, dramatizmlə dolu bir aləmə sövq edir.
    L.Tolstoyun da əsl sevgi ilə bağlı mülahizələri müəyyən mənada Hegelin fikirləri ilə üst-üstə düşür; o mənada ki, böyük yazıçı sevgini – özünüunutma, özünüqurban kimi qiymətləndirirdi. Tolstoya görə, sevgi ya var, ya da tamamilə yoxdur – burada tərəddüdə yer yoxdur. O ki, qaldı sevmək üçün konkret (əlverişli) məkan və zamana – Tolstoyun fikri qətidir: “Gələcəkdə sevgi olmur; sevgi – bu, yalnız indiki halda olan fəaliyyətdir. İndiki halda sevgini hiss etməyən adamın sevgisi olmur”.
    İnsan hissi, insan ürəyi heç bir sədd, heç bir hüdud tanımır. “Ağıllı” ürək bütün qanunlardan yüksəkdə durur. “Xüsusi”, “əlahiddə” adamlar üçün ayrıca qanunlar verilmir. Qanunlarda bir ümumilik var. Lakin ürəklər, hisslər “ümumi” kateqoriyasına tabe olmur. Hər ürəyin öz xüsusi “qanunu” olur. Sevən adam üçün belə hər bir cəmiyyətin müəyyən qanununun müəyyən cinayət məcəlləsini tətbiq etmək olar. Sevgi qanuna tabe olmursa, deməli, ona ziddir. Qanuna ziddirsə, deməli, orada asanlıqla “cinayət tərkibi” axtarıb tapmaq mümkündür.
    Elə müəyyən “qanunlar” çərçıvəsindən yanaşmağın nəticəsidir ki, müəyyən bir mərhələdə mənəviyyatın özündə də “sinfilik prinsipi” axtarışları olmuşdur. Az qala “proletar” məhəbbəti qarşılaşdırılmış, təbii ki, bizdə birinciyə üstünlük verilmişdir. Bu, “qarşıdurma” tərəfdarları qətiyyən hesaba almamışlar ki, insan ruhu və insan qəlbi hər bir “qanun” və “sinfilik” kateqoriyasından yüksəkdə durur: sevən adam öz sinfi mənsubiyyətindən, ictimai mövqeyindən belə qat-qat yuxardadır. Qanun intizama dəvət edir; lakin insan həyatı üçün şaqqraq, hamar yol yoxdur. Cəmiyyət həyatı müəyyən qanun və qanunauyğunluqlara tabedir; lakin insan həyatı gözlənilməz dönümlərdə, dramatik vəziyyətlərlə zəngindir. Cəmiyyət müəyyən proqnoz və planlarla hərəkət edə bilər; lakin insan ömrü bütün proqnozları rədd edir. Eləcə də insan sevgisi.
    Cəmiyyət qanunları sakit, təmkinli addımlarla müşayiət oluna bilər. Sevgi – mübarizə deməkdir, ona sakitlik yoxdur. Elmi-texniki tərəqqi (ETT) əsrində yaşayan, sevən insanın üzərinə böyük vəzifə düşür.
    Qəribə paradoksal üz-üzə dayanmışıq; bir tərəfdən ETT-nin inkişafından eyforiya vəziyyətinə düşür, hayıl-mayıl oluruq, digər tərəfdən düçar olduğumuz fəlakətlərin çoxu üçün elmi, texnikanı yamanlayaraq. Bir yandan xoşbəxtliyimizin açarını texnikanın inkişafında görür, digər tərəfdən bədbəxtliyimizin baisi kimi onu yamanlayırıq. Elə isə biz hansı anda, hansı məqamda haqlıyıq?
    ...Texnika insanın cəmiyyət qarşısında məsuliyyətini az qala sıfıra endirir. İstehsalçı məhsulun mahiyyəti ilə maraqlanmır. Çaylara, okeanlara axıdılan çirkab, zəhər “məhsuldar qüvvəni” – insanı narahat etmir. Bir düyməni basmaqla bir şəhərin altını üstünə çevirmək hərbçi adi texniki proqramı yerinə yetirir. Və bu vurhavur, qovhaqov tufanında insan özünü ya texnikanın əlavəsinə - onun bir boltuna, bir vintinə çevirir, ya da texnikanı özünün əlavəsinə döndərir. Belə bir məqamda “sevən aşiqi” “texniki adam” – robot əvəz edir. Sevgi sanki arxa plana çəkilir. Dükan-bazarlar süni “sevgi obyektləri” ilə dolur. Kişilər mağazalardan “qadın” seçir. Qadınların kişiyə ehtiyacı azalır... Rədd olsun “sevgi” anlayışı! ETT əsri məhəbbəti qəbul etmir! Biz Romeo, Məcnun sevgisi olmasa da ötüşə bilərik!
    Eşqin gətirdiyi əzab heç kəsi xoşbəxtliyə ürcah etməyib. Biznes, pul, şöhrət olan yerdə nə eşqbazlıq?..
    “Texniki adam” sevgini qəbul etmir. Belə yerdə vaxtilə məşhur Uotergeyt “işinin” təşkilatçısı, R.Niksonun prezidentliyinə qarşı kəskin çıxış etmiş, hələ uşaqlıqdan özünə ideal qəhrəman Hitleri seçmiş Hordon Liddi və onun “İradə” adı altında nəşr olunmuş əsəri – avtobioqrafiyası yada düşür. Liddi bütün ömrü boyu öz daxili hisslərinə qarşı vuruşmuş, həya, vicdan anlayışını qəbul etməmiş, özünü hissiz, duyğusuz maşına çevirməyə çalışmışdır. Onun üçün insan öldürmək – çəkiclə dəmiri əzmək kimi şeydir. “Mən maşına çevrilməliyəm!” – budur Liddinin “idealı”. Onun tez-tez təkrarladığı tezis, qərar: “Mən maşınam, maşınam, maşınam hiss etmirəm nə ağrı, nə yorğunluq!” Lap mahnıya bənzəyir. Sən demə, insanın öz daxilində özünü öldürməyə cəhd göstərməsi də ilham və zövq mənbəyinə çevrilə bilərmiş!
    Sevgidən könüllü imtina etmək – özündə özünü qətlə yetirməkdir. Sevgisizliyə çağırış – mənəviyyatsızlığa çağırışdır. Özündə sevgini öldürmək – mənəvi cəlladlığa yol göstərməkdir. Sevməməyi ilə öyünmək – öz ölümünü alqışlamaqdır, özünə “fatihə” deməkdir.

    ***

    Sevgi anlayışı olduqca geniş mahiyyət daşıyır. Buraya insanın doğma, yaxın insana, həqiqətə, xeyirxahlığa, hakimiyyətə, var-dövlətə, vətənə, Allaha və s. sevgisi daxildir. Ümumiyyətlə, sevginin müxtəlif təsnifatlarında birinci sıraya erotik məhəbbət aid olunur. Sevginin öz həyatında oynadığı rolu K.Marks öz arvadına yazdığı məktubda belə şərh edirdi; nəhəng ehtiras məni sözün bütöv mənasında özümü əsl insan hesab etməyə kömək göstərir... “Lakin nə Feyerbax “insanına”, nə Moleşott “maddələr mübadiləsinə”, nə proletariata sevgi deyil, sevimli adama, məhz sənə olan sevgi: bu, sözün əsl mənasında insanı yenidən insan edir”.
    Məhəbbət insanlara, artıq qeyd olunduğu kimi, irsən keçmir. Onu insan özü yaradır. Sevgi hissi həyatda formalaşır. Sevginin meydana gəlməsində iki obyekt (və ya subyekt) iştirak edir: sevən və sevilən. Məhz sevgi nəticəsində obyektin subyektə münasibəti təkmilləşir.
    İnsan öz sevgisi ilə ömrün yeni bir pilləsinə -yeni bir oraya qədəm qoyur.
    Yer üzündə sevgisiz, duyğusuz adam tapmaq qeyri-mümkündür. Hətta, özünü tənha, yalqız, biganə, soyuq hesab edən adamlar belə daxilən bu və ya digər dərəcədə dərduni intim hisslərlə bağlı olurlar. Ümumiyyətlə, insanın normal inkişafı, onun xarakter və şəxsiyyətinin formalaşması məhz onun məhəbbətinin səviyyəsi ilə bağlıdır. L.Tolstoy yazırdı: “Əgər sən sevmirsənsə” – bu heç də o demək deyil ki, səndə sevgi yoxdur. Sadəcə olaraq sənin sevməyinə mane olan nəsə bir şey var. Sənin qəlbin sevgi ilə doludur, lakin o üzə çıxa bilmir, çünki buna sənin günahların mane olur. Qəlbini qandallardan azad et...”
    İnsanı digər canlılardan fərqləndirən amil həm də onun sevmək qabiliyyətidir. Təbiət öz düşünən övladını elə yaratmışdır ki, o, digər canlılardan təkcə ağlı, qəlbi ilə deyil, habelə bir çox digər cəhətləri ilə fərqlənir. İnsanla heyvanı az qala “bir bezin qırağı” hesab edənlərə qarşı çıxan L.Feyerbax “Gələcəyin fəlsəfəsinin əsas müddəaları”nda yazırdı ki, insan digər canlılardan təkcə təfəkkürü ilə deyil, habelə bütün varlığı ilə fərqlənir.
    Əlbəttə, sevgi anlayışının bəsitləşdirilməsi yalnız bəsit təfəkkürə xas xüsusiyyətdir. İnsan öz sevgisi ilə bütün canlıların fövqündə duran varlıqdır. Fizioloq Meçnikov yazırdı: “Heç bir şübhə yoxdur ki, insanın cinsi hissiyyatı, digər canlılarla eyni olsa da belə, ən ali mənəvi təzahürün mənbəyidir”. Yeri gəlmişkən qeyd edək ki, Platon həmin fiziki təzahürləri dörd qismə bölürdü; insanın gözəlliyə, həqiqətə, yaradıcılığa, həyatın mənasına marağı, ehtirası. Platon belə hesab edirdi ki, məhəbbət incəsənətə, yaradıcılığa doğma olan hadisədir, o göstərir ki, məhəbbət hətta incəsənətdən yüksəkdə duran fenomendir.

    Eşqdir mehrabı uca
    göylərin,
    Eşqsiz, ey dünya, nədir
    dəyərin?..

    Nizami haqlı idi. Bu gün də haqlıdır.
    İnsan min illərdir ki, sonsuzluğa, intəhasızlığa doğru bir yol gedir. Bu yolda onu uçurum və vadilər, eniş və yoxuşlar müşayiət edir. İtirə-itirə, qazana-qazana yol gedir insan...
    Əbədiyyət yollarının əzəli və sonu – sevgi dayanacağıdır.
    İnsan öz sevgisindən od alıb yola çıxır.
    İnsan öz son məqsədinə - öz böyük sevgisinə qovuşub yola çıxır.
    Varlıqla yoxluğun danılmaz, uçulmaz körpüsü – sevgidir.

    * * *

    Min illərdir özünü arayır, axtarır insan oğlu. Bu axtarışların sonu - əzəl, əzəli – sondur. Əzəllə son arasında bir körpüdür – sevgi...


    “Azərbaycan gəncləri” qəzeti, 28 yanvar 1992-ci il


    SƏNƏT VƏ SEVGİ

    Sevmək özü bir sənətdir, incəsənətdir. Bəlkə elə buna görədir ki, incəsənətin baş mövzusu sevgidir. Amma təəssüflər olsun ki, bəzi sənət adamları öz əsərlərində sevgi anlayışının mahiyyətinə varmaqdan daha çox, onun xarici “effekt” və “atributlarına” diqqət yetirirlər. Bioloji və mənəvi keyfiyyətlərin qarışdırılması, haqqında söhbət açılan anlayış barədə yüngül təsəvvür yaradır. Halbuki əsil sevgi hər cür bioloji və fizioloji amildən qat-qat yüksəkdə dayanır. Sevginin “radiusunu” cismanu parametrlərlə məhdudlaşdırmaq bayağılığın, dayazlığın məhsuludur. Əlbəttə, Henrix Hayne kimi nəhəng bir şairin “ən gözəl şeridir qadın bədəni” – kəlamını bu cür “dayazlığın” nümunəsi kimi təqdim etmək insafsızlıq olardı. Qadın bədəninin, ümümiyyətlə, insan bədəninin təbiətin şah əsəri olduğunu hər kəs inkar edə bilməz. Hər bir bədii əsərin, diqqəti cəlb edən incəsənət nümunəsinin əsas qayəsi sevgi hissi aşılamaqdan ibarətdir: həm də insana sevgi. Məhəbbət – incəsənətin obyektidir. Bu “obyekt” insanı anlamağın, onun mürəkkəb mahiyyətini dərk etməyin yeganə vasitəsidir.

    Sevgi nə zaman meydana gəlib? O, doğrudanmı insanla, onun bioloji ömrü ilə yaşıddır? İnsanlığın mənşəyində, kökündə sevgi fenomeninin rolunu necə qiymətləndirmək olar? Əlbəttə, bütün bu suallara bu gün əldə olan sənət əsərlərinə və tarixi xronikalara görə qiymət verə bilərik. Dövrümüzə gəlib çıxmış əsərlərin əksəriyyətində bəşəriyyətin “uşaqlıq mərhələsində” haqqında söhbət gedən anlayışın daha çox “hissi ləzzət” (Hegel) səciyyəsi daşıdığı qeyd olunur. Hegel antik mədəniyyət və incəsənətdən söhbət açarkən, qədim yunan faciələrinə (səhnə əsərlərinə) və heykəllərə istinadən belə bir qənaətə gəlir ki, o dövrün əsərlərində daxili hissin ifadəsindən daha çox, zahiri əlamətlərin təcəssümünə diqqət yetirilir.
    Amma heç də belə bir qənaətə gəlmək olmaz ki, qədim dövrdə insanların dərin hissi aləmi olmamışdır. Məhəbbət ilahəsi Afroditanın ətrafındakı digər allahları – sevgi hamilərini xatırlatmaq kifəyətdir: Erat, Himerot, Pot, Himney, Peyto, İlifiya və s.
    Yeri gəlmişkən, yunan erosundan daha qədim olan şumer-akkad ədəbi nümunələrində sevgi allahlarından bəhs olunur. Buradakı allahlar panteonunda İştor əsas məhəbbət hamisi (həm də hərb və sülh himayədarı) kimi seçilir. “Gilqameş haqqında dastan”da İştor cismani yaxınlığı təqdir edir; İştor hələ böyük məhəbbətin nə olduğunu dərk etmir. “Gilqameş haqqında dastan”ın dörd min il yaşı var, o, “İliada”dan min il böyükdür. Elə həmin dövrdə Qədim Misirdə də sevinc və sevgi ilahəsi – Hotar haqqında rəvayətlər yaranmışdır. Az sonra, təxminən otuz beş əsr öncə, artıq Misirdə məhəbbət lirikası meydana gəldi və elə həmin dövrdə, bu gün də dünyanı heyrətə gətirən sənət nümunəsi – Nefertitin başı – heykəltəraşlıq portreti yaradıldı. Əslində Ehnaton və Nefertitin bir-birinə münasibəti bəşəriyyətə məlum olan ilk ən böyük sevgi nümunəsidir. Neçə yüzilliklərdir ki, bu sevgi barədə əfsanələr dolaşmaqda, yeni-yeni əsərlər yaranmaqdadır. XATIRLATMA: lirika ilk dəfə Misirdə meydana gəlib (Bizim e.ə.XVI-XV əsrlərdə), sonralar yunanlarda inkişaf edib. Daha sonrakı mərhələlərdə artıq nəsr, daha doğrusu, dram əsərləri meydana gəlməyə başladı; həm tragediyalar, həm də komediyalar, həm də komediyalar səhnəyə qoyulurdu. (TRAGEDİYA: yunanca hərfi mənası keçirilən nəğməsi denəkdir; qədim yunanlar bayramlarda Dionisin obrazını keçi dərisi geyməklə yaradırdılar; Komediya: yunanca mərasim nəğməsi deməkdir; Dionisin şərəfinə keçirilən bayramlarda şən nəğmələr oxuyurdular).
    İnsani münasibətlərin təhlilinə ən çox tragediyalarda diqqət yetirilirdi. Belə ki, Esxilin “Aqamemnon”, Sofoklun “Çar-Edip”, Evripidin “İppolite” əsərlərində sevgi az qala bütün komediyaların əsasında dayanır: Artıq bizim e.ə. I əsrdə Katuli, Ovidi, Horatsi, Vergili və digər romalı şairlər sevginin psixoloji mahiyyətini ifadə etməyə çalışmışdılar.
    Sevgi insanın həyatına daxil olduqca onun mənəviyyatını, dünyagörüşünü dəyişdirir. Əlbəttə, demək olmaz ki, sevgi insanın həyatına yalnız işıq, xoşbəxtlik gətirir. Yox! O, təkcə həyatdakı insanların deyil, ədəbiyyatdakı obrazların da həyatına bir çox hallarda zülmət, intriqa, bədbəxtlik gətirir. Buna minlərlə, milyonlarla sənət nümunəsi göstərmək olar. Görünür, bütün bu ziddiyyətlərin əsasında insan təbiətinin hələ izah olunmamış, kəşf edilməmiş çox sirli keyfiyyətləri dayanır.
    Qadın və Kişi. Əks cinslər. “Əks qütblər”. Bəs bu “qütblər” nə cür birləşir? Qədim yunanlar, bu birlikdə bir “ağılsızlıq” da görürdülər.
    Ümumiyyətlə, yunanlar sevginin bir neçə “növünü” müəyyənləşdirmişdilər. Bu “növ”lərdən ən əvvəl, əlbəttə, Eros (və ya Erot) qeyd olunmalıdır.”Erotika” sözü də həmin ifadədən yaranmışdır. Ovidinin latın dilində qələmə aldığı “Sevmək sənəti” əsəri məhz erosdan bəhs edir.
    Daha sonra “fili” diqqəti cəlb edir. “Fileo” – “mən sevirəm” deməkdir. Onun mahiyyət və mənası erosdan daha genişdir; bu, təkcə sevgi yox, həm də dostluqdur.
    Eros və fileodan başqa biz “filiostorqiya” (zərif məhəbbət), “filotes” (dostluq sevgisi), kimi “mərhələləri”, hətta “filomütos” (mifə məhəbbət) anlayışını da xatırlada bilərik. Mif, mifologiya qədim yunanların həyatında mühüm yer tuturdu Və sevgi anlayışının mahiyyəti də çox vaxt mifləşdirilirdi... Yunanlarda əsas sevgi mənbəyi – Afrodita və Erot (Eros) (Romada isə müvafiq olaraq Venera və Amur) idi. Afrodita – sevgi və gözəllik ilahəsidir. Afrodita bir çox allahları qadınlarla, hətta, bəzi kişiləri ilahələrlə tanış edir. Erot (Eros) Afroditanın oğludur.
    “Filiya”nın növləri arasında idraka məhəbbət də xüsusi yer tutur. Məsələn, “”filomateya” (biliyə sevgi) – “matematika” sözü buradan yaranıb, “filologiya” (elmi söhbətə sevgi) – “filologiya” sözü də buradan yaranıb, “filosofia” (müdrikliyə (həqiqətə) sevgi), “filosofiya” (fəlsəfə) sözü həmin anlayışdan əmələ gəlib.
    Lakin qədim yunanlar sevgi haqqında nə qədər söhbət açsalar da onun fəlsəfi-estetik mahiyyətini lazımi səviyyədə dərk edib qiymətləndirə bilməmişlər. Bu, təbii ki, zamanla, dövrlə, habelə insanlığın o vaxtkı inkişaf mərhələsi ilə bağlı bir hadisə idi.

    FİRUZ MUSTAFA

    “MƏDƏNİYYƏT” qəzeti, 26 yanvar 2002-ci il

  • oktyabr 2017, Firuz M.

  • 80
Yaxşı övlad kimdir?

Hüseynova Şümşəd

Uşaqlarınızı tərbiyə etməyə çalışmayın, onsuz da necəsə sizə oxşayacaqlar. Özünüzü tərbiyə edin bəsdir... (A S. Makarenko) Bizlərdən hər zaman bacarıqlı olmağımızı istədilər. Ancaq necə bacarıqlı......

Qaranlığı Qovanlar (iki pərdəli dram)

Firuz Mustafa

Firuz Mustafa Qaranlığı Qovanlar (iki pərdəli dram) İştirak edirlər: Gülçin müəllimə Rüstəm baba İldırım Nurel Əzizə Zamin Nüşabə Proloq Uzaqdan tank gurultusu, mərmi və güllə......

Vətən.

Hüseynova Şümşəd

Bəli, biz bir gün vətənpərvər oluruq. Sadəcə bir gün faciələri xatırlayır və onu belə layiqincə yerinə yetirmirik. Bu sözlər, təbii ki, hər kəsə aid deyil.......

Nağıl № 136

Cəmilə Allahverdiyeva

Mart! Xoş gəldin!.. Heyf, qüssəli idim, Pişvazına çıxa, Gəlişinə Sevinə bilmədim. Yox, yox, Sən vaxtında gəlmisən... Məni soruşsan, Mən,- Mən insanlığa dair Nisgillərimi, Umu-küsülərimi, Arzumun......

Qarışqa Tələsi

Firuz Mustafa

Qarışqa Tələsi (İki hissəli dramatik komediya) Iştirakçılar: Xanış Amirə Boran Delfinə Birinci hissə Təbiətin mənzərəli guşəsi. Öndə rəqs meydançası. Arxada sanatoriya evciyi (kottec).......

Unudulmayacaq sənətkar xatirələri

Anar Ərtoğrul Burcəliyev

Xalq artisti Məhəmməd Burcəliyevin əziz xatirəsinə Elə səhnə ustası var ki, onun sənət yolu bir teatrın yaradıcılıq yoludur, səhnəyə gətirdiyi hər bir yenilik teatrın yeniliyidir.......

Mədəniyyətimin beşiyi Gəncə

Anar Ərtoğrul Burcəliyev

Hələ Xıx əsrin sonlarında Gəncədə həvəskarlardan ibarət teatr truppası fəaliyyət göstərirdi. 1895-ci ildə yerli həvəskarlar Mirzə Fətəli Axundzadənin “Hacı Qara” pyesini tamaşaya qoymağa müvəffəq oldular.......

Köhnə yaşıma sözardı, yeni yaşıma sözönü

Firuz Mustafa

Maarifçilər də qiyamçıdır, amma... Ad günü də deyən var, doğum günü də... ... Bəli, mən fevral ayının 18-də doğulmuşam.......

Qısa bioqrafiya. Nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin natamam siyahıs...

Firuz Mustafa

Qısa bioqrafiya. Nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərin natamam siyahısı (Firuz Qədimаlı оğlu Mustаfаyеv) nasir, dramaturq, filosof Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Həyatı......

Necə sevməyim səni?

Hüseynova Şümşəd

Sən Tanrının qulusan Canımdan bir parcasan Sevgi yalan bir oyun Düşünərdim bir zaman Sevgini sən öyrətdin ......